Azərbaycanın ən uzunömürlü aktyoru, Nəriman Nərimanovun toxunulmazlıq hüququ verdiyi, elçiliyini özü edən Ağasadıq Gəraybəylinin doğum günüdür. Aktyorun qızı Zemfira Bədəlovanın sözlərinə görə, Ağasadıq Gəraybəylinin doğum tarixi 1897-ci il yox, 1883-cü ildir: “Atam 105 yaşında vəfat edib. Ancaq hər yerdə yanlış olaraq onun 95 yaşında vəfat etdiyini yazırlar. Atam bizə ermənilərin dinc azərbaycanlıları necə qırdıqlarını, evlərindən çıxardıqlarını danışırdı. E*rmənilər Şamaxıda neçə-neçə ailəni öldürüblər. Atamın ailəsi möcüzə sayəsində sağ qalıb. Atam həm aktyor, həm də insan kimi Əbdürrəhimbəy Haqverdiyevin xoşuna gəlmişdi. Buna görə də tez-tez görüşürdülər. Üzeyir Hacıbəyov atam üçün dahi idi. Üzeyir bəyin musiqisi səsləndiriləndə atam əlindəki işini atıb, ona qulaq asardı. Üzeyir bəy atamın ev almasında kömək etmişdi. Atamın teatr kursuna yazılmasına səbəbkar da Üzeyir bəy olub. Atamla anam evlənəndən sonra belə, anam Üzeyir bəydən tarda çalmağı öyərnirdi. Nəriman Nərimanov atama xüsusi kağız vermişdi ki, bu şəxsə toxunmaq olmaz”. Ağasadıq Gəraybəylinin sevdiyi qız – gələcək həyat yoldaşı üçün elçiliyini Hüseyn Ərəblinski etsə də, qızın atası, Bakının keçmiş bəyi elçilərə yox cavabını verir. Belə olduqda kasıb aktyor dostunun pencəyini geyinib qızın evinə gedir. Qızın atasına deyir ki, heç nəyim yoxdur, pencəyimi də borc almışam, mənim sizin qızınızdan xoşum gəlir. Ağasadıq Gəraybəylinin səmimi danışığı kişinin xoşuna gəlir və qızını aktyora ərə verməyə razı olur.
“Sözün xaqanı” romanı universitetdə ədəbi görüşlə təqdim olundu
Bakı Azərbaycan Texniki Universitetində görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə “Sözün xaqanı” tarixi romanı ətrafında yaddaqalan ədəbi görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncamın ruhuna uyğun təşkil olunmuşdu. Müəllif və əsərin təqdimatı Görüşdə romanın müəllifi Sona Abbasəliqızı İsmayılova əsərin yazılma prosesi, Xaqani Şirvaninin zəngin ədəbi irsi və əsərin Azərbaycan və dünya ədəbiyyatındakı rolu haqqında geniş məlumat verdi. Bildirildi ki, “Sözün xaqanı” təkcə tarixi şəxsiyyətin həyatını deyil, həm də dövrün ictimai-mədəni mühitini, sözün və düşüncənin qüdrətini oxuculara çatdıran dəyərli bir əsərdir. Qeyd olundu ki, kitabın ön sözü tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən yazılmış və əsərin elmi-ədəbi dəyərini daha da artırmışdır. Elmi-tədris mühitində əhəmiyyəti Roman artıq universitet dərsliyinə daxil edilmişdir. Dərslikdə təqdim olunan tanınmış yazıçıların nümunələri arasında Sona Abbasəliqızı İsmayılovanın “Sözün xaqanı” romanından beş cümləlik bədii parça də yer almışdır. Bu, əsərin həm bədii, həm də elmi-tədris baxımdan yüksək qiymətini göstərir və gənc nəslin ədəbiyyata, dil mədəniyyətinə marağının formalaşmasına töhfə verir. Təşkilatçılar və iştirakçılar Görüşün təşəbbüskarı universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev olmuşdur. Tədbirdə universitet müəllim və tələbələri ilə yanaşı, bir sıra tanınmış ziyalılar və qonaqlar da iştirak edirdilər: Filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı Xızı rayon Mikayıl Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova Filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, ASKEF Azərbaycan başqanı və Orta Asiya təmsilçisi, Prezident mükafatçısı, əməkdar jurnalist Sona Abbasəliqızı İsmayılova Araşdırmaçı-yazar Əli Vəliyev Yazıçı Samir Arifoğlu Abdullayev Şair Xəzər Bəy Hikmətoğlu Yazıçı Tarverdi Abbasov Şair Sevda Muradəliyeva və digər ziyalılar, müəllimlər və tələbələr görüşdə fəal iştirak etdilər. Gənc nəsilə təsir Çıxış edənlər əsərin gənc nəslin milli ədəbiyyatımıza və tariximizə marağının artmasında mühüm rol oynadığını qeyd etdilər. Tələbələrin fəal iştirakı, verdikləri suallar və ədəbiyyata olan maraqları görüşə xüsusi canlılıq qatdı. Qeyd olundu ki, Prezident sərəncamından sonra ölkənin müxtəlif məktəblərində, institutlarında və elm ocaqlarında Xaqani irsinin təbliği ilə bağlı silsilə tədbirlər planlaşdırılır. Bu baxımdan “Sözün xaqanı” romanının müəllifi ilə görüşlərə maraq günü-gündən artır.
