
Tanrı
Bəndələrə ürəkləri Tanrı dağdan yonub deyə,
Ona görə biz qalmışıq başımıza döyə-döyə. Ah-naləmi ibadətim bu dəqiqə yetir göyə,
Eşit, eşit, biz ölürük — çatsın sənə səda, Tanrı.
Sevdiklərim əzabıma, eh, gözucu baxıb keçir,
Əzablar da fağır bilib hər vaxt məni hədəf seçir.
Salıb məni məngənəyə dərd qanımı yaman içir,
Çəkdiyimi verməyirsən — nə yaxşı ki, yada, Tanrı.
Taleyimə daş hasartək qəm hasarı hörülməzdi,
Heç bir evdə ayrılıqlar heç bir gözə görülməzdi.
Verdiklərin sınaqlar da özün kimi görünməzdi,
Çoxmu böyük səhv elədim? Denən, bilim xata, Tanrı.
Düçar edir ağrılara inadlar da ürəyimi,
Heç də rahat qazanmıram bircə tikə çörəyimi.
Əsirgədin sən də məndən bir quruca köməyini,
Açammadım ürəyimi gözəl, qəşəng qıza, Tanrı.
Öz bəxtimin yollarında sürünürəm ilan kimi, Ürəyimə tez toxunur hər bir söz də tikan kimi.
Ən rahat yer bəlkə elə o dünyadı məkan kimi,
Bilirsən də, orda məni gözləyən var — ata, Tanrı.
Yaxınlaşdır tez sonumu, əl götürüm bu dünyamdan.
Bu dünyamda acı çəkdim, razı qallam o dünyamdan.
Rahatlığı orda tapım, vəsvəsədən qurtarım can.
Ömrümü də cavan yaşda qəfil vurum başa, Tanrı.
Gedəcəyim son mənzilim abad olsun — axirətim.
Orda əla olacaqdı həm dincliyim, aqibətim.
Suçum nədir bilmədim ki, eh, nə idi qəbahətim?
Bu dünyada gəlmədim də, neynim axı xoşa, Tanrı.
Hər arzumu dilimləyib yem elədi qurd-quşlara,
Elə etdi, lap oxşadım mən də sonda bayquşlara.
Nəsib etdi xoşbəxtliyi tay-tuşlara, həmyaşlara,
Xoşbəxtliyi istəmədi taleyimə yaza, Tanrı.
20–23 fevral
Qanan şəxslər
Qanan qanmaza borcludur,
Belə deyib qanan şəxslər.
İndi kimdi qanan, sayan,
Bizi saymır yaman şəxslər.
Zülmü verən kaş yıxıla,
Müsibətlər kaş yox ola,
Azalmaya, kaş çox ola,
Bu dünyada insan şəxslər.
Yarpaq-yarpaq azaldınız,
Yer üstə torpaq oldunuz,
Eh, necə uzaq oldunuz,
Adam kimi adam şəxslər.
Ah-naləyə səbəb olan,
Dəmir yumruq tələb ola,
O kəslərə Hələb ola,
Olunsunlar edam şəxslər.
İynə-sapa döndünüz lap,
Necə də tez söndünüz lap,
Qəfil, lapdan öldünüz lap,
Sizin kimi doğma, məhrəm,
Hardan tapım, hardan şəxslər.
01 mart
Fələk
Elə çalır kökümüzə baltanı,
Bu nə tələ, fələk, bizə qurmusan.
Yandırırsan, odlayırsan adamı,
Bu nə tələ, fələk, bizə qurmusan.
Nəslimizdə bir ağsaqqal qoymadın,
Ac gözünlə can aldıqca doymadın,
Bircə kərə sən də bizi duymadın,
Bu nə tələ, fələk, bizə qurmusan.
Can almaqdan başqa heç nə bilmirsən,
De, nəyin karısan, kara gəlmirsən.
Qurduğun tələyə özün düşmürsən,
Bu nə tələ, fələk, bizə qurmusan.
Doğmaları bir-bir aldın əlimdən,
Saç-saqqalım ağarıbdı zülümdən,
Heç doymadı gözün sənin ölümdən,
Bu nə tələ, fələk, bizə qurmusan.
Ömür boyu xeyir verdin torpağa,
Neçə cavan, yaşlı bükdün bez, ağa,
Batsam da sözümlə böyük günaha,
Bu nə tələ, fələk, bizə qurmusan.
01 mart
Yanır
Göstərə bilmədim sədaqətimi,
İtirdim eşqimi, məhəbbətimi.
Neynirəm kül olmuş bu qismətimi?
Bir özgə ocaqda köz olub yanır.
O mənim yarımdı, ola yüzləri.
Anlayar, nə vaxtsa dolar gözləri.
Köksümə tuşlanan acı sözləri
İçimdə bir odlu söz olub yanır.
Hey nəzər salardım mən ona xəlvət,
Oğrun baxışlara etmişdi adət.
Nə görüş olmadı, nə də ki, söhbət,
Hər nisgil sinəmdə iz olub yanır.
…Baxan yox oğlana, namusa, ara,
Çırpırlar saf eşqi daşa-divara.
Min lənət əyridə dövlətə-vara!
Cəfakeş ürəyim düz olub, yanır!
Allaha dua
Gəl sinəmdən dağı götür,
Götür, Allah, yalvarıram!
Dərdlərimi azdır, itir,
İtir, Allah, yalvarıram!
Çiyinlərim dağdan ağır,
Fikir məni yaman boğur…
Mən bəndənə bir yol uğur
Yetir, Allah, yalvarıram!
Gəl sınama inadını,
Qırma eşqin qanadını…
Bizə vüsalın dadını
Gətir, Allah, yalvarıram!
Aç qapını üzümüzə,
Yetir bizi arzumuza.
Bərəkət qat ömrümüzə,
Qadir Allah yalvarıram.
Hər vaxt yetiş köməyimə,
Bir qüvvət ver biləyimə.
Şəfqətini ürəyimə
Ötür, Allah, yalvarıram!
Bəxş et bizə xoş zamanı,
Sülhlə bəzə bu cahanı.
Müharibə, qan, davanı
Bitir, Allah, yalvarıram!
Döz! Düzələcək!
Sənə çox dedilər dostlar, tanışlar:
“Az qalıb… Bu dünya döz, düzələcək.
Bir az səbirli ol, bir az toxdaq ol,
Çölləri, düzləri gəz, düzələcək…”
Fikirdən ürəyim yanan bir kürə,
Dərdim axıb getmir araza, kürə.
Dedilər, qələmi sən qoyma yerə,
Yorulmaq bilmədən yaz, düzələcək.
Fələk hər vaxt mənə qəmdən don biçir,
İmtahan etməyə hey məni seçir.
Çox da ömrüm-günüm qış kimi keçir,
Dedilər: “gələcək yaz, düzələcək.
Heç nəyin dərdini gəl çəkmə sən də,
Qəlbini eyləmə hey kündə-kündə.
Yalanla başını qataraq gündə
Alsan bu dünyadan həzz, düzələcək!”
Qaçır
Fürsətin kəndiri qısa,
Yıxılıram əldən qaçır.
Bəzən deyə bilmədiyim,
Söz də çıxır dildən, qaçır.
Torpaq küsür – əkən yoxdu,
Ev ucaldıb tikən yoxdu.
Güldən şirə çəkən yoxdu,
Arılar da güldən qaçır.
Sayan yoxdu səni, məni,
Belə olmaz deyim yəni.
Kim dəyişdi zəmanəni,
Sonalar da göldən qaçır.
Ha gözlərik xoş baharı,
Bizə düşən – qışın qarı,
Sellər qaçır çaya sarı,
Çaylarımız seldən qaçır.
Belə doğub məni anam –
Ölən deyil arzu, inam.
Mən ki, alışan adamam!
Şair Fuad, küldən qaçır!
Qalırsan
Nəyə əl atırsan quruya çıxır,
Hər şeyin sonucu paraya çıxır.
Bilmirsən ki, yolun haraya çıxır –
Getdiyin yerlərdə azıb qalırsan.
Nizam-intizamla qurduğun işi,
Bənnatək daşlara yonduğun işi,
Elə təzə başa vurduğun işi
Özün öz əlinlə pozub qalırsan.
Baş aça bilmirsən bəzən özündən,
Çoxu rişxənd edir, baxaraq gendən.
Elə bezikirsən ömürdən-gündən
Özün öz qəbrini qazıb qalırsan.
Fuad, bədxahların uyma felinə,
Salma öz eşqini elin dilinə.
Deyirlər, yetmirsən yarın əlinə
Şəklini divardan asıb qalırsan?!
Bu səhər
Lənət ayrılığa, hicrana, qəmə!
Sənsizlik dönübdü bir cəhənnəmə.
Yadıma düşmüsən bu səhər yenə…
Mən səni de hardan tapım bu səhər?
Günəşdən şəfəqli camalına bax,
Məni Məcnun edən amalına bax.
İlahi, sən bunun xəyalına bax!
Xəyaldan nə sayaq qopum bu səhər?
Bilmədim hayandan əsdi bu külək…
Həqiqət dinləmək istəmir ürək.
Nakam arzuları bir-bir, çiçəktək
İzsiz yollarına səpim bu səhər…
Gözlərin yanardı – ocağın kimi,
Rahat yer qaldımı – qucağın kimi.
Həsrətin də şirin dodağın kimi,
Öpüm həsrətindən, öpüm bu səhər!
Qurbanam o dərdi verən Allaha!
Səhərdi… Nur saçır günəş nə vaxtdı,
Mən isə gecədə qalmışam belə…
Dinməyə yox halım, heydən düşmüşəm
Bir baxın, necə də solmuşam belə…
Həsrətin dizinə qoydum başımı,
Bir əldən başıma salır daşını.
Gözlərim göylərdən alır yaşını,
Buludtək kövrəlib-dolmuşam belə.
Dualar edərək çıxdım sabaha,
Düz oldum, batmadım heç bir günaha.
Qurbanam o dərdi verən Allaha,
İlhamı dərdimdən almışam belə!..
Yadıma düşdün…
O qumlu, torpaqlı, tozlu küçədə,
Məhəbbət qoxuyan aylı gecədə
Dalmışam, bilmirəm saat neçədə
Yadıma düşdün…
Bir dəniz kənarı, dəniz limanı…
Günəştək bəzərdi üzün hər yanı.
Unutmaq çətindi səntək cananı,
Yadıma düşdün…
Mən də bulud kimi boşaldım-doldum,
Xəyallara daldım, fikirli oldum.
Ağardı bənizim, gül kimi soldum,
Yadıma düşdün…
Heyif ki, olmadın mənim qismətim,
Göylərdə yox imiş xətir-hörmətim.
Ay mənim bəxtimdə ilk məhəbbətim,
Yadıma düşdün…
Dərdimiz…
“Uşaq kimi gah gizlənir, gah çıxır”,
Ərköyündü, əzizlənir dərdimiz.
Hərdən mənə elə gəlir köhnəlir,
Köhnəlmir ha, təzələnir dərdimiz.
Biz kimik ki, dərdi tamam əridək?!
Çəkə-çəkə ömrü-günü çürüdək…
Allah bizə göndəribsə nə demək!
Gah görünür, gah gizlənir dərdimiz.
Bəndə kimdi?! Sən dərdini ha qına!
Gözlə, səndən üz çevirər o yana…
Ürək gərək – dalğasına dayana,
Gündən-günə dənizlənir dərdimiz!
Mənsiz
Hardasa, bir gözəl məndən nigaran
Yaşayır ömrünü, yaşayır mənsiz.
Fikri qarmaqarış, ümidi viran,
Daşıyır bir həsrət, daşıyır mənsiz.
Hicranı yolundan daşlasa da o,
Yeni bir sevdaya başlasa da o,
Başqa bir ürəkdə qışlasa da o
Danışır şəklimlə, danışır mənsiz.
Qızının ətridir – ən əziz qoxu,
Neyləsin ki, odur tək varı-yoxu.
Xeyirə yozulmur gördüyü yuxu,
Qarışır yuxusu, qarışır mənsiz.
Fikirlər edibdi halını xarab,
Yaralı qəlbində qalmayıbdı tab.
Yükü qucaq-qucaq, dərdi bir kitab,
Barışır dərdlərlə, barışır mənsiz.
Gözünə qor dolur, qaranlıq çökür,
Qisməti yoluna çınqıllar tökür.
Fələk inamını tarıma çəkir,
Vuruşur həyatla, vuruşur mənsiz.
Müəllif: Fuad Biləsuvarlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında