ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Laçında 2024-cü ildə açılan bu kitabxanada mənim də “Sirran” kitabım var. Və eləcə də yüzlərlə yazıçının ömründən kəsib min bir əziyyətlə ərsəyə gətirdiyi kitabları yer alır. Mən aidiyyatı quruma suallar vermək istəyirəm, sizin yazıçı ömründən xəbəriniz varmı? Bu kitablar nə üçün yazılıb, niyə kitabxana yaradılıb, ümiyyyətlə kitabxanalar nəyə xidmət edir? O qədər suallar var ki, əminəm heç bir sual cavablandırılmayacaq. MMC-nin işçiləri öncə kitab oxumağa başlasalar bəlkə az çox başa düşərlər ki, kitabın mahiyyəti, məramı, görüşü nədən ibarətdir. Onda da tam olaraq bir şey başa düşməyəcəklərinə əminəm. “Laçında Simruq kitabxanası bağlanır” ifadəsindən işğal saçılır. Mədəni irsin işğalı, talanı… Özü də görün harda bağlanır LAÇINDA.
Hələ o yerlərdə TV – kanalları fəaliyyət göstərməlidir, nə inki könüllülərin ömür verdiyini, ac qaldığı, kitablara baş əyərək keçindiyi az maaaşı kəsib üstəlik “bu kitablar anbara yığılsın” deyə xəbərdarlıq edilməli heç deyil. Siz nə danışdığınızın fərqindəsinizmi? Bəlkə oradan da kənd tualetlərinə göndərəsiniz ki, anbarda da yer tutur. Mədəniyyət Nazirliyi bu kitabxanaya mütləq və mütləq sahib çıxmalıdır. MMC qanmasa da Nazirlik bilir ki, bu bir mədəni irsdir. İrsin qorunması üçün də dövlət başçısı tonlarla pul ayırır. Həmin büdcədən vəsait ayrılaraq Laçında fəaliyyət göstərən bu möhtəşəm təşəbbüsə təəccili şəkildə dəstək verilməlidir. Mən bu məsələdə həddindən artıq narahatam. Eləcə də Azərbaycan ədəbiyyatında qələmin nə olduğunu bilən qələmdostlarımız da eyni halı yaşayır və daha dərinini hiss edirlər. Bu təkcə bir kitabxana məsələsi deyil, şair və yazıçıların əl əməyi, ömür kəsimi, enerjisi və ədəbiyyatın yaşarlığına çevrilən gecə-gündüzləridir.
Yadımdadır kitabxana açılanda burdan öz dövlət işini atıb Laçına gedən xanımlarımız var. Onlar ömrünü mədəni irsin qorunmasına həsr ediblər. Altı aydan çoxdur orada maaş da almırlar. Bəs heç düşündünüzmü bu insanlar nə yeyib, nə içir, necə yaşayıb ömürlərini keçirirlər?
Bu Azərbaycan xalqının çökdürülməsinə gedən yolun başlanğıcıdır. Qəti şəkildə yolverilməzdir. Hər halda ümid edirik ki, irsimiz qorunub saxlanılacaq daha geniş şəkildə kitabxana öz fəaliyyətini bərpa edəcək. Biz də əvvəlki kimi yenidən öz dədə-baba yurduna geri qaytarılan insanlarımıza kitab sevinci yaşadacağıq.
HÖRMƏTLƏ: GÜLNARƏ İSRAFİL Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist yazar