TƏHSİLDƏ MİLLİ KİMLİK VƏ DƏYƏRLƏR

TƏHSİLDƏ MİLLİ KİMLİK VƏ DƏYƏRLƏR
Dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir.
Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur.
Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015) göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin “Təhsildə Beşlik” konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir.
Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır. Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir.
Milli kimlik və bəşəri dəyərlər Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi” insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.) göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur.
Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri, Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır.
Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir.
Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir.
“Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır.
Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir. Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir. Məktəbin dizaynından dərs prosesinin sonuna qədər sistemli yanaşma vacib şərtdir.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir