Etiket arxivi: Bədirxan Əhmədov

Elman Eldaroğlu – Arzuları çin olsun!

Arzuları çin olsun!

Parlaq zəkalı, dərin ağıllı, məqsədyönlü və zəhmətkeş insandır. Fəaliyyətdə olanda özünü hamıdan xoşbəxt hesab edir. Hər hansı bir iş haqqında azacıq fikirləşən kimi, dərhal ona girişir. Çox qabiliyyətlidir və səliqə-səmanı gözləyir. Onun qəlbi ruh coşqunluğu ilə doludur. Bəzən onu təəccübləndirir ki, niyə başqaları onun qavradığı kimi qavramağı bacarmırlar. O, həyatı varlığı ilə dərindən hiss edir və məhz buna görə də həmişə ayaq üstə qalmağı və daima nəiləsə məşğul olmağı xoşlayır. Onun kifayət qədər həyat enerjisi var, odur ki, kiçik problemləri tez dəf edir. Başqa sözlə, çətinliklər yarananda o, cani-dildən hərəkət etməyə səy göstərir və məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir…

Müsahibələrinin birində deyir ki:- “Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğum ədəbiyyatşünaslıq və ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünür. Ancaq nəzərə alanda ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub. Sözsüz ki, Firidun bəy Köçərli, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, Həmid Araslı, Əli Sultanlı, Abbas Zamanov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi alimlər bu sahədə fundamental tədqiqatlar aparıblar. Yəni bu işin mahiyyətində həm də maarifçilik var. Təsadüfi deyil ki, bolşeviklərin işğal zamanı ilk güllələdiyi şəxslərdən biri Firidun bəy Köçərli olub. Bir çox ədəbiyyatşünaslar- Əli Nazim, Əmin Abid, Salman Mümtaz, Bəkir Çobanzadə və başqaları repressiya olunublar. Mən də onların bu müqəddəs yolunu davam etdirərək xalqa xidmət yolunu seçmişəm…”

Ədəbiyyatçılar arasında onu yaxşı tanıyırlar. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixinə həsr edilən xeyli fundamental elmi araşdırmaların, o cümlədən bakalavr və magistrlər üçün nəzərdə tutulan 3 cilidlik dərsliyin müəllifidir…

Söhbət Bədirxan Balaca oğlu Əhmədovdan gedir. O, 20 aprel 1955-ci ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində dünyaya gəlib. 1973-cü ildə orta məktəbi bitirərək indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinə daxil olub və oranı 1977-ci ildə oranı başa vurub. 1977-1982-ci illərdə Sabirabad rayonunun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya qəbul olunub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1990-ci ildən “Vətən səsi”, “Cümhuriyyət”, “Azərbaycan ordusu” qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Silahlı Qüvvələrdən ehtiyata çıxandan sonra, 1999-cu ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Aparıcı elmi işçi, baş elmi işçi, elmi katib vəzifələrində işləyib. 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2011-ci ildə isə professor elmi adına layiq görülüb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinə rəhbərlik edir…

“Deyim ki, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Kars Kafkas Universiteti və Xəzər Universitetində otuz ilə yaxın mühazirələr oxumuşam. Gördüyüm bu olub ki, müstəqillik dövründə proqramların, metodik vəsaitlərin, dərsliklərin və dərs vəsaitlərinin nəşri, demək olar, yaddan çıxıb. Bu isə tələbə və magistrantların əvvəlki ideoloji prinsiplərlə yazılmış vəsaitlərdən istifadə etməsinə şərait yaradır. Ya da internet, vikipediya məlumatlarından istifadə etməklə kifayətlənirlər ki, bu da təhsil sistemimizə böyük bir zərbədir. Bunu hiss edərkən XX əsrin ədəbiyyat tarixini yazmağa başladım. Əvvəlcə 2009-cu ildə ədəbiyyat tarixinin proqramını tutdum və yeni dövrləşdirmə irəli sürdüm. Sonra da bu dövrləşdirməyə uyğun yüz ilin ədəbiyyatını sistemləşdirib tələbələrin ixtiyarına verdim…”- söyləyir.

O, həmçinin 2001-ci ildən Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı tarixi, Müasir ədəbi proses, Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mətbuatı tarixi, Jurnalistikanın nəzəri əsasları və praktik yaradıcılığından mühazirələr oxuyur. Aynur Qəzənfərqızı adlı bir tələbsi onun Türkiyə mətbuatında işıq üzü görən məqalələrdən birini öz Facebook səhifəsində paylaşaraq yazır: “Canım hocamın Türklüyün üçlü formulu haqqında yazılarına Türkiyə də biganə qalmır və öz qəzetlərində bu yazılara yer verirlər. Qürurverici bir mənzərədir. Daim var olun, yazın, yaradın, gözəl insan!..”

…Özünü fəal vəziyyətdə daha yaxşı hiss etdiyinə görə imkan düşən kimi yeni bir işə başlayır. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı vaxt itkisi hesab edərək dərhal işə girişməyə üstünlük verir. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə rrıəhz buna görə də çox vaxt müvəffəqiyyət qazanır. Şəxsi problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxu sadəcə olaraq heç olur. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. O, çox ağıllı və realist adamdır, hansısa bir uzaq gələcək üçün işləmir və nə vaxtsa bugünkü xidmətlərinin mükafatlandırılması barədə düşünmür…

Deyir ki:- “Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir. Maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır. Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Bu gün təhsildə yeni yanaşmalara keçmək zəruriyyəti yaranıb…”

…Bilirəm, indiki adamların, sonu bilinməyən mənasız serialları xüsusi diqqətlə izləsələr də, kiminsə haqqında uzun-uzadı söhbətlərə qulaq asmağa səbirləri çatmır. Gərək, qısa şəkildə qəhrəmanının obrazını yaratmağı bacarasan. Odur ki, professor Bədirxan Əhmədova həsr etdiyim bu söhbəti uzatmıram, burada yekunlaşdırmaq istəyirəm. Məqsəd, Bədirxan müəllimi yeni yaşı münasibətilə təbrik etməkdir- Arzuları çın olsun!..

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

20 aprel professor Bədirxan Əhmədovun 71 yaşı münasibəti ilə təbrik

20 aprel professor Bədirxan Əhmədovun 71 yaşı münasibəti ilə təbrik

          Bu gün Bədirxan Əhmədovun doğum gününü qeyd edərkən onun zəngin elmi yaradıcılığına, Azərbaycan ədəbiyyatşünaslığının inkişafına verdiyi misilsiz töhfələrə bir daha nəzər salmaq xüsusi qürur hissi doğurur. Onun fəaliyyəti yalnız fundamental elmi nəticələrlə məhdudlaşmır, eyni zamanda bir məktəb, bir düşüncə istiqaməti kimi özündən sonrakı nəsillərə yol göstərir. Bədirxan Əhmədovun alim kimi böyüklüyü ilə yanaşı, müəllim kimi missiyası da dərin hörmətə layiqdir. O, təkcə elmi bilikləri ilə deyil, həm də tələbələrinə aşıladığı ədəbiyyata sevgi, tənqidi düşüncə və elmi dürüstlük prinsipləri ilə yadda qalır. Bu baxımdan onun tələbəsi olmaq böyük şans və məsuliyyətdir. Mənim üçün də onun tələbəsi olmaq həyatımda mühüm iz buraxan, dünyagörüşümün formalaşmasına təsir edən dəyərli bir təcrübədir. Bu əlamətdar gündə hörmətli müəllimimə möhkəm can sağlığı, uzun ömür, yeni-yeni elmi uğurlar arzulayıram. Arzu edirəm ki, onun zəngin elmi fəaliyyəti bundan sonra da davam etsin, yetişdirdiyi tələbələr və yazdığı əsərlər vasitəsilə Azərbaycan ədəbiyyatşünaslığına töhfə verməkdə davam etsin. Doğum gününüz mübarək olsun, dəyərli müəllimim!