Səmimi və ədəbi ruhda keçən görüş xatirə şəkilləri və müəllifin kitabları imzalaması ilə yadda qaldı. Tədbirin sonunda iştirakçılar böyük söz ustadı Xaqani Şirvaninin irsinin gənc nəslə daha geniş şəkildə tanıdılması üçün belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğuladılar.
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Sona İsmayılovanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə anası məşğul olur.
4 yaşında pianoya maraq göstərməyə başlayır.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (indiki kollec) bitirib.
1964-cü ildən “Orero” ansamblına, “Leyli” və “Sevil” qadın vokal-instrumental, həmçinin “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. 1965-ci ildə isə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.
O, “Tallin-66” və “Tbilisi-78” Ümumittifaq caz festivallarının laureatı olmuşdur.
1966–1967-ci illərdə festivallarda Gürcüstanı təmsil edən Vaqif Mustafazadəni 1968-ci ildə mədəniyyət naziri, bəstəkar Rauf Hacıyev Tiflisdə görür və Azərbaycana işləməyə dəvət edir.
1979-cu ildə Azərbaycan SSR-in əməkdar artisti adını alır. Beləliklə, o, SSRİ-də əməkdar artist adını alan ilk caz ustası olur.
Onun “Muğam” simfoniyası tamamlanmamış qalır.
Vaqifin ifasını dinləyən amerikalı blyuz gitaraçısı və müğənni B.B. Kinq ayağa qalxaraq belə nida etmişdi: “Cənab Mustafazadə, mən bizim musiqini sizin ifa etdiyiniz kimi ifa etmək istəyirəm”.
Müğənni və aktyor Vaxtanq Kikabidze Vaqifi belə təsvir edirdi: “Bəstəboylu, dolu bədənli, lopabığ olduğuna görə mən ona ‘Şah Abbas’ deyirdim. Əsl Azərbaycan oğlu! Barmaqları qısa idi. Oturub ifa etməyə başlayanda hamının təəccübdən gözləri kəlləsinə çıxırdı. ‘Amerikanın səsi’ onun ifalarını tez-tez yayımlayırdı… Birdən yadıma düşəndə inana bilmirdim ki, belə böyük bir musiqiçi bizimlə işləyirdi. Demək istəyirəm ki, Sovet İttifaqında yaşamasaydı, hələ o vaxtlar caz sahəsində dünyanın ən böyük pianoçularından biri ola bilərdi”.
Bir dəfə Vaqifin triosu çıxış edəndə amerikalı caz prodüseri Uillis Konover heyranlığını gizlədə bilməmişdi. O, “bravo, bravo!” deyə qışqırırdı. Konover deyirdi ki, bu, onun indiyə qədər eşitdiyi ən lirik musiqidir. O, festivalda Vaqifə imzaladığı bir neçə valları (plastinkaları) bağışladı.
1979-cu ildə qızına həsr etdiyi “Əzizəni gözləyərkən” əsəri ilə Monakoda keçirilən caz müsabiqəsinin qalibi olur. O, bu festivaldan vətəninə “Ağ Royal” mükafatı ilə qayıdır.
16 dekabr 1979-cu ildə Daşkənddə konsert verərkən səhhəti pisləşir. Buna baxmayaraq, o, sona qədər musiqini ifa edir.
Onun səhnədə ifa etdiyi son əsər amerikalı bəstəkar Corc Gerşvinin “The Man I Love” (“Sevdiyim adam”) mahnısı idi.
Fasilədə onu xəstəxanaya çatdırırlar. Həyat yoldaşı Elza xanım Vaqifin son anlarını belə təsvir edir: “Vaqif gözünü açdı. Dedim: ‘Vaqif, bu gün bir az düzəl, sabah, Allah qoysa, gedirik’. Vaqif ‘yaxşı’ deyərək başını çevirdi və vəfat etdi”. O, ürək tutmasından vəfat etmişdi.
Vaqif vəfat edəndən sonra Uillis Konover “Amerikanın Səsi” radiosunda apardığı caz verilişində Vaqif Mustafazadənin vəfatını dünyaya duyurmuşdu.
VAQİF MUSTAFAZADƏ deyirdi ki, öz musiqi taleyindən çox razıdır. O, musiqidə özünü, öz simasını tapmışdı.
15.03.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının növbəti yaradıcılıq görüşü keçirildi. Əvvəlcə ustad İsmayıl İmanzadə şair Əhməd Əfsunun Azərbaycan Yazıçılar Birliyinə üzvlük vəsiqəsini təqdim etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı, həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bölmə yazıçılarını səmimi qəlbdən təbrik etdi. Daha sonra şairlərdən Mikayıl Yusif, Bəhman Gülövşəli, Ağabala Salahlı, Mahir Musa, Rəşid Rəsulov, Mehman Rəsulov, Namiq Zaman, Eldəniz Cəfəroğlu və Əhməd Əfsun müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər.
Nəhayət, gənc yazıçılardan Nicat Hunalp yeni şeirlərini və Şamil Həsən yeni essesini oxuyaraq tədbiri başa çatdırdılar.
Məlumatı hazırladı: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
Şair-publisist Təranə Dəmirin poema və şeirlərdən ibarət yeni kitabı işıq üzü görüb. “Qırmızı xətt” adlı bu kitabda yazarın son ildə yazdığı şeirləri və “Ömrün beşinci fəsli” adlı poeması yer alıb. Kitab “PAN” nəşriyyatında ərsəyə gəlib. Kitabın redaktoru AYB və AJB-nin üzvü, şair-publisist Zabil Pərvizdi.
Yazarlar.az olaraq, biz də öz növbəmizdəTəranə Dəmiri təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!