ÖMRÜN QORQUD ÇAĞI

ÖMRÜN QORQUD ÇAĞI
(esse)

Taksi “Gəncliy” ə aparmır, amma “Dədə Qorqud” a gedir. Bəs ömrün Qorqud çağından ömrün gəncliyinə aparan varmı?
Əvvəla ondan başlayım ki, atamın ən sevdiyi yazıçı ANAR idi. Biz uşaq olanda Anarın
“Səhra yuxuları”, “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi” və.s kimi əsərlərinə aşina olmağı dönə-dönə tövsiyə edərdi. Sonra Anarın aşağı-yuxarı bütün əsərlərini oxuduq.Xatırlayıram ki, ağüzlü kirilcə kitabının 1-ci cildində – “Keçən ilin son gecəsi”, “Bayram həsrətində”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon” və s.hekayələrini gözümüzə təpərək, ciyərimizə çəkərək oxumuşduq.Onda vur-tut 6-da, 7-də oxuyardıq.Göyçay Mərkəzi kitabxanasına üz tutanda, (onda Göyçaylı yazıçı Əli Səmədlinin “Arvan” kitabxanası hələ açılmamışdı) ilkən gözümüz Anarın kitablarını arayırdı.Sonra Anar təkcə atamın deyil, bizim də sevimli yazıçımız oldu.Bu xüsusda vagüzarlığı özündən bizə ötürdü – yəni atadan oğullara, tam doğaldır, tam təbiidir.
Elə Anara da istedad estafetini atası Rəsul Rza və anası Nigar xanım Rəfibəyli ötürmuşdü.Anarın valideynlərini itirəndən dərhal sonra yazdığı “Sizsiz” xatirə-romanı yazıçı istedadının ötürülməsi anlamında bizi çox mətləblərdən agah edir.
Həyat elə gətirdi ki, mən də dəfələrlə Anar haqqında yazdım; 2-3 şeirimi Anara ithafda bulunarkən, həm də “Sətirlər” verilişinin,
2021-ci il, 14 mart buraxılışını da Anara həsr etdik.Film estetikası ilə hazırlanan verilişin ssenarisini yazdım, Anardan, oğlu Tural bəydən, qızı Günel xanımdan müsahibələr aldım. Anarın imzası ilə həm qardaşım, həm də bəndəniz Yazıçılar İttifaqının üzvü olmaq qürurunu daddıq, fərəhini yaşadıq.
Anar – onun şəcərəsi Məmmədxanlılar+Rəfibəylilər nəslinin taleyini və tarixini müfəssəl şəkildə öyrəndiyim yeganə mənbə isə Rafael müəllimin “Rəfibəylilər” kitabı oldu.Yanılmıramsa, 1996-cı ildə nəşr olunmuşdu.Həmin əsəri bir nəslin epopeyası da saymaq olar.Onda bu kitab bizim ailəmizin masaüstü kitabına çevrildi.Akademik
Rafael Hüseynovun bu sanballı, arxiv sənədləri ilə zəngin tədqiqat kitabı ilk baxışda məşhur fransız romançısı Moris Drüonun qalın, səhifəsi 1000-i aşqın tarixi romanlarını andırır.Bu müəzzəm, Drüonsayağı kitab Anarın gəldiyi yolu, onun nəslinin keçdiyi iztirabları gün kimi aydınladırdı.Akademik Rafael Hüseynov Anara sayğısını hərdaim izhar edib, haqqında dəfələrlə yazıb, verilişlər ərsəyə gətirib.
Yazıçının ilk iş yeri olan Nizami adına Ədəbiyyat Muzeyinə, 1960-cı illərin lap əvvəlinə səyahət əla olar.
Muzey ziyarətçilərinin təbiri ilə desək – “Yoldaş Rzayev” in olduqca maraqlı bələdçi olması bizə çox şey anladır.Anarın Radioda qısa dönəm işləməsindən, habelə “Səslər muzeyi” adlı verilişinin keşməkeşli tarixçəsi də maraqlıdır.Ancaq ilk növbədə yollanacağıq Qobustana.Qobustana deyəndə ki, “Qobustan” toplusuna…Elə “toplu” sözü də bizim üçün yenilik idi həmin çağlarda.Bu toplu ana dilimizdə unudulmuş çox sözlərə ehya verəcəkdi.Dərgiyə qarşı olan həmlələrə, süngülərə sinə gərib dözəcəkdi, Anarın sayəsində.Bədxah donosçulara, çuğullara qarşı sözdən zireh düzəldəcəkdi, Anarın sayəsində.Yazıçını “siyasi səbatsızlıq” da suçlayan qaragüruhları susduracaqdı, yenə Anarın sayəsində.
Elə isə Anardan danışmaq istəyirəm, Anardan.Meşin çantasını çiyninə salıb, boynunu yana əyib mərkəzi küçələri dolaşan, bir çiynini dikəldib, o biri çiynini ürəyinə sarı endirən Anardan danışacam.Bəs necə? Baş ürəyə yaxın, həmdəm olmalı ki, yazılanlara Anar deyə biləsən, yozulanlara Anar deyə biləsən.”A” hərfindən danışacam sizə. Ata ilə, ana ilə, Azərbaycanla eyni səsləşən, “aristokratiya” sözü ilə qəribə şəkildə asossiasiya olunan əlifbamızın ilk hərfindən danışacam sizə.”A” hərfi deyib, Anar deyib yazmağa nə var ki?! ”A” hərfini yazıb, ucundan tutub get! ucuzluğa yox, ucalığa, bahalığa.O bahalığa gözlərin qalsın baxa-baxa, axı Anardan danışacam sizə, 88-ə- əlvida, 89-a mərhaba, Anar.Sən, kəşf olunmaz bir ada, Anar…
Anardan danışacam sizə, gəncliyinə getmək istəyən Anardan.O deyyyy taksi dəydi gözümə, nəhs nömrəli olsa da getmək olar.O taksi Anarı gəncliyinə aparacaqmı? “Gənclik” stansiyasına olsa nə var ki, aparar.Amma ömrün gəncliyinə necə, yeniyetməliyinə necə?
13-14 yaşına, Şuşada yazmağa başladığı dönəmə bizi vaxt taksisi aparacaq.
13-14 yaşında yeniyetmə bir oğlan. Şuşadadılar hamılıqla.Darıxır.Neyləməli?
-Oyun oynamalı?
-Yooox.
-Dərs hazırlamalı?
-yox.
Axı dostları, sinif yoldaşları Bakıda qalıblar.
-Bəs neyləsin Anar?
Rəsul Rza daha yaxşısını bilir.”Heç olmaya yol qeydlərini, təəssüratlarını yaz”- deyəcək şairimiz.
Anarın içindəki Dədə Qorqud-u mürgüdən oyansaydı bu cür cavab verərdi.
“Od kimi işıldayıb, ulduz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər ver mənə, qara başım qurban olsun atam sənə”
Amma oyanmamışdı, çünki hələ çox cavandır.
Anar Rəsul müəllimi dinləyib təəssüratlarını yazacaqdı.
Şuşadan?- Şuşadan yoox,
Şəkidən? -Şəkidən yoxxx,
Bakıdan?-Bakıdan yoxxx,
Amerika həyatından bir pyes yazacaq.
Yazdığını onlara oxuyacaq, cavab belə səslənəcək:
Heç nə, sən də yazıçı oldun. Deməli, bizi torpaqlarımıza qaytaran, gözəlim Şuşaya qovuşduran qüvvə həm də darıxmağımızdır.O yerlər üçün Bakıda, Bakıda isə o yerlər üçün darıxaq….
Bu məmləkətin ilk Anarı 1938-ci ilin martın 14-də doğulub.
Anar- yəni hər zaman xatırlayar, anar.İtirdiklərini xatırlayar.Doğmalarını, dostlarını: Toğrulu, Yusifi, Vaqifi, Arazı, Emini anar. Onları yada salar.Anarın əsərləri kimi özünü oxuya bilsən, şifrələrlə, parollarla danışarsan mənimlə, gürcü familyasını verib, yox çaşdım, ilahi küləyin-“Kamikadze”-nin ətəyindən sallanıb əlaqə qurarsan Babilistanla, Səhra yuxularından danışanda ağzımın üstündən elə vurarsan ki, amma ağzıma su alıb kirimişcə yerimdə oturmaram. “Çilistan” -deyib yaxşı padşahdan nağıllayaram sənə, sonra da güzgü tutaram üzünə anındaca ərdo sifətini görmüş olarsan: bənizin həmən solar. Daha da cırnayarsan, çəmkirərsən, məni xırpalamağa başlayanda Anar müəllim susdurar səni. Bax beləcə.
“Sizə kimdən deyim, yaxşı padşahdan. Ərənlər belə rəvayət edir ki, əyyami-qədimdə Çilistanda, bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi. Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi”
Padşahın gecə yuxularını qaçıran birələr, taxtabitilər olsun, Sovet dövründə Anarın yuxusunu ərşə çəkən isə ağrılarımız, qayğılarımız.
Məmləkətdə, İttifaqda, külli-aləmdə olan adamyeyən yamyamların eybəcərliklərini Çilistan, Babilistan adlı məçhul ölkələr timsalında göstərən Anar idi, duyan isə biz oxucular.Brejnevin Bakıya gəlişi əsnasında “Kommunist” qəzetində bir məqalə yaz”- deyənlər min tövr bəhanə gətirib, sivişib aradan çıxan, Allahsızlığı bayraq edən bir rejimin ağzının üstündən sillə çəkən yenə yazıçı Anar olsun.
Anardan danışmaq istəyirəm sizə, Anardan…
Anarın ssenarisi əsasında çəkilən
“Torpaq, dəniz, od, səma” bizim 4 Novruz çərşənbəmizlə necə də səsləşir, bunu mən yozdum bu sayaq, Anar müəllim inciməz.Ömrün 4 mərhələsi: çərşənbələrimizin adına ad edilsin.
Əsərdəki Solmaz xalanın sözü
Sovet hökumətinə, nur üzlü nənənin cavabı Anara xub yaraşır.Deyilmi?
Anardan danışacam sizə.
Bu gecə, bu qoca, bu ocaq: Dostlar, bu sətri bir dəfə yazıram, çox təkrarlamağa cürət eləmədiyimdən.Niyə? Axı, çox hallandırsam = olacaq Kəbirlinskiyə.Dantenin yubileyində Feyzulla Kəbirlinski, yadınızdamı?
Anarın ən mağmın, ən avam personajının gözlərindəki kədərə cəmiyyətin natəmizliyi hopub.Gözləyin, əzizlərim tozunu alım o məlul gözlərin. Ona biçarə demir Anar, amma Feyzulla kişinin zamanın artistləri, teatr çıxaranları yanında necə naçar, necə cılız olduğunu əlinin içi kimi göstərir.Bu günün xəbis, xudbin adamları yenə var, deməli, cinbala, tülək xislətli Məcid kimiləri də aramızda “n” qədərdir.Əzizlərim, bir sirri də açım sizə.Kəbirlinskinin sadəlövlüyündən istifadə edən Məcid kimiləri o qədərdir ki, bu dəmdə “n” hərfinin halına acıyası oldum.Çünki mərdimazarların sayı
