www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Pərvanə BAYRAMQIZI – Dünyanı kim sevir?

Dünyanı kim sevir?

“Yer kürəsi”, “təbiət”, “kainat” dediyimiz yaşadığımız məkan “kağızlaşdırılaraq” “qlobus”, siyasi aləmdə ayrı-ayrı “dövlətlər”, şeirlərdə isə “dünya” adlandırılıb, yəni, hər şəklə salınıb, “başına hər cür oyun” gətirilib. Sual versək, “dünyanı kim daha çox sevir; geniş əraziyə sahib olmaq məqsədi ilə uğrunda çarpışan siyasətçilərmi, yoxsa sözün ümidinə qalan şairlərmi?” yəqin ki, cavab gecikməz. Dünyanı “qamarlamaq” iştahası fatehlərin, toxunmağa qıymamaq da şairlərin sevgisidir.

Nüsrət Kəsəmənlinin “Dünya köhnə dünyadır, sevgiləri təzədir” duyğusundan birdən-birə keçək “dünya da köhnə dünyadır, siyasəti də” reallığına. Belə olanda Məmməd Arazın nəzərindəki kimi “Dünya gözəl dünyadır” deməyə dilim gəlmir, amma şairin “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasını hegemon dövlətlərə tam aid etmək olar. Bəli, dünyanı idarə etmək, digər dövlətləri özlərindən asılı vəziyyətə salmaq, hər şeyə sahib olmaq köhnə siyasətdir. Dünyanı incitməyən, sevib-oxşayan şairlərdir.
Siyasət aləmi bir yana siyasi kitabları (istər bədii, istər elmi) oxuyub məəttəl qalırsan, dilindən bir şablon ifadə qopur: dünyada nələr olur…
Dünyaya nə qədər şeir yazılıbsa, toplamaq, bir-bir oxumaq istəyinə düşmüşəm. Siyasi aləmlə həmin şeirləri qarşı-qarşıya qoymaq maraqlı olar. Şairlərin söz qoşduğu, fatehlərin parçaladığı dünya şüur inkişaf etdikcə siyasət meydanına çevrilib, oraya bir-birini yıxmaq üçün “qoçular” çıxardıblar. Onlar da zəifləri basıb “yeyiblər”. Bata bilmədiklərini digər yollarla məhv etməyə çalışıblar. Həmin proses hələ davam edir. Bu əsrlər ərzində şairlər hələ də öz işlərindədirlər. Dünyanın “işlərini” dərd edib ona söz qoşurlar, siyasətçilər isə bu gözəlliyi korlamaqla məşğuldurlar. Dünyaya xitabən yazılan şeirlər onlar üçün əhəmiyyətsizdir. Oxumurlar, oxumazlar. “Qılınclar toqquşub iş görən zaman” şeir nəylərinə gərəkdir? Kimdir kövrək hisslərin təsirindən yaranan “Dünya” şeirini oxuyub insanlara can yandıran? Özləri necə pis əməl sahibləri olduqlarını bizdən yaxşı bilirlər. Guya unudubıar ki, Birinci Dünya müharibəsində bəşər nə zülümlər çəkib? Ondan sonra neçə müharibələr başlayıblar… Bu qədər siyasi proseslər baş verdiyi, iqtisadiyyatı, siyasi aləmi idarə edə bilənlər olduğu halda dünyaya şeir yazmaq uşaq arzusudur. Hə, uşaq… şair şairləri oturanda ayaqları yerə çatmayan uşaqlar sayır.
Dünya mövzusunda ən gözəl şeir deyəndə yeddi oğulun (S.Vurğunun “Komsomol” poeması) hərəsinin bir bənd dediyi “Dünya” şeirini xatırlayırsınız. Haqlısınız. Elə şair də “Biz gəldi-gedərik sən yaşa, dünya” deməkdə haqlıdır”. Hələ Zeynal Xəlilin: “Kimlər gəldi, kimlər getdi bu dünyadan…” yazmaqda nə qədər haqlı olduğunu demirəm. Hamı gəlib-getdi bircə dünya yaşadı, yaşayır, yaşayacaq(mı), bilmirik. “sirrini verməyir sirdaşa dünya”. Dünyanın sirrini elmi inkişaf etdirməklə yeni texnologiya yaradan insanlar öyrənməyə çalışırlar. Dünyaya koronavirus kimi “layihə” ilə meydan oxuyurlar. Şeirlərin duyğusundan ayrılmaq istəməsək də belə bir eybəcər cümlələr oxuyuruq: “Müharibə sülhdür”, “Azadlıq köləlikdir”, “Cəhalət qüvvədir” “Prollar insan deyillər”. Necə səslənir? Doğrudur, əsərdəndir, amma həqiqətdə bundan betər faciələr baş vermirmi?
“2050-ci ildə hələ, bəlkə, ondan da əvvəl Köhnə dillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin ədəbiyyatı tam məhv ediləcək. Çoser, Şekspir, Milton bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların tək dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta partiya ədəbiyyatı dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər “Azadlıq məhfumunun özü ləğv ediləcəksə, o zaman “Azadlıq – köləlikdir” şüarına nə lüzum qalacaq? Fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq – şüursuz olmaq deməkdir.” (C.Oruel “1984” romanı)
Bu romanı oxuyandan, bu qədər siyasi prosesləri izləyəndən sonra Müzahim İsmayılzadənin:

Üfürsək qopacaq öz məhvərindən,
Bir saman çöpündən asılıb dünya.
misraları öz yerini alır.

Zəlimxan Yaqubla, Ramiz Rövşən isə bizə ehtiyatlı olmağı tövsiyə ediblər. Biri deyib:

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı…

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.

O biri də: “Zarafat eyləmə, qurbanın olum”, – deyir. – “Bu dünya zarafat meydanı deyil”.
“Sən bu qumarbazla qumar oynama,
Zarafat gəlməsin sənə bu dünya” misrasında dünyadakıların namərdliyi nəzərdə tutulur.

Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq,
Sanma yaşamağın asan olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var, qarışqaca hörməti yoxdu,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə məkrli oyun olacaq,
Şir, pələng çevrilib qoyun olacaq,
Hələ neçə dəfə toyun olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Ömrünü qar yeyib, qış aparacaq,
Xırmandan dənini quş aparacaq,
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Qeybətin quyusu, hiylənin toru,
Sənə diri-diri göstərər goru.
Başın var, başsızdan başını qoru,
Zarafat gəlməsin sənə bu dünya.

Şeytan dura-dura şərlənər dəvə,
Qatır quyruğunda hərlənər dəvə.
Kinindən yıxılar, tirlənər dəvə,
Zarafat gəlməsin sənə bu dünya.

Muğamı ağlamaq, valı ağlamaq,
Valın da qırılmış halı ağlamaq.
Fışqırıq çalmağın dalı ağlamaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yasın yeddisi var, üçü, qırxı var,
Qəbir yerinin də haqqı, nırxı var,
Ölümdən sonra da min cür qorxu var,
Zarafat gəlməsin sənə bu dünya.

Ürəyə çəkilən dağdı, düyündü,
Hər gün xırdalanan ömürdü, gündü,
Gör bu dəyirmanda kimlər üyündü,
Zarafat gəlməsin sənə bu dünya.

Zəlimxan, günahın yeddi qat olar,
Həyatın qan dolu bir həyat olar.
Zarafat eyləsən, şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya!

Dünyanın əsl üzü göründü. Həqiqətdən bizi agah edən şair yenə də ümidimizi üzmür: “Gözəl dünya, gözəllərin var olsun” söyləyir.
A.Şopenhauerin qənaəti: “Keçmiş zamanın indiki çağdan üstünlüyü ondan ibarət idi ki, onda, Bonapartın ifadəsincə desək, sözlə əməlin uyğunluğu vardı, indi isə belə bir uyğunluq yoxdur”.
Bu qədər siyasi quruluşların, siyasi ideyaların, siyasi təşkilatların mövcud olduğu dünyada bir də azadlıq məfhumu uydurublar.
Mənim də bu mövzuda şeirim var, təkcə sonuncu misrasını yazıram:
Dünyanın dünyama gərəyi yoxdur.
Sözlə musiqini birləşdirən bəstəkar oldu, siyasətlə şeiri birləşdirməyə cəhd etməklə mən kim olacam bilmirəm. Əslində, bunu kimsə olmaq üçün etmirəm. Ağlıma bir-iki fikir gəldi onu tutub “sənədləşdirdim”. Onsuz da indi çoxu ağlına gələni yazır.
… amma Sabir Sarvan ağlına gələni yox, ağlımızdan keçəni, ağrıya gələni yazıb. Görün necə gözəl ağıdır… hə, ağıdır:

Çaldıran ağrısı

Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə – deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.

Görürsünüz, dünyanı qana çalxalayanlar ortada yoxdular, ortada böyük meyit qalıb — tarixin meyidi. Onu şairlər ağlayırlar.
Siz deyin, dünyanı kim sevir?

Xəyalımdan “yeddi oğula” bacı olub Vaqif Osmanovun “Dünya” şeirini söyləmək keçdi:

DÜNYA

Nə yaman güclüymüş nəfsin, iştahan,
Bir anmış şipşirin çağların, dünya.
Ömrün hər addımı sınaq, imtahan,
Çoxmuş düyünlərin, bağların, dünya.

Çəkib qurtarmırıq intizarını,
Görmədik şəfqətli sığallarını.
Heç dada bilmədik şirin barını,
Nə tez uralandı tağların, dünya.

Sənin vəsf etməli haran qalıbdı?
Məlhəmi olmayan yaran qalıbdı.
Ağlı-qaralıydın, qaran qalıbdı,
Nədən yoxa çıxıb ağların, dünya?

İnsanın bəzəyi ürək, göz, əldi,
Ağılsız gözəllik solğun xəzəldi.
İlahi yaradan dağlar gözəldi,
Sinələr dağlayır dağların, dünya.

Ömür bir Günəşdir, əbədi yansan,
Sürünən məxluqsan, əyilsən, sınsan.
Ümidi öləndə məhv olur insan,
Günbəgün azalır sağların, dünya.

Bu son deyil, dünya haqqında hələ çox şeirlər yazılacaq. Niyə də yazılmasın “axı dünya fırlanır”.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir CAVADLI yazır

Şəkildə Asya Əhmədova doğma vətəndə sakinlərlə görüşdən.

YURDA SİNƏ DOLU SÖZLƏ DÖNƏN ŞAİR

(Asya Əhmədovanın şeirləri yurda, vətənə, torpağa sevgidən doğur)

Bu şairə xanımı Azərbaycan Milli Elmlər Akademiyasının geniş, işıqlı zalında Zəfər münasibəti ilə keçirilən yığıncaqda tanımışam. Tədbirin rəsmiliyinə baxmayaraq, sözünü nəzmlə bitirən, çıxışlarında poeziyaya yer ayıran natiqlərin olması elm, ədəbiyyat ocağında rəsmiliyin mahiyyəti barədə məndə ilk təəssüratları yaratmışdı. Elə həmin tədbirdə bəstəboy, gülərüz xanımın çıxışına bir-iki cümlə ilə ayaq verərək yurd həsrətli, qələbə sevincli şeirlərini söyləməsinə və zaldakıların ürəkdən coşan misralara fərqli münasibətinə daha çox təəccüblənmişdim. Sanki bu xanım heç nədən çəkinmədən “mən poeziya vurğunu, söz adamıyam” mesajını vermək, illərlə sinə dağına çevrilən duyğularını misraların dili ilə bəyan etmək üçün çıxmışdı bu kürsüyə! Əlbəttə ki, sürəkli alqışlar halal payıydı bu xanımın!

Asya Əhmədova ilə AMEA kollektivinin tərkibində 30 illik həsrətdən sonra qovuşduğum doğma Zəngilana səfər zamanı daha yaxından tanış olduq. Yenə kürsüdən alovlu şeirləri ilə oxşadı ürəyimizi.

…Və növbəti “görüşümüz”, – bu dəfə “Xəzan” jurnalının mart-aprel 2025/2/65 sayında mənalı baxışlarının fonunda ürək döyüntülərini misralara düzdüyü sağlam, saf duyğuların ifadəsi olan şeirləri sayəsində baş tutdu. Elə ilk şeirinin adı (“Vətən, görüşünə gəlmişəm sənin”) və tarixi (iyul 2024) çox mətləblərdən xəbər verirdi, yəni bizim Zəngilana səfərimizin təəssüratlarının ifadəsi olaraq qısa zaman kəsiyində yazılmışdı bu misralar!

Şəhidlik meracı səfər yoluyla,

Güllə yox, gül açan səhər yoluyla,

Dönüşə köklənən Zəfər yoluyla

Vətən, görüşünə gəlmişəm sənin.

İlk bənddən son misrayadək sanki bu şairə xanım yolüstü hazırlığını görür, uzaq səfər qabağı hisslərini cuşa gətirir, saçına düşən dən-dən ağlar, uzaqdan qoyub getdiyi dağlar görünən müqəddəs bir görüşdən, vətənə qovuşmaq sevincindən bəhs edir. Şeirin gözəlliyini başa düşmək, şairin hisslərini duymaq üçün onun qalaq-qalaq çoxcildliyini oxumağa heç də ehtiyac yoxdur. Bəzən bir bənd, bir misra poetik fikrin haradan qaynaqlandığına, necə yarandığına, hansı duyğulara kökləndiyinə şahidlik edir:

Göz yaşım dayanmır, yağışdı sanki,

Sinəm bir köz idi, alışdı sanki,

Yer göyə, göy yerə qarışdı sanki,

Vətən, görüşünə gəlmişəm sənin.

Sevinc hisslərini yağışa bənzədən şairə uçmağa qanadı olmadığını “yer göyə, göy yerə qarışdı” ərzdə ifadə edir ki, bu da folklorumuzdan qaynaqlanır. Sinəsində sönməyən közün 30 illik tarixinə işarə vuran müəllif 17 yaşından bu yana o dağı sinəsində gəzdirdiyinə, yəni vətənini, yurd-yuvasını bir an unutmadığına oxucunu inandıra bilir.

