Faiq Balabəyli yazır

İlqar Fəhmi — yağış kimi şair
İlqar Fəhminin doğum günüdür. Onu illərdir tanıyıram. “Vahid” Poeziya Evində, rəhmətlik qəzəlxan şair Həkim Qəninin rəhbərlik etdiyi poeziya dərnəyində tanış olmuşduq. Bir qrup bakılı gənc idi: Sərraf, Mahir Cürət, İlqar və digərləri. Adlarını unutduqlarım da var, adlarını heç yaddaşıma köçürmədiklərim də…
İlqar Fəhmi isə elə ilk gündən fərqli idi. Həm şeirləri, həm oxunan şeirlərə münasibəti, həm də məclisdəki şairlərlə qurduğu ünsiyyətlə seçilirdi. Arada çay süfrəsi arxasında oturub söhbətləşəndə özünəməxsus təbəssümü, şirin Bakı ləhcəsi və danışdığı lətifələrlə yaddaşıma köçürdü.
Onu əsl şair, qəzəlxan kimi tanıdım və yaradıcılığına ehtiramla yanaşdım. Bu, mənim daxilimdə baş verirdi və heç də özünə sezdirmirdim. Heç vaxt fikir ayrılığımız olmayıb. Əksinə, ortaq məxrəcə gəldiyimiz məqamlar yetərincə idi.
Doğrusu, mən ondan Bakı şeir ənənəsini əxz edirdim. Bakı şairlərini, xüsusilə də Hacı Maili əzbərdən bilirdi, onlardan misallar gətirirdi. Mən isə bütün bu müşahidələri onun xəbəri olmadan aparırdım. Sanki bir şairi tanımaqla yanaşı, onun yaddaşındakı Bakı ədəbiyyatını da öyrənirdim.
Sevdiyim şairlərin sevdiyim şeirlərini tez-tez yadıma salıram. Baxır məqamına. Bəzən İlqarın da şeirlərini, qəzəllərini yaddaşımın kitablaşmış səhifələrindən “vərəqləyirəm”, öz-özümə pıçıldayıram:
İnsan deyiləm, indi bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
Şıltaq yağışam mən.
Eşqli, sevdalı olmaq, vurulmaq, cünun gününə düşmək, bəlkə də bir az şıltaqlıq kimi xarakterizə oluna bilər. Necə ki, İlqar bunu “Yağışam mən” şeirində deyir: “İnsan deyiləm, indi bunu anlamışam mən…”
Bu şeiri dəlicəsinə sevirəm. Necə ki, müasirlərimdən Vasif Süleymanın, Salam Sarvanın, Səlim Babullaoğlunun, Elçin Mirzəbəylinin, Əkbər Qoşalının, Aqşin Yeniseyin, Əlirza Həsrətin, Nadir Azayoğlunun, Mənsur Həsənzadənin, bir az irəli getsək Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Vaqif Bayatlı Ödərin və digərlərinin bəyəndiyim, əzbərimdə olan şeirləri var, eynən onlar kimi.
Bu misraları dəfələrlə özüm-özümə təskinlik verəndə, ətrafımdakı çamur xislətli insanların münasibətini görəndə təkrarlamışam:
Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən…

Bu şeirin hər misrası mənim taleyimdən keçib gedir desəm, heç şübhə olmasın:
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
Dilsiz yağışam mən.
Bəzən isə doğrudan da:
İsbat eliyə bilməyirəm eşqimi heç cür…
Necə də uşaqlıq, yeniyetməlik, gənclik xəyallarımın ifadəsi öz əksini tapır bu misralarda:
Yağsam da yerə, göylərə qaytar məni, ya Rəbb,
Torpaqlara biryolluğa qoyma qarışam mən…

Bəlkə də şair olmaq bir az yağış olmaqdır. Buluddan ayrılıb yerə düşmək, amma öz şəffaflığını itirməməkdir. Çirkaba qarışmamaq, çamura çevrilməmək, nə qədər yağdırılsan da içindəki saflığı qorumaqdır. İlqar Fəhminin şeirindəki yağış mənə görə elə bunun ifadəsidir.
İndi İlqar Fəhminin 50 yaşı tamam olur.
Ədəbiyyatımızda, əlbəttə, öz dəsti-xətti olan, yüksək intellekt və fəhm sahibi dostumu doğum günü münasibətilə təbrik edirəm, Çox yaşasın, xoş yaşasın!
Yenə də haqqında bəhs etdiyim şeirə dönürəm:
“Fəhmi, mənim sənin yaradıcılığına olan sevgim heç vaxt tükənməyəcək”. Bunu bil. Sənə yaradıcılığında daha böyük uğurlar, daha neçə-neçə yaddaşda qalacaq şeirlər, qəzəllər arzulayıram.
Qoy sözün həmişə öz yolunu tapsın.
Qoy yağışın heç vaxt dayanmasın, şair!


Hörmətlə, Faiq Balabəyli,

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqının sədri, “Müstəqil.az” saytının baş redaktoru, şair, publisist

Faiq Balabəylinin digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir