Platonun fikrincə, filosof substantiv və instrumental olmaqla iki növ ağıla sahibdir. Lakin “xalq”ın ağlı instrumental olduğu üçün məhduddur, Instrumental ağıl başqa insanlar üçün ümumidir, ona görə də dövlət idarəçiliyi üçün kifayət deyil. Platonun dövləti ancaq filosofların idarə edə biləcəyini düşünməsi qismən buna görə idi. O deyirdi ki, filosoflar hakimiyyətə gəlməsə və ya hakimiyyətdəkilər fəlsəfə etməsə, insanların iztirabları bitməyəcək. Platon Daidalosun heykəlləri vasitəsilə fikir və həqiqi bilik arasında fərq də izah etmişdir. Rəvayətə görə, bu heykəllər canlıdır və daim yerlərini dəyişir. Necə ki bizim də bir müddət sonra fikirlərimiz dəyişəcək. İnformasiya hərəkətdə deyil, sabitdir, elə buna görə də fikir və inanclardan daha qiymətlidir.
Mayıl Məmmədli Həsən oğlu ( Mayıl Asiman ) 1961-ci ildə May ayının 2-də Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. 1967 — 1977-ci illərdə Soyulan kənd orta məktəbində orta təhsil alıb. 1978 — 1979-cu illərdə Gəncə şəhər 9 saylı Texniki Peşə məktəbində rəngsaz peşəsinə yeyələnib. 1986 — 1991-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ” Teatr Rejissoru ” ixtisası üzrə təhsil alıb. 1980 — 1982-ci illərdə Ukrayna Respublikasının Vinnitsa vilayətində Hərbi Aviasiya bölməsində təyyarəçi-mexanik ixtisası üzrə kursant məktəbini bitirərək Lvov və Krım vilayətlərində hərbi xidmət keçib. 1986-cı ilin ilk Yanvar günündən Qubadlı rayonuna köçərək Qubadlı rayon Mədəniyyət Evi və Mədəniyyət Şöbəsində metodist, avtoklub müdiri, dram dərnəyi rəhbəri. bədii rəhbər və Qubadlı rayon Mədəniyyət Evinin direktoru kimi bir neçə vəzifədə çalışmışdır. Qubadlı rayonu” Bərgüşad ” ansamblının üzvü kimi televiziyada, konsertlərdə və el şənliklərində çıxışlar edib. Kiçik yaşlarından şeirləri və publisist yazılarıyla dövrü mətbuatda dərc edilmiş, sonralar bir neçə kitablarda oçerk və xatirələri, publisist yazıları yer almışdır. 1993-cü ilin sentyabrından hal-hazıra kimi Bakı Beynəlxalq Dəniz Limanının yataqxanasında məcburi köçgün həyatı yaşamaqdadır. 2014-cü ildə ” Adiloğlu ” nəşriyyatında ” Eşqim məcnun söyüddü ” adlı ilk şeirlər kitabı çap olunmşdur. ” Ali Ziya ” və “Xəzan ” jurnallarında, Tehranda nəşr olunan ” Xudafərin ” jurnalında, Türkiyədə nəşr olunan —- 2 cildlik Avrasiya Şairləri Antologiyasında, Azərbaycan Türkiyə Ədəbiyyat Şöləni — ” ATƏŞ 2016 ” almanaxında, ” Turana açılan kõnūllər ” antologiyasında, Türk Dünyası Şairləri seriyasından olan ” BUTA -1 ” , ” BUTA–2 ” , ” BUTA–3 ” və “Nəsimi” ədəbi almanaxlarında şeirləri yer alıb. Azərbaycan Ziyalı Ocağı İctimai Birliyinin və S. Rəhimov adına Qubadlı rayon Ədəbi Birliyinin üzvüdür. Ailəlidir 1 qızı , 1 oğlu və 4 nəvəsi var. Qərbi Azərbaycanın Dərələyəz və Vedi mahalından olan atası və anası 1948-ci ildə Azərbaycana deportasiya olunaraq Tərtər rayonunda yeni salınmış İrəvanlı kəndində məskunlaşmışlar.
Qulu Ağsəsin sevgisi onun sözünün boyuna biçilib. Hər şey yerindədi. Əti, qanı, canı üstündədi. Bircə sözü də adamı aldatmır . Dialoqa girirsən şairlə .Sözü şairlə oxucu arasında körpüdü. Bəzən dalaşırsan, bəzən barışırsan, bəzən küsürsən. Amma sonra təzədən dönüb yapışırsan sözün ətəyindən. Axı bilirsən ki, bu sözdən sənə ziyan gəlməz, işığa çıxarar səni. Bir də ki, şair onsuz da sevgiyə Tanrı kimi baxır. Özü isə şeirinin arxasında gizlədir özünü. Amma bununla belə oxucu harda olsa axtarıb tapır şairi. Sözündən. Pıçıltısında bir haray var.Şeirlərinin səsi adamın başına düşmür , ürəyinə düşür. Duyğularına alqış donu geyindirmir, bəzək vurmur, rəngləmir. Necə varsa, necə düşünürsə , elə yazır. İncitməkdən , ağlatmaqdan, küsdürməkdən də qorxmur. Gecədə ulduzu sayır, gündüzdə günəşə qucaq açır. Sazaqda üşüyür, istidə yanır. Amma hər yerdə özüdü. Öz məninə sadiqdi şair. Təkrarı da sevmir. Elə uzunçuluğu da. Gedənin dalınca da ağlamır. Boş da vermir. ( Özü demiş) Bütün əzablarını, iztirablarını, həsrətini də yükləyir ayrılığın boynuna ki, bir də geri dönməsin. Demək vüsalla ayrılığın növbələşməsində də özüylədi şair. Təkliyinə sığınır bütün məqamlarda.
..İstidi, Ürəyim səni istədi, Səni-Soyuq bir şeyi yəni.
Görürsən ki, şairin od kimi ürəyi qarşıdakının buz soyuqluğuna sevə-sevə dözür hələ. Çünki hələ ayrılığa hazır deyil şair. Çünki hələ sevir. Yenə boyasız, pafossuz, “Ölürəm”, “yanıram” demədən. Göstərir sadəcə. Sözünə sığınıb göstərir həm də. Şairə görə “sevgidə üçüncü yox , ikinci adam artıq”- dı. Bir də sevgi heç də ikinəfərlik deyil. İki ürək bir olursa , demək bütövləşir sevgi də. Çox doğru yanaşma.
Tağda bir xanım şamama gördüm. Sinəsində siqaret söndürməyə çatıbmış kiminsə kişiliyi
–deyən şairin tər-təmiz sevdaların kimlərinsə əlində oyuncağa çevrilməsindən nigarançılığı və narahatlığı sezilir. Fərqli ifadələr seçə-seçə, dolayısı ilə çatdırır fikirlərini yiyəsinə. Oxucunun gözünün qabağına solmuş , ətri küçələrə tökülən, siqaret tüstüsünə bürünən bir çiçək gəlir. Geri çəkilir oxucu bir addım. İnamından bir pillə aşağı düşür və güclənir. Sözün qüdrəti də budu.
Lənət şeytana, Ya gərək iyirmi il qabağa gedəsən, Ya gərək iyirmi il geri. Hanı? Hardan alım qırx yaşın sevgi şeirin? …Başımın üstündə az ağla, Ev dolub, batıram. Mən çürük dişimi çəkdirmirəm.. Səni hara atıram?!
Şairlə söz arasında zaman məsafəsi var. Amma qırx yaşında da eyni sevgidədi, üstündə dayandığı zamanda da. Sadəcə bir az yorğundu şair. Vəssalam. Amma öz çəkisindədi.Elə sevgisi də. Bircə göstərişi bacarmır. Sadiqliyi elə sevgisinin isbatıdı. Özündə olanı bilir. Bilir ki, qırx il əvvəl də belə olub, indi də belədi, qırx il sonra da belə olacaq. Bir sözlə etibarsız deyil. Şairçün forma yox, məzmun əsasdı:
İstəyirəm əcəl gələndə Qarşımda heçnə dayanmasın. Məni elə çağırsın ki, Sevgilim yuxudan oyanmasın.
Şair burda da sevginin ali mərtəbəsindədi. Ölümə meydan oxuyan ruhu bircə sevdasından nigarandı. Yəni özündən çox , qarşı tərəfi düşünmək amalı var bu sətirlərdə.. Şair boyat, çiy ifadələrdən çox uzaqdı. Təkrarçılıqdan da. Ümumiyyətlə Qulu Ağsəs hər şeirdə fərqli yanaşmaları ilə seçilən yazardı. Dünyaya baxış bucağı da, sevgiyə yanaşma tərzi də fərqlidi. Bir az da mükəmməliyə can atan şair olduğu üçün yüz ölçüb bir biçəndi həm də.Sözdə olduğu kimi sevginin də yeni formulunu çıxarmağa çalışır şair. Düşündürməyi, təkrar-təkrar yeni qənaətlərə gətirməyi bacarır eyni zamanda:
İşdi, qəzadı , səndən əvvəl ölsəm, Məni son mənzilə aparırlar görsən , vəsiyyətimə əməl elə: Arxamca su at, Uğur dilə. Saçını yolma, Köksünü ötürmə, Allahın yanına gedirəm, Ürəyinə ayrı şey gətirmə.
Nigarançılıq, eyni zamanda qəribə bir arxayınçılıq var bu sətirlərdə. Şairçün ölüm son deyil. Bir həyatın başqa həyatla yerdəyişməsidi sadəcə. Birinin sonu o birinin başlanğıcıdı demək. Bu sözlər adi təsəlli deyil, inamdı. Eyni zamanda o ilahi Eşqi Tanrıyacan aparıb çıxarmaqdı. Paklandırmaq və qüsullamaqdı. Bundan müqəddəs duyğu ola bilərmi? Şairin təxəyyülü də çox güclü və dəyişkəndi. O obrazdan obraza girməyi bacarır.. Hər misrasında işıq var, ümid var, Eşq var. Şair ” Onsuz da hamının gedəcəyi yer Oradı” qənaətindədi. Demək bu dünya fanidi və hər kəs özünü Ora hazırlamalıdı. Amma sevgi əbədidi, bəşəridi. İnsan cismən ayrıla bilər bir- birindən. Əsas ruh yaxınlığıdı, doğmalığıdı. Unutmağın, unudulmağın bu dünyayla heç bir əlaqəsi yoxdu. Elə o dünyayla da. Bütün ayrılıqlar ruhdan başlayır. Sevgidə bədən sadəcə qabıqdı. Şairin sufi düşüncələrində ruh hər şeydən əvvəl gəlir və əbədidi. Şair vüsalla həsrəti qoşa görür həmişə. Yəni yazıları belə deyir:
Bu sevgim də daşa dəydi, Bəxtəvər daşın başına
-deyən şair əslində bu daşı gözləyirmiş əvvəldən. Amma nə atıldığından, nə unudulduğundan şikayətçi deyil.Peşmançılığı da yoxdu. Bircə ürəyinin soyuduğuna, daşa döndüyünə görə nigarandı. Demək nigarançılığı da özündəndi. Daşa dönmək istəmir şair.
Cavab məktubumda sözlər baş-ayaq, Bir ucdan yazılır, pozulur elə. Qorxuram , öləsən , sevgi yaşaya, Qorxuram, qalasan, məhəbbət olə..
Əslində getlə qalın arasında can çəkişdirməkdi bu hissin adı. Ucuz sevdalardan qaçmaqdı. Həsrəti ondan doğma bilməkdi özünə. Elə insanlığın təntənəsi də adlandırmaq olar bu hissi. Bir də ki, şairə görə təki adam sevgidən ölsün. Qulu Ağsəs bənzətmələrdən , təşbehlərdən, metaforalardan da çox məharətlə istifadə edir. Şeirdən-şeirə keçdikcə irəliləyir həm də. Sözdən sözə artır, böyüyür, qol-budaq atır. İnandırır , aldatmır. Gözdən pərdə asmağı da sevmir. Necə varsa, elədi. “Sözü əyninə biçilib”- deyəndə məhz bunu nəzərdə tuturam. Sözü söz xatirinə deməkdən də çox uzaqdı .
Yığışıb qarama yüz söz deyərlər, Bu boyda millətə nə cavab verim? Bilsələr qanıma yerikləyərlər Səni sevdiyimi sevmədiklərim–
deyən şair mübhəm , gizlin hisslərini qoruyur əslində. Yad nəfəsdən, yad baxışdan, küləkdən, yağışdan. Hansı ağrıdan keçdiyini də bir özü bilir, bir ürəyi, bir də Tanrısı:
Bunu bir mən bilim, bir də sən ancaq, Ölüncə bu gözəl sirr bəsimizdi. Bizə nə yurd versin, nə yuva Allah, Sənə ayırdığım yer, bəsimizdi.
Ümumiyyətlə şairi oxuduqca belə qənaətə gəlirsən ki, bu şeirlər tərtəmiz duyğularla cilalanıb və ona görə də hamısı gedib İlahi Eşqə söykənir. Bu da bir zəfərdi.
Öncə söz vardı… Məhəmməd Füzuli-1-ci hissə. (Dostlar, bu gündən etibarən “Fədailərimizi tanıyaq!” rubrikası ilə yanaşı “Öncə söz vardı…” rubrikasına başlayıram.İlk olaraq, ədəbi düha, ustad Məhəmməd Füzulidən başlayaq ki, sözümüzün sanbalı olsun.Bu rubrikamda böyük alimlərimzdən iqtibas etdiklərimlə, müxtəlif yazılardan, məqalələrdən əxz etdiklərimlə yanaşı, həm də öz təhlillərim, öz mülahizələrim yer alır) Pənbeyi-daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm, kəfənim. Məşhur qəzəlin, məşhur beyti. Pənbə-pambıq, dağ-basılmış dağ, cünun dəlilik deməkdir. Bəs Füzulinin qəzəlində bu spesifik, açar sözlər daha sonra hansı kodlarla, şifrələrlə bir-birinə bağlanır? Lap Jorj Kulonun “Motsart qazamatda” əsərindəki atributlar, hadisələr kimi.İlk baxışdan gərəksiz yerə dınqıldanan piano da, yaşlı xanım da, kafedə yubanan (qazamatda Motsart ləqəbi verilən) qatil də-hər kəs bir-birindən qopuq görünür, ancaq süjetin sonunda deyirsən “aha, nə qədər təbii, elə bunlar bir-biri üçün yaradılıblarmış ki!” Maraqlıdır! Hekayəni yox, qəzəli deyirəm. Pambıq hara, dəli hara, dağ basmaq hara.Birazdan görəcəyik ki, təcrübələrdən ilmə-ilmə xalı hörüb Füzuli. Sən demə, qədim təbabətdə dəlini 3 üsulla müalicə edirmişlər: -çalğı-qan almaq və dağ basmaq.Əbu Əli İbn Sina, ərğənun adlı çalğı alətinin ixtiraçısı kimi xəstəni müalicə etməkdə metoterapiyadan istifadə edərmiş.İbn Sina müəyyən eləmişdi ki, hansı lad, hansı tembr hansı mərəzin dərmanıdır. …Dağ basıb pambıq yapışdırmaq isə dəlini müalicə etmək üçün son vasitədir.Füzuli demək istəyib ki, mən cünunluğun son həddində dayanmışam.Ona görə də məni son vasitə ilə müalicə etmək lazımdır.Yəni, eşqim hüdudsuzdur.Adi dəlilərə dəmirlə dağ basırlarsa, mənə eşq dağı basılır.Eşq dağının üstünə qoyulan pambıq mənim libasımdır.Tam əminliklə burada Allaha olan məhəbbətdən söhbət gedir.Fuad Köprülü də bu cür düşünür, amma bəzi alimlərimiz qadına real məhəbbətlə yazıldığını iddia edirdilər, hərçənd sovet dönəmində yəqin ki, başqa cür yaza bilməzdilər, sosialist realizminin diktəsinə uyğun olaraq.Onu da ərz edim ki, sovet dönəmində Füzuliyə münasibət müsbət deyildi, çünki hayana vurdular, nə tövr etdilərsə, canından irfanı, eşqi, Allah məhəbbətini çıxara bilmədilər, yoxsa sovet “başbiləlnəri” maraqlı idilər ki, ondan da bir sosial bərabərlik simvolu düzəltsinlər.Bu, həm də Füzulinin dühalığı ilə bağlıdır ki, onun ehtişamı, uca ruhu şeirlərini zərrəcə təhrif olunmağa rüsxət vermədi. Canı kim cananı üçün sevsə, cananın sevər. Canı üçün kim ki, cananın sevər, canın sevər. Füzulinin eşqi ilahi idi, eşqi bəşər müstəvisindən Tanrı müstəvisinə qaldıra bilib Məhəmməd Füzuli.Yəni, hər iki məfhuma xitab edən həm ucalıqda, həm də əlçatanlıqdadır bu misralar. “Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim Bir hübabəm ki, havadan doludur pirəhənim”. Şair deyir ki, mən göz yaşlarımın içində bir hübabəm (su üzündə qabarcıq, pappıldaq) Su üzündəki qabarcıq adi hava ilə dolu olduğu halda, mən eşqin havası ilə doluyam.Su qabarcığı, əslində, havadan ibarətdir, püf eləyən kimi yox olur.Mən də eləyəm.Yalnız eşqdən ibarətəm. Eşqi məndən alsan, yerində heç nə qalmaz. Gerçəkdən də qalmır! Sonda Əkrəm Cəfərin bir fikri hafizəmdə ilişib qalıb, gərək onu da təkrarlayım: “Füzulinin adı gələndə yaxşı olar ki, salavat çevirəsən” 01 may 2024 (Yazımda vaxtilə Əli Fəhminin, M.F.Köprülünün, Xəlil Rzanın, Əkrəm Cəfərin və digər alimlərimizin tədqiqatlarından təsirləndiyim fikirlər var)
Yarpaqları tərəfindən tərk edilmiş soyuqdan üşüyən bağdakı tənha nar ağacısan, Əlçatmaz budaqda bir barı olan od kimi qırmızı nara həsrət qalanam ta sağalana kimi…
Sevginin atəşini sala bilməyən həbibin- ağxalatlı həkimin qara üzündən oxudum analizin cavablarını, Sağalmaz sən adlı, məni yeyən xərçəngtək xəstəliyim var. Vücüduma aşiq ta ölənə kimi…
– Ölümdən sonra nə var?
– niyə tez- tez soruşursan?… Sarıldığın əsirin dilindəki son misraları dinlə:- ruhuma hopmusan əgər sonu varsa, TA SONUNA KİMİ…
***
Ömür zamana əsir, zaman hara tələsir? Məchul- məlum kəsişir, sükut səsimi kəsir. Suallarım cavabsız, suallarım baş- ayaq, Yollarım da dolaşıq, fələk, bir yerdə sayaq.
Günəş kül etsin məni, çıxsın cismin tütüsü, Büründüyüm buz kürkü soyundursun istisi. Ruhuma gəl geyindir görmədiyim bir donu Torpaqlansın köhnə don istəmərəm heç onu.
Keçmiş donla dəfn edim saxta” pis sifətləri”, Hədəfinə çatmasın o qara niyyətləri. Parlaq donum yaraşır, Günəşə yaxınlaşır, Yaradan sığal çəkir KAİNAT yaşıllaşır!
***
İkimiz də xəyalıq Mənsizlik toxumunu əkdinmi qəlbinə? Göz yaşlarınla cücərtdinmi heç? Hər nəfəs alanda ağır gəldimi sənə? Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?! Əlin çatmır qəlbinin dərinliyinə, Çıxart məni o məzardan qurtul darlıqdan. Özündən izn almadan uzaq oldunmu özünə? Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi? Onun nəfəsindən ciyərin daddımı?! Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?! Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi? Söylə görüm sol sinənə yumruğunu çırpdınmı? Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?! Mənsizlik toxumu tez cücərib göz yaşlarından Tikanlı məftil kimi sarılıb vücuduna.. Bu tikanlı məftili qırmağa çalışdınmı? Görmək üçün göz lazım deyil, bəyan etdinmi? Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə. Xəyal adam, sən hüdudsuz təxəyyülümsən, Mən adlı kitabın üz qabığısan, Qəlbimdə gizlənib sözümdə varsan. Sənin varlığında varlığım yatır, Gizli hərflərlə yazılmış bir sirsən. Sirli hərfləri anlayan tapar. Ruha divar olmaz qazılmış məzar, Mən də xəyalam, sən də xəyalsan. Xəyallar içində yoxa çıxmışıq!
Qaçıram
Qaçıram, qaçıram, Özümdən qaçıram fələyin qurduğu tələni duyanlar kimi. Qaçıram, qaçıram, kədərin hökmdar olduğu sarayın cəlladından qaçan sevinc kimi. Qaçıram, qaçıram, saat əqrəblərinin zamandan qaçdığı dairədə zamansızlığa qaçdığı kimi. Qələmin bir nöqtədən başlatdığı insan adlı sənət əsəriyəm.. Mən insanlığa qaçıram. Qaçıram, qaçıram qanadları, ayaqları olmayan külək kimi qaçıram. Özümü tapmağa, qaranlıqlar arxasındakı “sirli nur qapı”-sına qaçıram. Qaçıram, qaçıram, mən daxilimdəki mənə qaçıram!
***
Çirkin simalar güzgünü günahkar bilər, Çıxış yolunu onu qırmaqda görərlər. Güzgülərin yaddaşını sındırmaq olmur, bunu hər beyin dərk etməz. Şaxta isə dondurduğu vücudların soyuqluğundan şikayət edər. Gecəni sevən yarasalar ” Günəş oğrusuna” aşiq olarlar. Günahkarlar çalışsalar da, günahlarını özlərindən qopara bilməzlər, Günahlar oduna dönüb qalaq- qalaq yığılanda günahkarlar da o odunların sevgisinə çırtaçırtla yanarlar…
Kəpənəklər sevginin rəngarəng qanadlarıdır.
Aşiqlər sevgi acısını bala çevirən arılardır Bu arıların iynələri yalnız öz qəlblərinə sancılmaq üçündür. Kəpənəklər sevginin rəngarəng qanadlarıdır. Bu kəpənəklərin Vətəni qızılgül bağlarıdır. Ömrün ən gözəl zamanı məhəbbətə ayrılan çağlarıdır. Sevginin bitmə təhlükəsi sadiqliyin intiharıdır.
***
Mavi dalğalarda qara qismət var, Sən demə dəryadır, bəlkə, yeri dar? O dalğalarıyla söyləyər yar-yar. Qəlbini dağlayar, o hey dağlayar
Əlçatmaz səmada buludlar qara, Yerə həsrətdəndir, köksündə yara. O heç bilməzdi ki, düşəcək dara, Ağlayar, ağlayar, o hey ağlayar.
Təbiət telləri şəlalə olar, Küləklər hirsindən telləri yolar. Şəlalə küləkdən inciyib dolar, Çağlayar, çağlayar, o hey çağlayar.
Pak hisslər ürəkdə edibsə, mənzil, Çıxara biləcək, nə ay, nə də il. Xəyanət adında qapını ürək, Bağlayar, bağlayar, o hey bağlayar!
Əlvidan olsun!
Dedilər dərdimə zamandır dərman, Nə dərman köməkdir,nə də ki, zaman. Vermədi taleyim arzuma aman, Yarımçıq diləyim əlvidan olsun.
Dinlə romanımın, “cəsur” obrazı, Bitirdin romanı qalma narazı. Tənha qarşılarsan, sən gələn yazı Tək qalan çiçəyim əlvidan olsun.
Arzular qatili, yerin dardımı? Sıxır günahların, kədər sardımı? Sənlə sirdaş olan hər kəs xardımı? Xar olan ürəyim əlvidan olsun!
Ayırdın ruhumu canımdan alqış! Ömrümdə bir fəsil -şaxtalı bir qış Gözümdə bitməz ki, mövsümi yağış, Ağlayan mələyim əlvidan olsun.
Əlvida demirəm, çox olar sənə, Qəlbim bir quş olub qonub sinənə. Artıq kar etməz ki, yalvarma mənə, Yalvarma deməyim, əlvidan olsun!
Qara qış yuxusuna, ağ boya taxta çıxdı
Oxuyuram gözündən, Qəlbinin ağrıların. Gözlərimdə canlanır, Oxuduğum mənzərə.. Nə çoxdur qara boya, Çoxmu sevirsən onu?! Boyanıb qara rəngdə, Qəlbinin divarları. Qara libas geyinib, Titrəyən damarları. Qəlbinin lap küncündə, Paslı sandıq gizlənib. Üstündə qara kilid. Özünün öz qəlbindən, Gizlətdiyin sirmi var?! Axı qəlbindir, dostum, Gizlətsən də anlayar. Bir izn ver, sən Allah, Açım mən o sandığı. Niyə xəsis olmusan?! Paylaşsana mənimlə. Dilin başqa söz deyir, Qəlbin boynuna almır. Söylə, görüm bir zaman, Ağ boyanı sevdinmi?! Nələri gizləyirsən? Gözləri kədər İnsan. Qüssə sənə sarılı, Onumu izləyirsən?! Gəl izn ver gözlərinə, Məni alsın qəlbinə. Qara boya tələsik Ağ boyaya bürünsün. Ala -qaranlıqda heç, Düşündünmü nə olur? Gecəylə səhər gizli Vallah, qol-boyun olur. Gözün səndən xəbərsiz Qapını mənə açdı. Budur keçdim qəlbinə, Sandıq özü açıldı. Kilid yaman qorxaqdı, İndi bildim sandıqda Sevgi özü dustaqdı. Məni görən bu dustaq Ətrafa nur saçırdı. Qara əşyalarını, Yığışdırıb qaçırdı. Budur qəlbin divarı, Qırmızıya boyandı. Qara qış yuxusuna Ağ boya “taxta çıxdı.”
Xəyal adlı dünyada var olmaqdır yaşamaq
Unutmaq üçün çabalamaq, unutduğunu düşünüb unutmamaqdır unutmaq. Gözünə həkk olmuş simanı silməyə cəhd, gözünə cəza vermək- acı suda acımadan boğmaqdır xatırlamaq. Xoşbəxt obraza dönüb həqiqət misrasında matəm çadrasına bürünməkdir, yas tutmaq. Dilində qəzəblə ” Kimdir o? ” söyləyib qəlbində əzizləməkdir, dəlicəsinə bağlanmaq. Zamanını, ömrünü acizcəsinə fəda etməkdir, Ağlını azdırıb onun varlığına sarılmaqdır, fədakar olmaq. Bəxtinin ayaqlarına düşüb, Onu qaytarmaq üçün əsl fəryaddır, məzlumtək yalvarmaq. Nədir? Nədir axı quru nəfəs almaq? Ruhunu ondan ayrı vücud adlı məngənədə sıxmaqdır yaşamaq. Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” yaşamaqdır var olmaq!
Xəbər verdiyimiz kimi bu il ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. 28 aprel 2024-cü il tarixində Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədovun və TAİB-in sədri, akademik Sudeif İmamverdiyevin imzaladıqları tədbirlər planına əsasən növbəti tədbir Xızıda ədibin dünyaya gəldiyi ev-muzeyində düzənlənib. TAİB-in sədr müavini Eyvaz Hümbətovun başçılıq etdiyi nümayəndə heyəti ən əvvəl Xızı rayonunun mərkəzində ucalan ümummili lider Heydər Əliyevin abidəsini,sonra şəhidlər xiyabanını daha sonra isə Cəfər Cabbarlının abidə- komplekslərini ziyarət edib,tər güllər düzüblər.
Tədbir Cəfər Cabbarlının ev-muzeyində davam edib. Muzeyin direktoru Həcər Rəsulova TAİB gənclərinə və eləcə də digər qonaqlara ədibin həyat və yaradıcılığından bəhs edib,muzeyin yaranma tarixindən geniş söhbət açıb. Qonaqları maraqlandıran suallara muzey rəhbəri cavablandırdıqdan sonra TAİB gənclər təşkilatının fəalları Cəfər Cabbarlı qısa və mənalı ömrü ilə bağlı qorunub saxlanılan materiallarla tanış olub,bəşəriyyətə böyük bir düha bəxş edən kiçik bir evin otaqlarını ziyarət ediblər. Tədbir başa çatdıqdan sonra TAİB-in nümayəndələri Azərbaycan poeziyasının işıqlı simalarından biri,azman şair Mikayıl Müşfiqin də ev-muzeyini ziyarət ediblər.