Əli Çağla Culfadan yazır

“Cürətin varsa qalx, gəl Güneyə, görək silahlanan kürd qohumlarının qabağında mən dayanıram yoxsa sən?” – Əli Çağladan cavab…

Bildiyiniz kimi Güney Azərbaycan ərazisində bir həftədən artıqdır internetin kəsildiyi üçün mənim və yazıçı dostum Həmid Herisçinin vəziyyətindən nigaran qalanların sayısı az olmayıb. Onlara Arazın Culfa sahilindən Azərbaycan internetinə qoşularaq səslənirəm ki, bizdə salamatlıqdır.
Amma birbaşa əsas məsələyə qayıtmaq istəyirəm; son günlər bir neçə sayt və sosial media səhifəsi qəribə bir tamaşa qurmağa çalışıb, xəbərimiz olmayıb. Həmin yazılarda başlıqlar sensasiya qoxuyur, cümlələr isə fakt deyil, şübhə üzərində qurulur. Guya haradansa uzanan əllər var, guya kimlərsə gizli şəkildə ədəbi mühiti idarə edir, guya hansısa böyük oyun oynanır. Hamımızın kim olduğumuz göz önündədir və hamı da hamını yaxşı tanıyır.
Demək, sanki 199 nəfərin imzasının mürəkkəbi hələ qurumayınca sancısı bu sifarişçiliklə məşğul olub əleyhimizə yazı yazanların canından çıxmayacaq!..
Onlar fakt gətirə bilmədikləri üçün suallar uydururlar. Arqument tapmadıqlarına görə şayiə yayırlar. Sonra da həmin şayiəni “ictimai müzakirə” adlandırırlar.
Bu prinsip çox köhnədir. Çox köhnə…
Tarix boyu istedadsızlıqla üzləşən adamların ən sevdiyi üsul həmişə bu olub; tənqidi yazı yazmağı bacarmayıb böhtan yazmaqla gündəmə gəlmək istəyənlər, hələ tənqidlə təxribin fərqini bilmirlər. Aylar öncə Güneydən AYB-yə gələn məktubların hamısı tənqidi müraciət idi, təxrib deyildi və o adamı öz ədəbi sferamıza layiq görmədiyimiz üçün hörmətlə müraciət etdik. Lazım olursa həmin adamın ətrafının mənə yazdığı söyüşləri də paylaşaram ki, xalq onların necə hörmətsiz olduğundan xəbərdar olsun.
Şəxsi qalmaqallara keçmək istəmirəm. Nə isə… Mənim haqqımda yazılan yazıda bir neçə dəfə yaşım vurğulanır. Əslində onu yazan bilməlidir ki, mənim 21 yaşım yox, 23 yaşım var. Demək yaşımı bilməyən şəxs mənim hara bağlı olduğumu bilir, maraqlıdır! Sanki 21 yaş yaxud 23 yaş insanın düşünməsinə, yazmasına və ya ədəbi mühitdə görünməsinə manedir. Maraqlıdır ki, eyni adamlar gənclərdən danışanda həmişə “gənclərə yol vermək lazımdır” deyirlər. Amma həmin gənclər onların qurduğu dar çevrədən kənara çıxanda və onları tənqid edəndə ki, illərdir ədəbiyyata heç bir xeyriniz dəyməyib, birdən-birə o gəncin varlığı problemə çevrilir.
Bunu anlamırlar ki, ədəbiyyatda yaş məsələsi yoxdur və ədəbiyyat heç kimin dədə malısı deyil.
Məni xalq yazıçımız Anar müəllim Rzayevin otağına çəkib aparan və həqiqəti sübut etmək istəyən güc yazılarımdakı istedadım idi. Onlara səslənirəm ki, Anar müəllimi də rahat buraxın, bizi bu işə layiq görübsə, onun başını aşağı etmərik; necə ki, ədəbi materiallar hazırlamışıq, Ədəbiyyat qəzetində yayırıq, kitablar çapa hazırlamışıq və tezliklə xalq şairimiz, Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının təşəbbüsü ilə “Təbriz-Bakı” jurnalını yenidən quracağıq və bunların hazırlanma məsuliyyətinin bir çoxu da mənim boynuma düşür. Azərbaycan ədəbiyyatına kiçik bir vəzifə kimi əlimdən gələni əsirgəməyəcəyəm.
Onsuz da hər şey göz önündədir. İllərdir Güneydə yaşayan ədəbiyyatçı soydaşlarımı saytlarda tanıtdırıram, antologiya toplayıram, vaxtilə birinci dəfə Güneydən Qarabağa yazılan şeirlər və hekayələr antologiyasını “Öncə vətən” adı altında çıxartmışam. O zaman, hörmətli dostumuz Nərgiz xanım İsmayılova məndən xahiş elədi ki, şeirlər kitabımı Bakı şəhərində çap edək. Mən də “əvvəl güneyli soydaşlarımızı çap edək və sonra mən çap olmasam da problem deyil” dedim. kitabın adını ona görə “Öncə vətən” qoyduq ki, biyuqrafiyamda öz yaradıcılığımdan öncə, vətənimdə olanların yaradıcılığı öndə dayansın.
Siz nə etdiniz? Bir gəncin heç bir imkanı olmadan bu işləri görüb, könüllücə kulis.az saytına güneydən müsahibələr verib, ədəbiyyat saytlarında Güney Azərbaycanlı ədəbiyyatçıları tanıtdırmaq istəyib və indi də Anar müəllimin təşəbbüsü ilə həmin gənc, “Ədəbiyyat qəzeti”nin güney Azərbaycan layihəsini təmsil edir və öz soydaşlarını bütöv Azərbaycan oxusun deyə əlindən gələni əsirgəmir.
Əleyhinizə yazılan bu yazılarda başqa bir məqsəd də görünür. Orada elə bir atmosfer yaradılır ki, guya mən hansısa gizli təsirlərlə irəli çəkilmişəm. Halbuki həqiqət çox sadədir; mən istedadımın gücünə Əli Çağla olmuşam. Fikirlərimi açıq demişəm və Güney ərazisində diktator bir hakimiyyətdən gələn bütün təhlükələri göz önünə alıb danışmışam, danışacağam da. Mənə fəxrdir Səməd Behrəngi kimi ölmək… Mənə fəxrdir Mikayıl Müşfiq kimi ölmək. Mənə fəxrdir Əlirza Nabdil kimi həyat sürmək…
Yazılan yazılarda dostum, yazıçı
Həmid Herisçi
haqqında da müxtəlif ittihamlar səsləndirilir. Onun fikirləri təhrif olunur, kontekstdən qoparılır və sanki siyasi mövqe kimi təqdim edilir. Sanki Həmiddən Təbrizdə müsahibə almağımız və Həmdin “Bakısız Təbriz, Təbrizsiz Bakı” deməyi İran hökümətinin xaricdə masa arxasında olan agentlərini çox incidib. Bunu bilsinlər ki, biz öz kimliyimizi belə adama etibar etmərik, özümüz qoruyarıq, necə ki, qorumuşuq…
Həmid müstəqil düşünən bir yazıçıdır. Müstəqil düşünən yazıçıları hər zaman narahatlıq içində yaşatdırıblar. Yazıçı sual verər… Yazıçı düşünər… Yazıçı hadisələri fərqli bucaqdan görər… Fərqli fikrə, tənqidə dözməyi bacarmayanlar isə belcə demaqoqluqla məşğul olar
Amma mən başqa bir məsələni də xatırlatmaq, bəlkə də daha doğrusu ifşa etmək istəyirəm. 5-6 il əvvəl, yeniyetmə zamanlarımda
Leyla xanım Əliyevanın yazdığı “Issık göl” şeirini tərcümə etmişdim. Çox keçmədi ki, həmin tərcümə bəzi saytlarda indi mənim və dostum Həmidin əleyhinə yazılar sifariş etdirənin adı ilə yayımlandı.
Bu hadisə mənə ədəbiyyat aləminin ən qaranlıq tərəfini, ən çirkin səhifəsini hələ ağzımdan süd iyi gələrkən göstərdi.
Maraqlıdır ki, bu gün mənə dərs keçmək istəyənlərin arasında məhz belə ədəbiyyat qəhrəmanları da var. Plagiatın kölgəsindən çıxmayan adamların başqalarına dürüstlük dərsi keçməsi isə sadəcə ironiyadır. O şəxs deyir ki, Əli Çağla hardan maliyyələşir? O şəxs bilmir ki, Əli Çağla bir dəfə Bakıya gəlmək üçün bir il ayaqqabı dzaynerliyi eləyib pulunu toplayır və Bakıya gəlir ki, onun kimi adamların ədəbiyyata xəyanətini ortaya qoysun. İstərsə ona nəcə qan tər içində işlədiyimin və pul qazandığımın şəkillərini də göndərərəm.
Bu yazılarda Güney Azərbaycan mövzusundan da istifadə edilir. Bəziləri bu mövzunu sanki şəxsi mülkiyyət kimi təqdim etməyə çalışır. Guya kim bu mövzuda onların istədiyi kimi danışmırsa və ətrafındakı güneyli ədəbiyyatçıları boykot etmirsə deməli günahkardır. Amma Güney Azərbaycan heç kimin şəxsi mülkü deyil. Güney Azərbaycan, bütöv Azərbaycanlıların doğma torpağıdır. Güney Azərbaycan 50 milyon insanın parçalanıb doğma bacı-qardaşından ayrı düşmüş taleyidir, dilidir, tarixidir, üstəgəl kimliyidir. Bu mövzu ilə bağlı danışan insanın əvvəlcə kimliyi araşdırılmalıdır. Mənim kimliyim bəllidir. Amma mənim əleyhimə yazılar yazanın kimliyini tanımayanlara tanıtdırdım ki, həmin adamın povestini oxusanız, dialoqlarda istifadə olunan kürd dilini necə yaxşı bildiyi göz önündədir.
Vətənpərvərlik Xudafərinin o tayında dayanıb bu tayına söyüş verməklə deyil, Xudafərinin bax, bu tayında yumruğunu cibində düyünləyib hər dəqiqə təhlükələrdən özünü qorumaqla bəlli olur. Cürətin varsa, qalx, gəl Güneyə, görək indi silahlanan kürd qohumlarının qabağında mən dayanıram yoxsa sən?
Bu gün bəzi adamlar ekran arxasında böyük sözlər danışırlar. Uzun statuslar yazırlar. Başlıqlar düzəldirlər. Özlərini böyük mübarizə adamı kimi təqdim edib Həmidin və mənim əleyhimə çıxırlar. Amma tarixə müraciətimizdə belə qəhrəmanların ömrünün çox qısa olduğunu görürük. Çünki səs-küy tez sönür. Qalan isə yalnız həqiqətdir. Mənim bu yazılara cavabım çox sadədir. Mən nə gizlənirəm, nə də kiminsə kölgəsində yaşayıram.
Kim istəyirsə, dediklərimi dinləsin. Razı deyilsə, tənqid etsin. Tənqidi mübahisə aparsın. Ona açıq yol buraxıram. Amma təxrib etməyinə icazə vermərəm… Və bunu da anlasın ki, şayiə yazmaq ədəbiyyat deyil. Böhtan yazmaq polemika deyil…
Və ən əsası; başqasının sözünü, başqasının tərcüməsini oğurlayan adamın ədəbiyyatdan danışmağa mənəvi haqqı yoxdur…

Əli Çağla
Culfa şəhəri
07.03.2026

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Səni elə sevdim ki…”

DOXSAN SƏKKİZİNCİ YAZI

“Səni elə sevdim ki…”
(Qəndabın eyni adlı kitabından bir şeir)
   Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi tanınmış şair və ədəbiyyatşünas alim Qəndabın  “Səni elə sevdim ki…”  kitabından seçdiyim eyni adlı şeir üzərindən qurmağa çalışacağam.
   Azərbaycan poeziyasında sevgi mövzusu həmişə xüsusi yer tutub. Bu mövzu təkcə iki insan arasındakı hisslərin ifadəsi deyil, həm də insan ruhunun saflığını, bağlılığını və mənəvi ucalığını əks etdirən dərin bir fəlsəfi düşüncə kimi təqdim olunur. Tanınmış şair və ədəbiyyatşünas alim Qəndabın “Səni elə sevdim ki…” şeiri də məhz belə poetik nümunələrdəndir. Bu şeir sadə sözlər, lakin dərin mənalar vasitəsilə sevginin ən təmiz, ən saf və ən ülvi formasını oxucuya çatdırır.
    Şeir ilk misralardan oxucunu duyğular aləminə aparır:
“Səni elə sevdim ki,
Yanan ciyərlərim
Sanki alov dilimi…”

Bu misralar sevginin adi bir hiss olmadığını, insanın bütün varlığını bürüyən güclü bir duyğu olduğunu göstərir. Şair sevginin ağrı ilə, yanğı ilə, eyni zamanda bir növ müqəddəs fədakarlıqla müşayiət olunduğunu vurğulayır. Sevən insanın qəlbindəki yanğı burada poetik obrazlarla təqdim edilir.
    Şeirin diqqət çəkən cəhətlərindən biri sevginin müqayisələrlə təqdim edilməsidir. Qəndab sevgini müxtəlif təbii və insani münasibətlərlə müqayisə edir. Bu müqayisələr sevginin miqyasını daha aydın göstərir. Məsələn:
“Arılar çiçəyinə,
Çiçəklər ləçəyinə,
Körpələr anasına,
Analar körpəsinə
Sarılıb sevən kimi.”

Burada sevgi təbiətin ən təbii harmoniyası ilə eyniləşdirilir. Arının çiçəyə bağlılığı, körpənin anasına olan ehtiyacı və ananın övladına sonsuz məhəbbəti – bunların hamısı insan həyatının ən saf münasibətləridir. Şair bu obrazları seçməklə demək istəyir ki, həqiqi sevgi də məhz bu qədər təmiz və təbii olmalıdır.
    Şeirin başqa bir hissəsində sevgi artıq daha geniş – kosmik və təbiət miqyasında təqdim olunur:
“Günəş şəfəqlərini,
Bulud yağışlarını,
Gözlər baxışlarını,
İlmə naxışlarını
Qoruyub sevən kimi.”

Bu misralarda sevgi qorumaq, əzizləmək, dəyər vermək kimi təqdim edilir. Yəni şairə görə sevgi təkcə hiss deyil, həm də məsuliyyətdir. Sevdiyini qorumaq, ona dəyər vermək, onu incitməmək bu sevginin əsas xüsusiyyətidir.
    Şeirin poetik gücünü artıran məqamlardan biri də onun ritmik sadəliyi və səmimiyyətidir. Qəndab mürəkkəb ifadələrdən istifadə etmədən, xalq ruhuna yaxın bir dil ilə oxucuya müraciət edir. Bu sadəlik isə şeirin təsir gücünü daha da artırır. Oxucu sanki şairin qəlbindən gələn sözləri birbaşa eşidir.
    Şeirin kulminasiya nöqtəsi isə son bənddə özünü göstərir:
“Leylilər Qeyisini,
Məcnunlar leylisini,
Bu könül qeyrisini
İnan belə sevmədi.”

Burada şair klassik Şərq ədəbiyyatının ən məşhur sevgi simvollarına – Leyli və Məcnun obrazlarına müraciət edir. Bu obrazlar əsrlər boyu sevginin ən ali nümunəsi kimi qəbul olunub. Lakin şair deyir ki, onun sevgisi o məşhur məhəbbət hekayələrindən belə fərqlidir, daha dərindir. Bu fikir şeirin emosional təsirini gücləndirir və müəllifin hisslərinin miqyasını göstərir.
     Ümumilikdə, “Səni elə sevdim ki…” şeiri sevginin poetik manifesti kimi dəyərləndirilə bilər. Bu əsərdə sevgi yanğıdır, sevgi sədaqətdir, sevgi qorumaqdır, sevgi fədakarlıqdır. Qəndab sevginin yalnız romantik hiss olmadığını, insanın mənəvi dünyasını formalaşdıran böyük bir dəyər olduğunu göstərir.
    Azərbaycan poeziyasının zəngin ənənələri fonunda bu şeir səmimiyyəti, obrazlı dili və dərin duyğuları ilə seçilir. Oxucu bu misraları oxuyarkən təkcə şairin sevgisini deyil, ümumiyyətlə insan qəlbinin ən saf duyğularını hiss edir.
   Məhz buna görə də Qəndabın bu şeiri sevginin sadə, lakin uca fəlsəfəsini ifadə edən poetik nümunə kimi yadda qalır və oxucunu düşündürür: həqiqi sevgi yalnız hiss deyil, həm də insan ruhunun ən saf və ən müqəddəs ifadəsidir.
   Əziz və dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik.
08.03.2026. Ağdam.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Atakişiyeva Həcər – Azərbaycan ədəbiyyatında qadın obrazının təkamülü: klassikadan müasirliyə

Azərbaycan ədəbiyyatında qadın obrazının təkamülü: klassikadan müasirliyə

(Bayramınız mübarək olsun, əziz xanımlar!)

          8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mövzusuna müraciət etmək Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yoluna nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Qadın obrazı milli ədəbiyyatımızda sadəcə sevgi və gözəllik rəmzi deyil, həm də mənəviyyatın, azadlıq ideyasının, ictimai dəyişimin və fərdi kimliyin ifadəçisi olmuşdur. Tarixi mərhələlər üzrə bu obrazın keçdiyi təkamül cəmiyyətin düşüncə sistemində baş verən dəyişikliklərin bədii əksidir.

Orta əsrlər ədəbiyyatı: poetik ideal və mənəvi kamillik

          Orta əsr Azərbaycan poeziyasında qadın obrazı daha çox idealizə olunmuş formada təqdim edilir. Xəqani Şirvani yaradıcılığında qadın həm estetik gözəlliyin, həm də mənəvi ucalığın təcəssümüdür. Onun qəsidə və qəzəllərində qadın obrazı ilahi harmoniyanın bir parçası kimi təqdim olunur. Nizami Gəncəvi isə qadın surətinə daha fəal və müdrik xarakter verir. “Xəmsə”dəki Şirin və Nüşabə yalnız gözəl deyil, həm də siyasi düşüncəyə malik, qərar verən və hadisələrin istiqamətini dəyişən qadınlardır. Bu, klassik ədəbiyyatda qadının yüksək mövqeyini göstərir. Məhəmməd Füzuli poeziyasında qadın daha çox ilahi eşqin rəmzi, mənəvi saflığın simvoludur. Burada qadın real sosial obrazdan çox metafizik anlam daşıyır.

XVIII əsr: realist çalarların artması

          XVIII əsr poeziyasında qadın obrazı daha canlı və real çalarlar qazanır. Molla Pənah Vaqif yaradıcılığında qadın obrazı həyati, təbii və realist xüsusiyyətlərlə təqdim olunur. Onun şeirlərində qadın artıq əlçatmaz ideal deyil, gündəlik həyatın bir parçasıdır. Vaqif poeziyasında qadın obrazı milli kolorit və real duyğularla zənginləşir.

Maarifçilik və tənqidi realizm: sosial problem kimi qadın

          XIX əsrdə qadın məsələsi ictimai müzakirə mövzusuna çevrildi. Abbasqulu ağa Bakıxanov maarifçi düşüncəsi ilə qadının təhsil və mədəni inkişafının vacibliyini vurğulayırdı. Mirzə Fətəli Axundzadə dramaturgiyasında qadın hüquqsuzluğunu tənqid edir, onu cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biri kimi təqdim edirdi. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir yaradıcılığında qadın cəhalətin və geriliyin qurbanı kimi göstərilir. Molla Nəsrəddin ədəbi mühitində erkən nikah, savadsızlıq və qadın azadlığının məhdudlaşdırılması kəskin şəkildə tənqid edilirdi. Bu mərhələdə qadın artıq poetik ideal deyil, sosial mübarizənin simvoluna çevrilir.

XX əsrin əvvəlləri: azadlıq və yeni qadın modeli

          XX əsrin əvvəllərində qadın obrazı daha fəal və inqilabi xarakter aldı. Cəfər Cabbarlı yaradıcılığında qadın azadlıq ideyasının təcəssümüdür. “Sevil” obrazı çadranı ataraq azad həyata doğru addımlayan Azərbaycan qadınının simvoluna çevrilmişdir. Mikayıl Müşfiq poeziyasında qadın romantik duyğuların, saf sevginin və incə lirizmin daşıyıcısıdır. Onun şeirlərində qadın həm məhəbbət obyekti, həm də mənəvi dəyərdir.

Sovet dövrü: ictimai fəallıq və ana obrazının ucaldılması

          Sovet dövründə qadın obrazı daha çox ictimai fəal, əmək qəhrəmanı və vətənpərvər ana kimi təqdim olunur. Səməd Vurğun yaradıcılığında ana obrazı müqəddəslik səviyyəsinə yüksəldilir. Rəsul Rza poeziyasında qadın obrazı daha çox psixoloji və fəlsəfi çalarlarla zənginləşir. Onun şeirlərində qadın düşünən, hiss edən və daxili aləmi ilə seçilən şəxsiyyətdir. Bu dövrdə həmçinin Süleyman Rəhimov, Mir Cəlal Paşayev kimi yazıçılar qadını sosial proseslərin fəal iştirakçısı kimi təqdim edirlər.

Müasir mərhələ: fərdi kimlik və psixoloji dərinlik

          Müstəqillik dövründə qadın obrazı daha mürəkkəb və çoxqatlı xarakter almışdır. Anar və Elçin Əfəndiyev yaradıcılığında qadın obrazı daxili ziddiyyətləri, sosial təzyiqləri və fərdi seçimləri ilə təqdim edilir. Müasir ədəbiyyatda qadın nə yalnız ideal, nə də yalnız qurban obrazıdır; o, həyatın bütün çətinliklərinə baxmayaraq öz kimliyini qoruyan şəxsiyyətdir. Azərbaycan ədəbiyyatında qadın obrazının təkamülü aşağıdakı istiqamətdə inkişaf etmişdir:

Orta əsrlərdə – poetik və ilahi ideal,

XVIII əsrdə – realist və həyati obraz,

Maarifçilikdə – azadlıq və tərəqqi ideyasının daşıyıcısı,

XX əsrin əvvəllərində – sosial inqilabın simvolu,

Sovet dövründə – ictimai fəallıq və ana müqəddəsliyi,

Müasir dövrdə – fərdi kimlik və psixoloji dərinlik.

          Beləliklə, qadın obrazı Azərbaycan ədəbiyyatında hər zaman zamanın ruhunu əks etdirən əsas bədii göstəricilərdən biri olmuşdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu təkamül yoluna nəzər salmaq həm ədəbi irsimizin zənginliyini göstərir, həm də müasir qadının cəmiyyətdəki mövqeyini daha dərindən anlamağa imkan verir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I