Abid Şamiloğlu – Bir əsgərin taleyi

Bir əsgərin taleyi
və ya 416-cı Taqanroq diviziyasının döyüş yolu

(esse)

Evimizin qabağında böyük bir armud ağacı var. Bu ağac indi də pöhrələnib böyüyür, hər il bol məhsul verir. Həmin ağac bizim üçün çox müqəddəsdir. Uşaqlıq çağlarımızda bu ağaca bir canlı kimi baxırdıq. Əmimizin bir nişanəsi olan bu ağac bizə indi də çox doğmadır. Bu ağacı Ələddin əmim əkmişdi…
Əmim meşədən gətirdiyi cır armud ağacına peyvənd ağacdan calaq vurmuş, qayğısına qalmışdı. Böyük Vətən müharibəsindən bir neçə il əvvəl əkilən bu ağac böyüdü, qol-budaq atdı, hər il bar verdi. İndi də bu ağac öz şuxluğunu, əzəmətini itirməyib…
Uşaqlıq illərində görürdük ki, nənəmiz bu ağacı əzizləyir, onu qoruyur, “Oğlum Ələddinin ağacıdır”, – deyirdi. Armudları da yığıb bütün kəndə ehsan kimi paylayırdı.
Ələddin əmi 17 mart 1942-ci ildə müharibəyə getmiş, 1944-cü ilin fevral ayında “itkin” kağızı gəlmişdir. Hündürboy, enlikürək, pəhləvan cüssəli bu insan müharibədən qayıtmadı.
Onun iki yadigarı qalmışdı. İki qızı körpə yaşlarından nənəsinin, əmisinin himayəsində böyüdü. O, müharibəyə gedəndə qızlarından böyüyünün 4, kiçiyinin 2 yaşı vardı. Nənə bütün ömür boyu gözlədi. İtkinlik çox pis şeydir. İnana bilmirdi ki, “dağ” boyda oğlu birdən-birə yox olsun.
Əmimin şəklini divardan başının üstündən asdırmışdı. Evə gəlib-gedən qonaqlara şəkli göstərib deyirdi: “Bax, oğlum Ələddindir, yəqin, sağdır, mütləq gələcək”, “o, igid oğul idi, onu heç bir “nemes” öldürə bilməz”. Bu sözləri hər dəfə təkrarlayırdı.
Həyat çox qəribədir. İnsan ümidlə yaşayır. Bu ümid onu yaşamağa səsləyir. Bəli, həyat ümidin qırıldığı yerdə bitir. Nənəmiz onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi.
Ələddin əminin qızları böyüdü, ailə həyatı qurdular. Ələddin əminin nəvələrindən biri – Calalov Seyfəl Bahaddin oğlu hərbi təhsil alaraq aviasiya mühəndisi oldu, babasının bütün arzularını həyata keçirdi. Vətəni qorudu. Xalqımızın xoşbəxt yaşaması, ölkəmizin müstəqilliyi üçün işlər gördü.
Mən hələ məktəb illərində çox yerlərə məktublar yazdım. Heç nə öyrənə bilmədim. Gələn cavablar da bu idi: “Heç bir məlumat tapılmadı”.
Bir gün eşitdim ki, Rusiya dövlətində xüsusi arxivlər yaradılmışdır. Öyrəndim ki, “Pamyat naroda” (“Xalqın yaddaşı”) və “OBD Memorial” adlanan bu arxivlərdən hər cür məlumat almaq olar. Yaxşı ki, bu arxivlərdəki məlumatlar, sənədlər elektronlaşdırılmışdır. Artıq hər şey məlum olmağa başladı. Məlumatları tapdım.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən bu məlumatları əldə etdim. Sənədin 54-cü vərəqində 55-ci sırada yazılanlar bunlardır: (Azərbaycan dilində yazıram).

Adı, soyadı, atasının adı: Salmanov Ələddin Abid oğlu
Anadan olduğu yer: Azərbaycan SSR, Qonaqkənd rayonu, Afurca kəndi.
Doğum ili: 1910
Partiyalılığı: Partiyasız
Hərbi rütbəsi: Sıravi Qırmız Ordu əsgəri
Vəzifəsi: Atıcı
Orduya çağrıldığı vaxt və yer: 17.03.1942. Azərbaycan SSR, Qonaqkənd rayonu, Hərbi Komissarlıq
Hərbi hissə: 416-cı atıcı Taqanroq diviziyası.
Nə vaxt və hansı səbəbdən sıradan çıxıb: 1944-cü ilin fevralında itkin düşüb.
İtkin düşdüyü yer: Ukrayna, Nikopol şəhəri.
Yaxın qohumlarının adı və ünvanı: Atası – Salmanov Abid. Qonaqkənd rayonu, Afurca kəndi.

Bu məlumatlar 416-cı diviziyanın 1944-cü ilin fevral ayı üçün tərtib etdiyi “Məcburi itkinlər haqqında hesabat” sənədlərindən götürülüb. Bu rəsmi sənəd əlimə keçdikdən sonra mən 416-cı Taqanroq diviziyasının bütün döyüş yolunu öyrənməyə başladım.
Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci il 22 fevral tarixində Azərbaycan SSRİ-nin Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır.
1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin il martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak etmiş, 416-cı Milli Diviziyanın döyüş yolu Qafqazdan başlamış, Mozdok, Taqanroq, Melitopol, Nikolayev, Nikopol, Odessa, Kişinyov və Polşadan keçərək Almaniyaya qədər uzanmışdır. Diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdir. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü olub. Burada diviziya sayca artıb. Diviziyanın şəxsi heyəti 10 mindən çox əsgərdən ibarət olub.
Almaniyanın “Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının Şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdi. Həmin ilin oktyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil oldu və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. 1943-cü il yanvarın əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərdə keçərək, növbəti döyüşlərə hazırlaşırdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri general-mayor Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində 3 ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı Azərbaycan Milli Diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov və Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir.
416-cı diviziya 1942-cü ilin 17 avqustunda Taqanroq şəhəri istiqamətində başlanmış hücumlarda iştirak edirdi. Avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona “Taqanroq diviziyası” fəxri adı verildi.
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnepr çayını keçdi və ağır döyüşlərlə Dnepr çayının sahillərinə çıxdı.
Qoşunlarımız artıq Ukrayna ərazisində vuruşurdular. 1944-cü il fevral ayının ilk günlərində 416-cı diviziya Ukraynanın Zaporojye və Dnepropetrovsk vilayətləri sərhəddində – Dnepr çayının sahilində idi.
416-cı diviziya 1944-cü ilin yanvar və fevral aylarında Ukraynanın Nikopol-Krivoy Roq əməliyyatında iştirak edirdi. Həmin vaxt diviziya Dnepr çayının sol sahilində almanların “Nikopol plasdarmı” adlanan güclü müdafiə xəttini yarmaq üçün çox şiddətli döyüşlər aparırdı.
Fevral ayında bölgədə şiddətli yağışlar yağmışdı və palçıq hərəkəti çətinləşdirirdi. 416-cı diviziyanın alayları (1368, 1373, 1374-cü alaylar) 8 fevral 1944-cü ildə Nikopol şəhərini azad etmək üçün həlledici hücuma keçmiş, Dnepr çayını keçərək düşmən müdafiəsini yarmışdı.
2 fevraldan 8 fevrala qədər diviziya almanların “Nikopol” qruplaşmasını məhv etdi. Dnepr çayını keçmək və bataqlıq ərazilərdə irəliləmək itkilər hesabına olurdu.
Faşistlər artilleriya qurğularından atəş açırdılar. Belə bir vaxtda diviziyamızın itkiləri çox olurdu. Gündə 100-200 nəfər həlak olurdu.
Nikopol şəhərini azad etmək üçün qanlı, dəhşətli döyüşlər başladı. Şəhər fevralın 8-də çoxlu itkilər hesabına azad olundu. Fevralın ortalarında diviziya 5-ci Zərbə Ordusunun tərkibinə keçərək Dnepr çayını keçmiş və Böyük Lepetixa kəndi istiqamətində qanlı döyüşlər aparmışdı.
Bəzən cəsədləri tanımaq olmurdu, ya da sənədlər itirdi. Cəsədlər çox vaxt yerli əhali tərəfindən dəfn edilirdi. Heç bir sənədləşdirmə aparılmırdı. Cəsədlər bəzən toplu şəkildə basdırılırdı. Hansı əsgərin adı məlum olurdu, onun adı, soyadı yazılırdı. Adı bilinməyənlər isə “naməlum əsgər” kimi qeyd olunurdu. Evlərinə “itkin düşmüşdür” kimi məktub göndərilirdi.
Ələddin əmi Nikopol şəhəri uğrunda gedən döyüşlərdə şiddətli artilleriya atəşləri zamanı itkin düşmüşdür.
1942-ci il martın 17-də müharibəyə çağrılan Ələddin əmi 416-cı Azərbaycan diviziyasında vuruşub, şanlı döyüş yolu keçdi. Onun döyüş yolu Şimali Qafqazdan başlamış, Ukrayna torpaqlarında bitmişdir.
Əfsuslar olsun ki, o, Qələbə gününü görə bilmədi. Taleyi belə imiş. Minlərlə Azərbaycan oğlu bu müharibədə həlak oldu. Orduda vuruşan 700 mindən çox azərbaycanlıdan 350 mini geri qayıtmadı.
Mən deyərdim ki, 416-cı diviziyanın hər bir əsgəri qəhrəman olub…
Qəhrəman xalqın qəhrəman əsgərləri Vətəni düşməndən azad etdilər. Ana və bacılarımızın rahat həyatını təmin etmək bu qəhrəmanların öhdəsinə düşmüşdü.
Əsrlər keçəcək, bu qəhrəmanlar heç vaxt yaddan çıxmayacaqlar. Çünki vətənimizin hər qayasında, hər daşında onların əksi, izi görünür. Azərbaycan xalqı, Azərbaycan torpağı onları unutmur. Onların ruhu Vətən torpaqlarında dolaşır.
Ukraynanın Nikopol şəhərinin yaxınlığında, Dnepr çayı sahilində bir “Qardaşlıq məzarlığı” var. Yüzlərlə qəhrəman burada dəfn olunmuşdur. Bəzilərinin adı və soyadı lövhədə yazılmış, kimliyi məlum olmayanlar “Naməlum əsgər” kimi qeydə alınmışdır.
Ələddin əmi də həmin məzarlıqdadır. Ömrünün 33-cü ilində həyatdan gedən bu qəhrəman şəhidlik zirvəsinə ucalıb.
Vətənimiz və xalqımız Ələddin əmi kimi qəhrəman oğulları heç vaxt unutmayacaq.

Abid Şamiloğlu,
müəllim.
Quba rayonu Afurca kəndi

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Köhnəqalanın “Sən mənim Təbrizimsən, Həmid!”

Daha.az Murad Köhnəqalanın “Sən mənim Təbrizimsən, Həmid!” yazısını təqdim edib:

Mən ötən ilə qədər cəmi iki nəfərə şeir həsr etmişdim. Onlardan biri dərviş ruhlu əziz dostum və qardaşım Rəşid Süleymanov, o birisi isə ixtiyar yaşında olan əziz eloğlum, söz sərrafı Səlim müəllimdi. Bu şeirlərdən özlərinin xəbəri var, çünki mətbuatda da çap etdirmişəm.

Demək istərdim, dərviş könüllü Rəşidlə dostluğumuzun tarixi qədim türkün tarixi qədərdi. Ona həsr elədiyim şaman qoşmasını çoxdandı aşıqlar da oxuyur. Rəşidlə mənim dostluğum haqda yaxınlarımız maraqlı və şirin əhvalatlar uydurub danışırlar. Əlbəttə, danışılan pritçavari bu əhvalatların hamısının kökündə dostluq yaşantılarımız dayanır…
Dünyanın hər üzünü görmüş və duymuş, həssas qəlbli, açıq ürək əməliyatı keçirtmiş Səlim qağama isə şeiri onun 75 yaşında yazmışam…

Ötən 2025-ci ilin son aylarını nədənsə, çox duyğulu keçirdirdim. Bir gün düşündüm ki, xətri mənim üçün xoş olan, taleyimdə həlledici izlər buraxmış daha bir neçə dosta şeir həsr edim və 2026-cı ilin gəlişi münasibətilə həmin dostları bir məclisə yığıb ithaf şeirlərini oxuyaraq qəfil onlara sürpriz edim. Beləcə, daha üç nəfərə: əziz dostum-qardaşım Umud Rəhimoğluna, əziz dostum-qardaşım Səfər Rzasoyluya və əziz dostum-qardaşım Həmid Herisçiyə şeir həsr edə bildim.

Dediyim bu üç şeiri yeni ilə qədər yazıb bitirə bilməmişdim, lakin yeni ilin yanvar ayının sonlarında bitirdim…
Qalırdı bu beş dostu bir məclisə yığıb şeirləri oxuyaraq onlara sürpriz eləmək!

Bilirsiniz ki, indiki zamanda arzuladığın beş nəfəri bir məclisə yığmaq çətin məsələdi. Gərək elə bir vaxt seçəsən ki, həmin gün hamı bekar olsun. Beləcə düşünə-düşünə qalmışdım. Mən hər dəfə yığışmağa qərar vermək istəyəndə, ortaya bir iş düşürdü. Beləcə, vaxt uzanırdı…

Bir gün dözümüm tükəndi, əvvəlcə dostum Səfərə sirri açası oldum. Zəng elədim, dedim sənə şeir həsr eləmişəm, ancaq həmin beş nəfəri bir məclisə yığıb sürpriz etmək istəyirəm. Soruşdu ki, bəs məclis haçan olacaq? Dedim, hələ ki bilmirəm, gərək hamınızı bir gün bir məkana yığa bilim.

Biz Səfərlə gənc vaxtlarımızdan tanışıq. Mən Moskvada tələbəlik edəndə Səfər də Sankt-Peterburqda tələbə idi. Onunla tanış olan gün duydum ki, qarşımdakı qeyri-adi insandı. Məsələn, indi şəxsən məndən soruşsalar ki, dünyanı necə gözəlləşdirmək olar? Deyərdim, bu işi Səfərə həvalə edin! Haqqında xırdaca təsürat yaratmaq üçün Səfərin bircə cümləsini burda yazıram, deyir: “Uşaqları sevindirməyən bayramdan bayram olmaz!”

Nəysə, gələk şeir söhbətinə. Səfər dedi, həmin günə qədər ürəyim partlayar, şeiri indi göndər oxuyum. Fikirləşdim, göndərməsəm elə bilər yalan danışıram. Dedim, axşam göndərərəm. Axşam şeiri öz səsimlə oxuyub audio halında vatsapda ona göndərdim. Səfərin mənə zəng edib şeirin təsirindən hansı hallara düşdüyü haqda dediklərini burda yazmıram…

Qaldı Umudla Həmid. Düşündüm ki, onsuz da sürpriz şərtini pozmuşam, gəl elə Həmidə də, Umuda da bu sirri aç. Götürüb Həmidə zəng elədim, söhbəti ona dedim. Dedi, şeiri mütləq göndər.
Bu gün vatsapa baxıram, Həmidlə danışanda fevralın 4-ü imiş…

Burada bir haşiyəyə çıxacam. Çünki, Həmidə həsr etdiyim şeirdə indi söyləyəcəyim hadisədən müəyyən əsinti var.

Demək, hardasa, 5-6 ilin söhbətidi, mən Statistika idarəsinin arxasındakı məhəllədə  kirayə mənzildə yaşayırdım. Onda Həmidlə mənim aramda biraz inciklik vardı. Deyim ki, onunla aramızda bir neçə dəfə belə yüngülvari incikliklər olub, lakin uzun illərin dostu olaraq  biri-birimizə yaxından bələd olduğumuza görə küsüb barışmağımız heç vaxt dostluğumuzu zəiflətməyib… Nəysə, axşamüstü idi, yaxın marketlərdən evə nələrsə almağa çıxmışdım. Bir də baxdım ki, Həmid əlində notbuk çantası dar küçə ilə üzü aşağı gedir. Məni nisgil bürüdü. İstədim onu çağırıb bağrıma basam. Sonra fikirləşdim yox ee, hər halda məndən iki yaş kiçikdi, qoy o gəlib barışsın. Beləcə bir müddət onun arxasınca baxdım-baxdım və birdən ürəyimdə ucadan onu səslədim: “Həmiiid-Həmiiid!” İnanmayacaqsız! Ruhumun bağırtısını eşidən Həmid qəfil dönüb arxasına baxdı. Məni görməsin deyə bir-iki  addım geri çəkilərək yanımdakı balaca marketin arxa tərəfinə keçdim…

Həmid haqda xatirəm gəlmişkən, birini də deyim. Demək, mən əskərlikdən gəlmişəm, biraz kənddə hərlənib fırlanmışam və darıxıb yenidən qulluq elədiyim  Prokopyevsk şəhərinə qayıtmışam. Bir-iki il də həmin şəhərdə yaşadıqdan sonra yenidən vətənə dönüb Bakıya köçmüşəm. Bakıda metro tikintisində işə düzəlmişəm. Deyim ki, “Elmlər Akademiyası”, “20 Yanvar”, “Xalqlar dostluğu” kimi metrostansiyaların dəmir yollarına döşənmiş betonlarda mənim əməyim var. Bir ildən çox  metro tikintisində işlədikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşam…

Mən metro tikintisində işləyən vaxtlar sevimli şairimiz Məmməd İsmayılın yaratdığı poeziya dərnəyində yığılırdıq. Həmidlə də elə o vaxtlar, 1983-cü ildən tanış olub dostlaşmışıq. Həmin vaxtların söhbətini eləyəcəm. Cavan uşaqlarıq, bir gün Həmidlə “İçəri Şəhər” metrostansiyasının arxasından üzüaşağı, bulvara tərəf gedirdik. Qarşı tərəfdən gələn ucaboylu bir oğlan bizə yaxınlaşıb salamlaşdı. Həmid məni onunla tanış elədi, dedi böyük qardaşım Əlidi. Məni də Əliyə təqdim eləyib dedi, haqqında danışdığım, yaxın dostum Murad budur. Nəysə, yüngül ayaqüstü söhbətdən sonra Əli məni kənara çəkib təxminən belə dedi: “Sizin səmimi dost olduğunuza inanıram, ona görə səndən bir xahişim var, mənim qardaşım biraz qəribə uşaqdı, ondan muğayət ol”.
Dedim, Həmid mənim dostumdu, qəribəliyini də bilirəm, qəti narahat olma. Beləcə ayrıldıq. Bu xatirəni niyə yazdım? Çünki şeirdə bu görüşdən də əsinti var…

Nəysə, beləcə, dostlarıma həsr elədiyim şeirləri fikirləşdiyim kimi sürpriz eləyə bilmədim. Ancaq gizli saxladığım təkcə Umud Rəhimoğlunun şeiri idi. Düşündüm, arzuladığım həmin məclisə qədər heç olmasa, Umuda həsr elədiyim şeir sürpriz qalsın.

Bu il fevralın 5-ində AYB-nin Natəvan klubunda Umud qardaşımın 65 illik yubiley törəni oldu. Umudla dostluğumun tarixi də təxminən Həmidlə dostluğumun tarixi qədərdi. Onunla Moskvada tələbə yoldaşı olmuşuq, iki ilə yaxın bir otaqda qalmışıq.

Umud mənim ürəyimdi, bu öz yerində. Onunla dostluğumuz haqda da bir neçə dəfə xatirə yazısı yazmışam. Bu yazını Həmidin indiki durumuna həsr etdiyimə görə təkrarçılıq etmək istəmirəm.
Həə, gələk şeir söhbətinə. Umudun Natəvan klubundakı yubiley törənində geniş çıxış eləsəm də, ona həsr elədiyim şeiri oxumaqdan özümü zorla saxladım. Həmin yubiley tədbirindən bir neçə gün sonra Umudun 65 illiyini “yumaq üçün” dar çevrədə bir şair məclisi düzənlədik. Aparıcısı olduğum həmin məclisdə artıq, özümü cilovlaya bilmədim və Umud qardaşıma həsr etdiyim şeiri orada oxudum…

Beləcə, fikirləşdiyim formada sürpriz eləmək alınmasa da düşünürəm ki, beynimdəki həmin məclisi mütləq quracağıq. Özü də haçan, bilirsinizmi? Həmid Təbrizdən Bakıya dönən kimi!

Bax, burdan səslənirəm, Həmidi kim dərindən tanımaq istəyirsə, gəlsin məndən soruşsun!
Oğlunun otağına daxil olmaq istəyərkən otağın qapısını döyən atanın – Qafar Kəndli kimi mədəni, kübar bir kişinin, ziyalının oğludu Həmid!
Həmid vətənçi, xalqçı, millətçi, dövlətçi bir şəxsiyyət, novator şairdi!
Şairanəliyini görüb onu zəif bilməyin!
Həmid mətin, güclü, iradəli, dəliqanlı adamdı!..

Hələlik Həmidə həsr etdiyim şeiri sevgi və məhəbbətlə oxucularımıza təqdim edirəm. Və söz verirəm ki, sözügedən şeirlərin beşini də dediyim məclisdən sonra çap etdirəcəm.

***
Həmid

Sən mənim Bakımsan, Həmid,
İçəri Şəhərimsən!
Sən Qız Qalamsan, Həmid,
Qızıl Qalamsan!!!

Sən Qafar ağanın tapançasındakı
sonuncu gülləsən, Həmid,
intihar gülləsisən!
Gicgaha sıxılası sonuncu güllə!..

Yadındamı Həmid,
yadındamı,
sən sözlə-şeirlə
Təbriz həsrətilə xalça hörərdin,
hər şeirin bir yeni xalı kimiydi.
Yadındamı,
bir şerində də
toxuduğun xalçanın gözəlliyini
biraz da uzatmaq üçün
saçaqlar düzmüşdün baş-ayağına…

Sən mənim dərvişimsən, Həmid
Təbrizimsən…

Yadındamı,
sən duymuşdun bunu:
“qadınlar varlanmaq üçün
güzgünün qabağına tökərlər pullarını…”
Xanımların bu sirrini sən tapmışdın,
sən açmışdın qeybdən…

Ay Həmid, ay Həmid!
Yadındamı,
Bəhram Gurun yanındakı evinizə
qonaq getmişdik Rasimlə.
Mələk anan –
Tamella xanım evdən çıxanda
səni mənə tapşırıb:
“Həmiddən muğayət ol” demişdi.
Mən həmişə
muğayətəm səndən, Həmid,
həmişə,
yaxından da, uzaqdan da…

İnan ki bir dəfə
Statistika idarəsi tərəfdə
sənin haqda düşünürdüm,
havadakı alqoritm
dərhal səni qarşıma çıxartdı.
Bir də gördüm,
əl çantanı yelləyə-yelləyə
məhəllə marketlərinin arasıyla
harasa gedirsən,
sanki sakit uçursan.
Sənin o ritmini, gözəlliyini
pozmadım, Həmid,
arxanca çağırmadım,
arxanca bağırmadım…
Sadəcə içimdə uladım:
“Həmiiid-Həmiiid-Həmiiid!!!”
Sən geri boylandın o Qurd səsimə,
mən butkanın arxasında gizləndim…

Sən bilirsən mən şamanam –
Qavalın üst qatını döydüm, sadəcə.
Qafar kişinin ruhunu çağırdım,
qardaşın Əlini çağırdım,
səni onlara tapşırdım.
Dedim, Əli, özün bax,
qardaşın gedir,
dua elə, yıxılmasın!
O da mənə:
“Həmid sənlikdi, qardaş,
sənin qardaşındı!” –  pıçıldadı…

Mən çoxdan bilirəm, Həmid
sən mənim
telləri gözünün üstünə düşən
balaca qaqaşımsan…
Çoxdannan bilirəm bunu,
çoxdannan!..

İlkin mənbə: Daha.az

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

HƏMİD HERİSÇİNİN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib

Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib

Yazıçı, publisist, türkoloq və jurnalist Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib.

Hədiyyə edilən əsərlər müəllifin tarixi-bədii və publisistik yaradıcılığının əsas istiqamətlərini əhatə edir. Kitablarda türk xalqlarının qədim və orta əsrlər tarixi, dövlətçilik ənənələrinin formalaşması, Səfəvilər və Atabəylər dövrü, eləcə də Çingiz xan, Tamerlan, Attila və Nadir şah kimi şəxsiyyətlərin fəaliyyəti bədii süjetlər və tarixi faktlar əsasında işıqlandırılır. Müəllifin esseləri, felyetonları və pyesləri isə ictimai proseslərə, milli kimlik və tarixi yaddaş məsələlərinə həsr olunub. Nəşrlər arasında İslam tarixinin mühüm mərhələlərini əks etdirən İbn Hişamın “Məhəmməd Peyğəmbərin həyatı” çoxcildliyi də yer alır.

Kitabxana fondunun bu nəşrlərlə zənginləşdirilməsi tarix, ədəbiyyat və ictimai fikir sahəsində araşdırmalar aparan mütəxəssislər, eləcə də ali təhsil müəssisələrinin tələbələri üçün əlavə elmi mənbə imkanları yaradır. Tarixi romanlar və publisistik mətnlər müxtəlif dövrlərin hadisələrinin ardıcıl öyrənilməsinə xidmət edir, çoxcildli dini-tarixi qaynaqlar isə ilkin mənbələrlə tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident Kitabxanası dəyərli nəşrlərə görə Yunus Oğuza təşəkkürünü bildirir və bu təşəbbüsü milli ədəbi-tarixi irsin təbliğinə xidmət edən mühüm addım kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb

Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb

Martın 10-da Mətbuat Şurasında istefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədovun 70 illik yubileyi qeyd edilib. Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq yubilyarı təbrik etmiş, Bayram Məmmədovun bioqrafiyasını müxtəsər xatırladaraq onun jurnalistika ilə hələ gəncliyindən, son on ildə daha geniş məşğul olduğundan, məqalələrinin müxtəlif qəzetlərdə dərc edildiyindən danışıb.
Milli Məclisin deputatı Səbinə xanım Xasayeva Bayram Məmmədovun xarakterini müəy¬yən-ləşdirən milli-mənəvi dəyərlərimizi yaşada-yaşada necə təbliğ etməsindən, jurnalistlik fəaliyyətində də, siyasi fəliyyətində də bunu ömür fəlsəfəsi bilməsindən, yüksək vətəndaşlıq amalından danışıb.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yubilyarın siyasi baxımdan səbatlığından, dövlətçiliyin əqidə əsgəri olmasından söz açıb.
Tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Lətif Şüküroğlu Bayram Məmmədovun Ermənistanın işğal döyüşlərinə qarşı yaradılan Zəngilan ərazi özünümüdafiə taborunun komandiri olmasından, döyüşlərdə fəal iştirakından, xidmətini Müdafiə Nazirliyini Hərbi Akademiyasında davam etdirməsindən, “İngiliscə-Azərbaycanca, Azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət” tərtib etməsindən danışıb.
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİBİ) İdarə Heyətinin sədr müavini Eyvaz Hümbətov Bayram Məmmədovun azərbaycançılıq ideallarına sevgisindən, fəaliyyətini bu amil əsasında qurduğundan, türkdilli xalqlar arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən, TAİB İdarə Heyətinin üzvü Akif Cabbarov Bayram Məmmədovun məqalələrinin bədii dəyərindən, Azərbaycan dilinin incəliklərinin jurnalistikada işləkliyinin cəfakeşi olmasından, Əməkdar jurnalist, “Olimpiya Dün¬yası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev yubilyarın yaradıcılığının vətənpərvərliyin söz təsdiqi olmasından, yazıçı-publisist Asif Bağırov Bayram Məmmədovun yaradıcılığında Zəngilanlılıq amilindən bəhs ediblər.
“Yeni Zəngilan” qəzetinin redaktoru, tanınmış şair-publisist Salam Cavadov Bayram Məmmədovun Zəngilanın timsalında Azərbaycana sönsuz sevgisindən, işində məsuliyyətindən, təşəbbüskarlığından, inadırmağı bacarmağından, istedadl şair-publisist, istefada olan polkovnik Mahir Cavadov onun işinə, deməli, Vətənə sevgisinin nəhayətsizliyindən, … danışiblar. Digər çıxış edənlərdən taninmiş şair-publisist Tapdıq Əlibəyli, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Teymurov, yazıçı-publisistlər Rəşid Faxralı, İbrahim Məsimoğlu, Azər Hacıbəyli, Əli Bəy Azəri, Ramin Məmmədov, Natella Asena, “Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov Bayram Məmmədovun həmişə məsuliyyətli ömür yaşamasından, təhsilə də, milli mentalitetə də, dövlətə, dövlətçiliyə də sədaqətindən, Zəngilanın müdafiəsində döyüşçülərin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsi istiqmətində böyük fəaliyyətindən,… söz açıblar, ona can sağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda Bayram Məmmədov tədbirin təşkilinə görə Mətbuat Şutasının sədri Rəşad Məcidə təşəkkürünü bildirib…

Rəşid FAXRALI,
Əməkdar jurnalist

RƏŞİD FAXRALININ YAZILARI

YAZARLAR olaraq Bayram Məmmədovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rahim Üçoğlanlı – DEDİ

DEDİ

İlahi, bu gözdə qüdrətə bir bax,
Bir süzgün baxışla hər nə var dedi.
Süst qaldı kipriklər, çatıldı qaşlar,
San ki, pıçıltıyla mənə yar, dedi.

Əriyib mum oldum odlu baxışdan,
Vurdu ürəyimə hər rəng naxışdan,
Qaçmaq istəsə də nurlu yağışdan,
Əmr edib ruhuma dayan dur, dedi.

Rahimə, daddırdı sevginin dadın,
Fəth etdi qəlbimin ən dərin qatın,
Bitdi xatirəmdə bir mələk qadın,
Hər gün məni anıb xəyal qur, dedi!

Müəllif: Rahim ÜÇOĞLANLI

RAHİM ÜÇOĞLANLININ YAZILARI

Rahim Üçoğlanlı digər mənbələrdə

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

     

Dədə Ələsgərin vəfatının 100-cü ildönümü

Dədə Ələsgərin vəfatının 100-cü ildönümü

9 Mart 2026-cı il tarixində Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında söz və saz sənətinin böyük ustadı Dədə Ələsgərin vəfatının 100-cü ildönümü münasibətilə xatirə gecəsi keçirilib.

Tədbirin aparıcısı, şair, publisist Əkbər Qoşalı bildirib ki, tədbir Azərbaycan saz və söz mədəniyyətinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgərin irsinə ehtiramın ifadəsidir. Qeyd edib ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan böyük mədəni xəzinədir.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli ustad sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək böyük ozanın saz və söz sənətində tutduğu mövqedən bəhs edib. Bildirilib ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə aşıq sənətinin ən yüksək zirvəsini fəth etmiş, sözün hikmətini və sazın qüdrətini xalqın mənəvi yaddaşında əbədi yaşadan nadir sənətkarlardan biri kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Aşıq Ələsgərin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, ustad sənətkarın söz dünyası Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi düşüncəsini və həyat fəlsəfəsini özündə əks etdirən böyük bir irsdir.

Konsert proqramında Azərbaycan aşıq və muğam sənətinin tanınmış nümayəndələri çıxış ediblər. Beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, Azərbaycanın Əməkdar artisti Rəhilə Bəndəliyeva, eləcə də aşıqlar Aşıq Nəbi Nağıyev, Aşıq Dərya Mərdənzadə, Aşıq Məhsəti Cabbarova, Aşıq İlqar Qələmçəli və Əməkdar nədəniyyət işçisi, Aşıq Bəhmən Göyçəli Dədə Ələsgər irsinə həsr olunmuş saz havaları ifa ediblər.

Tədbirdə həmçinin dombra və kumuz ifaçısı Adnan Əmirli, müğənni Talıb Taleh, Təbrizli bəstəkar-müğənni Arif Mehmandost, xanəndələr Mehranə Vəliqızı, Rəvanə Vəliyeva və Rəşad İdrisoğlu çıxış edərək zəngin musiqi proqramı təqdim ediblər. Aşıqların ifalarını balaban ustası Ələkbər Ələkbərov müşayiət edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu də çıxış edərək Aşıq Ələsgərin poeziyasının və aşıq sənətinin Azərbaycan mədəniyyətində tutduğu mühüm yerdən danışıblar.

Sazın sədası və ustad sənətə ehtiram ruhunda keçən anım gecəsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbir bir daha göstərib ki, Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqının mənəvi yaddaşında yaşayır və bu irs gələcək nəsillərə ötürülməkdə davam edir. Fotolar:

Anım gecəsi Azərbaycan aşıq sənətinin yaşadılması, milli mədəniyyətimizin təbliği və böyük ozanın xatirəsinin ehtiramla yad edilməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

7 mart Dədə Ələsgərin anım günüdür

RUHU ŞAD OLSUN!

İlkin mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Musavat.com: Həmid Herisçi

Hazırda İranda olan tanınmış yazıçı Həmid Herisçi bir yazı qələmə alıb və həmin yazını yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rza Yeni Müsavat Media Qrupuna göndərib. Musavat.com həmin yazını məzmununa toxunmadan, yalnız hərf və punktuasiya səhvlərini düzəldərək təqdim edir.

Həmid Herisçi, yazıçı

Mən, Güney Azərbaycan milli azadlıq hərəkatının şanlı memarlarından biri Qafar Kəndli Herisçinin ailəsində doğulmuşam. Uşaqlıqdan bu mübarizənin tarixini öz bioqrafiyam bilmişəm. Jurnalistik və ədəbi yaradıcılığımda bu mövzu həmişə ön sırada olub.

Mən həm də müstəqil Azərbaycan mass-mediasının yaranmasında fəal iştirak etmişəm. Son yaradıcılıq emalatxanam AzTV idi. Burada “Mədəni tənqid” verilişini hazırlayırdıq. Ekranlarımızda azsaylı aparıcı duetlərindən biri olaraq həyat yoldaşım İlhamiyyə Rzayeva ilə mədəniyyət hadisələrini cəmiyyətə təqdim edirdik.

Təəssüf ki, qonorar sistemi ləğv edildikdən sonra AzTV-də fəaliyyətimizi dayandırmağa məcbur qaldıq. Təqaüdlə yaşamaq perspektivi ümidverici deyil. Təbii ki, ailə başçısı olaraq ailəmin maddi təminatı naminə yönümü atamın doğma yurdu Təbrizə saldım. Atamın vəsiyyəti ilə qardaş-bacılarıma qalan evimizi satmağı düşünürdüm.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasına dəvət olunmağım da yerinə düşmüşdü. Hörmətli Sabir Rüstəmxanlının sədrlik etdiyi komissiyanın müavini seçilmişdim. Həm də Azərbaycan Yazıçılar Birliyinə faydalı ola bilərəm, təəssüratlarımı bölüşərəm deyə düşünürdüm.

Orada olduğum bir həftədən sonra bəlli hadisələr baş verdi. Başa düşdüm ki, cari gərgin hadisələri yazıb ictimailəşdirmə fürsətini qaçırmamalıyam. Amma Bakıya, doğma ailəmə qovuşmaq arzusundaydım. Dedim, gedim ailəmə baş çəkim, qayıdım. Jurnalist kimi kənarda qala bilməzdim.

Bu arada yoldaşım iki gün idi ki, məndən xəbər ala bilmədiyindən təşvişə düşmüşdü. Sağ olsun, İlhamiyyə xanım mənim istəyimi anladı. Razılaşdıq ki, bir müddət qala bilərəm.

Gələk mənim haqqımda yayılan böhtanlara. Təbrizdəki ovqatı isti-isti çatdırmaq üçün video paylaşdım. Çəkiliş üçün Səttarxan heykəlinin yanında dayandım. Videonu Səttar xanın nəticəsi, dostum Saminin çəkməsi üçün telefonu ona verdim və qısa çıxış etdim.

Video hadisədən az sonra çəkilib. Prezidentin bəyanatı isə bir müddət sonra edildi, təbii ki, hadisə araşdırıldıqdan sonra. Mən və bütün Təbriz internetsiz idik. İndi də informasiya blokadasındayıq.

Dediklərim bu idi:

“Mən indi Təbriz şəhərindəyəm. Xəbər gəldi ki, Naxçıvana mərmilər yağıb. Təsəlli verirəm doğma xalqıma Təbrizdən. Çox böyük əhəmiyyəti var – Təbriz təsəlli verir Bakıya, Naxçıvanda ölmüş insanlar üçün, yağmış bombalar üçün. Təbrizin özündə də vəziyyət o qədər də yaxşı deyil. Deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb, başqa yerdən atılıb. Hər halda Təbrizdə bu söz-söhbət getməkdədir. Baş vermiş hadisə dərindən öyrənilməlidir. Öncədən fikirlər demək hələ tezdir.”

Bunu Güney Azərbaycan WhatsApp qrupunda paylaşdım ki, Bakıdakı Güney komissiyası üzvləri də xəbərdar olsunlar.

Mən öz jurnalistlik borcumu yerinə yetirmişəm. Bir neçə gün sonra mənimlə bağlı qaldırılmış çirkin kampaniyadan xəbər tutdum. Bunlar hamısı iftiradır, əsassız çamuratmalardır.

Mübahisələr məni diksindirdi, ikrah doğurdu. Nə isə…

Hörmətli həmvətənlilərim! Mən bizim doğma, qədim Azərbaycan yurdumuzda bədii yaradıcılıqla məşğul oluram. Güney Azərbaycanda qalıb bu qorxulu müharibənin səlnaməsini yazmaqla məşğulam.

Vaxtilə Ernest Heminquey İspaniyadakı vətəndaş müharibəsini necə öz romanlarında yazmışdısa, mən də eləcə yalnız ədəbi maraqlara xidmət edirəm.

Vətənimə sadiqəm. Vətənim o taylı-bu taylı Azərbaycandır. Anam bakılı, atam təbrizlidir. Azərbaycan mənim simamda bütövdür.

Təbrizdə bu səbəbdən yubanmışam. Bakıdan yeganə yazıçıyam burada. Bu hadisələr yazıçı və jurnalist üçün nadir fürsətdir ki, hadisələri yaxından izləsin.

Artıq gündəliyimi yazmağa başlamışam. Bu günədək 11 kitab yazmışam. Növbəti əsərim də bu hadisələr barədə olacaq.

Əleyhimə böhtan yayanları qınamıram – bu onların amalidir. Mənim amalım isə vətənin mənəvi və mədəni bütövlüyünə çalışmaq, yaratmaq və dərc etməkdir.

Müəllif: Həmid Herisçi

İlkin mənbə: Musavat.com

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I