“n” həddini çoxdan ötüb keçiblər.
“Feyzulla dəvətnaməni alıb baxdı.Doğrudan dadəvətnamədə “ikiadamlıq” sözləri və onun adı, familiyası yazılmışdı:
“Hörmətli yoldaş Feyzulla Kəbirlinski!
Sizi böyük italyan şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə həsr olunmuş təntənəli yığıncağa dəvət edirik”
Ərini tez-tez azarlayan, ikidəbir onu danlayıb, xəcil edən, fərasətsizliyini, fərsizliyini üzünə vuran Həcərin sonda yuxaya dönən ürəyini Anarın ürəyi sanmalı, sanıb da şərdən saqınmalı, saqınıb da bu misraları dilləndirməli:
Niyə Kəbirlinski,
-biletini basmış kif?
Dante qanrılıb, deyər:
-Qoy verim bircə təklif:
-Anar əla müəllif.
“Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək.Feyzullanın gününü göy əskiyə düyəcəkdi.Amma bu gün onun könlünü qırmaq istəmirdi.İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır-metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara gedib gəlir”
Anardan danışacam sizə, Qobustanda külüng vuran Anardan, fəqət o Qobustanla yanaşı bir də Anar müəllimin “Qobustan”-ı var. 1969-cu ilə qayıtsın müəllifimiz.Bu Qobustandan jurnal “Qobustan” a dönsün, hələ
Əli bəy Hüseynzadənin isminin çəkildiyi yazını çap etdirmək təşəbbüsünə görə ittiham da olunsun.
Anardan danışacam sizə. Bir dəfə deyəcəm, iki dəfə deyəcəm, sonra susacaq telefonunuz. Ölən təkcə insanlar olmur ki, telefonlar da ölür bu dünyada, telefon nədir, telefon nömrələri də.
“Dünən sənin telefonun öldü.Ölən yalnız adamalar olmur ki…Telefon nömrələri də ölür.Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni…”
Aya qədər olan məsafə uzaqdır.Elə 1945-ci ilə kimi də məsafə az deyil.Amma Zemfira hərdaim yanındadır Anarın.Həyat yoldaşı, məktəb yoldaşı, can yoldaşı-yoldaşlığa aid hər şeyin adıdır Zemfira.
Onu sinifdə görəndə qəhər boğsun boğazını, bir hovur gözləməyə səbrin çatmasın.Qapı nagahan açılıb, sinfə girəndə özünə gələrsən.Gözlərinin baxışında dəhliz qurarsan, yeriyəsən o dəhliz boyunca, gedib işğal edərsən qızcığazın məsum gözlərini.Sonra işğal etdiyin ərazini daha da böyütmək qalır sənə.Sevdiyin qızın gözlərindən yanağına, yanağından dodağına keçərsən, görərsən qızartısı işıqforun qırmızı işığına meydan oxuyur, əlini öz üzünə vurarsan, həmən vəziyyətmiş ki..Qızartı qızartını haylayır, qızartı qızartını çağırır.Qırmızılıqdan lalələr adını verərsən bu keçən illərə, onillərə, daha doğrusu 1945-in payızına.
Başa düşərsən ki, ürək çırpışdırmaqdan öncə gərək gözün tutduğu qızın şəklini çırpışdırasan əlaçılar lövhəsindən.Dərslərində əlaçı olmasa da olar, əsas sevgisində əlaçı olsun.Ya ürək çırpışdırmaq, ya istəklinin şəklini.Məncə, ikisi də eyni şeydir.Harda qaldı gəncliyə aparan taksi?
Anarı Gəncliyə mütləq aparan olacaq.Amma ömrün gəncliyinə yox, ömrün Qorqud yaşına. Axı “Gəncliy” ə gedən yol
“Dədə Qorqud” parkından keçir.Olsun!
Anar qələmi ilə, sözü ilə hamıya qalib gəlməyi bacaran ustaddır, hətta özünə də, hətta amansız Zamana da. O, heç vaxt özünü təkrarlamadı, prozanın bütün janrlarında möhtəşəm izlər qoydu.Bunu da yetərli sanmayıb, lətif şeirlər yazdı.Onun “Qorqud dünyası” adlı əsəri Türkün öz və söz manifestinə dönüşdü.Bunu da kafi bilmədi Anar.”Dədə Qorqud” filminin ssenarisini yazdı, iki hissəli bədii filmin ekrana çıxmasına müvəffəq oldu.Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi”Üzeyir ömrü”, Mirzə Cəlil ruhuna sayğı amacı ilə “Qəm pəncərəsi” Cavid əfəndinin həyatından bəhs edilən “Cavid ömrü”, Mirzə Fətəliyə ithafən “Sübhün səfiri” kimi bədii filmlərin ssenarisini qələmə aldı. Bu metodla böyük mütəfəlkkirlərimizin ömrünü ekranda yaşatmağa, ədiblərimizə kinematoqrafik pasport verməyə nail oldu.
Bu gün də yazır Anar. “Ədəbiyyat qəzetinin” səhifələrində son illərdə oxuduğum “Kəbirlinskinin son etirafı” və “Qatardan qalan adam” hekayələri sadəcə əladır.
Elə isə dünya durduqca Anardan danışacam sizə, ömrün Qorqud çağına yetmiş Anardan…

Turan Uğur
AYB-nin üzvü, yazıçı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖMRÜMDƏN İZLƏR SİLSİLƏSİNDƏN


ARXASI BAĞLI VƏ KİMLƏRƏSƏ GÜVƏNƏNLƏR
1983-cü ildən başlayaraq indiyədək 3 minə yaxın informasiya və məqaləm 50-dən çox adda qəzet və jurnallarda dərc edilmişdir. Bəli, düz eşitdiniz. Nümunə üçün qəzet və jurnallardan saxlamışam. Kitablar müəllifiyəm. İşimlə əlaqədar olaraq uzun illər ərzində yüzlərlə müxtəlif idarələrin rəhbərləri ilə görüşmüşəm. Onlardam müsahibə almış və fəaliyyətlərini qəzetlərin səhifələrində işıqlandırmışam. Qeyd etmək istəyirəm ki, bəzi idarə rəhbərlərinin insanlarla münasibətdə mədəni səviyyələri çox aşağıdır. Baxmayaraq ki, idarə rəhbərlərinin əksəriyyəti ali təhsillidir, onların bəzilərinin davranışında etik normalardan kənara çıxılır, işçilərlə münasibətdə söyüş söyülməsinə, işçinin təhqir olunmasına, alçaldılmasına, bəzən əxlaqsızlığa rast gəlinir. Bir kollektivə rəhbərlik edən şəxs o kollektivin bütün üzvləri üçün nümunə olmağa çalışmalıdır. O, mədəni səviyyəsinin yüksəldilməsinə, insanlara qarşı hörmətlə yanaşılmasına, mənəvi, əxlaqi dəyərlərin özündə toplanmasına səy göstərməlidir. Məmurların içərisində ünsiyyət və davranışı normal olanlara çox rast gəlmişəm. Bəzən də etik qaydalara riayət etməyən, qarşısındakı şəxslə kobud danışanlar da olub…
…1994-cü ilin payız ayı idi. İşində onlarla nöqsanı olan, iş prosesində qanunsuzluqlara yol verən, işinə şəxsi qazanc mənbəyi kimi baxan bir kişi məmurla görüşüb müsahibə aldım. O, hiss edəndə ki, tənqidi məqalə yazacağam, əsəbi şəkildə dedi:
-Mən elə-belə adam deyiləm. Arxam da bağlıdır. Sənin yazınla mənə nə edəcəklər ki?
Oradan uzaqlaşdım. Bir neçə gündən sonra qəzetlərin birində “Arxası bağlı” başlıqlı tənqidi məqaləm dərc edildi. O dövrlərdə qəzet oxuyanların sayı çox idi. Bir neçə gündən sonra “arxası bağlı” olan şəxs redaksiyaya gəldi, mənimlə kobud danışdığına görə üzr istədi və söhbətində vurğuladı ki, tənqidi məqaləyə görə artıq onu prokurorluğa çağırıblar…
…2001-ci ildə Bakının Sabunçu rayonunun bir məktəbində oldum. Səhər saat 8 radələrində dərslər başlasa da, direktor saat 10-da işə gəldi. Kənardan onu müşayiət edirdim. Qadın direktor o qədər kök idi ki, hərbi hazırlıq müəlliminin “Jiquli” markalı maşınından düşə bilmədi. Təsəvvürünüzə gətirin: məktəbin iki nəfər xadiməsi maşına yaxınlaşdı, onlar direktorun qoluna girib maşından çıxardılar. Direktor maşından düşdükdən sonra, yavaş addımlarla təxminən 4-5 pilləkanı yuxarı çıxdı və məktəbin birinci mərtəbəsinə daxil oldu. Xadimələr onun qolundan bərk-bərk yapışmışdılar, sanki yıxılacağından qorxurdular. Direktor çox kök olduğundan güclə yeriyirdi. O, kabinetə daxil oldu. 10 dəqiqədən sonra mən onun kabinetinə daxil oldum və qəzet üçün məqalə yazmaq istədiyimi bildirdim. O, bir neçə sualıma cavab verdi. Sonra ona bir sual verdim:
-Siz maşından çətinliklə düşdünüz və çətinliklə öz kabinetinizə gəldiniz. Rəhbərlik etdiyiniz məktəb üç mərtəbədən ibarətdir. Heç olmasa ayda bir dəfə ikinci və üçüncü mərtəbəyə çıxıb siniflərə daxil olursunuzmu? Axı, məktəbin hər bir sinfində sizin iziniz olmalıdır.
Sualımı eşidən direktor bərk əsəbiləşdi:
-Mən göbələk deyiləm, yerdən də çıxmamışam. Çox yerdə mənim dostlarım var. Başa düşdün?
Sonra o, mənim tanıdığım bir neçə məmurun, jurnalistin, nazirlik işçilərinin adını çəkərək məni qorxutmaq istədi.
Bir neçə gündən sonra “İnsan hüquqları” qəzetində “Mən göbələk deyiləm, yerdən də çıxmamışam” başlıqlı tənqidi məqaləm dərc edildi. Məqalədə onun güvəndiyi “dostlarının” da adını çəkmişdim. Yazıda digər faktlar da var idi. Tənqidi faktlara tədbir görməkdən ötrü qəzeti üç yerə ünvanladım. Bir aydan sonra direktor işdən çıxarıldı…
…İnsan mənəviyyatının bir tərəfi də insanın yalan danışmamasıdır. Yalan ailədə və cəmiyyətdə bir çox mənfi fəsadlar törədir. Ləyaqətli insan yalan danışmamağa çalışır. Lakin cəmiyyətdə rastlaşdığımız yalanlar yetərincədir. Rastlaşdığım belə yalanlardan biri haqqında danışmaq istəyirəm.
1998-ci ilin söhbətidir. Qəzet üçün material hazırlamaqdan ötrü Bakının Sabunçu rayonunun böyük səhiyyə müəssisələrindən birinə getdim. Müdirənin yanında adam olduğu üçün qəbul otağında gözləməli oldum. Onu da deyim ki, müdirənin başı söhbətə qarışdığından qəbul otağında gözləyənlərin sayı səkkiz nəfərə çatmışdı. Mən düz bir saat gözləməli oldum. Gözlədiyim müddət ərzində qəbul otağındakı telefon beş dəfə zəng çaldı. Hər dəfə də telefonun dəstəyini götürən katibə müdirənin yerində olmaması haqqında müxtəlif cavablar verirdi: “Müdirə nazirlikdədir”; “Kimdir soruşan? Müdirəni İcra Hakimiyyətinə çağırdılar, günortadan sonra olacaq”; “Kimdir soruşan? Xanım ərazidədir. 15 dəqiqədən sonra olacaq”…
Bir saatdan sonra müdirənin yanındakı şəxs çıxdı. 15-20 dəqiqə ərzində müdirə qəbul otağındakı vətəndaşları qəbul etdi. Növbə mənə çatdı. İçəri daxil oldum. Kresloda qəşəng, cavan bir qadın əyləşmişdi. Onunla salamlaşdım, qəzetdə müxbir kimi çalışdığımı və qəzetin növbəti nömrəsi üçün materiaı hazırlamaq istədiyimi bildirdim. Katibəsinin onun təkidi ilə yalan danışmasının mənə çox pis təsir bağışladığını ona söylədim. Və müdirəyə dedim ki, əgər gənc qız işdə yalan danışmağı öyrənirsə, gələcəkdə şəxsi həyatında da yalan danışmaq onun üçün çətin olmayacaq. Sizin isə tabeçiliyinizdə olan işçilərə yalan danışmağı öyrətməyiniz, sizin öz işinizdə yalanların kifayət qədər olduğuna dəlalət edir. Yalan isə insanın ləyaqətini alçaldır, ona inamı, etibarı azaldır.
Mənim sözlərim müdirəni bir qədər qeyzləndirdi. O, qadına, ümumiyyətlə, insana yaraşmayan kobud sözlərlə əsəbi şəkildə:
-Mənə heç kim bu vaxta qədər belə irad tutmamışdı, mən elə-belə adam deyiləm, arxam da tam bağlıdır, sən kimsən ki, mənimlə belə danışırsan, – dedi və özünə bəraət qazandırmağa çalışdı.
Həmin qadının rəhbərlik etdiyi müəssisə barədə müsbət rəy dolansa da, sonradan onun işində çoxlu nöqsanların olduğu aşkarlandı. Bu isə yalanın ayaq tutub yerimədiyini sübut edir. Həqiqətin bir üzü var, yalanın min. Min yalan danışmaqdansa, bir həqiqəti söyləmək daha düzgündür…
…Rəhbərlik etdiyi müəssisədə qanunsuzluqlara, nöqsanlara yol verən bəzi kiçik çinli məmurlar hansısa vəzifəli bir, hətta bir neçə şəxsə güvənirlər. Bu, yolverilməzdir. Hər bir müəssisə rəhbəri işinə ciddi yanaşmalı, saxtakarlıqdan, hiyləgərlikdən uzaq olmalı, vəzifəsinə şəxsi qazanc mənbəyi kimi baxmamalıdır. Özünə hörmət qoyan, şərəfini, ləyaqətini gözləyən şəxs heç kəsə güvənməməlidir…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Воздушный десантник Михаил Кокеткин

Воздушный десантник Михаил Кокеткин

Воздушный десантник Михаил Кокеткин, Москва В результате тяжелого ранения лишился обеих ног. Но не смирился с инвалидностью, окончил институт и долгие годы работал в Центральном статистическом управлении РСФСР. За героизм на фронте был награжден тремя орденами, за мирный труд у него тоже орден – «Знак почета».

Генадий Добров


Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Heydər və Azad” essesində qəhrəmanlıq, vətən sevgisi və insan iradəsi

Zaur Ustacın “Heydər və Azad” essesində qəhrəmanlıq, vətən sevgisi və insan iradəsi
Azərbaycan ədəbiyyatında vətən mövzusu, xüsusilə Qarabağ müharibəsi ilə bağlı hadisələr həmişə xüsusi yer tutmuşdur. Müasir dövrdə bu mövzunu bədii-publisistik dillə oxucuya çatdıran müəlliflərdən biri də tanınmış qələm adamı Zaur Ustacdır. Onun “Azərbaycan” jurnalının 2026-cı il fevral sayında dərc olunmuş “Heydər və Azad” essesi həm tarixi yaddaşın qorunması, həm də qəhrəmanlıq salnaməsinin bədii söz vasitəsilə yaşadılması baxımından diqqətəlayiq publisistik nümunədir.
Esse 1992-ci ilin 17 fevralında Xocavənd rayonunun Qaradağlı kəndində baş verən faciəli hadisələr fonunda qurulmuşdur. Müəllif həmin dövrün ağır müharibə şəraitini, kəndin üzərinə çökmüş təhlükəni və insanların içində yaşanan qorxu ilə yanaşı, onların iradəsini və torpaq sevgisini təsirli şəkildə təsvir edir.
Mətnin süjet xəttində iki gənc – Heydər Quliyev və Azad Rüstəmov dayanır. Müəllif bu iki obraz vasitəsilə müharibənin insan talelərinə necə təsir etdiyini, gənclərin vətəni qorumaq naminə necə fədakarlıq göstərdiyini göstərir.
Esse yalnız döyüş səhnələrinin təsviri ilə məhdudlaşmır. Əksinə, müəllif hadisələrin arxa planında insan talelərinə toxunur. Azadın toyundan cəmi bir həftə keçməsi kimi faktlar müharibənin insan həyatına necə qəfil və amansız müdaxilə etdiyini göstərir.
Bu detal oxucuya müharibənin yalnız cəbhədə deyil, ailələrdə, sevgilərdə və ümidlərdə də iz buraxdığını xatırladır. Zaur Ustacın publisistik üslubu məhz bu cür emosional məqamların üzərində qurulmuşdur.
Essedə diqqət çəkən əsas məqamlardan biri qəhrəmanlıq ruhunun təsviridir. Müəllif göstərir ki, say və texnika baxımından üstün olan düşmən qarşısında belə kənd müdafiəçiləri geri çəkilməyi düşünmürlər.
Heydər və Azad obrazları burada təkcə iki fərdi qəhrəman deyil, bütövlükdə Azərbaycan gəncliyinin simvolu kimi təqdim olunur. Onların davranışları – yaralı halda belə döyüşü davam etdirmələri, kənd sakinlərini qorumağa çalışmaları – vətənpərvərlik ideyasını gücləndirir.
Zaur Ustacın esse janrına xas olan xüsusiyyətlərdən ustalıqla istifadə etdiyi görünür. Mətn həm sənədli faktlara, həm də bədii təsvirlərə əsaslanır.
Müəllifin dili sadə, lakin təsirlidir. Döyüş səhnələrinin təsviri, kəndin üzərinə çökmüş sükut, insanların həyəcanı və qorxusu canlı detallar vasitəsilə oxucunun gözündə canlanır. Bu xüsusiyyət esseyə həm tarixi sənəd, həm də bədii əsər kimi dəyər qazandırır.
“Heydər və Azad” essesi yalnız iki gəncin qəhrəmanlığından bəhs etmir. Əsər bütövlükdə Qarabağ müharibəsinin acı reallıqlarını, xalqın mübarizə ruhunu və milli yaddaşın qorunmasının vacibliyini vurğulayır.
Belə əsərlər bir tərəfdən tarixə işıq salır, digər tərəfdən isə gələcək nəsillərə vətən sevgisi və fədakarlıq nümunəsi göstərir. Bu baxımdan Zaur Ustacın essesi Azərbaycan publisistikasında mühüm yer tutan nümunələrdən biri kimi qiymətləndirilə bilər.
“Heydər və Azad” essesi müharibə mövzusunun publisistik və bədii vəhdətdə təqdim olunduğu təsirli əsərlərdən biridir. Zaur Ustac bu yazı vasitəsilə təkcə bir hadisəni xatırlatmır, həm də milli yaddaşı diri saxlayan, qəhrəmanlıq ənənəsini yaşadan bir ədəbi nümunə yaradır.
Bu esse oxucuya bir daha xatırladır ki, tarix yalnız kitab səhifələrində deyil, insanların taleyində, xatirələrində və ədəbiyyatın gücündə yaşayır. “Heydər və Azad” məhz belə yaddaş abidələrindən biridir.

13.03.2026. Bakı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məzahir Pənahov

Məzahir Pənahov

13 mart – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Məzahir Pənahovun doğum günüdür.

