Hacıyev Rizvan Məhərrəm oğlu Hacıyev Rizvan – 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində anadan olub. 1989-cu ildə digər soydaşlarımız kimi Qərbi Azərbaycandan deportasiyaya məruz qalıb. 1990-cı ildə Bakıdakı 99 saylı orta məktəbi gümüş medalla bitirib. 1995-ci ildə Neft Sənaye Universitetindən məzun olub. 15 yaş… 1988-ci il… Qış ayları… Didərginlik və yarımçıq qalan uşaqlıq… Və bir ömür boyu yadda qalan o yarımçıq hörük – kiminsə bacısı, kiminsə sevdası, ya da sadəcə yurdunun son görüntüsü…
12 mart Xalq şairləri Süleyman Rüstəm və Cabir Novruzun doğum günüdür
Bu gün sənət dostları, sadiq oxucuları Fəxri Xiyabanda şairlərin məzarlarını ziyarət edəcəklər. Bilmirəm gənc nəslin yaddaşında onların şeirləri nə qədər yer tutur. Amma bizim nəsillərçün dillər əzbəri olan şeirləri – “Təbrizim” və “Sağlığnda qiymət verin insanlara” şeirlərini yada salmaq istədim. Yüksək şövqlə, ruhla, enerjiylə yaradılan bu şeirlərin ab-havasının poeziyasevərlərin qəlblərini indi də ovsunlayacağına şübhə etmirəm. Ruhları şad olsun!
Süleyman RÜSTƏM “Təbrizim”
Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun başından duman, Təbrizim! Qədrini ayrılıq çəkənlər bilər, Hicranda göz yaşı tökənlər bilər, Ömrünə qaranlıq çökənlər bilər, Bağından gül-çiçək dərdim, Təbrizim, Yenə təzələndi dərdim, Təbrizim! Nə qəşəngdir yol boyunca söyüdlər, Söyüdlərin kölgəsində igidlər Babalardan dinləyirlər öyüdlər, Coşur damarlarda qanı, Təbrizim, Yoxdur bu mərdlərin sanı, Təbrizim! Ağlasan ağlaram, gülsən gülərəm, Yaşasan yaşaram, ölsən ölərəm, Varımı səninlə yarı bölərəm, Gəl bir də üzündən öpüm, Təbrizim! Başına gül-çiçək səpim, Təbrizim! Nədir o, mənalı, dərin baxışlar? Nədir gözlərindən yağan yağışlar? Nədir qəlbindəki payızlar, qışlar? Yetimtək boynunu burma, Təbrizim! Məlul-məlul baxıb durma, Təbrizim! Sənin çiçəyinə, gülünə qurban! Mənə qardaş deyən dilinə qurban! Vətəninə qurban, elinə qurban! Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim!
CABİR NOVRUZ “SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA”
Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsil qiymətini bilər onda, Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun ölməzlərə… Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Zəhləm gedir sonralardan, Vaxtsız dinən zurnalardan, Boşboğazdan, avaradan, Toydan sonra nağaradan. Sağlığında sevindirin təmizləri, Siz həyatda bu amalla addımlayın. Sağlığında ifşa edin xəbisləri, Satqınlara sağlığında satqın deyin, Tülkü deyin tülkülərə, aslan deyin aslanlara. Sağlığında qiymət verin insanlara… Hər kəs bilsin öz yerini necə sağdır, Bu, pislərin həyatını qısaltmaqdır, Yaxşıların həyatını uzatmaqdır… Bu nədəndir ölən kimi, qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, Yamanlar da yaxşılaşır… Çirkinlər də təmiz olur ölən kimi… Yadlar belə əziz olur ölən kimi… Xatirələr söyləyirik, nekroloqlar qollayırıq, Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək? Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir… Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir. İstəmirəm vaxt-vədəsiz şöhrəti mən, Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm… Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm… Düz deməsəm, onda məni bağışlayın, Üz tutaram uşaqlara, qocalara, cavanlara, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…
Öz doğma yurdumda qəribəm qərib, Qayğılar günümü yasa döndərib. Dərdli ürəyimi güneyə sərib, Üzümü dağlara tutub ağladım.
Getdiyim yollarda duman süründü, Can evim kədərə, qəmə büründü. Yenə gözlərimə anam göründü, Üzümü dağlara tutub ağladım.
Ayları, illəri yaşadım yalqız, Ömrün dərd yükünü daşıdım yalqız. Yadıma düşəndə ilk sevdiyim qız, Üzümü dağlara tutub ağladım.
Mən ki, yıxılmazdım, dərd məni yıxdı, Fikir məngənə tək canımı sıxdı. Kimə «qardaş» dedim, qara daş çıxdı, Üzümü dağlara tutub ağladım.
Qocalıq əl verib mənlə görüşdü, Elə bil üstümə dağlar sürüşdü. Cavanlıq çağlarım yadıma düşdü, Üzümü dağlara tutub ağladım.
9 mart, 2026
MƏNƏ QOCA DEMƏ…
İllər saçlarıma çoxdan dən salıb, Həsrətin canımı lap əldən salıb. Ürəyim cavandı, demə qocalıb, Mənə qoca demə, ay canı yanmış!
Həyatım bir cənnət bağıdı indi, Ömrümün ən gözəl çağıdı indi. Deyirlər: «Bu dünya sevənlərindi», Mənə qoca demə, ay canı yanmış!
Yanar bir ocağam, közümdən bilsən, İşığım sönməyib, üzümdən bilsən. Qəlbimdən keçəni gözümdən bilsən, Mənə qoca demə, ay canı yanmış!
Göylərə çatacaq gur səsim də var, Bitib-tükənməyən həvəsim də var, Yüzü haqlamağa nəfəsim də var, Mənə qoca demə, ay canı yanmış!
İpək saçlarını mənim üçün hör, Mənimlə birlikdə gözəl ömür sür. Nə olar, sözünü sən geri götür, Mənə qoca demə, ay canı yanmış!
Dəmiri mum kimi əyər bu Vaqif, Həmişə haqq sözü deyər bu Vaqif. Vallah yüz cavana dəyər bu Vaqif, Mənə qoca demə, ay canı yanmış!
Çəliklə gəzməyin gəldi zamanı, Yayda da isinmir Vaqifin canı. Hanı, qız qaytaran günlərim, hanı? Üzümü dağlara tutub ağladım.
7 mart, 2026
HEÇ KİMƏ İNANIB, GÜVƏNMƏ VAQİF
Əvvəlki kişilər çıxıb getdilər, Mərdliyi, qeyrəti yığıb getdilər. Dünyanın «əlini» sıxıb getdilər, Heç kimə inanıb, güvənmə Vaqif!
Haramı halala qatan çoxdu çox, Hər gün ürəyinə batan oxdu, ox. Bir vaxt güvəndiyin atan yoxdu, yox, Heç kimə inanıb, güvənmə Vaqif!
Yalan söz ağızda bal dadır daha, İlan zəhəri də baldadır daha. Qardaş da qardaşı aldadır daha, Heç kimə inanıb, güvənmə Vaqif!
Yaman çoxalıbdı şeytan adamlar, Daha yoxa çıxıb, qeyrət, namus, ar. İndi nə sirdaş var, nə də ki, dost var, Heç kimə inanıb, güvənmə Vaqif!
Enişdə, yoxuşda dizinə güvən, Halal ocağına, közünə güvən. Özünə arxalan, özünə güvən, Heç kimə inanıb, güvənmə Vaqif!
4 mart, 2026
KİŞİ TƏK YAŞA…
Halal qazanırsan halal varını, Ağ çiçək sanırsan qışın qarını. Əymədin heç zaman dağ vüqarını, Qalan ömrünü də kişi tək yaşa.
Eşitdin hər kəsin qəm fəryadını, Tarixə yazmısan öz soyadını. Göylərə ucaltdın kişi adını, Qalan ömrünü də kişi tək yaşa.
Heç zaman yalana əl çalmamısan Yaltaqlıq eləyib alçalmamısan Bir gün də mənasız yaşamamısan, Qalan ömrünü də kişi tək yaşa.
Qaraya ağ deyib yarınmadın sən, Heç kimin boynuna sarılmadın sən. Sənin soykökünə, nəslinə əhsən, Qalan ömrünü də kişi tək yaşa.
Vicdanla görübdü hər işi Vaqif, Dərdli adamların dərdişi Vaqif, Sən kişi oğlusan, ay kişi Vaqif, Qalan ömrünü də kişi tək yaşa.
2 mart, 2026
KƏNDDƏ YAŞAYARAM QALAN ÖMRÜMÜ
Doğma kəndimizə çıxıb gedirəm, Şəhərin «əlini» sıxıb gedirəm. Mən şələ-küləmi yığıb gedirəm. Vurub qoltuğuma solan ömrümü, Kənddə yaşayaram qalan ömrümü.
Gülləri soluxan mən yaz kimiyəm, Pas atıb çürüyən dəryaz kimiyəm. Telləri qırılmış bir saz kimiyəm, Bu şəhər eylədi talan ömrümü, Kənddə yaşayaram qalan ömrümü.
Yadımdan çıxmadı bir an da kəndim, Yaşadı ürəkdə, həm qanda kəndim. Bu qərib şəhərdə bitib-tükəndim, Fələk qıra bilər hər an ömrümü, Kənddə yaşayaram qalan ömrümü.
Elə bil qəfəsdə yaşıyıram mən, Ürəkdə dərd yükü daşıyıram mən. Birtəhər çıxaraq bu cəhənnəmdən, Gedib söndürərəm yanan ömrümü, Kənddə yaşayaram qalan ömrümü.
Təzə arzu ilə, yeni nəfəslə, Canımda can olan sevdiyim kəslə, Üz tutub gedirəm böyük həvəslə, Şəhərdə saxlayıb yalan ömrümü, Kənddə yaşayaram qalan ömrümü.
Unuda bilmədim bir an dağları, Saxlayıb izimi o kənd yolları. Qaçmaq istəyirəm günəşə sarı, Qırx ildir bürüyüb duman ömrümü, Kənddə yaşayaram qalan ömrümü.
25 fevral, 2026
GƏLƏRSƏNMİ BİZƏ DE
Bir yaz günü biz görüşdük səninlə, Ay batanda tez öpüşdük səninlə. Beşinci gün oda düşdük səninlə, Beşinci gün gələrsənmi bizə de?
Könlüm səni doğma sanır, yar sanır, Bu sevgini unutmayıb hey anır. Beşinci gün canım yanır, odlanır, Beşinci gün gələrsənmi bizə de?
Mən bir vaxtlar cavan idim, nə dərdim, Nə bir kədər, nə də qayğı bilərdim. Beşinci gün sənə məktub göndərdim, Beşinci gün gələrsənmi bizə de?
Qocalsam da gözlərində gözüm var, Kül altında qaralmayan közüm var. Beşinci gün sənə xəlvət sözüm var, Beşinci gün gələrsənmi bizə de?
Bu sevgini oda yapdı ayrılıq, Qılınc kimi kəsdi, çapdı ayrılıq. Beşinci gün bizi tapdı ayrılıq, Beşinci gün gələrsənmi bizə de?
Əlli ildir qəlbimdəsən hələ sən, Əlli ildir bənzəyirsən gülə sən. Beşinci gün sığal verib telə sən, Beşinci gün gələrsənmi bizə de?
Bu sevgimiz nağıl kimi bitiəcək, O xoş günlər ilim-ilim itəcək. Beşinci gün ömrüm sona yetəcək, Beşinci gün gələrsənmi bizə de?
Şəkildə: Süleyman Rüstəm, Qarold Reğistan, Atam və mən. 1964-cü il. Neftçala.
SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLI BİR XATİRƏ
Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı. Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi. Atan həmin şeiri hər deyəndə kövrələrdi. Uzum şeir idi. O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də, həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim: Ömür keçdi, hicran quşu can evimdən köçmədi, İki qardaş Arazımdan yan-yana su İçmədi. Heç özüm də bilmirəm ki, nədən oldu qardaşım, Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi… Süleyman Rüstəm bizim evdə çox olub. Heç vaxt da tək gəlməyib. Ayrı-ayrı vaxtlarda Mirmehdi Seyidzadə, Qılman Musayev (İlkin), İslam Səfərli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vladimir Qafarov, Moskvalı dostu, SSRİ Dövlət Himninin müəllifi Reğistan, Moskvada yaşayan rus ədəbiyyatşünası Koçişkin.. ilə birlikdə evimizə gəldiyi günləri mən həmişə xoş bir duyğu ilə xatırlayıram. Söhbətləri yadımdadır Birlikdə dəniz kənarına, Kürün sahilinə (atamın dostunun komandiri olduğu çay gəmisində Kürü gəzməyiniz), Binələrə getdiyiniz günlər unudulmazdır. Atam onun haqqında xatirələrini yazıb çap etdirib. Amma həmin xatirələrin bəzisini atam yazmayıb.Tanıyanlar bilirdi. Süleyman Rüstəmin duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Bir də Süleyman müəllimin özünün çox maraqlı xatirələri var idi. Mirzə Cəlil, Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Nazim Hikmət… kimi böyük yazıçılarla dostluq etmişdi. Maksim Qorkini, Mayakovskini, Fransız yazıçısı Anri Barbüsü Bakıda o qarşılamışdı… Onunla bağlı bir maraqlı xatirəmi danışmaq istəyirəm. Və bu xatirəni ilk dəfə bu yazımda xatırlayıram. Bu xatirəni əvvəllər yazmağa, danışmağa nəsə ürək eləmirdim. Amma indi üstündən neçə illər keçir və bu hadisənin iştirakçılarının heç biri artıq həyatda yoxdur.. 1969-cu ildə Süleyman Rüstəm, məşhur tərcüməçi, əslən Salyandan olan Vladimir Qafarovla bizə gəldi. Atam həmin gün Bakıda idi və təbii ki, onların gəlməsindən xəbərsizdi. Payız ayı idi. Telefonumuza zəng gəldi. Məndən 18 yaş böyük olan, bizimlə birlikdə yaşayan və biz uşaqların “əmi” dediyimiz Zakir telefonu götürdü. Zəng edən Süleyman Rüstəm idi və zəngi Neftçalanın girəcəyində yerləşən milis idarəsindən etmişdi. Bibim oğluna təcili idarəyə gəlməsini tapşırdi. O vaxt Neftçala Salyanın tərkibində, qəsəbə statusunda olan yaşayış məntəqəsi idi. Kiçik, əhalisinin bəlkə də yarısı rus olan qəsəbəmizdə hamı bir- birini tanıyırdı. Milis idarəsin rəisi II Dünya müharibəsinin məşhur qəhrəmanı Partizan Babaş idi. Partizan Babaşa müharibə illərində Səməd Vurğun bir şeir də həsr etmişdi. Bu məşhur şeir Partizan Babaşın özünü də məşhurlaşdırməşdi. Partizan Babaş Dadaşov atamla da yaxın dost idi və biz uşaqlar, əsl qəhrəman görkəmli, eşmə bığli əfsanəvi adamı çox istəyirdik. Biz uşaqlar üçün hədiyyələr alırdı. Öz xidməti maşını (“Villis”) ilə yay aylarında bizi dənizə aparırdı. Dəniz kənarında bizimlə (Bibim oğlu Zakir, qardaşlarım Şahin,Azər) futbol oynayırdı. Zəhimli adam olsa da, uşaqla uşaq,böyüklə böyük idi… Nə isə, bir saat keçmiş Süleyman Rüstəm Vladimir Qafarovla (Qaz 21 Volqa ilə) evimizə gəldilər. Süfrə açıldı. Süleyman Rüstəm həyəcanlı idi… Həyacanının səbəbini bizə bibim oğlu danışdı. Demək Süleyman Rüstəm maşını qəsəbənin girəcəyindəki milis idarəsinin qarşısında saxlatdırıb milis idarəsinə gedir. Məqsədi də bu olur ki, ordan bir bələdçi götürüb bizə gəlsin. O vaxt qəsəbə milis idarəsində cəmi 3- 4 milis işçisi işləyirdi. Süleyman Rüstəm milis idarəsinin həyətinə daxil olurr,görür ki, idarənin həyətində iki nəfər nərd oynayır. Nərd oynayanlardan biri Partizan Babaş imiş. Süleyman Rüstəm Partizan Babaşı tanımır. Kefi yuxarı olan Partizan Babaş onlara tərəf gələn adamı kiməsə oxşatsa da kim olduğunu xatırlaya bilmir. Qonağın yaxasındakı deputat nişanından və SSRİ Dövlət mükafatı medalından bilir ki, bu adam kimdirsə, tanınmış, məşhur adamdır. Ayağa qalxıb Süleyman Rüstəmlə görüşür. Süleyman Rüstəm atamın qonağı olduğunu deyir. Partizan Babaş da qonağın kimliyini soruşur. Partızan Babaş biləndə ki qarşısında dayanan şəxs Süleyman Rüstəmdir… Burda bir mərəkə qopur ki… Partizan Babaş belindəki tapançanı qoburundan çıxarıb- Süleyman Rüstəmə eşq olsun!!!-deyir və bu sevincdən məmnunluğunu tam ifadə etmək üçün göyə iki güllə atır… Özünü itirmiş Süleyman Rüstəm bizim dildə deyildiyi kimi, bişim-bişim Partizan Babaşı sakitləşdirir, tapançanı qoburuna qoydurur və Partizan Babaşla birlikdə rəisin (Partizan Babaşın) otağına keçib bizə zəng edir və bibim oğluna təcili milis şöbəsinə gəlməyini tapşırır. …Süleyman Rüstəm və Vladimir Qafarov gecəni bizdə qaldılar. Səhər atam da Bakıdan gəldi. Həmin gün Neftçaladakı Mədəniyyət evində Süleyman Rüstəmlə görüş öldü. Axşam evimizdəki ziyafətdə Partizan Babaş da qonaqlar arasında idi… Deyib gülürdülər. Elə bil dünənki hadisə heç olmamışdı.
YÜZÜNCÜ YAZI – Söhrab Tahir – 100 Xalqın yaddaşından doğan böyük ədəbi abidə (Söhrab Tahirin “Ata” poema-eposu haqqında) Salam olsun, çox dəyərli oxucum! Qələmdarlar mövzusunda silsilə yazımın yüzüncü bölümü bu il – 2026-cı ildə anadan olmasının 100 illiyini qeyd etdiyimiz bütöv Azərbaycanın böyük şairi Söhrab Tahirin (Azərazər) ədəbiyyat tariximizdə fundamental hadisə sayıla biləcək, üç cilddə toplanaraq çap olunmuş böyük həcmli “Ata” kitabı (poema-eposu) haqqında olacaq. Bütün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Söhrab Tahir ədəbiyyat tariximizdə həm mübariz ruhlu şeirləri, həm də milli düşüncəni ifadə edən monumental əsərləri ilə seçilən sənətkarlardandır. Azərbaycanın güneyində doğulub, quzeyində müxtəlif sahələrdə təhsil alan, dövlətimiz tərəfindən ən yüksək titullara layiq görülən Azərbaycan Xalq şairi Söhrab Tahirin (Azərazər) bu iki misrası çox məşhurdur: İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha. Yurdsevər, mübariz şairin yaradıcılıq kredosuna çevrilmiş bu sətirlər Azərbaycan ədəbiyyatı tarixində onun təkzibolunmaz missiyasının nədən ibarət olduğunu özündə ehtiva edir. Onun üç cilddə çap olunan “Ata” poema-eposu Azərbaycan ədəbiyyatında təkcə bədii əsər deyil, həm də xalqın qədim yaddaşını, tarixini və mənəvi köklərini özündə əks etdirən böyük bir poetik salnamə kimi dəyərləndirilir. “Ata” poema-eposu Azərbaycan ədəbiyyatında iri həcmli poetik əsərlərdən biri hesab olunur. Şair bu əsəri üzərində uzun illər çalışmış, 1991-ci ildən başlayaraq təxminən 14 illik zəhmətin nəticəsi kimi tamamlamışdır. Bu müddət ərzində o, müxtəlif tarixi mənbələri, arxiv sənədlərini, elmi araşdırmaları, xalq yaradıcılığı nümunələrini öyrənmiş, nəticədə xalqımızın qədim dövrlərdən gələn həyat tərzini, adət-ənənələrini və mənəvi dünyasını bədii dillə canlandırmışdır. Poema-eposun əsas mövzusu türkdilli tayfaların və Azərbaycan xalqının qədim tarixi, onların yaşam tərzi, qəhrəmanlıq ənənələri və mənəvi dəyərləridir. Şair əsərdə eramızdan əvvəlki dövrlərdən başlayaraq xalqın keçdiyi tarixi yolu, mübarizə ruhunu və milli kimliyini poetik lövhələrlə təqdim edir. Bu baxımdan “Ata” yalnız ədəbi əsər deyil, həm də milli kimliyin, dövlətçilik düşüncəsinin və tarix şüurunun bədii ifadəsidir. Söhrab Tahir bu əsərdə xüsusi olaraq ana dilinin təmizliyinə və saflığına diqqət yetirmişdir. Poema əsasən sadə xalq danışıq dilində yazılmış, burada ərəb və fars mənşəli sözlərin istifadəsi minimuma endirilmişdir. Bu xüsusiyyət əsəri həm dil baxımından dəyərli edir, həm də oxucuya qədim türk düşüncəsini və ruhunu daha aydın hiss etdirməyə imkan yaradır. Şair əsəri qədim türk şeir formalarından biri olan qoşma üslubunda qələmə almışdır. Bu forma əsərin poetik ritmini, xalq ruhunu və dastanvari xarakterini daha da gücləndirir. Beləliklə, “Ata” həm klassik şeir ənənələrinin davamı, həm də müasir dövrdə yazılmış monumental bir dastan kimi diqqəti cəlb edir. Poema-epos yazılarkən yalnız bədii təxəyyülə deyil, həm də tarixi faktlara və elmi mənbələrə əsaslanılmışdır. Şair Azərbaycan, Türkiyə, Orta Asiya, Rusiya, İran və Avropa alimlərinin araşdırmalarından, müxtəlif arxiv materiallarından istifadə etmişdir. Bu isə əsərin bədii dəyəri ilə yanaşı, tarixi etibarlılığını da artırır. Söhrab Tahir özü qeyd edirdi ki, bu əsəri yazmağa onu xalqın mənşəyi və tarixi ilə bağlı verilən suallar, həmçinin xalqımızın tarixinin bəzən təhrif olunması faktları sövq etmişdir. O, uzun illər şamanizm, zərdüştilik, qədim dastan və əfsanələr, xalq deyimləri və söyləncələr üzərində araşdırmalar aparmış, bu materialları poetik formada təqdim etmişdir. Şairin sözlərinə görə, əsərin yazılmasına güclü təsir edən məqamlardan biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən söylənilən bir fikir olmuşdur. O, bir məclisdə alim və yazıçılara müraciətlə belə demişdi: “Bu xalqın tarixini siz yazmasanız, bəs kim yazacaq?” Bu çağırış Söhrab Tahirin yaradıcılıq düşüncəsində yeni bir mərhələ açmış və şair xalqın qədim tarixini poetik dillə ifadə edən böyük bir əsər yaratmağa qərar vermişdir. Beləliklə, “Ata” poema-eposu milli tarixə və mədəniyyətə həsr olunmuş monumental bir poetik abidə kimi meydana çıxmışdır. Söhrab Tahir bu əsəri Azərbaycan Respublikasının Milli Ordusuna və onun Ali Baş Komandanına ithaf etmişdir. Bu isə əsərin yalnız tarixi deyil, həm də güclü vətənpərvərlik ruhuna malik olduğunu göstərir. Poema xalqın qədim köklərini, mübarizə əzmini və milli qürurunu ifadə etməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını da poetik şəkildə əks etdirir. Söhrab Tahirin yaradıcılığı Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Məşhur şairlər və ədəbiyyat xadimləri onun poeziyasını mübariz ruhlu, milli düşüncəli və dərin fəlsəfi məzmunlu yaradıcılıq kimi dəyərləndirmişlər: -Məmməd Araz onun şeirinin gücünü yüksək qiymətləndirərək “Söhrab Tahir nadir şairdir” demişdir. -Bəxtiyar Vahabzadə isə gənc yaşlarında onun poeziyasını kəşf etdiyini və bu şeirlərin dərin təsir bağışladığını bildirmişdir. -Nəriman Həsənzadə isə “Ata” poema-eposunu Azərbaycan ədəbiyyatında “ədəbi hadisə” adlandırmışdır. Bu fikirlər göstərir ki, Söhrab Tahir təkcə bir şair deyil, həm də milli poeziyada özünəməxsus məktəb yaratmış sənətkardır. “Ata” poema-eposu Azərbaycan xalqının qədim köklərini, mədəniyyətini və mənəvi dünyasını bədii dillə ifadə edən böyük ədəbi abidədir. Bu əsər tarix, mifologiya, folklor və poeziyanın vəhdətindən yaranmış bir sənət nümunəsidir. Burada xalqın minilliklər boyu formalaşmış həyat fəlsəfəsi, qəhrəmanlıq ruhu və mənəvi dəyərləri poetik lövhələrlə canlandırılmışdır. 2026-cı il Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Söhrab Tahirin anadan olmasının 100 illiyi ilə əlamətdardır. Bu yubiley münasibətilə onun yaradıcılığına yenidən nəzər salmaq, xüsusilə “Ata” poema-eposunun əhəmiyyətini dəyərləndirmək böyük önəm daşıyır. Söhrab Tahirin üç cilddən ibarət “Ata” kitabı – poema-eposu Azərbaycan ədəbiyyatının nadir və monumental əsərlərindən biridir. Bu əsər xalqımızın qədim tarixini, milli ruhunu və mənəvi dünyasını poetik dillə ifadə edən böyük bir ədəbi abidə kimi qiymətləndirilməlidir. Şair bu əsərlə göstərir ki, xalqın tarixi yalnız tarix kitablarının səhifələrində deyil, həm də poeziyanın yaddaşında yaşayır. “Ata” poema-eposu məhz belə bir yaddaş kitabıdır. Bu kitab keçmişdən gələcəyə uzanan, milli kimliyi qoruyan və nəsillərə ötürən böyük bir ədəbi mirasdır. Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Ustadlara rəhmət. 12.03.2026. Bakı.