İşdən çıxarıldığından bir müddət maddi ehtiyac içində yaşayan Bəxtiyar Vahabzadə sıxıntılarla üzləşir. Bir gün şairin evinin qapısı döyülür. Qapını açan Bəxtiyar Vahabzadə qarşısında içi ərzaqla dolu bağlama görür. Bu hadisə tez-tez təkrarlanır. Kimsə şairin qapısının qarşısına ərzaqla dolu bağlama qoyub gedir. Bir gün qonşular onun evinin qarşısında Xəlil Rza Ulutürkü bağlama qoyub gedən görürlər. Lakin Ulutürk bunu ömrünün sonuna qədər boynuna almır.
Xalq şairi Xəlil Rza Ulutürkün oğulları: Təbriz (solda) və Rza (sağda) Xəlilbəyli. Şairin oğlu Təbriz I Qarabağ müharibəsində şəhid olub. Onun ölümü ailəsini, xüsusən də atası Xəlil Rzanı bərk sarsıtmışdı… Təbriz haqqında oxucularımıza qısaca məlumat verim. Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 12 fevral 1964-cü ildə Bakı şəhərində – Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirib və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib. Yazırlar ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları bütün vətənpərvər oğullarımız kimi Təbrizi də gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək, torpaqlarımızı azad görmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazandı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Yazılanlara görə, Təbriz Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə dəfələrlə qəhrəmanlıq nümunəsi göstərib. O, neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə o, Daxili İşlər Nazirliyinin “Bozqurd” mükafatına layiq görülüb. Təbriz Xəlilbəyli 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına şəhid olub. Təbriz şəhidlik məqamına ucalan zaman ailəli idi. İki qızı var idi… Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Allah rəhmət eləsin!
“Təbrizim” Qoy sənə doğulan günəş deyim ki, Nurunla açılan al səhərəm mən. Yeddi il yol gələn, a mənim ilkim, Gəldiyin yollara gül düzərəm mən.
Özüm də bilmirəm nə işdir bu iş, Yerdənmi, göydənmi tapmışam səni. Bəlkə də səni heç tale verməmiş, Taleyin əlindən qapmışam səni.
Sən – bu gün sevincim, qanadım-qolum, Dünən ürəyimə dağ olmusan sən. Heç ana bətninə düşməmiş, oğlum. Bu ata könlümdə doğulmusan sən.
Özün də bilmirsən öz qiymətini, Döyüş səngərimsən, qalamsan mənim. Bir evin qeyb olmuş səadətini Min evə qaytaran balamsan mənim.
Ən böyük sevincsən, ən müqəddəs qəm, Məni od içinə atan Təbrizim. Üzünə baxanda balam deyirəm, Adını çəkəndə – atam Təbrizim.
Mən səni görəndə çırpınır qəlbim, Deyirlər naşıyam, görməmişəm mən. Alıram boynuma niyə gizlədim, Sənin tək səadət görməmişəm mən.
Anan süd veribdir fəqət mən sənə. Köksümdə közərən odu vermişəm. Seçib milyon-milyon adlar içindən, Dünyada ən gözəl adı vermişəm.
Sən – oğul, sən – igid, sən – ər oğlu ər! İftixarla daşı sən öz adını. Məğribə, məşriqə, aləmə göstər Alnında gizlənmiş istedadını.
Bir səhər, bir günəş var mənzilimdə, Qoy dünyalar bilsin nəçisən, kimsən. Kiçik mənzilimdə, dar mənzilimdə Sən ucsuz-bucaqsız məmləkətimsən.
Ey bala Təbrizim, gün o gün olsun Ana Təbrizimə mən azad deyim, Ustad Şəhriyarla görüşün olsun. Təbrizi Təbrizə qol-qanad deyim.
Arzular könlümdə çeşmə-çeşmədir, Arzular qoynunda boy atmış könül. Səni arzum üçün, amalım üçün, Səni döyüş üçün yaratmış könül.
Atanın ömrünə oğul yaraşıq, Qoy bir nəfəs alım daha dərindən. Mən öz Təbrizimlə bu gün yanaşı Keçirəm Bakımın küçələrindən.
Bu gün yağış yağır… qorxma yağışdan! Tufanda, şimşəkdə bərkisin canın. Sən mənim balamsan, mən sənin atan Biz bir cüt oğluyuq Azərbaycanın…
Əvvəlki yazımda – Etibar və Azər Əbilovlar – Foto – Azərlə 1984-cü ilin 17 noyabrında Bakıda çəkdirdiyimiz fotonu paylaşaraq yazmışdım ki, həmin günün səhərisi Azəri Biləcəridən hərbi xidmətə yola salacaqdım… İndi həmin günlə bağlı digər bir xatirəmi paylaşıram. Həmin fotonu çəkdirməmişdən əvvəl Azər telefon köşkündən (2 qəpikliklə danışdığımız telefon köşklərini yəqin ki,xatırlayırsıız) Xəlil Rzaya zəng etdi və səhər hərbi xidmətə yola düşəcəyini dedi. Mən Azərin lap yaxınlığında idim və xəttin o biri başında Xəlil Rzanın əsl Salyanlı ləhcəsi ilə: -Gə bizə! (Gəl yox, gə)- dediyini eşitdim.Şəkili çəkdirib birlikdə Xəlil Rzanın Əli Bayram (ov) – (bu cür yazı üslubu da Xəlil Rzaya məxsus idi, soykökündəki “ov” larl mötərizədə yazırdı) – küçəsində yerləşən evinə gəldik. Azər qapını döydü. İcəridən Xəlil Rzanın səsi eşidildi: -Qapı açıqdır. İçəri keçin. İcəri keçdik. Xəlil Rza böyük otağın sol tərəfində olan və böyük otaqdan arakəsmə ilə ayrılan iş otağında makina arxasında əyləşib makinada nə isə yazırdı.Gözünü yazıdan ayırmadan, şux bir ovqatla: -Şekspinin məşhur “Olüm, ya ölüm” sözü ingiliscə “Tubi, not tubi” kimi səslənir. -Bunu deyib gözünü makinadan ayırdı və bizə müraciətlə, eyni zamanda nikbin ovdaqlı uca səslə: -Tubi, not tubi?- dedi və sonra yenə Salyan ləhcəsi ilə -Ala, Tubi e- deyərək ayağa qalxdı. Bırlikdə böyük otağa kecdik. Xəlil Rza stolun üstünə cürbəcür məzələr düzdü. Əyləşməmişdən əvvəl mənə -O balonu mənə ver gorüm- dedi. Bir qədır kənarda kiçik bir qolabın yanında olan balonin icərisindəki maye, qoz ləpəsindən çəkilmiş araq idi… O unudulmaz, şirin söhbət zamanı görkəmli aktyor Mikayıl Mirzə də gəldi….Məclis gecədən keçmişə qədər davam elədi. Həmin məclisdə Xəlil Xza Azərə “Hara gedir bu dünya…” adlı kitabını bağışladı. Azərə davamlı olaraq ona məktublar yazmağı tapşırdı (onu da deyim ki, hərbi xidmət illərində Azər Xəlil Rza ilə müntəzəm məktublaşdı. İndi Azərin Xəlil bəyə, Xəlil bəyin Azərə yazdığı məktublar Azərdədi. Tarixi və son dərəcə maraqlı olan həmin məktubların kitab kimi çap olunmasını şəxsən mən çox istəyirm) və Azərə uğurlu xidmət arzuladı. Gecəni qalacacağımız evə bizi öz maşını ilə Mikayıl Mirzə gətirdi. Əslində mən bu yazını Xəlil bəyin Azərə bağışladığı kitabla bağlı yazmağı fikirləşmişdim. Amma xatirələr çözələndi.Yadddaşa,ömrə də etibar yoxdu… Nə isə, səhər Biləcəriyə gəldik. Bərk yağış yağırdı. Biləcəridə Neftçaladan da uşaqlar var idi. Hamımız bir yerə yığışmışdıq. Kitab mənim əlimdə idi.Adil adlı bir Neftçalalı, kitaba baxmasını istədi. Verdim. Amma kaş verməyəydim… Kitab onun əlindən yerə, palcığın içərisinə düşdü. Mən həyəcanla: -Sən neylədin?- deyəndə, Adil heç nə olmayıbmış kimi: -Nə olub, kitabdı də…- dedi. Adil mənim o kitabla bağlı keçirdiyim hissləri, təbii ki, anlamaq iqtidarında deyildı.
Mən kitabın palcığını cib dəsmalımla təmizlədim. Yadımdadı, cib dəsmalım bütövlükdə palcığa bulaşsa da, kitab tam təmizlənməmişdi. Məcbur olub plaşımın qolu ilə qalan palçıqlı yerləri də təmizlədim… Azəri həmin gün hərbi xidmətə yola saldım. Həmin günün axşamı özüm də evə gəldim. Vərəqlərində palçıq ləkəsi qalmış kitab da məndə idi. Şəkildə görürsünüz, həmin kitabdan iki dənədir. Xəlil bəy hər iki kitabı avtoqrafla Azərə yazıb. İkinci kitabı Xəlil bəy Azərə hərbi xidmətdə olarkən göndərib. Bilmirəm, Azər kitabın aqibətini, palcığa bulaşmasını ona yazıbmış, yaxud həmin kitabı hərbi xidmətdə oxumaq üçün istəyib… Xəlil Rza da kitabını ikinci dəfə İrkutskda xidmətdə olan Azərə göndərib. Allah unudulmaz Xəlil bəyə rəhmət eləsin.