Yolun sonunda Günəş var; uca dağların başında, pambıq buludlar qoynunda. Rəngi əməlindən aslı; parlaq olur, solğun olur…
Əgər, yol alsan payızda, ilk salam, yarpaq səsidir; şütüyüb keçər yanından, ya da qalar ayaq altda.
Bu yolun daş yaddaşında payızın barmaq izləri, neçə ananın gözləri, neçə min ilin sözü var.
Səni görən kimi külək, qamışların dili ilə haray salar, xəbər yayar, hamı bilər; sən gəlirsən…
Günəş dayanıb yerində, üfüqün lap kənarında, səni gözlər. Kölgə susar, səni görməz. İşıq görər, işıq gülər…
Sən davam et! Heç aldırma; vızıltıya, sızıltıya, uğultuya.
Sən davam etdikcə ayağın altda vaxt xırdalanır, yarpaqlar keçmişi yumşaq səslə bağışlayır. Hər addımda sən daha az qorxursan, daha çox yola çevrilirsən.
Bu yol qaçış deyil, qayıdış da yox! Bu yol özünə doğru sakit bir irəliləyişdir. Sükut danışır, sözlər kölgə salmır.
Qamışlar baş əyir: — Keç, amma iz qoymadan yox, ürək qoyaraq keç.
Günəş doğur, yalnız səmanın deyil, sənin də yolunun üstünə. Və sən anlayırsan: işıq haradan gəldiyini soruşmur, hara getdiyini də.
Yolumuza Günəş doğsun! Yolumuza davam edək! Biz getməsək, adi yoldu, biz gedəndə dünya olur…
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Tarix elə hadisələr var ki, onlar zamanın yaddaşında sadəcə fakt kimi qalmır, millətin ruhuna çevrilir. 1990-cı ilin 20 Yanvar gecəsi də məhz belə hadisələrdəndir. O gecə təkcə insanlar qətlə yetirilmədi — bir xalqın susqunluğu güllələndi, qorxu sindromu dağıdıldı, azadlıq hissi qanla möhürləndi. O gündən etibarən Azərbaycan tarixində qanla yazılan, amma vicdanla oxunan bir səhifə açıldı.
“İzsürənlər” kitabı məhz bu səhifənin izinə düşənlərin — yaddaşı diri saxlayanların, unudulmamağa xidmət edənlərin, sözün gücü ilə tarixi gələcəyə daşıyanların toplusudur. Bu kitab nə adi xatirələr toplusudur, nə də yalnız ədəbi mətnlər məcmuəsi. “İzsürənlər” — qan yaddaşını söz yaddaşına çevirənlərin kitabıdır.
Zaur Ustacın tərtibçi kimi qarşısına qoyduğu əsas məqsəd təkcə 20 Yanvar hadisələrini yada salmaq deyil. Bu toplu bir çağırışdır: unutmamaq, unutdurmamaq və iz sürmək! Burada toplanan məqalələr, esse və resenziyalar bir-birindən üslubca fərqli olsa da, mahiyyət etibarilə eyni mənbədən qidalanır — milli vicdandan, tarixi məsuliyyətdən və insanlıq mövqeyindən.
“İzsürənlər” adı təsadüfi seçilməyib. Çünki bu yazıların müəllifləri hadisələrin üzərindən keçib getmirlər, onların izini sürürlər. Qanla cızılmış xətti sözlə davam etdirirlər. Burada 20 Yanvar yalnız keçmişin faciəsi kimi təqdim olunmur — o, bu günün mənəvi ölçüsü, sabahın isə əxlaqi meyarı kimi dəyərləndirilir.
Kitabda yer alan yazılar sübut edir ki, 20 Yanvar yaddaşı nəsillər arasında qırılmayıb. Hadisələri yaşamayan, amma ruhunda daşıyan yeni nəsil qələm adamları da bu izlə yol gedir. Bu baxımdan “İzsürənlər” həm şahidlərin, həm də varislərin kitabıdır. Burada səs yalnız keçmişdən gəlmir — gələcəyə ünvanlanır.
Bu toplu eyni zamanda bir ədəbi məsuliyyət nümunəsidir. Çünki qanla yazılmış tarixdən danışmaq üçün pafos kifayət etmir; səmimiyyət, vicdan və bədii məsuliyyət tələb olunur. “İzsürənlər”də toplanan yazılar bu məsuliyyətin dərk olunduğunu göstərir.
Oxucu bu kitabı vərəqlədikcə anlayır ki, 20 Yanvar təkcə matəm günü deyil — bu, həm də qürur günüdür. Bu kitab da məhz həmin qürurun, həmin müqavimət ruhunun ədəbi ifadəsidir.
“İzsürənlər” — bir yol kitabıdır. Qaranlıq gecədən işığa aparan yolun. Qanla başlayan, sözlə davam edən yolun.
Bu yolu gedənlərə salam olsun! Bu izi itirməyənlər sağ olsun!
Лолақизғалдоқ бўлиб – унаман бир кун, Ер бағрига тўкилиб – қўнаман бир кун, Яшил- яшил ўтлар ўсгай, гумбазимдан, Қошингизга капалак бўб – тунайман бир кун.
Шул гумбазга бошгинам- урмоқда соям, Анор каби тарсиллаб- кўкрак; ҳамсоям,(юрак) Кўксингиз оғритади- уқмаганингиз, Бир қиз бўлиб кетганида – ҳур қизлик зоям.
P.S. Олдин шу расмимни бир нашриётга шеърим билан бериб юборгандим, бир ёшроқ муҳаррир болага. Шунда ўша шоирни хотини рашк қилиб расмимни тирнаб ташлабди, йиртаман деб. Зўрға қўлидан олиб қолибди. Шунинг учун расмим тирналган.
Hər səhər Çaylaq aşağı bir kişi aram addımlarla işə gedərdi. Adətiydi, işə vaxtından əvvəl getməyi xoşlayırdı.Yolda çox vaxtı məktəblilərlə yoldaş olardı. Elə məktəblilər də vardı ki, onunla yol gedəndə darıxırdı deyə, yanından ötüb keçirdilər. Axşam işdən çıxanda, əlində bükülü qəzet həmin yolu yenə arxayın Çaylaq yuxarı addımlayardı. Bir bazar günü, bir də bayram günü onu bu yolda görən olmazdı. Qaynayasının evi iş yolunun üstə olsa da, işdən çıxan zaman ora dönməzdi. Adəti üzrə ancaq evə gələrdi. Çünki evinə, elinə, ocağına bağlı insan idi. O, istəsəydi, onu maşınla aparıb gətirərdilər. Ancaq o, heç kimə zəhmət vermək istəmirdi. Beləcə neçə illər bu yolu payi-piyada gedib-gəldi. Mərzili kəndi ermənilər tərəfindən işğal olana qədər. Qısa arayış: Bəylər Qurban oğlu Kərimov 1941-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlib. Mərzili kənd səkkizillik məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Novruzlu kənd orta məktəbinə gedir. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra BDU-nin İqtisadiyyat fakultəsinə qəbul olur. BDU-ni uğurla başa vurandan sonra onu təyinatla Ağdam rayon “1 May” kolxozuna göndərirlər. Bəylər Kərimov kolxoza işlməyə göndəriləndə mən məktəbliydim. O zaman kəndimizdəki “1 May” kolxozunda ali təhsilli mürəxəsislərə böyük ehtiyac vardı. O, adi iqtisadçıdan Baş iqtisadçı vəzifəsinə yüksəldi. İqtisdi yeniliklər edərək kolxozun adlı-sanlı kolxozların sırasına çıxmağına kömək etdi. 1970-ci illərdə kolxozun, sovxoz olaraq təyinatı dəyişdirildi. Bir sovxoz kimi də yeni planlar, yeni öhdəliklr götürdülər. O zaman sovxozun 40 min baş xırda buynuzlu, 1000 başdan çox iribuynuzlu mal-qarası, 1000 ha üzüm sahəsi vardı… Belə bir böyük təsərrüfatın Baş iqtisadçısı, Baş mühasibi işləmək (həm də uzun müddət) hər adamın işi deyil. Kərimov Bəylər həm də yenilikçiydi. Hər işə, hər hadisəyə onun öz münasibəti vardı. Cibində Kommunist partiyasının biletini gəzdirsə də (vəzifəsinə görə məcbur idi), qəlbən Musavatçıydı. Sovetlər rejimi dağılan kimi “1 May” sovxozu adının dəyişilib “Mərzili” kolxozu qoyulmasında onun böyük əməyi danılmazdı. 1988-ci il hadisələri zamanı, ermənilər xarici diaspor təşkilatlarının dəstəyi ilə torpaqlarımızın ələ keçirilməsi ilə əlaqədar nümayişlərə başladılar. Erməni ideoloqlarının əlehinə SSRİ MK- ya məktublar yazmağa başladıq. Bu fəallardan biri də Bəylər idi. Sonra torpaqlarımız uğrunda döyüşlər başladı. Baş mühasib Bəşir Şirinov (Allah rəhmət eləsin!) səhhəti ilə əlaqədar mühasibatlığı da Bəylər Kərimova tapşırdı. O, həm mühasibatlığa, həm də iqtisadiyyata nəzarət etməli oldu. Bir müddət sonra Sovetdən qalma bu təsərrüfat sistemi də dağıldı. Ancaq Bəylər insanların əməyini əks etdirən bu kitabları atmadı, qoruyub saxladı. Onun işsiz qaldığını görən Ağdam peşə məktəbinin o zamankı direktoru Bəyləri müəllim işləməyə dəvət edir. Bir neçə il burada dərs deyəndən sonra, sağlamlığı imkan vermədiyinə görə ərizə yazıb işdən azad olur. Onunla hansı sahədə desən döhbət etmək maraqlı idi. Siyasəti də, tarixi də, ədəbiyyatı da iqtisadiyyatı bildiyi qədər bilirdi. Çox təmkinliydi. Hadisələrə soyuqqanlı yanaşırdı. Ancaq 85 yaşında Bəylər Kərimov bizi tərk edib əbədiyyətə qovuşdu.
Vətən və vətəndaş sevgisinin təcəssümü Elman Eldaroğlu – 60 Salam olsun çox dəyərli oxucum! Bugünkü söhbətimizin mövzusu çox mühüm və vacibdir. 3 yanvar 1966-cı il – bu gün yalnız Sumqayıt (Yardımlı) üçün deyil, bütün Azərbaycan mətbuatı və ədəbiyyatı üçün əlamətdar bir gündür. Elman müəllim özü qeyd etdiyinə görə yanvarın 11-də anadan olmuşdur. Ancaq rəsmi qeydiyyat 3 – yanvarı göstərir. Azərbaycan jurnalistikası, publisistikası və ədəbiyyatı üçün dəyərli şəxsiyyət, jurnalist, naşir və şair-publisist Elman Eldar oğlu Mustafayev (Əmioğlu), geniş ictimaiyyət tərəfindən Elman Eldaroğlu kimi tanınan şəxs – əmioğlum, 60 illik yubileyini qeyd edir. İdarəetmək, münasibət bildirmək üçün dünyaya gəlib Elman Eldaroğlu. Elman Eldaroğlu 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Təhsil həyatına 9 saylı orta məktəbdə başlayan gənc Elman 1976-cı ildən 17 saylı məktəbdə davam edərək, 1981-ci ildə 8 illik təhsilini başa vurub. Elman Eldaroğlu üçün jurnalistika sadəcə peşə deyil, həyat yolunun bir hissəsi olmuşdur. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı illərdə o, paralel olaraq “Sosialist Sumqayıtı” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmiş və jurnalistikanın incəliklərinə yiyələnmişdir. 1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Elman Eldaroğlu vətənpərvərlik nümunəsi göstərmiş, vətənə bağlılıq və məsuliyyət hissini həyatının hər mərhələsində öz fəaliyyətində əks etdirmişdir. Elman Eldaroğlu təkcə jurnalist kimi deyil, həm də publisist və şair kimi geniş yaradıcılıq diapazonuna malikdir. Onun əsərləri arasında “Alın yazısı”, “Bir yarpaq ömrü”, “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” kimi publisistik və ədəbi kitablar xüsusi yer tutur. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifidir ki, bu da onun ictimai maarifçilik və mədəniyyət sahəsindəki əvəzsiz xidmətini göstərir. Elman Eldaroğlu yalnız yazıçı deyil, həm də sənədli film quruluşçusu və təşkilatçısıdır. 19 noyabr vertolyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında çəkilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında isə “Söz və əməl sahibi” sənədli filmlərinin quruluşçu rejissoru olaraq ictimai yaddaşın formalaşmasına böyük töhfə vermişdir. Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu, Prezident təqaüdçüsü kimi də qiymətləndirilmişdir. O, həm ölkə içində, həm də xaricdə jurnalistika və ədəbiyyat sahəsində Azərbaycan adını layiqincə təmsil etmişdir. 2015-2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması və orada fəaliyyət göstərməsi onun beynəlxalq perspektivə malik düşüncəsini və yaradıcılıq imkanlarını daha da genişləndirmişdir. Elman Eldaroğlu həm də Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biridir. “Yardımlının səsi” müstəqil qəzetinin təsisçisi və baş redaktoru kimi, o, həm öz bölgəsinin, həm də ölkənin sosial problemlərinə işıq tutmuşdur. Bu fəaliyyət onun yalnız jurnalist, yazıçı və publisist kimi deyil, həm də ictimai xadim kimi də böyük nüfuz qazandığını göstərir. Elman Eldaroğlunun həyat yolu və yaradıcılığı göstərir ki, söz yalnız kağız üzərində qalmır – söz həm də əməl, həm də tarix olur. O, jurnalistika və ədəbiyyat sahəsində, ictimai fəaliyyətində və maarifçilik təşəbbüslərində hər zaman millətin xeyrinə, tarixə və mədəniyyətə xidmət etmişdir. Onun əsərləri gənc nəsillərə örnək, həmkarlarına isə ilham qaynağıdır. Bütün bu çoxsahəli fəaliyyətilə yanaşı Elman müəllim qələm dostlarını, ziyalıları, mədəniyyət xadimlərini hər zaman diqqətdə saxlayır. Onları izləyir, hamısını yaxşıca tanıyır. Tanınmayanları təqdim edir, tanınmışlara münasibət bildirir. Bir sözlə Elman Eldaroğlu sözün əsl mənasında Azərbaycan ədəbiyyatını, mədəniyyətini, jurnalistikasını birləşdirən zəncirinin ən əsas, ən möhkəm həlqələrindən biridir. 60 illik yubileyində, Elman Eldaroğlu həm Azərbaycanın mətbuat və ədəbiyyat tarixində, həm də ictimai həyatında öz izini qoymuş bir şəxsiyyət kimi əlaqədar qurumlar və qələm dostları tərəfindən təbrik edilir. Onun zəhməti, yaradıcılığı və sadiqliyi hər bir oxucu və izləyici üçün böyük dəyər daşıyır. 60 illik ömrü və fəaliyyətinin hər bir səhifəsi, Azərbaycan jurnalistikası və ədəbiyyatı üçün bir işıqdır, bir nümunədir. Bu yubiley, yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyə inam ifadə etmək, gənclərə nümunə və yol göstərmək günüdür. Yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, silahdaşımız, qələmdaşımız – əmioğlu – Elman Eldaroğlunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah ikimizə də ömür versin, 80 illik yubileyiniz münasibətilə də yazmaq qismət olsun! Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
Elman Eldaroğlu – 60 Sabah 2026-cı ilin üçüncü günü… Hələ də Yeni il bayramının feyz şəbnəmləri ilə süslənmiş bir ovqatdayıq. Bu xüsusi gündə düşünürəm ki, dəyərli bir eloğlumuz və əziz aydınımızın, Söz Adamının 60 illik yubileyi də bayram təntənəsitək qeyd olunmağa layiqdir. Bu özəlliyi isə onun uzun illər boyu gur olan idrak işığı, düşüncə dünyası dəyər olaraq özündə ehtiva edir. “Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir…” Bu sətirlər elə ona – şair, publisist, jurnalist Elman Eldaroğluna məxsusdur və mənim haqqımda qələmə aldığı məqalənin girişindən iqtibasdır. Fərəhlə deyə bilərəm ki, vurğulanan müsbət və fəzilətli keyfiyyətlər eyni zamanda həmin fikirlərin müəllifininin özünə də şamildir, həm də onun daxili aləmini və yaradıcılıq mövqeyini əks etdirir. Zaman elə insanlar yetişdirir ki, onların həyatı şəxsi taleyin deyil, bütöv bir mühitin, bir elin, bir dövrün salnaməsinə çevrilir. Elman Eldaroğlu da məhz belə şəxsiyyətlərdəndir. Onun 60 illik ömür yolu təkcə yaşanan illərin ardıcıllığı deyil, sözə sədaqətin, ictimai məsuliyyətin, vətən və insan sevgisinin tərcümeyi-halıdır. Əslən Yardımlıdan olan Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Sənaye şəhərinin zəhmətkeş mühiti, insanların sadə və səmimi yaşam tərzi onun gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini 1973–1976-cı illərdə Sumqayıt şəhər 9 saylı orta məktəbdə alan Elman Eldaroğlu daha sonra 17 saylı orta məktəbdə oxuyaraq 8 illik təhsilini başa vurub. Gənc yaşlarından həm texniki biliklərə, həm də humanitar sahəyə maraq göstərməsi onun çoxşaxəli şəxsiyyətinin ilk əlamətlərindən idi. 1981–1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alması ilə yanaşı, o, paralel şəkildə “Sosialist Sumqayıtı” qəzetində fəaliyyət göstərən iki illik jurnalistika kursuna qatılıb. Məhz bu dövrdə qələm onun üçün sadəcə yazı aləti deyil, düşüncənin, mövqenin və ictimai sözün ifadə vasitəsinə çevrilib. Həmin qəzetdə ştatdankənar müxbir kimi çalışması Elman Eldaroğlunun jurnalistika yolunda ilk ciddi addımı olub. Onun həyat yolunda hərbi xidmət də mühüm yer tutur. 1985–1987-ci illərdə Sovet qoşunlarında, daha sonra 1995–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etməsi Elman Eldaroğlunun vətənə bağlılığını, dövlətçilik düşüncəsini daha da möhkəmləndirib. Bu təcrübə onun publisistik yazılarında hiss olunan vətəndaş mövqeyinin, milli məsuliyyət duyğusunun qaynaqlarından biridir. 1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunması onun əzmkar xarakterini, daim öyrənməyə, özünü inkişaf etdirməyə olan istəklərini təsdiqləyir. Lakin Elman Eldaroğlunun həyatında yalnız fərdi inkişaf deyil, ictimai fayda da hər zaman ön planda olub. Bu düşüncənin nəticəsi olaraq Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradılması və “Yardımlının səsi” müstəqil qəzetinin təsis edilib baş redaktoru olması onun ictimai fəaliyyətinin zirvələrindəndir. Bu qəzet uzun illər Yardımlının, onun insanlarının səsi, dərdi və sevinci olub. Elman Eldaroğlu həm də söz adamıdır. Onun “Alın yazısı”, “Bir yarpaq ömrü” şeir kitabları insan taleyinə, zamanın ötəriliyinə, daxili duyğuların səmimiyyətinə işıq salır. “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” publisistik kitabları isə müəllifin doğma yurda, el-obaya, tarixi yaddaşa olan dərin bağlılığının bədii-publisistik ifadəsidir. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifi kimi Elman Eldaroğlu cəmiyyətin bilik və düşüncə ehtiyacına xidmət edən qələm sahiblərindəndir. Onun yaradıcılığı yalnız yazı ilə məhdudlaşmır. 19 noyabr vertolyot qəzasında həlak olmuş dövlət xadimi Vəli Məmmədova həsr edilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, el ağsaqqalı Baxas Qubadov barədə “Söz və əməl sahibi” sənədli filmləri Elman Eldaroğlunun tarixi şəxsiyyətlərə, milli dəyərlərə verdiyi önəmin ekran ifadəsidir. Bu filmlərdə o, unudulmamalı taleləri yaddaşlarda yaşatmaq missiyasını üzərinə götürür. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu Prezident təqaüdçüsü kimi də dövlət tərəfindən qiymətləndirilən ziyalıdır. 2015–2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması onun dünyagörüşünü daha da genişləndirmiş, beynəlxalq təcrübə ilə milli düşüncənin sintezini yaradıcılığına gətirmişdir. Bu gün Elman Eldaroğlunun 60 yaşı tamam olur. Bu 60 il sözün, əməyin, vicdanın və xidmətin 60 ilidir. O, qələmi ilə insanlara yol göstərən, publisistik mövqeyi ilə cəmiyyəti düşündürən, fəaliyyəti ilə doğma elinə dayaq olan ziyalı obrazıdır. Elman Eldaroğlu üçün yaş yalnız rəqəmdir; əsas olan arxada qalan iz, deyilən söz və görülən işdir. Bir şeirimdə dediyim kimi : şairlərin yaşı olmur.
Şair özü qocalsa da, Sözü vaxtdan ucadırsa, Ömürdürsə uzun, qısa… Şairlərin yaşı olmur!
Şairlik hiss, hal, məqamdır, Gah dərvişlik, gah şamandır. Gah səhərdir, gah axşamdır… Şairlərin yaşı olmur!
Nə vaxt gəlsə ilham pərim, Qantək tutur şairliyim. Başqa vaxtlar öz dərd-sərim… Şairlərin yaşı olmur.
Ömür təqviminin 60 illik zaman məsafəsindən dünyaya ulu sözün gözü ilə baxan Elman Eldaroğlunun ədəbi dünyasına, düşüncələrinə, publisist mövqeyinə bələd olduqca bələ qənatə gəlmək olur ki, sözün gücünü və gözəlliyini yalnız kağıza köçürən deyil, həm də oxucusunun ruhunu oxşayan, düşüncələrinə gur işıq salan bir insanın 60 illik yubileyini qeyd edirik. Onun yazdıqları zamansızdır, millətinin və cəmiyyətinin səsini və ruhunu əks etdirən əbədi işıqlardır. Məncə, “SÖZÜN ŞƏFƏQ ÇAĞI” ifadəsi Elman Eldaroğlunun bir şair, fikir adamı olarqaq ən təbii xülasəsidir. Şəfəq, təkcə səhərin ilk işıqlarını, ağaran dan yerini deyil, həm də şairin sözlərinin, düşüncələrinin oxucuların qəlbinə necə işıq tutduğunu simvollaşdırır. 60 il boyunca sözü ilə insanlar arasında körpülər qurmuş, fərqli fikir və görüşlər arasında anlaşma yolunu açmış bir şair və publisist, şübhəsiz ki, özünü bir zamanlar təqdir etdikləri və oxuduqları yazıçılardan biri kimi görür. Onun irsi yalnız bu günün deyil, gələcəyin də əhəmiyyətli bir qaynağı olacaq. Çünki hər bir yazısında bir insanı düşündürən, onu idrak dərinliyə aparan və onu insanlıq adına daha yaxşı bir yola yönəldən bir mesaj var. Bu yubiley yalnız bir aydının 60 illik həyatını qeyd etmək deyil, həm də o insanın sözlərinin və düşüncələrinin gələcək nəsillərə necə bir işıq tutduğunun tanınmasıdır. Sözünün şəfəq çağı heç vaxt bitməyəcək, hər zaman yeni səhərlər, yeni ümidlər gətirəcək. Ömür təqviminin 60 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli aydınımız Elman Eldaroğlu!
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.