Visente Blasko İbanyez

Məhkum olunmuş qadın

On dörd aydı ki, Rafael həbsxananın dar bir küncündə cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, divardakı bütün çatları, qabarmış kraska naxışlarını əzbərdən bilirdi. Onun günəşi yalnız göy üzünün kiçik bir hissəsini ona pay verən, dəmir barmaqlıqlarla hörülmüş nəfəslik idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.

Ömürlük cəzasını çəkdiyi vaxtda sonuncu dəfə Madriddə onun ətürpərdici işinə baxılırdı. O, aylarla həbsxanada çəkdiyi cəza ilə sanki ömrünü məzara gömürdü. Dörd tərəfdən əhatə olunmuş daş divar arasında çürüyən canlı cəsədə bənzəyirdi.

Onun heç xoşlamadığı şey təmizlik idi. Hər gün süpürülən, dümdüz yerdə altına saldığı qalın adyal nəmişliyi özünə çəkərək sümüklərinə işləyirdi. Kameranın divarlarında, ortalıqda gözə bircə qırıq da toz dəymirdi. Elə bil təmizlik kampaniyası da qəsdinə durmuş, onu rahat cəza çəkməkdən məhrum edirdi. Tam tənhalıq… Əgər, ora hardansa bir siçan girsəydi o, sevincək öz yeməyini onunla bölərdi və hətta bu gəmiriciylə söhbət də edərdi. Əgər, küncdə bir hörümçək görsəydi, vaxt itirmədən onu əhlilləşdirməyə başlayardı.

Bu məzarda ayrı bir həyat yaşamaq istəmirdi. Bir gün bir sərçə nəfəsliyə qonub içəri boylanaraq cik-cirik elədi. Elə bu məqamda işığın və məkanın uyarsızlığı rəngi saralmış, zəifləmiş, yayın cırhacırında üşüdən Rafaeli bayıra çəkdi. Başına bağladığı yaylıq, böyrəyini sarıdığı adyal bədənini heç qızdırmırdı. Yəqin dustağın saralmış sümüklü sifəti və qəribə geyimi quşu ürkütdü. Bir tərəfdən də içəridən gələn iydən uzaq olmaq üçün quş dərhal qanadlarını çırparaq uçub getdi…

Qibtə etdiyi yeganə şey həbsxana yoldaşlarının gəzinti zamanı etdikləri söhbətlər idi. Onlar heç olmasa mavi səmanı seyr edə bilirdilər, onun kimi havanı pəncərədən udmurdular. Ayaqları qandallı deyildi və gəzərək istədikləri dustaqlarla söhbət edə bilirdilər.

Əbədi dustaqlıq, bunu Rafael kəşf etmişdi. Belə bir cəzaya məhkum olunduğundan, bayırda gəzənlərə nifrət edirdi. Vəziyyətinin yüngül olmasını istəyirdi. Ciddi rejimdə olan dustaqlar bayırdakılara, azadlıqdan zövq alanlara nifrət edirlər: Ax, onların hamısı məhkum olunmalıdır!

Bədbəxtliyin sonuncu mərtəbəsində idi. Bir dəfə qaçmağa cəhd göstərmişdi. Ümidsizlik içində yeri qazıb çıxmaq istəyəndə nəzarətçilər ona mane oldular. Mahnı oxuyanda icazə vermirdilər. Anasının ona öyrətdiyi və az-maz yadında qalan sözləri monoton tərzdə astadan oxumaq istəyəndə səsini kəsirdilər. Özünü dəliliyə vurmuşdu nədi? Sakit! Onlar Rafaeli olduğu kimi görmək istəyirdi, sağlam və əqli yerində! Başı pozuq adamı həbsxanada saxlamaq olmaz.

Dəli?! Yox, o, elə olmaq istəmirdi, ancaq qandallı ayaqlarıyla bir yerdə hərəkətsiz qalmaq ömrünü kəsirdi onun. Gecələr gözlərini yumanda hərdən qarabasmalar görürdü. İşığı tez-tez yandırıb söndürmək ona pis təsir edirdi və on dörd ayda bu vəziyyətə heç uyğunlaşa bilməmişdi. Yuxularında onu öldürmək istəyən düşmənləri Rafaelin həyatını kəlləmayallaq etmişdi. Buna görə də əziyyət çəkirdi.

Gündüzlər keçmişini düşünürdü. Onun huşsuz yaddaşı həyatının səhifələrini bir də vərəqləmək istəyirdi.

Bir neçə xəstəliyinə görə, birinci həbsindən sonra doğma kəndinə qayıtmasını xatırlayırdı. Camaatın meydandakı tabernanın ətrafına yığışması, özünün bütün rayonda qazandığı nüfuzu, adı yadına düşdü. Hamı ona heyrətlə baxırdı: “Rafael necə də möhkəm adamdı!” Kəndin ən gözəl qızları onun qadını olmağa hazır idi. Bu, onun heç də nəvazişli münasibətinə görə deyildi, məhz hiss etdirdiyi qorxunun qazandırdığı hörmətə bağlıydı. Bələdiyyə işçiləri onun əlinə silah verib kəndin gözətçisi təyin etmişdilər. Kobudluğundan istifadə edib seçkilər zamanı səs toplayırdılar. O, sözün əsl mənasında hökmranlıq edirdi. Başqa bir quldur dəstəsini yumruğun altında saxlayırdı. Onlar da yorulmuşdular, artıq müdafiə oluna bilmirdilər. Çünki bunun sonu həbsxana ilə qurtarırdı. Axırda onları Rafaelin qabağına gətirdilər.

Aman Allah! Qüruru təhlükə altında idi: “Gərək bunun qulağının dibini qızışdıram. O mənim çörəyimi əlimdən alır”. Təsadüfən gözlənilən an gəlib çatdı. Ona tüfəngin qundağıyla elə goydu ki, bir də səsi çıxmasın.

Eh, bu da axırı… Kişilərin başına gələn şeylərdi! Sonu da həbsxana həyatı. Orada keçmiş yoldaşlarını tanıdı. Hökm çıxarılandan sonra əvvəl incitdiyi dustaqlar bütün vasitələrlə ondan qisas alırdılar. Həmən dəhşətli hökm və lənətə gəlmiş o gözətçilər… On dörd aydı ki, bütün bunlara dözürdü. Kaş Madriddən ölüm hökmü gələydi. Bəlkə də artıq yoldadır.

İndi Rafaelin heç bir dəyəri yox idi. Xuan Portela, göyçək Fransisko Esteban və etdiyi bütün qəhrəmanlıqlar haqqında düşünürdü. O qəhrəmanlıqlar ki xalq mahnıları kimi dildən-dilə düşürdü. Onları eşidəndə fərəhlənirdi. İndi bunlar düşdüyü vəziyyətə heç cürə kömək etmirdi.

Bəzən gecələr yerə sərdiyi adyaldan dik atılırdı, elə bil kimsə gizlindən ona atəş açırdı. Və bu zaman qandalları kədərli səslər çıxarırdı. Uşaq kimi qışqırırdı və həmin andaca qışqırmağına sanki peşman olur, səsini içində boğurdu. Onun daxilində bağıran başqa bir Rafael idi. İndiyə qədər tanımadığı Rafael. O Rafael qorxur, kövrəlir, ağlamsınırdı. Keçibuynuzu bitkisi və əncirdən hazırlanmış içkini içməsə sakitləşmirdi. Həmin içkiyə orda kofe deyirdilər.

Özünə ölüm arzulayan əvvəlki Rafaeldən yalnız bir dəri və bir sümük qalmışdı. Yeni Rafael isə artıq qəbiristanlığın içində gəzən birisi idi. Düşünəndə ki on dörd ay keçib və hər şeyin sonu çatıb, dəhşətə gəlirdi.

Qorxağın biri olmuşdu. Hiss edirdi ki, bədbəxtlik ona lap yaxınlaşıb. O, bədbəxtliyi hər yerdə, qapının pəncərəsindən maraqla boylananların üzündə, indi hər axşam ona baş çəkən həbsxananın rahibində də görürdü. Elə bil həbsxana kamerası ancaq söhbət eləmək və siqaret çəkmək üçündür. Pis, çox pis!

Ona verilən suallar narahatçılıqdan başqa bir şey deyildi. Yaxşı xristiandırmı? Əlbəttə, padre. Rahiblərə hörmət edirdi. Heç zaman onlar haqda pis fikirdə olmamışdı. Bütün qəlbi ilə kralı müdafiə etmək üçün dağlara çəkilmişdi. Bir də ki, onu kəndin rahibi göndərmişdi.

Sonra rahib ona İsadan danışdı. Allahın oğlu olaraq o da Rafael kimi çətin vəziyyətə düşmüşdü. Və belə müqayisə yazıq şeytanı daha da coşdururdu. Necə də qürurludur! Baxmayaraq ki, bu qədər oxşar əlamətlər göstərirdi, ancaq hökmün mümkün qədər gec yerinə yetirilməsini arzulayırdı.

Dəhşətli xəbər başının üstündə şimşək təki çaxdı. Madriddə hökm artıq oxunmuşdu. Ölüm hökmü sürətlə, teleqrafla gəlirdi. Rahibə deyəndə ki məhkum olduğu müddətdə əli uşaqlı bir qadın onu görmək üçün həbsxananı dörd dolanır, çox tərəddüd etmədi. O qadın kənddən çıxanda məsələ artıq bitmişdi…

Onun əfv oluna biləcəyini deyəndə, bütün bədbəxtlər kimi o, dəlicəsinə son ümidindən yapışdı. Məgər o, əfv oluna bilməzdimi? Niyə də ki olmasın? Bir də ki, istəsə bu sənədi Madriddə oturan o xanım imzalaya bilərdi.

Vəkillər, keşişlər, müxbirlər, hamısı ona baş çəkirdi. Bu ziyarətlər ya hansısa maraqdan irəli gəlirdi, ya da öz vəzifələrini icra edirdilər. Onlar yalvarıcı tərzdə suallar verirdi, guya ki, qəbir qazanlar dustaqları xilas etmək iqtidarında idilər:

– Necə bilirsiz? Sizcə imzalayacaq o sərəncamı?

Növbəti gün əli-ayağı bağlı halda inəyi kəsimxanaya aparan kimi, onu da öldürmək üçün öz kəndinə aparacaqdılar. Məhkum olunmuş və heç kimə lazım olmayan Rafael orda idi, öz kamerasında. Onun azadlığa çıxmasını gözləyən, cavan, uzun ətəkli, şişman dodaqlı, çatmaqaş bir qadın vaxtını bütün günü həbsxana qapısının ağzında keçirirdi.

Qadın orda olmağıyla hamını təəccübləndirmişdi. Onun çaşqın baxışlarından kədərdən çox kütlük yağırdı. Kobud bədəni və iri döşləri olan qız arabir gözünün yaşını tökürdü. Rafaelin sonunun belə olacağını bilirdi. Kaş ərindən uşağı olmayaydı!

Həbsxananın keşişi qadını sakitləşdirməyə çalışırdı. Özünə başqa bir kişi tapar, o zaman bəlkə xoşbəxt olarsan, deyirdi. Qadını ruhlandırmağa çalışırdılar. Hətta söhbət elə alındı ki, onun birinci sevgilisindən də danışdılar. Qızın dediyinə görə oğlan yaxşı adam idi. Rafaeldən qorxduğu üçün qıza yaxın durmurdu. Amma indi yavaş-yavaş kənddə qıza yaxınlaşırdı. Elə bil ona nəsə demək istəyirdi…

– Yox. Kişini hər zaman tapmaq olar. – Özünə toxtaqlıq verirmiş kimi təbəssümlə, sakit bir tərzdə dedi. – Ancaq mən əsl xristianam. Əgər başqa kişi tapsam istiyərəm ki, bu Allahın izniylə olsun.

Keşişin və yan-yörəsində olan işçilərin üzündəki ifadəni görəndə, reallığa qayıdıb yenidən göz yaşları tökməyə başladı.

Axşam düşəndə xəbər gəlib çatdı! Bəli, Rafaelin əfv olunması ilə bağlı sərəncam imzalamışdılar. Rafaelin təsəvvürünə gətirdiyi Madriddəki həmən o nəcib qadının qəlbində uzun-uzadı teleqram və xahişlərdən sonra mərhəmət hissi oyanmış, dustağın ömrünü uzatmaq qərarına gəlmişdi. Bu xəbər həbsxanada böyük səs-küyə səbəb oldu, elə bil orada yatanların hamısına azadlıq verilmişdi.

– Arvad, sevin, – keşiş dustağın qadınına dedi. – İndi sənin ərini öldürməyəcəklər, dul qalmayacaqsan.

Arvad eşitdiyi sözlərdən yerindəcə qurudu. Tərəddüdlə soruşdu:

– Yaxşı, nə vaxt çıxacaq?

– Çıxmaq?! Dəli olmusan? Heç vaxt! Ərinin həyatını xilas etdiyin üçün rahat ola bilərsən. İndi onu Afrikaya göndərirlər. Cavan və güclü olduğu üçün hələ iyirmi il də yaşayacaq.

Qadın hönkür-hönkür ağlamağa başladı. Ancaq onun göz yaşlarının səbəbi kədər deyil, ümidsizlik idi.

– Arvad, gedək. – Keşiş qıcıqlı halda dedi. – Bu, artıq Allaha inamsızlıq göstərməkdir. Onun həyatını xilas etdilər, başa düşürsən? Artıq ölüm hökmü üstündən götürülüb… Amma sən yenə də şikayətlənirsən.

Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.

– Yaxşı, öldürməyin onu… indi rahatam. O xilas olundu, bəs mən?

Uzun sürən sakitlikdən sonra qan dammış buğdayı yanaqlarını yenidən əsdirərək əlavə etdi:

– İndi məhkum olunmuş mənəm…

Müəllif: Visente Blasko İbanyez

İspancadan çevirdi: Məmməd Məmmədli

Daha çox məlumat burada

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Professor Kərim Tahirov Budapeştə işgüzar səfərdə

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.

Səfərin ilk hissəsində Kərim Tahirov Xarici Ədəbiyyat Milli Kitabxanasında olub. Qonaqları kitabxananın direktoru İstvan Horvath qarşılayaraq müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatın toplanması və oxuculara təqdim olunması baxımından mühüm mədəniyyət ocaqlarından biridir və beynəlxalq ədəbi əlaqələrin inkişafında xüsusi rol oynayır. Hazırda kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 000-dən çox ədəbiyyat vardır.

Professor Kərim Tahirov kitabxananın müxtəlif bölmələri ilə yaxından tanış olub. Musiqi bölməsində nadir not materialları, musiqi nəşrləri və audio arxivlər təqdim olunub. Həmçinin Azərbaycan musiqisinə dair not materialları və səsyazıları ilə tanışlıq olub. Direktor tez bir zamanda yeni musiqi və not materiallarının kitabxanaya göndəriləcəyini bildirib. Oxu zalında müasir və rahat şərait, istifadəçilər üçün yaradılmış geniş imkanlar və elektron resurslara çıxış imkanları barədə məlumat verilib. Xarici ədəbiyyat zalında isə dünya ədəbiyyatının klassik və müasir nümunələrinin zəngin kolleksiyası nümayiş etdirilib. Bununla yanaşı, kitabxananın digər bölmələri və xidmət sahələri də təqdim olunub.

Daha sonra professor Kərim Tahirov Macarıstan Parlament Kitabxanasını ziyarət edib. Qeyd olunub ki, bu kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.

Parlament Kitabxanasının rəhbəri Szollas Peter professor Kərim Tahirova kitabxananın fəaliyyəti barədə geniş təqdimat edib. Bildirilib ki, kitabxana həm ənənəvi fondlarla, həm də geniş elektron resurs bazası ilə oxuculara xidmət göstərir və müasir informasiya sistemlərinə malikdir. Həmçinin, professor Kərim Tahirov Parlament binası ilə yaxından tanış olub, burada tarixi və mədəni əhəmiyyət daşıyan zallarda gəzdirilərək binanın zəngin irsi və arxitekturası barədə məlumatlandırılıb.

Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran professor Kərim Tahirov, kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu kitabxana rəhbərinə bildirib.

Səfər zamanı professor Kərim Tahirova Macarıstan Parlament Kitabxanası tərəfindən “Macarıstan Parlament Kitabxanası”, “Budapeştdə Parlament binası və XIX əsrin digər parlament binaları”, “Macarıstanın Müqəddəs Tacı və tacqoyma regaliyaları” nəşrləri hədiyyə olunub.

Professor Kərim Tahirov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu cür görüşlərin Azərbaycan ilə Macarıstan arasında elmi və mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və gələcək əməkdaşlıqla bağlı qarşılıqlı niyyət ifadə olunub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadənin kitabı Parti Başkanına hədiyyə edildi

Etibar Həsənzadənin kitabı Parti Başkanına hədiyyə edildi

Etibar Həsənzadənin “Zəfərlərə Doğu” kitabı qardaş Türkiyəmizin Anavatan Partisi Genel Başkanı İbrahim Çelebi ye hədiyyə edildi.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
“Zəfərlərə Doğu” kitabım Türkiyədəki Gönül Elçim Mustafa Nazilli bəy tərəfindən Anavatan Partisi Genel Başkanı İbrahim Çelebi ye hədiyyə edildi.


Diqqət və hörmətə görə İbrahim Çelebi bəyə və məni layiqincə təmsil etdiyinə görə Gönül Elçim Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah sizlərdən razı olsun var olun.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Etibar Həsənzadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan Uğur – BAHARDA DOĞULANLAR

BAHARDA DOĞULANLAR
(3-cü hissə)

MƏMMƏD ALİM
(Əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi)

MƏMMƏD ALİM – SÖZ SIĞINACAĞI
(esse)

Bu günlər – yazın gülləmə-çölləmə çağında neçə gündür ki, mərhum şairimiz Məmməd Alimin bahar ovqatlı şeirlərini söyləyirəm.Novbaharda – Yazın erkən çağında Məmməd Alimin lətif şeirlərini dilə gətirməyimin səbəbi çox sadə imiş: axı şair də Yazağzında təvəllüd etmiş ziyalılardan idi.
Doğrusu, içimdən bir doğma səs bəndənizi müəllifi olduğum “Baharda doğulanlar” silsiləsində yer alacaq şairlərimizi bir qədər sonraya saxlamağa və Məmməd Alim ruhunu sevindirməyə çağırdı.Madam ki, Novxanıda neçə gündür şairin şeirlərindən guppuldadıram, deməli, bu nüansın özü də əbəs deyilmiş.Əlbəttə, hər şey ilk növbədə
“Könül bayramı” şeirini biqəfil xatırlamağımdan başladı.O da yadımdadır ki, Məmməd Alimi illər öncə AzTV -də – “Telefilm” in filmlərində çıxış edərkən görmüşdüm.Dumanlı da olsa, xatırlayıram.Deyəsən, mərhum Vüqar Tapdıqlı ilə həm də dostluqları vardı.İşə baxın, indi hər ikisi Haqqa qovuşublar, biz isə…
…Bizdən yan ötək, varaq Məmməd dünyasına.Əslində, 65 illik ömründə Məmməd Alim həmişə harasa köç edib.Əsl ünvanı isə söz olub, şeir olub.Təkcə mən demirəm ki, şairin özü də eyzən bu qənaətdə idi:

Mən xırda çay balığıydım,
Çaydan dənizə köçmüşəm.
Dərin duyğu bulağıydım,
Ürəkdən gözə köçmüşəm.

Ömrü özləyib öncədən,
Keçdim niyədən, necədən.
Aysız, ulduzsuz gecədən,
Günlü gündüzə köçmüşəm.

Başım dəyib daşdan-daşa,
Dönmüşəm qanadsız quşa.
Piyada payızdan qışa,
Qışdan da yaza köçmüşəm.

Çəkib könül karvanımı,
Özüm qurdum divanımı.
Dəyişmişəm ünvanımı,
Şeirə, sözə köçmüşəm.(M.Alim)

Lap çocuqluğundan ünvan dəyişməyə adət eləmiş Məmməd Alim 1949-cu ilin martın 16-da Goranboyun Xınalı kəndində doğulub.İlk ünvan dəyişməyi əzəmətli Gəncədən başladı.Bu, onun öz köçü idi, söz köçləri isə daha sonralar olacaqdı.Həmin köç kənd evlərinin çiy kərpic divarından, daşından başlayacaqdı; Alimin dəcəl yaşından, taxta beşiklərinin, xallı pişiklərinin gətirdkləri çadırlı, üstüörtülü maşından keçəcəkdi; babasının xurcunundan, çəkicindən, kəlbətinindən, nənəsinin cehizli xalısından keçəcəkdi o köç; anasının köhnə, güllü çit donundan, işə gedən zaman istifadə etdiyi qarğı səbətindən keçəcəkdi; daha nələrdən-nələrdən keçəcəkdi Alimin kiçik Xınalıdan böyük Gəncəyə köçü…
Kənd qəbiristanlığında ikiyaşlı bacısının – özü də qıvrımsaçlı bacısı Minirənin əl boyda məzarından keçəcəkdi o məlum köç.
Sonra ad və soyadının da bir-birinə köçü olacaqdı.Alim Məmmədov Məmməd Alim olacaqdı, daha poetik, daha müdrik səslənişlə.
Azərbacan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri də olacaqdı, Beynəlxalq Rəsul Rza ədəbi mükafatının laureatı da.Amma bu uğurlara gedən yolu əsla asan olmadı.
16 yaşında ikən “Kirovabad kommunisti”, indiki “Gəncənin səsi” qəzetində ilk mətbu şeirinin dərc olunmasının sevincini dadır.Dövri mətbuatda sərasər nəşr olunan şairin şeirləri müxtəlif almanaxları özünə ünvan bilir.Məhsətidən, Vazehdən, habelə xarici müəlliflətdən – Bella Axmadulinadan, İosif Brodskidən tərcümələr edir.
Yenə köçür, ilhamının yelkəni cürbəcür dünyalara açılır.Ancaq könül bayramını Novruzla, yazla, baharla, ülfətlə, sevgi ilə bağlayır.

O, otuz bir dekabr-
Yeni il bayramıdır.
Bu, Novruzdur, əzizim,
Yazdır, gül bayramıdır.

Bu aşıq, o ozandır,
Xoruz banı – əzandır.
Gələn ay Ramazandır,
Oba, el bayramıdır.

Alnımız qırışıqdır,
Fikrimiz qarışıqdır,
Harda ki barışıqdır,
Şirin dil bayramıdır.

Gözlə gözün görüşü,
İzlə izin görüşü,
-İkimizin görüşü,
Bu, könül bayramıdır.

Bu sayaq Bahar ovqatlı mənzərələri çox qələmə alıb şair.Nigar Rəfibəyli ilə Rəsul Rzaya ithafən yazdığı şeir də təbiət lövhələri ilə bica yerə
süslənməyib ki?!

Göyçay çinarı, Gəncə qovağı…

Bakıda görüşdülər
Ömrün ilk bahar çağı.
Rəsul – Göyçay çinarı,
Nigar- Göygöl qovağı.

Ata yurdundan gəldi
Qovağın son sorağı.
Çinar ora tələsdi,
Heykəl gördü qovağı.

Rəsulun gözlərində
Göygölün göy qurşağı.
Göygölün üzərində,
Nigar – durna çırağı.

Əbədi qovuşdurub,
İki qəlbi Xan bağı.
Şair ömrü yaşayır,
İki dünya qonağı.
Rəsul – Göyçay çinarı,
Nigar – Gəncə qovağı.

Doğma Gəncəsinə çox bağlı idi Məmməd Alim.Gəncə Dövlət Universitetinin filologiya faküləltəsində oxuyarkən – 1967-72-ci illərdən Gəncə torpağına – ulu diyara bağlılığı baqi xarakter aldı.Gəncəni şeirlərində öydü, yurda, məmləkətə sevgisini böyütdü, amalını bütöv Azərbaycana, Təbrizə köçürtdü.Hər köçü kimi, bu köçü də doğal idi, təbii idi, zəruri idi.
“Qəlbim Təbrizə çatdı” şeiri Məmməd Alimin bu dünyadan çıxıb da son varacağı bir arzuya, bir hədəfə dönüşdü.

Mən Məmməd Alimi dinlədim dedim,
Yerlədim, göylədim, günlədim, dedim.
Dünya, qapını aç, aç gedm, drdim,
Qəlbim qanad qırıb Təbrizə çatdı.

Məmməd Alim heca vəzninin ən müxtəlif şəkillərində seçkin nümunələr yaratmaqdan zövq aldı, kiçik həcmli şeirlərini poemalar əvəzlədi.Sonra şirin təcnisləri ilə qələmini müşərəff etməyi bacardı.

Köynəyini yuyub asdı aynadan,
Səbirli ol, kölgədə yox, gündədi.
Neyləsin, tez qurumasa, ay nadan.
Günah onda deyil, gücsüz gündədi.

İçib sərməst olur, sevir sər xoşu,
Sər özü xoşudur, xoşu sər, xoşu.
Ailənin sənin kimi sərxoşu,
Nə ayda, nə həftədədi, gündədi.

Məmməd Alim deyir: Bu yoldan daşın,
Niyə vaxt-vədəsiz atılsın daşın.
Bir bax, o ismətli ömür yoldaşın,
Cavan gəlin ana gör nə gündədi?!

Şübhəsiz şairin sərhədləri aşan şeiri, dillər əzbəri olan “Dünya, qapını aç…” şeiridir.Onun bu şeiri Güneydə, Təbrizdə də çox sevilir.

Quranın göylərdən nazil olsa da,
Ömür möhlətim lap yüz il olsa da,
Sabahın bu gündən gözəl olsa da,
Dünya, qapını aç, aç çıxım gedim.

Məmməd Alimin sabahı dünənindən yüz faiz daha gözəl, daha manidardır.Əbədi ünvanları, əbədi sığınacağı söz olanların aqibəti hərdaim bu sayaq olur.Baharda doğulan Məmməd Alimin 2014-cü ilin avqustun 29-da – ömrün 65 indən gələcəyə apardığı sözün, şeirin əbədi bir zəmanət çeki qalıb.
Limitsiz və sərhədsiz çekdir həmin zəmanət çeki.Kainatın hər guşəsində – dövlətinə, diilinə, millətinə baxmadan, hər yerdə işə keçir bu növ zəmanət çekləri.
O tilsimli zəmanət çekinin bu gün Məmməd Alim kimi şairləri Bahar çağında xatırlatmağa, hətta şərəfinə esse də yazdırmağa gücü çatdı.
Rəbbimiz bu dünyamızı Məmməd Alim kimi şairlərimizdən, şairlərimizi isə o zəmanət çeklərindən xali etməsin.Ulular belə söylərdi bu məqamda:
Kərəminə şükür İlahi, qələminə mərhaba!
Mərhaba, Baharda doğulanların aqibətinə!
Bahar qoxulu misraların şairi, öz sığınacağına,
söz sığınacağına mərhaba!

Turan Uğur,
AYB-nin üzvü,
24 mart 2026-cı il,
Novxanı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İdris Şükürlü – Səadət Sultan

Səadət Sultan. Bu ad oxuculara, bədii nəsr həvəskarlarına yaxşı tanışdır. O, yazıçı, publisist, tərcüməçidir, alovlu vətənpərvərdir, yurd təəssübkeşidir. İmzasını oxucular yaxşı xatırlayırlar. Azərbaycanın müxtəlif qəzet və jurnallarında, sosial şəbəkələrdə hekayələri, piblisistik yazıları, esseləri və tərcümələri yayımlanmışdır. Onun üçüncü kitabı haqqında söhbət açmaq istədim. Öncə onu qeyd edək ki, bu kitab nəfis tərtibatla çap edilmişdir, 208 səhifədən ibarətdir. Çap olunan əsərləri lakonikdir, oxucunun zövqünü oxşayır, müasir dövrümüzün ab-havası ilə səsləşir.

-Siz necə oldu ki, ədəbiyyata gəldiniz? – sualına Səadət Sultan belə cavab verdi:

-Hələ yeniyetməlik çağlarında Səbayıl rayonundakı Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-hunanitar elmlər liseyində oxuyarkən, ədəbiyyata, yazıçı və şeirlərə, onların kitablarına, əsərlərin qəhrəmanlarına xüsusi maraq göstərdim. Çoxlu kitab oxuyurdum, özümü bəzən personajların yerində hiss edirdim, onlara oxşamaq keçirdi könlümdən. Düşünürdüm: “Görəsən mən də əsər yaza bilərəmmi, kitabım çap olunarmı?” Daha sonralar ədəbiyyatın həyatda hansı üstün mahiyyətə malik olduğunu öyrəndim. Öyrəndim ki, bizim ədəbiyyatın korifeyləri Nizami, Füzuli, Nəsimi, Xətai əsrlər ötsə də kitablarında, poemalarında yaşayır, şeirlərində, misralarında döyünür, sevilərək oxunurlar.  Əsrlərdir bizə müdrik yol göstərir, milli-mənəvi dəyərlərimizi qoruyurlar. Necə deyərlər, onların bizə yadigar qalmış kitabları bizi əsrlərlə, nəsillərlə görüşdürür, biliklər dünyasına səyahətə aparırlar.

S.Sultanın ədəbiyyatşünas-alim Allahverdi Eminovun “Mir Cəlalın poetikası” adlı 3 cildlik kitabları barədə yazdıqları çox maraqlıdır, bilmədiklərimizə bələdçilik edir. Qələm ustası, istedadlı yazıçı və tərcüməçi, ictimai fəal Səadət Sultanın kitabında bu barədə bizə məlumat verir.

Müəllif məqalə və esselərində bizi tarixin açılmamış səhifələrinə səyahətə aparır. “Lerikin unkal təbiəti heyran edir” yazısında bir əsr əvvəl Lerikdə olmuş xarici ölkələrin tanınmış səyyahlarının, təbiətşünas alimlərin, arxeoloqların Lerikdəki tapıntılara dair məlumatları sosial şəbəkədə 44 min izləyicinin baxdığını da qeyd etmişdir.

“Bəşər sivilizasiyasının dünyaya bəxş etdiyi nadir abidələrin bir qismi Lerikin ərazisində məskunlaşıb” adlı publisistik məqalə çox maraqlıdır, bizi uzaq tarixi keçmişə aparır, AMEA Arxeoloqiya və Paleontologiya İnstitututunun professoru, tanınmış arxeoloq-alim Əsədulla Cəfərovun Lerikin ərazisində kəşf etdiyi, respublikamızda ikinci Azıx tipli mağara olan Büzeyir ibtidai insanların yaşadığı düşərgənin kəşf olunduğunu diqqətə çatdırır. Məqalədə göstərilir ki, bu mağaranın kəşfi çox mühümdür, dünya əhəmiyyətli tapıntıdır, Azərbaycanın ən qədim insanların yaşadığı məskən kimi xarakterizə olunur. “Lerik haqqında təəssüratlarım: dağlar qoynundakı diyar” oçerkində müəllif bizi Lerik haqqında bilmədiklərimizlə tanış edir, nadir arxeoloji tapıntılar haqqında məlumat verir. “Nəsillərin nəsillərə yadigarı”, “Ürəklərin dostu” adlı publisistik yazılar oxunaqlı və yaddaqandır.

Hekayələr rəngarəng olsa da, diqqət çəkir, oxucunun qəlbinə yol tapır, xeyirxahlıq, insani hiss və duyğular hakimdir. “Vətən mənim sevgilimdir”,  “Mükafat “qutusu”na sığan ömür”, “Sonuncu dayanacaq”, “Pələngin qisası”, “Saatın  əqrəblərı”, “Yağışda islanmayan adam” hekayələri müasir çağdaş ədəbiyyatımızın gözəl nümunələri sayıla bilər. Ustalıqla yazılmış həmin hekayələr həm bədii, həm də fəlsəfi məna yükünə malikdir, oxucunu düşünməyə sövq edir.

Səaədt Sultaının “Yağışda islanmayan adam” kitabında yer almış tərcümələri müxtəlif sahələri əhatə edir. Biz kitabda təqdim olunmuş bədii və sənədli, elmi yazılarla tanış olmağı oxucuların ixtiyarına buraxırıq.

Müəllif: İdris Şükürlü

İdris Şükürlünün yazıları

Səadət Sultanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cahangir Namazovun müsahibəsi

“YUNAN VƏ ROMA MIFOLOGIYASI, DÜNYANIN HƏR GUŞƏSINƏ TƏSIR EDIR”

Bəşər tarixinin yaddaşı miflərdə yaşayır, sənət isə bu yaddaşı zamanın içindən keçirərək bu günə daşıyır.
Qədim sivilizasiyaların səsi, dənizlərin dərinliyindən gələn sirli izlər və insan ruhunun dəyişməz axtarışları — bütün bunlar müasir düşüncə ilə qovuşaraq yeni mənalar qazanır.
Bugünkü dünyada keçmiş sadəcə xatirə deyil, o, gələcəyin istiqamətini müəyyənləşdirən canlı bir irsdir.
Məhz bu nöqtədə sənət, tarix və ədəbiyyat bir araya gələrək insanlığa öz köklərini anlamaq və gələcəyə daha şüurlu addımlamaq imkanı yaradır.
Bu dəfəki müsahibimiz — Yunanıstandan olan tanınmış vizual sənət yaradıcısı, kolumnist, şair və tədqiqatçı, bir çox milli və beynəlxalq mükafatların laureatı Konstantinos Faisdir.
Onun yaradıcılığı qədim dünyanın dərin qatlarını müasir baxışla birləşdirərək, tarixə yeni bir nəfəs verir və mifologiyanın bu gün də yaşayan təsirini aydın şəkildə ortaya qoyur.

Konstantinos Fais haqqında:

Konstantinos Fais — yunan vizual sənətçisi, sütun yazıçısı, şair və tədqiqatçıdır. 1987-ci ildə Yunanıstanın şimal-qərbində yerləşən Ioannina şəhərində anadan olub. O, İtaliyada mülki mühəndislik təhsili alıb və həmçinin Ioannina Universitetindən İqtisadiyyat ixtisası üzrə sertifikat sahibidir.
U uşaqlıqdan etibarən uzaq keçmişi işıqlandırmağa böyük həvəs göstərib. Onun sənət əsərləri əsasən Tarix və Dənizçilik mövzularına həsr olunub. Hazırda o, UNESCO Pirey və Adalar və International Action Art Fairdə masterklass sənətçisi kimi fəaliyyət göstərir, ABŞ-da HERMES Expo Internationalın mədəniyyət tərəfdaşıdır və Hindistanda International Academy of Ethics tərəfindən “Distinguished Scholar” (Seçilmiş alim) tituluna layiq görülüb.
Bundan əlavə, o, Yunanıstanda Poetry Unites People beynəlxalq təşəbbüsünün səfiri və Almaniya, İraq və Meksikadakı (UNAM) Milli Tarix və Coğrafiya Akademiyasının mədəniyyət qurumlarından beynəlxalq tanınma alıb.
2020-ci ildə o, Montevideo, Uruqvayda Milli Təbii Tarix Muzeyi paleontoloqları ilə əməkdaşlıq nəticəsində beynəlxalq medianın diqqətini cəlb edib. Bu layihə prehistorik növlərin gigantizmini vurğulamağa yönəlmişdi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və təhsil məqsədi ilə Afinada xüsusi müəssisələrdə rəqəmsal skan edilmişdir.

— Hansi hadisələr və insanlar yaradıcılıq yolunuza ilham verib?

— Mən 38 yaşındayam və yaddaşımda qaldığı qədər, həmişə zamansız və autentik olan şeylərə maraq göstərmişəm.
Zamanın dənizlərindən keçib bu günümüzə qədər insanlığa təsir edən hər şey mənim diqqətimi çəkir. Sadə əl izlərindən tutmuş sonrakı dövrlərin zərif və mürəkkəb təsvirlərinə qədər, vizual incəsənət 40.000 ildən çox tarixə malikdir, insan cəmiyyətindən də əvvəl yaranıb.
Mən öz-özünü yetişdirən bir sənətkaram və vizual incəsənət vasitəsilə həm müasir, həm də keçmiş dövrlərə dair baxışlarımı əbədiləşdirmişəm. Bu, mənim üçün təbii bir ehtirasdır, xüsusi bir stimulla bağlı deyildi. Amma mən babamı hörmətlə yad edirəm, uşaqlıqda onunla tarix haqqında uzun müzakirələr aparmaq bu ehtirası inkişaf etdirməyimə kömək etmişdir.

— Bir çox kitab və əsərləriniz qədim dünya və dəniz tarixinə həsr olunub. Bu sahəyə marağınız necə başladı?

— Mənim vizual və ədəbi arxivimin böyük hissəsi qədim dünyaya, xüsusilə Aralıq dənizi bölgəsinə aiddir. Bu sahənin sahil iqlimi mükəmməl olduğundan, ən qədim və görkəmli sivilizasiyaların beşiyi sayılır. Bu sivilizasiyalar isə əfsanələr, minillik ənənələr və fəlsəfi mexanizmlər yaradıblar ki, təsirləri bu gün də cəmiyyətin bütün sahələrində görünür.
Bundan əlavə, dənizçilik M.Ö. 3.000-ci illərdə Şərq Aralıq dənizi sivilizasiyalarında yaranmış və insanlığın ümumi mövcudluğu ilə bağlıdır. Dənizlər – böyük, sərhədsiz və amansız “canavarlar” – qitələri ayırır. Bu mənada, dənizçilik dünyanı birləşdirib və insanı yeganə qlobal növ halına gətirib. Qədim yunan tarixçisi Tukidid deyib ki, “Dənizi idarə edən dövlətin gücü böyükdür” və bu, həqiqətən doğrudur.

— Yaradıcı əsərlərdə ədəbiyyat, tarix və vizual incəsənəti birləşdirirsiniz. Bu üç elementi birləşdirmək sizə nə qazandırır?

— Bu üçbucaq vasitəsilə strukturlaşdırılmış nəticə əldə etmək mümkündür.
Qədim ədəbiyyatdan və hər hadisənin tapıntılarından əvvəlcə lazım olan məlumatları toplayıram və sonra əsərin vizual istiqaməti ortaya çıxır. Beləliklə, mən cəmiyyətə daha sənədləşdirilmiş və eyni zamanda təzə bir baxış təqdim etməyə çalışıram.

— Milli və beynəlxalq mükafatlar almısınız. Bu nailiyyətlər yaradıcılığınıza hansı yeni üfüqlər açdı?

— Həqiqətən, Yunanıstan daxilində və xaricində tanınmaq, hər kəs kimi mənim karyeram üçün güclü zəmanətdir. Amma mən inanıram ki, öncə hər bir sənətçinin işi və etikası qiymətləndirilməlidir, yalnız titul və mükafatlar deyil. Çünki virtual və real dünya arasındakı xətt çox vaxt bulanıq olur.

— Siz Heraklesin həm tarixi, həm də mifoloji aspektlərini araşdırırsınız. Mif və tarixi birləşdirmək insan tarixini daha yaxşı başa düşməyə necə kömək edir?

— Əvvəlcə, mən sizi təbrik edirəm ki, onu Herakles adlandırdınız, Roman qarşılığı olan Herkul yox. Eyni şəxsdir. Heraklesin mifologiyası üç min ildən çox yanıb-sönməyən bir şam kimidir və mən onun mifini uzun illər araşdırmışam ki, ən geniş perspektivə sahib olum.
Mən qədim Yunan, Roma və Bizans ədəbiyyatındakı bütün istinadları dərindən araşdırmışam. Bundan sonra isə Rönesansdan bu günə qədər olan istinadları da öyrənmişəm. Görmüşəm ki, Heraklesin mifi çoxölçülü sahədir və onu mifoloji, tarixi, fəlsəfi və xronoloji baxımdan analiz etmək mümkündür.
Mifologiyadan, yəni təbii hadisələrin və insanların nəsildən-nəsilə şifahi şəkildə ötürülməsindən yazılı tarixə keçid, mədəni boşluğu aradan qaldırır və insan təfəkkürünü, hekayə danışma tərzini və insan təbiətini başa düşməyə imkan yaradır. Klassik ədəbiyyatdan müasir filmlərə, psixologiyadan milli kimliyə qədər mifologiya, xüsusilə Yunan və Roma mifologiyası, dünyanın hər guşəsinə təsir edir.

— Sizin üçün sənət və tarixi faktlar arasındakı tarazlıq nə qədər önəmlidir?

— Mən deməliyəm ki, bu asan deyil, çünki məqsədim həmin dövrün mümkün qədər dəqiq mənzərəsini təqdim etməkdir. Tarixi məlumat və bədii təsvir arasında qızıl ortanı tapmaq mənim üçün vacibdir, çünki vizual incəsənət insan cəmiyyətini təhsil və maarifləndirmə vasitəsi kimi təqdim edə bilir. İnsan beyninə vizual stimullar çox birbaşa təsir göstərir, xüsusilə tarixi məlumatlara əsaslanarsa.

— “Orta Şərqin Qoruyucuları” kolleksiyanız barədə danışın: bu layihə ilə hansı tarixi və mədəni mesajları vermək istəyirsiniz?

— Bu layihə Orta Şərqdəki meqalitik abidələrin, məsələn, İraqdakı Babil Aslanı və Şimali Suriya’dakı Ayn Dara Aslanı kimi əsərlərin təşviqinə aiddir. Bu abidələrin bir çoxu münaqişələr zamanı oğurlanıb və ya zədələnib. Layihənin məqsədi regionun qədim və görkəmli irsini vurğulamaqdır, çətin zamanlara qarşı mədəniyyətin davamlılığını göstərməkdir. Misir, Anadolu, Tire və Pərsiyaya qədər bölgənin mədəni kimliyi zəngin və şərəflidir, və mən bunun unudulmasını haqsız hesab edirəm.

— Qədim miflər və epik hekayələr bu günün mədəniyyətinə və cəmiyyətinə necə təsir edir?

— Mən inanıram ki, bu günün cəmiyyəti bütün sahələrdə çöküşdədir. İnsan təbiəti rol modellərinə ehtiyac duyur. Qəhrəmanlıq ümid, ilham, birləşmə, şəfa, qorunma və rəhbərlik üçün böyük fayda verir, güclü xarakter formalaşdırır. Epik ədəbiyyatda qəhrəmanlar ilahi mənşəli və üstün intellekt və fiziki gücə malik şəxsiyyətlərdir. Onların əfsanəvi uğurları və ya səhvləri ölümlü aləmə aiddir və moral kodeksi rolunu oynayır.
Epik hekayələr Homer və Vircil ilə bitməmişdir; onların strukturları və mövzuları müasir filmlərdə və romanlarda yenidən formalaşdırılmış şəkildə tapılır. Biz burada Truva Müharibəsi və Heraklesin tarixindən danışırıq – bu günə qədər yaşayan ilk superqəhrəman. Misal üçün Mesopotamiyadan Gilgameş, amma onun müasir dünyadakı şöhrəti daha azdır.

— “İliada” və digər qədim mənbələri araşdırarkən hansı tarixi təəccüblər sizi heyrətləndirdi?

— Homerin epik poeziyası dünya ədəbiyyatının zirvəsindədir, bu fikir BBC Culture tərəfindən 2018-ci ildə 35 ölkədən 108 ekspertin tövsiyəsinə əsasən təsdiqlənmişdir.
Həm Heraklesin ilk Troya fəthi (Ahill-dən bir nəsil əvvəl) kimi qəhrəman modeli, həm də onun dual təbiəti diqqət çəkir: İliadada o, ölümlüdür və ən məşhur generaldır, Odysseyada isə həm ilahiləşmiş, həm də Yeraltı Dünyada kölgə kimi yaşayır – bu, mifdən yazılı tarixə keçidin dərin mənasını göstərir.

— Qədim dünyadan hansı səhvlər və nailiyyətlər insanlığa dərs ola bilər?

— Antik dövr demokratiya, fəlsəfə, incəsənət və elmdə əbədi dərslər verir. Ən önəmlisi isə geosiyasət və imperiya yüksəlişi və süqutudur. Troya Müharibəsindən başlayaraq imperiyaların süqutuna qədər insan ağılı maraqlar, şərəf və zorakılıq istifadəsi məsələlərinə yönəlib.
Olimpiya oyunları isə nəcib rəqabət və xalqların birliyi üçün başlanğıcdır. İdman bizə növümüzün mənşəyini və əcdadlarımızın sağ qalmaq mübarizəsini xatırladır.

— İnsan həyatı ilə yaradıcılıq arasında ən mühüm əlaqə nədir?

— Yaradıcılıq insanın öz daxili aləmini kəşf etməsinin bir yoludur. O, mənəvi inkişafımıza kömək edir və bizi cəmiyyət üçün dəyərli fərdlərə çevirir. Praktik baxımdan isə yaradıcılıq psixoloji sağlamlığı gücləndirir, stressi azaldır, emosional dünyanı zənginləşdirir və sosial əlaqələri möhkəmləndirir. Məhdud çərçivədə yaşamaq insanın potensialını boğur və nəticədə rəngsiz və problemli bir cəmiyyət yaradır.

— Qədim dünya və miflər bu günkü insan həyatı üçün hansı fəlsəfi dərsləri verir?

— Fəlsəfəni müəyyən etmək çətin olsa da, onun əsasında həqiqət və biliyin araşdırılması, həmçinin maddi zənginlikdən üstün olan mənəvi və zehni kamilliyə çatmaq dayanır. Tarixdə ilk filosof Miletli Fales, “filosof” anlayışını isə ilk dəfə Samoslu Pifaqor işlətmişdir.
Herakles mifi ilahi və insani dünyanın vəhdətidir və gündəlik həyat üçün ilham mənbəyidir. Ümumiyyətlə, mifologiya – qədim insanların təbii və kosmik hadisələri simvolik şəkildə izah etməsidir. Bu, minilliklər boyunca formalaşmış əxlaqi və tarixi kodlaşdırılmış biliklər sistemidir. Onun dərindən öyrənilməsi insanın tənqidi düşüncəsini inkişaf etdirir və daha balanslı həyat tərzi qurmasına kömək edir.

— Müasir həyatda uğur və qəhrəmanlıq anlayışını qədim miflərlə necə müqayisə edirsiniz?

— Bu gün qəhrəmanlıq artıq nəcib mənşə və fiziki güc ilə ölçülmür. Qəhrəmanlıq – gündəlik həyatımızdakı kiçik, lakin cəsarətli addımlardır. Bir gəncin yaşlı insana kömək etməsi, bir alimin insanlıq üçün yenilik etməsi, bir idmançının ilham verməsi – bunların hamısı müasir qəhrəmanlıq nümunələridir.
Bu insanlar qədim qəhrəmanlarla bağlıdır, çünki qəhrəmanlıq adi çərçivədən çıxaraq cəmiyyət üçün fədakarlıq göstərməkdir.

— Heraklesin həyat yolu ilə müasir qəhrəmanlıq anlayışını necə əlaqələndirirsiniz?

— Mən onun böyük yürüşlərindən yox, gəncliyində baş verən bir hadisədən danışmaq istəyirəm. Herakles bir yol ayrıcında iki qadınla qarşılaşır: Kakia (pislik) və Areti (fəzilət). Kakia ona asan, lakin mənəvi baxımdan yanlış yol təklif edir. Areti isə çətin, lakin şərəfli yolu göstərir. Herakles fəziləti seçir.
Bu, bu gün də hər bir insanın qarşısında duran seçimdir. Həqiqi qəhrəmanlıq doğru yolu seçmək və cəmiyyət üçün fədakarlıq etməkdir.

— Qədim dəniz yollarını və imperiyaları araşdıraraq bu günkü qlobal əməkdaşlıq və ekoloji məsuliyyəti necə qiymətləndirirsiniz?

— Tarix boyu sivilizasiyalar yaranıb və yox olub, lakin dəniz yolları vasitəsilə incəsənət, idman və siyasət kimi dəyərlər yayılmışdır. Bu gün isə dəniz nəqliyyatı qlobal iqtisadiyyatın əsas sütunlarından biridir və dünya ticarətinin 80%-dən çoxunu təmin edir.
Lakin bu sahə həm də siyasi və iqtisadi maraqların təsiri altındadır, bu isə ədalətə və ekosistemə mənfi təsir göstərir. Təəssüf ki, insanlıq maddi maraqlar naminə planetə ciddi zərər vurmuşdur. Amma mən inanıram ki, düzgün iradə və baxışla bu vəziyyəti dəyişmək mümkündür.

— Gələcək nəsillərə hansı mesajı vermək istərdiniz?

— Mənim mesajım aydındır: hər bir mədəniyyətin dərin köklü ənənələrinə hörmət etmək lazımdır. Bu, zamanın inkişafı və ədalətli sistemlə birlikdə balanslı və sağlam cəmiyyətin qurulmasına gətirib çıxarır. Tarix bizə həm uğurları, həm də səhvləri öyrədir – bundan düzgün nəticə çıxarmalıyıq.

— Yunanıstanın qədim mədəniyyəti sizin yaradıcılığınıza necə təsir edib?

— Yunan mədəniyyəti – ədəbiyyat, fəlsəfə və idman sahəsində dünya üçün əsas sütunlardan biridir. Homer dövründən başlayaraq, Olimpiya oyunlarına qədər bu mədəniyyət geniş yayılmışdır.
Hellenistik dövrdə incəsənət realizm baxımından zirvəyə çatmışdır və bu üslub sonradan Roma tərəfindən də qəbul edilmişdir. Qədim yunan sənətçiləri əsərlərində idealizasiya yolu ilə zamanın fövqündə duran obrazlar yaratmışlar.
Aristotel deyirdi ki, sənətin məqsədi yalnız görünəni deyil, şeylərin daxili mahiyyətini göstərməkdir. Bu fikir mənim yaradıcılığımla tam uyğun gəlir.

— Qədim yunan incəsənəti ilə müasir incəsənət arasında hansı əlaqəni görürsünüz?

— Mənim fikrimcə, qədim və müasir incəsənət arasında böyük fərq mövcuddur. Antik sənət güclü mesaj, yüksək keyfiyyət və dərin məna ilə seçilirdi.
Müasir dövrdə isə bu keyfiyyətlər bəzən çatışmır.
Baxmayaraq ki, qədim incəsənətin izləri bu gün də mövcuddur, onun əsl estetik gücü və parıltısı müəyyən qədər itirilmişdir.

Mövzu ilə bağlı fotolar:

Söhbətləşdi:
Cahangir NAMAZOV,
Manera.Az.”-ın Avropa üzrə müxbiri 

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Mən zəfərə təşnəyəm!!!

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!

Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!

Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!

Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!

Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ

Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…

Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?

Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…

Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…

Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…

Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…

Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM!!!

Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…

Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…

İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…

Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!

Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

SEVİN, A TƏBRIZ!

Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!

Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…

Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!

İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!

Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I