Etiket arxivi: Xanım Qasımova

Müəllim – dərsdən daha böyük bir missiya

Müəllim – dərsdən daha böyük bir missiya

Müəllim… Bu söz mənim üçün həmişə, sadəcə, bir peşənin adı olmayıb. İllər keçdikcə daha aydın dərk etmişəm ki, müəllim olmaq dərs deməkdən, proqramı başa çatdırmaqdan, şagirdin biliyini qiymətləndirməkdən qat-qat böyük məsuliyyətdir. Müəllim həm də bir insanın düşüncəsinə istiqamət verən, mənəvi dünyasına təsir göstərən, gələcək şəxsiyyətin formalaşmasında iştirak edən insandır.
Müəllimlik fəaliyyətim ərzində bunun çoxsaylı nümunələrinin şahidi olmuşam. Bəzən bir şagirdin dərsdə verdiyi cavabdan daha çox onun davranışına, düşüncə tərzinə, həyata münasibətinə diqqət yetirmişəm. Çünki mənim üçün yaxşı nəticə yalnız yüksək qiymət deyil. Şagirdin öz fikrini əsaslandıra bilməsi, başqasının fikrinə hörmət etməsi, səhvindən nəticə çıxarması, ədalətli və məsuliyyətli davranması da təhsilin nəticəsidir.
Xüsusilə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi düşünürəm ki, bizim məsuliyyətimiz bir qədər də fərqlidir. Biz söz öyrətmirik, sözün arxasındakı mənanı, insanı, həyatı öyrədirik. Bir bədii əsəri təhlil edərkən şagirdə yalnız obrazın xarakterini izah etmək kifayət deyil. Mən çalışıram ki, o obrazın davranışı üzərində şagird özü düşünsün: “Sən onun yerində olsaydın, necə davranardın?”, “Bu qərarın nəticəsi nə ola bilərdi?”, “Müəllif bu hadisə ilə bizə nə demək istəyir?”
Belə sualların cavabını hazır şəkildə verməkdənsə, şagirdin özü nəticəyə gəlməsini daha qiymətli hesab edirəm. Çünki əzbərlənmiş fikir tez unudulur, insanın öz düşüncəsi ilə gəldiyi nəticə isə yaddaşda daha çox yaşayır.
Müəllimlik fəaliyyətimdə bir həqiqəti də öyrənmişəm: hər şagirdin açarı fərqlidir. Birinə sərt tələb təsir edə bilər, digərinə isə səmimi söhbət. Biri tərifdən ruhlanar, digəri müəllimin ona olan inamından. Elə şagirdlər də olub ki, ilk baxışda özünü dərsdə göstərməyib, lakin düzgün yanaşmadan sonra qabiliyyətini ortaya qoyub.
Məhz belə məqamlar müəllimə xatırladır ki, sinifdə qarşımızda, sadəcə, şagirdlər deyil, hər birinin öz dünyası, arzusu, qorxusu və potensialı olan fərqli insanlar dayanır.
Mənim üçün müəllimin ən mühüm vəzifələrindən biri də şagirdin özünə inamını qorumaqdır. Bəzən bir uşağın uğursuz cavabına yalnız “səhvdir” demək asandır. Amma daha vacib olan onun niyə səhv etdiyini anlamaq və növbəti dəfə doğru cavaba özü çatmasına kömək etməkdir. Çünki müəllim şagirdin səhvini yalnız düzəltməməli, həmin səhvdən öyrənməyi də bacarmalıdır.
İllər ərzində sinif rəhbəri kimi də gördüm ki, uşaqlara mənəvi dəyərləri yalnız sözlə aşılamaq mümkün deyil. Hörmət, məsuliyyət, intizam, bir-birinə dayaq olmaq, məktəbin və sinfin uğuruna öz töhfəsini vermək — bunların hamısı gündəlik davranışlarda formalaşır. Sinif bir növ kiçik cəmiyyətdir. Burada uşaq yalnız dərs öyrənmir, insanlarla münasibət qurmağı, məsuliyyət daşımağı, fərqli düşüncələrə münasibət göstərməyi də öyrənir.
Həmişə çalışmışam ki, şagirdlərim mənə yalnız “dərs deyən müəllim” kimi deyil, onlara düşünməyi və özlərini kəşf etməyi öyrədən bir insan kimi baxsınlar.
Bu baxımdan müəllimin şəxsi nümunəsinin gücünə inanıram. Şagird müəllimin dediklərindən əvvəl onun davranışını görür. Müəllim kitab oxumağa çağırırsa, özü də oxumalıdır. Dürüstlükdən danışırsa, özü dürüst olmalıdır. Ədalətdən danışırsa, qiymətləndirmədə ədalətli davranmalıdır. Elmə hörmət aşılayırsa, öyrənməkdən özü də heç vaxt yorulmamalıdır, elm sahəsində və təhsilində uğurları olmalıdır.
Çünki uşaqlar bizim dediklərimizi deyil, çox vaxt necə yaşadığımızı öyrənirlər.
Bu gün informasiya dövründə müəllimin işi həm də daha məsuliyyətlidir. Şagird istənilən məlumatı internetdən saniyələr içində tapa bilir. Buna görə müəllimin əsas missiyası artıq yalnız məlumat ötürmək deyil. Əsas məsələ uşağa məlumatı seçməyi, müqayisə etməyi, sual verməyi, səbəb və nəticəni görməyi, doğru nəticəyə gəlməyi öyrətməkdir. Mən dərslərimdə məntiqi düşüncəyə xüsusi əhəmiyyət verməyimin səbəbini də bunda görürəm.
Şagirdin “Bu niyə belədir?” sualını verməsi mənim üçün bəzən düzgün cavabdan daha qiymətlidir. Çünki sual verən uşaq düşünür, düşünən uşaq isə inkişaf edir.
Ədəbiyyat dərsləri isə insan ruhuna toxunmaq üçün böyük imkan yaradır. Nizaminin hikmətindən, Füzulinin məhəbbətindən, Cavidin fəlsəfi düşüncəsindən, klassik və müasir ədəbiyyatımızın yaratdığı obrazlardan danışarkən əslində şagirdə həyatın özünü göstəririk. Ədəbiyyat insanı başqasının taleyinə baxmağa, onun hisslərini anlamağa, yaxşı ilə pisin, mərhəmətlə qəddarlığın, ədalətlə haqsızlığın fərqini duymağa kömək edir.
Mən müəllimlik fəaliyyətim boyu bir şeyə inanmışam: dərs yalnız şagirdin zehnində deyil, qəlbində də iz buraxmalıdır.
Çünki məktəbi bitirəndən sonra şagirdlərin bəziləri hansısa qaydanı, tarixi faktı və ya dərsdə keçilən müəyyən məlumatı unuda bilər. Amma müəllimin ona verdiyi bir həyat dərsi, vaxtında söylədiyi bir söz, ona olan inamı illərlə yadda qala bilər.
Lakin uşağın şəxsiyyət kimi formalaşmasında yalnız müəllimin deyil, valideynin də məsuliyyəti böyükdür. Düzgün tərbiyə ailədən başlayır, məktəb isə bu tərbiyəni təhsil və mənəvi dəyərlərlə tamamlayır. Valideyn övladının yalnız bugünkü qiymətini deyil, sabah necə insan, necə vətəndaş olacağını düşünməlidir. Uşağın hər istəyini yerinə yetirmək deyil, ona məsuliyyət, zəhmət, hörmət və düzgün seçim etməyi öyrətmək valideynin ən mühüm vəzifələrindəndir.
Mən müəllimlik təcrübəmdə dəfələrlə görmüşəm ki, ailə ilə məktəb arasında sağlam əməkdaşlıq olduqda şagirdin həm təlimində, həm də davranışında müsbət dəyişiklik daha aydın görünür. Bəzən dərsə marağı az olan, özünə inamı zəif və ya davranışında müəyyən çətinliklər yaşayan şagirdlərlə ayrıca söhbətlər aparmış, onların probleminin yalnız dərslə bağlı olmadığını müşahidə etmişəm. Belə hallarda valideynlərlə əlaqə saxlayaraq uşağın qarşısında ittihamçı mövqe tutmaqdan daha çox, problemin səbəbini birlikdə müəyyənləşdirməyə və çıxış yolu tapmağa çalışmışam.