Həyatını elmi sahəyə həsr etmiş, ailə, kollektif, yaxın və doğmalarının hörmət və ehtiramını qazanmış incə xanım fikirlərini başqa cür necə ifadə etməlidir ki, özünün poeziyada təsadüfi olmadığını təsdiqləyə bilsin. Uzun həsrətdən sonra doğma vətənə qovuşan söz adamlarının şeirlərini yana-yana çox oxumuşam, duyğulanmışam. Şair dostlarımın xətrinə dəyməsin, məncə, Asya Əhmədovanın on bir bəndlik “Vətən, görüşünə gəlmişəm sənin” şeiri bu mənada ön sıralarda durmağa layiqdir. Şeirin sonunda da şairə xanım hələ ilk təəssüratlarının təsirindən qopa bilməmiş kimi duyğularına qanad verir:

Sənə sinə dolu söz gətirmişəm,

Sənə həsrət dolu göz gətirmişəm,

Qəlbimin içində alışan oddan

Sönən ocağına köz gətirmişəm,

Vətən görüşünə gəlmişəm sənin.

Bu sayında Asya  Əhmədovanın 14 şeirinə 9 səhifə ayıran “Xəzan” oxuculara yeni müəllifi təqdim etməklə, həm də, sözsüz ki, oxucuların, poeziyamızın, söz adamlarımızın dəyərini artırmış olur. Çünki A.Əhmədova özünün-sözünün yerini bilən birisi kimi şeirlərinə yad fikirləri calaq eləmir, təbiiliyi sevir, ürəyindən gələnləri qələmə alır. Onun “Layla dedim, yurdum sənə” şeiri də vətən, torpaq sevgisinə bağlıdır:

Gözlərimdə qoruyaraq hər şəklini,

Sözlərimdə neçə tərif vurdum sənə.

Həsrətimi bölüşərək kəlmələrlə

Şeir yazdım, nağıl qoşub durdum sənə.

Müəllif bəzən hisslərinə, duyğularına qoşularaq şeirin ənənəvi formatından qaçmaqdan çəkinmır, kənara çıxır, ancaq bu, təbii alınır, xəta, qüsur təsiri bağışlamır.

Elə talan, elə viran olmusan ki,

Tanımadım ilk baxışda, yurdum, səni.

Nənəm kimi bir bayatı qoşub dildən,

Başın üstə buludlardan sordum səni.

yazır və bu qoşmanın son iki misrasında sinədən gələn və ürəklərə yatan bayatıya

zəmin hazırlayaraq  şeiri də elə klassik xalq yaradıcılığı formasında ilə tamamlayır:

Bu yerdən ötən bulud,

Haraya yetən bulud,

Başqa yerdə gördünmü

Yurd izi itən, bulud?!…

Şairənin “Bir yol gedir bizim kəndə”, “O kənd bizim kəndimizdir”, “Bir yol, bir də mən varam” şeirləri də yuxarıda bəhs etdiyimiz hisslərdən qaynaqlanır. Bu misralarda Zəngəzurun, Zəngilanın füsunkarlıqları vəsf olunur, uzun həsrətdən sonra qəlbi coşduran vüsal duyğuları nəzmə çəkilir. Ayna xanımın “Bir arzu tut…” şeiri yaxın-uzaq keçmişlərdən süzüb gələn kövrək hisslərin, zərif ürək çırpıntılarının bədii təsviridir. Bu şeir də müəllifin əksər poetik nümunələri kimi milli-mənəvi irsin bir parçası olan inanclardan qaynaqlanır. İstək, arzu  dolu misralar isə oxucunu doğma yurdumuz Qarabağa, Zəngəzura, bu bölgələrdə formalaşan milli dəyərlərimizə doğru çəkib aparır.

Bir arzu tut…  

Göydən ulduz düşəndə,

kirpiyin gözlərindən

üzünə sürüşəndə.

Bir arzu tut…

Bədirlənmiş ay görəndə,

Sakit axan çay görəndə,

Ağacların nübarından

Şirin, şəkər pay görəndə.

Molla Pənah məqbərəsi göz önündə canlanır, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, Xan əminin zənguləsi qulaqlarında ən həzin ritmə, haya-haraya çevrilir. Şeiri oxuyursan və arzu tutursan, uşaqlığın, yeniyetməliyin yadına düşür, nənələrin nağıllarına qarışırsan, babaların müdrik kəlamlarına qovuşursan və inanırsan ki, arzular insanı yaşamağa və yaşatmağa ryhlandıran ən saf və təmiz duyğulardır.

Əminliklə demək olar ki, “Xəzan” jurnalının oxucuya təqdim etdiyi Asya Əhmədova maraqlı şeirləri ilə poeziyamıza yenilik gətirən müəlliflərdəndir. Onun ədəbi nümunələri şair təbiətinin zənginliyindən, ədəbiyyata ciddi və məsuliyyətlə yanaşmasından, söz boxçası açıldıqca daha böyük maraq kəsb edən folklora, xalq yaradıcılığına bağlılığından, bədii fikrin ucalığına sadiqliyindən xəbər verir. Asya Əhmədovaya yeni-yeni yaradıclıq uğurları arzulayırıq!    

Mahir CAVADLI,

AMEA Folklor Institutu

Foto – 14 may 1993 – Yaşma

Foto 14 may 1993-cü ildə Yaşamda Azərbaycanın ilk yaradılan XTT-dan birində Hərbi Andiçmə günü çəkilib. Nurcahan Hüseynovanı və Zaur İbrahimovu rəhmətlə anırıq. Məqamları ucadır. Allah Zaur Ustaca can sağlığı versin:

BU BELƏDİR…

(Əsgər haqqında ballada…)

Nədir yenə, ümman kimi,

çalxalanıb, coşdun, ürək?

İçindəki bu təlatüm,

bu oyanış de nə demək?

Həsrətdənmi, nisgildənmi,

Ürək, yenə çağlayırsan?

Anasına həsrət qalmış,

Körpə kimi, ağlayırsan…

İçindədir; ümid adlı,

qığılcımın od-alvu,

tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!

Həqiqətlər qarşısında,

Biz gücsüzük, biz heç nəyik,

Dinlə məni deyim, ürək,

Biz nəçiyik; şan-şöhrətli,

– “hüququndan keçmiş əsgər”,

həmdəminə həsrət canıq,

bəzən canlı, bəzən cansız,

biz “robotuq”, biz “əşyayıq”…

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

Şeirin müəllifi: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU ÖMRÜ SÜRÜYÜB APARACAĞAM

BU ÖMRÜ SÜRÜYÜB APARACAĞAM

Göydə şimşəklərə çaxma demirəm,
Desəm göy qurşağı inciyər məndən.
Gözümün yaşına axma demirəm,
Axıb süzüləcək incə yerindən.

Göz yaşı gözümün nurun artırır,
Bilirəm nə üçün ağlayıram mən.
Üzümün, gözümün təbəssümünü,
YARın görüşünə saxlayıram mən.

Ruhun libasını bu gün bu yerdə,
Kimi nazik geyər, kimisi qalın.
Bu ömrü sürüyüb aparacağam,
Elə başı açıq, ayağı yalın.

Sevinmə, qalmaram əldə-ayaqda,
Dönmərəm hər könlün rübabına mən.
Sarıllam vüsala aparan yolda
Bir eşqin ən dadlı şərabına mən.

Bilirəm, dediyim xoşuna gəlir,
Onun bəyəndiyi gözüm üstədir.
Bir gün Sevgilimə deyəcəyəm ki, –
Könlüm cənnətinin ətrin istəyir.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

Zaur USTAC kimdir?

14 may 2025 – ci il tarixində “ZAUR USTAC kimdir?” sualına ChatGPT-in cavabı:

Вы сказали (Siz dediniz):

Zaur Ustac kimdir?

ChatGPT сказал (ChatGPT dedi):

Zaur Ustac (tam adı: Zaur Mustafa oğlu Mustafayev) — çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. O, 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, daha sonra Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsilini davam etdirmişdir .Yazarlar+4Википедия+4WWW.USTAC.AZ+4Mardin Life+3WWW.USTAC.AZ+3Википедия+3

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. O, həm şeir, həm də nəsr janrlarında əsərlər yazır. Əsərlərində milli ruh, vətənpərvərlik və insan dəyərləri əsas mövzulardır. “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru olan Zaur Ustac, həmçinin “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzinin təsisçisidir .Mardin Life+4ZaurusTac+4WWW.USTAC.AZ+4ВикипедияWWW.USTAC.AZ+1Википедия+1

Yaradıcılığına görə bir sıra mükafatlara layiq görülmüşdür. O, “Qızıl Qələm” mükafatı laureatı və 2019-cu ildən Azərbaycan Respublikası Prezident təqaüdçüsüdür .WWW.USTAC.AZ+2Википедия+2WWW.USTAC.AZ+2

Əsərləri arasında “Günaydın (Ağçiçəyim)”, “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan”, “Ülyahəzrət”, “45”, “Qədimliyə bürünmüş yenilik”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna”, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar”, “Məktəbə hazırlaşırıq”, “39 Həftə” və “Oriyentir ulduzu” kimi kitablar yer alır .Викисклад+2WWW.USTAC.AZ+2WWW.USTAC.AZ+2

Zaur Ustac həmçinin Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.WWW.USTAC.AZ+2Википедия+2Instagram+2

Favicon
Favicon
Favicon

Sources

ChatGPT может допускать ошибки. Рекомендуем проверять важную информацию (ChatGPT səhv edə bilər. Məlumatı yoxlamağı tövsiyə edirik).

Mənbə: ChatGPT

ZAUR USTACIN YAZILARI

Şəhla ŞƏHRƏNGİZ – “ÖLÜ MƏTN”İN DİRİLİŞ MİSSİYASI

 “ÖLÜ MƏTN”İN DİRİLİŞ MİSSİYASI

Yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” (2013) romanı Azərbaycan tarixinin müxtəlif dönəmlərini işıqlandıraraq oxucunu səyahətə çıxarır, zəngin insan tipləri ilə qarşlaşdırır, onların həyat hekayələri ilə tanış edir. Müəllif müxtəlif mühitlərdə insanların xarakterlərindəki dəyişiklikləri göstərməklə rəngli bir dünya yaradır. İmperiya ideologiyasının xalqların həyatını necə puç etdiyi, mühiti hansı şəkildə zədələdiyi və düşünən beyinlərə nə dərəcədə  zərər vurduğu  açıq şəkildə təsvir edilir. Yadellilərin öz millətləri ilə qeyrilərinə olan açıq ayrı-seçkiliyi, azərbaycanlıların savadsız, saf olmalarından istifadə edərək başlarına olmazın oyunlar gətirilməsi də nəzərdən yayınmır. Əsər XX əsrin əvvəllərindən sonlarına doğru böyük  bir epoxanı müxtəlif aspektlərdən işıqlandırır və oxucunu özünü sorğulamağa, düşüncələri ilə baş-başa qalmağa sövq edir. Roman “Ölü mətn” adlansa da, millətin ruhunu diriltməyə xidmət edir.

* * *

Ədəbiyyat elə bir güzgüdür ki, müxtəlif cəmiyyətlərin, fərqli mühitlərin mənəvi və mədəni görüşlərini, gözəllik və eybəcərliklərini canlı şəkildə əks etdirir. Buna görə deyirlər ki, çox kitab oxuyanlar bir deyil, yüzlərlə həyat yaşayır, minlərlə insan tanıyırlar. Yazıçılar da əsər yaradarkən yalnız estetik sferaya  qapanıb qalmır, cəmiyyət həyatındakı sosial çatışmazlıqları da ön plana çəkərək oxucunu düşünməyə vadar edirlər.

XXI yüzilin ilk rübündə cəmiyyətdə baş verən depressiyalar, gərginliklər, daxili təlatümlər, ailə içərisindəki anlaşmazlıqlar, insanlar arasında dərinləş­məkdə olan təbəqə fərqinin sorunları ədəbiyyatdan yan keçməmiş, Sabir Əhmədli, İsa Muğanna, Anar, Mövlud Süleymanlı, Elçin və başqa yazarların əsərlərində fərqli yönlərilə əksini tapmışdır. Oxucuların adı çəkilən yazıçıların əsərlərini maraqla oxumasının başlıca səbəbi, onların yazılarında öz həyatları ilə bir yaxınlıq, bənzərlik sezmələri, yaratdıqları qəhrəmanların simasında yaşa­dıqları həyatın, çəkdikləri əzabların, qazandıq­ları, yaxud itirdikləri dəyərlərin canlı təcəssümünü görmələridir.

İlk hekayəsi 1981-ci ildə  yayımlanan, sonra isə mətbuatda yüzlərlə bədii mətn və publisistik yazılar dərc etdirən, onlarla filmin ssenari müəllifi olan tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğlunun  yaradıcılığında önəmli yer tutan əsərlərindən biri də “Ölü mətn” romanıdır.  Burada ilk nəzərə çarpan məqam əsərin monotonluqdan uzaq və ənənəvi üslubdan fərqli bir tərzdə qələmə alınmasıdır. Həmçinin “Fikir davamçın yoxdursa, sən də yoxsan”, “Ədəbiyyat heç nəyi dəyişmirsə, deməli mətnlər ölüdür” kimi aforistik deyimlərlə müəllif bu yazının son ölü mətn olması, artıq parlaq fikirlərlə aydınlanan ədəbiyyatın yaranmasını təvəqqe edir. Orxan Fikrətoğlu bir əsrdə baş verən tarixi ittifaqları romana sığışdırmaqla bərabər ədəbi keçmişin ən qədim qatlarından Dədə Qorqudu da çıxararaq əsərinə daxil etmiş, Dədə obrazı ilə ona fərqli don geyindirmiş, zəmanəsindəki özgələşən, “ipi öz əlində olmayan” insan surətləri yaratmışdır. Ümumən əsər bir-birilə əlaqəsiz görünən, lakin əslində bir-birini tamamlayan qissələrdən ibarətdir. Roman boyu bu hekayələrlə baş obraz – Ustad kamilləşir, özünü dərk etməyə başlayır və əsərin əvvəlində yarımçıq olan çox şey sona doğru müəllifin özünün də açıqlaması ilə aydınlaşır.

Mətn Ustada Cin adlı dostunun telefonla zəng etməsi və onun hüzuruna bir oğlan göndərəcəyini deməsi ilə başlayır. Həmin oğlan gəlir və yazdığı əsəri Ustadın da oxuyub fikir bildirməsini istəyir. Lakin Ustad əski əlifba ilə yazılmış bu mətni oxumaqda acizdir, çünki bu hərflər ona tanış deyil. Ustadın əski əlifbanı bilməməsi keçmişini, kökünü anlamamasından irəli gəlir. Buna baxmayaraq o, gənc oğlana əsəri oxuyacağını söyləyir. Lakin bu əsərin oxunmalı deyil, yaşanmalı olduğunu bilmir. Hadisələrin sonrakı gedişində Barmen obrazı ilə qısa bir qarşılaşma olur və onun ani ölümü ilə əslində “başqası öləndə biz də bir az ölürük” qənaəti çatdırılır.

Romanda baş verən hadisələr demək olar ki, sovet dönəmi ilə bağlıdır. İki övladını qoyub Rusiyaya pul qazanmağa gedən Kamilə buradakı mühitlə və bu mühitin “nəzarətçisi” Kamillə rastlaşdıqda bütün planları alt-üst olur. Kamil vağzalda cibkəsənlik edir, ancaq özgələrinin deyil, yalnız öz soydaşlarının pullarını oğurlayır. Çünki bilir ki, polis görəndə gizlənməyə yer axtaran soydaşları heç vaxt bununla bağlı şikayət etməzlər. Həm də polislər əvvəlcədən Kamillə razılaşmış, “Yerlilərinlə, özün bilərsən. Onlar Rusiya qanununda deyillər” demişlər. Kamil əyri yola düşməsi yaşadığı mühitdən qaynaqlanır. Romanda  “Kamil oxusaydı, yaxşı siyasətçi də ola bilərdi” qənaəti bunu bir növ təsdiq edir.

 “Mən getsəm kim iki arağa gəlib bu boyda dükanı silib-süpürəcək. Rus qadını bunu edəndir? Rus sənin üçün döşəmə yuyacaq? Harada görünüb ki, kimsə hüquqsuz və havayı işləyən qulundan imtina etsin? Burada bütün çirkli işləri görürəm. Amma yenə də buradan razıyam. Və geri qayıtmaq istəmirəm”, – deyərkən Kamilə əslində reallığın fərqində olub buna boyun əyməyə razılığını da etiraf edir.

Romanda fərqli mühit və cəmiyyətlərin necə inkişaf etdikləri, özəlliklə qadına münasibətdə dəyər və dəyərsizlik sindromu, Azərbaycan qadınının öz böyük­lüyünü anlamaması ürək yanğısı ilə göstərilir.

Romanda əsgərlikdən qaçıb xaricə sığınan insanların ümumiləşmiş rəmzi kimi Ağdamlı Vəliş surəti diqqəti çəkir. O, polis gülləsi ilə yaralandıqdan sonra kimliyi aşkar olmasın, vətənə göndərilməsin deyə xəstəxanaya getmir, qanaxmadan ölür. Diri ikən vətənindən qaçan Vəliş, ölü kimi vətənə qaytarılmaq üçün tabuta qoyulur.

 Hadisələrin çevik keçidləri ilə müşayiət olunan əsərdə həmçinin İkinci Dünya müharibəsi illərində iki həmyerlinin – İsmayıl və İbrahimin simasında ideologiyalarının toqquşması və bu çarpışması canlandırılır. İsmayılın atası bolşeviklərin Gəncəni tutacağını eşidir və oğluna özünü yazıq göstərməsini tapşırır. İsmayıl da atasının dediklərinə əməl edir. Beləcə rejim İsmayılı öz ideologiyasına uyğun bir əsgər kimi yetişdirir və onu Gəncəyə – doğulub böyüdüyü şəhərə əks-kəşfiyyatçı təyin edir. İşə başlayan kimi İsmayıl bolşeviklərin gözündən yayınan gəncəliləri bir-bir üzə çıxararaq sürgün edir. “Altı aya Stalinin özündən də beş dəfə çox adam tutub güllələdir”.

İsmayıl öz keçmişini unudan, manqurtlaşan, özgələşən və bunu öz istəyi ilə edən insan tipidir, onun qarşısında dəfələrlə bu yoldan dönməsi üçün şərait yaransa da, bunu etmir, ölənəcən seçdiyi yolun doğru olduğunu düşünür. Halbuki, gücün kor etdiyi gözlərini qaldırıb ətrafına baxsaydı, gəncliyindən bəri xidmət etdiyi, milyonlarla günahsızın qanına bulaşmış Sovetlər Birliyinin əski əzəmətinin qalmadığını, dağılmaq üzrə olduğunu görərdi. İkinci Dünya müharibəsinin qızğın anında düşmən cəbhələrdə savaşan İbrahim və İsmayıl kiçik daxmaya sığınanda rastlaşırlar – bu onların illər sonra ikinci görüşü idi. Burada İsmayılın İbrahimi öldürməyib çıxıb getdiyini bildikdə, onun qəlbində kiçicik bir xeyirxahlıq işığı olduğunu düşünürüksə, az sonra İsmayılın İbrahimin nəslindən bir adam da saxlamadığını bildikdə bir insanın ideologiyaya satılmağının dəhşətləri ilə qarşılaşırıq. İsmayıl sovetlərə kölə olmağı qəbul etmişdisə, İbrahim türklərə sığınmış, Nuru paşanın köməyi ilə xilas olmuş, İstanbulda “Vətən” qəzetini nəşr etdirmiş və Avropada, həmçinin Sovet Azərbaycanında yaymağa başlamışdı. Hər dövrdə milləti oyatmağa çalışan insanlara sədd çəkənlər olduğu kimi, İbrahimin bu qəzeti məşhurlaşdıqca bolşeviklərin dincliyi pozulur. Beləliklə, onlar İbrahimi öldürməsi üçün İsmayılı casus qismində göndərirlər. İsmayıl bu işi uğurla bacarır, amma hesaba almadığı bir şey vardı ki, o da “düşmən”inin zəkası idi. İbrahim bu gəlişin əsl məqsədini duymuş və ehtiyatını görmüşdü, sadəcə İsmayıl bunu çox sonralar biləcəkdi.

 Ömrünün ən gözəl illərini sonu puç olan bir ideologiyaya qurban verən İsmayıl sonda bunu anlayırsa da, artıq hər şeyin gec olduğunun fərqinə varır. O, doğulduğu şəhərə, doğma insanlara, hətta özünə o qədər yadlaşır ki, vətənə yalnız ölmək üçün gəlir. İbrahimin daim ümidlə səsləndirdiyi “müstəqil olmağımıza az qalıb” fikri gerçəkləşəndə iki həmyerlinin son görüşü baş tutur. İbrahimə “Öləndə qoyma qəbrimi murdarlasınlar” deyən İsmayıl, “Necə yaşayırsansa, elə də ölürsən” cavabının ağırlığı altında əzilir və yox olur.

Eyni bir mühitdə doğulub fərqli yolların yolçusu olan bu iki gənc öz talelərini özləri yaradır. Yolun başında hər ikisi  getdikləri yolun dürüstlüyünə inanır, fəqət hər şeyin doğrusunu zaman göstərir. Nə qədər bir-birinə zidd fikirlərin təmsilçiləri olsalar da, bir yurdun – bu məmləkətin övladları – bir mətnin yazısı idilər. Onların hekayəsi də beləcə bitir və yenisi başlayır ki, burada Azərbaycan-erməni münaqişəsinə toxunulur. Bakıda türk ovunun getməsi, müsəlmanların sorğu-sualsız öldürülməsi, ermənilərin guya Lenindən bütün bakılıları dənizdə batırmaq əmri almaları kimi faktların verilməsi oxucuda o dönəmin qaranlıqlarını anlamağa, tarixin yaşatdıqlarını öyrənməyə xidmət edir. Bizi – bu xalqı bir deyil, dəfələrlə öldürmələri əsərin, demək olar ki, hər epizodunda vurğulanır. Azərbaycan tarixinin qanlı səhifələrindən olan repressiya dövrü də “Qırmızılar Bakını tutanda yazıb-poza bilən adamların hamısını bir kluba yığmışdılar” cümləsi ilə verilir və sürgün olunan aydınların geridə qoyduqları qadınlarının ləyaqəti də kədərlə xatırladılır.

Romanda maraqlı situasiyalardan biri də özünəxas çalarlarla yaradılan Dədə obrazının elata gətirdiyi “yeniliklərdir”. O, qırx oynaşlı Qısırca yengəsi “Elin anası” adlandırıb müqəddəs elan edərkən, elin mal-qarasını, sürülərini, ilxılarını çöl qayalığından dərəyə tökdürərkən, qeybdən gələn səsi bəhanə edərək hamının lal-dinməz oturmalarını söyləyərkən kimsə bu absurd davranışa qarşı çıxmır. Bu mənasız əməllərin qarşısında hamılıqla Dədəni deyil, onun sözlərini dəyişirlər ki, el dədəsiz qalmasın. Yazıçı bununla toplumun daima öz başbilənlərini itirmək qorxusunu, əsl başların özləri olduqlarını dərk etmədiyini irəli sürür.

Romanın süjet hörüyündə repressiyadan bir neçə epizodda bəhs edilir. Sona doğru dustaqların aparılıb öldürüldüyü, onlara öz əllərilə qəbirlərinin qazıldığı ada təsvir olunur. Adaya düşən Ustad buradan təsadüfən bir qayıqçının yardımı ilə xilas olmağı bacarır. Sibirə, Solovki adasına, yaxud başqa diyarlara sürgün olunan dühaların Ustad kimi nicat yollarının olmaması, onların köməyinə bir kimsənin gəlməməsi, ağlasığmaz bir şəraitdə ölmələri tarixin acı gerçəkləridir.

Ustada danışılan bir hekayədə isə yüksək vəzifəli bir zabit öz günahını başqa birinin üstünə yıxır və onu şirnikləndirərək qısa sürə həbsdə bəy kimi yaşayacağına söz verir. Sonra isə zabit bu gənci ölümə məhkum edib “səni mən yaratdım, mən də öldürürəm” dedikdə, cavan oğlan həyatın şirinliyini anlayır və qaçıb xilas olur. Əsərdə kiməsə qul olmaq, şüursuz şəkildə sahibini ilahiləşdirməyin acı nəticələri müxtəlif obrazların həyat hekayələrində, fərqli situasiyalarda canlandırılır. Ölü mətn Ustadı ayıltmağa çalışdığı kimi, oxucunu da oyanışa səsləyir.

Əsərin sonlarına doğru əski əlifbanın nəsildən-nəsilə ötürülməsi, qorun­ması, aydınların bu əlifba naminə məhv edilməsi, lakin əlifbanın yaşaması, onun əslində əski düşüncə, ənənə, keçmiş olduğu və unudulandan bəri yeni heç nə yaradılmadığı qənaəti vurğulanır. Azərbaycan nəsrində post sufi janrının ilk örnəyi kimi dəyərləndirilən romandan doğan qənaətə görə, “Ölü mətn” yalnız Ustadın deyil, bütövlükdə millətin mətnidir. Bu mətn hələlik oxunmasa da, millət canı, qanı bahasına onu qoruyub gələcək nəsillərə ötürəcəkdir. 

Müəllif: Şəhla ŞƏHRƏNGİZ

Bakı Dövlət Universiteti

ŞƏHLA ŞƏHRƏNGİZİN YAZILARI


WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TANIYAQ və TANIDAQ

Milli Dəyərlər və Qlobal Vətəndaşlıq

Azərbaycan–Türkiyə Müştərək Beynəlxalq Layihəsi

           Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi, onlarda hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında peşəkar, səriştəli müəllim fəaliyyəti mühüm rol oynayır. Məhz buna görə də şəxsiyyətin milli-mənəvi, əxlaqi tərbiyəsi, layiqli insan yetişdirmək problemi dövlətin daim diqqət mərkəzindədir. Milli-mənəvi və bəşəri dəyərləri mənimsənilməsi gənclərin  bir şəxsiyyət kimi fəaliyyət göstərərək cəmiyyətdəki sosial-siyasi şəraitə, bazar iqtisadiyyatına, zəngin informasiya-kommunikasiya məkanına uyğunlaşması mühüm əhəmiyyət kəsb edir.   

      Müəllimlik şərəfli peşədir. Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   

 Müəllim ali xüsusiyyətlərə malik şəxsiyyətlərdəndir – ürəyaçıq, çox sadə, peşəsinin vurğunu, hər kəsi diqqətdə saxlamağı bacaran, ünsiyyətcil  insan.Ən ali sima, böyük nüfuz sahibidir  müəllim onun  əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, bizə  səbirlə   öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

        Bu gün sizlərə təqdim etdiyim Aynur Axundova 2 sentyabr 1986-cı ildə Qobustan rayon Cəyirli kəndində anadan olub.2002-ci ildə Qobustan rayon Cəyirli kənd R.Hüseynov adına ümümi orta məktəbinin 9 illik bazasını fərqlənmə şəhadətnaməsi ilə bitirib, 2004-cü ildə isə Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbin hümanitar təmayüllü sinfini bitirərək həmin il Şamaxı Humanitar Kollecinin “İngilis dili müəllimi və tərcüməçi” ixtisasına daxil olub. 2007-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirərək Qobustan rayon Cəyirli kənd A.Quliyev adına tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. İlk dərs günündən müasir təlim metodları ilə dərslər keçən Aynur müəllimə 2014 və 2016-cı illərdə Təhsil Nazirliyinin keçirdiyi “Elektron Təhsil” müsabiqəsində “Ən yaxşı elektron sayt” və “Ən yaxşı müasir metodlarla təsis olnmuş dərs nümunəsi” nominasiyaları üzrə nominant seçilmiş, bir neçə dəfə rayon Təhsil Şöbəsi və dostluq görüşü ilə Şamaxı rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə nümünəvi  açıq dərslər təşkil edib. Aynur Axundova 2013-cü ildə Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər fakultəsinə daxil olub və ikili diplom proqramına əsasən İsveçrənin Montreux  Business School ali məktəbinin Biznes menicmenti fakultəsini eyni vaxtda  bitirir. 2015-ci ildən Qobustan rayon Cəyirli bələdiyyəsinin sədri vəzifəsində çalışır və Azərbaycan Kənd Bələdiyylər Assosasiyasının idarə heytənin üzvüdür.

        12 may 2024-cü il Bakı şəhərində keçirilən Beynəlxalq Təhsil Sammitində Azərbaycan, Gürcüstan, Türkiyə və Hindistanın təhsil sahəsində çalışan rəhbər, müəllimlərin iştirak etdiyi tədbirdə Qobustan rayon Cəyirli kənd R. Hüseynov adına ümumi orta məktəbin Ingilis dili müəllimi Aynur Axundova təhsil sahəsinin nobeli adlanan Global Teacher Award (Beynəlxalq Müəllim Mükafatı ) mükafatına layiq görülmüşdür. Global Teacher Award mükafatı hər il Hindistanda AKS Education tərəfindən keçrilir ,dünyanın dörtbiryanindan 97 ölkədən minlərlə müəllim arasından seçilərək Beynəlxalq Müəllim Mükafatina layiq görülən Aynur Axundova Qobustan rayonunda bir ilkə imza atmışdir.        

     Aynur müəllimə eyni zamanda bir çox beynəlxalq mükafatlarada layiq görülmüşdür:

–  2012 -ci il sentyabr ayında Türkiyənin Ankara şəhərində keçirilən EYUDER təhsil dərnəyinin təşkil etdiyi EYFOR II Beynəlxalq Təhsil Konfransında iştirak edərək “Anadolu və Qarabağ xalçalarının təhsilə inteqrasiyası” mövzusu haqqında məqalə ilə çıxış etmiş və həmin tədbirdə Türkiyənin ən nüfuzlu təhsil mükafatı olan  ‘Yılın Eğitim Yöneticisi’ adına layiq görülərək Altın Meşalə mükafatını ilk dəfə Azərbaycana gətirmişdir;

–2022-ci ildə Böyük Britaniyanda Manchester Bolton Sheinspires dərnəyinin keçirdiyi mükafatlandırma tədbirində Rising Star kateqoraiyasi üzrə finalsit olaraq Azərbaycandan  seçilən ilk qadın olaraq ölkəmizi təmsil etmişdir.

Aynur müəllimənin növbnəti uğurları:

–Elm və Təhsil Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ,Şimali Karolina Universitetinin təşkilatçılığı ilə 6 ay davam edən ” İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar” adlı online magstr kursunu yüksək nəticə ilə başa vurmuş;

– Bakı şəhərində ADA Universitetində təşkil olunmuş konfransda iştirak etmək hüququ qazanaraq həmin tədbirdə poster təqdimat üçün  seçilmiş 30 müəllim sırasında təqdimatçı kimi çıxış edərək , həm müvəffəqiyətli kurs iştirakçısı,həm də təqdimatçı sertifikatlarına layiq görülmüş;

–2023-cü il  1-3iyun tarixlərində İspaniyada keçirilən eTwinning platformasında Qonşu ölkələr arasında inovasiya yolu ilə əlaqələr yaratmaq adlı Beynəlxalq konfransında iştirak etmişəmdir.Həmin konfransa Azərbaycan Respublikasının Elim və Təhsil Nazirliyinin dəstəyi və eTwinning platformasında elan olunan müsabiqədə qalibi olmuş,iki layhənin qurucusu olaraq çixiş etmişdir.

–1JAS learn and joy adlı layihənin əsas məqsədi İngilis dilinin öyrənilməsi yolunda yeni veb alətlərinin tətbiqi və İngilis dilində vacib olan 4 bacarığın (dinləmə,oxuma ,yazma və danışma) inkişaf etdirilməsində yararlı olan veb altlərin tətbiqi;

–2 My smart city (Mənim ağıllı şəhərim )adlı layihənin əsas məqsədi süni intellekt alətlərin köməkliyi ilə ağıllı şəhər planlaması yeni robotların dizaynı nəzərdə tutulmuşdur.

  -“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi, Microsoft Education portalının online kurslarının aktiv iştirakçısıdır. MİE Trainer, MİE Master Trainer proqramlarını uğurlar bitirmiş və MİE Expertəm  “Virtual Məktəb“ layihəsi üçün dərslərdə interaktiv texnologiyalardan istifadəyə dair video izahlar, online dərslərdə ağ lövhələrin tətbiqi mövzusunda çıxış etmiş;

– 28-30 iyun 2021 tarixlərində Türkiyə Təhsil Nazirliyi, Harran Universiteti və Avropa Birliyi tərəfindən keçrilən behnəlxalq “Eğtimdə Yapay Zəka” adlı konfransda;

– Avstraliya Səfrilyinin Qızlar üçün STEM Robotik OPEN LAP təlimində, Code Week layihəsində iştirak edərək təşkilatçı sertfikatı əldə edib;

–Müəllimlərin inkişafına yönəlik “Nərdivançı” layhəsinin fəal üzvü və “Ən yaxşı sual müəllifi” qalibi olub;

-Bir neçə beynəlxalq mükafat əldə etmiş, ECO Trainer İsveç ictimai layhəsinin keçirdiyi “2020-ci ilin ən yaxşı müəllimi” müsabiqəsində dünya üzrə ən yaxşı 100 müəllimdən biri seçilmiş,

– Hindistan’ın IDYM foundation layhəsinin və Nalanda universitetinin keçirdiyi “Ən yaxşı elim təhsil işçisi” mükafatı, İnternational Woman Award mükafatını qazanıb;

– Azərbaycan Gənc Műəllimlər Asossasiyasın Qobustan rayon ùzrə koordinatoru və Məktəb Mentoru kimi fəaliyyət gòstərir, 2021 -ci ildə T-Network və AGMA -nın birgə təşkilatçılıģı ilə keçrilən Fərq Yaradan Gənc mùəllim mùsabiqəsinin 10 qalibindən biri olmuşdur.

 Aynur xanım MIE Ekspert 2021 -2022 qalibi;

– 2021-2022-ci illər üzrə Azərabaycanın  ilk 4 Scientix səfirindən bir;

  – 2021-ci il üçün eTwinning kouç seçilərək Azərbaycan eTwinning komanda üzvü seçilmiş;  .

– eTwinnerəm və 15 layihədən bir çox Avropa Keyfiyyət Etiketi və 16 layihədən Milli Keyfiyyət Etiketi qazanmışdır.

Bir çox elmi məqalələr və yazıları ölkədə və xaricdə qəzet və jurnallarda dərc olunmuşdur. Onun Nağılları STEM-ə necə çevirmək olar və Kodlaşdırma dərs planlarım Türkiyədə dərsliklərdə dərc olunub.

 “Müasir təhsil və STEM+A-ya inteqrasiya” adlı elmi-metodiki məqaləsi İbtidai təhsil elmi jurnalında,Azərbaycan Elim Mərkəzinin DOİ kodlu Elmi iş Jurnalının 9sentyabr 2023 cü il 9-cu buraxılışında Storytelling for all learning English Skills adlı ingilis dilində məqaləsi çap olunmuşdur.

