VAQİF YUSİFLİ YAZIR

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ÇİÇƏKLƏR, DAĞLAR … və XUDAYAR DASTANI
(Zaur Ustac sözünün sehrində)
Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil, qızılgül poeziyamızın əbədi obrazlarına çevriliblər. Qurbaninin «Bənövşə»si yüzlərlə bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb, «Heç yerdə görmədim düz bənövşəni» deyib ustad. Xətai qızılgülü candan əziz tutduğu sevgilisinə bənzədib: «Qızılgül, bağü-bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən?». Xan qızı Natəvan qərənfili çiçəklərin ən gözəlinə bənzədib, qərənfillər 20 Yanvar faciəsi günləri bütün Azərbaycanı matəm çiçəkləri kimi bəzədilər: «Qərənfil, şəhid qanı, Ağla, qərənfil, ağla». Lalə isə çöllərimizinn, düzlərimizin qırmızı xalısı kimi hamımıza gözəllik bəxş edirlər, Rəşidin mahnısında yaşayır o lalələr.
Şair Zaur Ustac da çiçək sevgilərini şeirlərində dönə-dönə vəsf edir. Onun poeziyasında güllərin, çiçəklərin ayrıca bir hüsnü, lətafəti var- bu güllər, çiçəklər insan qəlbinin təbiətlə vəhdətini əks etdirir. İnsan niyə gül-çiçək aşiqidir, niyə bənövşə ilə həmdərddilər, niyə laləyə – onun gözəlliyinə baş əyirlər, niyə qızılgülləri sevgililin gözəlliyi ilə bir tuturlar? Bu milli-mənəvi dəyərlərimizin bir kriteriyası deyilmi? Poeziyamızda insan-təbiət paraleli – insanda təbiəti, təbiətdə insanı təcəssüm etdirmək klassik poeziyanın da, müasir şeirimizin də aparıcı bir xəttinə çevrilib və bu missiyanı həyata keçirmək Zaur Ustaca da həvalə olunur.
Zaur Ustac «Ağçiçəyim» və «Şehçiçəyim» şeirlərində özünün çiçək sevgisini mütləqləşdirir. Əslində, o, bu çiçəkləri vəsf edirkən, metaforik bir üsula əl atır- əslində, onun vəsf etdiyi çiçəklər gözəlliyin özüdür, təbiətin gözəllikdə təcəssümüdür.
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!
«Şehçiçəyim» şeirində isə həm təbiətin bu nadir çiçəyinin-bu canlı gözəlliyin tərənnümü ilə qarşılaşırıq, həm də bu çiçəyin bir sevgili timsalına döndüyü ifadə olunür.
Tacısan dünyamda tum çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan zər Şehçiçəyim…
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönü, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim.
Bir kərə, bir anlıq olsa da vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətlə yaşamaq, zor Şehçiçəyim…
Çiçəklərə sevgi «İnci, qərənfil» şeirində başqa bir məna kəsb edir. «Ağçiçəyim» və «Şehçiçəyim»də gözəlliyə vurğunluq hissi ön plana keçirsə, «İnci, qərənfil»də məhzunluq, çiçəyin halına acımaq duyğusu ilə qarşılaşırıq. Bu da heç şübhəsiz, 20 Yanvar qərənfillərinin təəssüratından irəli gəlir.
Olsan da bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil.
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsəın lap məndən inci, qərənfil.
Şeirdə inci sözü iki məna daşıyır, həm ən bahalı zinət (inci), həm də incimək sözünün kökü (incimək, küsmək) kimi. Şair niyə qərənfilə «qaxınc çiçəyi» deyir? Bəlkə də bu deyimlə razılaşmamaq olar, amma bu «həya örpəyi»nin şəhid qəbirlərinə düzülməsi onu mütəəsir edir. Nəhayət, çiçəklərə sevgi onun «Matah çiçək» şeirində daha bariz nəzərə çarpır. «Matah» sözü burada sırf müsbət mənada işlənir və bütün çiçəklərə aid olur:
Əzəldən ağ çiçək dedim,
Cəzbində Şehçiçək dedim,
Gözlədim, Balçiçək dedim,
Bərzəx ruha dağ, çiçəyim,
Ay mənim matah çiçəyim.
Zaur Ustacın dağlara həsr etdiyi şeirlər də insan-təbiət vəhdətini əks etdirir. «Dağlar» şeiri «Ruhuna min rəhmət, Dədə Ələsgər» epiqrafI ilə başlayır və hiss olunur ki, bu qoşma ustadın poetik ənənəsini davam etdirmək cəhdindən yaranıb. Zaur Ustac təbiətin – gül-çiçəyin zərifliyindən onun zirvəsinə-dağlara yol alır. Amma bu şeirdə Dədə Ələsgər ruhu dolaşsa da, Zaur Ustac dağlara müasir bədii təfəkkürlə yanaşır.
Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
«Dağlar» adlı başqa bir şeirdə isə kövrəklik notları qürur hissləri əvəz edir. Artıq işğalda olan dağlar da azad olunub. Və şair Azərbaycan tarixinin zəfər dolu səhifələrini yada salır:
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını
Dəmirdən yumruğun mübarək, dağlar!
Təbiətin adicə bir yarpağı da şeirə gələ bilər və Zaur Ustac «Yarpaq və torpaq» şeirində Yarpağın və Torpağın obrazlarını yaratmaqla maraqlı bir şeir ərsəyə gətirmişdir:
Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq.
Zaur Ustac bu günün, yaşadığımız gerçəkliklərin şairidir. Biz onun güllərə, çiçəklərə, dağlara həsr elədiyi şeirlərlə söhbətə başladıq.Yəni şairin zəriflik, kövrəklik hisslərinin təbiət gözəllikləri ilə necə qaynaqlandığını nəzərə çarpdırdıq. Amma Zaur Ustac bir-birindən fərqli müxtəlif mövzularda şeirlər yazır. Bu şeirlərin bir qismi vətənpərvərlik, yurdsevərlik motivləri üzərində köklənib. Onun Mübariz İbrahimova, Polad Həşimova, İlqar Mirzəyevə həsr elədiyi şeirlər bu Milli Qəhrəmanlarımıza poeziyanın bir az hüznlü, amma daha çox qürurla söylənilən xitablarıdır. «Can ay ana» şeində şair Polad Həşimovun anasının oğlunun məzarı önündə düşüncələrini təqdim edir. «Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var». Onun İlqar Mirzəyevə həsr elədiyi bir neçə şeiri var və bu şeirlərin hər birində qəhrəmanlığın tərənnümü ilə qarşılaşırıq:
Hər şey belə başladı,
Gülə-gülə getmişdin.
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin.
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın.
Özün getdin yuxuya,
Milyonları oyatdın.
İkinci Qarabağ müharibəsinin dillərdə dastan olan qəhrəmanlarından biri də Xudayar Yusizadə idi. Ölümündən qabaq Xudayar sözləri Əliağa Vahidin olan bir mahnı oxuyur. İndi bu mahnı-təsnif «Xudayar təsnifi» adlanır. Zaur Ustac Xudayar haqqında sonetlər çələngi düzüb-qoşub. Sonetlər çələngi düzüb-qoşmaq şairdən istedad tələb edir, gərək bu şeir növünün formal tələblərinə əməl edəsən, həm də on beş sonetdə məzmunu, irəli sürdüyün qayəni, məqsədi sonadək eyni ardıcIllıqla davam etdirəsən. Hər sonetin axırıncı misrası sonrakı sonetin ilk misrasına çevrilir və axırda-on beşinci sonetdə yeni bir sonet yaranır. Fikir tamamlanır. On beşinci soneti (italyan soneti formasında) sizə təqdim edirik:
Xudayar çağırdı anan adını,
Şəfqətlə əyilib öpdü üzündən.
Səni məhəbbətlə bağrına basdı,
Oğul ətri gəldi kövrək sözündən.
Böyüdün həyatda ər oğlu ərtək,
İstədin yurddaşın olsun bəxtiyar.
Qarabağ uğrunda gedən savaşda,
Adını tarixə yazdın, Xudayar.
Şəhidlik köynəyi geydin əyinə,
Düşməni almadın heç vaxt eyninə,
Qartaltək uçduğun zirvəyə döndün.
Səsindən qələbəətri ələndi,
Zəfər sevincinə torpaq bələndi,
Vətəndə əbədi nəğməyə döndün.
Bu yazıda Zaur Ustacın bir sıra şeirlərinin adını çəkə bilərik ki, bu şeirlər onun fərdi üslubu barədə müəyyən təsəvvür yaradır. Fikrimizcə, onun təbiətə, onun ayrı-ayrı fəsillərinə və gözəlliklərinə həsr etdiyi şeirlər daha uğurludur. Hiss olunur ki, Zaur Ustac təbiəti yaxşı duyur, təbiətlə insan akrasındakı vəhdəti də şeirlərinə gətirir. Onun Ali Bavş Komandan İlham Əliyevə, üçrəngli bayrağımıza həsr etdiyi şeirlər də poetik baxımdan sanballıdır. «45» şeirlər kitabında toplanan sevgi şeirləri barədə də xoş sözlər söyləməfk olar, belə ki, Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır. Bu şeirlərin birində onun sevgiyə, sevilən qadına, gözəl qadına münasibəti dolğun şəkildə öz ifadəsini tapır:
Gözəl sima, heç gözəllik deyildir,
İncə bədən, heç incəlik deyildir,
Zərif tellər, heç zəriflik deyildir,
Gözəl insan, sən daxilən gözəılsən!
«Bütöv Azərbaycan» qəzetində (6 may nömrəsində) Zaur Ustacın yeni şeirləri ilə tanış oldum. «Elə ad verin ki, bəxti yar olsun!!!» şeirində üzünü atalara tutub deyir ki, qız uşaqlarınız dünyaya gələındəonlara uğurlu adları əsirgəməyin, «Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun!». Rəşad Məcidə ünvanladığı «Ağ adam» şeirində Ağdam və Ağcabədi adlarının kökünə varır. Vaqif Mustafazadəyə həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur. Və biz Zaur Ustaca belə gözəl şeirlər yazmaqla yolunu davam etməyi arzulayırıq!

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI


PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.