Mənim üçün valideyn-müəllim əməkdaşlığının ən vacib şərti qarşılıqlı hörmət və etimaddır. Valideyn müəllimin hər iradını övladına qarşı münasibət kimi deyil, onun gələcəyinə olan məsuliyyətin ifadəsi kimi qəbul etməlidir. Eyni zamanda müəllim də valideynin narahatlığını dinləməli, uşağın fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Təcrübəmdə görmüşəm ki, valideyn övladının təhsilinə yalnız qiymət tələb edən tərəf kimi deyil, prosesin iştirakçısı kimi yanaşanda nəticə daha müsbət olur.
Xüsusilə yeniyetmə yaşlarında uşağın nəzarətə deyil, düzgün istiqamətə ehtiyacı artır. Bu dövrdə valideyn övladının yalnız harada və nə qədər vaxt keçirdiyini deyil, nə düşündüyünü, nəyə inandığını, kimləri nümunə götürdüyünü və gələcəyi haqqında nə təsəvvür etdiyini də bilməyə çalışmalıdır. Şagirdlərimlə söhbətlərdə onların gələcək arzularına, seçəcəkləri peşəyə, qarşılarına qoyduqları məqsədlərə xüsusi diqqət yetirmişəm. Çünki uşağın gələcəyini düşünmək yalnız onun ali məktəbə qəbuluna hazırlaşması demək deyil; onu həyata hazırlamaq, düzgün qərar verə bilən, məsuliyyətli və mənəviyyatlı insan kimi yetişdirmək deməkdir.
Bəzən valideynin bir cümləsi, müəllimin bir sözü və uşağa göstərilən ardıcıl diqqət onun münasibətində ciddi dəyişiklik yarada bilir. Buna görə mən həmişə düşünmüşəm ki, müəllim və valideyn bir-birinin rəqibi deyil, eyni uşağın gələcəyi üçün məsuliyyət daşıyan tərəfdaşlardır. Məktəbdə verilən tərbiyə ailədə, ailədə formalaşan dəyərlər isə məktəbdə möhkəmlənməlidir. Yalnız bu birlik sayəsində biz savadlı olmaqla yanaşı, vicdanlı, düşüncəli, məsuliyyətli və cəmiyyətə faydalı insan yetişdirə bilərik.
Müəllim gələcəklə işləyir. Bu gün qarşısında oturan uşaq sabah cəmiyyətin bir üzvü, valideyn, həkim, mühəndis, hüquqşünas, alim, müəllim olacaq. Onun insanlara münasibətində, peşəsinə məsuliyyətində, qərarlarında məktəbdə qazandığı mənəvi dəyərlərin izi görünəcək.
Ona görə də müəllimlik mənim üçün yalnız bir iş deyil, bir missiyadır.
Mən şagirdlərimə yalnız bilik vermək deyil, onların düşünən, araşdıran, doğru ilə yanlışı ayırd edən, mənəvi dəyərlərə bağlı, insanlara hörmətlə yanaşan şəxsiyyətlər kimi formalaşmasına töhfə vermək istəyirəm.
Çünki müəllimin əsl uğuru yalnız neçə şagirdinin yüksək bal toplaması ilə ölçülmür. Bəzən illər sonra qarşılaşdığın bir şagirdin “Müəllim, sizin bir sözünüz mənə çox təsir etmişdi” deməsi bütün zəhmətin ən böyük qiymətinə çevrilir.
Müəllim dərs keçir, amma əslində insan yetişdirir. Lövhədə yazılanlar silinir, dərs ili başa çatır, məktəb illəri geridə qalır. Lakin müəllimin şagirdin ruhunda qoyduğu iz bəzən bir ömür boyu yaşayır.

Müəllif: Xanım QASIMOVA,

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xanım Qasımova yazır

“Trolların sirri ” əsərinə ön söz
Cəmiyyətin mənəvi aləmini formalaşdıran bədii ədəbiyyat bütün dövrlərdə insanlığa ən gözəl töhfə olub .Yenilənən dünyanın mənəviyyatca zəngin , yeni düşüncə tərzinə sahib yeniyetmələrə, gənclərə ehtiyacı var. Yazarlarımızın bu işdə əməyi danılmazdır. İstedadlı yazar Gülzar İbrahimovanın “Trolların sirri ” əsəri hər kəs tərəfindən maraqla oxunur , ədalət ,dürüstlük , mənəvi zənginliyi özündə tərbiyə edir.Əsərdəki hadisələr nağıllara məxsus mifik düşüncə tərzini əks etdirsə də , sanki bu günümüzün real insanlıq tablosu rəssam fırçası ilə deyil, yazıçı qələmi ilə yaradıııb.
Ən gözəl əsər yazar ruhunu əks etdirən əsərdir. Bu baxımdan “Trolların sirri” əsəri də Gülzar İbrahimovanın ruh və düşüncə dünyasının məhsuludur.
Trollar haqqında insanlara bəlli olmayan sirləri açmağa , onların simasında ümumbəşəri mənəvi dəyərləri verməyə çalışan yazar baş verən hadisələrin fonunda çatdırmaq istədiklərini böyük ustalıqla oxucularına təqdim edir. Mənəvi dəyərlər : dürüstlük , qətiyyət , səmimiyyət , halallıq kimi insani keyfiyyətlərin təbliği əsər boyu öz müsbət həllini tapıb.Müəllif keçmiş dövrlərin həyat və düşüncə tərzini müasirliklə əlaqələndirmək istəyinə uğurla nail olur, ədalətin,dürüstlüyün qələbəsinə inamını əsər qəhrəmanlarının simasında oxuculara çatdırmağa çalışır.
Əsərin “Hovard qocaya sirr açır ” hissəsində maraqll bir məqam var.Hovard öz mənəvi aləmini qoca ilə dialoqda aydın şəkildə çatdırır: ” Yox, yox, heç vaxt qayıtmaram! Kral mənə inanmasa, bütün nəslimizin adına “oğru” ləkəsi gətirərəm. “Oğru” adına nifrət edirəm. Bir gündə kralın neçə yüz qazını itirmişəm. Günahkaram. Bircə dəfə mənə “qaz oğrusu” desələr, xəcalətimdən yerə girərəm”.

Yazar bu sözlərlə inamın , etibarın qorunmasının insan üçun nə qədər önəmli olduğunu qəhrəmanın dilindən oxucuya çatdırmaqla gənclərdə yüksək mənəvi dəəyərləri görmək istədiyini bildirir.

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 8kňl

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xanım Qasımova – Xəyalların yolu ilə

Xəyalların yolu ilə

Qismətimdə uzaq bir ölkədə, özgə bir şəhərdə, qərib bir buluddan yağan yağışın damlaları altında islanmaq varmış. Kim bilir, bəlkə, o buludu da yurdumdan küləklər qovub gətirmiş, ya da hansısa bir damlada Xəzərimin buxarlanan suyundan var… Yurdumda ruhən əsarətdə olan dərdlinin qibtə dolu baxışlarlarını duyuram azad buludlarda, göz yaşına dönub axır bu şəhərdə.. Mənə döğma olan yeganə varlıqsan buralarda, yağış. Sevgi şəhərində dərd ağlayırsan… Məni islatma bu qədər, mən dərdlərdən qaçağam.. İllərlə xəyalında olduğum məkana getməyə imkan ver, yağış…
Kitabın insan həyatında rolu danılmazdır. Uşaqlıqdan ayrılmaz dostum olub. Orta məktəb dövründə oxuduğum kıtablar həyaımda müəyyən izlər qoyub. V.Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərini oxuyarkən arzum oranı görmək olub. Bunu reallaşmayan xəyal sanmışam. Amma sən demə, çox istəyəndə mümkünsüz olan yoxdur.

Parisə ilk səfərimin birinci günü Noterdam kilsəsinə xəyallarımı reallaşdırmağa getdim.
Hüqonun əsərində kilsənin təsviri təfsilatı ilə verilmişdi. Kilsəyə daxıl olanda o təsvirləri yada salmağa çalışdım, Kvazimodo, Esmeraldanı təsəvvürümdə canlandırdım. Kilsə zənginin səsi qulaqlarımda səsləndi.
Dini mərasim keçirilirdi. İçəri daxıl olanlar şam yandırır, sıra ilə düzülmüş skamyalarda öz yerlərini tutub əllərindəki vərəqdən duaları həvəslə oxuyurdular. Yanımda dayanan alçaqboylu yaşlı fransız xanımın çır səslə oxuduğu duaları anlamasam da, üzümdə təbəssüm yaratdı…
Elə o təbəssümlə oranı tərk etdim. Arzum həyata keçmişdi. Paris yağışı altında xəyalımın məkanından uzaqlaşdım…

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xanım Qasımova – Zirvə

Zirvə
Hər zaman zirvəni arzuladıq. Ona çatmaq üçün çox dəyərli zamanımızı, sağlamlığımızı, rahatlığımızı, hətta sevdiklərimizi belə qurban verdik. Unutduq digər insanlığa yaraşan məqsədləri : valideynlərimizə borcdan başqa insanlıq münasibətimizi, dostlara bayramdankənar xoş sözləri, üzərimizdə haqqı olanları sevindirib yad etməyi , ehtiyacı olanlara təbəssümü… Həsrətlə baxdığımız zirvə gözlərimizi elə qamaşdırdı ki, hətta özümüzü, sözümüzü , yolumuzu itirdik. Elə bu qədər itkilərə rəğmən zirvəyə ucalmaq, özümüzü qalib görmək istədik.
Bu da ZİRVƏ … O qədər xoşbəxtik
ki, hətta qanad açıb quş kimi uçmaq belə ağlımızdan keçir. Bir az sonra özümüzə gəlirik, ətrafa nəzər salırıq. Yalnız özümüzü görürük. Doğmalar, dostlar, yaxınlar bizdən çox aşağıda qalıblar. Artıq əlçatmaz olmuşuq.Hər kəs bizə qibtə hissi ilə baxır. Niyə də baxmasınlar?! Axı arzu olunan mövqedə, qibtə olunan məqamdayıq…
Zaman keçir, zirvədəki tənhalıq bizi qorxudur, soyuqluq üşüdür. Üzümüzdəki təbəssümü , sadəliyimizi gizlətməli oluruq, bizdən aşağıdakılarla ciddi olmalıyıq. Axı xüsusi bir mövqedəyik… Hətta sevdiklərimiz belə bizlə səmimi ünsiyyətdən çəkinirlər, halbuki
indi bizim xoş sözə, isti münasibətə ehtiyacımız var..
Öyrəndiyimiz isə bu olur:
ZİRVƏ nə qədər cəlbedici olsa da, bir o qədər soyuq və tənha imiş…

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI




> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım Qasımova – “11 manat”

11 MANAT

(hekayə)

