Elman Eldaroğlu təbrik edir

Yazıçı Anarın Günel qızı…

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət sonra “Pəncərə”, “Ölkəm”, “Azercell” jurnallarının baş redaktoru olub. 2018-ci ildən isə Bakı Kitab Mərkəzinin direktorudur…

Deyir ki:- “Bəli, hər bir qələm sahibi ilk növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm adamı heç nədən təsirlənmir, bu hiss ona yaddır. Əlbəttə ki, mən də bütün bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız hansısa əsərdən təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərinin oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər də deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamı hesab edirəm, amma əslində üslubumuz çox fərqlənir. Çalışmışam ki, bu povestdə obrazlar da, üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər sən kiminsə əsərini götürüb mənimsəsən, bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol verməz…”

Əla! Düz tapdınız, bu dəfəki söhbətimin qəhrəmanı yazıçı- publisist Günel Anarqızıdır. O, 1972-ci ildə Bakıda dünyaya gəlib. Ağlı kəsəndən, evdə yüzlərlə kitab görüb. Əvvəlcə onları vərəqləyib şəkillərinə tamaşa etsə də, əlifbanı öyrənəndən sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya böyüyüb, böyüyə-böyüyə də oxuyub…

“Bizim ailə haqsız tənqidlərə çox məruz qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqəti belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun və kimisə tənqid etməyə haqqı çatsın. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin də bir səviyyəsi olmalıdır. Səviyyəsizin, özünün heç bir xidməti olmayan adamın durub nəsə deməyi çox gülməli görünür.”- söyləyir.

Kübar xanımdır. Bu ona daşıdığı gendən bir ərmağandır. Elə düşünməyin ki, qazandığı uğurlarda atasının əməyi var, əsla. Bütün nailiyyətlərə öz istedadı, işgüzarlığı ilə nail olub. Çox mədəni və intizamlıdır. Əgər yazıçılıq istedadı ona atasından ötürülübsə, bu xüsusiyyətləri isə anası, akademik Zemfira Səfərova ona aşılayıb…

Deyir ki:- “Hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürüb. Əslində, Fondun rəhbəri Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür. Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildiriblər. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi. Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri bizim tariximizdir…”

Erkən gəncliyində ailə həyatı qurduğu üçün, ona nənə olmaq sevincini yaşamaq orta yaşlarından nəsib olub. İki qızı, bir neçə nəvəsi var. İşləri nə qədər çox olsa da, övladlarına qulluq etməyi çox sevir…

“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burada rahatlıq tapıram. Yay aylarında bağa köçəndə, əlbəttə, orada da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və buraya hər zaman tələsirəm. Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Evdəkilər narahat olmasınlar deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun keyfini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin ad gününə şah plovu bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da…
Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm.”- söyləyir.

Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər, nənə olsa da hələ ki, gözəlliyini, təravətini itirməyib. Yağlı, qızardılmış yeməkləri xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr və ən əsası da idmanla məşğul olur. Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır…

Martın 6-sı Günel xanımın növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Həmid Herisçinin yazıları

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yurd həsrətinin sözə çevrilmiş taleyi – Dost sözü

