QASIM BƏY HACIBABABƏYOV

ŞAMAXININ GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

QASIM BƏY HACIBABABƏYOV – BAKININ MEMARLIQ SİMASINI FORMALAŞDIRAN GÖRKƏMLİ ŞƏXSİYYƏT

XIX əsr Azərbaycan memarlığı və şəhərsalma tarixindən söz düşəndə adı xüsusi ehtiramla çəkilən sənətkarlardan biri Qasım bəy Hacıbababəyovdur.
Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olub. İlk təhsilini molla yanında aldıqdan sonra qəza məktəbində oxuyub. Memarlığa marağı təsadüfi deyildi. Atası Hacıbaba bəy və böyük qardaşı Səməd bəy də memar olublar. Beləliklə, memarlıq sənəti onun ailəsində formalaşmış ənənələrdən biri idi.
1848-ci ildən Qasım bəy Şamaxı quberniya memarının köməkçisi kimi fəaliyyət göstərib. 1856-cı ildən isə Şamaxı quberniyasının baş memarı olub. Onun peşəkar fəaliyyəti Azərbaycan şəhərlərinin, xüsusilə də Şamaxı və Bakının memarlıq və şəhərsalma tarixində mühüm iz buraxıb.
1859-cu il Şamaxı zəlzələsi şəhərin taleyində böyük dəyişiklik yaratdı. Zəlzələdən sonra şəhərin yenidən qurulması məsələsi gündəmə gəldi və Qasım bəy Hacıbababəyov bu prosesdə mühüm rol oynadı. Sonrakı illərdə onun fəaliyyəti Bakı ilə də sıx bağlı oldu. XIX əsrin ortalarında sürətlə böyüyən Bakının İçərişəhərdən kənarda inkişafında və yeni şəhər məkanlarının formalaşmasında Qasım bəyin xidmətləri böyük idi.

Qasım bəy Hacıbababəyov Bakının ilk peşəkar memarlarından və şəhərsalma fəaliyyətinin öncüllərindən biri hesab olunur. O, şəhərin relyefini və topoqrafik xüsusiyyətlərini nəzərə alaraq yeni yaşayış ərazilərinin planlaşdırılmasına, küçə və meydanların formalaşdırılmasına xüsusi diqqət yetirib. Onun fəaliyyəti nəticəsində Bakının qala divarlarından kənarda inkişaf edən hissəsinin memarlıq siması tədricən dəyişməyə başlayıb.
Qasım bəyin adı xüsusilə Parapet bağının — indiki Fəvvarələr meydanı ərazisinin formalaşması ilə bağlıdır. Bu məkanın planlaşdırılması və abadlaşdırılması XIX əsr Bakısının şəhərsalma tarixində mühüm mərhələ sayılır. Meydanın ətrafında tikilən binalar və küçələrin quruluşu sonrakı illərdə şəhərin mərkəzi hissəsinin simasının formalaşmasına ciddi təsir göstərdi.
Onun yaradıcılıq irsi kifayət qədər zəngindir. Qasım bəy Hacıbababəyovun adı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yerləşdiyi tarixi bina, keçmiş karvansara kimi tanınan tikili, sonralar “Araz” kinoteatrı kimi fəaliyyət göstərmiş kompleks, Sahil ərazisindəki tikililər, yeni parklar onun adı ilə bağlıdır.

Xüsusi qeyd edilməli məqamlardan biri də 1858-ci ildə Şamaxıda inşa edilmiş ilk teatr binasıdır. Mənbələrdə bu binanın memarı kimi Qasım bəy Hacıbababəyov göstərilir. Bu fakt onun yalnız yaşayış və inzibati tikililərin deyil, həm də ictimai-mədəni məkanların yaradılmasında iştirak etdiyini göstərir.

Qasım bəy Hacıbababəyovun yaradıcılığında Şərq memarlıq ənənələri ilə dövrün yeni şəhərsalma prinsiplərinin bir araya gəldiyi müşahidə olunur. Onun əsərlərində funksionallıq, şəhər mühitinə uyğunluq və memarlıq kompozisiyası bir-birini tamamlayırdı.

1868-ci ildən etibarən onun fəaliyyətində yenidən Şamaxı mühüm yer tutdu və 1874-cü ilədək Şamaxının memarı kimi çalışdı. Beləliklə, ömrünün böyük hissəsini memarlığa, şəhərsalma işinə və şəhər mühitinin formalaşdırılmasına həsr edən Qasım bəy Hacıbababəyov 1874-cü ildə vəfat edib.

Bu gün Bakının tarixi mərkəzində addımlayarkən qarşımıza çıxan bir sıra məkan və tikililər XIX əsrdə şəhərin memarlıq simasını yaradan sənətkarın Qasım bəy Hacıbababəyovun adını xatırladır.

Məlumatı hazırladı: Rəfail Tağızadə (Şamaxı),

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir