NİTSŞE və ŞOPENHAUERİN “İRADƏ” anlayışı : Şopenhauer inanırdı ki, iradə bütün hərəkətlərimizi idarə edərək bizə yalnız səfalət və ağrı gətirir. Əslində o, bizə “həyat iradəsini” inkar etməyi, asket həyat sürməyi məsləhət görürdü. Şopenhauerin fikrincə, həyatı inkar etmək doğum, həyat və ölüm kimi döngülərdən qaçmaq deməkdir.Şopenhauer iradənin şər olduğuna inanırdı və hamımızın ondan qaçmalı olduğunu iddia edirdi. Bu fikirlərinə görə o, “Qərb Buddisti” də adlandırılmışdır. Nitsşe bunu dekadent düşüncə kimi rədd etsə də, Şopenhauerlə iradənin varlığı və bütün insan hərəkətlərinə nəzarət etməsi düşüncəsində razılaşırdı. Lakin əlavə edirdi ki, insanların əslində istədiyi gücdür. Nitşse “güc” dedikdə təkcə təbiətə deyil, özümüzə və yaratmaq qabiliyyətimizə də nəzarət etməyi də nəzərdə tuturdu. Ona görə, insanların məqsədi məhdudiyyətlərimizi aşmaq və güc əldə etməkdir. Nitsşe üçün “həyat iradəsi” sadəcə olaraq “hakimiyyət istəyi”dir. Buna görə də “üstinsan” anlayışı Nitsşenin fəlsəfəsi üçün həlledici əhəmiyyət kəsb edirdi. “Üstinsan” sadəcə olaraq bütün maneələri və məhdudiyyətləri dəf edərək yaradıcılığı ilə nəzarət və güc əldə etmək istəyir.”Həyat iradəsi” özünün əsas vəziyyətində sadəcə mövcud olmaq istəyidir. Bütün heyvanlar bu “həyat iradəsini” həyata keçirirlər. Amma biz insanlar bundan kənarda inkişaf etmişik. Həyatın məqsədi sadəcə “güc iradəsi”indən başqa bir şey deyildir.
79-cu payız, 84-cü sıra və qürbətdən boylanan əbədi ayrılıq
Tikinti işlərinin getdiyi hasarlanmış ərazi xüsusi mülkiyyət olduğundan içəri daxil olmaq qaydalar çərçivəsində deyil. Üstəgəl bayram günüdür deyə mühafizə xidmətinə edəcəyim xahiş üçün alacağım cavab da təxminən bəlli olduğundan elə hasarın yanından səmanın şəkilini çəkməklə kifayətləndim. Bu o mülkdür ki, 15 mart 1865- ci ildə Məhəmməd Sadıx bəy Ağabəyzadə burada anadan olmuşdur. Onun haqqında qohumum kimi yox, sadəcə bir tarixçi kimi, həm də bu gün 28 mayı daha çox xatırlanmağa haqq etdiyi üçün kiçik bir yazı ilə yada salmağı özümə borc bildim. M. S. bəy Ağabəyzadə ilk təhsilini Bakıda alır. Daha sonra Peterburqda ali hərbi təhsilini davam etdirir. Eyni zamanda qiyabi olaraq şərqşunaslıq fakultəsini də bitirir. 21 yaşında peşəkar hərbiçi kimi fəaliyyətə başlayan Məhəmməd Sadıx bəy 48 yaşında general-mayor rütbəsi alır. O 1921-ci ilə qədər general rütbəsi alan 21 azərbaycanlıdan biridir. Hərbi qulluqda olarkən Qafqaz ordusunda, Türküstan hərbi dairəsində xidmət edir. Ordudan ehtiyata buraxılan general Göyçaya qayıdıb burada məktəb açmaq fikrində olur. Lakin Birinci Dünya müharibəsi başladıqda o yenidən ordu sıralarına qayıdır. Qafqaz və Ukrayna cəbhələrində döyüşlərdə iştitak edir. Müharibədən sonra Məhəmməd Sadıx bəy yenidən Göyçaya qayıdır. Bu o zaman idi ki, onu şərqşunaslar ciddi elmi araşdırmalarına görə tanıyır, dövrün nüfuzlu univeristetlərinə dəvət edirdilər. M. Sadıx bəyin yazdığı “Türkmən dilinin qramatikası” əsəri həmin dövrdə çox məhşur idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci ilin payızında M.Sadıq bəy cümhuriyyət parlamentinə deputat seçilir. Qısa müddətdən sonra baş nazir Xoyski onu daxili işlər nazirliyinə dəvət edir. Mirzə Sadıx bəy hökumətdə təmsil olunduğuna görə millət vəkilliyindən istefa verir. Polis quruculuğunda bir-birini əvəz edən üç nazirin müavini olsa da əslində həmin nazirlər daha çox siyasi faliyyət aparmalı olduğundan M.Sadıx bəy Ağabəyzadə faktiki olaraq nazirliyin və ümumiyyətlə polis sisteminin qurulmasına təkbaşına rəhbərlik edir. Azərbaycana gələn yüksək ranqlı qonaqların mühafizəsindən tutmuş polis sisteminin təsnifatının yaradılmasınadək bütün məsul işlərə bilavasitə rəhbərlik edir. Yüksək intellektə, dərin zakaya sahib olan general ana dilindən başqa türkmən, özbək, anadolu türkcəsi, ərəb, fars, rus, fransız, polyak, ukrayna dillərini mükəmməl bildiyindən cumhuriyyətə gələn qonaqlarla tərcüməçisiz əlaqə saxlayır, yeri gələndə bu missiyanı da özü yerinə yetirirdi. AXC-nin süqutundan sonra M.Sadıx bəy İstanbula mühacirət edir. Burda tibb unversitetinin professoru olan xalası oğlu Əli bəy Hüseyzadənin evində yaşayır. Ağabəyzadə hələ Batumda olarkən onun ata mülkü, qardaşlarının evləri Göyçayda müsadirə edilir. AXC daxili işlər nazirinin müavinini gizlətməkdə suçlandırılan bütöv bir nəsil doğma yurdlarından pərən-pərən salınır. 1927-ci ilədək Parisdə, Nitsada yaşayan Ağabəyzadə Paris univeristetlərinin birində şərqşunaslıqdan mühazirələr oxuyur. O, Faransadan öz xalası oğlu Əli bəy Hüseynzadəyə yazdığı (51 məktub) məktublarda qardaşlarından nigaran qaldığını, doğma Göyçaydan ötrü darıxdığını qeyd edir, ən böyük arzusu qan qohumlarına qovuşmaq olduğunu yazırdı. Tale 1927-ci ildə Məhəmməd Sadıx bəyi Lvov şəhərinə gətirib çıxarır. O, burada 1944-ci ilin 8 oktyabr tarixinə qədər univesitet professoru kimi fəaliyyətini davam etdirir. Quranın rus dilinə tərcümə edilməsində öz misilsiz tövsiyyələrini verir. Polyak dilində nəşr etdirdiyi dərslik bu gün də Avropa şərqşunaslarının istinad etdiyi əsərlər sırasındadır. Məhəmməd Sadıx bəyin elm aləmində uğurları ard-arda sıralansa da şəxsi həyatındakı problemləri bitib-tükənmirdi. Onun xanımı gənc yaşlarında dünyasını dəyişir. Xanımını Parisdə dəfn edən Sadıx bəy bir daha evlənmir. Lvov işğal altına düşdükdə Alman faşistləri yaşlı alimin yaşadığı mənzili zəbt edir. Ömrünün ahıl çağında dahi şərqşunas alim ehtiyac içində, şəraitsiz zirzəmi tipli evdə yaşamağa məcbur olur. Böyük pedaqoq, Şərq xalqları tarixi, dili, mədəniyyəti üzrə əvəzsiz mütəxəsisis həyatının son aylarında qayğıkeş tələbəsi Olqa Bak və onun ərinin himayəsində vətəndən uzaqlarda Lvovda əbədi olaraq gözlərini yumur. Bak və ailəsi bütün rituallara rayət etməklə onu müsəlman qaydalarına uyğun şəkildə dəfin edirlər. 9 oktyabr 1944- cü il lvov, liçakovski qəbirstanlığı 84-cü sırada ömrünün 79-cu payızında Böyük alim əbədi olaraq torpağa tapşırılır. Cümhuriyyət gününü qeyd edirik. Həmin cümhuriyyət asayiş sistemini qurub yaradan insanın, İçərişəhərdə ilk polis məktəbinin əsasını qoyan Məhəmməd Sadıx bəy Ağabəyzadənin böyük ehtiramla yad edilməsi fikrimcə yerinə və zamanına düşür. Qürbətdə uyuyan ruhun şad olsun! Sənin kölgəsində beşiyin qoyulan tut ağacı yoxdur daha. Ömrünü başa vurub. Sovetlər dönəmində əldən-ələ keçən, cürbəcür idarələr yerləşən mülkün idi kiminsə özəl mülkiyyətidir. Amma o mülkün üstündə açıq səma var. O mülkün torpağından rişələri şirə çəkən sənlə yaşıd, başı buludlara boylanan çinar var. Yamyaşıl çinar, masmavi səma, qıpqırmızı günlərə səsləyən umidlər var. 106 yaşlı bayram ruhuna alqış deyir, ruhun bayramı oxşayır. Bayramın, bayramımız mübarək!
Xəzərin mavi lacivərdliyi boyasını türk qövümlərinin sakin olduğu ucsuz-bucaqsız Türküstan ellərinə baxışından alır. Sanki od rəngli günəş şəfəqləri dalğalara baş vuraraq mavi biçimə bələnir. Bu tələtümlü türk nəhri namərd gülləsindən al qana boyanan neçə-neçə vətən oğluna son mənzil olub. Böyük-Zirənin sahillərindəki yaşıl yosunlar isə istiqlalımızın rəmzi bayrağımızın ətəyini xatırladır. Hacı Hüseyn Əfəndiyev 1893-cü ildə Göyçayda Abdulla bəyin ailəsində doğulub. O, ilk təhsilini Göyçayda alır. Daha sonra Tiflisdə ali təhsilini başa vuraraq doğma elinə dönür. Gənc Hüseyn ata-babasının geniş təsərrüfatına rəhbərlik etməklə yanaşı Göyçayda ilk dəfə olaraq kitab və dəftərxana ləvazımatı dukanı açır. Əslində onun açdığı dükan kitabxana idi. Bu əzəmətli bina-mülk sonralar bolşeviklər tərəfindən müsadirə edilərək xəstəxanaya çevrilir. 1915-ci ildə ailə quran Hüseyn bəyin 1916-cı ildə oğul övladı dünyaya gələndə sevincinin həddi-hüdudu aşıb-daşır. Ailə həyatının xoşbəxtliyini könül dolusu yaşayan gənc heç ağlının ucundan da keçirməzdi ki, qısa zaman kəsiyindən sonra onun özünün, doğmalarının başı üzərini amansız qara buludlar alacaq. Cəmi dörd il sonra onun oğul övladı atasız qalacaq, olmazın məşəqqətlərinə düçar olacaq. Hətta təqiblərdən qorxan ana oğlunu qorumaq üçün onun soyadını da dəyişmək məcburiyyətində qalacaq. Bu azmış kimi Hüseyn bəyin atasız böyüyən övladı ll Dünya müharibəsinin odlu-alovlu səngərlərində ağır döyüş yolu keçəcək. Hələ Hüseyn bəy həyatının ən xoş illərini yaşayırdı. Ətrafına topladığı istedadlı gənclərin maarifləndirməsi yönmündə iş aparır, saysız-hesabsız mal-mülkündən gələn gəlirlərdən təhsil alan tələbələrə təqaüdlər verirdi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Hüseyn bəy bu tarixi hadisəni ürəkdən alqışlayır. Göyçayda Əhrar partiyasının özəyini təşkil edən gənç bəy aqrar sahədəki problemlərin həlli istiqamətində ciddi iş aparır. 1918-ci ilin dekabrında AXC-nin parlamenti fəaliyyətə başlayanda Hacı Hüseyn bəy Əfəndiyev Göyçay qəzasından millət vəkili seçilir. 7 dekabr 1918- ci ildən 27 aprel 1920-ci ilə, yəni parlamentin son iclasına qədər deputat fəaliyyətini Hacı Hüseyn bəy Əfəndiyev əsasən aqrar istiqmətdə islahatların aparılmasına həsr edir. Həmçinin Hüseyn bəy parlamentdə məsləkdaşları ilə birgə AXC-nin bütövlükdə nail ola bildiyi məsələlərdə ciddi fəaliyyət göstərmişdir. AXC süküt edən gün, 28 aprel tarixində bolşeviklər Hüseyn bəyi həbs edir. O, XI ordunun 7 saylı xüsusi şöbəsinin müstəntiqinin qərarı ilə 3 iyun 1920-ci ildə Böyük-Zirə (Nargin) adasında güllələnmişdir. Cəmi 27 yaşında düşmən fətvası ilə qətilə yetirilən işıqlı aydın arzusunda olduğu çiçəklənən vətəni mavi dalğalara höpmuş ruhu ilə görməyə məhkum edildi. Yüzlərlə soydaşı kimi. İstiqlalımızın bu gün 106-cı il dönümünü qeyd edərkən Hacı Hüseyn bəy Əfəndiyevin timsalında bütün istiqlal mücahidlərinin ruhuna sayğılarla rəhmət oxuyuruq.
“Bütün türk dünyasını 28 may münasibətilə təbrik edirəm. “Azərbaycan bayrağı” şeirim bu təbriklərə sözardı olsun.” İSLAM SADIQ
AZƏRBAYCAN BAYRAĞI
Ocaqlar hələ də od umur səndən, Qucaqlar hələ də ad umur səndən. Dodaqlar hələ də dad umur səndən, Ömrümün ən şirin sorağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Qırmızın günəşin alovu, odu, Onunmu nuruydu, içimi yudu?! Könlümdə sevgilər göyərdən odu, Dünyamın işığı, çırağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Yaşılın torpaqdı, çöldü, çəməndi, O yaşıl, bu yaşıl, həmən həməndi. Könlüm duyğu-duyğu onu əməndi, Ömrümün-günümün hər ağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Düşərmi dilimdən mavinin adı, Udduğum havadı, içdiyim sudu. Həyatın mayası, sayası odu, Döyüşdə əlimin yarağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Səhər başın üstdə ucalır günəş, Axşam ayağına alçalır günəş. Sən cavanlaşırsan, qocalır günəş, Ömrümün ən ölməz varağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Vətənimə töhfəsən dahi Məmməd Əmindən, Qopmusan, elə bil ki, Tanrının ətəyindən. Sən bir daha ucaldın Şəhidlərin əlində, Ey Oğuz ellərinin yanar, sönməz çırağı, Azərbaycan bayrağı!
Savaşdan qalib çıxdı, bükülmədi bayrağım, Şəhid qanı nahaqdan tökülmədi, bayrağım! Dalğalanan dəniz tək al-əlvan göy qurşağı, Düşmənə ox tək batan, zirvədəki göz dağı, Azərbaycan bayrağı!
Tarixin dərgahından güclə qopmuş bayrağım, Şəhidlərin qanına, gülə hopmuş bayrağım, Şuşamın zirvəsinə uçub qonmuş bayrağım, Zirvələrdə qal elə, ey hürriyyət mayağı, Azərbaycan bayrağı!
Sən azad Vətənimdə məğrur dayan, bayrağım, Hər səhər Şuşamızda azad oyan, bayrağım, Zəfərlər müjdəsiylə nura boyan, bayrağım, Sənə baxsın, sevinsin, başı qarlı Kirs dağı, Azərbaycan bayrağı!
Təbrizimin boynuna sarılaraq dalğalan, Zəngəzurun, Göyçənin yollarında dalğalan, Zəfər çalmış ərlərin qollarında dalğalan, Ey azad Vətənimin əbədiyyət sorağı, Azərbaycan bayrağı!
İstiqlal qapısını nurla açan bayrağım, Qaranlığa, zülmətə işıq saçan bayrağım, Hürriyyət günəşi tək göydə uçan bayrağım, Ay-ulduzlu hilalın sən üçrəngli növrağı, Azərbaycan bayrağı!
Azadlıqla, qan ilə, istiqlalla yoğruldun, Amma tarixlər boyu qatil əllə boğuldun, Şuşanın zirvəsində sən yenidən doğuldun, Gözüm üstə qoyacam sən doğulan torpağı, Azərbaycan bayrağı! Azərbaycan bayrağı!
Van “Yüzüncü İl Universitetinin” təşkil etdiyi beynəlxalq konfransdaydıq.
Bir nəfər yaxınlaşıb elə ərklə, doğma, şirin ləhcə ilə kef əhval tutdu ki, elə bildim qonşu kəndimizdəndir… Sonra bildim ki, cənubi Azərbaycanın Xoy şəhərindəndir.
Xoylu Hüseyin kimi Ərzurumlu Ümid, Urmiyalı Solmaz və Yunus müəllimlər də məni elə doğmalıq, şirin ləhcə və həmyerli münasibətilə heyrətləndirdilər.
Solmaz xanım o universitetdə çalışırdı, yoldaşı Yunusla əl çəkmədilər ki, onun iş otağına çıxmalıyıq, kofe içməliyik. Hüseyin və Ümiddi də eyni cür dəvət etdilər.
Düzdür orada hamımız eyni millət idik, hər kəsə xüsusi hörmət, nəvaziş vardı.
Amma Xoylu, Ərzurumlu və Urmiyalılar elə bil lap qonşu kəndçilərim idilər.
Təkçə mənə qarşı yox, bir- birlərinə də elə doğma idilər.
Miniatür əfsanə Hər tərəfdən sıx pöhrəliklərlə əhatələnən kiçik tala onların görüş yeri idi. Çoban hər gün günortaya yaxın sürüsünü yaxınlığdakı dərəyə ötürüb sevgilisinin görüşünə məhz bu talaya gəlirdi. Onun tütək çalmağı qulağı səsdə olan Günəşi görüş yerinə, talaya çağırmağı idi. Öz oymaqlarından dağ döşü cığıra düşüb gizlincə talaya gələn Günəş min bir həyacanla həm onu kimsə görəcəyindən ehtiyat edirdi, həm də görüşə gecikəcəyindən qorxurdu. Bir gün Günəş sevgilisinə deyir: -Eşitmişəm anan səni öz bacısı qızına adaxlamaq istəyir. Çoban cavabında gülümsəyib -Günəş, sən ki yaxşı bilirsən dünya ha dağıla mən səndən dönmərəm. -Onu da eşitmişəm ki, sənin otardığın sürü xalanın ərinə məxsusdur. -Nə olsun ki… bir parça çörəyimizi hardansa qazanmalıyıq ya yox? -Bax, ha məndən dönsən… -Niyə belə deyirsən? Əgər bir gün görüşünə gələ bilməsəm, bil ki başıma nə isə iş gəlib. Ürəyinə başqa heç nə gətirmə! Mütləq gəlib səni tapacam. Qəfil yağan yaz yağışından daldalanmaq üçün sevgililər böyük qarağac ağacının altına sığındılar. Çoban Günəşin əllərindən bərk-bərk tutmuşdu. Dəhşətli göy gurultusu, şimşəklərin göylərdə oynatdığı qılıclardan qopan od qəlpələri hər ikisini üşəndirirdi. Günəş titrəyir, sanki qorxudan möhkəmcə sarıldığı sevgilisinin odlu nəfəsindən qızınmaq istəyirdi. Tut ucundan göyə çıx yağan leysan dərə boyu sellərin şaqqıltısını keçən hər an artırırdı. Qapqara buludlar səmanı büsbütün tutmuşdu. Cəmi bir saat əvvəlki aydın göylərdən, parlayan günəşdən əsər əlamət qalmamışdı. Lap yaxınlıqda kiçik yasamallığın arxasında tükürpərdən ildırım çaxdı. Elə bil ildırımın hayqırtısından qorxan buludlar ərköyünlüklə ağlamalarına dərhal son qoydular. “Ağıllanıb” sakitləşərək dağların başına qalxdılar. Qara buludları əvəz edən ucsuz-bucaqsız maviliklərə hansısa qüdərtli əl əlvan rənglərdən qövs çəkdi. Göyqurşağının əsrarəngizliyi hər ikisini valeh etmişdi. -Günəş sən qaç, göyqurşağı sizin oymağın üstədir. Çat, onun altında rəqs et! -sonra gülümsəyərək əlavə etdi: -Bizim xoşbəxtliyimiz üçün. Mən də dərəyə düşüm. Görüm sürünün taleyi necə oldu. -Sən nə danışırsan! Eşitmirsən selin səsini? Ora düşmək olar? -Yox getməliyəm. Bəlkə qoyunlardan salamat qalanları var.
Həmin leysanlı, tufanlı yaz günündən aylar keçdi. Sonra illər bir-birini əvəz etdi. Çobandan bir soraq çıxmadı. Dağlar, meşə, meşənin qoynundakı tala çobanın tütəkdə çaldığı musiqiyə həsrət qaldı. Hər gün talaya gələn Günəş çobanı orda görməyib, məyus-məyus evə dönürdü. Qapılarını döyən bütün elçilərə yox cavabı verdiyindən bütün oymaq ona qəribə baxırdı. Hətta orda-burda xısın-xısın söhbət gəzirdi ki, Günəş havalanıb. Hər gün meşə içi harasa gedib, geri qayıdanda özbaşına gəlmədi, gəlmədi, yenə gəlmədi dediyini eşidənlər təəccüblərini yozacaq yer tapmırdılar. Ona tənə ilə baxanlar da az deyildi. Günəş isə qəlbində min cür yozmalar edir, sevgilisinin onu atdığına qınayır, sonra da özünü qınayır. Bəlkə məni mən onu sevdiyimdən çox sevir. Yazığı dərədə sel aparıb. Belə hallarda yenə də özünü məzəmmət edirdi. Dilim, ağzım qurusun! Təki heç nə olmamış olsun. Lap öz xalası qızı ilə xoşbəxt yaşasın. Və yenə də dərhal, yox-yox! Bəlkə yaralıdı, sel onu daşlara, qayalara çırpıb. Kaş mən güllücə yastıq olaydım onun başı altında. Doğrudan ay allahım bilmirəm o məni sevir, sevmir. Qoy yaşılca yastıq olum, əgər sellər onu qayalara vurub yaralayıbsa… Bəlkə O, sürünü sel apardığından qeyb olub. Bəlkə sevir… bəlkə…
Həmin gündən Günəşin oymağında hamı, hər yerdə onu axtarsa da heç yerdə tapa bilmədilər. Bütün obada söz düşdü ki, Günəş qayadan yıxııb ölüb. Amma heç kəs bilmirdi ki, hər yaz meşənin içindəki o talada tacı günəşi, ləçəkləri günəşin şölələrini xatırladan çiçəklər, camaatın çobanyastığı dediyi Günəşdir. Gənc qızların sınamalarında yaşayan Günəş-Çobanyastığı sonu sevir ləçəyində sevinib, xoşbəxtcəsinə gülümsəyir.
Ruhunu oda at, qəlbini közlə, Süd kimi üzə qoy, zamanı üzlə. Ayıq ol, ovunu bərədə gözlə, Oxunu ağılla tuşla hədəfə, Bir dəfə verilir, ömür bir dəfə.
Əgər dalmadınsa bu düşüncəyə, Nəyə arxayınsan, axı sən nəyə?! Onu sərf eləmə yersiz qüssəyə, Artıq əyləncəyə, nəşəyə, kefə, Bir dəfə verilir, ömür bir dəfə.
Yollar qədəminə yandı, yansıdı Bilmədin əyrisi, düzü hansıdı?! Bir də ayıldın ki, köç havasıdı Durnalar göylərdə düzülüb səfə, Bir dəfə verilir, ömür bir dəfə.
Dünyadan arzunu, kamını al sən, Ağzının dadını, tamını al sən, Zövqün bütövünü, tamını al sən, Uyma hər çalınan zurnaya, dəfə Bir dəfə verilir, ömür bir dəfə.
Deşdi ürəyimi çəkdiyin bu ah, Bizi dərd sarıdan yarıdıb Allah. Ən böyük sərvətin ömürdü vallah Onu girov qoyma qazanca, nəfə, Bir dəfə verilir, ömür bir dəfə.
Sən də qonağısan beş gün dünyanın, Bu həris dünyanın, düşgün dünyanın. Min bir oyununa düşdün dünyanın Axır məruz qaldın yanlışa, səhvə Bir dəfə verilir, ömür bir dəfə.
Niyə öz işini bilmədin mağıl, Başından haraya uçmuşdu ağıl?! Bir də bu dünyaya gəlməyin nağıl, Daha yer qalmadı qorxuya, xofa Bir dəfə verilir, ömür bir dəfə.
OLJAS SÜLEYMENOV- Məşhur qazax şairi, Qazaxıstanın Xalq yazıçısı, türk dünyasının böyük oğlu, geoloq, türkoloq, etimoloq, mifoloq, linqvist-alim, ictimai xadim.
Tarixə tanıq-Oljas Süleymenov (esse-hekayə)
(Bu rubrikanı sözü qutsal sayan şairlərə ithaf edirəm.Essenin təhkiyəsini orijinal şəkildə, yazıçının daxili monoloqu kimi verirəm)
Geoloqam… Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir.Eşitmişəm ki, V.Hüqonun həyatını “le destin” -“tale” sözü tamam dəyişibmiş.Bir söz də mənim həyatımı dəyişəcək: “Şumer”-necə də doğmadır bu söz.Bunu yaşlı bir kişidən eşidəndə elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlmə-deşik etdi beynimdəki əndişələri, qovdu bütün şübhələrimi.Yerinə gerçəklik gəldi.Şumer, türk həqiqəti.Şumer: bu, mədəniyyətdir.Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi” lik-“köçəri” lik edə bilərəmmi? -Bilərəm… -Bəs harada eşitmişdim bu sözü? Deyəsən, xatırladım: -“Koşşi” sözünü diplomqabağı praktika zamanı Şimal-şərqi Prikaspidə sinəsində “şərəf nişanı” ordenini gəzdirən bir qocadan duymuşdum.
Oljas Süleymenovam… Ömərxan kişinin oğluyam.Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o, məni 4 gün görüb.Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atamı.Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, məsafəcə uzağı sonralar daha yaxşı görəcəkdim. Uzaqgörən olmaq üçün arabir qanrılıb keçmişə baxmaqda fayda var.Axı keçmiş əsla keçməmiş ulusum üçün, keçmişi olmayanlar utansın, hə, bir də adlmızı “vəhşi” qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma sovet akademikləri.Onlara kimliyimizi sübut edəcəm.Əvvəl “Az” deyəcəm, sonra “Ya”, daha sonra hər ikisini birgə: “Az i Ya”
Türkəm… 40 professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm.Ehhhh, daha nələr deyəcəm, nələr! 60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə- “bu, kifayət etməz”- deyən qərəzli alimə tutarlı cavabım da olacaq. Nə kimi? -Belə desəm necə olar? -“Dadını bilmək üçün heç də Sakit okeanının suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bir damla şor su da kifayətdir” Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündəki cizgilərin avazımalı olduğuna nişanədir. Ehhh, hələ neçə “malı”, “məli” ni qarşımdakı akademiklərin üzünə hörəcəm.
Linqvistəm… Geoloq kimi yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu.Tariximizin sözlərimizdə gizləndiyinə əminəm.Saxlancımız sözlərimizdir.Sözün dəyişməyi insanın dəyişməsinin xəbərçisidir, həm də xalqların. Şumerdə-ada, türkdə-ata; Şumerdə-tir-həyat, türkdə-tiri, diri, turu yaşamaq. Şumerdə-Dinqir-tanrı, bizdə tenqri, tanrı, teqri.
Tələbəyəm… İkinci ali təhsil alıram.Moskvada Ədəbiyyat İnstitutunda 1-ci kursda oxuyanda verilən kurs işi “İqor polku dastanında Şərq elementləri” idi.Həmin dastanın müəllifinin slavyan ya türk olması mənim üçün önəmsizdir.Əsas odur ki, müəllif ikidilli olub.Türkizmləri tapıb çıxarmaq gərək.Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus-şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam. -Bu nədir? Nəyin əndişəsidir? -Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb? -Narahat olanlar var! “Az i Ya” nın ilk oxucusu Konstantin Simonovun məktubunu aldım.Yazısında mənə qarşı “necə bir savaşın başladığını indidən təxmin edirəm”- deyir.Haqlı çıxır Konstantin Mixayloviç…
Təqvimin 1975-ci iliyəm… Mənim üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı.Kipriyimlə od götürdüm sanki.Yaxşı ki, kitabım çıxanda “qalmaqalçı” adı ilə məni damğalamaqları bəs elədi.Sağ olsun, Dinməhəmmədi-Kunayevi nəzərdə tuturam.M.Suslovun ağzına atsaydılar “hooop edib” udmuşdu məni.Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, ancaq məni yeməyə hazır idi. “Antisovet”, “Pantürkist” adı ilə bəribaşdan damğasını qoymuşdu.Kunayevin Brejnevlə dostluğu işə yaradı.Dimaş məni qorudu, kitabı verdi Leonid İliçə, o da oxudu.Bəlkə də oxutdurdu neçə yan-yörəsinə.Kitab oxumaq həvəsi harada idi Leonyanın, amma xokkey olsaydı yaxşıca izləyərdi. Baş katib dedi:
“Burada antisovet heç nə yoxdu”.Əla cavab idi, həm də yerində deyilmiş.Kunayev biraz da ürəkləndi: -“Yoldaş Brejnev, olar bu “qalmaqalçı” nı Mərkəzi Komitənin tərkibinə seçək?” -“Layiqdirsə, seç!”
“Az i Ya” kitabıyam… Bütün İttifaqda səs-küylə qarşılanıram..”Az i Ya” -qədim Slavyan əlifbasının ilk hərfi və rus əlifbasının son hərfi. “Mən və Mən”-şərti olaraq “Sən və Mən” Okeanın o tayında da maraqlanlrlar.Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə macal tapanlar nə çoxdur! ABŞ-də sonralar eşitdim bu haqda.Hə, birdə qulağım çaldı ki, Respublikamızda kitabım qara bazarda rekord qiymətə satılır.Öz avtomobilini – “Jiquli” sini kitabıma dəyişənlər var.Azərbaycanda da sevilərək oxunur, dostum Məmmədə (şair Məmməd İsmayıla) 10 nüsxə pay vermişəm.Yaxşı ülfətimiz var onunla.Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı “bala-bala” vurmuşuq.Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla, Seyranla, Sabirlə də dostuq.
Azərbaycanın böyük dostuyam… “20 Yanvar” dəhşətini mənə gecənin ənginliyində, saat 03:00-da Bəxtiyar verdi.Səsi titrək, kədərli idi.39 dərəcə qızdırmada yanırdım, amma bu xəbər daha da yandırdı məni.Hər şeyə rəğmən gecə ilə uçdum Bakıya.Bakı mənim iki doğma şəhərimdın biridir.Bakıda mənə Azərbaycanın böyük dostu deyirlər.2021-ci il avqustun 12-də cənab İlham Əliyev sinəmə “Şərəf” ordenini taxanda Prezidentlə bir saat söhbət elədik.Sağ olsun, mənə qarşı hər zaman diqqətli davranıb.Bir kitab hədiyyə etdi.Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı dönəmi əks etdirirdi.Avtoqraf istədim.Adətən yazıçılar avtoqraf verər, lakin mən də cənab İlham Əliyevin avtoqrafını aldım. Axı o da yazıçıdır – tarix yazan yazıçı!
Yazıçıyam… Gənclərdən narazıyam.Mütaliəni sevmirlər. “Dayanmadan, durmadan yazmaq!” şüarımı qulaqardına vurublar.Oxumağı sevməyənlər yazmağı da sevməzlər. Diplomatam, partiya rəhbəriyəm, səfir də işləmişəm. “1001 söz”, “Türklər tarixdən əvvəl” kitablarım maraqla qarşılandı.Əvvəllər balaca ofisdə işləyirdim, dalandarlar bezdirdilər məni, işləməyə qoymurdular.Bir təhər onları çıxartdım.Bir axşam evə qayıdanda, üstümə bir neçə nəfər hücum çəkdi, özümü qorudum.Əllərində küt alət vardı.Demək ki, Tanrı türkü qorumaq istəmiş, əks-halda indi sağ qalmazdım.Azərbaycan türklərinə deyəcəklərim çoxdur.Öncə onlara gözaydınlığı yaraşır, sonra şeirlərim.Qarabağdakı zəfərimizə uşaq təki sevindim.Sanki “Dədə Qorqud” və “Manas” dastanları canlandı gözümdə. Bu esseni yazarkən sanki canavar ulartısını eşidirəm…Yeri gəlmişkən, qədim Şumerdə muncuqları sapa düzürmüşlər ki, ulduzları əcdadlarımızın bədənində saxlayaq. Birazdan göy qübbəsində parlaq ulduzlar peyda olacaq.O ulduzları hər bir türk şəxsiyyətinin adına ad edəcəm.Birinə Oljas ismini verəcəm.Gecə şəmsin ölümü olsa da, səhər günəş yenidən yatağından qalxacaq, göydə yarıqövs cızacaq.Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə ulduzlarımız var.Tanrımız və Türkümüz var! Sayğıdəyər oxucu, muncuq düzülüşü odur ki, ölümüz də dirimiz kimi dəyərlidir. Bir də axı türkün ölüsü yox, yalnız dirisi olur!
( Esse-hekayədə şair Məmməd İsmayılın, yazıçı Seyran Səxavətin və yazıçı-dramaturq Firuz Mustafanın xatirələrinə, habelə şəxsi məlumatlarıma istinad etmişəm)