Çoxdandır ki, görüşmürük Gəl danışaq, söhbət edək. Danış mənə qalanlardan, Ölənlərdən, Keçənlərdən, Ötənlərdən… Danış göyə sovurulandan, Danış yerdə bitənlərdən Məndən sonra nələr oldu? Nə dəyişdi? Bu dünyanın özəyindən Kimlər doğdu? Kim doğuldu? Bir ara eşitdim ki, Bu yaxında Bir az olar Təzəlikcə Məhəbbətə yelkən açan Bu sevgiyə qucaq açan Neçə – neçə Saysız qədər Sevgililər Eşqə batdı Və boğuldu. İndi söylə… Dəyərimi anlamadın Çıxıb getdin. Dönüşünə nə söyləyim? Mən susuram, Danışırsan, özün danış…
Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb. Mükafat bu gün AYB sədri, Xalq yazıcısı Anar tərəfindən tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana təqdim olunub.
YAZARLAR olaraq, AZƏR müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Azər müəllim!
ÇİÇƏKLƏR, DAĞLAR … və XUDAYAR DASTANI (Zaur Ustac sözünün sehrində) Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil, qızılgül poeziyamızın əbədi obrazlarına çevriliblər. Qurbaninin «Bənövşə»si yüzlərlə bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb, «Heç yerdə görmədim düz bənövşəni» deyib ustad. Xətai qızılgülü candan əziz tutduğu sevgilisinə bənzədib: «Qızılgül, bağü-bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən?». Xan qızı Natəvan qərənfili çiçəklərin ən gözəlinə bənzədib, qərənfillər 20 Yanvar faciəsi günləri bütün Azərbaycanı matəm çiçəkləri kimi bəzədilər: «Qərənfil, şəhid qanı, Ağla, qərənfil, ağla». Lalə isə çöllərimizinn, düzlərimizin qırmızı xalısı kimi hamımıza gözəllik bəxş edirlər, Rəşidin mahnısında yaşayır o lalələr. Şair Zaur Ustac da çiçək sevgilərini şeirlərində dönə-dönə vəsf edir. Onun poeziyasında güllərin, çiçəklərin ayrıca bir hüsnü, lətafəti var- bu güllər, çiçəklər insan qəlbinin təbiətlə vəhdətini əks etdirir. İnsan niyə gül-çiçək aşiqidir, niyə bənövşə ilə həmdərddilər, niyə laləyə – onun gözəlliyinə baş əyirlər, niyə qızılgülləri sevgililin gözəlliyi ilə bir tuturlar? Bu milli-mənəvi dəyərlərimizin bir kriteriyası deyilmi? Poeziyamızda insan-təbiət paraleli – insanda təbiəti, təbiətdə insanı təcəssüm etdirmək klassik poeziyanın da, müasir şeirimizin də aparıcı bir xəttinə çevrilib və bu missiyanı həyata keçirmək Zaur Ustaca da həvalə olunur. Zaur Ustac «Ağçiçəyim» və «Şehçiçəyim» şeirlərində özünün çiçək sevgisini mütləqləşdirir. Əslində, o, bu çiçəkləri vəsf edirkən, metaforik bir üsula əl atır- əslində, onun vəsf etdiyi çiçəklər gözəlliyin özüdür, təbiətin gözəllikdə təcəssümüdür. Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağçiçəyim! «Şehçiçəyim» şeirində isə həm təbiətin bu nadir çiçəyinin-bu canlı gözəlliyin tərənnümü ilə qarşılaşırıq, həm də bu çiçəyin bir sevgili timsalına döndüyü ifadə olunür. Tacısan dünyamda tum çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm nur ləçəklərin, Əqli başdan alan zər Şehçiçəyim… Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönü, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim. Bir kərə, bir anlıq olsa da vüsal, Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətlə yaşamaq, zor Şehçiçəyim… Çiçəklərə sevgi «İnci, qərənfil» şeirində başqa bir məna kəsb edir. «Ağçiçəyim» və «Şehçiçəyim»də gözəlliyə vurğunluq hissi ön plana keçirsə, «İnci, qərənfil»də məhzunluq, çiçəyin halına acımaq duyğusu ilə qarşılaşırıq. Bu da heç şübhəsiz, 20 Yanvar qərənfillərinin təəssüratından irəli gəlir. Olsan da bu işdə ən son müqəssir, Gəl, məndən incimə, inci qərənfil. Utanc çiçəyisən, utanc çiçəyi, İstəsəın lap məndən inci, qərənfil. Şeirdə inci sözü iki məna daşıyır, həm ən bahalı zinət (inci), həm də incimək sözünün kökü (incimək, küsmək) kimi. Şair niyə qərənfilə «qaxınc çiçəyi» deyir? Bəlkə də bu deyimlə razılaşmamaq olar, amma bu «həya örpəyi»nin şəhid qəbirlərinə düzülməsi onu mütəəsir edir. Nəhayət, çiçəklərə sevgi onun «Matah çiçək» şeirində daha bariz nəzərə çarpır. «Matah» sözü burada sırf müsbət mənada işlənir və bütün çiçəklərə aid olur: Əzəldən ağ çiçək dedim, Cəzbində Şehçiçək dedim, Gözlədim, Balçiçək dedim, Bərzəx ruha dağ, çiçəyim, Ay mənim matah çiçəyim. Zaur Ustacın dağlara həsr etdiyi şeirlər də insan-təbiət vəhdətini əks etdirir. «Dağlar» şeiri «Ruhuna min rəhmət, Dədə Ələsgər» epiqrafI ilə başlayır və hiss olunur ki, bu qoşma ustadın poetik ənənəsini davam etdirmək cəhdindən yaranıb. Zaur Ustac təbiətin – gül-çiçəyin zərifliyindən onun zirvəsinə-dağlara yol alır. Amma bu şeirdə Dədə Ələsgər ruhu dolaşsa da, Zaur Ustac dağlara müasir bədii təfəkkürlə yanaşır. Nədəndi, ürəyim çırpınır yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar! «Dağlar» adlı başqa bir şeirdə isə kövrəklik notları qürur hissləri əvəz edir. Artıq işğalda olan dağlar da azad olunub. Və şair Azərbaycan tarixinin zəfər dolu səhifələrini yada salır: Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını Dəmirdən yumruğun mübarək, dağlar! Təbiətin adicə bir yarpağı da şeirə gələ bilər və Zaur Ustac «Yarpaq və torpaq» şeirində Yarpağın və Torpağın obrazlarını yaratmaqla maraqlı bir şeir ərsəyə gətirmişdir: Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq. Zaur Ustac bu günün, yaşadığımız gerçəkliklərin şairidir. Biz onun güllərə, çiçəklərə, dağlara həsr elədiyi şeirlərlə söhbətə başladıq.Yəni şairin zəriflik, kövrəklik hisslərinin təbiət gözəllikləri ilə necə qaynaqlandığını nəzərə çarpdırdıq. Amma Zaur Ustac bir-birindən fərqli müxtəlif mövzularda şeirlər yazır. Bu şeirlərin bir qismi vətənpərvərlik, yurdsevərlik motivləri üzərində köklənib. Onun Mübariz İbrahimova, Polad Həşimova, İlqar Mirzəyevə həsr elədiyi şeirlər bu Milli Qəhrəmanlarımıza poeziyanın bir az hüznlü, amma daha çox qürurla söylənilən xitablarıdır. «Can ay ana» şeində şair Polad Həşimovun anasının oğlunun məzarı önündə düşüncələrini təqdim edir. «Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var». Onun İlqar Mirzəyevə həsr elədiyi bir neçə şeiri var və bu şeirlərin hər birində qəhrəmanlığın tərənnümü ilə qarşılaşırıq: Hər şey belə başladı, Gülə-gülə getmişdin. Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin. Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın. Özün getdin yuxuya, Milyonları oyatdın. İkinci Qarabağ müharibəsinin dillərdə dastan olan qəhrəmanlarından biri də Xudayar Yusizadə idi. Ölümündən qabaq Xudayar sözləri Əliağa Vahidin olan bir mahnı oxuyur. İndi bu mahnı-təsnif «Xudayar təsnifi» adlanır. Zaur Ustac Xudayar haqqında sonetlər çələngi düzüb-qoşub. Sonetlər çələngi düzüb-qoşmaq şairdən istedad tələb edir, gərək bu şeir növünün formal tələblərinə əməl edəsən, həm də on beş sonetdə məzmunu, irəli sürdüyün qayəni, məqsədi sonadək eyni ardıcIllıqla davam etdirəsən. Hər sonetin axırıncı misrası sonrakı sonetin ilk misrasına çevrilir və axırda-on beşinci sonetdə yeni bir sonet yaranır. Fikir tamamlanır. On beşinci soneti (italyan soneti formasında) sizə təqdim edirik: Xudayar çağırdı anan adını, Şəfqətlə əyilib öpdü üzündən. Səni məhəbbətlə bağrına basdı, Oğul ətri gəldi kövrək sözündən. Böyüdün həyatda ər oğlu ərtək, İstədin yurddaşın olsun bəxtiyar. Qarabağ uğrunda gedən savaşda, Adını tarixə yazdın, Xudayar. Şəhidlik köynəyi geydin əyinə, Düşməni almadın heç vaxt eyninə, Qartaltək uçduğun zirvəyə döndün. Səsindən qələbəətri ələndi, Zəfər sevincinə torpaq bələndi, Vətəndə əbədi nəğməyə döndün. Bu yazıda Zaur Ustacın bir sıra şeirlərinin adını çəkə bilərik ki, bu şeirlər onun fərdi üslubu barədə müəyyən təsəvvür yaradır. Fikrimizcə, onun təbiətə, onun ayrı-ayrı fəsillərinə və gözəlliklərinə həsr etdiyi şeirlər daha uğurludur. Hiss olunur ki, Zaur Ustac təbiəti yaxşı duyur, təbiətlə insan akrasındakı vəhdəti də şeirlərinə gətirir. Onun Ali Bavş Komandan İlham Əliyevə, üçrəngli bayrağımıza həsr etdiyi şeirlər də poetik baxımdan sanballıdır. «45» şeirlər kitabında toplanan sevgi şeirləri barədə də xoş sözlər söyləməfk olar, belə ki, Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır. Bu şeirlərin birində onun sevgiyə, sevilən qadına, gözəl qadına münasibəti dolğun şəkildə öz ifadəsini tapır: Gözəl sima, heç gözəllik deyildir, İncə bədən, heç incəlik deyildir, Zərif tellər, heç zəriflik deyildir, Gözəl insan, sən daxilən gözəılsən! «Bütöv Azərbaycan» qəzetində (6 may nömrəsində) Zaur Ustacın yeni şeirləri ilə tanış oldum. «Elə ad verin ki, bəxti yar olsun!!!» şeirində üzünü atalara tutub deyir ki, qız uşaqlarınız dünyaya gələındəonlara uğurlu adları əsirgəməyin, «Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun!». Rəşad Məcidə ünvanladığı «Ağ adam» şeirində Ağdam və Ağcabədi adlarının kökünə varır. Vaqif Mustafazadəyə həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur. Və biz Zaur Ustaca belə gözəl şeirlər yazmaqla yolunu davam etməyi arzulayırıq!
2020-2021-Cİ İLLƏRİN BƏDİİ PUBLİSİSTİKASI Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı şəkildə təsdiqləməkdədir. “Azərbaycan publisistikasının öz missiyasını və funksiyasını necə yerinə yetirdiyini “Ədəbiyyat qəzeti”nin saylarında dərc olunmuş çoxsaylı – həm mövzu, həm ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələri də əks etdirir. Həmin yazılarda dövrün istimai-siyasi hadisələri təhlil olunur, ədəbi-tarixi problemlərə münasibət göstərilir. “Ədəbiyat qəzeti”ndə çıxış edən ədib və publisistlərin bu janrın gündən-günə artan tələblərinə uyğun bir səviyyədə yaradıcılıq məharəti sərgiləməsi, onların publisist yaradıcılığı təcrübəsinin öyrənilməsi vacib nəticələrdən biridir. Ədəbi dünyamızın salnaməçisi sayılan “Ədəbiyyat qəzeti” dərc olunduğu illər ərzində milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə və gələcək nəsillərə ötürməyə çalışmışdır. Sosial-didaktik problemlər məhz elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini tapa bilmişdir. “Ədəbiyyat qəzeti” bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli-ədəbi prosesə orijinal töhfələr verir. Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə Xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, tənqidçi-ədəbiyyatşünaslardan Azər Turan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. “Ədəbiyyat qəzeti” söz, mətbu azadlığını layiqincə qiymətləndirəcək həyatın bütün sahələrinə nüfuz edir, ən müxtəlif sosial-siyasi, tarixi, mədəni, mənəvi-əxlaqi və başqa problemlərlə bağlı düşüncələrin geniş-siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Məsələn, elmi-publisistika janrında yazılar silsiləsində akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan “Qələmin səsi”ndən xalqın sözünə” (16.07.2020), “Gerçək ədəbiyyatın özünütəsdiqi” (20.12.2020), “Dədə Qorqud dünyasına giriş” (09.12.2020), “Bütövlük və genişlik” (20.10.2020) və s. adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur. “Ədəbiyyat qəzeti”ndə təkcə keçən il onlarca müəllifin publisist məqaləsi dərc edilmişdir. Onlardan Nizami Cəfərovun “Ana, getdim, salamat qal!” (S.Vurğunun “Ananın öyüdü” şeiri haqqında (25 iyul 2020), Azər Turanın “Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri” (25 iyul 2020), Esmira Fuad Şükürovanın “Behcətabad xatirəsi” – bir gecəlik intizarın yaratdığı eşq dastanı” (18 sentyabr 2020), Pərvanə Məmmədlinin “Cənubda ədəbi proses” (5 noyabr 2020) və s. adlı məqalələrini uğurlu elmi-publisist araşdırmalarının nəticəsi kimi qeyd etmək istərdik. Vətən müharibəsi dövründə “Ədəbiyyat qəzeti”ndə bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr, pyeslər təqdim olundu. İlqar Fəhminin “Balaca kişilər” poeması (12 noyabr 2020), Elxan Zalın “Qarabağda Səlcuq şikəstəsi” (4 noyabr 2020), Qulu Ağsəsin hələ savaşdan öncə və sırf estetik planda yaratdığı “Şuşa” (23 noyabr 2020) şeirindən sonra qələbə günlərində yazdığı “Ağdam” şeirini də bu sıraya əlavə etmək olar. Rüstəm Kamalın “Müharibə savaşımız və sözümüz” (7 noyabr 2020), Cavanşir Yusiflinin “Müharibə və ədəbiyyat davası” (4 noyabr 2020), Mətanət Vahidin “Qalib ölkənin vətəndaşı olmaq” (19 noyabr 2020), Tehran Əlişanoğlunun “Qalibiyyət və ədəbiyyatın dərsləri” (15 oktyabr 2020), Vaqif Yusiflinin “Poeziya susmur… Vətən əsgərdən başlayır” (Tənqidçinin publisistik qeydləri) (11 noyabr 2020), Elnarə Akimovanın “Yalnız Qarabağ uğrunda” (10 oktyabr 2020), “Şuşada Azan səsi” (16 sentyabr 2020), “Atıldı dağlardan zəfər topları” (16 sentyabr 2020) tənqidi yazılarının predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə baş verən proseslərin analizi təşkil etdi. “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan moderator.az saytına verdiyi müsahibəsində qeyd edir: “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə birgə qəzetin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın ön sözü və tərtibatçılığı ilə “Poeziyada Vətən” adlı özəl sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan ədəbiyyatına daxil oldu. “Ədəbiyyat qəzeti” qalib əsgərin, qalib Azərbaycanın obrazının yaradılmasında iştirak etdi. Bu nümunələrlə ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş Komandanın obrazı yaradıldı. Qəzetin ilk sayından başlayaraq, manşetdən tutmuş, son səhifəsinə qədər müharibənin dinamikası göz önündə sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə xəttinə çevirən türkçülük istiqaməti müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə meydana qoyuldu”. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” 2021-ci il 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb. Akademik İsa Həbibbəyli xüsusi buraxılışın hazırlanmasının zərurəti və əhəmiyyətindən söz açıb: “”Ədəbiyyat qəzeti”nin Nizami Gəncəvi ilinə həsr olunmuş 9 oktyabr saylı buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm. Biz bu xüsusi buraxılış vasitəsilə nizamişünaslıqda gedən prosesləri izləyə bilirik. Bu yalnız elmi məqalələr təqdim edən xüsusi buraxılış deyil. Yalnız tərcümələr meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində bütün yönləri ilə təqdim edir. Burada, həmçinin bu gün nizamişünaslıqda görülən işlərə aid xəbərlər əksini tapıb. Bu gün də proses necə gedir, hansı tədbirlər keçirilir, bu barədə məlumat alırıq. 2021-ci ildə Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə, bu qəzet onu əks etdirə bilir” (26.10.2021). Oxuculara təqdim edilmiş çoxsaylı publisist yaradıcılığı nümunələrinin təhlili göstərir ki, publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimai prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün “ovqatını” müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması və ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır. Publisistik yazılara ümumi bir nəzər saldıqda görürük ki, burada əsas leytmotiv sənətlə həyatın əlaqələrinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu prosesində ədəbiyyatın rolunun artırılması, mədəni inteqrasiya proseslərində iştirakın fəallaşdırılması məsələləridir. Ümumilikdə götürdükdə, qəzetin dərc etdiyi publisist materialların mövzu rəngarəngliyi, məzmun çaları belə deməyə əsas verir ki, müasir bədii publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında, sözün qüdrətinə, publisist təfəkkürə güvənməklə toxunulan problemin həllinə cəhd göstərir və “Ədəbiyyat qəzeti”nin publisistika materialları müasir publisistika yaradıcılığı, mövzu-problematika təkamülü, ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq axtarışları haqqında təsəvvür yaratmağa imkan verir. “525-ci qəzet” həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı publisist düşüncələrin geniş – siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin Xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira Axundova, Sadıq Elcanlı və b. kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir. Çap olunan qəzetlər içərisində “Kredo” da öz dəst-xətti ilə seçilir. Bu gün “Kredo” mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var. “Kredo”da nəinki Azərbaycanın ictimai fəaliyyəti, sənət adamlarının ərsəyə gətirdiyi dərin məzmunlu əsərlər, xalqımızın ictimai-siyasi-mədəni həyatında baş verən yeniliklər, dövlətçiliyimizin inkişafı yolunda aparılan məqsədyönlü işlər, elm-sənət yolunda əldə edilən yeniliklər, Azərbaycan gəncliyinin dünəni, bugünü unudulmaz sənət adamlarının, böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında yetişmiş tarixi şəxsiyyətlərin, repressiya qurbanlarının acınacaqlı, faciəli taleyi, xalq ədəbiyyatının inkişafında misilsiz rol oynayan sənətkarların, aşıqların, ozanların, dahi sənət adamlarının, ən böyük tarixi abidələrimizin, dil-dövlət, dilimizin inkişafında – Azərbaycan dilinin dövlət dili kimi inkişafında gedən müxtəlif dövrlərdəki hadisələri özündə əks etdirən yazılarla zəngindir. Ümumiyyətlə, qəzetin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin qayəsini Qarabağ döyüşü – Qarabağ həqiqətlərinin ölkə ictimaiyyətinə və dünyaya çatdırılması prosesi təşkil edir. Professor Nizami Məmmədovun (Tağısoy) “8 Noyabr Şuşamız azadlıq, Səbuhi şəhidlik zirvəsində qərar tutdu” (10 dekabr 2020), Sevindik Nəsiboğlunun “Şuşa fatehi – Zəfərin oğlu” (07 aprel 2020), Ülvi Aydının “Qarabağ Azərbaycandır”, Əi Rza Xələflinin “Üzü Qarabağa” (23 avqust 2020), Nazim Məmmədovun “Aprel döyüşləri və onun tarixi əhəmiyyəti”, Gülnar Səmanın “Ürəyindən vurulan şəhid” (29 oktyabr 2020) və s. yazılar qəzetin səhifələrində öz əksini tapmışdır. “Hədəf Nəşrləri”nin təsis etdiyi, ədəbiyyat və sənət dərgisi olan “Ustad” jurnalının 2020-ci il 33-cü sayı dərc olunub. “Ustad” jurnalı çoxsaylı mətbu nəşrlər sırasında yenilərdən hesab edilsə də, öz dəst-xəttini dəqiq təyin edə bilmişdir. Jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir”, Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi”, Niyazi Mehdinin “Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya”, Maral Baharın Füzulinin şeirlərinə həsr etdiyi “Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət” yazıları oxunaqlığı, zəruri məqamlara diqqət çəkmə gücü ilə seçilir. Azərbaycan publisistikasının öz vəzifəsini və funksiyasını necə yerinə yetirdiyini “Xəzan” jurnalının saylarında dərc olunmuş coxsaylı ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələrində əks etdirir. “Xəzan” 23 fevral 2016-cı ildən etibarən Azərbaycan nəşriyyat evində dərc olunan ədəbi-bədii jurnaldır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. O, bir nasir və qələm adamı kimi, orijinal dəst-xəttə, özünəməxsus yaradıcılıq üslubuna malik ziyalılarımızdandır. Müharibə veteranıdır. “Xəzan” jurnalı artıq neçə illərdir ki, Azərbaycan oxucusuna Azərbaycan ədəbi-ictimai mühitinə kifayət qədər ardıçıl, professional səviyyədə yazılar təqdim edir. Son iki ildə jurnalda Şahməmməd Dağlaroğlu, Elçin Kamal, Göyərçin Kərimi, Aslan Quliyev, Fərhad Ramizoğlu, Rəhman Bayram, Zaur Ustac, Məhəmməd Əli, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Budaq Təhməz və b. kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. Bu müəlliflərin jurnalda çap olunan əsərlərində yüksək vətənpərvərlik və ziyalılıq hissləri ilk baxışdan duyulur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçisi Dilbər Rzayevanın “Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir. Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi (Fikrət Sadıq yaradıcılığına həsr olunub), Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır. (Aprel-may, say – 33, 2021). “Ulduz” jurnalında publisist fəallığına sövq edən yeni, maraqlı formalar diqqəti cəlb edir. “Ulduz” jurnalının 2021-ci il üçün işıq üzü görən ilk sayı “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn, poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş “Xüsusi buraxılış”dır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır. “Azərbaycan” jurnalında dərc olunmuş publisistik materialların ideya-estetik xüsusiyyətləri, üslub zənginliyi, azadlıq uğrunda mübarizə əhval-ruhiyyəsi, Qarabağda və onun ətrafında baş verən hadisələri təfərrüatı ilə işıqlandırmaq meyili onu göstərir ki, bu jurnal bədii-publisist salnaməsini yaratmağa çalışır, publisistikamızın elmi, ictimai-siyasi mühakimə gücünü artırır, ədəbiyyatımızda yeni forma və üslublar yaradır, bütün bunları diqqətlə və əhatəli surətdə araşdırmaq, heç şübhəsiz ki, müasir ədəbi prosesin tədqiqi vəzifələrini genişləndirəcək və ümumən, ədəbiyyatşünaslıq elmimizin inkişafına öz töhfəsini verəcəkdir” [9.s.14]. Musa Yaqubun son illərdə qələmə aldığı şeirlər, Anarın “Azad bir quşdum” adlı ikiseriyalı bədii filmin ədəbi ssenarisi, Zahid Sarıtorpağın “Köhnə mücrüyə elegiya”, Azər Abdullanın “Çat”, Səyyad Aranın “Başdaşı” romanları, Nurəddin Ədiloğlunun “Bumeranq” povesti, Aydın Tağıyevin “İsrailin Suru hekayəsi”, Sevinc Nuruqızının hekayələri, uşaq ədəbiyyatına dair Qəşəm Nəcəfzadənin “Yeni uşaq söhbəti”, Elnarə Akimovanın “Uşaq ədəbiyyatının yeni qəhrəmanları” məqalələri, “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə yer alan Qorxmaz Quliyev, Südabə Ağabalayeva, Vaqif Yusifli və İntiqam Qasımzadənin müəllif yazıları “Azərbaycan” jurnalında çap olunan maraqlı nümunələrdəndir. İyul-avqust nömrəsi yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunmuşdu. Elnarə Akimovanın “Sabir Əhmədli – yaralarına sığınıb yaşayan adam” adlı yazısı jurnalın ən maraqlı yazılarından oldu. Beləliklə, yuxarıda adları çəkilmiş qəzet və jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni təyinatı əsas götürülmüş, ümumiyyətlə milli publisistik fikrin inkişaf tarixində və müstəqillik dövründə jurnal publisistikasının ideya-estetik prinsiplərini müəyyənləşdirir, yeni dövrdə onun mövzu dairəsini, ideya-bədii istiqamətləri işıqlandırılmışdır.
ZAUR USTACIN YURD HƏSRƏTİ (Ağdama-Yusifcanlıya dönəcəyimiz günü həsrətlə gözləyirik) Salam olsun, çox dəyərli oxucum! Min şükür Böyük Allaha. Nəhayət, belə bir mövzuda yazı yazmaq qismət oldu. Sözün əsl mənasında bu çox ağrılı məsələ idi. Mənim ötən əsrin 90-cı illərində yazdığım bir şeir dəftəri var. O dəftəri öz aləmimdə “Məhrəm” adlandırıb, orada yazılmış şeirləri heç yanda dərc etdirməmişəm. Bu şeirlərin əksəriyyəti vaxtı ilə Şuşa, Laçın işğal olunarkən qələmə aldığım şeirlərdir. Ağdamın yoxluğunu isə hətta işğal altında olduğu zamanlarda belə qəbul edə bilmədim… Ağdamın işğalı ilə, qəm-kədəri ilə bağlı heç nə yaza bilmədim. Məncə bu düşüncə ilə bağlı olan məsələdir. Kənd camaatı iki gün təntənəli şəkildə bizim həyətdə toplaşıb hal-xoş edəndən sonra 4 aprel 1993-cü ildə Ağdam rayonun Yusifcanlı kəndindən məni əsgərə yola saldılar… 1 iyun 2022-ci il, axşam saat 17:15 özümü hələ də əsgərdə hesab edirəm… Mən tərxis olub kəndimə, doğma Yusifcanlıya qayıdacağım günü böyük səbrsizliklə gözləyirəm… Yusifcanlı mənim dünyaya göz açdığım, dünyanı tanıdığım, söz, ədəb, elm öyrəndiyim müqəddəs məkandır. Bu yazı indi nəyinsə xatirinə yazılmış, boğazdan yuxarı ibarələrlə dolu süni bir mətn, söz yığını deyil. Bunun belə olmadığını şanlı zəfərimizlə yekunlaşmış 44 günlük müharibədən əvvəl, müharibə dövründə və eyni zamanda qələbədən sonra müxtəlif mətbu orqanlarda dərc olunmuş yazılarım (şeirlər də) təsdiq edir. Ötən günlərimə, düşüncələrə sizinlə birlikdə yazılı mənbələr üzərindən səyahət etmək istəyirəm. Birinci müharibədən əvvəl “ta bıçağın sümüyə dayandığına”, dözməyə, gözləməyə səbr qalmadığına işarə edən yazılara nəzər yetirək. “Köçkün (qaçqın) olmaq nə deməkdir?!”, “Ədalət”,23.07.2019, say: 125 (5589), s.6. – bu yazı ilə tam şəkildə sadəcə adını yazmaqla internet üzərindən tanış olmaq olar. Burada sizə sadəcə sonluqda olan qısa bir hissəni təqdim etmək istəyirəm: “…2002 – ci ildən Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə, qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…” İlk dəfə 2011-ci ildə dərc olunmuş və bu günə qədər 6 (altı) dəfə nəşr olunaraq, müxtəlif layihələr çərçivəsində Azərbaycanın, ayrıca olaraq dəfələrlə Ağdamın kitabxanalarına məktəblərinə paylanmış “Oriyentir ulduzu” povestinin əvvəlinə və sonluğuna diqqət yetirək (bu kitabın da elektron variantı ilə sadəcə Zaur Ustac – Oriyentir ulduzu yazmaqla tanış olmaq olar): “…Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” ƏMRİNİ VERSƏYDİ!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. …” və ya “…Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sağ böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi, hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza,-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kəlmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə… İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir… 07-21 fevral 2011. BAKI. …” Müxtəlif mətbu orqanlarda və kitablarda dəfələrlə çap olunmuş şeirlər: (“Dağlar” şeirindən) Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar! * * * Ustac bulud kimi dolub, ağlamır, Köksünün yarası qaysaq bağlamır, Bir bilsən, ruhumu nələr çuğlamır, Doğacaq nə zaman Hilalın, dağlar?! 07.05.1995. Marağa. (“Şəhid haqqı” şeirindən) Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı. 44 günlük müharibənin gedişində Müzəffər Ali Baş Komandanla, xalqla, ordu ilə həmahəng olan qələm şanlı qələbəmizdən sonra da yurd həsrəti ilə çırpınan qəlbin istək və arzularından yazdı: (“Dağlar” şeirindən) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! 22.01.2021. Bakı. və ya “Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11. : “…Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək …” Sonda “Kredo” qəzeti, 20.04.2022, say: 16 (1096), s.15. və “Həftə içi” qəzeti, 21-27.04.2022, say: 15 (3431), s.8. “Vallah, kəhrizdən ayıbdı…” şeirində: “…Kol-kos basmış arxların İtib bəndi-bərəsi… Məni görcək deməzmi, – Hanı bunun dəhrəsi!?-…” HAŞİYƏ: Mən 1991 –ci il Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin məzunuyam. Sinfimizdə 17 oğlan var. Demək olar ki, səhəti imkan verənlərin hamısı Qarabağ Müharibəsinin iştirakçısıdır. Hər il məzun günü toplaşırıq, Azərbaycanın dilbər guşələrini gəzirik. Harda olsaq, süfrədə nə olsa da Yusifcanlıda məktəbli olarkən Böyük Bağda limonadla kökə yeməyimizdən danışıb o günlərin həsrətini çəkirik… İndi o bağ-bağatdan, kəndimizdən əsər-əlamət qalmadığını fakt olaraq bilsək də, düşüncə sanki bu reallığı qəbul etmək istəmir… 45-48 yaşlı kişilər 14-16 yaşlı uşaqlığımızın o yerlərdə bizi gözlədiyinə inanırıq və bu həsrətin bitməsini səbirsizliklə gözləyirik… Harada yaşamağımızdan asılı olmayaraq bu gün hamımız yolüstəyik… Gözümüz Qarqarın o tayında olmayan bağlarda, göz dağı dağlarda qalıb… İndi icazənizlə qayıdıram söhbətimizin əvvəlidəki “Məhrəm” adlandırdığım dəftərdəki şeirlərimə o şeirləri bu ötən 30 (otuz) il ərzində ona görə heç vaxt çap etdirmədim ki, bir gün bütün bunların tarix olacağına inanınrdım və inanırdıq. “93-ün yayı və ya bir qaşıq qatıq”, “Qarqara çıxılan gün” kimi mətnlər bizim yurd həsrətinin, sarsılmaz iradəmizin, mübariz düşüncəmizin məhsulu idi… Ancaq bütün bu inamla bərabər içimizdə vaxtın uzanması qorxusu var idi… Şükür indi belə problem yoxdur. Əsas məsələ həll olunub. Ərazi bütövlüyümüz bərpa olunub. İndi qalır ulu Dədə Qorqud tövsiyəsi gərəyi yurdu abadlaşdırmaq. Biz inanırıq ki, tezliklə Müzəffər Ali Baş Komandan möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu işin də öhdəsindən uğurla gələcəyik. PS. Bu yazının bəzi qeydləri Bakıda, bir hissəsi uşaq vaxtı qoyun otardığımız, çimdiyimiz Qarqar çayının sahilində, müəyyən məqamları da Ağdamdan Murova qədər olan dağların seyrangahında yazılıb. Bu günə şükür. 24.05-01.06.2022. Bakı, Ağdam, Göygöl.
VALLAH, KƏHRİZDƏN AYIBDI… Turist kimi gəzmişəm, Qarış-qarış Yurdumu! Hələ yada salmıram, Süründüyüm Ordumu! * * * Əlimdə qayçı, dəryaz, Toz-torpaq uda-uda! İstəyirəm mən dönəm, Nisgilli, dərdli Yurda! * * * Gözümüzü açandan, Eşitdik; “Araz”, “Araz”… O vaxtlar Qarqar bizə, Dayaz idi, damdayaz… * * * İndi keçilməz olub, Dərindən də dərindi… Yeganə təsəllimiz, Bu dərdimiz sərindi… * * * Bir də ümid çırağı, Qurumayan o kəhriz… O vaxtlar düşünərdik, -“Nə ərköyün bu kəhriz…”- * * * Kənkanlarla qol-boyun, Yaşamaqdan zövq alır. Onlar nazın çəkməsə, Suyu tez-tez azalır… * * * İndi bu fikrə görə, Utanıram özümdən… Düz otuz il sərasər, Yaş axıdıb gözündən… * * * Arınıb zir-zibildən, Xirtdəyinə çıxsa da… Axıdıb göz yaşını, Öz içinə axsa da… * * * İndi mən o kəhrizin Yanına turist kimi… Yaxası zınqırovlu, Muncuqlu artist kimi… * * * Necə gedim, a millət!? Dilə gəlib deməzmi: -Hanı sənin külüngün?!- Göz yaşını yeməzmi?! * * * Ya evimin divarı, Qarqarın qara daşı, Şahbulağın ağ daşı, Atıb-tutmazmı başı?! * * * Soruşmazmı, nə vaxtdır, Hardasan, “İşlərbaşı”!? Qalmayıb xanəgahın, Artıq daş üstə daşı… * * * Hanı malan, şuğulun!? Ya isgənən, sığırğan!? Neçə vaxtdır, hardasan!? -Budra hamı bağrı qan… * * * Bəlkə də kəhriz kimi, Arılar da vəfalı… Kötüklər ta çürüyüb, Pətək arar səfalı… * * * Kol-kos basmış arxların İtib bəndi-bərəsi… Məni görcək deməzmi, -Hanı bunun dəhrəsi!?- * * * İndi mən o kəhrizin Yanından turist kimi… Yaxası zınqırovlu, Muncuqlu artist kimi… * * * Ötüb keçə bilmərəm, Bəlkə bir “ajıqıjı” İllərdi yol gözləyir, -Harda qaldı bu “Qıjı”!? * * * Məndən dastan gözləyən, Mən “Zəfər dastanım”ı Bax, orda yazacağam, -Əkəcəm bostanımı… * * * Hər tutumu çırpanda, Ya da üzüm dərəndə… Axtalıq zoğalları Kölgəliyə sərəndə… * * * Gözü bıçaqlı əzgil Batsın sənin gözünə… Buz quyumdan içməmiş Söz baxarmı sözümə!? * * * Ən sonuncu adamsan, Bu işdən söz açmağa! Qısqı bərk gələn kimi, Yer gəzərsən qaçmağa… * * * Öz işinlə məşğul ol!!! Qoy, dərdli dərdin çəksin… Gilas da dəriləcək, Döz, barı bir ting əksin… 17.04.2022. – Bakı.
MƏNİMÇÜN Vətən, sənə sevgim zərrə azalmaz, Şəfalı ocaqsan, pirsən mənimçün. Varlığından dəyərli bir ləl olmaz, Qiymətli incisən, dürsən, mənimçün. * * * Fələk məni qoynunda ac qoysa da, Könlüm ahın külək ərşə yaysa da, Kədər yıxıb, dərdlər kəsib soysa da, Ən əziz məkansan, yersən mənimçün. * * * Haqq bilir ki hal əhliyəm gözüm tox, Qəlbim səni Ana bilib, sevir çox. Gül üzündə noxud boyda ləkən yox, Dağ başında bəyaz qarsan, mənimçün. * * * Rahim deyir, nəfəsimsən canımsan, Şərəfimsən, şöhrətimsən, şanımsan. Damarımda axan qızıl qanımsan, Sakit Araz, coşan Kürsən, mənimçün. Ağdam-15.06.2022.
GÖZƏLƏ GÖZƏL DEMƏSƏN Dil quruyar, dodaq əsər, Şux mələklər səndən küsər, Diş qıcanıb səbri kəsər, Gözələ, gözəl deməsən. * * * Təbin özün yetim sanar, Duyğuların odda yanar. Qələm əldən düşüb sınar, Gözələ, gözəl deməsən. * * * Ruhun səkib göyə uçmaz, Dərd əriyib kədər qaçmaz. Günəş yerə şəfəq saçmaz, Gözələ, gözəl deməsən. * * * Sevən aşiq kama yetməz, Bülbül eşqlə dil-dil ötməz, Tanrı dərdə dava etməz, Gözələ, gözəl deməsən. * * * Rahim, yatan Div oyanar, Gül-Çiçək qana boyanar. Araz axmaz, Kür dayanar, Gözələ, gözəl deməsən..! Ağdam-13.06.2022.
ÜRƏYİMDƏ BİR ARZU VAR Ürəyimdə bir arzu var, dodaqları çat-çat olub, Kaş dözüb tab gətirə şır-şır axan çaya qədər. Qışı dərdsiz keçirib, mərdlik ilə çıxsa yaza, Sevinib şad olaram pöhrələsə yaya, qədər. * * * Sevgisi gur yağışdır, məhəbbəti içində qar, Yağarsa, səxavətlə ehsan edər bəxtimə bar. O qədər xoş məramı, dürlü-dürlü istəyi var, Çin olsa, nur saçacaq al Günəşdən, Aya qədər. * * * Rahimə qismət olsa, lütf eləyib qəmdən alar, Bu arzu qəlb evimə içıq çəkib, duyğu salar. Dünyam kökdən dəyişər həyat dönüb Cənnət olar, Könlümdə sağ yaşasa, fələk sayan saya qədər.! Ağdam-11.06.2022.
YAŞADIM Kədər hərdən zəmi kimi biçsə də, Ruhum, süzüb göz yaşımı içsə də, Ömrüm, günüm kasıblıqla keçsədə, Coşub daşan bir sel ömrü, yaşadım. * * * Hissim, duyğum hər işimə yaradı, İlham-Pərim göydən enib aradı. Saçlarımı şux mələklər daradı, Xumarlanıb, bir tel ömrü yaşadım. * * * Vəcdə gəlib ələ qələm götürdüm, Hər fəsildə qəlbdə Çiçək bitirdim. Qara yaya, ağ sərinlik gətirdim, Həzin əsən, bir yel ömrü yaşadım. * * * Öz elində çox nadanlar gördü göz, Ürək dedi, həyat budur qorxma döz. Büdrəmədi, qəm yükünü çəkdi diz, Kötan sürən, bir Kəl ömrü yaşadım. * * * Rahim, artıq tamah nədir bilmərəm, Fələk məni Şah eyləsə, gülmərəm. Bir də çaşıb dünya, sənə gəlmərəm, Bəsdir yetər, bir Gül ömrü, yaşadım.! Ağdam-07.06.2022.
GÜLÜM HƏSRƏT ÜZÜR MƏNİ Yaşamağa halım yoxdur, Gülüm, həsrət üzür məni. Kədər yenə eşqlə baxır, Məhəbbətlə süzür, məni. * * * Bəsləyir hələ sayğılar, Bəxt vermir özgə qayğılar. Cəm gəlir indi duyğular, İlmə-ilmə çözür məni. * * * Nə tab qalıb nə də səbir, Ruh səmaya özün təpir. Dərib göydə sevgi səpir, Qəmim, yerdə gəzir məni. * * * Rahim üzgün, qeydinə qal, Bir gün yolun yurduna sal. Gəl, bu dərdin əlindən al, Qurbanlıq tək kəsir, məni.! Ağdam-04.06.2022.
YAVAŞ-YAVAŞ Sevgi olan canda, duyğu od saçar, Durular damarda qan yavaş-yavaş. Ürəyi tərk edib bəd hisslər qaçar, Sökər qaranlığı dan yavaş-yavaş. * * * Dönüb zilə çıxan şeyda Bülbülə, Nəzər yetirməyib, özgə bir gülə, Ruhun səmalardan enib eşq ilə, Tutar yar bağına yön yavaş-yavaş. * * * Gözlərin zillənib yol çəkən zaman, Hər gələn öz pərin, eyləyib güman. İçindən sel keçər, çölündən duman, Düşərsən elindən gen, yavaş-yavaş. * * * Rahim, qəlbdə açsa sevgi gülləri, Kim deməz, kaş dərə bir Qız əlləri. Bir gün qəm gətirib, həsrət yelləri, Salar saçlarına, dən, yavaş-yavaş.! Ağdam- 22.05.2022.
MƏNDƏN ŞEİR UMMASALAR Qəlbim yanıb dönsə külə, Hissim, duyğum çıxsa zilə, Yazmazdım bir kəlmə belə, Məndən, şeir ummasalar. * * * Qəm yükün çatıb kürəyə, Zülüm verməzdim, ürəyə. Qoymazdım şam tək əriyə, Məndən şeir ummasalar. * * * Ruhun göz yaşın silərdim, Şad olub deyib gülərdim. Sevincin dadın bilərdim, Məndən, şeir ummasalar. * * * Oyanıb tezcə durmazdım, İlham-Pərimi yormazdım. Gecələr xəyal qurmazdım, Məndən şeir ummasalar. * * * Dərd-kədəri çəkib dara, Nə sevgim var verib yara. Üz tutardım gəldi hara, Məndən, şeir ummasalar.! Ağdam-20.05.2022.
Şair, jurnalist, müəllim və 2-ci Vətən müharibəsi iştirakçısı Emin Piri, müasir Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən uğurlu imzalarındandır. Şairin yaradıcılığı haqqında ədəbiyyatçılar, tənqidçilər yetərincə dolğun fikir söyləmiş, məqalələr yazmışlar. Təkrarçılıq olmasın deyə onların toxunduqları mövzular haqda yazmamağa çalışdım. Bir oxucu kimi öz müşahidəmi, təəssüratımı qələmə almaq istədim.
Emin Pirini təxminən yeddi il əvvəl bir tədbirdə görmüşdüm. Sakit təbiətli, müşahidəçi, həyalı bir görkəmi var idi. Demək olar ki, heçnə danışmadı. (hərçənd ki, dostları onun çoxdanışan, ünsiyyətcil olduğunu deyirlər) Sonuncu dəfə isə təxminən bir ay əvvəl şairlə Sumqayıtda təşkil olunmuş tədbirdə görmüşdüm. Eyni susqunluq, eyni həyalı, təmkinli sima. Müəyyən qədər geniş sosial çevrəsi olan Emin Piri simasındakı saflığı necə qoruya bilmişdi? Axı peşələrin insanın xarakterinə və şəxsiyyətinə müəyyən qədər sirayət etdiyini bilirik. Kim idi, nə idi Emin Pirinin sirri?
Şairin qələmini “Mən qütb soyuğuyam” şeiri ilə sevmişəm.
“Məndən baş çıxara bilmir
Öz doğmaca anam belə
Sənə də qəribə gəlir
Nə təhər insanam belə”
Burada şair anasının onun haqqında olan təəssüratından söhbət açaraq şeirdə insan xislətinin dəyişməyəcəyini vurğulayır.
Daha sonra bir məktəblinin dilindən təbəqələşmənin ağrı – acısını söyləyən, ən böyük dəstəkçisinin anası olduğunu vurğulayan, sosial mesaj ötürən” Üç alma” şeirində şair yazır :
Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söyləyərdi,
göydən üç alma
düşməzdi nağıllarda
deməzdi bunu anam –
birdən ürəyimiz alma
istəyər…
Şairin 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “Sən azadsan” şeirinin ilk misralarına baxaq (şair xatirələrindən birində cəbhəyə yollanmamışdan əvvəl anasının onun saçına xına qoyduğunu yazır, bu inancla ana oğlunun sağ salamat geri dönəcəyinə ümid edir) :
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan
uzaqlıq
deyir :
Sən azadsan
* * *
Günlərdir danışmırıq
bilirəm, narahatsan, ana.
Vətəni uğrunda ölümlə göz gözə, nəfəs nəfəsə dayanan şair, ölümdən qorxmur, özünü yox, anasını düşünür, onun nigarançılığına üzülür.
Bundan başqa “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!. ” (maraqlıdır ki, şair burda ana obrazı olaraq əsgər anasını yox, əsgərin sevgilisinin anasını göstərir, əsgərə məktub yazan qızın anası öz balası üçün narahat olur, gecə niyə yatmadığının səbəbini soruşur. Atalar əbəs yerə deməyib ki, ağlarsa anam ağlar, gerisi yalan ağlar.), “Ayağım özümdən qeyrətli çıxdı”, “Atəşkəs”, “Allahın zarafatı” şeirlərinin hamısında ana obrazı var.
Şeirlərinin birində Allahı sevməyə qorxduğunu deyən şair digər bir şeirində Allahı Tanrıya əmanət edir. “Tanrı Səni qorusun, Allah! ” deyir. Burada İslam dinindən çox-çox əvvəl Türklərin sitayiş etdiyi Tanrıçılığın (Tengrinin) izlərini görürəm. Və nəzərə alsaq ki, qadın – ana İslamla müqayisədə Tengriçilikdə daha qutsaldır, yəni Tengridə matriarxal düşüncə tərzi, islamda isə patriarxal düşüncə ön plandadır. (bu islam hüququnun miras bölgüsündə daha aydın görünür)! Şairin anaya olan ülvi məhəbbətinin, sevgisinin Tanrıçılıqdan qaynaqlandığını düşünə bilərik.
Maraqlıdır ki, ata obrazına şairin yalnız bir şeirində və ilk, hələki həm də tək hekayəsi olan “Əyyaş ata” da rast gəlmişəm. “Dünyanın ən təmiz yalanı” şeirində şair deyir :
Yağma qar,
yağma
əlcəyim olmasa da
əllərim üşümür mənim
atamın
“daha yeddi yaşın var
böyük kişisən
heç kişi də əlcək taxar?!”
sözləri üşüdür məni.
(Burda yeddi rəqəmi də təsadüfi deyil, belə ki, psixoloqlar insanın formalaşmasının ilkin və əsas mərhələsini 0-7 yaş aralığında götürürlər. Və insan yeddisində nədirsə yetmişində də odur məsəli burdan qaynaqlanır.)
Sosial problemlərin ağuşunda çarəsiz qalan atanın məsum yalanı obrazın ruhunu üşüdür. O atasını anlayır, amma anası ilə dostlaşır. Çünki ana obrazı ona heç yalanın məsum olanını da danışmır, sadəcə dəstək olur, aralarında güvəndən, inamdan yaranan möhkəm bir bağ var. Və yenə əvvəl də qeyd etdiyim kimi “Əyyaş ata” hekayəsində daha bir ata obrazı var, əyyaş ata içki ala bilmək üçün qəhrəmanın anasını döyüb, zorla nişan üzüyünü əlindən alanda qadın qayıdır ki, “heç olmasa uşaqlara da nəsə al”, biz bu səhnədə də qadınlığını analığına, övladlarına qurban vermiş fədakar, cəfakeş ana obrazı görürük.
Şairin qadını qınaq obyektinə çevirməsini isə “Abort stolunda yalvaran körpə” şeirində görürük, şair burada qadını ana olmaq istəmədiyi üçün, bətnindəki körpəyə qıydığı üçün qınayır. Və bundan da bir daha aydın olur ki, şairin əsas obrazlarından biri fədakar, cəfakeş ana obrazıdır.
Daha maraqlı bir məqam da odur ki, səngərdə komandir Piriyevin hədəfi düşmən cəbhəsi, düşmən əsgəri olsa da, şair Emin Piri Allahla haqq hesab çəkir, (atalar yaxşı deyib ki, uman yerdən küsərlər) . Hərbi xidmətdə olduğu dövrdə canlı şahidi olduğu bir səhnəni qələmə aldığı “Sağ qalan varmı?!” şeirində fevral şaxtasında üşüyən güllə isinmək üçün əsgər sinəsi axtarır. 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “O na məktub” şeirində isə “ürəyi istidən sıxılan bir düşmən mərmisi mayorumuzun ürəyində sərinlədi ” deyir . Bu humanizm də onun şeirlərini bəşəriləşdirir.
Bu yaxınlarda şair sosial şəbəkələrdən birində uşaqlıq xatirələrindən birini paylaşaraq yazır : “Anam mənə toplama – çıxmanı fındıqla öyrətmişdi. Ən çox sevdiyim çıxma əməli idi. Məsələn, on fındıq qoyurdu, deyirdi birini ye, neçəsi qaldı? Mən də birini yeyirdim, qalanlarını sayırdım. Beləcə öyrənirdim. Anama deyirdim ki, üstəgəllərdən sual vermə, ancaq çıxmalardan soruş. Həyatda da çox şey belədir” yazır. Mən bu sətirləri oxuyanda həm də türkcədə oğlumun ev tapşırığını yazdırırdım. Tapşırıq Atatürk haqqında verilmiş mətnlə bağlı sualları cavablandırmaq idi. Mətndə yazılmışdı ki, balaca Mustafa (M. K. Atatürk nəzərdə tutulur) atasının ölümündən sonra anası və bacası ilə birgə dayısının fermasına köçür və orda tarlada gözətçi olur, təhsildən uzaq düşür, bu vəziyyətə anası Zübeydə xanımın ürəyi dözmür, Mustafanın təhsil alması üçün bütün çətinliklərə baxmayaraq Selanikə geri dönür və beləliklə M. K. Atatürk təhsilinə davam edir. Elə həmin məqamda mən Emin Pirinin təmkinli görkəminin, həyalı simasının sirrini çözmüş oldum. Bu sirr kim idi? Ana idi. Şairin ilk müəllimi olmuş anası idi. Bu sirr nə idi? Zamanında verilmiş doğru, düzgün tərbiyə, təhsil idi. Emin Piri – möhtəşəm bir ananın əsəridir. Vətən anadan başlayır deyirlər. Vətən, xalq öz qeyrətli, vicdanlı, mübariz oğullarını layiqli, gözəl analara, Zübeydə analara borcludur. Əllərinizdən öpürəm, gerçək analar, gözəl analar.