Bu gün sözə öz rəngini, qələmə öz nəfəsini verən, dəyərli şair, qəzəlxan, yazıçı və dramaturq İlqar Fəhminin doğum günüdür. İlqar müəllim 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. Şeirləri, qəzəlləri, nəsr və dramaturji əsərləri ilə ədəbiyyatımızda özünəməxsus yer tutub. Onun əsərləri səhnələşdirilib, ssenariləri ekranlaşdırılıb, yaradıcılığı müxtəlif mükafatlarla dəyərləndirilib. Yaradıcılıq yolu geniş və zəngindir. Onun yaradıcılığı, əsərləri və şeirləri haqqında çox yazılıb, çox deyilib və əminəm ki, bundan sonra da çox yazılacaq. İlqar müəllim həm də çox savadlı, bilikli, zəngin dünyagörüşünə malik və güclü yaddaşı olan bir ziyalıdır. Müxtəlif mövzularda söhbət edərkən onun biliyinin genişliyi, yaddaşının gücü və hadisələrə fərqli baxışı dərhal hiss olunur. İlqar müəllimlə bir neçə il əvvəl Şuşa, Quba, Şamaxı səfərlərində yol yoldaşı olmuşuq. Bu səfərlərin yaddaşımda qalan ən gözəl anlarından biri yol boyu onun öz dilindən söylədiyi gözəl şeirləri və qəzəlləri dinləməyimizdir. Şeiri müəllifin öz səsindən, öz nəfəsindən eşitmək tamam başqa hissdir. Sanki söz kağızdan ayrılıb canlanır, yolun səssizliyinə qarışaraq yaddaşımıza həkk olunur. Deyirlər, insanın üzü onun xasiyyətinin aynasıdır. İlqar müəllimin simasında da onun daxili dünyasının sakitliyini, mədəniyyətini, təvazökarlığını görmək mümkündür. O, çox mədəni, diqqətcil, mehriban, təvazökar və ən əsası, təmənnasız, yaxşı insandır. Bəzən həyat yolumuzda elə insanlarla qarşılaşırıq ki, bir neçə səfər, bir neçə söhbət belə illər sonra xoş xatirəyə çevrilir. İlqar müəllimlə tanışlığım da mənim üçün belə gözəl tanışlıqlardandır. Yaxşı ki, onu tanımışam. Bu gün dəyərli qələm dostumu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar, qələminə tükənməz ilham, ailəsində xoşbəxtlik və könül rahatlığı arzulayıram. Sözünüz daim işıqlı, qələminiz iti, yaradıcılıq yolunuz uzun və uğurlu olsun, İlqar müəllim! Doğum gününüz mübarək!
Bilirəm, elə “ağıllı” adam da tapılacaq ki, mənim ona tutduğum iradı nümunə gətirib, bu təbrikimə ağız büzəcək. Qoy əvvəlcədən söyləyim ki, böyük bildiyim adamlarda səhv görəndə biganə qala bilmirəm, bir vətəndaş kimi iradımı bildirməyə tələsirəm. Bu o demək deyil ki, onu özümə düşmən hesab edirəm. Heç vaxt! Bəli, eyni dinə, eyni dilə, eyni millətə mənsub olduğum insanların arasında mənim düşmənim yoxdur!..
…Doğrudur, heçnədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kreativ”, ‘icad” və bunlara bənzər kəlmələr yaranmayıb ki…
Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla nə dostluq, nə də yoldaşlıq etməmişəm, həyatda cəmi bir neçə dəfə üz-üzə gəlmişik. Salam-əleykum- vəssalam. Rəşad Məcidi deyirəm. Özünəməxsus xarakterilə ön plana çıxan Rəşad Məcidi…
…Heç vaxt ona işim düşməyib, yəqin ki, heç düşməyəcək də… Amma belə adamlar haqqında söz demək, fikir formalaşdırmaq vacibdir. Onun yardımsevər olması, insanlara kömək etmək arzusu, adamları sevindirmək istəyi məni onun haqqında düşündüklərimi sizinlə bölüşmək sevdasına saldı. Yaşı altmışı keçsə də, onun davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsli olması ürəyimcədir…
Ola bilər ki, kimsə onu eqoist, təkəbbürlü adam kimi tanıyır. Əslində o, təkəbbürlü yox, məğrur adamlardandır. Mehriban davranışı göz qabağındadır. Heç vaxt dəstəyini görməsəm də, fəqət yaxşı bilirəm ki, səxavətli adamdır. O, gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan heç də əliaçıq adamlardan fərqlənmir. Bir sıra adamların düşündüyü kimi, nə böyük var-dövləti var, nə də səltənəti. Sıradan, orta statistik bir vətəndaşdır…
Çox çalışqan və əzmkardır. Həm özünü, həm də ətrafdakı insanları yaşatmaq üçün səy göstərir. Yəqin ki, Allah da onun saf niyyətini görüb hər işində yardımçı olur, uğur qazandırır…
O, özünü cəmiyyətə çoxdan sübut etməyi bacarıb. İllər ötəcək, nə vaxtsa vəzifədən gedəndən sonra da, nüfuz və hörmətindən bir zərrə belə azalmayacaq. 525-ci qəzet, Mətbuat Şurası və s. xidmətləri yaddaşlarda qalacaq. Bəli, mənim tanıdığım Rəşad Məcid zəmanəmizin yaxşı adamlarından biridir. Gözəl övladlar böyüdüb, nəvələrinin də əsl vətəndaş kimi yetişməsinə səy göstərir. Əqidəsinə, meyyarlarına sadiqdir. Milli-mənəvi dəyərlərimizin təəssübkeşidir. Hansı vəzifəyə yüksəlməsindən asılı olmayaraq sadəliyini, səmimiyyətini qoruyub saxlaya bilir. İnsanlara yuxarıdan aşağı baxmağı xoşlamır…
…Yeri gəlmişkən, “Rəşad” kəlməsi ərəb mənşəli olub- “doğru yolla gedən”, “düşüncəli” və “fərasətli” mənalarını verir. “Məcid” sözünün mənası isə “şan-şöhrətli” deməkdir. Beləliklə, Rəşad Məcid imzasının açılışı- Doğru yolla gedən şan-şöhrətli adam- anlamını daşıyır…
Avqustun 21-i Rəşad Məcidin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram!
Söz ardı…
Bəlkə də çoxumuz kimi, ona da önəmli olmayıb deyə həftənin neçənci günü doğulduğu ilə heç vaxt maraqlanmayıb. Amma yeri var, maraqlanmağına dəyər. Araşdırıb yəqin etdim ki, Rəşad Məcidin dünyaya gəldiyi gün həftənin cümə gününə təsadüf edir. Deməli, Venera planetinin idarəçiliyində olan gün anadan olub. Həmin gün anadan olduğu üçün də yüksək estetik zövqə, yaradıcı istedada və güclü cazibə qüvvəsinə malikdir. Həyatı sevməyi, zövq almağı və ətrafına gözəllik bəxş etməyi xoşlayır. İstənilən mühitdə öz lətafəti və pozitiv enerjisi ilə dərhal diqqət çəkir. Səxavətli, incə adamdır. Sevgisiz yaşaya bilməz. Elə bil, sevib-sevilmək üçün yaradılıb. Gözəlliyi, dəbi, incəsənəti və rahatlığı dərindən anlayır. Bəzən bir qədər xəyalpərəst olur və reallıqdan uzaqlaşıb dünyanı arzuladığı kimi görmək istəyir, amma dünya elə həmən dünyadır…
Rahat ev mühiti, ailə və uşaqlar onun üçün çox vacibdir. Münasibətlərində romantik və diqqətcildir. Həddən artıq rahatlığı və ləzzəti sevdiyi üçün bəzən tənbəllik də göstərə bilər. Bir az da unutqanlığı var. Başqa cür ola da bilməz, axı onu əlahəzrət Venera daim nəzarətdə saxlayır. Qoy bu dediklərim haqqında açdığım əvvəlki söhbətimə söz ardı olsun…