    Qızımla birlikdə avtobusa minib bir neçə dayanacaq getməli idik.Əslində , 10-15 dəqiqəyə ünvana çatacaqdıq.Yazdıqca düşünürəm ki ,bu,  qısa zaman olsa da,mənə çox uzun gəldi.İkinci dayanacaqda qızım ayağa qalxıb  avtobusa daxil olan arıq, üzündə kədər duyulan  yaşlı bir qadına  yerini təklif etdi.Qadın yanımda əyləşdi.Əlində boş görünən rəngli sellofan torba vardı.Qadın yavaşca  öz-özünə danışırdı:
” Belə iş olar? Yaxşı, mən səhvən göndərmişəm,sən niyə telefonu açmırsan ki?Elə bil qanı insan deyil , it qanıdır”.
  Qeyri -iradi qadının gərgin  vəziyyətini yüngülləşdirmək üçün nə olduğunu soruşdum:
   -Oğlumun nömrəsinə  11 manatlıq danışıq haqqı göndərdim.Demə, bir rəqəmi səhv yığmışam,başqasına gedib.O nömrəyə zəng edirəm,açmır.Növbəti ayın da  təqaüd vaxtına hələ çox var.
“Oğlunuza deyin,həll etsin”,-dedim.
Qadın pəncərədən çölə baxdı,sonra mənə tərəf dönüb  pıçıldadı:”Həbsxanadadır,məndən danışıq haqqı gözləyir”.
Bu dəfə dönüb gözlərinə ,simasına baxdım.O gözlərdən dərd aşıb-daşırdı.
-“Nə üstə olub ?”-soruşdum.
-Bir nəfərlə dalaşıb ,sonra da polisə müqavimət göstərib.
-Neçə ili qallb?
-3 ili.Qra düşəndən sonra gəlin uşaqları görürüb getdi.Tək qaldım.Ayda bir neçə dəfə oğlumu görməyə gedirəm .Əlimdə olanı da oğlumun  nömrəsinə  yükləmək istədim ,o da belə…
  Ünvana yaxınlaşırdıq . Qadına hiss etdirmədən çantamı açdım,nağd pulum az idi, kart hesabımda idi. Qızımın da köməyi ilə düzəltdiyim 11 manatı ona  vermək üçün beynimdə  bəhanələr aramağa başladım.
Əlimdəki pulu sellofan torbanın içinə atdım:”Buyurun ,bəlkə, işinizə yaradı”.
  Qadın çaşqın və əlacsız vəziyyətdə üzümə baxdı:”Lazım deyil,qızım”,- dedi.Gözləri isə minnətdarlıq yaşları ilə doldu.Düzü ,mən də qızım da kövrəlmişdik.Dayanacağa çatırdıq,qadın hara olduğunu soruşdu.
“Gecə-gündüz ağlamaqdan gözlərim də yaxşı görmür”,-dedi.
Gənc bir qadından  ona  düşəcəyi dayanacağı xatırlatmağı xahiş  edim.
Arxamızca qadının dualarını eşidirdik.
Qızım: “Ana , həmişə sənə belə hadisələr rast olur” , – söylədi.
“Hər kəsə rast olur, sadəcə ,görə bilənlər az olur,qızım” ,-dedim.

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI




> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı online konfrans baş tutub.

18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı online konfrans baş tutub. İsveçdə yaşayan dəyərli alim, pedaqoq, yazar Səadət Kəriminin təşkilatçılığı və moderatoluğu ilə 20.10.2023-cü il Bakı vaxtı ilə 20:55 -də başlayan online konfrans 21.10.2023-cü il Bakı vaxtı ilə 00:55-ə qədər – düz 4 saat davam etmişdir. Tədbirdə dünyanın dörd bir tərəfində müxtəlif ölkələrdə yaşayan azərbaycanlı aydınlar iştirak ediblər. Konfransda bütün çıxışçılar ancaq ana dilimizdə danışıblar. Konfransın gedişində Mehriban Vəzirin yeni kitabının online təqdimatı olub.

Tədbirdən fotolar:

Tam video material:

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mənə həmdəm olan, nəfəs olan sözü axtarıram – Xanım Qasımova.

Dünəndən bu günə uzanan gecə-

qara bir kəndir ,

dərin bir quyu ,

göz yaşımın dəryası ,

keçilməz  bir yol ,

iynə ucu boyda isıq…

Kəndir kədərimi boğacaq…

Quyu dərdlərimi basdiracaq…

Dəryada günahsız günahlarım

yuyunub təmizlənəcək…

Keçilməz yolda ruhumun

ruhu mətinləsəcək…

İynə boyda  isıgi itirdim,

nə edim, bilmirəm…

Mən ümid adamıyam axı .

İnanıram,

tapa bilsəm ,

qaranliq gecəmi

yox edəcək…

* * *

Sapa düzülmüş sözlər

çəkir fikirlərimi arxasınca…

bəziləri quyuya atılan qəhrəman kimi ,

bəziləri ağrıdan , əzabdan

məni qurtaran dərman kimi…

Çarpışıb , vuruşub, ölümlə pəncələşib

al-qan içində dik qamətlə dayanan

sözlər var içimdə

ǝtaləti sevməyən zaman kimi… Susduqlarımın qurbanı olan sözlərə

ağı deyə , baş daşı qoya bilmirəm…

Yol gələn sözlərin də

məqama ehtiyacı var.

Bəzən utancaq baxışlarla gözlərini döyən,

İçindən qırılan sözlərə yazığım gəlir…

Gözlərdən axan seldə boğulan,

qürurundan imdad diləmǝyǝn

sözlərə yazığım gəlir.

Mənə həmdəm olan, nəfəs olan sözü axtarıram.

Görən, kimin dilində gizlənib?

Cümləm hələ bitməyib .

Tapmayınca qoymayacağam nöqtəni

Qınamasın kimsə məni!

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI




> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım QASIMOVA – Yurd haqqıda.

Vətən sənin üçün nə edib, söyləmə, sən vətən üçün nə etmisən, de. Tez-tez rastlaşdığım bu fikri həmişə bəyənmişəm və düşünmüşəm ki, yanan meşəyə dimdiyində bir damla su aparan sərçə kimi olmalıyıq. Bacardığımızı edərək ətrafımıza fayda verək, qarşılığı gözləməsək də, mütləq gələcək. Tarix boyu elm, sənət fədailərimiz, qəhrəmanlarımız nəinki millət yolunda etdiklərinin qarşılığını gözlədilər, hətta canını, qanını əsirgəmədilər, məhrumiyyətləri, çətinlikləri görüb geri çəkilmədilər, millətin parlaq gələcəyinə inandılar.

Doğma dilimizi, ədəbiyyatımızı sevə-sevə tədris etsəm də, hər zaman başqa millətlərin adət – ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə can atmışam. Hələ məktəbli olarkən Vsevolod Ovçinnikovun ingilislərlə bağlı “Palıd kökləri”, yaponlar haqqında “Sakura budağı” kitablarını oxuduqdan sonra uzun müddət təsirindən çıxa bilməmişdim.

Artıq 8 ildir ki, yay aylarında Avropaya gəlirəm, hər gəlişimdə təəssüratlarım o qədər çox olur ki, paylaşmaqla bitməz, deyə düşünüb çoxunu yazmıram. Buranın təbiəti, havası, təmizliyi, insanların zövqü, sadəliyi, gülərüz və səmimi olmaları diqqətimi cəlb edir, sözün yaxşı mənasında bir az da qibtə hissi yaradır: Bilirəm ki, təbiəti, havanı, yaşıllığı Yaradan bəxş etsə də, onu qorumaq, inkişaf etdirmək bacarığının kökləri, ailə, tərbiyə, təhsillə bağlıdir. Həm ailə,həm məktəb, həm də dövlət eyni hədəfə köklənib şəxsiyyət formalaşdırmaq.

Yay məktəblərini araşdırdım, bütün yayı ödənişlə işləyirlər. Məktəblilər, bağça yaşlı uşaqlar sxematik bilikləri öyrənməklə deyil, idmanın, incəsənətin bütün növləri üzrə məşğul ola bilir, ekskursiyaya çıxır, muzeylərə, əyləncə mərkəzlərinə gedir, parklarda dəstə ilə velosiped sürürlər. Həm valideyn arxayındır ki, övladı evdə lazımsız işlərdən uzaqdır, həm də uşaqlar fasiləsiz olaraq özünü inkişaf etdirə bilirlər.

Azərbaycanın Belçikadakı səfirliyinin azərbaycanlı diplomatlarının övladları ilə dilimizə sevgi aşılamaq məqsədi ilə keçdiyim dərs yaddaşımızda qalacaq. Təbiətin qoynunda keçilən dərsin əvvəlində uşaqların hər biri özünü təqdim etdi. Təqdimatdan bildim ki, bu uşaqlar həm fransız, həm ingilisdilli məktəblərdə təhsil alırlar. Ana dilində yalnız ailədə danışırlar. Beş yaşından getdikləri təhsil müəssisəsi bağça deyil, “ecole”, yəni məktəb adlanır. Onu da deyim ki, məktəblər ödənişlidir. Hər bir məktəb uzaqda yaşayan şagirdlər üçün avtobus da ayırıb. Hər günün sonunda pedaqoqlar uşaqların hazırladıqları maraqlı əl işlərini valideynlərə təqdim edir, psixoloqlar onların bugünkü davranışı ilə bağlı gündəlik məlumatı çatdırırlar. Məktəbdə ciddi intizam qaydaları tətbiq olunur. Sxematik biliklərdən daha çox həyati bilik və bacarıqlar öyrədilən dərslərdə şagirdin məntiqi təfəkkürü, müsbət insani keyfiyyətləri, ciddi intizamı, məsuliyyəti formalaşdırılır. Məktəblərin zahiri görünüşü, yerləşdiyi binalar, həyəti gül-çiçəklə, rəsmlərlə estetik baxımdan zövqlə tərtib olunub. 

Keçdiyim dərsdə tanışlıqdan sonra maraq dairələri, oxuduqları kitablarla bağlı suallar verdim. Hər biri yalnız mütaliə etdiyi əsərin qısa məzmununu danışmaqla kifayətlənmədi, mən soruşmadan belə həm də tənqidi münasibətlərini, bəyənib-bəyənmədiklərini söylədilər. Anladım ki, bu uşaqlarda şəxsi fikir, münasibət bildirmək bacarığı yüksək səviyyədədir. Uşaqların aktivliyi, sərbəst fikir söyləmə bacarıqları, yardımsevərliyi diqqətimi daha çox cəlb etdi.

Brüsseldə yeni daşındığımız evin heç bir qonşusunu tanımırıq, sadəcə, liftdə bircə dəfə görüşmüşdük, yeni qonşu olduğumuzu bilmişdilər. Onu da deyim ki, buradakı qonşular ilk dəfə görsələr belə, hər biri gülər üzlə salam verir, hal-əhval tuturlar və bu zaman nəzərimdə Bakıda liftdə qarşılaşdığım qonşularımın qayğılı simaları canlanır. 

Evə gələndə giriş qapımızın ağzında kiçik bir hədiyyə torbası gördük, içərisində şirniyyatlar, üzərində səmimi sözlər yazılmışdı: “Biz sizə Belçikada xoşbəxt günlər arzulayırıq”.

Təxminən 70 yaşında ər-arvad olan qapı qonşunun arzuları, həyat eşqi, diqqət və səmimiyyəti bizi kövrəltdi. Onlar bu kiçik hədiyyə ilə millətini, təhsilini, insanlığını təqdim etdilər, yanan meşəyə dimdiyində bir damla su aparan sərçə kimi…


MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI




> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru