DAĞLAR QOYNUNDA (Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə) Əzəl beşiyim dağlar, Evim, eşiyim dağlar, Yuvalaşdıq, çuğlaşdıq Çəkir keşiyim dağlar. (oçerk) Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır. Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi. 1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır. Vüqarın xəritəsində Qubadlı vardı. Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı — müharibə xəritəsi. ÖMRÜN İLK DAĞI — MÜHARİBƏ Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı. Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır. Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordunun Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər. Vüqarı bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına topçu komandir kimi qayıtsın… Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”… Qısa müddət ərzində torpaqlarımızın işğal altına düşməsi, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey düşünür, vəziyyətdən çıxış yolu axtarırdı… Bütün Azərbaycan gənc Respublika olaraq çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə komandir kimi yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı. Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı. Bu yolun da öz dağları vardı. NAXÇIVAN DAĞLARINDA Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kilidlənmiş yollara baxdı… Azərbaycan ordusunda 1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi ildən artıq müddət ərzində qüsursuz hərbi xidmət keçərək kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə çıxdığı yolda polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsinə qədər yüksəldi… Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Hərbi xidmətlərə görə” medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir. O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi. 2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar öz-özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə – enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi… Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda – zirvələrdə idi. Bir gün yenə o zirvələri fəth edəcəyini yaxşı bilirdi. Həmin günü gözləyirdi.
HƏSRƏT DAĞI Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı. Bu, həsrət dağı idi. O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanda xidmət etdiyi bütün dövrlərdə də qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Xidmət zamanı uzaqdan görünən öz dağlarına yaxından baxma bilmək üçün Soyuğa qalxmağı həmişə könüllü seçirdi. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı. Otuz ilə yaxın müddətdə Qubadlı həsrətilə yaşadı… Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür. Həsrətlə ölçülür. Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı. Və sonra tarix dəyişdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı. Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı. Çünki onun gözlədiyi gün gəlmişdi. “QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM…” Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı. Lakin inanmaq başqa, döyüşə getmək başqa idi. “Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam”, — deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı. Bu, adi bir könüllülük deyildi. Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə – dərədə qalmış yolu – səfəri dağda – zirvədə tamamlamaq istəyi idi…. QUBADLIYA QAYIDIŞ Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi. Yenə dağlar… Yenə yüksəkliklər… Yenə ağır yollar… Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan, Ərəfsədən, Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi… Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi. Xanlıq azad edildi. Vüqarın doğulduğu kənd… Uşaqlığının keçdiyi kənd… Ata-baba ocağının olduğu kənd… SONUNCU DAĞ 1 noyabr 2020-ci il. Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər… Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu. Onun ömrünün son dağı da bu oldu. Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı. Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.
O, II Fəxri xiyabanda dəfn edildi. Şəhid polkovnik-leytenant Vüqar Ağayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. O, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. DAĞLAR YADDA SAXLAYIR Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir. 2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir. Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır. Bu, həyatın davam etməsidir. Bu, qəhrəmanlığın davamıdır. Bu, Vətənin yaddaşıdır. Və yaddaş olan yerdə ölüm son deyil. Vüqar Ağayev dağlar qoynunda doğuldu. Dağlar qədər ağır sınaqlardan keçdi. Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi. Dağlar qədər möhkəm dayandı. Dağlar qədər vüqarlı yaşadı… Əzizim dağlar ağlar, Daş ağlar, dağlar ağlar, Bircə anamın səsi Sinəmi dağlar, ağlar… Və nəhayət, Vətən – Şəhidlik zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurmağı bacardı. Bu gün o özü əlçatmaz bir zirvədir!
Streptosid oldu yeni mərhələ. O, yüz min insanı əcəldən aldı,
Ölkədə yurdunun şanı ucaldı.
Budur, başa çatdı gərgin iş günü,
Oturdu, astaca çəkib köksünü.
Parlayan gözləri bir az qıyıldı,
Üzündə təbəssüm, sevinc duyuldu.
Gedəcək evinə dəstə gül ilə,
Ömür-gün yoldaşı şirin dil ilə,
“Xoş gəldin” söyləyib, gözünə baxıb,
Bir azca qayğılı üzünə baxıb,
Açacaq süfrəni böyük həvəslə.
“Necəsən?” – soruşub eşq dolu səslə,
Çay da süzəcəkdir, pürrəng, məxməri,
Sonra da gülərək xoşcamal pəri,
Royalın dalına keçib astaca,
Bir “Ala gözlüm”ü çalar ustaca.
Yarımçıq qutudan bir siqar aldı,
Tüstünü üfürüb, xəyala daldı:
…Küləkli havaydı, qar da yağırdı,
İsmayıl Axundov onu çağırdı:
– Xanım hazırlayıb qurutlu xəngəl,
Bir neçə dost gəlir, Yusuf, sən də gəl.
Yusuf gülər üzlə gəldi dəvətə,
Bələddi mənəvi, ruhi sərvətə.
Nə bilsin, toxunub həzin bir simə,
Qəlbini çalacaq, burda eşq, demə.
Dayısı evinə gələn cavan qız,
Bəxtinə doğacaq, sanki bir ulduz.
Musiqi təhsili alırdı Bilqeys,
Piano, royalda çalırdı Bilqeys.
Qızın da gözündə şəfəq görüncə,
Bir ülfət yarandı onda, gizlicə.
İki ay görüşüb yaxınlaşdılar,
Görünməz sədləri birgə aşdılar.
Qızın əmiləri, dayısı bir də,
Sürgünə məruzdu uzaq Sibirdə.
Onunla evlilik bəlkə hünərdi,
Zaman göstərirdi namərdi, mərdi.
Yetirdi Yusufun eşqə cürəti,
Tərəddüd etmədi heç bir an qəti,
O, üzük, Bilqeys ləl qaşı oldu,
Ömrünün, gününün yoldaşı oldu.
Sakit, aram-aram axan o ildə,
Oynadı kainat sanki qəfildən.
Qırx birinci ildə o dəhşətli gün,
Günəşli səmada pozuldu sükun.
Sarsılıb dəniz tək dalğalandı xalq,
Birliyin gücünə arxalandı xalq.
Həyatı dəyişdi hər ayrı fərdin,
Hər kəsin payına düşən bu dərdi,
Yox edib silməyə bir can oldular,
Birləşən damlalar ümman oldular.
Nə gündüz, nə gecə bilmədi kimsə,
Ya alim, ya əsgər, ya da həkimsə,
Düşmənə səd çəkən səngər oldular,
Uşaqdan böyüyə bir ər oldular.
Bir idi, beş oldu fəhmi Yusufun,
Faşizmə yox idi rəhmi Yusufun.
Ədalət – vəhşətin tərs inikası,
Qılınctək kəsirdi onun zəkası.
Düşməni əzməyə mübahdı hər yol,
Mühümdü aldığı maddə – toluol.
Bununla uzağa düşən mərmilər,
Vururdu yağıya ağır zərbələr.
Alimin kəşfinə uyğun üsulla,
Şüşə bir silaha dönür bu yolla.
Atırmış düşmənə partizan, əsgər,
Bir anda partlayıb yağır qəlpələr.
Partlayan bu maddə salıb yanğını,
Çevirmiş məşələ düşmən tankını.
“Molotov kokteyli” söyləmiş buna,
Bu haqda deyəndə ser Uinstona.
Çox asan deyildi düşməni əzmək,
Torpaqdan, havadan alırdı kömək.
Yıxıb yox edirdi o quduz itlər,
Səmanın hakimi Messerşmittlər.
Söykəmiş üzünü əlləri üstə,
Xəyalı çırpınır, sanki qəfəsdə.
Dolub-boşalırdı Bilqeysin gözü,
Gəlmirdi cəbhədən xoş xəbər, düzü.
Az qala bir aydı evə gəlmədən,
Nə gündüz, nə gecə bilib-bilmədən,
Yusufla dostları axtarışdadır,
(Bu yöndə ölkələr lap yarışdadır).
Hər an çox mühümdür, öndə olmalı,
Ən yüksək oktanlı benzin almalı.
Bu benzin çeviklik, üstünlük demək,
Cəbhəyə, Vətənə yar olmaq gərək!
Dikəldi inamla, həzin həvəslə,
Gəzdi barmaqları dillərin üstə:
“Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var, ölkəmin…”
Çalındı qapının zəngi astaca,
Yetişdi qapıya lap qaça-qaça.
Bu gələn Yusufdu, mehriban əri,
Saçını əliylə darayıb geri
Söylədi: “Əzizim, bunu bacardıq,
Cəbhəyə “qan” verən benzini aldıq”.
Bilqeys atıldı onun boynuna,
Gözləri yaşardı baxanda ona.
Qürurla, sevinclə qabardı köksü,
Yusufun gözündə titrədi əksi.
Duyğular sel kimi axdı dərindən,
Sıxıldı qolları kürəklərində.
Gözündə jalətək bir gilə yaşdı,
Yoxsa o, Vətəni qucaqlamışdı?
…Külək vıyıdayır salıb hay-haray,
Yusuf da dincəlir, önündə tünd çay.
Bilqeys dinləyir onu həvəslə,
Nə qədər sevgi var bu doğma səsdə.
Vətənin fəxriydi, qüruru idi,
O, artıq elmlər doktoru idi.
Böyükdü uğuru cavan yaşında.
Gülərək söylədi: “Bəsdi işimdən
Danışdım, çəkmişəm bunca özləmi,
Dinləsəm olarmı “Ala gözlüm”ü?”
…Həzin bir musiqi qəlbinə doldu,
Ruhunun ecaza çatdığı yoldu.
Oktanı 100 olan bu benzin ilə,
Ölümlə oynayan güc, əzim ilə,
Sovetin zərbəsi artdı bir-beşə,
Düşmənlə gələndə göydə döş döşə.
Sərrast atəş ilə, ya da taranda,
Düşməni azdırıb, göydə vuranda,
Fürsətə dönərdi hər yol hər sayaq,
Dönmüşdü kabusa indi sadə “YAK”
Bir anda səmaya o, millənirdi,
Messerşmitt isə tüstülənirdi.
Min doqquz yüz qırx beş, iyun ayında,
Qələbə müjdəli ilin yayında,
Moskva şəhəri, Qırmızı meydan,
Birləşmiş alaylar keçir anbaan.
Paradı qəbula səf sıralanmış,
Bir neçə marşalla Jukov dayanmış.
Onlarla sırada o möhtəşəm an,
Məmmədəliyev də durub yanbayan.
Cəbhəyə verdiyi töhfələr üçün,
Ən uca zirvədə dayanmış bu gün.
Hələ çox görəcək dəyər, etimad,
Amma sınaqlar da verəcək həyat.
Elmiylə güc oldu elin qolunda,
Zəkası silahdı zəfər yolunda.
Zaman – min doqquz yüz qırx altıncı il,
O, təltif olundu – təsadüf deyil,
“Stalin mükafatı laureatı” –
O dövrün dəyərli təsdiq baratı.
Onunsa rəhbəri – qəlbinin səsi,
Ən böyük sərvəti – elin sevgisi.
İnsan bədəniylə gələn dühalar,
Zaman yetişməsə hər an çıxmayır
…İnsan öz-özünü biləndən bəri,
Dolaşmaq istəyib mavi göyləri.
Ulduzlu səmanın varmıdır sonu,
Nə qatda gözlədib kainat onu?
Kosmosu fəth etmək! Ay da bir inci,
Görəsən kim yetər ona birinci?
Dahi elm alimi çarəni tapdı,
Raketə yanacaq növü yaratdı.
Yeni kəşf insana verdi ki, imkan,
Kosmosu eyləsin əlçatan məkan.
İttifaq gözləyib hər an tədbiri,
Birinci süni peyk “Sputnik-1”-i,
Uçurdu səmaya, böyük qürurla,
Texniki vüsətin məğzi – şüurla.
Sınaqlar, kəşflər durdu sıraya,
Keçildi yeni dövr, yeni eraya.
“Vostok” gəmisində Yuri Qaqarin,
Dolandı orbital çevrəsin Yerin.
Bir çox rəsmilərlə vardı ölkənin
Paradda kralı alkilləşmənin.
O bir bağ saldı ki, hər zaman yaşıl,
Gün keçir, azalmır əsla bəhər, bar.
Məkanda, zamanda yol gələn irsi,
Özündən sonra da xatirələr var.
Böyük fond yaratdı əlyazmalardan,
Hər vərəq zülmətə nur saçan ziya.
İncilər yetirər nurlanan beyin,
Onların məbədi akademiya.
“Akademiyanı təsis eyləmək,
Yenə də borcumuz olardı bizim,
Olsaydı tək bircə Məmmədəliyev”, –
Demişdi Komarov lap sözün düzün.
Qırx beşdə yarandı məbədi elmin,
O, on beş həqiqi üzvündən biri.
Bu Odlar Yurdunu ucaltmaq üçün,
Qalmadı heç zaman heç nədən geri.
Prezident seçildi, – akademiya
Yaratdı tədqiqat institutları.
Qaranlıq dənizdə mayakdır onlar,
Bu gün də vüsətə çıraqdır onlar.
“İqtisad”, “Fizika”, “Kibernetika”
Ya da “Şərqşünaslıq” – nur ocaqları,
Onun təklifiylə ərsəyə gəlmiş,
Tədris sinifləri, dərs otaqları.
Yazıldı “ADU”-da rektor olanda
Kargüzar işləri öz dilimizdə.
O, beş dil bilirdi, eyni zamanda
Dilində səlisdi öz dilimiz də.
Qobustan məskəni ocaqdır qədim,
Tarixi izidir mədəniyyətin.
Qayalar saxlayan cızma şəkillər,
Qavaldaş çalaraq iz qoyan əllər.
Böyük bir zamanın sığdığı dastan,
Hələ də sirr olan milli mirasdan,
Rəvamı xələflər xəbər tutmasın?
Görkəmli alimlə xalqın şairi,
Böyükdaş dağında o susqun yeri,
Tədqiqat işinə nail oldular.
Bir çoxu qərəzlə etsə də inkar,
Qazıntı, analiz eylədi aşkar,
Bu yerdə mənəvi-milli dəyər var.
İnsana yurd olub qədim Qobustan,
Hər zağa eposdur, hər qaya dastan.
Bu illər içində budaqlandı elm,
Uğurlar deyilmi zəkanın barı?
Artıq tələbiydi dövrün, zamanın
Səmanın, günəşin tədqiqatları.
Təsadüf – aləmin məchul sirr qatı,
Tanrının yazdığı alqoritmidir.
Günəşin yanmağı onun həyatı,
Yerdə var oluşun ürək ritmidir.
Böyük Kəhkəşanda bir Hüma quşu,
O Yerə can verir, yoxdu minnəti…
Günəş çənbərində Yer – üzük qaşı,
Günəşdən başlanır Yerin Cənnəti.
Yol almış süni peyk, raketlər göyə,
Sirrini açarmı kosmos insana?
Kainat həm yaxın, həm uzaq deyə,
Yaratmaq gərəkdir bir rəsədxana.
Dəyanət göstərib təşəbbüs etdi,
Bir neçə alimlə Məmmədəliyev.
Nəhayət mərama, məqsədə yetdi,
“Gərəkdir optimal, uyğun yer”, deyib.
Pirqulu dağıydı seçilmiş məkan,
Səmanın qübbəsi aydın, hər gecə.
Şəhərcik salınsın çox gec olmadan,
Reflektor, teleskop, ŞAR-da bir neçə.
Sifariş olundu teleskop – böyük,
Güzgünün çevrəsi 6 metrdi.
Alimə qatarda olsa da lap yük,
Moskva şəhrindən özü gətirdi.
Alman istehsalı cihaz gələndə,
Erməni qonşular düşüb təşvişə.
Teleskop gərəkmiş Ermənistana,
Anastas Mikoyan qarışmış işə.
İclas zalındadır Məmmədəliyev,
Bu dəmdə təcili teleqram gəlir.
Mətnini oxuyub Nesmeyanovun,
Erməni fitnəsin, hiyləsin bilir.
Həmin dəm çıxır o, iclas zalından,
İclası tapşırır Topçubaşova.
Bir an da gecikmir, qalmır yolundan,
Yolçuluq bəllidir: Bakı – Moskva.
Gətirdi, teleskop çatdı ünvana,
O, gəldi qatarla üç gecə, üç gün.
Mümkünsüz olardı adi insana,
O isə müstəsna, fərqli büsbütün.
Astrofizika Rəsədxanası, –
Gözünün baxdığı səma dərindi.
Dağların qoynuna qonan şəhərcik,
Alimin soyadın daşıyır indi.
Qısa ömründəki böyük əməllər,
Bu günün banisi güclü təməllər,
Yaddaşa sığmayır, sözə sığmayır,
İnsan bədəniylə gələn dühalar,
Zaman yetişməsə hər an çıxmayır.
“İnsanın həyatı olsa lap yüz il,
Şam kimi yanmasa o, həyat deyil”
Havada bir azca yosun qoxusu,
Mürgülü dənizin qaçır yuxusu,
Bərkdən çığıranda ağ qağayılar.
Bulvarda ən zərif inci sayılar,
“Mirvari” kafesi görümlü yerdi,
Yusuf gülümsünüb asta deyirdi:
“Bilirsən, əzizim, çox sevirəm mən,
Ruhum qanadlanır, dincəlir bədən,
Dənizin laylatək səsi gələndə”.
Bilqeys söylədi: “Bax, elə mən də.
Səninlə duyanda aləmin səsin,
Mənə hüzur verir doğma nəfəsin”.
…Dənizə sallanır göyün məndili,
Parlayır çıraqtək səma qəndili.
Bir azca aralı gözləri ulduz,
Gəzinir qol-qola üç sevimli qız.
Qızları Gülarə, Sevda və Rəna
Hərdən gülümsünür, əl edib ona.
Bilqeysin qoluna astaca dəydi.
Gözləri bir qədər düşüncəliydi.
Sükutun içindən doğur xəyallar,
Bir ucu dünəndə böyük amallar.
Elmin fədaisi, dahisi olmuş,
Sevilmiş, seçilmiş, dəyər də almış.
Xəyalı bir az da keçmişə döndü,
Gözünə o ağır illər göründü.
Xidməti böyükdü xalqa, ölkəyə,
“Çox mühüm yanacaq, neft aldın” – deyə
Fəxri ad, həm orden, medal da almış,
Verdiyi töhfələr onu ucaltmış.
Sintetik kauçuk zavodu bu gün,
Nə qədər artırıb istehsal yükün.
Sonra “Neft Daşları” böyük möcüzə,
Əzmin təsviratı sığmayır sözə.
Torpağa saplanan polad dayaqlar,
Bir ada-şəhəri dənizdə saxlar.
Meydanlar, binalar, maşın yolları,
Su üstdə ucalan buruq qolları.
Möcüzə həm özü, həm adındadır,
Ginnesin Rekordlar Kitabındadır.
Bir də xatırladı rəsədxananı,
Qurulmuş fitnəni, nadürüst qanı.
(Burda gülümsədi, – çıxardıb boşa, Vurmuşdu erməni oxların daşa)
O qədər böyükdü onun kəşfləri,
Neftin tərkibini biləndən bəri
O, layiq görülmüş ali təltifə,
Nobel mükafatı – haqqı min dəfə.
Erməni lobbisi yenə bu işdə
Göstərib məkirli hiylə, səriştə,
Haqqının yoluna qoydular daşı,
Paxıllıq göstərib hər qədəm başı.
İclas gedən zala gəldi qəfildən,
Məktub – anonimdi, fitnəkar əldən.
Yazılmış: “Bu kəşflər elmin fəxridir,
İxtira sirləri, əfsus, məxfidir”.
Bu oldu büronun əlində əsas,
Baqramyan, dostları qazandılar səs.
“Mənimsə amalım nurdu, sayrışan,
Gözümdə olmayıb nə şöhrət, nə şan,
Çalışdım, qarşılıq gözləmədim mən,
İstədim qazansın, ucalsın Vətən”.
…Bilqeys görürdü gizli ümmanı,
Yusufun gözündə dalğalanmanı.
Böyük məhəbbətlə əlini sıxdı,
Yusuf də xəyaldan bir anda çıxdı.
Götürdü çayını, rəngi məxməri,
Döndü, xiyabanı gəzdi gözləri.
Bu anda qızları sarıldı ona,
Ay üzlü Gülarə, Sevda və Rəna.
…Gecəyarısından ötsə də xeyli,
Yusufun yatmağa yox hələ meyli.
“Neftin tarixi”ni yazır həvəslə,
Düşünür, danışır, daxili səslə.
Əlindən gələndən artıq bəlkə də
Çalışıb, işləyib doğma ölkədə.
Masada qoyulmuş “Elm və həyat”,
Onun təklifiylə tapıbdır həyat.
Azalmır, arzular azalmır yenə,
Min arzu yüklənir hər gələn günə.
Sükutu pozurdu divarda saat,
Elə bil deyirdi “artıq sən də yat”
O qalxdı yerindən, yorulmuş bir az,
Düşündü: dincəlim, heç də pis olmaz.
Son günlər bir qədər ağrı çoxalmış,
Təşrih olunmağa vədə də almış.
İstəyir bitirsin əldə son işi,
Bir işi uzatmaq deyil vərdişi.
İnsanın həyatı olsa lap yüz il,
Şam kimi yanmasa o, həyat deyil.
Tanrının hikmətin kim anlayıb, kim,
Nədən dərd bilməsin dərd bilən həkim.
…Deyirlər hər gələn köç edib gedər,
Qisməti yazırmış bir ucdan qədər.
Qırıldı dahinin ömrünün sapı,
Yarımçıq qapandı ömür kitabı.
Gözündə məramı, məqsədi vardı,
Oxşayıb Yusufu, əcəl apardı…
Dekabr, şaxtalı, soyuq qış günü,
55 yaşında yumdu gözünü.
Ağ duman içindən çən ələnirdi,
Şeh düşür, nəmlənir Fəxri Xiyaban.
Məzarın üstünə hey döşənirdi,
Tər-təzə çiçəklər hər gün, hər zaman.
Durubdu Bilqeys məzar başında,
Xatırə, xəyallar deyilmi onla?
Gözündən süzülən damla yaşında,
Gözündə titrəyir yaşanmış anlar.
Rənanın, Gülyanın gözləri nəmli,
Sevdanın qəlbini qəm-kədər sıxır.
Gözləri gəzirdi mavi göyləri,
Əmindi, atası üfüqdən baxır.
Qəlbində əssə də ayrılıq yeli,
“Bal qızım” söyləyən səsi yadında.
Saçına dəyməyir qayğıkeş əli,
O dünya yox olmaz, – ata adında.
Bir tarix yaşadır özündə bir ev
…Bir tarix yaşadır özündə bir ev,
Heydərin əl izi iç-civarında.
Bu evdə doğulmuş Məmmədəliyev,
Gülsümün laylası daş-divarında.
İndi bir muzeydir, bu ev, bu həyət,
Burda hər gördüyün ondan nişandır.
Elmə, tərəqqiyə həsr olan həyat,
Nə parlaq səhifə, ülvi yaşamdır!
Bu kitab dolabı, yazı masası,
Hansı kəşf yazılıb, bax, bu qələmlə?
Bəlkə bu saatın çıqqıltı səsi,
Ölçüb saatları kiçik qədəmlə.
Toxunub bir zaman klavişlərə,
Piano çalarkən Bilqeys xanım.
Bir bəstə çevrilib həzin səslərə,
Yusufun ömrünün şirin bir anı.
Burdasa medallar, zəfərlər tağı,
Bu, Lenin ordeni, Şərəf nişanı,
Bu orden – Qırmızı Əmək Bayrağı.
Sülh-dostluq uğrunda – dostluğun şanı.
Məktub, vəsiqələr, kitabçalar var,
Zamanın şahidi, zamana yoldaş.
Bu gün səssiz duran burda hər nə var,
Alimin qəlbinə, könlünə sirdaş.
Sanki bir günəşdi bəşər içində,
Günəştək parladı, zülməti yardı.
Tanrı ərməğanı şəfəq biçimdə
Zamanı aşanlar nə bəxtiyardır.
Epiloq
Allahın lütfünün yerə enməsi,
Allahın bəşərə işıq bəxşisən.
Zəkanın bədəndə şəkillənməsi,
Bəşər taleyində ömür nəqşisən.
Yaşarsan zamanda, məkanda, səsdə,
Sən ötüb keçmədin xəfif yel kimi.
Xatirən önündə dəstəbədəstə,
Kəlmələr gül açır qərənfil kimi.
Min sözün içində məna tapmamaq,
Sükutu dinləyib, daşımaq da var.
Var ikən yox kimi, ömrə yad yamaq,
Dünyadan köç edib yaşamaq da var.
Doğuldun, böyüdün sən Ordubadda,
Dünyaya toxundu işıq əllərin.
Yusufdun, başladın ömrə bir adda,
Alimi, dahisi oldun ellərin.
20.01.2026 – 06.03.2026
——————————————-
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (1857–1921) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü, Hüseynov Sadıq Cavad oğlu (1883– 1952) — Azərbaycan kimyaçı-alimi, Azərbaycan SSR əməkdar elm xadimi, professor
Moskva Dövlət Universiteti
Nikolay Dmitriyeviç Zelinski (1861–1953) üzvi kataliz və neft-kimyanın banilərindən olan görkəmli rus/sovet kimyaçısıdır. Moskva Universitetinin professoru, SSRİ Elmlər Akademiyasının akademiki olmuşdur.
akademik Aleksandr Aleksandroviç Balandin (1898–1967) — görkəmli sovet fiziki-kimyaçısı, SSRİ Elmlər Akademiyasının akademiki
üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır.
Bu gün Azərbaycan diasporunun tanınmış nümayəndəsi, iş adamı, mesenant, xeyriyyəçi, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun (DAMF) və Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) sədri Fizuli Məmmədovun doğum günüdür. Fizuli Məmmədovun həyatının əsasını xalqına xidmət və xeyriyyəçilik missiyası təşkil edir. O, tanınmış diaspor xadimi və iş adamı kimi dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrdə Azərbaycan naminə bir yumuruq kimi birləşərək güc mərkəzinə çevrilməsi, düşmənə qarşı vahid mövqedən çıxış etməklə yanaşı, sosial problemlərlə qarşılaşan soydaşlarımızın ehtiyaclarının zamanında həll olunması və.s. kimi milli və vətənpərvər dəyərləri daşımaqla yanaşı, daima ölkəsinin və xalqının rifahı və çiçəklənməsi naminə əlindən gələni əsirgəməmişdir. Fizuli Məmmədov 30 ilə yaxındır ki, təsisçisi və rəhbəri olduğu DAMF xeyriyyə xondu vasitəsi ilə xaricdə və doğma vətənində sosial problemlərlə qarşılaşan insanlara, həmçinin şəhid və qazi ailələrimizin problemlərinin həll olunmasında yaxından iştirak etməklə, vətənpərvərlik və xeyriyyəçilik fəaliyyəti ilə iş adamlarına örnək olmaqdadır. Fizuli Məmmədov Azərbaycan diaspor hərəkatının ən layiqli nümayəndələrindən biri kimi uzun illərdən bəri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında böyük əmək sərf etməkdədir. Fizuli Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə 15 dekabr 1988-ci ildə Azərbaycan Birliyi, 1994-cü ildə Dünya Azərbaycanlıları Mədəniyyət Fondu, 25 aprel 1999-cu ildə Moskva şəhərində Prezident oteldə Dünya Azərbaycanlıları İttifaqı, düz iyirmi il sonra eyni ünvanda və eyni məkanda 26, 27 aprel 2019-cu ildə ilk dəfə olaraq Rusiyanın bütün bölgələrinin təmsilçiliklərinin iştirakı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaranmışdır. Hazırda qeyd olunan nüfuzlu diaspor təşkilatlarının Rusiya və bir çox Avropa ölkələrində nümayəndəlikləri uğurla fəaliyyət göstərməkdədir. Azərbayacn xalqının fəxri, dəyərli Fizuli Məmməd oğlu Məmmədovu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, sağlam ömür və bütün işlərində daima uğurlar arzu edirik! Ad gününüz mübarək Fizuli, müəllim!