Akif ABBASOV, ANONİM

ANONİM

(hekayə)

         Rəna nişanlı idi.Oğlan evi daha deməkdən, eşitdirməkdən yorulmuşdu ki, ta bəsdir, gəlini aparmaq istəyirlər.

Tariyel bu gün, sabaha salır, toyu ləngidirdi. Bəhanəsi də bu idi ki, qız ali məktəbi qurtarsın, bəzi cehiz şeyləri alınmalıdır və sair və ilaxır.

Oğlanın atası: “Ev mebel-filanla doludur. Əslində cehizə ehtiyac yoxdur”.

Amma kimə deyirsən? “Eşidən bilən nə fikirləşər?”

Tariyelin də Gülbacının da sözü bu idi.

Axır ki, qız evi insafa gəldi. Dədə-baba qaydası ilə əvvəlcə qız evi, sonra da oğlan evi toy etməli idi. Qız ikinci toyda, oğlanın toyunda gəlin köçəcəkdi.

Bəylə gəlin sevinc içərisində idilər. Tezliklə qovuşacaq, bir ailə olacaqdılar.

Tariyel dəm-dəsgah tərəfdarı deyildi. Qızına yığcam bir toy etmək istəyirdi. Şura hökuməti illərində belə toylara “Komsomol toyu” deyərdilər.

Lap əvvəllər – bəlkə də 50-60 il bundan qabaq tək-tük adam qız toyu edərdi. Ona da qəribə baxardılar. “Qıza da toy edərlər?” Qız toyu sonralar dəbə düşdü.

Tariyel təmtəraqlı toy etməyin, toya 300-500 adamın çağırılmasının əleyhinə idi. “50-100 nəfər qonaq oldu, kifayətdir. Yoxsa çox tünlük olur. Ağız deyəni qulaq eşitmir, toyu aparanı, təbrik deyənləri dinləyən olmur.

Hələ bu, bir yana qalsın. Toy edənlər əslində toydan xeyir götürmürlər, yığılan pulları  sayıb əsas hissəsini şadlıq evinin yiyəsinə, bir də musiqiçilərə verirlər. hətta bəziləri “Birdən qədərincə pul yığılmaz” deyə özü ilə ehtiyat pul da götürürdülər: Belə halda şadlıq evinin sahibinə “İcazə ver, gedim evdən pul gətirim” – deməyəcəkdi ki…

Əlqərəz Tariyellə Gülbacı bir siyahı tutdular. Öz bacı-qardaşlarına, ən yaxın qohumlarına, oğlan evinə, qonşulardan bəzilərinə, Rənanın iş yoldaşlarından bir qisminə dəvətnamə yazdılar.

Tariyelin iş yoldaşları gileyləndilər:

-Bizi niyə toya  çağırmırsan? Özünə yaraşdırmırsan?

Tariyel onları bir-bir qucaqlayaraq könüllərini aldı:

-Ay canım, yaraşdırmaq məsələsi deyil. Hamınızzın xətrini istəyirəm. Siz Allah inciməyin. Kiçik bir şadlıq evi tutmuşam. Çox adam çağırmaq istəmirəm. Ancaq qohum-əqrəbadır. Yerim azdır. Oğlumun toyunda iştirak edərsiniz. Hökmən çağıracağam.

Nə isə… Bir həftə  sonra “Ağ çiçəyim” şadlıq evində qız toyu keçirildi. Gəlinlik paltarında ağ göyərçinə oxşar gözəl-göyçək Rəna nişanlısı Mahir qoluna girib “Vağzalının” oynaq sədaları altında salona daxil oldu. Nikah bağlandı, sonra bəylə gəlin keçib onlar üçün ayrılmış yerdə əyləşdilər.

Toy Tariyelin arzu etdiyi şəkildə çox yaxşı keçdi. Az adam çağırdığına görə heç də peşman da olmadı.   

Məclis yavaş-yavaş dağılmaqda idi. Gəlinlik paltarında ağ göyərçinə bənzər gözəl-göyçək Rəna nişanlısı Mahirə sığınaraq salonu tərk etdi. Bəylə gəlin bəzəkli maşına əyləşib xoşbəxt günlərini yaşamaq, qoşa qarımaq, oğul-uşaq sahibi olmaq üçün oğlan evinə yola düşdülər.

Gülbacı bir tərəfə çəkilib gözünün yaşını tökürdü. Bu, sevinc yaşları idi: “Atalarımız doğru deyiblər: “Qız gözünü açıb deyər: bura bizim ev deyil”, “Qız köçəri quşdur”.

Gülbacı gözünün yaşını silib öz-özünə: “Mənim balam da pərvazlanıb uçdu! – dedi. -Allah xoşbəxt eləsin!”

Tariyel oğlu Tofiqlə  şadlıq evindəki otaqlardan birinə keçdi. Üzərində “Qız evi” yazılmış qutu açıldı. Toya dəvət edilənlərin adları yazılmış zərflər stolun üstünə töküldü. Onlar bir-bir açılır, zərflərin içərisindəki pullar sayılırdı: Əlli Ayaqlıyev – 50 manat,  Gülmə Şəkərova – 50 dollar, Şir Aslanov – 100 manat.

Tariyel birdən əl saxladı. Bu zərfin üzərində  kiminsə adı deyil, sadəcə “Anonim” sözü yazılmışdı.  Zərfin içərisinə də 150 manat pul qoyulmuşdu.

Tariyel fikrə getdi: “Bu kim ola?”

Birdən iş yoldaşlarından Maqsudun sözləri yadına düşdü. Tariyel onlara: “İndi sizi toya çağırmıram, oğlumun toyuna gələrsiniz” deyəndə Maqsud: “Çağırmırsan, çağırma, amma mən toya gələcəyəm”.

Tariyeli gülmək tutdu: “Bu, Maqsudun işi olacaq. Ay xətakar!”

Tariyel düz tapmışdı. Növbəti gün məlum oldu ki, Maqsud Tariyelin gözünü oğurlayıb həqiqətən toyda iştirak etmiş, yaxşıca yeyib-içib, dincəlmiş, kefi saz evinə yollanmışdı.

                                   01 aprel 2021-ci il.


Müəllif:
Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir