7 Mart 2026-cı ildə Azərbaycan aşıq poeziyasının görkəmli ustadı Dədə Ələsgərin anım günü münasibətilə Bakıda yerləşən abidəsi ziyarət edilib.
Dədə Ələsgərin zəngin yaradıcılığı və aşıq sənətinə verdiyi töhfələr xalqımızın mənəvi irsində xüsusi yer tutur. Bu əlamətdar gündə ustad sənətkar ehtiramla yad olunub, ruhuna dualar oxunub və onun irsinin yaşadılmasının önəmi bir daha vurğulanıb.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsi ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev 2024-cü il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Açlışdan sonra, abidə bütün Ələsgərsevərlərin ziyarət yerinə çevrilmişdir.
Bu gecə yata bilmədim, ana, 36 (51) yaşın qorxusu vardı içimdə. Məni 37 (52)-yə aparan gecənin səhərində soyuq var Üşüdüm, ana!
Bütün gecə Səsin gəldi qulaqlarıma – Keçmişdən səsin gəlirdi: “Böyü, qızım, Yeri, qızım, Dil aç, qızım!” – deyirdin… Böyüdüm, ana,
Tarixin ən amansız illərində böyüdüm. Dil açdım, ana, Həyatın ən çətin yollarında Yeridim, ana!
Amansızca vuran oldu, Yıxılıb-qalxdığım oldu… Qalxdım qalxmağına, amma canım çox ağrıdı, Qəlbim çox ağrıdı, Ana…
Sən mənə bu dünyada Qadın olmanın, Belə çətin olduğunu, Deməmişdin axı… Ayaqların üstündə durmaq, Namusunla yaşamaq, Haqq bildiyini söyləmək istəsən, Qadın olmanın bədəli çox ağırmış, ana! Sən mənə belə deməmişdin axı… Heç kimə göstərmədim göz yaşlarımı, İçimə axıtmağı öyrəndim, ana,
Xoşbəxtliyi oynamağı… Ürəyim ovcumdaykən Başım dimdik gəzməyi. Məni vuranları sevindirməmək üçün, Yıxılmamağı öyrəndim, ana!
Yalandan gülməyi elə öyrəndim ki, Gülməyin əslini unutdum. Xoşbəxtliyi oynamagı elə öyrəndim ki, Xoşbəxtlik necə olur əslində – unutdum… Bu gecə Səsin gəlirdi qulaqlarıma – Mənə nağıl danışırdın, Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin. Mən düz 36 il Xeyirin qələbəsini gözlədim, Şər qalib gələndə ağladım, ana!
Sənin nağılların belə qurtarmırdı axı… Səni dinləyirdim, ana, “Biri vardı, biri yox” deyirdin. Mənim nağılımda “Biri yoxdu”lar daha çox oldu, axı… Böyüdüm, ana,
Daha o qız deyiləm, Ağrı və göz yaşlarıyla Böyüyən qadınam… Yadındamı, ana, Kəbə yolu gedirdik, Sən sakitcə dua eləyirdin. Birdən səndən Kimə dua elədiyini soruşdum. Üzümə baxıb: “Ana olanda anlarsan” – dedin. Mən ana olmadım, ana…
Amma səni az da olsa, anlaya bilirəm… Arxadan vuran dostları, Qəlbimi verdiyim sevgilinin Ögey baxışlarını görəndə, Anladım, ana, Sən söykənə biləcəyim Tək varlıqsan… Sevincimi bölüşdüm səninlə, Amma üzülməyəsən deyə Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə. Əslində kədərimi tək sən gördün, İlk sevdam daşa dəyəndə, Məni təkcə sən anladın. Mən səndə gördüm insanı anlamağın necə səssiz olduğunu… Sevdiyim mənə – Sən mənim heç nəyimsən! – Deyəndən beşcə dəqiqə sonra, Sən mənə – Sən mənim hər şeyimsən! – demişdin. Sən mənə bunu deyəndə, Mən sənin deyil, onun hər şeyi olmaq istəyirdim. Amma həmişə belə oldu, Yanımda həmişə sən oldun, ana…
Sənin gözlərində Qəzəblərin ən gözəli olurdu, Kimlərsə məni ağladanda. Gözlərində alovların ən qaynarı olurdu, Kimlərsə məni aldadanda… Qaçqınların yurd həsrətini, Atılmış körpələrin göz yaşlarını İçimdə hiss elədim. Taledən yarımayanların, ürkək baxışlarını İçimdə hiss elədim. Savaşda itirdiyim dostlarımın, Gözlərini, arzularını, xəyallarını Heç unutmadım, ana..
Məni ağrılar büyütdü, Daha güclü oldum, ana! Gəncliyin, eşqin, sevdanın dadı, ağrılarda, savaşlarda itib getdi. Sonra sevgini tanıyanda O artıq məndən qaçırdı… 37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan, Vətən ugrunda Kirin başını kəsən Tomrisdən, İsgəndərə ədalət dərsi keçən Nüşabədən, Sevgi şəhidi Leylidən Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim, Nə Nüşabə, nə Janna, Leyli də ola bilmədim, ana… Əvəzində sənin hər şeyin oldum, Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış. “Biri var”ları çox olsun, 37 (52) yaşımın ilk sabahını Sənin nağıllarına inanaraq açmaq istəyirəm.
(Bu yazını 2015-ci ilin 20 sentyabrında, Habil Əliyevin vəfatından iki gün sonra yazmışdım)
İnsan həmişə Sevincə təşnə olub. İnsan həmişə kədərdən qaçmağa çalışıb. Qorxub kədərdən. Kədər insan üçün həmişə arzuolunmazdır. Amma təəssüflər olsun ki, dünyada kədərdən qaça bilən bir nəfər də insan yoxdur. Nə acı ki, sevincin ömrü az olur. Və sevincin insana yaşatdığı xoş günlər üç-beş, bəzən on günlərlə, bəzən də aylarla çəkir. Sonra sevinc ömürdə xoş bir xatirəyə çevrilir İnsan dediyimizin o qədər böyük-kiçik qayğıları, müşkülə çevrilən işləri olur ki… Həmin o böyük- kiçik qayğıların, müşkül işlərin əsirinə dönən insanın fikri bu duyğularla, müşküllərlə o qədər yüklənir ki… Və təbii ki, belə insanların yaddaş qapısını o xoş xatirələr həmişə döymür. Kədər, xüsusilə ağır kədərlər insanın ən munis, ən yaxın könül həmdəmləridir, həmişə insanın hissində,şüurundadır. Kədər, xüsusilə böyük kədərlər insan yaddaşının ən doğma, ən sədaqətli həmdəmidir. Bəlkə də mən bu hisslərimdə yanılıram. Və çox istərdim ki, bu yazdıqlarım elə yanlış olaydı. Amma təəssüf və nə acı ki, mənim kədər haqqında dediklərim gerçəkdir, həqiqətdir. Habil Əliyevin çalğısı düşündürücü idi, düşündürücü olduğu qədər də kədərli idi. Habil Əliyev kamanda özünü ifadə edirdi. Özü də kövrək insan idi. Onun uşaqlığı, yəni musiqiyə könül verdiyi illər, İkinci çahan savaşının ağır illərinə təsadüf edir.. Hər gün Habilin yaşadığı Ağdaş şəhərinə “qara kağız”lar gəlir. Övladlarını itirən valideynlərin fəryadı, dul qalan qadınların hıçqırıqları, nişanlısını itirən nişanlı qızların nisgili, imtahanların ən ağırı olan aclıq… yeniyetmə Habilin musiqiyə,muğama bağlı qəlbində, yaddaşında əbədi iz salırdı.Bu ağrıdıcı hisslər onun qəlbinə, yaddaşına “Segah”la, “Şur”la, “Zəminxarə”ilə, “Bayatı Kürd”lə, xalq mahnıları ilə birlikdə hopurdu. Selllərin apardığı Saranın, Xan çobanın ürəyinə necə sağalmaz yara vurduğunu, zalım ovçu tərəfindən vurulan maralın balasına zillənmiş nisgilli baxışlarını, “Bir gününə dözməzdim,oldum illər ayrısı” deyən bir bədbəxtin könül yanğısını Habil bütün incəliklərinə qədər duyur, öz kamanı ilə bu duyğularını ən incə nüanslarına qədər kamanın simlərinə hopdura bilirdi . Habil Əliyevin ölümü təkcə Azərbaycan musiqisi üçün yox, bütün Azərbaycan xalqı üçün ağır itki, əsl ümumxalq kədərlidir. Habil Əliyev Azərbaycan musiqisində xüsusi bir mərhələ idi.. O mərhələ həmişə yaşayacaq, inkişaf edəcək,zənginləşəcək. Amma Azərbaycan musiqisində Habil Əliyevin boş qalmış yeri həmişə görünəcək. Bizi kədərləndirıcək.Biz hər gün efirdən Habil musiqidini dinləyəcəyik, amma,həmişəlik olaraq Habilin yeni ifasına həsrət qalacağıq. Habilin ölümü çox şeyə son qoydu. “Segah” muğamı Habil Əliyevin ifasında bizimlə böyük Füzulinin düşüncəsində, Füzuli əxlaqında, Füzuli dilində danışırdı.Biz “Habil segahı”nda Leyli ilə Məcnunun ürəyinin döyüntülərini eşidirik, onların ən mübhəm duyğularını dinləyirik. “Segah”da Habil bizə eşq əlindən çöllərə pənah aparan Məcnunun göynərtisindən, bu eşqin ülviliyindən, “Rast”da isə bu eşqi məzəmmət edən dərdli bir atanın əndişəsindən söhbət açır. “Zəminxarə” müğamında isə Habil Kaman, sanki Leylinin məzarı başında “Yandı canım hicr ilə, vəsli ruxi yar istərəm” deyən Məcnuna qoşulub,bu nakam eşqə göz yaşı axıdır. Habil özü də bir Məcnun idi. Musuqi Məcnunu, Vətən Məcnunu, insanlıq Məcnunu Habil Əliyev. Habilin musiqisi həmişə bizimlədir,həmişə bizimlə olacaq. Onun ifaları bizim ruhumuza hopub. Biz hamımız bu dünyadan köçüb gedəcəyik. Göylərdəki, bəlkə də niğaran, bəlkə də küskün, nisgilli ruhumuzu, elə həmin ruhumuzun yaddaşında qalan Habil kamanının əsrarəngiz ifaları təskin edəcək. Bərzəx aləmi ki, deyirlər, insan həmin aləmdə qiyamətə qədər qəbr evində qiyaməti gözləməlidir. Həmin o tənha, amansız, kədərli çağlarımızda da bizə, ruhumuzun yaddaşına hopan, ana laylası kimi ruhumuza qovuşmuş Habil musiqisi həzin, kövrək layla çalacaq. Mən insan ürəyinin necə, hansı şəkildə olduğunu bilirəm. Mən ürəyi əyani şəkildə görmüşəm. Bu qəribə sözlərimə görə məni qınamağa tələsməyin. Çünki mən Habilin barmaqlarını görmüşəm. Kamanın telləri üzərində gəzən, hərəkət edən Habilin barmaqları deyildi. Kamanın telləri üzərində gəzən sadəcə olaraq Habilin ürəyi idi. Bir də ikinci Habilimiz olmayacaq. O kaman çalarkən bu dünyadan, gerçək aləmdən ayrılırdı. Fikir vermişdinizmi? O kaman çalarkən gözlərini yumardı-yumulmuş göz qapaqlarının arxasında onun öz dünyası canlanırdı. Nələr var idi o dünyada? Gözü yaşlı Qaragilə,zalım ovçudan aman diləyən maral, başından duman əskik olmayan Şuşa dağlarının həsrəti, Sarı gəlin sevdalısının ağrı – acısı…daha nələr, daha nələr… Ey dərdli adamların həmdəmi Habil. İnsan ürəyində elə dərdlər var ki, o dərdləri heç vaxt dil ilə demək olmur.Dünyanın ən böyük filosofları, qələm sahibləri belə öz şəxsi,böyük dərdlərini sona qədər nə deyə bildilər, nə də yaza bildilər. Habil Əliyev dərdli insanların kamanda danışan sözləri idi. Sözlə ifadəsi mümkünsüz dərdləri Habil, kamanı vasitəsi ilə deyə bilən çox möhtəşəm, dahi, nadir, əvəzedilməz ifaçımız idi. Habil Əliyev musiqisini dinləmək, ibadət etmək qədər müqəddəs bir hadisədir. Böyük sənətkarımız Habil Əliyev həmişə, Azərbaycan xalqı var olduqca xalqımız tərəfindən hörmətlə yad ediləcək, xatırlanacaq. Qəbri nurla dolsun.
Bəndələrə ürəkləri Tanrı dağdan yonub deyə, Ona görə biz qalmışıq başımıza döyə-döyə. Ah-naləmi ibadətim bu dəqiqə yetir göyə, Eşit, eşit, biz ölürük — çatsın sənə səda, Tanrı.
Sevdiklərim əzabıma, eh, gözucu baxıb keçir, Əzablar da fağır bilib hər vaxt məni hədəf seçir. Salıb məni məngənəyə dərd qanımı yaman içir, Çəkdiyimi verməyirsən — nə yaxşı ki, yada, Tanrı.
Taleyimə daş hasartək qəm hasarı hörülməzdi, Heç bir evdə ayrılıqlar heç bir gözə görülməzdi. Verdiklərin sınaqlar da özün kimi görünməzdi, Çoxmu böyük səhv elədim? Denən, bilim xata, Tanrı.
Düçar edir ağrılara inadlar da ürəyimi, Heç də rahat qazanmıram bircə tikə çörəyimi. Əsirgədin sən də məndən bir quruca köməyini, Açammadım ürəyimi gözəl, qəşəng qıza, Tanrı.
Öz bəxtimin yollarında sürünürəm ilan kimi, Ürəyimə tez toxunur hər bir söz də tikan kimi. Ən rahat yer bəlkə elə o dünyadı məkan kimi, Bilirsən də, orda məni gözləyən var — ata, Tanrı.
Yaxınlaşdır tez sonumu, əl götürüm bu dünyamdan. Bu dünyamda acı çəkdim, razı qallam o dünyamdan. Rahatlığı orda tapım, vəsvəsədən qurtarım can. Ömrümü də cavan yaşda qəfil vurum başa, Tanrı.
Gedəcəyim son mənzilim abad olsun — axirətim. Orda əla olacaqdı həm dincliyim, aqibətim. Suçum nədir bilmədim ki, eh, nə idi qəbahətim? Bu dünyada gəlmədim də, neynim axı xoşa, Tanrı.
Hər arzumu dilimləyib yem elədi qurd-quşlara, Elə etdi, lap oxşadım mən də sonda bayquşlara. Nəsib etdi xoşbəxtliyi tay-tuşlara, həmyaşlara, Xoşbəxtliyi istəmədi taleyimə yaza, Tanrı.
20–23 fevral
Qanan şəxslər
Qanan qanmaza borcludur, Belə deyib qanan şəxslər. İndi kimdi qanan, sayan, Bizi saymır yaman şəxslər.
Zülmü verən kaş yıxıla, Müsibətlər kaş yox ola, Azalmaya, kaş çox ola, Bu dünyada insan şəxslər.
Yarpaq-yarpaq azaldınız, Yer üstə torpaq oldunuz, Eh, necə uzaq oldunuz, Adam kimi adam şəxslər.
Ah-naləyə səbəb olan, Dəmir yumruq tələb ola, O kəslərə Hələb ola, Olunsunlar edam şəxslər.
İynə-sapa döndünüz lap, Necə də tez söndünüz lap, Qəfil, lapdan öldünüz lap, Sizin kimi doğma, məhrəm, Hardan tapım, hardan şəxslər.
01 mart
Fələk
Elə çalır kökümüzə baltanı, Bu nə tələ, fələk, bizə qurmusan. Yandırırsan, odlayırsan adamı, Bu nə tələ, fələk, bizə qurmusan.
Nəslimizdə bir ağsaqqal qoymadın, Ac gözünlə can aldıqca doymadın, Bircə kərə sən də bizi duymadın, Bu nə tələ, fələk, bizə qurmusan.
Can almaqdan başqa heç nə bilmirsən, De, nəyin karısan, kara gəlmirsən. Qurduğun tələyə özün düşmürsən, Bu nə tələ, fələk, bizə qurmusan.
Doğmaları bir-bir aldın əlimdən, Saç-saqqalım ağarıbdı zülümdən, Heç doymadı gözün sənin ölümdən, Bu nə tələ, fələk, bizə qurmusan.
Ömür boyu xeyir verdin torpağa, Neçə cavan, yaşlı bükdün bez, ağa, Batsam da sözümlə böyük günaha, Bu nə tələ, fələk, bizə qurmusan.
01 mart
Yanır
Göstərə bilmədim sədaqətimi, İtirdim eşqimi, məhəbbətimi. Neynirəm kül olmuş bu qismətimi? Bir özgə ocaqda köz olub yanır.
O mənim yarımdı, ola yüzləri. Anlayar, nə vaxtsa dolar gözləri. Köksümə tuşlanan acı sözləri İçimdə bir odlu söz olub yanır.
Hey nəzər salardım mən ona xəlvət, Oğrun baxışlara etmişdi adət. Nə görüş olmadı, nə də ki, söhbət, Hər nisgil sinəmdə iz olub yanır.
…Baxan yox oğlana, namusa, ara, Çırpırlar saf eşqi daşa-divara. Min lənət əyridə dövlətə-vara! Cəfakeş ürəyim düz olub, yanır!
Bu gün, 7 Mart Azərbaycan aşıq yaradıcılığının ustad aşıqlarından Dədə Ələsgərin (Ələsgər Alməmməd oğlu) anım günüdür.
Aşıq Ələsgər 1821-ci ildə Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdır. 7 mart 1926-cı ildə doğulduğu Göyçə mahalının Ağkilsə kəndində vəfat etmişdir. Dədə Ələsgər ilk olaraq aşıq yaradıcılığımızın görkəmli ustadı Aşıq Alıdan aşıqlıq sənətinin sirlərini öyrənmiş, özündən sonra aşıq məktəbi yaradaraq sənətinin zirvəsinə ucalmışdır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Klassik aşıq şeirimizdə Aşıq Ələsgərin xüsusi mövqeyi vardır. Uzun yaradıcılıq yolu keçmiş ustad sənətkar aşıq şeirinin bütün növlərində olduğu kimi, təcnislərdə də xüsusi məharət göstərmişdir. Aşıq Ələsgər dodaqdəyməz təcnislərin ilk nümunələrini yaratmış və bununla kifayətlənməyib, eyni zamanda, dodaqdəyməz cığalı təcnisin də ilk ülgüsünü vermişdir. Beləliklə də öz müasirlərindən seçilmiş və sənətin zirvəsinə qalxmışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycan ədəbiyyatında xüsusilə də aşıq poeziyasında həm aşıq kimi, həm də şair kimi silinməz izlər buraxmış, əvəzsiz xidmətləri olmuşdur. Aşıq Ələsgər dövlətimiz tərəfindən hər zaman layiqincə anılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın 150, 175 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmişdir. Ulu öndərin qurduğu məktəb bu gün də layiqincə davam etdirilir. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 180, 185, 190, 195, 200 illiyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilmiş, 2024-cü ildə Bakı şəhərində abidəsi ucalmış və ustad aşığın adının əbədiləşdirilməsi üçün sərəncamlar imzalanmışdır.
AZƏRBAYCANIN İLK HƏKÌM QADINI Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Dağ Kəsəmən, Qazax qəzası – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri.
Bizim ədəbiyyat adamları nə zaman müsahibələrdə, verilişlərdə ədəbiyyat, ədəbi proseslər barədə danışacaq, görəsən? Bezmişəm daha – girib ədəbiyyat haqqında yox, yazıçının problemləri, həyatı, kişi-qadın məsələləri, mentalitet, dəyərlər barədə oxumaqdan. Ədəbiyyat barədə verilən suallara da cavabları çox primitiv qalır. Təsəvvür et: o qədər sual soruşursan, arada da ədəbiyyat barədə həmişə verilən suallar. Təkrarlanan cavablar, təkrarlanan əsərlər, təkrarlanan tənqidlər. Psixoanalitik ədəbiyyatda deyilir ki, yazıçı oxucunun mütaliə prosesi barədə çox danışmamalıdır. Oxucu ilə əsər arasındakı rabitəni demirəm, o başqa məsələdir; mütaliə isə fərdi prosesdir. Bizim yazıçılar oxucuların işlərinə də şiddətlə qarışırlar. Sonra müsahibədə yazıçıdan soruşanda ki, “ən sevdiyiniz yazıçı kimdir?”, Hüqo deyir.
Axundov olsaydı, bu mühitdən bezərdi; gərək öz cığırından başqa, yeni bir cığır da açardı. Görəsən bilirdi ki, öz cığırı da təqlidçiliyin zirvəsində olacaq? Ya da bilmirdi ki, “Nəsr və nəzm haqqında” məqaləsində Füzuli haqqında tənqid yazarkən gələcəkdəki vəziyyət dəyişməyəcək? ədəbiyyatda, ədəbi tənqiddə bizdən danışılanda niyə bu qədər təqlidçilik var? Məsələ ondadır ki, Azərbaycan yazıçısı nə zaman bu blokadadan çıxacaq? Dünyadakı ədəbi proseslərə də qiymət verməyə çalışacaq, müqayisəli ədəbiyyatdan istifadə edəcək və s. İndi bir-iki ad çəkəcəksiniz, bilirəm. Bir-iki nəfərlə olmur. Həmin o bir-iki nəfər də elmi dərəcələri ədəbiyyatşünaslıq üzərindədir deyə özlərini inkişaf etdirirlər. Mən ümumi inkişafdan danışıram.
Nə bilim, nəyi qınayım? Kimi qınayım? Niyə qınayım? Yazıçıları qınasam, ayrı dərddir. Vicdanım sızıldayır onları qınayanda. Normal qonorar almırlar, ayrıca ikinci işləri olur. Ədəbi mühit üçün addım atılacaq qurumlar yoxdur. Nəşriyyatlarla yazıçılar arasında münasibətlər o qədər də inkişaf etməyib. Özlərini neçə yerə paralasınlar? Ədəbi tənqid, ədəbiyyatşünaslıq, yazı sənəti, ictimai-siyasi polemikalar və s. Bəs onları başa düşdük, bu bayağı layihələr haqqında nə deyək? Onlara necə haqq qazandıraq? “Qadından yazıçı çıxmaz”, “kişi dominant olmalıdır”, “indiki gənclər tənbəldir” və s. Bunları da qəbul edirik və bu səfər sözü AYB-nin mətbuat katibinə yox, gənclərə veririk.
Ədəbiyyatımızda hazırda çox uğurlu gənc qələm sahibləri var. Həqiqətən, onları qiymətləndirmək lazımdır, amma müəyyən idealları, ya da üsyankar ruhları yoxdur. Ola bilər ki, o vaxt idealları olanlar müəyyən vaxtdan sonra yollarını dəyişdilər. Amma yollarını dəyişməyin səbəbi sistem dəyişmir deyə olmadı; gücləri ona çatdı deyə oldu. Hazırda onların fəaliyyətlərinin üsyankar olması çox da tələb edilmir, çünki vaxtında üsyankar olublar. İndi Həmid Herisçi AYB-yə üzv olanda da, Anara şeir yazanda da adama çox təsir etmir. Çünki onun müharibəsi bitdi. Onun haqqında feysbukda həmkarları bir yazı ilə tənqid etdi, proses bitdi. Düzdür, könül istərdi ki, insan idealları yolunda davam etsin. Amma yaxşısı ilə, pisi ilə budur – uzatmaq lazım deyil. Qısası, gücün çatana qədər idealların uğrunda mübarizə aparmalısan.
Sonda sözü sizə verirəm. Qayıdıb bircə yazmayın ki, sən nə edirsən?