      XV Respublika Müəllimlər Qurultayında iştirak etmişdir.Azərbaycanda Təhsil Ulduzu layihəsində iştirak edib  ən yaxşı 100 müəllimdən biri,İsveç Eko Tədris Mərkəzinin beynəlxalq layihəsinin həyata keçirdiyi ən yaxşı ətraf mühit müəllimi layihəsində 100 ən uğurlu müəllimdən biri seçilmişdir.

 Aynur Axundova EYUDER eTwinning Academy layihəsi üzrə Azərbaycanda təhsil və tərbiyə üzrə məsləhətçisi, Stem Akademiyasının Azərbaycandakı səfiri və Green Sport STEM Akademiyasının ölkə üzrə səfiridir.

  İngilis dili müəllimlərinin peşəkar inkişafı üçün ABŞ Dövlət Departamentı tərəfindən maliyyələşdirilən Baku American Centre -nin təşkilatçılığı ilə keçrilən 3aylıq America English live 13 seriasında uğurla iştirak etmiş ,.British Council -in təşkil etdiyi Online Teacher Community proqramının üzvü olaraq 3aylıq Peşəkar müəllim kursunu uğurla bitirmiş,European Schoolnet Academy kurslarından və European Schools Gateway-dən bir çox sertifikatlar almışdır.

       Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan “Milli Dəyərlər və Qlobal Vətəndaşlıq” adlı beynəlxalq layihə (Layihənin təsisçisi, moderatoru Aynur Axundova) iki ölkənin təhsil işçiləri və gəncləri arasında mədəni dəyərlərin təşviqi, milli kimliyin qorunması və qlobal düşüncə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Layihə 6-19 yaş aralığında olan məktəbəqədər təhsil, ümumtəhsil məktəbləri, lisey və universitet tələbələri ilə yanaşı, müxtəlif təhsil pillələrində çalışan müəllimlərin və təhsil mütəxəssislərinin iştirakı ilə online və könüllülük prinsipi əsasında təşkil olunur. Layihənin ilkin ideyası 2021-ci ildə Ankara şəhərində Türkiyə və Azərbaycan müəllimlərinin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan nümayəndəsi Aynur Axundova (Milli dəyərlər və Qlobal vətəndaşlıq sosial məsuliyyət layihəsinin qurucusu və ideya müəllifidir )tərəfindən irəli sürülmüşdür.Layihənin praktiki mərhələsi isə 2024-cü ilin dekabr ayında sosial şəbəkələr vasitəsilə müəllimlərin bir araya gətirilməsi ilə başlanmış, rəsmi fəaliyyətə keçilmişdir. Bu layihə gənc nəsli həm milli ruhda tərbiyələndirir, həm də onları dünyəvi dəyərlərlə tanış edərək gələcəyin məsuliyyətli, tolerant və şüurlu qlobal vətəndaşları kimi yetişdirməyi qarşısına məqsəd qoyur.

 Aynur Axundova gənc xarici dil müəllimlər birliyi və ReadEng nəşriyyatı ilə 10-11 çi siniflər üçün test toplusu kitabının həmmüəllifi və eyni zamanda 5ci siniflər üçün Game Changer kitabına uyğun  Ingilis dili vəsaitinin,MIQ və Sertifikasiya Ingilis dili test toplusu kitablarının rəycisidir.

        Azərbaycan naminə  xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək gərəkdir. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrükləşdirir, onu yaddaşlarda yaşadır. Təhsilimizə  bu gün öz töhfələrini verən Azərbaycam Müəlliminin əməyi təqdirəlayiqdir. Uğurlarınız davamlı olsun!

 Zülfiyyə Vəliyeva

ADPU ETM-nin Elmi işçisi

Respublikanın Əməkdar Müəllimi

Milli Dəyərlər və Qlobal Vətəndaşlıq

Proje yönetiçısi

Xəlil Rza Ulutürk – “Təbrizim”

Xalq şairi Xəlil Rza Ulutürkün oğulları: Təbriz (solda) və Rza (sağda) Xəlilbəyli.
Şairin oğlu Təbriz I Qarabağ müharibəsində şəhid olub. Onun ölümü ailəsini, xüsusən də atası Xəlil Rzanı bərk sarsıtmışdı… Təbriz haqqında oxucularımıza qısaca məlumat verim. Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 12 fevral 1964-cü ildə Bakı şəhərində – Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirib və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.
Yazırlar ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları bütün vətənpərvər oğullarımız kimi Təbrizi də gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək, torpaqlarımızı azad görmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazandı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Yazılanlara görə, Təbriz Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə dəfələrlə qəhrəmanlıq nümunəsi göstərib. O, neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə o, Daxili İşlər Nazirliyinin “Bozqurd” mükafatına layiq görülüb. Təbriz Xəlilbəyli 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına şəhid olub. Təbriz şəhidlik məqamına ucalan zaman ailəli idi. İki qızı var idi…
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Allah rəhmət eləsin!

“Təbrizim”
Qoy sənə doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.

Özüm də bilmirəm nə işdir bu iş,
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.

Sən – bu gün sevincim, qanadım-qolum,
Dünən ürəyimə dağ olmusan sən.
Heç ana bətninə düşməmiş, oğlum.
Bu ata könlümdə doğulmusan sən.

Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.

Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə – atam Təbrizim.

Mən səni görəndə çırpınır qəlbim,
Deyirlər naşıyam, görməmişəm mən.
Alıram boynuma niyə gizlədim,
Sənin tək səadət görməmişəm mən.

Anan süd veribdir fəqət mən sənə.
Köksümdə közərən odu vermişəm.
Seçib milyon-milyon adlar içindən,
Dünyada ən gözəl adı vermişəm.

Sən – oğul, sən – igid, sən – ər oğlu ər!
İftixarla daşı sən öz adını.
Məğribə, məşriqə, aləmə göstər
Alnında gizlənmiş istedadını.

Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən, kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə
Sən ucsuz-bucaqsız məmləkətimsən.

Ey bala Təbrizim, gün o gün olsun
Ana Təbrizimə mən azad deyim,
Ustad Şəhriyarla görüşün olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.

Arzular könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış könül.

Atanın ömrünə oğul yaraşıq,
Qoy bir nəfəs alım daha dərindən.
Mən öz Təbrizimlə bu gün yanaşı
Keçirəm Bakımın küçələrindən.

Bu gün yağış yağır… qorxma yağışdan!
Tufanda, şimşəkdə bərkisin canın.
Sən mənim balamsan, mən sənin atan
Biz bir cüt oğluyuq Azərbaycanın…

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Osman Mirzəyev, Adil Cavadlı, professor Kamal Talıbzadə

Soldan: Osman Mirzəyev, Adil Cavadlı, professor Kamal Talıbzadə (Abdulla Şaiqin oğlu), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli şair Abdulla Şaiq və Zərbəli Səmədov. 1956-cı il.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Analar günü

ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə sərdiyi dünyanın
İpliyi, yunu olduğunu anlatdı Anam…
Kimi anladı, kimi yüz ildən sonra anlayacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…
Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya…
Dünya hər zaman gəbədir yeni dünyaya!!!

05.07.2023. Bakı.

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru