Havva Zahidqızı – İllərin qanadında

İllərin qanadında
Səkkizinci sinifdə oxuyurdum. Sentyabrın biri idi. Eşitdik ki, bizə təzə müəllim dərs deyəcək. Bizi maraq bürüdü, görəsən, kimdir bu təzə müəllim? Zəng vuruldu, bir azdan direktorumuz Nurəddin müəllim (Allah qəni-qəni ona rəhmət eləsin) gənc müəllimə ilə sinifə daxil oldu. Qısa tanışlıqdan sonra bildirildi ki, bu gündən sizə Meysarat müəlllim dərs deyəcək, rus dili fənnindən.
Direktor getdikdən sonra gənc müəllim sinif jurnalını götürərək, adlarımızı oxuyub bizimlə tanış oldu. Sonra sorğu apardı, yeni dərsi izah etdi. Beləcə, bir həftə keçdi, ona o qədər isinişmişdik ki… Növbəti dərsin olmasını intizarla gözləyirdik. Sinifdə fəal şagird kimi tanınırdım, yəni dərs əlaçısı idim. Digər fənlər kimi bu dərsdən də evə verilən tapşırıqları hər gün yerinə yetirirdim. Ancaq bəzi şagirdlər kimi diqqət mərkəzində olmağı xoşlamazdım.
Meysarat müəllim dərsdən bir-iki dəqiqə vaxt ayırıb bizə dəyərli məsləhətlər verər, Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və xarici ölkə yazıçı və şairlərinin əsərlərini oxumağı tövsiyə edərdi.
Mən də kitab dəlisi idim. Bədii kitabları oxumaqdan doymazdım. Sinif yoldaşım Rəisətlə kitab mütaliəsi yarışına girişmişdik. Azərbaycan, rus xarici yazıçılarının əsərlərini sevə-sevə oxuyardıq. Nə isə…
Meysarat müəllim bir gün dərsimiz olanda dedi:
—Uşaqlar, indi deyə bilərəm ki, aranızda kim tələbə olacaq.
Sinifdə göz gəzdirdi:
—Rəisət, İbrahim, Nizaməddin, Ömərpaşa…
Ürəyim gup-gup gupuldayırdı, adımın çəkilməsini gözləyirdim. Amma o çevrilib mənə tərəf baxmadı. Elə bil adım çəkilməsəydi, tələbə olmayacaqdım. Az qala hönkürtü ilə ağlayım. Bir az fasilədən sonra mənə tərəf döndü. Sanki ürəyimdən keçənləri duydu və gülə-gülə:
—Unutmuşdum, sən də tələbə olacaqsan, – dedi. Elə bil üstümdən ağır bir yük gotürüldü.
Həqiqətən adlarını çəkdiyi şagirdlər tələbə oldular.
O vaxtdan illər keçib, bəlkə yazdıqlarımı Meysarat müəllim unudub, çünki mənim kimi onun neçə-neçə şagirdi, yetirməsi olub, ancaq mən unutmamışam, unutmayacağam da…
BDU-nun jurnalistika fakultəsini bitirdikdən sonra təyinatımı rayonumuzda nəşr olunan “Balakən” qəzetinə almışdım. Qəzet həftədə 3 dəfə nəşr olunurdu. Redaksiyada həftəlik plan tutulur hər əməkdaşa tapşırıq verilirdi. Bir dəfə letuçka olanda mənə qabaqcıl müəllim haqqında zarisovka yazmaq tapşıırldı. Ürəyimcə oldu, çünkü mövzu hazır idi. Fikirləşdim ki, müəllimin sevimli şagirdi, şagirdin də sevimli müəllimi olmaq böyük şərəfdir. Meysarat Qaysayeva kimi… Mən Meşəşambul kənd orta məktəbini bitirmişdim, haqqında yazmağı qərarlaşdıranda öyrəndim ki, ailə həyatı qurduqdan sonra Meysarat müəllim Qaysa kənd tam orta məktəbində çalışır. Yanına getdim elə əvvəlki müəlliməm idi, gülərüz, səmimi, mehriban…
Haqqnda yazmaq istədiyimi bildirdim, təvazökarlıqla:
—Nə yazacaqsan… Öz vəzifə borcumu yerinə yetirirəm.
Ordan-burdan söhbət edə-edə ondan xeyli fakt “oğurla”dım. Müsahibənin sonunda ona sual verdim:
—Həmişə gülürsünüz, çətinlikləriniz, problemləriniz olurmu?
—Əlbətdə olur… Promlemsiz insan yoxdur, ən çətin anlarımızda belə özümüzü itirməməliyik, hətta göydə uçan sərçəyə baxıb ondan həzz almalıyıq.
Onun bu sözü həmişə qulağımda səslənər.
Yazını sevə-sevə hazırladım, redaktorumuz da çox bəyəndi…
Meysarat Qaysayeva 1950-ci ildə Balakən rayonun Şambul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin Rus dili və Ədəbiyyatı fakultəsinə daxil olur.
Kənd məktəbində müllim kimi fəaliyyətə başlayır. Az müddətdə bacarıqlı, səriştəli, şagirdlərin ürəyinə yol tapmağı bacaran bir müəllim kimi tanınır. Təkcə işlədiyi məktəbdə yox, rayonda təcrübəli müəllim kimi dəyərləndirilir.
Savadı, fəallığı ilə seçilən Meysarat Qaysayeva rayon ictimaiyyətinin də diqqət mərkəzində idi. Tezliklə rəhbər vəzifəyə irəli çəkilir. Rayon İcra Hakimiyyətinin Qaysa kəndi üzrə ərazi nümayəndəsi seçilir. Bu çox məsuliyyətli bir iş idi.
20-ci əsrin 90-cı illəri hər kəs üçün ən çətin, məşəqqətli, ağrılı-acılı illər idi. Bütün çətinliklərə baxmayaraq canıyananlıqla hər işin öhdəsindən gəlməyə çalışıb. Hər bir kənd sakininə ana-bacı olur. Kənd ağsaqqalları, ziyalıları ilə ünsiyyət quraraq problemli işləri həll edib.
Rayonumuzda güclü zəlzələ baş verdikdə, hər yerdə olduğu kimi Qaysa kəndində də neçə-neçə ev dağılır, qəzalı vəziyyətə düşür. O, yenə qollarını çırmalayaraq kənd sakinlərinə həyan olur. Onun dəstəyi və təşkilatçılığı ilə 53 ev tikilir, 100-dən artıq ev təmir olunur. Əvvəlcə, kasıb, çoxuşaqlı ailələrin evlərinin tikintisinə nail olur.
Kəndin abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yolların asfaltlaşdırılmasında onun əməyi böyükdür. Azərbaycan Kənd İnvestisya Layihəsi ilə uğurlu əməkdaşlıq sahəsində “Kəndarası yolların bərpası”, “Cücə inkubator sexinin tikintisi” layihəsini icra edib. Onun kəndə verdiyi töhfəni sadalamaqla qurtarmaz.
İşlədiyi müddətdə kənd mədəniyyət evinin fəaliyyətini diqqət mərkəzində saxlayıb. Xüsusən “Cahan” Avar folklor qrupunun repertuarının, respublika səviyyəsində tanınmasında onun dəstəyi böyük olub. Avar xalq mahnıları və rəqsləri qrupun repertuarında xüsusi yer tutur. Bu qrup təkcə rayonda yox respublika miqyasında keçirilən tədbirlərdə də iştirak edir. Respublikamızın ayrı-ayrı bölgələrində azsaylı xalqların festivallarında iştirak edərək uğur qazanıb. Nəhayət Bakıda keçirilən festivalda isə “Xalq kollektivi” adına layiq görülüb .Dəfələrlə respublika televizyasının ayrı-ayrı kanallarında çıxışları olub.
M.Qaysayeva 24 il dövlətə xidmət edib. Hazırda dövlət qulluqçusu təqaüdçüsüdür. Respublika Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Həyat eşqi güclü olanda…

Təqaüddə olsa da, onda həyat eşqi, yaşayıb yaratmaq həvəsi güclüdür. Ömrünün bir anını belə işsiz təsəvvür edə bilmir. Hazırda “Novruz Qadın İnkişaf və Müəssisə” qrupunun sədridir. Bu qrup Azərbaycan Kənd Qadınları Assosiasiyasının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin texniki dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Pilot Qadın Kooperativləri” layihəsinin iştirakçısı olmaqla ölkədə yaranmaqda olan ilk 7 Pilot Qadın Kooperativlərindən biridir. Əsas hədəf işsiz qadınları işlə təmin etməkdir.
Qrupun öz şirniyyat sexi var. Dadlı kökələr və tortlarla rayonda ad çıxarıb. Rusyadan belə sifarişlər alan qrup icma münasibətlərinə sosial yardımlaşmaya böyük önəm verir.
“Novruz” aktivistləri aztəminatlı ailələrdə uşaqların geyim və məktəbli ləvazimatı ilə təmin olunması üçün kampaniyalar keçirib. Qadınlar üçün kollektiv gəzintilər təşkil edib.
Kənddə ətraf mühitin qorunması, vaxtaşırı təmizlik və tullantıların daşınması, erkən nigah və məişət zorakıığına qarşı mübarizə Novruz Qrupunun həyata keçirdiyi tədbirdir.
Şəhid ailələrinə qayğı qrupun diqqət mərkəzindədir. 44 günlük müharibədə şəhid olmuş Həybullah Əsdiyevin ən böyük arzusu idi həyatyanı sahəsində müasir isitxana tikmək. Artıq arzusu 3 ildir ki, rallaşıb. Novruz inkişaf qrupunun dəstəyi ilə böyük istixana tikilib. İstixana hər cür avadanlıq ilə təchiz olunub. Burada ilin hər fəslində müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Kənd sakinlərinə münasib qiymətə satılır. Şəhidin anası Nəzakət Əsdiyeva da qrupun fəal üzvüdür. Onu da qeyd edim ki, Meysarat xanım Azərbaycan Kənd Qadınları Assosiasiyasının təsisçilərindən biridir. Eyni zamanda rayonda fəaliyyət göstərən qrupların mentorudur.
Söhbət zamanı dedi:
—Qadın lider olmağın ən böyük üstünlüyü digər qadınları ruhlandırmaq və həvəsləndirməkdir. Bir çox insanlar idarəetməyə ancaq kişi işi kimi baxır. Uzun müddətdir, bu sahədə kişilər üstünlük təşkil edir. Bizdə üstəlik irəli gedən qadınlara qarşı kişilərin qısqanclığını da əlavə etsək, bu bir qadın üçün böyük mübarizə tələb edir. Ancaq qadınlar güclüdürlər, onlar əməkdaşlığa və kompromislərə daha açıq olurlar.
Qadınların sosiallaşması və qərarvermədə iştirakı, iqtisadi müstəqilliyi və özgüvənliyinə qovuşması həmişə mənim hədəfim olub. Bunun üçün qadınların bacarıqlarının artırılmasına və onlara iqtisadi dəstək göstərilməsinə ehtiyac var. Dövlət qurumları və Beynəlxalq təşkilatların layihələrinə cəlb olunmaqla çox sayda qadınlar özləri özlərinə iş yeri yaratdı. 2018-ci ildə yaratdığımız “Novruz” Qadın Qrupu öz kollektiv biznesləri ilə təcrübə toplayaraq artıq hüquqi statusu olan Qadın Kooperativinə çevrilib. İndi Qaysa kəndində qadınlar ailələrə daha çox gəlir gətirir, kəndin xeyir və şərinə dəstək olur töhvə verirlər. Kollektiv bizneslər inkişaf edib möhkəmləndikcə qadınların nüfuzu daha da artır və bu məni çox sevindirir, mənə stimul verir. Çoxları sual verir ki, bütün bunları necə bacarırsınız? Uğurlu olmaq üçün ilk növbədə məqsədlərinizə inanmalı, prioritetlərinizdən möhkəm yapışmalı və onları müdafiə etməlisiniz. Hər şey insanın öz daxilindən gəlməlidir,yaxşılıq etmək, gözəllilk yaratmaq…
Qaysa kəndində yaşayıram. Kənd təsərrüfatında çalışmaq bizim əsas peşəmizdir. Bizim ata-babalarımız çörəyi torpqadan çıxarıblar. Bu bizim profil işimizdir. Özümüzün həyətyanı sahəmiz, 1 hektar fındıq bağımız var. Onu da vurğulamaq istəyirəm ki, kəndimizdə öz halal zəhmətləri ilə dolanan, zəhmətkeş, səmimi, mehriban insanlar çoxdur. Məni həmişə düşündürən qadınlarımızın həyatı, onların rast gəldiyi çətinliklər, gender bərabərliyi olub. Kənd icra nümayəndəsi işlədiyim müddətdə qadınlarımızın rastlaşdığı problemləri aradan qaldırmaq üçün çalışmışam. Azərbaycan Kənd Qadınlar Assosiasiyası yaradıldıqdan sonra bu qadınlarımızın həyatında yeni bir mərhələ açdı. Bu təsisçilərdən biri mən idim. Çünki qadınların qrup şəklində birləşməsi, onların bir-birinə arxa durması, birlikdə biznez qurması evdar qadınların həyatını dəyişdi.
Qabaqçöl qəsəbəsində yaratdığım “Novruz” şirniyyat sexində 8 nəfər qadın işlə təmin olunub.
Onu da qeyd edim ki, kəndimizdə iməcliklər keçirmək ənənə şəklini alıb. Bu da işin gedişatına müsbət təsir göstərir. Fındıq mövsümündə qadınlarımız həm yığımda, həm də seçimdə bir-birilərinə yaxından kömək edirlər, barama qurdu saxlayanlara baramanı təmizləməyə, digər sahələr də buna nümunə ola bilər.
Hazırda heyvandarlıq, quşçuluq, arıçılıq və digər kənd təsərrüfatı sahələrində çalışanlar üçün rəqəmsallıq təlimləri keçirilir. Qadınlarımız bu təlimlərdə fəal iştirak edirlər. Bu da onların gələcəyi, inkişafı, çalışdıqları sahədə daha böyük uğurlar qazanmağa kömək edəcək.
Məqsədim o deyil ki, ətrafımda olan qadınları istədikləri məqamlara çatdırım, məqsədim odur ki, onların həyatı, inkişafı üçün zəruri olan məqamlara çatdırım.
M.Qaysayeva ilə söhbət etdikcə ondakı həyat eşqi, qurub yaratmaq həvəsi, gələcək planları, adamda gözəl hisslər, xoş duyğular oyadır. Doğma kəndinin gələcəyi, inkişafı, hər bir kənd sakininə, həyan olması xüsusən evdar qadınlara dəstək verməsi onu hamının gözündə ucaldıb.
Rayonumuzda belə 3 qrup fəaliyyət göstərir. 8 Mart Beynəlxaq Qadınlar Günündə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonumuzda fəaliyyət göstərən qadın qruplarının gördüyü işləri yüksək qiymətləndirərək təsisçiləri Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edib. Onların arasında Meysarat Qaysayeva da var.
Kəndin ağbirçəyi olan Meysarat xanım gözəl ana, nənədir. Üç övladı, səkgiz nəvəsi bir nəticəsi var. Ömür-gün yoldaşını erkən itirsə də, gözəl övladlar tərbiyə edib. Hər üç övladının ali təhsil almasına nail olub. Bir nağıl kimi ömür yaşayıb. Ömrünün hər anı, günü, ayı, ili qayğılarla dolu olub. İllər onu öz qanadına alaraq nə qədər çətinliklərdən, sınaqlardan keçirib. Bax beləcə mənalı, yaddaqalan, şərəfli bir ömür yaşayıb, yaşayır Meysarat müəllim.

Müəllif: Havva Zahidqızı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir