Zaur Ustac yazır

ÖTƏN HƏFTƏNİN MƏDƏNİ MƏNZƏRƏSİ
        Salam olsun, çox dəyərli oxucum! Avqustun ilk həftəsi Azərbaycanın mədəni həyatında kitabın, sözün, musiqinin və ədəbiyyatın fəal şəkildə gündəmə gəldiyi bir dövr kimi yadda qaldı. Qəbələ Beynəlxalq Musiqi Festivalının yekunlaşması, qarşıdakı XII Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıqların gündəmə gəlməsi, müxtəlif ədəbi-mədəni tədbirlər və kitab təqdimatları Azərbaycanın mədəni mənzərəsində söz sənətinin xüsusi çəkisini bir daha göstərdi. XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış konsertinin keçirilməsi də ötən həftənin mühüm mədəni hadisələrindən biri olub.  Eyni zamanda, 21–27 oktyabr tarixlərində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi barədə məlumatın yayılması ölkənin kitab və nəşriyyat həyatında yeni bir mövsümün başlanğıcını xəbər verdi. 
        Son günlər Azərbaycanın mədəni gündəliyinə nəzər saldıqda belə bir mənzərə yaranır: bir tərəfdə musiqi festivalları, digər tərəfdə kitab sərgiləri, təqdimatlar, yubileylər, ədəbi görüşlər və poeziya tədbirləri. Milli Kitabxananın avqustun 2-də Azərbaycan Kinosu Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim etməsi, avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sərgi təşkil etməsi də bu mənzərənin mühüm elementlərindəndir. 

“Bəyaz durnalar”ın qanadlarında şəhid xatirəsi
       Avqustun 5-də şair Lalə İsmayılın “Bəyaz durnalar” adlı ilk kitabının təqdimatının keçirilməsi də həftənin ədəbi hadisələri sırasında idi. 

      “Bəyaz durnalar”ın qanadlarında şəhid xatirəsi, ana həsrəti və milli yaddaş
Lalə İsmayılın “Bəyaz durnalar” kitabının təqdimatı ədəbiyyatla şəhid xatirəsinin qovuşduğu mənəvi bir görüş kimi yadda qaldı
Ötən həftənin Azərbaycanın mədəni həyatında diqqət çəkən hadisələrindən biri şair Lalə İsmayılın ilk fərdi şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı oldu. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir yalnız yeni bir poetik toplunun oxuculara təqdimatı deyildi. Bu görüş həm də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr edilmiş mənəvi yaddaş mərasimi idi.
      5 avqust 2026-cı il tarixində keçirilən tədbirin mahiyyətində iki mühüm xətt bir-birini tamamlayırdı: söz və xatirə. Bir tərəfdə illər ərzində ürəkdən süzülüb gələn şeirləri ilk dəfə ayrıca kitab şəklində oxucuya təqdim olunan Lalə İsmayıl, digər tərəfdə isə Vətən uğrunda canını fəda etmiş, lakin adı və xatirəsi yaddaşlardan silinməyən qardaş – İsmayıl vardı.
       Bu baxımdan “Bəyaz durnalar”ın təqdimatını sıradan kitab təqdimatı kimi qiymətləndirmək mümkün deyil. Kitabın adı belə özündə bir poetik simvolu yaşadır: durna – həsrətin, yolun, ayrılığın və qayıdış ümidinin obrazıdır; bəyazlıq isə saflığın, sülhün, təmizliyin, işıqlı arzuların rəmzidir. Bu iki məna birləşəndə kitabın poetik dünyası haqqında ilkin təsəvvür yaranır.
       Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı “Bəyaz durnalar”ı yalnız şeirlər toplusu deyil, şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidə kimi səciyyələndirdi.
Bu fikir kitabın ideya mahiyyətini anlamaq baxımından xüsusilə əhəmiyyətlidir. Çünki burada poeziya şəxsi duyğuların ifadəsi olmaqdan çıxaraq ictimai yaddaşın daşıyıcısına çevrilir. Şairin şəxsi kədəri milli ağrı ilə qovuşur, ailə faciəsi Vətən tarixinin bir parçasına çevrilir.
        Lalə İsmayılın ilk kitabının Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf edilməsi də təsadüfi deyil. Həmin qəhrəmanlardan birinin müəllifin qardaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılov olması “Bəyaz durnalar”ın poetik yükünü daha da ağırlaşdırır.
       Belə kitablar yalnız oxunmur. Onların hər səhifəsində bir ailənin yaşadığı ağrını, bir nəslin yaddaşını, bir xalqın itkilərini görmək mümkündür.
       “Bəyaz durnalar”ın təqdimatı ilə bağlı Vaqif Osmanlının qələmə aldığı “Dünyanı durna bəyazlığına döndərənlərin amacı” adlı yazı da kitabın poetik və mənəvi mahiyyətinə işıq salan mühüm mətnlərdəndir.
      Vaqif Osmanlı 5 avqust tarixini “müqəddəs bir gün” kimi dəyərləndirərək yazır:
“Bu gün Zəngilanın yeddi məzarsız şəhidlərindən bir İsmayıl Barat oğlu İsmayılovun doğum günü, həm də şəhid İsmayılın bacısı Lalə İsmayılın ilk kitabı “Bəyaz durnalar”ın oxucuları ilə görüşü ilə yadda qaldı.”
Bu cümlə təqdimatın mahiyyətini çox dəqiq ifadə edir. Burada doğum günü ilə kitab təqdimatı arasında zahiri bir paralellikdən söhbət getmir. Əksinə, bir şəhidin doğum günü onun bacısının yaradıcılıq yolunun başlanğıcı ilə yaddaşın yeni mərhələsinə çevrilir.
İsmayılın həyatı yarımçıq qalıb. Onun məzarı yoxdur. Amma bacısının sözləri onun xatirəsinə bir məzar, bir abidə, bir yaddaş məkanı yaradır. Bəlkə də poeziyanın ən böyük missiyalarından biri elə budur: unudulmağa məhkum olanı sözlə əbədiləşdirmək.
      Vaqif Osmanlı Lalə İsmayılın yaradıcılığı haqqında yazarkən onun özünəməxsus poetik dəst-xəttini xüsusi vurğulayır:
“Lalə xanımın öz dəst-xətti var. Könül duyğularından ibarət yaradıcılıq yolunda milli kökə və milli mənəvi dəyərlərə bağlılıq ana xəttdir.”
Bu qənaət “Bəyaz durnalar”ın poetik məzmununa yanaşmaq üçün əsas açarlardan biridir. Lalə İsmayılın şeirlərində şəxsi hisslər milli-mənəvi düşüncə ilə birləşir. Şair üçün sevgi yalnız iki insan arasındakı münasibət deyil, Vətənə, doğma yurda, ailəyə, qardaşa, ana dilinə və milli dəyərlərə bağlılıqdır.
Onun şeirlərində qadın obrazı da yalnız zəriflik və kövrəkliklə məhdudlaşmır. Bu qadın həm sevən, həm ağlayan, həm həsrət çəkən, həm də haqq uğrunda mübarizə aparan mənəvi qüvvədir.
       Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən “Bəyaz durnalar”ın təqdimatını yalnız bir kitabın işıq üzü görməsi faktı kimi qeyd etmək kifayət deyil.     Bu hadisənin daha dərin mənası var.  Bu təqdimat göstərdi ki, ədəbiyyat yaddaşdır.
Ədəbiyyat bəzən məzarsız şəhidin məzarı, danışa bilməyən insanın səsi, illərdir qapısında yol gözləyən ananın ümidi, qardaş həsrəti ilə yaşayan bacının ürək sözüdür.
       Bəlkə də “Bəyaz durnalar”ın əsas poetik mesajı elə budur: dünyanı müharibələrin bozluğundan, ayrılıqların qaranlığından, haqsızlığın sərtliyindən çıxarıb sülhün, təmizliyin və insanlıq duyğusunun bəyazlığına qovuşdurmaq.
      Durnalar uçur…  Göylərdə onların bəyaz qanadları görünür.  Yerdə isə bir kitab açılır.  Həmin kitabın səhifələrindən şəhid xatirəsi, ana həsrəti, bacı sevgisi, Vətən duyğusu və insanın əbədi sülh arzusu boylanır.
“Bəyaz durnalar” məhz bu mənəvi mənzərənin poetik adıdır.

Durnaların gətirdiyi “payız ətri”

     Belə bir ardıcıllıq fonunda Solmaz Qəribelin yeni kitabının təqdim olunması sanki öz axarında təbii bir prosesin nəticəsi kimi yadda qaldı. Durnalar payızı, payız isə “Payız ətirli qadın”ı gətirdi.  “Payız ətirli qadın” isə öz növbəsinə Bakı ədəbi mühitinə rus dilində yeni poetik nəfəs qatdı.
       Belə bir mədəni atmosferdə 8 avqust 2026-cı ildə Bakıda həkim-şair Solmaz Qəribelin rus və azərbaycan dilli “Женщина с ароматом осени” / “Payız ətirli qadın” şeirlər  kitabının təqdimatının keçirilməsi xüsusi maraq doğuran ədəbi hadisə kimi diqqəti cəlb edir. Kitabın redaktoru Rəfael Tağızadə, tərcüməçisi (Azərbaycan dilindən Rus dilinə) isə Təranə Məmməddir.
      Bu təqdimat yalnız yeni kitabın oxucuya təqdim edilməsi deyil, eyni zamanda Azərbaycan poeziyasının başqa bir dilin imkanları ilə yenidən səsləndirilməsi baxımından da əhəmiyyətlidir. Çünki poeziyanı bir dildən digərinə köçürmək sadəcə sözlərin tərcüməsi deyil. Şeirin ruhunu, ritmini, obrazını, emosional yükünü və müəllifin daxili səsini qorumaq tərcüməçinin qarşısında duran ən çətin və məsuliyyətli vəzifələrdəndir.
     Solmaz Qəribelin təqdim olunan kitabında yer alan “Payız ətirli qadın” şeiri bu poetik dünyanın xarakterik nümunələrindən biri kimi diqqət çəkir. Şeirin elə ilk misralarından payız yalnız təbiət hadisəsi kimi deyil, insan taleyinin, zamanın və qadın ömrünün metaforası kimi meydana çıxır:
“Payız ətirli qadın,

Gözlərinin rəngi nə?

Solğun naxışlar düşüb,

Gözlərinin rənginə.”
Burada şairin yaratdığı “payız qoxusu” adi bir təbiət obrazı deyil. Payız — ömrün müəyyən mərhələsi, yaşanmış illərin yaddaşı, solan xatirələr və insanın daxili dünyasında yığılan səssiz kədərdir. “Gözlərinin rəngi” sualı isə əslində zahiri görünüşdən daha çox, həmin qadının daxilində baş verən dəyişikliklərlə bağlıdır.
       Şeirdə payızla qadın obrazı arasında maraqlı paralel qurulur. Payızın saralan yarpaqları necə ki, zamanın keçdiyini göstərir, qadının alnındakı qırışlar da həyatın yaddaşını daşıyır:
“Payız ətirli qadın,

Aynaya yaxın gəlmə…

Alnındakı qırışlar,

Oxunur ilmə-ilmə…”
Bu bənddə “ayna” sadəcə məişət əşyası deyil, insanın öz həqiqəti ilə üz-üzə gəldiyi simvolik məkandır. Şair qadına “Aynaya yaxın gəlmə…” deyərkən əslində ona yaşadığı ömrün izlərini çox sərt şəkildə görməməyi arzulayır. “İlmə-ilmə” ifadəsi isə qırışları bir növ taleyin toxuduğu naxışlara çevirir.    Əslində yaxşı poeziyanın gücü də məhz bundadır: şair hər şeyi demir, oxucuya duymaq və düşünmək üçün məkan saxlayır.
     Şeirdəki “qadın” həm konkret insandır, həm də ümumiləşdirilmiş qadın obrazıdır. O, sevmiş, gözləmiş, itirmiş, yorulmuş, amma yenə də həyatın içində dayanmış qadındır.  Və bütün bu duyğular yenidən həmin poetik obrazın adına qayıdır:
“Payız ətirli  qadın…”
Beləcə, şeirin başlanğıcında təqdim olunan obraz sonda daha geniş məna qazanır. O, sadəcə payız qoxuyan qadın deyil; ömrünün payızını yaşayan, lakin içində hələ də bahar ehtimalı daşıyan qadındır.
     Solmaz Qəribelin yeni kitabının rus dilində təqdim olunması ayrıca əhəmiyyət daşıyır. Azərbaycan poeziyasının rusdilli oxucuya çatdırılması ədəbi əlaqələr baxımından mühüm prosesdir. Bu prosesdə redaktorun və tərcüməçinin rolu xüsusi vurğulanmalıdır.
      Rəfael Tağızadənin redaktorluğu və Təranə Məmmədin tərcümə işi kitabın yeni dil mühitində formalaşmasında mühüm mərhələdir. Poeziya tərcüməsində əsas məsələ yalnız “nə deyilir?” sualına cavab tapmaq deyil, həm də “necə deyilir?” sualını qorumaqdır. Çünki şeir bəzən bir sözün yaratdığı assosiasiya, bir pauzanın doğurduğu hiss, yaxud bir misranın ritmi ilə yaşayır.
      Bu baxımdan kitabın rus dilində təqdim olunması Solmaz Qəribelin yaradıcılığının yeni oxucu çevrəsinə çıxarılması kimi dəyərləndirilə bilər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
  08.08.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Payız ətirli qadın” şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib

“Payız ətirli qadın” şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib

Avqustun 8-də “Central Park Hotel”in tədbir zalında həkim-şair Solmaz Qəribelin rus və azərbaycan dilli «Женщина с ароматом осени» / «Payız ətirli qadın» şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib.
​Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər qonaqları salamlayaraq müəllifin yaradıcılığı haqqında qısa məruzə edib. A. Nəzər həkimlik peşəsi ilə şairlik təfəkkürünün vəhdətindən söhbət açaraq, Solmaz Qəribelin poetik dünyasının həm insan bədəninə, həm də ruhuna toxunan həssaslığından bəhs edib.
​Daha sonra söz kitabın tərcüməçisi Təranə Məmmədə və redaktor Rəfail Tağızadəyə verilib, ardından Solmaz Qəribelə “Türk Birliyi” sertifikatı və medalı təqdim olunub. Təltifdən sonra müəllif qonaqları salamlayaraq bir neçə şeirini səsləndirib.
​Çıxışlar hissəsində ilk söz dilçi alim Sevinç Əliyevaya verilib; o, Azərbaycan dilinin zəfər dili olduğunu vurğulayaraq kitabın dilimizin təbliğinə xidmət etdiyini və bu təqdimatın müəllifin yaradıcılıq zəfəri olduğunu qeyd edib. Ardınca dilçi alim Mərziyə Nəcəfova, şərqşünas alim Kəminə Havidova, şairlər Yusif Nəğməkar, Ayaz Arabaçı, Xaqani Abbasəli Öztürk, jurnalist Rüfət Muradlı çıxış edərək dəyərli fikirlərini bölüşüblər. Bədii qiraətçi, Vətən müharibəsi iştirakçısı Cəbrayıl Qəmbər müəllifin şeirlərini səsləndirib, müəllifin qızı Ayşə xanım anasını təbrik edərək onun “Qadınlar var…” şeirini oxuyub. Həmçinin Əli Yunisov, İdris Babayev, Zaur Ustaç, Tatyana Avand və Zərəngiz Qayalı çıxış edərək öz xoş arzularını çatdırıblar. Qeyd edək ki, rəsmi hissə boyunca çıxışlar arasında səsləndirilən bütün şeir qiraətləri tarın canlı və həzin müşayiəti ilə təqdim olunaraq gecəyə xüsusi poetik ruh bəxş edib.
​Tədbirin rəsmi hissəsindən sonra müəllif Solmaz Qəribel təşkilatçılara və gələn qonaqlara minnətdarlığını bildirib, oxucular üçün kitablarını imzalayıb. Sonda xatirə şəkilləri çəkilib və tədbir müəllifin təşkil etdiyi çay-kofe fasiləsi ilə səmimi mühitdə, ədəbi söhbətlərlə davam edib.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Cəlilabadda “Nar Bağı” ailəvi-uşaq parkı

Cəlilabadda “Nar Bağı” ailəvi-uşaq parkı
Son zamanlar doğma Cəlilabad şəhərində atılan ilk imzalardan, eyni halda möhtəşəm və təqdirəlayiq xidmətdən biri də, uzun illər boyu daha çox əxlaqsız və məsuliyyətsiz adamların diqqətdən kənar və daldalanacaq məkanına çevrilmiş “Nar Bağı” adlı ərazidə görülən möhtəşəm abadlıq-quruculuq işindən ibarətdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Cəlilabad Bələdiyyəsinin bir-başa əməyi ilə həyata keçən bu işdə min illərin yadigarı olan qədim və sirli Həməşəratəpənin (Bayraq Meydanının) şərq hissəsində yerləşən “Nar Bağı” ərazisində çox böyük və möhtəşəm bir iş görülmüş və hal-hazırda ərazidə müxtəlif işlər həyata keçməkdədir. Bu gün artıq burada salınmış “Nar Bağı” aləvi-uşaq parkı hər kəsi sevindirir, hər kəsin könlünü oxşayır.
Aylarla vaxt aparan bu layihədə 5 hektarlıq ərazidəki nar və digər ağaclar əsaslı şəkildə budanmış, məişət tullantıları yığılaraq təmizlənmiş, ərazidə mövcud çökək yerlər torpaqla doldurulmuş, park boyu velosiped və piyadalar üçün xüsusi yol salınaraq asfalt döşənmiş, hətta, asfalt üzərində velosiped və piyadaların hərəkət zolağı xüsusi xətlərlə dəqiqləşdirilmişdir. Bundan əlavə, ərazidə işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılmış, məişət tullantıları üçün xüsusi qutular, həmçinin, insanların dincəlməsi üçün xüsusi oturacaqlar qoyulmuşdur.
Parkda olarkən oturacaqlardan birində əyləşib ətrafa baxdım. Orada sözün əsil mənasında insanın ruhu hüzur tapır. Bu da ərazinin qədim zamanlardan etibarən təbii meşəlik örtüyündən ibarət olması, son zamanlar ərazidə görülmüş abadlıq-quruculuq işləri, həmçinin, parkın min illərlə qədim tarixə söykənən qədim və sirli Həməşəra şəhərinin ən qaynar nöqtəsi üzərində olmasından irəli gəlir.
Son günlər ərzində ərazidə aparılan işlər zamanı parkın Həməşəratəpə yaxınlığındakı hissəsində qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri də üzə çıxmışdır. Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa xanım Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlamışdır. Hazırda həmin ərazi hasara alınmış və nəzarətə götürülmüşdür.
Parkın içərisinə avtomobillə giriş qadağandır və yalnız avtomobilləri parkdan kənarda saxlayıb içəri daxil olmağa icazə verirlir. Ərazidə asayişin qorunması üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Post-Patrul Xidməti (PPX) də fəaliyyət göstərir.
Bu gün ərazidən baxış keçirərkən parkda 60 metr dərinliyində subartezian quyusunun qazıldığı və şirin suyun çıxdığının şahidi oldum. Hazırda quyu suyunun təmizlənmə prosesi gedir. Orada ilk dəfə olaraq Cəlilabad şəhərində bir neçə nəfərdən ibarət olan bir ailənin (bəylər, xanımlar və uşaqların) bir guşədə ağaclar altında əyləşib özləri üçün samovar çayı hazırladığı, əyləşərək istirahət etdiklərini gördüm və çox sevindim…
Sözün həqiqi mənasında bu möhtəşəm xidmət I və II Qarabağ müharibəsi, eyni halda Aprel Döyüşləri iştirakçısı, Cəlilabad Bələdiyyəsinin sədri, qazı və polkovnik-leytenant Vahid müəllim Mirzəyevin indiyədək rayonda gerçəkləşdirdiyi ən möhtəşəm əsərdir. Vahid Paşamızın bu parkda hələ görüləcək çox gözəl işləri və gözəl ideyaları da var. Onları isə yaxın zamanlarda hər kəs görəcək və sevinəcək…
Fürsətdən istifadə edib Cəlilabad Rayon İcra Hakimiyyətinə, xüsusilə də Cəlilabad Bələdiyyəsinin sədri, əziz və dəyərlimiz Vahid Paşamıza görülən belə bir möhtəşəm və gözəl işlərə görə səmimi minnətdarlığımı bildirir, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, işlərində davamlı uğurlar arzualyıram!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
07.08.2025

Sözün qırmızı xətti

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti  

Poeziya, söz dünyası insan ruhunun, insan qəlbinin ən həssas ifadəsidir. Elə şairlər, yazıçılar var ki, onların qələmi təkcə  misraları dilləndirmir, həm də ürəkləri danışdırır, qəlblər arasında səssiz körpülər salır. Söz dünyasına- ədəbiyyata anasının nağılları ilə gələn  şair, publisist Təranə Dəmirin zəngin yaradıcılığı ona böyük oxucu auditoriyası qazandırıb.  Uşaqlıq yaddaşına hopmuş  həmin nağıllar onun mənəvi dünyasını zənginləşdirmiş, sözə olan məhəbbətini daha da gücləndirmiş, həyatın gerçəkliklərini bədii dillə ifadə etmək bacarığını cilalamışdır. Elə buna görə də, Dəmir imzası ilə qələmə aldığı “Uzaqlar”, “Sərhədsiz sərhədlər”, “25-ci saat”, “Cəhənnəmdən gələn işıq”, “Sıfırdan əvvəl”, “Səssizliyin melodiyası”, “Daş arzular”, “Payız qadın”, “Üşüyəndə özünü yandıran şair” əsərləri   həyatın özündən doğulmuş canlı bir  tablo, insan talelərinin bədii salnaməsi təsiri bağışlayır.

Təranə Dəmir  yaradıcılığının cazibəsi ondadır ki, o, sözü insan  ruhunun süzgəcindən keçirərək  oxucusunu düşündürür. Şairənin hər bir əsərində  bəşər övladı özünü, yaşadığı cəmiyyəti və zamanın reallıqlarını görə bilir. Onun qəhrəmanları  süni obrazlar deyil, gündəlik həyatımızda qarşılaşdığımız  insanlar, onların ağrıları, acıları, sevincləri  və daxili mübarizələridir. Onun əsərlərini oxuduqca  özünü, yaşadığın cəmiyyəti və zamanın gerçəkliklərini görə bilirsən.

Müəllifin “Uzaqlar” əsərinin gücü ondadır ki,  yazılan hər misrada  fiziki məsafələrdən daha çox mənəvi  uzaqlığın fəlsafəsi açılır. Kitabda insanın doğmalarından, sahib olduğu dəyərlərindən və bəzən də öz mənəviyyatından uzaq düşməsi incə psixoloji çalarlarla  təsvir edilir. Müəllif  uzaqlıq ifadəsini yalnız cografi anlayış kimi deyil, həm də ruhun tənhalığı və insanın özünü axtarış yolu kimi təlqin edir.

 “Sərhədsiz sərhədlər” əsərini də oxuduqca  müəllifin mənəvi dünyası ilə üz-üzə dayanırsan. Yazar göstərir  ki, bəzən ən ağır, keçilməz  sərhədlər xəritələrdə deyil, insanların düşüncəsində, münasibətlərində və vicdanında qurulur, çəkilir. Adamlar  arasında görünməyən divarlar cəmiyyətin mənəvi inkişafına zərbə vurur. Təranə Dəmir  hər sətrində incə eyhamlarla bu görünməz sərhədləri açmağa çalışır. 

“25-ci saat” zamanın insan həyatındakı qiymətini və mənəvi məsuliyyətini ön plana çəkən əsərlərdən biridir. Şair, publisist  bəşəriyyətə demək istəyir ki, insanın ən böyük  sərvəti vaxtdır. Həyatda mövcud  olmayan “25-ci saat” arzuların, peşmançılıqların və ən nəhayət, gecikmiş qərarların sanki  rəmzinə çevrilir. Əsər hər kəsi yaşadığı bir  anın belə  qədrini bilməyə çağırır.

“Cəhənnəmdən gələn işıq” əsərində  Təranə Dəmir həyatın  ən qaranlıq məqamlarında  ümid işığının  sönmədiyini  göstərir. Burada insan iradəsinin gücü, mənəvi saflıq, xüsusilə xeyirin şərə qalib gəlməsi ideyası əsas xətt kimi diqqətdə saxlanılır. Əsərin  ideya gücü ondadır ki, hər kəs ən ağır sınaqlarda  ədalətin, haqqın, vicdanın işığına ümidini itirməməlidir.

“Sıfırdan əvvəl” həyatın başlanğıclarını, insanın özünü yenidən kəşf etməsini və mənəvi dirçəlişini  əks etdirən fəlsəfi məzmunlu əsərdir. Müəllif insan talelərindəki başlanğıcların təsadüfi deyil, daxili dəyişikliklərin nəticəsi olduğunu müdrikliklə ifadə edir. Ümumiyyətlə, Təranə Dəmirin   yaradıcılığında həyat hadisələrinə fəlsəfi baxış  deyilən sözün gücünü daha da artırır.

“Səssizliyin melodiyası” insan ruhunun  səssiz tərəflərini dilləndirən əsərdir. Burada sözsüz  hisslərin, baxışların, susqunluğun və qəlbin səslərinin  olduqca böyük məna  daşıdığı göstərilir. Şair hər misranın dili ilə anlatmağa çalışır ki, bəzən insanın deyə bilmədikləri söylədiklərindən daha təsirli olur.

 “Daş arzular” fəlsəfi, poetik bir əsərdir. Burada cəmiyyətin sərtləşən münasibətləri fonunda insan istəklərinin, niyyətlərinin sarsılmazlığı əks olunur. Həyatın çətinlikləri  arzuları daşlaşdırsa da, müəllif insanın ümidini itirməməsinin  vacibliyini ön plana çəkir. Əsərdə həyat uğrunda mübarizə,  sarsılmaz inam və mənəvi dözümlülük əsas ideyalardır. 

“Payız qadın”. Bu kitab  qadın taleyinin poetik və psixoloji portretidir. Əsərdə qadının sevgisi , fədakarlığı, nisgili, müdrikliyi və həyatın yaman üzü:  sınaqları qarşısındakı dözümü bədii boyalarla təsvir olunur. Payız fəslinin  pərişanlığı, özünəməxsus çalarları, rəngi ilə qadın taleyi  arasında yaradılan paralellər əsərə xüsusi  emosional dərinlik qazandırır.

Bu kitabların hər birində həyatın rəngləri sözə çevrilib oxucunu düşündürür. Ona görə  də inamla demək olar ki,  Təranə Dəmirin  əsərləri  canlı həyat lövhələri, insanlığın bədii tablosu kimi dəyərləndirilə bilər. Söz  aşiqinin  qələmi  insan talelərini sadəcə təsvir etmir, onları mənalandırır, hər bir obraz vasitəsilə cəmiyyətin mənəvi aynasını yaradır. Ədəbiyyatın da əsas missiyası məhz insanı insana tanıtmaq, onun ruhunu zənginləşdirmək və sabaha, gələcəyə daha böyük ümidlə baxmağa sövq etməkdir.

Təranə Dəmir yaradıcılığı bütövlükdə insan talelərinin ensiklopediyası təsirini bağışlayır. Onun zəngin yaradıcılığı göstərir ki,  anasının  söylədiyi nağıllarla başlayan söz yolu bu gün müasir  Azərbaycan ədəbiyyatında insanlığın, mənəviyyatın və həyat həqiqətlərinin bədii salnaməsinə çevrilmişdir.

 Qələmə müqəddəs bir varlıq kimi  sarılan incə qəlbli söz adamı, şairə Təranə Dəmirin yeni kitabı – “Qırmızı xətt” oxucuların ixtiyarına verilmişdir.  İlk oxuculardan biri kimi bu adın mənasını hər səhifəsində  hiss etdiyim üçün “Qırmızı xətt” məni də yazmağa sövq etdi. Bu kitab həyatın müxtəlif çalarlarını,  sevgi və ayrılıq dünyasının ağrı-acısını, insan övladının iç dünyasını, vicdanın səsini və zamanın düşündürdüyü həqiqətləri  poetik dillə oxucuya çatdıran  qiymətli bir nəşrdir. Kitabın hər səhifəsi müəllifin  həyat müşahidələrinin, düşüncələrinin və ilahi sözə olan sonsuz ehtiramının ifadəsidir.

Bu kitabın adı kimi içindəki hər misra bizi düşündürür, həyata baxışlarımızı formalaşdırır. Təranə  Dəmir poeziyasında səmimiyyət və vicdanın səsinə qulaq asmaq əsas xətt təşkil edir. Şairə hər bir oxucunu həyata fərqli  rakursdan baxmağa dəvət edir. Məhz buna görə də  Təranə Dəmirin zəngin yaradıcılığı  geniş oxucu auditoriyası tərəfindən məhəbbətlə qarşılanır.

“Qırmızı xətt” təkcə bir kitabın adı deyil, o, insanın keçməməli olduğu mənəvi sərhədlərin, sevginin, ləyaqətin, vicdan hissinin və həqiqətin  carçısıdır. Bu kitab hər bir oxucunu öz daxili aləminə boylanmağa, həyatın incə məqamlarına biganə qalmamağa çağırır. Elə buna görə də,  “Qırmızı xətt”Azərbaycan ədəbiyyatının poetik xəzinəsində dəyərli bir nəşr kimi zaman-zaman yaşayacaq. 

“Qırmızı xətt” sözün və vicdanın sərhədində insan ruhunu cilovlayır, sanki oxucu ilə dialoqa girir: Ey mənim söz dünyamın sakini, həyat güzgüdür, sən ona hər tərəfdən baxmalısan, təkəbbürdən uzaq olmalısan, mənəviyyatdan zəngin bir xəzinə varmı?!- deyərək  insanların qəlbində qurulan körpüləri dağıdanlara etirazını bildirir. Müəllif  həm də  insanlığın mənəvi yükünün  dəyərini hər şeydən  üstün tutur. Şair, publisist Təranə  Dəmirin misralarında sevgi təkcə hiss deyil, həm də məsuliyyətdir. Ayrılıq yalnız kədər deyil, insanı kamilləşdirən bir sınaqdır. Vətən isə sadəcə  cografi məkan deyil, ruhun əbədi ünvanıdır. Bu baxımdan “Qırmızı xətt” müxtəlif həyati mövzuları bir araya gətirərək bütöv bir mənəvi- estetik tablo yaradıb. Kitabdakı mövzularda müəllif  yaşadığımız həyatın ziddiyyətlərini böyük ustalıqla poetikləşdirib. Sadə görünən sözlər dərin mənalar kəsb edir, fəlsəfi düşüncələrin ifadəsinə çevrilir.

Bu kitab sairənin həm də  yaradıcılıq  istedadının göstəricisidir. Əsərdə poetik forma ilə məzmun arasında  harmoniyanın qorunması, obrazların təbiiliyi və dilin axıcılığı insanı düşündürür, həyata baxışlarını dəyişdirir.  Oxucu hər misrada müəllifin daxili aləmini, sözə olan məsuliyyətini və poeziyaya bağlılığını hiss edir. Yeni kitabın işıq üzü görməsi  Azərbaycan ədəbi mühitində  əlamətdar hadisələrdən biri kimi dəyərləndirilə bilər. 

 Həyatın rənglərini sözə çevirən,  ədəbiyyatımız üçün qiymətli əsərlər  yaradan şair, publisist Təranə  Dəmirə yeni-yeni kitablarının nəşrinin sevincini yaşamağı  arzulayırıq.

İlkin mənbə:  Xalqqazeti.az

Müəllif: Kəmalə  Abdinova

Kəmalə  Abdinovanın digər yazıları

Təranə Dəmirin digər yazıları – oxu !

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]