DOXSAN YEDDİNCİ YAZI

Yurd həsrətinin sözə çevrilmiş taleyi
(Samir Abdullayevin “Köçürülmüş talelər”i)
Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu Qərbi Azərbaycan, Göyçə mahalı, əzəli və əbədi yurdumuzun hekayətlərə dönmüş insan taleləri haqqında olacaq.
Azərbaycan ədəbiyyatında və publisistik düşüncəsində yurd həsrəti, köç, deportasiya və itirilmiş torpaqların ağrısı daim xüsusi bir mövzu kimi yer almışdır. Statusundan, cəmiyyətdə mövqeyindən asılı olmayaraq müxtəlif yaradıcı nəsillərə məxsus qələm adamlarının zaman-zaman bu mövzuda samballı əsərlər ortaya qoyublar. Mövzu bu gün də aktuallığını qoruyub saxlayır. Bu baxımdan “Köçürülmüş talelər” kitabı köhnə mövzuda yeni səs kimi duyulur. Kitabın müəllifi Samir Abdullayev (Arifoğlu) bu mövzunu yeni bir baxışla oxucuya təqdim edən müəlliflərdən biri kimi diqqəti cəlb edir.
“Köçürülmüş talelər” əsəri sadəcə bir kitab deyil, eyni zamanda tarixə çevrilmiş ağrıların və itirilmiş ocaqların bədii-publisistik ifadəsidir. Müəllif bu kitab vasitəsilə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların həyat hekayələrini, onların yaşadığı mənəvi sarsıntıları və yaddaşlarda yaşayan yurd sevgisini oxucuya çatdırmağa çalışır.
Kitabın əsas ideyası insan taleləri üzərində qurulmuş böyük bir tarixi faciəni göstərməkdir. Burada yalnız köçdən deyil, həm də itirilmiş həyat tərzindən, yarımçıq qalan xatirələrdən və insanın öz kökünə bağlılığından danışılır. Hər bir səhifədə hiss olunur ki, müəllif bu mövzunu uzaq müşahidəçi kimi deyil, birbaşa həmin taleyi yaşamış insan kimi qələmə alır.
Kitabın müəllifi Samir Abdullayev (Arifoğlu) 1984-cü ildə Göyçə mahalının Çəmbərək bölgəsində yerləşən Ardanış kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri taleyin sərt sınaqları ilə müşayiət olunmuşdur.
1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası nəticəsində minlərlə insan kimi Samir Abdullayevin (Arifoğlu) ailəsi də doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Müəllifin özünün də qeyd etdiyi kimi, “Mən Göyçədən çıxmağımızı xatırlamıram”. Bu cümlə əslində bütöv bir nəslin taleyini ifadə edən simvolik fikirdir. Vizual olaraq xatırlamadığı yurd yerini damarda axan qanın, cismindəki ruhun yaddaşı ilə bir belə unutmayan Samir kimi minlərlə Vətən övladları bu gün də bu həsrətlə yaşayır. O böyük qayıdış gününü səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, gənclərimiz yurd yerinin xatirəsini sadəcə özləri üçün diri tutmaqla kifayətlənməyib bu vacib məsələnin təbliği yolunda da uğurlu addımlar atırlar. Samirin “Köçürülmüş talelər”i məhz bu baxımdan olduqca əhəmiyyətlidir.
O, doğma yurdundan ayrıldığı vaxt uşaq olsa da, ata-babalarının yurduna olan bağlılıq, o torpaqlar haqqında eşitdiyi xatirələr və yaddaşlarda yaşayan Göyçə obrazı onun yaradıcılığında əsas mövzulardan birinə çevrilmişdir.
Kitabın mühüm xüsusiyyətlərindən biri də müəllifin Göyçə mahalına olan mənəvi bağlılığıdır. Göyçə yalnız bir coğrafi məkan kimi deyil, həm də milli yaddaşın, folklorun, mədəniyyətin və azərbaycanlı kimliyinin mühüm bir parçası kimi təqdim edilir.
“Köçürülmüş talelər” kitabında yer alan “Ruhuna xəyanət etmərəm”, “Köçürülmüş talelər”, “Onun adı Lena idi”, “Anamın yaddaşı” kimi bir-birindən dəyərli nümunələr yatmaqla müəllif göstərir ki, doğma torpaqdan ayrılmaq yalnız fiziki məkan dəyişməsi deyil. Bu, həm də insanın həyat tərzinin, xatirələrinin və kimliyinin sarsılması deməkdir. Göyçənin dağları, kəndləri, gölü, qədim yaşayış məskənləri – bütün bunlar kitabın səhifələrində nostalji və həsrət hissi ilə təsvir olunur.
Kitabın əsas mövzularından biri də 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasıdır. Bu hadisə təkcə bir siyasi proses kimi deyil, həm də humanitar faciə kimi təqdim olunur.
Müəllif müxtəlif insan talelərini, ailələrin parçalanmasını, doğma evlərin tərk edilməsini və yad diyarlara üz tutan insanların ümidsizliyini emosional və təsirli şəkildə təsvir edir. Bu talelər oxucuya göstərir ki, tarix yalnız faktlardan ibarət deyil – tarix həm də insan həyatlarının, hisslərinin və xatirələrinin toplusudur.
“Köçürülmüş talelər” kitabının mühüm ideyalarından biri də qayıdış düşüncəsidir. Müəllif üçün qayıdış yalnız fiziki dönüş deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və gələcək nəsillərin öz köklərini tanıması deməkdir.
Kitabda hiss olunur ki, müəllif bu mövzunu yalnız keçmişin ağrısı kimi təqdim etmir. O, eyni zamanda gələcəyə ümidlə baxır və doğma torpaqlara qayıdış arzusunu canlı saxlayır.
“Köçürülmüş talelər” kitabında yer almış eyni adlı povest və digər hekayələr həm bədii, həm də publisistik baxımdan mühüm əhəmiyyət daşıyır. Bu kitab bir tərəfdən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyini sənədləşdirən mənəvi yaddaş rolunu oynayır, digər tərəfdən isə milli kimlik və vətən sevgisi kimi dəyərləri oxucuya xatırladır.
Müəllif bu kitabda bədii lövhələr vasitəsilə yaratdığı situasiyalarla göstərir ki, torpaq yalnız coğrafi məkan deyil. Torpaq insanın yaddaşı, tarixi və kimliyidir. Onu itirmək isə yalnız bir yurdun yox, bütöv bir həyatın itirilməsi deməkdir.
“Köçürülmüş talelər” kitabı Samir Abdullayev (Arifoğlu)nun şəxsi taleyi ilə xalqın taleyinin qovuşduğu təsirli bir nümunədir. Bu kitab oxucuya bir daha xatırladır ki, tarix yalnız keçmişdə qalmır – o, insanların yaddaşında yaşayır və gələcək nəsillərə ötürülür.
Yurd həsrəti, milli kimlik və qayıdış arzusu bu əsərin əsas ruhunu təşkil edir. Bu baxımdan “Köçürülmüş talelər” yalnız bir kitab deyil, həm də bir xalqın yaddaşına yazılmış ağrılı, lakin unudulmamalı bir tarixdir. Ən əsası ümiddir. Müəllifin yaratdığı bütün nümunələri birləşdirən ortaq özəllik məhz bu ümiddir. Yurda qayıdış ümidi… Dəyərli qardaşım, Samir arzu edirəm ki, tezliklə bu ümumi arzumuz da gerçəkləşsin! Siz öz Göyçənizə qovuşun, mən də Ağdamdan Laçından keçməklə Arzuman qardaşla sizə qonaq gəlim. O günlər elə də uzaqda deyil. Mən buna inanıram!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Göyçə gölü sahilindən yazmaq ümidi ilə… Hələlik.
05.03.2026. Bakı.

Müəllif: Zaur USTAC

I>>ZAUR USTACIN YAZILARI

SAMİR ARİFOĞLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Musa Qasımlı yazır

Tapdıq Əlibəyli – 65
DAĞ SAFLIĞINA BƏLƏNƏN ŞAİR

Tanınmış şair Tapdıq Əlibəylinin yaradıcılığını təhlil etmək fikrindən uzağam. Bu, ədəbiyyatşünasların işidir. Mən bu yazıda şairin doğulduğu el-obasına bağlılığının yaradıcılığında necə əks olunması və şəxsi keyfiyyətləri barədə bəzi fikirlərimi bölüşmək istəyirəm. İnsanın doğulub boya-başa çatdığı məkanın, onun tarixi-milli yaddaşında mühüm və danılmaz bir rol oynadığı şübhəsizdir. Həmin məkanın insanın xarakterinə, düşüncə tərzinə, duyğularına və hətta yaradıcılığına təsiri çox böyükdür. Bu baxımdan şair-publisist Tapdıq Əlibəylinin doğulduğu yerə olan dərin bağlılığı, ruhunun saflığı, təbiətindəki saflıq, şeirindəki təbiilik və sadəlik, onun bütün yaradıcılığına xasdır. Sadəliyi onun böyüklüyüdür. Bu bağlılıq, həm də onun daxili aləmi ilə təbiətin vəhdətini ortaya qoyan bir sənətkarlıq nümunəsidir. Şair gözəl yazır:

Ayna bulaqları düşüb dillərə,
Çeşmələr daşlardan qaynayıb-daşır…
Qayalar dibinə sinən hər dərə
Dərinlik diliylə dinib-danışır.

Şairin bütün yaradıcılığında olduğu kimi, bu şeirdə də quru, şablon və pafoslu ifadələr yoxdur. Misraların dili ilə deyir ki, insanın sinəsində yerləşən ürəkdən gələn sözlər dərinlikdən, daşlardan süzülüb gələn saf, təmiz olar, pafoslu danışıq isə keçicidir. Şair hər bir təbiət elementini yalnız fiziki olaraq deyil, həm də metaforik olaraq insan ruhunun, düşüncələrinin və hisslərinin ifadəsi kimi göstərir. İstifadə olunan obrazlar bir-biri ilə qarşılıqlı əlaqədədir və təbiət qanunlarının insanlar üzərindəki təsirinin rəmzidir. Bu şeir həm də insanın daxili dünyasının təbiətlə əlaqəsini əks etdirir.
Şair doğma kəndi Bürzünbülü elə gözəl tərənnüm edir ki, sanki canlı tabloya tamaşa edirsən:

Quzeydə şehlənir yarpız, gicitkən,
Cincilim, əvəlik, əməköməci…
Güneydə mehlənir turşəng …böyürtkən,
Baharda lalələr güney sevinci.

Burda cücərən də, pöhrələnən də
Hərəsi ad alıb öz rişəsindən.
Adlar cərgəsində möhürlənəndə,
Bürzünbül kəndimiz bəlli səsindən.

Tapdıq Əlibəyli gözəl təbiəti olan bu elin, yurdun yetirməsi olaraq mənəvi dəyərləri yüksək tutmasını da həssaslıqla qələmə alıb. Şair müxtəlif şəxslərin xarakterləri və davranışları üzərində cəmiyyətin yüksək əxlaqını belə təqdim edir:

Qapıları açar-qıfıl görməyən
Bir el etməz əmanətə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.

Ağsaqqalı, ağbirçəyi bir örnək,
Qız-gəlini ismət-həya timsalı.
Oğulları ər yolunu seçərək,
Dəyanətdə sərt, sal qaya misalı.

Şeirdə ağsaqqal, ağbirçək, ismət-həya, etibar, sədaqət və dürüstlük təqdim edilir. “Qapıları açar-qıfıl görməyən” ifadəsi dürüst bir elin həyat tərzini rəmzləşdirir. Əmanətə xəyanət etməmək, cəmiyyətdə əxlaqlı və dürüst bir davranış tərzinin təməlini təşkil edir. Bu, həm də etimad və məsuliyyət duyğularının rəmzidir.
Tapdıq Əlibəyli mənim doğulub boya-başa çatdığım Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbinin məzunudur. O vaxt Bürzünbül kəndində səkkizillik məktəb olduğu üçün şagirdlər 9-10 sinifləri Hamarkənd kənd orta məktəbində oxuyurdular. Tapdıq Əlibəyli 1978-ci ildə orta təhsilini tərifnamə ilə bitirərək ali məktəbə qəbul olub.
Qeyd edim ki, Hamarkənd kənd orta məktəbi tanınmış maarif xadimi Qulam müəllim Qasımovun direktor işlədiyi vaxtlarda (50 il) təkcə rayonun deyil, eləcə də respublikanın qabaqcıl təhsil ocaqlarından biri olub. Məktəbin təhsildəki uğurları təsadüfi deyildi. Direktorun ciddiyyəti, tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, müəllimlərin dərslərə ürəklərini verməsi, valideynlərin məktəblə sıx əlaqəsi uğurların təməlində dayanırdı.
Elə ona görə də burada təhsil alan şagirdlərin çoxu ali məktəblərə qəbul olaraq uğurla kariyeralarına davam etdirirdilər. Hamarkənd kənd orta məktəbinin məzunları arasında Tapdıq Əlibəylinin də özünə layiq yeri olub. Ali məktəbə qəbul olmaq onun həyatında yeni bir səhifənin başlanğıcını qoyub…
Söhbətlərində Tapdıq Əlibəyli Hamarkənd kənd orta məktəbini təkcə təhsil aldığı bir yer kimi deyil, həm də həyatda ona istiqamət verən, ruhunu zənginləşdirən bir ocaq kimi qiymətləndirir. O, məktəbin mənəvi dəstəyini vurğulayır, xüsusilə də məktəbin direktoru Qulam müəllim Qasımovun pedaqoji bacarıqlarından bəhs edərək, ona olan minnətdarlığını ifadə edir. Məktəb yalnız təhsil cəhətdən mükəmməl olmaqla qalmayıb, həm də şagirdlərin yüksək milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayırdı. Tapdıq Əlibəyli məktəbdə aldığı təhsili və qazandığı davranış qaydalarının həyatında önəmli bir iz buraxdığını dəfələrlə qeyd edib. Aldığı təhsil onu yalnız elmi sahədə deyil, həm də mənəvi inkişaf yolunda irəliləməyə təkan verib, cəmiyyətdə hörmətli bir şəxs olmasında mühüm rol oynayıb.
Bəzən bir şairin şəxsiyyəti ilə yaradıcılığı arasında uçurum olur; yazılan, deyilən söz həyat tərzi ilə tərs mütənasib olur. Tapdıq Əlibəylinin isə şəxsiyyəti və yaradıcılığı, ictimai fəaliyyəti vəhdət təşkil edir, tamdır, bütövdür və bir çoxlarına nümunədir. Öz imzasını ədəbiyyatda və cəmiyyətdə təsdiq etmiş şair, publisist, ziyalı və ictimai xadim olan Tapdıq Əlibəyli həm şəxsi həyatı, həm də yaradıçılığı ilə düşüncə adamı və cəmiyyətə xidmət edən bir şəxsiyyəti təcəssüm etdirir.
Tapdıq Əlibəylinin ədəbiyyata münasibəti dərin və fəlsəfidir. O, ədəbiyyatın yalnız sözlərlə deyil, ruhla da yazıldığını, insanın daxili aləminə daxil olmağın və ona təsir etmənin vacibliyini vurğulayır. Özünün də dediyi kimi: “Ədəbsiz ədib ədəbiyyata yalnız xələl gətirə bilər…” Bu söz, onun ədəbiyyata və sözün gücünə olan münasibətini, həmçinin ədəbiyyatın müsbət təsirini qorumağa olan bağlılığını və şəxsiyyətini göstərir. O, ədəbiyyat vasitəsi ilə cəmiyyətə həqiqətləri çatdırmağa çalışır, bilir ki, hər bir doğru fikir, hər bir düzgün yola işarə, cəmiyyətin inkişafında rol oynayır.
Tapdıq Əlibəylinin ədəbiyyata yanaşması qədər həyatda da özünəməxsus bir səmimiyyəti və dürüstlüyü vardır. Onun insanlara qarşı olan açıq və səmimi münasibəti hər zaman mənim diqqətimi çəkib. Bir neçə il əvvəl Naxçıvanda keçirilən və Muxtar Respublikanın 100 illiyinə həsr olunmuş “Türk dünyasına açılan Şərq qapısı” adlı möhtəşəm konfransda iştirak edərkən Tapdıq Əlibəyli ilə yol yoldaşı oldum. Bir ata sözümüz vardır.
Deyirlər qardaşın necə adamdır? Cavab verir ki, yol yoldaşı olmamışam. Tanımaq demək, sadəcə tanış olmaq deyildir. Tanımaq, insanın daxili varlığını, onun seçdiyi yolu, düşündüyü və qərar verdiyi anları anlamaqdır. Tapdıq Əlibəylini illər öncə tanısam da, bu yol yoldaşlığımızda onu yenidən tanımaq və daha dərindən söhbət etmək imkanım oldu. Bir neçə günlük səfərimiz onun düşüncə dünyasına bir daha daxil olmaq üçün yeni bir fürsət verdi. Şəxsiyyətinə və yaradıçılığına böyük hörmətim olan Tapdıq Əlibəylini yenidən kəşf etdim. Axı onun poeziyası obrazların çalarları ilə zəngindir. Əlbəttə, bu zənginliyi şərtləndirən onun öz təbiəti və təbiiliyidir. Könlü meşə, çəmən dilində dinən, çicəyin, gülün dilini bilən şair yazır:

Dindi könül meşə, çəmən dilində,
Heyrətimə misra-misra bələndim.
Öz dili var, çiçəyin də, gülün də,
Uşaqlıqdan bu əsrara bələdəm…

Ağaclar da duyğuludur yaz çağı,
Göz oxşayan gözəlliklər bərq vurur.
Təbiətin tər, qənirsiz, naz çağı
İlham sözə, söz ilhama vurulur…

Heyrətinə misra-misra bələnən, ilhamı sözə, sözün isə ilhamına vurulduğu sevimli şairimizin şeiriyyətində gözəlliklər bərq vurur. Mən də elə bu ovqatda dəyərli Tapdıq Əlibəylini qarşıdan gələn 65 illliyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uğurların bol olsun! Neçə gözəl illərə…

Musa Qasımlı,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
tarix üzrə elmlər doktoru, professor

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tehranda Gülüstan saray kompleksi

Tehranda Gülüstan saray kompleksi

Tehranda Gülüstan saray kompleksi İran ərazisində Azərbaycan hakimiyyətinin simvollarından biridir.

Saray İranın paytaxtındakı ən qədim tarixi komplekslərdən biridir. O, Sah İsmayılın oğlu, Dövləti Qızılbaşan (Qızılbaş dövlətinin) şahı I Təhmasibin dövründə inşa edilmişdir.

Kompleksin əsas hissəsi XVIII–XIX əsrlərdə başqa bir Azərbaycan əsilli hökmdar sülaləsi — Qacarlar hakimiyyəti dövründə formalaşmış və hökmdarların əsas iqamətgahı olmuşdur. Burada tacqoyma mərasimləri və dövlət qəbulları keçirilirdi. Vacib mərasimlərdən biri də Qacar şah taxt-tacının vəliəhdinin Azərbaycan valisi kimi təyin olunması idi.

Qacarlar sülaləsi dövründə (1796–1925) vəliəhd şahzadə Tabrizdə məskunlaşaraq Azərbaycan vilayətinin valisi təyin edilirdi. Bu ənənənin əsas məqsədi bir tərəfdən Bayat tayfasından olan Qacarların öz doğma yurdlarına verdikləri əhəmiyyəti göstərmək, digər tərəfdən isə taxt varisinin Qızılbaş ənənəsində yetişdirilməsi və ölkənin bu strateji vilayətini idarə etməklə dövlət idarəçiliyinə hazırlanması idi.

2013-cü ildə Gülüstan sarayı UNESCO Dünya İrsi siyahısına daxil edilmişdir.

Muzeylər, zallar və bağlardan ibarət bu saray kompleksi siyasi və mədəni tariximizin mühüm hadisələrinə şahidlik etmişdir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YER KÜRƏSİ BİZİM EVİMİZDİR

YER KÜRƏSİ BİZİM EVİMİZDİR

Bu günlər demək olar ki, dünyanın hər yerində ABŞ -İsrailin İrana qarşı birgə müharibəsi diqqət mərkəzindədir. Əlbəttə ki, tərəflər arasında danışıqlar prosesində lazımı irəliləyiş əldə olunmadığı üçün artıq silahlar işə düşmüşdür.
Birmənalı olaraq qeyd etməyi vacib hesab edirəm ki, artıq dünyada mövcud reallıqlar yeni-yeni baxışlara söykənir. Bunlardan ən vacibi yeni düzən xəritəsi ətrafında olan söhbətlər, baş verən reallıqlardan ibarətdir. Rusiya-Ukraynada baş verənlər, İsrail-Fələstin müharibəsi, Venesuela da aparılan antiterror əməliyyatı, Qrelandiya, Kanada ilə bağlı istəklər artıq günün əsas mövzularından hesab edilir. Ötən il İranla 12 günlük müharibə, son günlərdə təkrarlanaraq ABŞ-İsrail birliyi ilə İrana qarşı endirilən güclü bombardman onu deməyə əsas verir ki, terror birləşmələri və nüvə istehsalına qarşı yönəldilmiş müharibənin başlanması heç də qısa müddətdə baş verənlərdən ibarət deyildir. Dünyada vahid güc mərkəzinə çevrilmiş ABŞ Yaxın Şərq və onunla qonşu ölkələrdə öz strateji maraqlarına uyğun tədbirlərin görülməsi üçün uzunmüddətli proqrama uyğun davranış nümayiş etdirir. Nəzərə alsaq ki, dünyada Çin, Rusiya da regional maraqlarını genişləndirmək istəyində olduğunu diqqət mərkəzində saxlamaq üçün çalışsalar da, hazırkı proseslərdə siyasi, hərbi dominantlığın kimin tərəfində olduğunu aydın görürük. Səbəblər və nəticənin əldə edilməsi baxımından yaranmış vəziyyətin necə dəyişəcəyinə konkret fikir söyləmək çətindir. Niyə? Çünki mövcud vəziyyət təhlil edilərkən hiss olunur ki, ABŞ özünün kimliyini-iqtisadi və hərbi güc mərkəzi olduğunu açıqlayaraq İranın terrorla əlaqəsini, nüvə silahı əldə etmək istəyini sıfırlamaq niyyətindədir. Dünya iqtisadiyyatına güclü təsir edən Hind okeanından Atlantik okeanına qədər olan məsafə üzərində nəzarət necə formalaşacaq? Çin-Rusiyanın İranla strateji və regional əməkdaşlığı davam edəcəkmi, edəcəksə qloballaşan müharibənin sonu necə olmalıdır? İranın qonşu dövlətlərlə münasibəti, cavab atəşləri ilə ABŞ-nin bazaları, İsrailə endirdiyi zərbələrin nəticəsi olaraq vəziyyətin davamı heç də asan olmayan qarşıdurmanın sürətlənəcəyinə əsas verir.
Bu gün ABŞ-nin müdafiə naziri Peete Heqseth, qərargah rəisi general Dan Keyn mətbuat konfransında bildiriblər ki, İranın səması onların nəzarətindədir, İranın öldürülmüş rəhbərlərini, orduya rəhbərlik edənləri əvəz edənlər başlarını yuxarı qaldırıb baxanda ABŞ-İsraili görürlər. Müdafiə naziri belə bir müqayisə etdi ki, iki futbol oynayan komanda arasında birinci hissə 20 top hesabı ilə ABŞ-nin xeyrinədir, ikinci hissədə isə əks tərəf nə edəcəyini bilmir. O, qeyd etdi ki, plan üzrə mümkün olan-nəzərdə tutulmuş qaydada daha ciddi tədbirlər görüləcək, bu sahədə İsrailin yaxın tərəfdaş-qəhrəmanlığını da alqışlayırıq, birlikdə fəaliyyət dairəsini genişləndirmək niyyətindəyik.
Təəssüf ki, dünya birliyi tərəfindən ölkələrin yaşadığı problemlərin həllinə yönəldilmiş qərarların qəbul edilməsində cavabdeh beynəlxalq qurumlar, dövlətlərin suverenliyinə cavabdeh olan BMT gecikir, bir sıra hallarda fəaliyyətsizliyi göz önündədir.
Xalqımız, işğala məruz qalmış ölkənin vətəndaşları olaraq yaxşı bilirik ki, müharibələr istənilən halda fəlakət, dağıntılar, milyonlarla insanın əzablarına düçar olur, lokal və qlobal müharibələr dünyadakı sağlam mühitə zərbə vurur, ekoloji cəhətdən təmiz su, hava, torpaq çirklənir.
Vaxtında regionda sülhün yaranmasına təminatçı olmalı olan qonşu dövlətlərin müharibələrə cəlb olunması onu təsdiq edir ki, qonşunun çəpərinə düşən alov çox təhlükəlidir, zamanında sülhün yaranmasına dəstək verməmək, sabitliyi pozmağa çalışmaq, doğru olan istiqamət seçdiyimiz zaman bu bizim üçün “qırmızı xəttdir” deyərək əzələ nümayiş etdirərək regiona sülhün gətirilməsi vacib amillərdən olduğu halda, bunun üçün gecikmələrin nəyə gətirib çıxardığı göz önündədir.
Yer kürəsi insanların yaşadığı, bütün nemətlərlə təmin olunduğumuz Ulu Tanrının bəxş etdiyi ən gözəl məkandır. Dünyada sülhü bərpa etmək, qorumaq və gələcək nəsillərə ötürmək müqəddəs borcdur.
Bizlər-Allahın ən mütənasib formada yaratdığı insanlar dünyamızı qorumalı, müharibələrə son qoymalıyıq, yoxsa gec olacaq.

Müəllif: Sabit Əzimov

SABİT ƏZİMOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I