Müasir Azərbaycan ədəbiyyatşünaslığında Bədirxan Əhmədov fenomeni

          Müasir Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynayan alimlərdən biri də Bədirxan Əhmədovdur. Onun elmi yaradıcılığı ədəbi-nəzəri fikrin zənginləşməsi, klassik və müasir ədəbiyyatın yeni baxış bucağından təhlili ilə seçilir. Ədəbiyyatın yalnız estetik hadisə deyil, həm də ictimai və mənəvi proses kimi dərkində Bədirxan Əhmədovun yanaşması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ədəbiyyatşünaslığı zəngin tarixi inkişaf yolu keçərək bu gün də dinamik şəkildə yenilənən, müxtəlif metodoloji yanaşmalarla zənginləşən bir elmi sahə kimi diqqət çəkir. Klassik irsin dərindən öyrənilməsi, müasir ədəbi prosesin izlənilməsi və bu iki istiqamətin qarşılıqlı əlaqədə təhlili ədəbiyyatşünaslığın əsas prioritetlərindən biri olaraq qalır. Xüsusilə müstəqillik dövründə milli ədəbi düşüncənin yeni mərhələyə qədəm qoyması, ədəbiyyata yanaşmada fərqli nəzəri modellərin tətbiqinə geniş imkanlar yaratmış, bu sahədə fəaliyyət göstərən alimlərin rolunu daha da artırmışdır. Müasir dövrdə ədəbiyyatşünaslıq artıq yalnız mətnlərin şərhi ilə məhdudlaşmır; o, eyni zamanda ədəbiyyatı sosial, fəlsəfi və mədəni kontekstlər daxilində araşdıran kompleks bir elmi istiqamət kimi çıxış edir. Bu baxımdan ədəbiyyatşünas alimlərin qarşısında duran əsas vəzifələrdən biri milli ədəbi irsi qorumaqla yanaşı, onu yeni elmi yanaşmalar əsasında yenidən dəyərləndirmək, müasir oxucu üçün аktual etməkdir. Belə bir elmi mühitdə fərdi yaradıcılıq üslubu, orijinal metodoloji baxış və sistemli tədqiqat prinsipləri ilə seçilən alimlər xüsusi əhəmiyyət qazanır. Məhz bu kontekstdə Bədirxan Əhmədovun elmi fəaliyyəti diqqəti cəlb edir. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatşünaslığının əsas inkişaf istiqamətlərini özündə əks etdirməklə yanaşı, bu sahəyə yeni metodoloji yanaşmalar gətirən mühüm hadisə kimi qiymətləndirilə bilər. Alimin tədqiqatlarında klassik ədəbi irslə müasir ədəbi prosesin vəhdətdə araşdırılması, ədəbiyyatın sistemli şəkildə təhlili və onun ictimai-mənəvi funksiyasının ön plana çəkilməsi xüsusi yer tutur. Bu baxımdan Bədirxan Əhmədovun yaradıcılığına “fenomen” kimi yanaşmaq təsadüfi deyil. Onun elmi irsi yalnız ayrı-ayrı problemlərin araşdırılması ilə məhdudlaşmır, eyni zamanda bütövlükdə Azərbaycan ədəbi-nəzəri fikrinin inkişafına təsir göstərən konseptual yanaşmalar sistemi kimi çıxış edir. Alimin yaradıcılığında diqqət çəkən əsas cəhətlərdən biri ədəbi tənqidin sistemli və konseptual şəkildə aparılmasıdır. O, Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini araşdırarkən yalnız faktların sadalanması ilə kifayətlənmir, eyni zamanda onların daxili məntiqini, inkişaf dinamikasını və ideya-estetik xüsusiyyətlərini üzə çıxarır. Bu baxımdan onun tədqiqatları müasir ədəbiyyatşünaslıq üçün metodoloji əhəmiyyət daşıyır. Bədirxan Əhmədovun elmi fəaliyyətində klassik ədəbi irsin öyrənilməsi xüsusi yer tutur. O, klassiklərin yaradıcılığına müasir elmi metodlarla yanaşaraq onların əsərlərindəki dərin məna qatlarını açmağa çalışır. Bu yanaşma klassik ədəbiyyatın yalnız tarixi irs kimi deyil, həm də müasir dövr üçün аktual ideyalar mənbəyi kimi dərk edilməsinə imkan yaradır. Alimin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də müasir ədəbi prosesin təhlilidir. O, çağdaş yazıçı və şairlərin yaradıcılığını araşdıraraq yeni ədəbi tendensiyaları müəyyənləşdirir, onların inkişaf istiqamətlərini elmi şəkildə əsaslandırır. Bu isə onun yaradıcılığını yalnız keçmişə yönəlmiş deyil, həm də bu günə və gələcəyə istiqamətlənmiş bir fenomen kimi səciyyələndirir. Bədirxan Əhmədovun ədəbiyyatşünaslıqda “fenomen” kimi dəyərləndirilməsi təsadüfi deyil. Bu, onun yalnız çoxşaxəli elmi fəaliyyətinin deyil, eyni zamanda ədəbiyyata yanaşma tərzinin yeniliyi ilə bağlıdır. O, ədəbiyyatı bütöv bir sistem kimi dərk edir və bu sistem daxilində fərqli elementlərin qarşılıqlı əlaqəsini üzə çıxarmağa çalışır. Bədirxan Əhmədovun elmi yaradıcılığı kifayət qədər genişdir və əsasən Azərbaycan ədəbiyyatının tarixi, nəzəriyyəsi və müasir ədəbi prosesin təhlilini əhatə edir. Onun əsərləri arasında monoqrafiyalar, elmi məqalələr və dərslik xarakterli nəşrlər xüsusi yer tutur. O, 2005-ci il dekabrın 7-də “Azərbaycan satirasının inkişaf problemləri (1920–1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yüzdən çox elmi, iki yüzdən çox publisistik məqalənin, 5 monoqrafiyanın, 2 kitabın müəllifi olan Bədirxan Əhmədov ölkə daxilində və xaricdə keçirilən onlarla Beynəlxalq elmi konfrans və elmi simpoziumların iştirakçısı olmuş (Türkiyə, Almaniya, Polşa və s.), məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), monoqrafiyaları onu Azərbaycanda satiraşünas alim kimi tanıtmışdır. “Bir istiqlal yolçusu” (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, Qorqudşünas, ədəbiyyat tarixçisi Əmin Abidin həyat və yaradıcılığını araşdırmışdır. Respublika prezidentinin sərəncamı ilə çıxan Əmin Abidin “Seçilmiş əsərləri” (2005, “Şərq-Qərb” nəşriyyatı) kitabının nəşri (əsərlərinin toplanması, tərtibi və Ön sözün yazılması) ona tapşırılmışdır. 1999-cu ildən Bakı Slavyan Universiteti və Xəzər Universitetində müxtəlif vaxtlarda Azərbaycan ədəbiyyatı, Ədəbi tənqid tarixi, Ədəbi proses və başqa fənlərdən mühazirələr oxumuşdur. Azərbaycan ədəbiyyatı və jurnalistikaya aid ona qədər proqram və metodik vəsait və dərs vəsaitlərindən müəllim və tələbələr istifadə edirlər. Bakalavr və magistrlər üçün 3 cilddə nəşr edilən “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabları yüzilin ədəbi prosesini, inkişaf yolları və meyllərini özündə ehtiva edir. “XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələlər, istiqamətlər, problemlər” (2015) monoqrafiyası son illər Azərbaycan ədəbiyyatşünaslığının uğurlarından hesab olunur. Bədirxan Əhmədovun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatşünaslığında mühüm mərhələ təşkil edir. Onun elmi irsi həm nəzəri, həm də praktik baxımdan ədəbiyyatın öyrənilməsinə yeni imkanlar açır. Bu baxımdan onun fəaliyyəti yalnız bir alim kimi deyil, bütövlükdə milli ədəbi fikrin inkişafına xidmət edən mühüm bir fenomen kimi qiymətləndirilməlidir. Bütün qeyd olunanları ümumiləşdirərək demək olar ki, Bədirxan Əhmədovun elmi yaradıcılığı müasir Azərbaycan ədəbiyyatşünaslığının inkişafında yalnız mühüm mərhələ deyil, həm də istiqamətverici bir konseptual sistem kimi çıxış edir. Onun tədqiqatları ədəbiyyatın mahiyyətinə, funksiyasına və inkişaf qanunauyğunluqlarına yeni baxış gətirməklə yanaşı, milli ədəbi-nəzəri fikrin daha dərindən və sistemli şəkildə formalaşmasına zəmin yaradır. Alimin elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri onun ədəbiyyata kompleks yanaşmasıdır. O, ədəbi prosesi yalnız tarixi ardıcıllıq çərçivəsində deyil, eyni zamanda ideya, estetik və sosial müstəvilərin vəhdətində araşdırır. Bu isə ədəbiyyatın bir tərəfdən bədii yaradıcılıq sahəsi, digər tərəfdən isə ictimai şüurun ifadə forması kimi dərk olunmasına imkan verir. Bədirxan Əhmədovun bu yanaşması müasir ədəbiyyatşünaslıqda inteqrativ metodun formalaşmasına və tətbiqinə mühüm töhfə kimi qiymətləndirilə bilər. Onun klassik ədəbi irsə münasibəti də xüsusi əhəmiyyət kəsb edir. Alim klassikləri yalnız keçmişin ədəbi faktı kimi deyil, daim yaşayan və hər dövrdə yeni mənalar qazanan bədii sistem kimi təqdim edir. Bu baxımdan o, klassik irsin müasir elmi interpretasiyasını verərək, ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsini üzə çıxarır. Bu yanaşma isə milli ədəbi yaddaşın qorunması ilə yanaşı, onun müasir dövrdə yenidən aktuallaşdırılmasına xidmət edir. Bədirxan Əhmədovun müasir ədəbi prosesə dair araşdırmaları da xüsusi diqqətə layiqdir. O, çağdaş ədəbiyyatın əsas meyillərini, estetik axtarışlarını və ideya istiqamətlərini elmi şəkildə təhlil edərək, bu prosesin daxili qanunauyğunluqlarını müəyyənləşdirir. Bununla da o, ədəbiyyatşünaslığın yalnız retrospektiv deyil, həm də perspektiv funksiyasını həyata keçirir, gələcək ədəbi inkişafın mümkün istiqamətlərini proqnozlaşdırmağa imkan yaradır. Alimin yaradıcılığında diqqət çəkən digər mühüm məqam onun metodoloji yeniliklərə açıq olmasıdır. O, dünya ədəbiyyatşünaslığının müasir nailiyyətlərini milli elmi mühitə uyğunlaşdıraraq tətbiq edir və bu yolla Azərbaycan ədəbiyyatşünaslığının beynəlxalq elmi məkanla inteqrasiyasına şərait yaradır. Bu isə onun fəaliyyətini yalnız milli çərçivədə deyil, daha geniş elmi kontekstdə dəyərləndirməyə əsas verir. Bədirxan Əhmədovun “fenomen” kimi səciyyələndirilməsi, əslində, onun elmi fəaliyyətinin çoxşaxəliliyini, dərinliyini və yenilikçi mahiyyətini ifadə edir. O, ədəbiyyatı statik bir sahə kimi deyil, daim dəyişən, inkişaf edən və müxtəlif təsirlərə açıq olan canlı bir sistem kimi təqdim edir. Bu baxımdan onun irəli sürdüyü ideyalar və tətbiq etdiyi metodlar müasir ədəbiyyatşünaslıq üçün yeni perspektivlər açır. Bədirxan Əhmədovun elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının gələcək inkişafı üçün möhkəm nəzəri baza rolunu oynayır. Onun tədqiqatları yalnız bu gün üçün deyil, gələcək nəsil alimlər üçün də dəyərli elmi mənbə kimi əhəmiyyətini qoruyub saxlayacaqdır. Bu baxımdan alimin fəaliyyəti milli ədəbi fikrin inkişafında mühüm yer tutmaqla yanaşı, bütövlükdə Azərbaycan elminin intellektual potensialının göstəricisi kimi də qiymətləndirilməlidir.

Hörmətlə: Həcər AKİŞİYEVA

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I