Şair Nicat Ərtürkün “Ana həsrəti” kitabının təqdimatı keçirilib
Manset.azxəbər xəbər verir ki, “Ana həsrəti” kitabının təqdimatı Xocalı faciəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbir Əsəd Cahangirovun aparıcılığı, şair Kəmaləddin Qədim, yazıçı Zaur Ustac, aktyor Habil Xanlarov və başqa tanınmış şəxslərin, ziyalıların iştirakı ilə baş tutub.
İxtisasca iqtisadçı olan Nicat Ərtürk üçüncü kitabı olan “Ana həsrəti”ni vaxtsız itirdiyi anasına həsr edib. Öz şeirlərində müxtəlif mövzulara – vətən, el-oba, yurd, valideyn, övlad sevgisi mövzularına toxunan şair əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır.
Tədbir zamanı şair Nicat Ərtürk Media Araşdırmaları mərkəzi və Azər KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” media mükafatı və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Sonda xatirə fotosu çəkdirilib və şair oxucularının kitablarını imzalayıb.
Bu barədə heç vaxt, heç yerdə yazmamışam. Onda mənim 22 yaşım var idi. Üstündən 38 il keçəndən sonra, o dövrdə yaşadığım hadisələri sizinlə bölüşmək qərarına gəldim. Axı, insan yaşa dolduqca nə vaxtsa gördüklərinin mahiyyətini daha yaxşı anlayır…
Təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup erməni evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, erməni qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. Hadisələri doğru-düzgün qiymətləndirməyin vaxtı deyildi. İnsanları yayılan şayələr idarə edirdi…
Təqvim 28 fevral 1988-ci ili göstərirdi. Dünən şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Ç.İldırım adına Politexnik İnstitutunun axşam şöbəsinin tələbəsi idim. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunda ekspeditor işləyirdim. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi mən də bir parça “armatur”u qəzetə bükərək özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nəisə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə- köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara yığıb mühafizə edirlər. Heç kimin tanımadığı kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı- “Vurun, Əli şiələri, əsgərlər bizim düşmənlərimizdir. Erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”…
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgəri məni mühasirəyə alıb. Əlimdəki daşları yerə atmağımı tələb edirdilər. Daşları yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə əsgər beli ilə başıma zərbə endirdi. Bir də onu gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla dolu idi. Sınmış burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt Milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada qaldıq, sonra bizi Bayıl türməsinə apardılar. On dörd gün orada qalandan sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün çoxları kimi məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlğa buraxdılar. Qalanı acı xatirələrdir…
Təqvimdə 28 fevral 2026-cı ildir. Sumqayıt hadisələrindən artıq 38 il ötür. İndi anlayıram ki, o hadisələr ssenarisi KQB-də yazılan, mənfur ermənilərin səhnələşdirdiyi faciə-tamaşa idi…
“Xaltanli Taği” və “Haqdan yanan çıraq” kitabları və onların müəllifi haqqinda qeydlər
XVIII-XIX əsrlərdə yaşayıb yaratmış müqtədir el sənətkarı Aşıq Xaltanlı Tağı haqqında ilk dəfə illər öncə qobustanlı el şairi rəhmətlik Dərdli Cavaddan eşitmişdim. O, aşığın bir çox şeirlərini əzbərdən bilirdi, hər görüşümüzdə bu barədə maraqlı söhbətlər edərdi. Düşündüm ki, rəhbəri olduğum Dirili Qurbani Məclisində Xaltanlı Tağı ilə bağlı bir xatirə günü keçirək. Fikrimi Cavad kişi ilə də bölüşdüm, məclisdə tədbirin keçirilməsinə qərar verdikdən sonra onu da dəvət etdim. Yaşlı olmasına baxmayaraq sevə-sevə gəldi. Söz söylədi, həm Xaltanlı Tağıdan, həm də öz şeirlərindən oxudu. Tədbirdə, maraqlı çıxışı ilə məclis üzvlərinin diqqətini cəlb edən görkəmli şair Tofiq Nurəli də iştirak edirdi. Bu məqaləni yazmağa başlayanda həmin anları xatırladım…
Şirvan aşiq məktəbinin yaradicisi Xaltanli Taği haqqinda yeni monoqrafiyanın müəllifi – ümumtəhsil məktəbində işıqlı ömrünü şagirdlərinə həsr etmiş sıradan bir pedaqoq olsa da, fəaliyətində tədqiqat yönlü saysız-hesabsız məqalələrin müəllifi araşdırmaçı, publisist-yazar, ali dərəcəli Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahir Həsənlidir. O, ucqar dağ kəndi olan, sanballı ziyalıları ilə tanınan Qubanın Yerfi kəndində yaşayır. Tahir müəllimlə ilk tanışlığım, tanınmış yazıçı dostum Rövşən Yerfinin dəvəti ilə ata yurdunda – qardaşıgildə qonaq olduğum zaman baş verdi. Arxivi xatırladan yarımotaq boyu mini ktabxanası mahiyyətcə çox zəngin və orjinallığı ilə diqqətimi cəlb etmişdi. Ədəbi jurnallar, klassiklərin əsərləri, dərc olunduğu nəşrlər, ölkə və bölgə üçün əhəmiyyətli yazıların çap olunduğu qəzet və jurnal nüsxələri. O zaman ilk gəlişimdəcə yaddaşımda xoş təəssurat buraxan Yerfi haqqında yazmaq qərarına gəldim. Tahir müəllimin unikal bilgisi və hafizəsi söyləmələri ilə anındaca diqqətimi cəlb eləmişdi. Məqalə üçün kifayət qədər zəngin material əldə etmək imkanım oldu. Beləliklə, ardıcıl əməkdaşlıq etdiyim “Kaspi” qəzetində “Qubadan Qonaqkəndəcən” adlı bir səhifəlik məqaləm dərc edildi. Bu yazımda bacardığım qədər Yerfi kəndinin tarixi, əhalisi, təbiəti, təsərrüfatı, təhsil və mədəniyyəti, tanınmış simaları haqqnda məlumat vermək istəmişdim. Bildiyim qədər buna nail olmuşdum da. O zaman Tahir müəllimdən aldığım informsiyalar yazının hazırlanmasında mənə çox kömək etmişdi. Hələ onun dərc etdirdiyi məqalələr. Onlarda nələr yox idi? Xüsusilə, təhsillə bağlı müəllimin vəzifəsi və onun görməli olduğu işlər barədə yazdıqları müəllifin fövqəl maarifçi olduğunu göstərirdi. Qabaqcıl təhsil işçisi kimi metodikası və pedaqoji təcrübəsi bölgə məktəblərində tətbiq olunurdu. Tövsiyələrinə diqqətlə yanaşılırdı. Bu tövsiyələr tədris prosesində səmərəli nəticənin əldə olunmasında və düzgün qiymətləndirmədə meyar kimi götürülürdü. Yalnız müəllim olmaqla kifayətlənməyən Tahiq müəllimin ardıcıl mütaliələri və maraqlı araşdırmaları onu elmi tədqiqat sahəsində axtarışlar aparmağa sövq edir. Qəzet-jurnal dairəsindən çıxıb elmi-publisistik kitablar üzərində düşünür. Doğulub böyüdüyü və hazırda da yaşadığı kənddən bəhs edən “Yerfililər”, “Yerfi töhfələri”, eləcə də “Qaçaq Mayıl dastanı”, “Xaltanlı Tağı”, “Haqdan yanan çıraq” kimi elmi-publisistik kitabları az zaman içində diqqəti cəlb edir və görkəmli folklorşünas alimlərin qiymətini alır. AMEA Folklor İnstitunun şöbə müdiri, “Dədə Qorqud” elmi jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı: “Son illərdə Xaltanlı Tağının həyat və yaradıcılığı ilə ciddi məşğul olan Tahir Həsnlnin Azərbaycan jurnalında işıq üzü görən “Xaltanlı Tağı” məqaləsi ilə el sənətkarının araşdırmalarının yeni mərhələsi başlanır. Ciddi axtarışlar nəticəsində müəllif Xaltanlı Tağıya həsr etdiyi monoqrafiyasını tamamlamağa müvəffəq olmuşdur.
Monoqrafiyanın ilk bölməsində aşıq sənətinn tarixinə qısa ekskursiya edilir və Xaltanlı Tağının həyatına aid bir çox faktlar dəqiqləşdirilir. Onu vurğulamaq lazımdır ki, el sənətkarının yaşadığı bölgənin azsaylı xalqlarla zənginliyini nəzərə alan tədqiqatçı olduqca düzgün fikir irəli sürərək yazır ki, “XIX əsrin əvvəllərində öz istedadı ilə diqəti cəlb edən Xaltanlı Tağının təhsil illəri və yaradıcılıq dövrü Rusiyanın Azərbaycanın şimalını işğal etdiyi dövrə düşür. Bu zamanlarda Azərbaycanın şimalında, Dərbənddən Xaltanadək dağlıq ərazilərdə yaşayan, müxtəlif dillərdə danışan azsaylı xalqların savadlı, ziyalı, yaradıcı nümayəndələri öz əsərlərini ana dili kimi bildikləri Azərbaycan türkcəsində yazır, bu dilin ətrafında birliklərini ifadə edir, ümumilikdə, Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər. Nəticə etibarı ilə bu xalqları dil, din və vətən birləşdirirdi.”
Müəllif monoqrafiyanı işləyərkən tədqiqat prosesində onu elmi qaydalara uyğun 10 mövzu üzrə bölmüş, əldə etdiyi nəticələri ümumiləşdirmiş, “bir-birini tamamlayan, zəngin tarixi və bədii materialı əsaslı şəkildə şərh edən bölmələrə daxil etmişdir” (R.Qafarlı). Həmin mövzular bunlardır: “Aşiqanə lirik şeirləri”, “İctimai motivli şeirləri”, “Xaltanlı Tağının səyahət coğrafiyası”, “Xaltanlı Tağının “Vücudnaməsi”, “Şeyx Əzizəddinin vəsfi”, “Əlif-be (Allahın mədhi)” şeiri haqqında”, “Nə qazandın bu dünyada”, “Didaktik-fəlsəfi şeirləri və dastan yaradıcıığı” və Xaltanlı Tağı yaradıcılığının bədii xüsusiyyətləri. Göründüyü kimi, tədqiqatçı el sənətkarının bədii yaradıcılığının bütün istiqamətlərini sistemli şəkildə tədqiqata cəlb edib olduqca dolğun, əhatəli, dəqiq elmi-nəzəri fikirlər irəli sürür. Monoqrafiyanın sonunda Xaltanlı Tağının bədii irsindən seçilmiş nümunələr verilir. Nəhayət, görkəmli folklorşünas alim, professor R.Qafarlı əminliklə qeyd edir ki, monoqrafiya ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq və Azərbaycan folklorşünaslığını zənginləşdirəcək. Biz də bu fikirdəyik. Belə ki, Tahir müəllim özünəqədrki tədqiqatları nəinki davam etdirmiş, hətta öyrənilməmiş ən xırda boşluqları belə doldurmuş, aşıq-şairin böyüklüyünü, yaradıcılıq siqlətinin dərinliyini təfsilatı ilə üzə çıxarıb diqqət mərkəzində saxlamağı bacarmışdır. Əsərdə müəllif özü də etiraf edir ki, Xaltanlı Tağı yaradıcılığı mərhum folklorşünas Ağalar Mirzə tərəfindən araşdırılaraq monoqrafiya şəklində çap olunmuşdu. Prof. Ramazan Qafarlı da kitaba yazdığı ön sözdə bunu qeyd edir. O, göstərir ki, Azad Nəbiyev də tədqiqatlarında bu el sənətkarının yaradıcılığına az-çox toxunmuşdur. Burdan belə çıxır ki, T.Həsənlinin bu kitabı daha əhatəli və daha şaxəli şəkildə işlənib. Ən xırda məsələlər göz önünə gətirilib, müəllif nəzərdə tutduğu bütün məsələlərə ciddi problem kimi yanaşıb, ona görə də uğurlu nəticə əldə edə bilib. Monoqrafiyanın “Xaltanlı Tağının həyat və yaradıcılığı haqqında” adlanan giriş hissəsində biz bunu aydın görürük. Tədqiqatçı burada öncə aşığı yetişdirən mühit barədə bizə dolğun məlumatlar verir. Bölgədəki mövcud aşıq məktəbləri haqqında sistemli şəkildə apardığı araşdırmalar və gəldiyi qənaətlər kitabın sanballı alınmasında mühüm faktorlardan biridir. Şirvan aşıq məktəbindən çıxmış ünlü aşıqların tarixilik nöqteyi-nəzərindən təqdimi, o sırada Xaltanlı Tağının adının xüsusi olaraq çəkilməsi müəllifin bu sənətkara qeyd-şərtsiz rəğbətinin olduğunu bildirir. Bu da təbiidir. Quba kimi unikal bir bölgədə bütün parametrləri ilə əsl aşıq-şair kimi doğulan və yaradıcılıq fəaliyyəti ilə ustad kimi tanınan və sevilən Tağı nədənsə az kütləviləşmiş, sanki kölgədə qalmışdır. Tədqiqatçının bizə görə onu önə çəkməsi təqdirəlayiqdir. Bölgələrimzdə gizlində qalan bu cür sənət adamlarının aşkarlanıb tanıdılması çox vacibdir. Əgər ölkəmizin mənəvi cəhtdən zəngin olduğu fikrindəyiksə, gərəkdir ki, onun maddi sərvətləri kimi zəngin insanlarını da qabarıq şəkildə təqdim etməyi bacaraq. Bu baxımdan Tahir müəllimin illərlə ardıcıl və sistemli çalışmaları nəticəsində ortaya qoyduğu elmi-metodiki və publisistik yazıları bir örnəkdir, nümunədir. Xaltanlı Tağı və ona həsr etdiyi bu monoqrafiya, eləcə də ədəbiyyatşünas alimlərin inamla qeyd etdikləri “Haqdan yanan çıraq” adlı aşıq haqqında roman sözsüz elm və ədəbiyyat xəzinəmiz üçün bir inci qədər dəyərlidir. Bu əsərin bir üstün cəhəti var ki, onu yalnız adi bədii əsər deyil, həm də tarixi roman kimi qiymətləndirmək lazım gəlir. Əsərdə cərəyan edən hadisələr o dövrün tarixi şəraiti nəzərə alınmaqla işlənib. Biz burada işğalçı rus ordusuna qarşı 25 il mübarizə aparan məhşur Şeyx Şamil hərəkatı və bu hərəkatın içində olan Molla Nuru görürük. Müəllif yazır: “Tağının müasiri olan tarixi şəxsiyyətlərdən biri də Qaçaq Molla Nurdur”. Təhsilini başa vurandan sonra da tez-tez Təngə dərəsindən keçən yolla Dərbənd ərazilərinə səfərləri zamanı onun Molla Nur haqqında dillərdə dolaşan söhbətləri, qoşquları eşitməsi, yaxud Molla Nurla görüşməsi şübhə doğurmur. Aşıq Molla Nura aid olan “Soruş” rədifli şeirində belə deyir:
Qurtarıb ölümdən darda qalanı,
Dilində olmayıb bircə yalanı.
O, əqli kamilin ərzi-halını
Tağıdan soruşma, ellərdən soruş.
Göründüyü kimi, T.Həsənli tədqiqatçılıq axtarışlarında Aşıq Tağının Molla Nurla görüşünü dəqiqliklə müəyyən edərək onu üzə çıxarır. Təkcə bu deyil. O, elmi fəhmilə müəllifi olduğu hər iki əsərində, bunlara qədər isə dərc etdirdiyi müxtəlif məqalələrində tam aydınlığı ilə bəlli olmayan yeni-yeni faktlarla diqqət mərkəzində olub. Təəssüf ki, müəllifin bu yöndəki ardıcıl çalışmaları və əldə etdiyi uğurlu nəticələr nə elmi, nə də ədəbi mühit tərəfindən lazımi qiymətini almayıb. Hələ onun publisistik qeydləri. Doğrudur, onların bir çoxu saytlarda və bəzi mətbu orqanlarda dərc olunub. Yazıçı bu məqalələrində cəmiyyətin özəyində kök salmış problemləri qabardır, eyni zamanda onların həlli yollarını göstərir.
Tahir müəllimin publisistikasına nəzər salsaq görərik ki, onların hər biri, belə demək mümkünsə, özəlliklə hamısı elmi-sosial mahiyyət kəsb edir. Ona görə də, həm maraqla oxunur, həm də dərindən düşündürür. T.Həsənli yuxarıda dediyimiz kimi uzun illər bir dağ kəndində müəllim vəzifəsində fəaliyyət göstərib, nümunəvi pedaqoq olub, yeniyetmə və gənclərin psixologiyasını yaxşı bilib. Onları ölkəmizin gələcəyi üçün hazırlayanda mövcud problemlərdən çıxış yollarını göstərib. Şimal bölgəsinin xüsusiyyətlərini, söz adamlarını, tarixi şəxsiyyətlərini, mədəniyyət və sənətkarlıq vərdişlərini, təbiətini sabahdaşlarımıza sevgi ilə, sayğı ilə, ürəyinin odunu vermiş kimi aşılayıb. Gələcək nəsil Tahir müəllimin bu əsərlərindən həm də onları öyrənəcək. Düzdür, tarix və ədəbiyyat dərsliklərində, dərs vəsaitlərində, uyğun tədbirlərdə bunlar məktəblilərə öyrədilir. Ancaq bu kitablar bir fundamental mənbə kimi, elmi-ədəbi baza kimi bölgənin daha yaxşı tanıdılmasında müstəsna əhəmiyyət daşıyacaqdır.
Bəs nədən T.Həsənlinin “Haqdan yanan çıraq” əsərini roman adlandırırıq? Müəllif özü bunu heç yerdə qeyd etməyib. Ancaq professor Xatirə Bəşirli Azərbaycan Respublikası Aşıqlar Birliyinin azerab.az saytınada dərc olunmuş “İlk aşıq romanı” adlı məqaləsində bunun səbəblərini açıq göstərib. “Professor Məhərrəm Qasımlı mənə bir kitab təqdim etdi və soruşdu ki, sən heç aşıq haqqında roman görmüsən, oxumusan…?! Düşünürəm ki, böyük ozanımız Dədə Qorqudun düzüb qoşduqları, eləcə də “Koroğlu”, “Şah İsmayıl”, “Qurbani”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s. dastanlar əslində elə aşıqların özləri haqqında düzüb-qoşduqları aşıq romanlarıdır.” Professor X.Bəşirli daha sonra yazır ki, Tahir Həsənli “Haqdan yanan çıraq” adlı əsərində bilavasitə Xaltanlı Tağının həyatını romanlaşdırıb, yəni “öz çapında bir ilkə imza atıb.”
Aparılmış tədiqatlarlra görə Xaltanlı Aşıq Tağı XVIII əsrin sonu, XIX əsrin ortalarında Quba rayonunun Xaltan kəndində doğulub. Şirvan bölgəsində fəaliyyət göstərən bir el sənətkarı kimi tanınıb. X.Bəşirlinin də qeyd etdiyi kimi, roman Quba, Dərbənd xanlıqlarında yaşanmış ictimai-siyasi, qismən də mədəni hadisələr fonunda qələmə alınıb. T.Həsənli kitabda Aşıq Tağının babası, atası, özü və nəvəsinin həyatını əhatəli şəkildə işıqlandırıb.
Biz dastan-romanı oxuduqca Azərbaycan məhəbbət dastanlarında cərəyan edən hadisələri burda da izləyə bilirik. Məsələn, müəllifin Xaltanlı Tağının əsl haqq aşıqları kimi yuxuda buta aldığına işarə etməsi buna misal ola bilər.
Yatmış idim xabi-qəflət içində,
Məndən bir can alan hayıxdı getdi.
Eşqin qəmzəsini çəkdi sinəmə,
Boylandım dalınca o çıxdı getdi.
Yar deyib həmişə edərəm fəryad,
Gözlərim qan ağlar, ürək olmaz şad.
Tərlan yuvasından Tağı bir səyyad,
Aldı öz əlilə, buraxdı, getdi.
Haqq aşığı Qurbanidə:
Oturmuşdum Təktüklünün başında
Ocaq qırağında, pirin tuşunda.
Badə içdim səfər ayın beşində,
Aldım nuş eylədim, dedim “bəli”di…
…Oyandım qəflətdən, açdım gözümü, Ərənlər payinə sürtdüm üzümü, Dindirdilər, haq söylədim sözümü, Hər kəlməmə doxsan bəyan dedilər.
Adətən yuxuda buta verilən aşıq gec ayılır, qəribə yuxular görür. Tanımadığı yaşlı kişinin (bəzi dastanlarda dərviş) ona məlum olmayan məkanda bir gözəl qızı göstərib, bax onu sənə buta verdim, deyirlər. Tahir müəllim isə burda yeni bir variantdan istifadə eidir. Tağı gördüyü yuxunu nənəsinə danışır: “Yuxuda gördüm, uzun bir yol gedirəm. Babamdan da qoca, ağ saqqallı bir kişi mənə dedi ki, oğul, qorxma, get oxu, ucadan oxu, qoy səsini hamı eşitsin, səsin səni qoruyacaq. Mən bilmədiyim sözlər oxuyurdum…” Belə hallarda adətən buta verilən aşıq saz çala, söz qoşa bilir, həm aşiq, həm də aşıq olur Tağı kimi. “Ağ saqqallı, ağ donlu bir kişi mənə sazı uzadıb dedi ki, al çal, oğul, xalqını düz yola çağır…”
Dastanlarımızda aşığın sınaq meydanına çəkilməsi, sınanması qabarıq təsvir olunan nümunələrdəndir. Toy məclislərindən birində dövrəsində cəm olmuş qızlardan biri onu sınağa çəkmək məqsədilə: “Aşıq, bu, mənim nənəmdir, gəlsənə, ona bir tərif deyəsən?” Dastanlarımızda bu cür hallarla çox qarşılaşırıq. Xüsusilə, ustad aşıqların yeni buta verilmiş gənc aşıqları sınağa çəkmələri nadir hal deyil. Dirili Qurbaninin çox erkən yaşlarında Aşıq Dədə Yediyar kimi azman bir aşığın sınağından qalib çıxması tipik nümunədir.
Romanda aşıqların toylarda dastan söyləməsi, onlara digər çalğıçılarla müqayisədə xüsusi önəm verilməsi diqqətdən yayınmır. Aşıqların yarışmalara cəlb olunması, meydanlarda sınağa çəkilməsi bərkdən-boşdan çıxmaları üçün stimul olub. Əsərdə bu yüksək qiymətləndirilir. Aşıqlığa yeni başlayan bir gənc aşığın kamil, ustad aşıqlardan xeyir-dua alması yada salınır. Belə nümunələr demək olar ki, bütün məhəbbət dastanlarında mövcuddur. Tipik nümunə kimi “Qurbani” , “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Tahir və Zöhrə” dastanlarını göstərmək olar.
“Xaltanlı Tağının həyat və yaradıcılığı haqqında” (“Xaltanlı Tağı”, 2024) adlı müəllifin giriş yazısı aşığın həm həyatı, həm də yaradıcılıq fəaliyyəti barədə dolğun məlumat almağa imkan verir. “Haqdan yanan çıraq” romanı barədə bir neçə kəlmə demək istərdim. Bu kitabın adını müəllif Tağının bir şeirindən götürmüşdür və qeyd olunmalıdır ki, çox da uğurlu seçimdir. Aşığın keçdiyi yol bunu deməyə əsas verir . Əsəri oxuduqca biz bunu görürük.
Gərək olmayasan ağıl möhtacı,
Olsan, bu dünyada əziyyətin var.
Qaldırsan yıxılanı, doyursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.
Nə qədər cəhd etsə söndürməz yağı,
Bir kəsin yanırsa haqdan çırağı.
Başını uca tut, Xaltanlı Tağı,
Ellərin içində çün hörmətin var.
Əsərdə təsvir olunan hadisələr məkan və zaman etibarı ilə məlum tarixi şəraitdə – Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq mübarizəsi fövqündə önə çıxır. Təsadüfi deyildir ki, bu tarixi romanda Aşıq Tağının Şeyx Şamillə bağlı xatirələri də diqqəti cəlb edir. Həmin dövr Şeyx Şamil hərəkatının geniş vüsət aldığı tarixi məqam kimi müəllif tərəfindən ustalıqla qələmə alınıb. Biz buna əsər boyu rast gəlirik. Məsələn, qeyd olunur ki, Aşıq Tağı oxuduğu mədrəsədə Şamil (sonralar Şeyx Şamil), Məhəmməd, Həmzət, Abdulla kimi görkəmli şəxsiyyətlərlə bir təhsil almışdır.
Biz burada Şamilin timsalında açıq şəkildə azadlıq mücahidlərinin mübariz həyatını görürük. Müəllif onları böyük sevgi ilə təsvir edir. Eyni amal uğrunda – Şeyx Şamilin ətrafında birləşən azadlıq mücahidləri azğın düşmənə qarşı cəsarətlə, qəhrəmanlıqla döyüşürdülər. Romanda hərəkatın başında duran Şeyx Şamilin təsadüfi adam olmadığı dinə və elmə söykənən bir şəxsiyyət olduğu bildirilir. “Şamil çox savadlı adamdır, böyük kitabxanası var”. Ona görə də qalibiyyətlə hünər göstərib zəfər çalmağı bacarır. Dəfələrlə rusları məğlubiyyətə uğradan “Şeyx Şamil 20 minlik qoşun yarada bilmişdi.”
Romandan bəlli olur ki, Xaltanlı Tağını – Aşıq Tağını yetişdirən mühit, tarixi-siyasi hadisələr, ədəbi-tarixi simalar, səyahət etdiyi diyarlar əlbəttə ki, onun dünyagörüşünün, ədəbi zövqünün formalaşmasında əsas göstəricilərdəndir.
Xaltanlı Tağı bir el aşığı idi. Müəllifin təsvirində bəlli olur ki, o təhsil görmüş, həmçinin el içində deyildiyi kimi vergili aşıq olub. Odur ki, şeirlərində bir ustad sığalı var. Heç şübhəsiz, onun qoşmalarına özündən əvvəlki klassiklərin təsiri olmamış deyil. Biz bunu “Vermərəm səni” rədifli qoşmasında görürük. Belə bir şeirə Qurbanidə də rast gəlirik.
Dirili Qurbani:
Başna döndüyüm, ay Pərizada, Can içində cana vermərəm səni. Neynərəm bostanı, neynərəm bağı, Yüz bağü bostana vermərəm səni!
Dağlarda maralsan, çöllərdə ceyran, Ordubad, Naxçıvan boyuna heyran, Tamaşaya gələr cümlə Gülüstan, Külli Dağıstana vermərəm səni.
Xaltanlı Tağı:
Başna döndüyüm, a Gülşən xanım, Can içində cana vermərəm səni. Yığsalar dünyanın varın, dövlətin,
Zənnimcə, bu müqayisə-qarşılaşma Xaltanlı Tağının klassiklərin, o cümlədən Dirili Qurbaninin (XV-XVI əsrlər) yaradıcılığına bələdliyi ilə izah oluna bilər. Bir-birindən bəhrələnmə bütün dövrlərdə, bütün zamanlarda yaradıcı insanlar üçün bir məktəb, bir örnək qədər faydalı olub. Hər iki əsərindəTahir müəllim bir araşdırıcı müəllif kimi, filoloq kimi Xaltanlı Tağının şeirlərində bədii təsvir vasitələrindən məharələ bəhrələnməsindən danışır, “məcazın müxtəlif növləri ilə gözəl portiret” yaratmışdır deyə qeyd edir. Göstərir ki, aşıq şeirlərində, məsələn, “Arasında” rədifli qoşmasında zəncirləmə növündən istifadə etmişdir. O, yazır: “Əvvəlki bəndin son misrasının başladığı “Əgər olsan yüz min” sözləri ilə sonrakı bənd başlayır. Bu qayda ilə bütün bəndlər bir-biri ilə bağlanır. Daha sonra yazır: Tağı dinləyicilərini düşündürmək üçün bədii sualdan istifadə edir. Əsasən didaktik-fəlsəfi şeirlərində həlli tapılmayan, amma hamını düşündürən məsələləri qabardır, sualla müraciət edərək onların diqqətini bir yerə cəmləyir:
Oyan, ey əhli dünya, dur bu dünyadan nə istərsən?
Bu dünya çox bivəfadır, bu vəfadan nə istərsən?
Tağı, bu dünya bəladır, ona çoxlar mübtəladır,
O, bir köhnə xarabadır, xarabadan nə istərsən?
Müəllif aşığın yaradıcılığında atalar sözlərindən yerində məharətlə istifadə olunduğunu bildirir, dini şeirlərinin mahiyyətinə varır, onların əhəmiyyətini qeyd edir. Tahir müəllim Xaltanlı Tağının apardığı toy məclislərində onun bir sənət adamı kimi ədəb-ərkanı gözləməyinin vacib bildiyini yüksək qiymətləndirməklə bərabər, aşığın yerişini itirən, özünü yekə tutan, yemək-içməyini, böyük-kiçik yeri bilməyən insanları tənqid etdiyini vurğulayır. Müəllif aşığın təbiət şeirlərinə haqlı olaraq xüsusi önəm verir: “Tağı təbiəti təsvir edən şeirlərində sözün təsvir gücü ilə gözəlikləri bədii boyalarla canlandırır. Oxucunun təxəyyülndə yurdun əsrarəngiz mənzərələri göz önünə gəlir. Aşıq gördüklərini sadəcə təsvir etmir, onu insan obrazında canlandırır, təbiətlə vəhdətini yaradır. O, doğma yurdu səfalı Qubanın əsrarıngiz təbiətini, onun gözəlliklərini “Nə gözəl” şeirində belə vəsf edir:
Xaliq xəlq edəndə cümlə-cahanı,
Xoş yaradıb bu torpağı, nə gözəl!
Dəlisov çayları, şərbət suları,
Çəməni, çölləri, dağı nə gözəl!
Qızılgüllər qönçələnib oyanıb,
Ağacları baş əyibən dayanıb,
Budaqları al-qırmızı boyanıb,
Nügədinin solu-sağı nə gözəl!
Araşdırmaçı T.Həsənli Xaltanlı Tağı yardıcılığında bu nüansa xüsusi hal kimi diqqət yetirir və onu yüksək qiymətləndirir.
Haşiyə: Fikrimizcə, həm aşığın, həm də tədqiqatçının ətraf mühitlə bağlı məsələyə özəl hal kimi yanaşmaları insan-təbiət münasibətləri baxımından realdır. Təbiət bütün canl varlıqların yaşama səbəbidir. Digər tərəfdən yaradıcı insanların ilham mənbəyidir, qüvvəverici, enerji istehsalçısı və daşıyıcısıdır. Onu nəzərə almamaq olmaz. Odur ki, təbiəti öyrənməyin və qorumağın rəsmi qaydalarından çox əvvəllər müxtəlif sənət növləri vasitəsilə biomüxtəlifliyin saxlanması mümkün olmuşdur. Bu cəhətdən yanaşsaq bir aşıq kimi Xaltanlı Tağı da bu tip yaradıcılıq örnəkləri ilə əməli fəaliyyət göstərmişdir.
Yazıçı-publisist Tahir Həsənliyə görə Azərbaycan aşıq poeziyasında, xüsusilə sovet illərində yaradılmış müasir vücudnamələrdə aşıqlar daha çox öz həyatları ilə bağlı fikirlərini ifadə etmişlər. “Xaltanlı Tağının “Vücudnamə” adlı bu şeirində isə hər bir insana aid ola biləcək bir ömür əks olunub. Mövzu və məzmun dolğunluğuna görədir ki, Xaltanlı Tağının bu şeiri bəzi tədqiqatçılar tərəfindən “İnsan” poeması da adlandırılır. Müəllif eyni zamanda bu şeirin quruluşuna diqqəti yönəldir: “3 mərhlədən ibarət bətn dövrü üç bənd, 100 illik insan ömrü on bənd, qiyamətə qədər ki, dövr isə 6 bənddə ifadə olunmuşdur” deyə qeyd edir.
Müəllif həmçinin qeyd edir ki, Tağının şeirlərində məzmun ardıcıllığı bir qayda olaraq qorunmuş və bədii baxımdan ifadə tərzi saxlanmışdır. “Xaltanlı Tağı böyük alim və şair Məhəmməf Yaradanın mədrəsəsində təsəvvüf mühitində dərs almışdır”. Şübhəsiz, bu ona elmi-dini biliklər aşılamışdır. Belə nəticəyə gəlmək olar ki, aşığın şeirlərində haqqa, ədalətə çağırış, pis əməllərdən uzaq durmağın dini biliklər əsasında ifadə edilməsi təsadüfi olmamışdır. Aşığın 33 bəndlik “Bu mənzildə” şeiri bu fikirlərin təbliği məqsədilə söylənmişdir.
“Xaltanlı Tağı” monoqrafiyasında müəllif qeyd edir ki, “İslami əxlaqı mənimsəmiş Aşıq Tağı yaşadığı ömrünü saf niyyətə, xoş əməllərə, xeyirxahlığa, nəcibliyə, sərf etmiş, halal zəhməti ilə dolanmağı üstün bilmiş, heç vaxt var-dövlət əsiri olmamışdır. Dünya malına görə əqidəsinə, əxlaqına nöqsan tutula biləcək hərəkətlərdən uzaq olmuş, el aşığı, el ağsaqqalı, elin müdrik bir ziyalısı kimi hörmət qazanmış, illər keçdikcə adı hörmətlə çəkilmiş, xalqın yaddaşlarından silinməmiş, əməli, sözü ilə qəlblərdə yaşamışdır.” “Onun qəlbi bir kəndə, bir mahala sığmamış, tez-tez səfərlərdə olmuş, bəlkə də buna görədir ki, külliyyatının xeyli hissəsi ələ gəlməmişdir. Demək olar ki, Azərbaycan türkcəsinin işləndiyi ərazilər Tağının coğrafiyasıdır.” Bu da müəllif Tahir Həsənlinin ünlü bir ustad aşığa verdiyi qiymətdir, dəyərdir!
Sonda müəllif yerli sakinlərə istinadən qeyd edir ki, Aşqlar Birliyindən Xaltan və Utuq kəndlərinə gəlib Tağının şeirlərini toplayan olmuşsa da səs-soraq çıxmayıb. Ustad aşıq Haşım Balasıyevin də topladığı iki dəftər şeirdən birini yoxa çıxarıblar. Lakin qeyd etmək lazımdır ki, mərhum Ağalar Mirzənin dissertasiya işi əsasında “Xaltanlı Tağı” kitabı çap olunmuş və burada 87 şeiri verilmişdir. Təəssüflənməyə dəyər ki, Quba yalnız təbiətinə və sərin havasına görə istirahət məkanı kimi yada düşür. Halbuki, bu bölgə də digər bölgələrimiz kimi Azərbaycan mədəniyyətinə, elminə qiymətli, zəngin insanlar bəxş edib. Məsələn, burada Aşıq Oruc, Aşıq Yarbala, Barmaqsız Aşıq və b. aşıqlar olub. İndi də var.
Müəllif Tahir Həsənli monoqrafiyasını bu sözlərlə bitirir: “Axtarışlarımız nətiicəsində yeni şeirlər əldə edilmiş, indiyədək Aşıq Tağı haqqında yazılanlardan fərqli olaraq bu kitabdakılar faktlara, arxiv materiallarına, yeni nəşr olunmuş əsərlərə əsaslanmış, geniş oxucu kütləsinin marağına uyğun bir səviyyədə təhlil edilmişdir”. Tahir Həsənlinin bu istiqamətdəki çalışmaları süni intellekt vasitəsilə də qiymətləndirib. Orda da doğru olaraq qeyd edilir ki, Tahir Həsənli yalnız kitablarla kifayətlənmir – o, Xaltanlı Tağının şeir və yaradıcılıq xüsusiyyətlərini analiz edən tədqiqatlar və məqalələr də yazmışdır. Onun tədqiqatları Xaltanlı Tağının hələ əvvəlcədən araşdırılmamış və bədii irsinin geniş oxucuya tanıdılmamış hissələrini ortaya çıxarır. Bununla o, XIX əsr Azərbaycan aşıq poeziyasının anlaşılmasına, klassik nümunələrin toplanmasına və şairin irsinin müəyyənləşdirilməsinə böyük töhfə verir.
Yusif DİRİLİ (Mahmudov), tarix üzrə fəlsəfə doktoru
Bu yaxınlarda – yanvar ayında sevincli, sevincli olduğu qədər də kədərli bir xəbər aldıq. Nəslimizin ağsaqqalı, atamla əmizadə olan, Azərbaycan Texniki Universitetinin dosenti Savalan müəllim qohumlara belə bir xəbər çatdırdı: “Atam Xanlar Rəsul oğlu Almaniyanın Aşağı Saksoniya bölgəsində alman əsirliyində (əsir nömrəsi: 51569) torf istehsalı və bataqlıqların qurudulması işlərində məcburi əməyə cəlb edilmiş, aclıqdan, ürəktutmadan 1943-cü il fevral ayının 27-də günorta saat 14:30-da vəfat etmiş, toplu qəbiristanlıqda 235 saylı məzarda dəfn olunmuşdur. Qardaşım Qiyasın nəvəsi Kərimli Anar Vüqar oğlu 18 yanvar 2026-cı il tarixdə atamın qəbrini ziyarət etmişdir”. Təxminən 2005-ci ildən apardığım tədqiqatlar zamanı müəyyən etdim ki, Göyçə mahalının Daşkənd kəndindən İkinci Dünya müharibəsinə təxminən 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni, 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri ABŞ-də (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada çap olunmuşdur. Bu qanlı müharibə bizim Rəsullular nəslindən də yan keçməmiş, bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Altı nəfər müharibədə itkin düşüb, həlak olmuş, doqquz nəfər isə müharibə veteranı kimi doğulduqları Daşkənd kəndinə qayıtmışlar. Müharibədə həlak olub geri qayıtmayan altı nəfərdən biri də Nəsib babamla babaları qardaş olan Xanlar Rəsul oğlu Kərimov idi. Nəsib babamla Xanlar babanın müharibədən öncəki illərə aid qoşa çəkdirdikləri şəkilləri də bu gün bizlər üçün çox dəyərli bir yadigardı. Xanlar Kərimov 1903-cü ildə Novo-Bəyazid qəzasının Daşkənd kəndində doğulmuşdu. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi əvvəlcə Basarkeçərin bir çox kolxozlarında, sonralar isə ümumilikdə Basarkeçər rayonunun baş mühasibi işləmişdir. O, bacısı Şəkərin oğlu Niftalı Xəlilova da mühasiblik peşəsini öyrətmiş, özü ilə bərabər o da mühasib işləmişdir. Xanlar Kərimovun öz dəsti-xətti ilə yazdığı, İmam Əlinin şücaətlərindən bəhs edən “Xəvər-zəmin” kitabı son illərə qədər qalırdı. Xanlar Kərimov təxminən 1930-cu illərin əvvəllərində Hacı Məhəmmədlilər nəslindən Alı kişinin qızı Gülgəz xanım ilə ailə həyatı qurub. Onların Tehran, Sabir, Xalid, Qiyas və Savalan adlı dörd oğlu, bir qızı dünyaya gəlib. 1941-ci ilin sentyabr ayında Xanlar Kərimovu vəzifəsinə görə müharibəyə səfərbər etməsələr də, o Basarkeçər Rayon Hərbi Komissarlığına müraciət etmiş, könüllü olaraq döyüşlərə qatılmağını istəmiş, müharibəyə göndərilmişdir. Qardaşı Hüseynin oğlu rəhmətlik Vərqa müəllimlə söhbətlərimiz zamanı əmisini xatırlayır və belə deyirdi: “Xanlar əmim müharibədən qabaq iki il həqiqi hərbi xidmətdə olmuşdu. 1941-ci il idi, biz uşaqlar otaqda oynayırdıq. Tanrıverdi müəllim gəldi və Xanlar əmimə dediki hökumət səni işinə görə bron edib, müharibəyə aparmır. Nə vaxt çağırarlar onda da gedərsən. Sən niyə axı özün gedirsən? Xanlar əmim də dedi ki, Tanrıverdi, faşistlər torpaqları ala-ala gəlib Qafqaza çatıb. Kənddə bığıburma cavan qalmayıb, camaat nə bilir bron nədi, sonra deyərlər bu müharibəyə getmir, kişi deyil. Mən qala bilmərəm, gedəcəm!” SSRİ Müdafiə Nazirliyinin arxiv sənədlərində yazılır: “Kərimov Xanlar Rəsul oğlu sıravi əsgər kimi Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri Sevastopolda əsir götürmüşdür”. Digər bir sənəddə isə “1942-ci ilin may ayında itkin düşmüşdür” deyə qeyd vardır. Bundan sonra Xanlar Kərimov haqqında həqiqətə uyğun olmayan fikirlər söylənilmiş, guya özünün könüllü əsir düşdüyü, hətta müharibədən sonra Almaniyada və ya Türkiyədə qalıb yaşadığını da danışırdılar. Bunlar hamısı dəqiq olmayan, reallığa söykənməyən rəvayətlərdən, ziddiyyətli fikirlərdən ibarət imiş. Əsl həqiqət isə onun nəvə-nəticələrinin 83 il sonra əldə etdikləri məlumat oldu. Sevə-sevə vətəndaşı olduğumuz Sovet hökuməti isə insanlara əzab-əziyyət vermiş, dəqiq olmayan məlumatlar əsasında bu ailəni daim təzyiq altında saxlamışlar. Hətta Savalan müəllim söyləyir ki, Sovet hökuməti 1942–1946-cı illərdə üç dəfə əmlaklarını müsadirə etmiş, onlara olmazın əzabını vermişlər. Xanlar Kərimovun övladları ali təhsilli olub rəhbər işlərdə çalışsalar da, guya atalarının öz istəyi ilə əsir düşməsi səbəbindən hər zaman qorxu içərisində yaşamış, layiq olduqları daha yüksək vəzifələri tuta bilməmişlər. Oğlu Qiyas Kərimov Bakı Ali Partiya Məktəbini qırmızı diplomla bitirməsinə, Kəlbəcər rayon Komsomol Komitəsinin katibi işləməsinə baxmayaraq haqqı olan hər hansı rayonun birinci və ya ikinci katibi vəzifəsinə irəli çəkilməmiş, çox geridə qalmış Bərdə rayonunun Telman kolxozuna sədr göndərilmişdir. Onun peşəkarlığı sayəsində həmin kolxoz bir neçə ilə rayonun ən qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Eləcə də, Xanlar Kərimovun digər oğlu Xalid Rəsulov da haqsızlığın qurbanı olmuşdur. Belə ki, Xalid Rəsulov nəinki Azərbaycanın hətta, Özbəkistanın pambıq qəhrəmanları ilə aralarında gedən yarışda qalib olmasına baxmayaraq onun haqqı olan Sosialist Əməyi Qəhrəmanı adı ona verilməmişdir. Qeyd edim ki, hər iki qardaş dəfələrlə “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalına, “Sosializm yarışının qalibi” və başqa onlarla orden, medal və mükafatlara layiq görülmüşlər. Mövzu ilə qismən bağlı olduğundan burada Aşıq Hacı Bayramovun 1991-ci ildə Almaniyaya qastrol səfərə gedəndə konsertdən sonra bir nəfərlə olan görüşünü xatırlatmaq istərdim: “Bir nəfər Aşıq Hacıdan haralı olduğunu soruşur. O da Göyçə mahalının Daşkənd kəndindən olduğunu deyir. O adam aşıqdan Daşkənddə yaşayan Kərbəlayı Əmrahı, İsmayıl kişini, Xanları və o cümlədən Rəsullulardan bir neçə adamı soruşur. Aşıq Hacı ondan soruşur ki, bəs siz kimlərdənsiniz, bu adamları niyə soruşursuz? Deyir, elə belə maraqlanıram. Adam onu da əlavə edir ki, indi tələsirəm, sabah gəlib səni qonaq aparacam. Amma o adam səhəri gün gəlmir və növbəti görüş baş tutmur. Aşıq Hacı güman edərək belə deyərdi: O, adam Rəsullulardan ya Məhəmməd idi, ya da Xanlar, bəlkə də Müzəffər idi. Amma o adam daha çox Kərbəlayı Əmrahla maraqlanırdı”. Müharibədən sonra Türkiyədə qalıb yaşayan, Xanlar Kərimovun bacısı Şəkərin oğlu Niftalı Xəlilov 18 iyul 1959-cu ildə qardaşı Əli Xəlilova yazdığı məktubdan bir hissəni olduğu kimi burada təqdim etməyi də vacib hesab edirəm: “Ali, yavrum, Koçernin eşi Selmi Elbeyinin küçük kızı deyilmi? Setter kimin kızını aldı, resmini neden göndermedi, yoksa darğınmısınız? Sakının, onu hoş dutun emim yadigarıdı onu sizlerden ayırmam. Letive kimle evlendi, Medoş emimin Haceri kimle evlendi? Hannar daymın, Hüseyin daymın, bizim Karaşın, Balış emimin cocukları kimle evlendi ve kendileri nasıllar, Hannarın ailesi Gülgez ne oldu, Hacının oğlu Süleymen eve geldimi? Mahı neden öldü, derdi neydi, etraflı yaz. Kurban emim dururmu, çocukları nasıllar?” Daşkənddən müharibəyə gedib-qayıtmayanlardan söz düşəndə Vərqa Kərimov deyərdi ki, Dədəm kəndin başından başlayar bir-bir müharibədən qayıtmayanları sayar, təsbehin daşını çevirərdi. 101 təsbeh bitərdi amma ölənlər bitməzdi. Vərqa müəllimin atası, Xanlar Kərimovun isə qardaşı Hüseyn kişinin məzar daşına 1965-ci ildə yazılan şeir də çox ağrılı, kədərlidir:
Əvvəl gündən oldum mən də bəxtiyar, Deyirdim, yanımda beş qardaşım var. Getdi o qardaşlar, hanı o Xanlar? Ona qismət oldu o qürbət diyar. Ey fələk, ey həyat, yollarına bax, Yaranmış nə bilir nələr olacaq. Ey daş, nişana ver gözdə Vətəni, Bəlkə qardaş gəlib oxuya səni.
Müharibə Rəsulluların ziyalılarını, görən gözünü, duyan qəlbini yox etdi, desək yanılmarıq. Nəslin azman şairi Həsən Xəyallı əmisioğlanları Hüseyn Kərimova və Xasay Hacıyevə yana-yana ürək ağrısı ilə yazırdı:
…Həsən Xəyallıyam, qopur fəryadım, Düşəndə yadıma tərlan Sayadım! Xanlarla qırıldı qolum-qanadım Qeyri kimsələrdən uzaq kimiyəm.
…Getdi Zülfiqarım, getdi Nəsibim, Xoş ləhcə Xanlarım, o Məhəmmədim. Öldü tərlan Sayad, qırıldı belim, Qəmlər qucağında bir qalan mənəm.
Son olaraq bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. Vərqa müəllim deyərdi ki, Xanlar əmim doğulan il babam Rəsul vəfat edib. Bu yaxınlarda apardığım tədqiqatların nəticəsi olaraq çap etdirdiyim “Soyumuz, kökümüz, özümüz” adlı kitabda kameral siyahılara, eləcə də Vərqa müəllimin dediyinə əsaslanaraq müəyyən etmişdim ki, Rəsul Hacı Kərim oğlu 40 yaşında vaxtsız vəfat edib. Maraqlıdır ki, 1903-cü ildə doğulan onun oğlu Xanlar Kərimov da 1943-cü ildə 40 yaşında haqqın dərgahına qovuşub. Ruhun şad, məkanın cənnət olsun, Xanlar baba.
Müntəzir (Ortiqcan Cabbarova) Müntəzir (Ortiqcan Cabbarova) 1952-ci ildə Namangan vilayətinin Pop rayonunun Uyğur kəndində anadan olmuşdur. 1975-ci ildə Kokand Dövlət Pedaqoji İnstitutunun özbək dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər rayon məktəblərində şagirdlərə ana dili və ədəbiyyat fənlərini tədris etmişdir. Bununla yanaşı, rayon qəzeti olan “Pop Tonqi” qəzetinin redaksiyasında bir neçə il jurnalist vəzifəsində çalışmışdır. Şairənin şeirləri rayon, vilayət və respublika qəzet və jurnallarında, həmçinin “Pop Ahəngləri”, “Şükrona”, “Gülşən diyar təranəsi”, “Qırğız–Özbək antologiyası” kitablarında dərc edilmişdir. Onun “Marjonun üzülməsin” adlı kitabı 2016-cı ildə “Mühərrir” nəşriyyatında, “Gözəl bayatlar” adlı şeirlər toplusu 2024-cü ildə, “İlahi çeşmə” adlı şeirlər və esselər toplusu isə 2025-ci ildə “İstedad Ziya Press” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. İstedadlı yaradıcılıq nümunələri “XXI əsr Namangan ədəbi bostanı” antologiyasına daxil edilmişdir.
ÜRƏKLƏRDƏ TURAN NƏFƏSI
Esse – I – Bu ilin sevimli aprel ayının son günlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya türk xalqlarının X poeziya və musiqi festivalı mənim iştirak etdiyim ən gözəl toplantılardan biri oldu. Ora getmək üçün Daşkənd–Almatı qatarına mindik. Vaqonun qapısı önündə dayanan nəzarətçi gənclərdən biri yerlərimizi göstərərkən soruşdu: — Qazaxca danışım, yoxsa rusca? — Qazaxca danışa bilərsiniz, biz başa düşürük, — dedik. Bu səmimi münasibətdən bir-birimizə qəlbən yaxınlığımız, qohumluğumuz açıq-aydın hiss olunurdu. Ertəsi gün festivalın açılış mərasimi oldu. Bu tədbirdə iştirak edən özbək, qazax, qırğız, azərbaycanlı və digər türk xalqlarının nümayəndələri — şairlər, yazıçılar, jurnalistlər milli geyimlərdə gəlmişdilər. Festivalı qazax aşığı Erjan Alaşqan ağa açdı. O, əsrlər boyu kökləri eyni qaynağa bağlı olan türk xalqları haqqında elə bir coşqu ilə danışdı ki, həyəcanla çalınan alqışların sədası bütün zalı titrətdi. — Biz türklərik! — dedi o. — Kimimiz Balkan türkü, kimimiz Qafqaz türkü, kimimiz Daşkəndin, Xivənin türkü, kimimiz Altayın türkü! Biz bir elik, bir millətik, qanımız birdir, canımız birdir. Zamanlar keçsin, dövrlər dəyişsin — biz dəyişə bilmərik. Bizim üçün özbək, qazax, qırğız deyə ayrı-ayrı millətlər yoxdur, bir türk ulusu vardır. Başımız bir olsa, birliyimiz güclü olsa, bizə qalib gələcək düşmən yoxdur! Festival iştirakçılarının həyəcanlı simalarında, sevgi dolu baxışlarında bir-birinə olan hörmət və qardaşlıq nuru parlayırdı. Doğrudan da, Yer üzünün böyük bir hissəsində yaşamış türk xalqları müxtəlif tarixi səbəblərdən parçalanmış olsa da, qardaşlıq və birgəlik duyğularını qoruyub saxlayan varislərik. Mən tarixçi deyiləm. Lakin bəzi mənbələrə əsaslanaraq ulu yurdumuz haqqında qısaca danışmağı yerində sayıram. Nitqimizdə tez-tez “Türk”, “Turan”, “Türküstan” anlayışlarını işlədirik. Mənbələrə görə “Türk” adı Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk adı ilə bağlıdır. Nuh peyğəmbərin Ham, Sam və Yafəs adlı üç oğlu olmuş, tufandan sonra Yer üzünü bu üç oğul arasında bölmüşdür. Yafəsin böyük oğlunun adı Türk idi. Yafəs vəfat etdikdən sonra onun yerinə ilk oğlu Türk hökmdar olur. Rəvayətlərə görə, Türk ədalətli və mərhəmətli hökümdar idi. Deməli, Türk Turan ölkəsinin ilk xaqanı olmuşdur. Turan torpağı isə “Şərqdə Sakit okeandan Qərbdə Balkanlara qədər, Cənubda Himalay dağları, Tibet və Şimali Hindistandan Şimal qütbünə qədər uzanan sonsuz bir ərazini” əhatə edirdi. “Turan” anlayışını işlətdikdə, ulu babalarımızın minillər öncə yaşadığı geniş bir coğrafiyanı nəzərdə tuturuq. Türküstan isə Turanın mərkəzi hissəsidir…
II
Festival günlərində hər gün müxtəlif mövzularda tədbirlər keçirilirdi. Qazaxıstan Milli Kitabxanasında böyük sərkərdə Muğalı Bahadır Künqovar oğlunun anadan olmasının 855 illiyinə həsr olunmuş elmi-praktik konfrans da olduqca təsirli keçdi. Yaradıcı qrupumuzun bir hissəsi “Edelveys” yaradıcılıq evində, biz isə Əl-Fərabi adına mehmanxanada yerləşdik. Bizə Türkiyədən gələn yaradıcılar da qoşulmuşdu. Hər axşam onlarla bir araya gələr, səmimi məclislər qurardıq, qızğın poeziya gecələri keçirərdik. Hər birimiz öz dilimizdə şeirlər oxuyar, mahnılar oxuyardıq. Bu görüşlərdəki duyğular, ilhamlar və nəğmələr sanki ürəklərimiz arasında körpüyə çevrilirdi. Məni xüsusilə Beynəlxalq Türk Dilli Xalqlar Poeziya və Musiqi Festivalının təşkilatçısı, Türk Dünyası Beynəlxalq Çukurova Ədəbiyyat Dərnəyinin rəhbəri Halise Tekbaş xanım heyran edirdi. Qaraçadan gəlmiş, orta boylu, qapqara gözləri işıldayan bu fədakar qadının qəlbində və sözlərində türk xalqlarının birliyi çağırışı vardı. Biz yaradıcılar harada və nə zaman görüşsək, dərhal bir-birimizlə tanış olur, ünvanlarımızı bölüşürdük. Mən azərbaycanlı şairə Bənövşə Daşdili ilə yaxın dost oldum. O mənə “Sən yanımda olmayanda”, “İlk sevgimiz nağıl idi, əzizim” adlı kitablarını hədiyyə etdi. Bir həftəlik görüş biz yaradıcılar üçün az gəldi. Vaxtı qısqanırdıq. Görüşən kimi şeir, ədəbiyyat haqqında söhbət edirdik, xatirə şəkilləri çəkdirirdik. Hamımız türk xalqlarının layiqli varisləri olduğumuzla qürur duyurduq. Essemin sonunda türk xalqları haqqında böyük şəxsiyyətlərdən birinin fikrini qəlbinizdəki sakit, amma oyaq duyğuların ixtiyarına buraxmaq istəyirəm: “Türklər hansı işi görsələr, mütləq uğur qazanırlar. Basra ədəbiyyatı, Yunan fəlsəfəsi, Çin sənəti türklərə əvvəldən məlum idi. Türklər çevik, canlı, fəal və zəkalıdırlar. Onlarda mənəvi dəyərlər maddi dəyərlərdən üstündür. Müharibədə məsuliyyət baxımından onlar yer üzündə lənətlənməmiş yeganə millətdir. Türklərdə vətənpərvərlik hissi çox güclüdür. Onlar yaltaqlıqdan, ikiüzlülükdən, yalandan, böhtandan, hiylədən uzaqdırlar. Türklərin qəlbi safdır. Onların dili bədəni və səsi kimi gözəldir.” Türk xalqları, onların qəhrəmanlıqla dolu keçmişi, ədəbiyyatı və sənəti haqqında deyilmiş saysız-hesabsız dəyərli fikirlər var. Ulu əcdadlarımız və Turan yurdumuz haqqında yazmaq üçün minlərlə səhifə gərəkdir. Bu gözəl festival təəssüratlarını yekunlaşdırarkən vurğulamaq istəyirəm ki, bizim yaradıcı qəlblərimizi coşduran duyğu — xalqımıza, əcdadlarımızın ruhuna, dünya xalqları arasında böyük mövqeyə malik Ulu Turana olan sonsuz məhəbbət idi. Bizim səylərimiz və çağırışlarımız Turan torpağının varisləri olan türk xalqlarının birliyinə, türk xalqları ədəbiyyat və sənətinin daha da inkişafına atılmış bir addım idi. Bu addımlar bütün türk xalqları və yaradıcılar üçün mübarək və uğurlu olsun!
“Vətən duyğusu” kitabından.
Əl-Cahiz, məşhur ərəb tarixçisi, IX əsr, “Türklərin fəziləti” əsərindən.
“Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri (kitabdan fraqmentlər)
Mən bu kitabı 2019-da Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən könüllü şəkildə ərizə yazaraq ayrıldıqdan sonra yazmışam. NK-da birgə işlədiyimiz illər ərzində Artur Rasi-zadəyə dəfələrlə haqqında yazmaq təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü barəsində nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib. Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur
Kitabda Azərbaycan Respublikasının sabiq Baş naziri A.Rasi-zadənin həyat və fəaliyyətinə dair bir sıra ilginc məqamlar, xarakterinin özəllikləri, çoxşaxəli fəaliyyətindəki müəyyən epizodlar, həmçinin NK Aparatının fəaliyyəti barədə maraqlı faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr yer alıb. Onu deyim ki, kitab 2020-ci ildə A.Rasi-zadənin 85 illik yubileyinə hədiyyə kimi yazılsa da, dünyanı bürüyən koronavirus pandemiyası dövründə tətbiq olunan qlobal karantin rejimi səbəbindən çapı ləngidi və yalnız ötən il, – 2025-ci ilin yayında çapı mümkün oldu.
Bu gün Artur müəllimin doğum günüdür. Kənd təsərrüfatı mütəxəssisi, pedaqoq və şair Tahir Rasizadənin oğlu Artur Rasi-zadə 1935-ci il fevralın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncədə anadan olub. Ancaq Xocalı faciəsindən sonra o heç vaxt özünə ad günü keçirməyib. Mən “Salam, cənab Baş nazir…” kitabından bu günlə səsləşən kiçik bir fraqmenti yada salmaqla, həm də hörmətli Artur müəllimi təbrik etmək, ona ən xoş arzularımı bildirmək istərdim. *** “YADDAN ÇIXMAZ QARABAĞ” …Hər bir namuslu Azərbaycan vətəndaşı üçün şərəf göstəricisi olan Qarabağ probleminin həllində Vətənin, Dövlətin və Xalqın mövqeyi təbii ki, Baş nazir Artur Rasi-zadə üçün prioritet məsələ idi. Apardığı bütün rəsmi danışıqların mərkəzində bu məsələ dayanırdı. NK-da işlədiyi bütün müddət ərzində iqtisadi-sosial sahələrlə yanaşı, ən çox diqqət ayırdığı qondarma “Dağlıq Qarabağ münaqişəsinin” həlli istiqamətində idi.
…Baş nazirin kabinetindəki kitab rəfində bir dəstə A-4 formatında kiçik ölçülü Azərbaycan xəritəsi və Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən rəngli foto-bukletlər yığılmışdı. Onun tapşırığı ilə köməkçinin əvvəlcədən danışıqlar masasına gətirdiyi həmin kiçik xəritə və buklet əsasında Baş nazir “Dağlıq Qarabağ” probleminin mahiyyətini detallarınadək gələnlərə izah edir, sanki bu məsələ ilə bağlı onlardakı “savadsızlığın ləğvi” ilə məşğul olurdu. Pedaqoq səbri ilə Azərbaycanın geopolitik mövqeyinin özəlliklərini başa salır, əraziləri işğal etmiş Ermənistanın Qarabağın nə dağı, nə də aranı ilə heç bir əlaqəsi olmadığını xəritədə göstərirdi. Həmçinin qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çoxsaylı çadır şəhərciklərinin səpələndiyi bölgələri göstərib konfliktin miqyasını anladırdı. Müzakirələrin sonunda həmin materialların bir nüsxəsini qonaqlara hədiyyə verirdi.
Yüksək səviyyəli belə danışıqlar adətən çox gərgin keçirdi. İri dövlətlərin pərdə arxasından ermənilərə dəstək verdiklərini, öz mənafeləri naminə təcavüzkar forpostdan maşa kimi istifadə etdiklərini yaxşı bilən A.Rasi-zadənin əsəbləri gərilir, hirslənir, ən kəskin ifadələrlə işğalçılıq siyasətini pisləyir, təcavüzkarın cəzasız qalmayacağını əminliklə bəyan edirdi. Dünyadakı mövcud ikili standartlardan daim acı təəssüflə söz açan Baş nazir, bu münaqişənin yaranma səbəbləri və onun uzanmasında maraqlı olan tərəflərin kimliyi, məqsədi, məramı, ikibaşlı oyun niyyətləri barədə həqiqətləri son dərəcə kəskin, bəzən tam çılpaqlığı ilə üzlərinə deyirdi. Aparılan bu qaydasız siyasi oyunların müasir dünyada bəyan edilən sivil münasibətlərə, beynəlxalq hüquqa zidd olduğunu vurğulayırdı. Qlobal “oyunlar və oyunçular” barədə Azərbaycan rəhbərliyində müfəssəl məlumatın olduğunu göstərən sənəd-sübutlar əsasında düşmənin məkrli planlarını ifşa edən A.Rasi-zadə erməni torpaqlarımızdan çıxmayana qədər “Sülh sazişi” adı altında heç bir sənədə heç vaxt qol çəkilməyəcəyini və xalqın mənafeyini ifadə edən bu mövqeyin gələcəkdə də dəyişməyəcəyini birmənalı şəkildə bildirirdi.
…O hər dəfə düşmənə könüllü elçilik edənləri başa salmağa çalışırdı ki, özlərini nahaq yormasınlar. “Azərbaycanda heç kim heç vaxt “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun müstəqilliyinə razı olmayacaq. Eləcə də bir qarış torpağı da Ermənistana verməyəcək. Heç kim və heç vaxt!” Və əlavə edirdi: “Bir halda ki məsələ dinc yolla həllini tapmır, vaxt gələr biz özümüz güc toplayıb savaşla torpaqlarımızı azad edərik. Sağlıq olsun!” Təbii ki, Qarabağ məsələsinə dair Hökumətdən davamlı olaraq sərgilənən belə kəskin və prinsipial mövqe beynəlxalq müstəvidə təsirsiz ötüşmürdü.
Qarabağ danışıqlarında “qədim, mədəni xalqın” qocalara, qadınlara, uşaqlara etdiyi əzazillik, işgəncə, törətdikləri vəhşiliklər barədə Baş nazirin məlumatlarını eşidən, foto-sənədlərə baxan elə ölkələrin nümayəndələri də vardı ki, bu dəhşətli faktlardan xəbərsiz olduqlarını, ermənilərin belə qeyri-insani, vandal əməllərini ilk dəfədir eşidib gördüklərini deyirdilər (bu hal ölkəmizi xaricdə təmsil edən rahat səfirliklərimiz üçün də ciddi qınaq idi). Onlar erməni millətçilərinin günahsız insanlara qarşı törətdiyi vəhşi əməlləri əks etdirən fotoşəkillərə çox baxa bilmir, dərhal səhifəni çevirirdilər.
Xocalı soyqırımına dair hazırlatdığı bukleti səhifə-səhifə açıb ordakı tükürpədici fotoları israrla qonaqlara göstərən A.Rasi-zadə isə soyuqqanlı şəkildə ifşaedici çıxışını davam etdirirdi: “Baxın, baxın, dünyadan gizlədilən həqiqət bundan ibarətdir! Ermənilər bütün dünyaya yayırlar ki, guya keçən əsrdə türklər onlara qarşı nəsə törədib. Əllərində isə heç bir konkret sübut yoxdur. Yüz il bundan qabaq nələr olub, necə olub – heç kim bilmir. Ancaq bu şəkillərdə gördüyünüz Xocalı soyqırımı lap bu yaxınlarda, dünyanın gözü qarşısında baş verib. Onu törədənlər isə indiki Ermənistanın rəhbərləridir… Baxın və bilin ki, həqiqət budur!”
Bir dəfə xanım qonaqlardan biri Xocalı bukletini vərəqlədikdən sonra halı pisləşdi, həyəcanla kitabçanı örtdü: “Yox, yox,- dedi. – Bu şəkillərə baxmaq mümkün deyil… Dəhşətdir! Onları gördükdən sonra, adamın boğazından yemək keçməz…”
Danışıqlar masası arxasında Azərbaycanın Baş naziri yüksək ziyalı mədəniyyəti ilə, centlmensayağı etiket normaları daxilində Qarabağın “qara baxtına” dair həqiqətlərin mahiyyətini əcnəbi nümayəndələrin nəzərinə təfərrüatı ilə çatdırdıqca, xaricilər susub diqqətlə və gizlin bir maraqla altdan-altdan ona baxırdılar. Azərbaycanın qətiyyətli Hökumət başçısını yerli, regional və beynəlxalq problemlər okeanında ən uzaq sahillərə qədər “intellekt sınağına” çəksələr də, bütün müstəvilərdə qarşılarında yüksək səviyyəli, təcrübəli, prinsipial dövlət xadimini, geniş erudisiyaya malik vətənpərvər rəhbər işçini və çox mədəni, savadlı, nəzakətli, kübar bir şəxsiyyəti, təvazökar ziyalını görüb az qala təəccüb edirdilər. Aramsız olaraq Nazirlər Kabinetinin qədim binasındakı 5-ci mərtəbədə yerləşən bu geniş kabinetdən axın-axın gəlib-keçən beynəlxalq güc təmsilçilərinin “bədən dilinə” əsasən hiss edilirdi ki, onlar ənənəvi “qonaqpərvər günəşli Azərbaycanda” həqiqəti bu qədər çılpaqlığı ilə eşidəcəklərini təsəvvürlərinə belə gətirmirlərmiş.
Çünki xalqdan ayrı düşən çeşidli iqtidarların fərasətsizliyi üzündən bir-bir pozisiyaların əldən verildiyi ilk müstəqillik dövrlərindən fərqli olaraq, indi necə deyərlər, daş qayaya rast gəlmişdi…
Yeni iqtidara nə qədər təzyiq etsələr də, hətta ölkəmizin aqibəti üçün “qorxulu nağıllar” danışsalar da, onu təmtəraqlı “Öz müqəddəratını təyinetmə” tələsinə salıb “Dağlıq Qarabağ”ın müstəqilliyinə, torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəklərinə nail ola bilmirdilər. Odur ki, üzbə-üz əyləşdikləri Baş nazirin timsalında yeni Azərbaycan hakimiyyətinə üstün gəlməyin mümkün olmadığını gördükdə, özləri çıxılmaza düşərək, növbəti həmləyə qədər yığışdanıb gedirdilər.
Münaqişənin həlli yenə uzanırdı…
(Bax: Akif ƏLİ. “Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri – Bakı, CBS , 2020, 124 səh.)
Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb. Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır. Monoqrafiyanın “Giriş” hissəsində Əhməd Ağaoğlu XX əsr Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin bənzərsiz nümayəndəsi, cəmiyyətin müasirləşməsi haqqında görüşlərinə görə M.F.Axundzadənin layiqli davamçısı olaraq təqdim edilir. Müəllifin fikrincə, M.F.Axundzadənin maarifçilik konsepsiyasında fəal xalq məsələsi öndə dayandığı kimi, Ə.Ağaoğlunun düşüncəsində yetkin millət anlayışı xüsusi önəm kəsb edir. Monoqrafiyanın birinci fəslində Ə.Ağaoğlunun bioqrafiyası zəngin faktlar əsasında təqdim olunur, yazıçının həyatının Şuşa, Tiflis, Paris, Bakı, Ankara və İstanbul dövrü araşdırılır, müasirləri ilə əlaqələrinə ətraflı nəzər salınır. İkinci fəsildə Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri “Sərbəst insanlar ölkəsində”, “Mən kiməm”, “Tanrı dağında” və “Könülsüz olmaz” əsərləri əsasında tədqiq olunur. Həmin əsərlərdə Ə.Ağaoğlunun türkçülük görüşləri öz əksini tapır. Monoqrafiyanın üçüncü fəslində ədibin Maltada sürgünlükdə qələmə aldığı xatirələri, “Sərbəst firqə xatirələri” və “Altmış yeddi il sonra” memuarları araşdırılır. Müəllifin fikrincə, memuarlar Ə.Ağaoğlunun gerçək obrazının qavranılmasında müstəsna əhəmiyyətə malikdir. Sonuncu fəsildə Ə.Ağaoğlunun epistolyar irsi tədqiq olunur. Onun Maltadan ailə üzvlərinə, habelə Nəriman Nərimanova və müxtəlif illərdə Əli bəy Hüseynzadəyə göndərdiyi məktubların təhlilindən belə nəticə hasil olur ki, yazıçının epistolyar irsi onun xarakterini, zövqünü, baş verən ən mürəkkəb tarixi hadisələrə baxışlarını, siyasi dünyagörüşünü müəyyənləşdirməyə imkan verir. Monoqrafiya Azərbaycan, türk və rus dillərində olan zəngin zəruri bədii və elmi mənbələr əsasında hazırlanıb. Monoqrafiyanın ikinci nəşri Ə.Ağaoğlunun həyatı və yaradıcılıq irsinə böyük maraqla bağlıdır.