Həyatı
Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
1971–1972-ci illərdə Sankt-Peterburq şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973–1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub.
1982–1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb.
1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
MSK sədri kimi seçkilər sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ölkəmizdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə və institusional mexanizmlərin yaradılmasına əhəmiyyətli töhfələr verib. Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, müasir tələblərə uyğun seçki ənənəsinin formalaşdırılmasına hədəflənən bir sıra əsaslı islahatların aparılması və yeniliklərin, o cümlədən müasir texnologiyaların tətbiqində böyük uğurlar əldə edilməsində mühüm əhəmiyyətli rolu olub.
Seçki sisteminin formalaşdırılması məqsədilə nüfuzlu beynəlxalq qurumlarla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirilməsində və bir sıra xarici ölkələrin ali seçki qurumları ilə qarşılıqlı əlaqələrin yaradılmasında müstəsna rolu olub, onun rəhbərliyi altında MSK 2002-ci ildə Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosasiyasına (ACEEEO) üzv qəbul edilib.
Elmi fəaliyyəti mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi sahəsində olub. Metal-izotop heterokeçidli yarımkeçirici kontaktından ibarət mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin nəzəriyyəsini işləyib və ilk dəfə bu tip mikrosistemlərin Volt-Farad xarakteristikasında Mott rejiminə uyğun məxsusiyyətin mövcud olduğunu aşkar edib. Az sonra təcrübədə təsdiqini tapan bu ideya belə strukturlar əsasında prinsipcə yeni növ müasir cihazların hazırlanması imkanını gerçəkləşdirməklə bərabər heterokeçidlərdə, digər parametrlərlə yanaşı, praktiki baxımdan müstəsna əhəmiyyət kəsb edən enerji sıçrayışını çox böyük dəqiqliklə təyin etmək üçün yeni metodun da əsasını qoyub.
Nüfuzlu beynəlxalq jurnallarda dərc olunan yüzə yaxın elmi məqalənin, iki dərs vəsaitinin müəllifi, bir neçə monoqrafiya və dərs vəsaitinin elmi redaktorudur. Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, İran və digər xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə ABŞ-dən olan Azərbaycansevər həmfikirləri ilə birlikdə Los-Ancelesdə beynəlxalq standartlara uyğun irihəcmli “Azerbaijan International” jurnalının əsasını qoyanlardan biri olub və dünyanın əlliyə yaxın ölkəsinə yayılan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi nəcib bir missiyaya xidmət göstərən bu jurnalın 2000-ci ilədək Bakıdakı rəhbərliyini həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib
Doğun günün-yubileyiniz mübarək olsun, Məzahir müəllim. Təbrik edirəm.

Mənbə və müəllif: Şəmsiyyə Kərimova

Şəmsiyyə Kərimovanın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Mart ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib. “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində baş tutan gecə Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, eləcə də “Qazax” Xeyriyyə İctimai Birliyinin maddi-mənəvi dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə ziyalılar, şairin ailə üzvləri, doğmaları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri iştirak edirdilər.
Tədbirin girişində şairin həyat yolunu əks etdirən nadir video görüntülər nümayiş olunub, onun öz səsi ilə ifa etdiyi ölməz şeirləri dinlənildi.
Daha sonra Səməd Vurğunun 90 illik yubileyində Ulu Öndər Heydər Əliyevin yubiley nitqindən video kadrlar nümayiş olundu.
Gecəni giriş sözü ilə açan layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Səməd Vurğun yaradıcılığının aşıq sənəti ilə ayrılmaz bağlarından danışıb. O, dahi şairin istedadlı aşıqların tanıdılmasında və bu qədim sənətin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.
Tədbirin aparıcılığını üzərinə götürən yazıçı-publisist Ramiz Göyüşov şairin yaradıcılıq fəlsəfəsi haqqında ətraflı məlumat verib. O, Vurğun ocağının davamçıları – Yusif və Vaqif Səmədoğluların, eləcə də Aybəniz Vəkilovanın Azərbaycan ədəbiyyatı və incəsənətinə bəxş etdikləri töhfələrdən söz açıb, şairlə bağlı maraqlı xatirələri və tarixi faktları bölüşüb.
Daha sonra çıxış üçün söz ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə verilib. Professor şairin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndinin onun yaradıcılığındakı ilham mənbəyi olduğunu konkret nümunələrlə əsaslandırıb. Yusif Alıyev qeyd edib ki, Səməd Vurğun poeziyasının ana xəttini türkçülük, islam dəyərləri, tarixilik və millilik təşkil edir.
Şairin yaradıcılığını Corc Bayronla müqayisə edən natiq, Vurğun irsinin xalqla daha dərin tellərlə bağlı olduğunu bildirib. O, həmçinin dahi şairin akademik fəaliyyətinə diqqət çəkərək deyib: “Səməd Vurğun təkcə böyük şair deyil, həm də fundamental elmi irs qoyan bir akademik idi. Mir Cəlal Paşayevin dediyi kimi, o, əlinə qələm alanda kağız korlamayan yeganə sənətkar idi.”
Yubiley gecəsi rəngarəng musiqi proqramı ilə davam etdi. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, xanəndələr Sahib İbrahimov və Kamilə Nəbiyeva şairin sözlərinə bəstələnmiş mahnıları məharətlə ifa ediblər. Əməkdar artist Zakir Əliyev isə Rəsul Həmzətovun dosta vəfa rəmzi olan “Əziz dostum” şeirini səsləndirib. Aşıqlar Avdı Musayev, Ramin Qarayev, Samir Cəlaloğlu və Şahin Süleymanov isə saz havaları üstündə şairin qoşmalarını ifa edərək salona xüsusi ruh bəxş etdilər.
“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək qiyməti xatırladıb. O, şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq Sərəncam imzaladığı üçün Prezident İlham Əliyevə bütün ziyalılar və Qazax mahalı adına minnətdarlığını bildirib.
İlham Pirməmmədov 1996-cı ildə Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında Ulu Öndər Heydər Əliyevin sərəncam imzalandığını və təntənəli şəkildə qeyd olunmasını vurğuladı: “Bir il ərzində Azərbaycanın hər bölgəsində Səməd Vurğunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Nəhayət, 1997-ci ilin mart ayında Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Ulu Öndər Heydər Əliyevin iştirakı ilə dövlət səviyyəli yubiley tədbiri keçirildi. Ulu Öndər Heydər Əliyev həmin tədbirdə çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında müstəsna yer tutduğunu xüsusi vurğuladı və dedi: “Səməd Vurğun Azərbaycan xalqının böyük şairidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir və xalqımızın milli-mənəvi sərvətidir.”
Ulu Öndər çıxışında həmçinin qeyd etmişdir ki, Səməd Vurğunun yaradıcılığı xalqımızın milli ruhunu, vətən sevgisini və mənəvi dəyərlərini əks etdirir, onun əsərləri zaman keçdikcə daha da qiymət qazanır və yaşayır.
Mən hesab edirəm ki, Səməd Vurğunun 120 illik yubileyi də bir il müddətində Azərbaycanın hər bölgəsində keçiriləcək və nəhayət, yenə də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi təşkil olunacaqdır.
O, keçirilən tədbirin Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ilk tədbir olduğunu vurğulayaraq, keçiriləcək digər tədbirlərdə “Qazax” Xeyriyyə İctimai Birliyinin yaxından iştirak edəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İlham Pirməmmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun salamlarını tədbir iştirakçılarına çatdırdı və may ayında Səməd Vurğunun 120 illik yubileyinin Qazax rayonunda yüksək səviyyədə keçiriləcəyini qeyd etdi. Tədbirin aparıcısı Ramiz Göyüşova minnətdarlığını bildirdi: “Ramiz müəllim, yubiley tədbirini yüksək səviyyədə apardığınız üçün sizə təşəkkür edirik. Səməd Vurğuna həsr etdiyiniz kitabın nəşr olunması münasibətilə sizi təbrik edirik. Yaxın günlərdə həmin kitabın təqdimatı Səməd Vurğunun Ev Muzeyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun Ev Muzeyində keçiriləcəkdir”.
İlham Pirməmmədov qeyd etdi ki, 2000-ci ildən etibarən “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən hər il 21 mart tarixində Səməd Vurğunun və Fəxri Xiyabanda dəfn olunmuş Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Muğanna və Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq artistləri Leyla Vəkilova və Əminə Dilbazinin, dövlət xadimi Möhsün Poladovun məzarları ziyarət olunur.
Bu il də 21 mart saat 11:00-da Fəxri Xiyabanda Səməd Vurğunun və orada dəfn olunmuş qazaxlıların məzarları ziyarət olunacaqdır. O, bütün Vurğunsevərləri keçiriləcək həmin tədbirə dəvət etdi.
Daha sonra Ramiz Göyüşov tədbirin yüksək səviyyədə təşkil olunmasında gərgin əməyinə görə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Sultanxanım Nəsibovaya təşəkkürünü bildirdi.
Xanəndə və aşıqların birgə ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri xorla ifa olundu.

Yubiley gecəsi Ulu Öndər Heydər Əliyevin “Azərbaycan” şeirini səsləndirdiyi kadrların nümayişi ilə başa çatdı.

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti

Məlumatı hazırladı: Səbinə Yusif

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hayrettin Yazıcı yazır

İLBER ORTAYLI HOCA

Kıymetli Hocama öncelikle büyük geçmiş olsun dileklerimi iletiyor, tezelden milletinin arasına dönmesini canı gönülden arzuluyorum.

İlber Hocam, tarihi bizlere nefes aldıran bir hikâyeye dönüştürdünüz. Sadece olayları anlatmadınız; insanları, duyguları, mekânları ve zamanın ruhunu yanımıza taşıdınız. Televizyon ekranlarında, yazılarınızda ve konferans salonlarında tarih, sizinle konuştu, gülümsetti, düşündürdü. Bu, belki de en büyük mirasınız olacak bize. Tarihi yaşayan bir gerçeklik olarak aktüel hale getirip, bütün basın ve yayın kuruluşlarına taşımayı siz başardınız.

Sizden etkilendiğim ikinci büyük özellik, hafızanızdır. Sadece bir tarihçi hafızası değil, adeta insan ruhunu kavrayan bir hafıza… Bir hanedanı incelerken, tüm sülaleyi, özelliklerini ve ilişkilerini kendi ev halkınızdan bahsediyormuş gibi anlatmanız, insanın hem bilgisine hem de yüreğine dokunan bir büyü gibidir. Bu, bir yetenek mi, yoksa yılların emeğiyle yoğrulmuş bir sanat mı, bizim karar vermemiz güç. Ama kesin olan bir şey var: Sizin yanınızda tarih, sadece geçmiş değil; yaşayan, capcanlı, dipdiri hikaye olmuştur.

Dilinize olan hâkimiyetiniz ise, her şeyi daha da eşsiz kılar. Sadece bilgi aktarmadınız bizlere, onu estetik bir lezzetle sundunuz. Türkçeyi temiz, zarif ve anlaşılır bir biçimde işler, kendi tadınızı katarsınız. Dinlerken ya da okurken, hem öğrenir hem de dilin tadını çıkarırız; bu da sizi yalnızca bir tarihçi değil, aynamıza bir edebiyatçı olarak düşürür.

Sohbetiniz, kalender meşrep ve samimiyetiyle insanı büyüler. Konuşmalarınız, sadece bilgi değil; merak, hayranlık ve öğrenme isteği aşılar. Yanınızda geçmiş, sadece bir zaman dilimi değil; yaşanan, hissedilen ve paylaşılan bir miras gibi.

İlber Hoca, siz tarihçiliğin sınırlarını aşan, bilgiyi toplumla buluşturan ve insana ilham veren nadir insanlardansınız. Sizinle yüz yüze tanışamamış olmak, benim için hâlâ büyük bir eksiklik. Ama biliyorum ki, sizin mirasınız kitaplarda, derslerde ve ekranlarda kalmayacak; siz tarih ile insanı birleştirmeye devam ettikçe, biz de onun nefesini hissedeceğiz.

Burada açık sözlülüğünüz, eğip bükmeyen özelliğiniz ve cesaretinizi de alkışlamak isterim.

Bir gün, tarihin ve dilin büyüsünü, sizinle yüz yüze paylaşma fırsatım olur umarım. O gün gelene kadar, size minnetle bakıyor, varlığınızın tarihimize kattığı değere şükrediyorum.

Bütün eserlerinizi elbette okumadım ama hafızamda gerçek anlamda bir İlber ORTAYLI tasavvuru var. Kalanlarını da tamamlamak boynumuza borç olsun.

Siz çok değerlisiniz ve bu millete çok gereklisiniz, bu yüzden ve tezelden yatağınızdan doğrulun ve milletinizin arasına dönün. Sayınız o kadar az ki, bu da milletim adına en büyük üzüntü kaynağımdır.

Şifalar diliyorum….

Hayrettin YAZICI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NAHİD HACIZADƏ – 90

NAHİD HACIZADƏ – 90
Bu dünyada unutmadıqlarımdan biri də şair, yazıçı, publisist, dramaturq, ssenarist, ən başlıcası da səmimi, xeyirxah insan kimi tanıdığım Nahid Hacızadədir.

O, bəlkə də yeganə yazıçı idi ki, Azərbaycanın əksər korifey sənətkarları ilə görüşüb, ünsiyyətdə, dostluq, yaradıcılıq münasibətində olub. Hər biri haqqında xeyli sayda oçerk, publisistik əsərlər, xatirə yazıları ərsəyə gətirib. Bu əsərlər özünəməxsus üslubu, dilinin səlisliyi, zərifliyi, milli koloriti, duyğusallığı ilə ürəklərə yol tapıb.

Nahid Hacızadə özünün genişəhatəli yaradıcılığı ilə həmişə Azərbaycan ədəbi mühitinin mərkəzində olan, xalqın ictimai şüuruna işıq saçan sənətkardı. Əslində bu, yazıçının düşüncəsindən, ürəyindən qələminə süzülən əsərlərinin işığıdır…

Yazıçının 2008-ci ildə işıq üzü görmüş “Yada düşdü” kitabında yer almış xatirə yazıları Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrindən hesab olunur. Nahid Hacızadə kitabına yazdığı ilk sözündə deyir: “Mən yarım əsrdir ki, söz-sənət adamları ilə sıx ünsiyyətdəyəm. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyim uzun illər ərzində görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları, elm və mədəniyyət xadimləri ilə, tanınmış şəxsiyyətlərlə sayagəlməz görüşlərim, söhbətlərim olub. Bunların unudulanı, yaddan çıxanı da olub, ürəyimdə iz salanı, yaddaşıma yazılanı da”. Deyirəm, nə yaxşı ki, yazıçı yaddaşına yazılanları vaxtında cəmləşdirərək kitablaşdıra bilib…

Nahid müəllim uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Azərbaycan televiziyasında Ədəbi dram redaksiyasının Baş redaktoru olub. O zaman həmin redaksiya ilə yaradıcılıq əlaqələrim vardı. “Səhər görüşləri” “Hekayə axşamı” proqramlarında kiçik hekayələrim əsasında hazırlanmış səhnəciklər nümayiş olunurdu. Hər dəfə də yazıçı Rafiq Səməndər hekayələrim haqqında Nahid müəllimin fikirlərini mənə çatdıranda çox təsirlənirdim. Onunla şəxsən tanış olmasam da gənc yazıçıya qayğısını, dəstəyini hiss edirdim. Bu, məni yazmağa həvəsləndirirdi….


Təqvimdə 2012-ci ildi. O zaman Azərbaycan nəşriyyatında yerləşən bir sıra qəzet və jurnallara yazı vermək üçün vaxtaşırı həmin nəşriyyatda olurdum. Bir gün də yolumu Nahid Hacızadənin Baş redaktoru olduğu Xatirə ədəbiyyatı redaksiyasından saldım. Yazıçı həm də “Yada düşdü” jurnalının Baş redaktoru idi. Həmin gün burada uzun illər “Gənclik” nəşriyyatında birgə işlədiyim şair, publisist, eləcə də həmyerlim Zülfüqar Şahsevənli ilə qarşılaşdım. O, məni Nahid müəllimə təqdim etdi. Amma təqdimatına bir qədər uzaqdan başladı. Dedi, Şəfəq hörmətli bir ziyalı ailənin övladıdır. Babası, tanınmış İrəvan ziyalısı Məmmədəli Nasir jurnalist, mollanəsrəddinçi olub. Qardaşı, bacısı filan yerlərdə işləyir, özünün də filan kitabları (adlarını dilə gətirdi)… “Beyləqanın güllü yazı”na çatanda, Nahid müəllim qayıtdı ki, Zülfüqar, burda saxla! Bayaqdan ordan-burdan danışırsan. Elə Şəfəqi “Beyləqanın güllü yazı” kitabının müəllifi kimi təqdim etsəydin, bəs edərdi. Yoxsa başlamısan, o belə gəldi, bu da belə getdi… Hə, yadıma düşdü, Şəfəq xanım vaxtilə bizim redaksiya ilə də əməkdaşlıq edib. Şəxsən görüşməsək də onu qiyabi olaraq elə bu kitabından tanımışam…

1991-ci ildə 30 min tirajla çap olunmuş adı çəkilən kitabım həmin vaxt respublikada geniş yayılmış və yaxşı qarşılanmışdı. Demə, “Beyləqanın güllü yazı”na maraq göstərənlərdən biri də Nahid Hacızadə imiş…

Sonralar nə vaxt yolum Azərbaycan nəşriyyatına düşürdü, hökmən Xatirə ədəbiyyatı redaksiyasına da baş çəkir, Nahid müəllimlə görüşürdüm. Bir gün də Baş redaktora yazıçı Manaf Süleymanovla bağlı bir yazı təqdim etdim. Hələ oxumamış qayıtdı ki, Manafın yazı dili çox quru və pintidi, nəyini tərifləmisən ki. Bu sözdən bir qədər pərt olsam da halımı büruzə vermədən özümü ələ aldım. Dedim, bu bir xatirə yazısıdır. Xahiş edirəm, imkanınız olsa baxarsınız.

Təxminən iki həftədən sonra Nahid müəllimlə görüşəndə məni mehribanlıqla qarşıladı, dedi, yazını çox bəyəndim, gözəl xatirədi. Növbəti nömrəmizdə verəcəyik. Və gözləmədiyim halda ərkyana bir tərzdə qayıtdı ki, bu günlər jurnalımızın 1 yaşı tamam oldu. Bəlkə nömrələrə baxasan, xoşuna gəlsə haqqımızda bir təəssürat yazısı hazırlayarsan. Məmnuniyyətlə razılaşdım. Bir həftə ötməmiş məqaləni Baş redaktora təhvil verdim. Yazı həm jurnalda, eləcə də “525-ci qəzet”də, səhv etmirəmsə,“Respublika” qəzetində də dərc olundu.

Sonralar “Respublika”nın Baş redaktoru Teymur Əhmədov məni qəzetdə işləməyə dəvət etdi. O vaxtdan Nahid müəllimlə tez-tez görüşürdük. “Yada düşdü” jurnalında yazılarım dərc olunurdu. Nahid müəllim arada nahar fasiləsində bizim mərtəbəyə qalxır, Teymur müəllimlə yaradıcılıq qayğılarından danışır, bəzən məni də bu söhbətlərə dəvət edirdilər…


Nahid Hacızadə işıqlı İnsan idi. O işıq mənəvi dünyasından, yaradıcılığın bütün növ və janrlarında qələmə aldığı əsərlərindən görünən işıqdı. Biz o işığı bu gün də görür, hiss edir və bu işıqlı İnsanı böyük ehtiramla anırıq…

Martın 14-də unudulmaz yazıçı Nahid Hacızadənin 90 yaşı tamam olur. Ruhu şad, məzar evi nurla dolsun…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I