
Mən AYB-ni Anar müəllimsiz təsəvvür edə bilmirəm
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, sözümüzü dünyaya tanıdan, ədəbiyyatımızın canlı nəfəsi olan Anar müəllimin doğum günüdür.
Onu təbrik etməzdən əvvəl bir fikri demək istəyirəm. Bu yaxınlarda Anar müəllimin bir müsahibəsində oxudum ki, AYB qurultayında namizədliyini verməyəcək və AYB-dən gedəcək. Bu söz məni çox üzdü. Çünki mən AYB-ni Anar müəllimsiz təsəvvür edə bilmirəm.
Anar müəllim təkcə yazıçı deyil. O, Azərbaycan nəsrinin bir dövrüdür, sözün yaddaşıdır, ədəbiyyatımızın yaşayan tarixidir. Onun qələmi ilə neçə-neçə nəsil ədəbiyyatı sevməyi öyrənib, sözün gücünü anlayıb. Mənə elə gəlir ki, Anar müəllim getsə, ədəbiyyat bizdən incik düşəcək, sözün işığı öləziyəcək. Şəxsən mənim o zaman nə şeir gələcək ürəyimdən, nə də nəsr…
Əziz Anar müəllim!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun, işıqlı və məhsuldar bir ədəbiyyat ömrü arzulayıram. Qoy qələminiz heç vaxt susmasın, sözünüz həmişə yaşasın və Azərbaycan ədəbiyyatının işığını daim yandırsın.
Doğum gününüz mübarək!
Hörmətlə: İradə Aytel
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında