May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi.
Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir çox “cizgiləri” ilə əlamətdardır. Hələ erkən yaşlarında Kəlbəcər ellərini gəzib dolaşan sazın-sözün sehrinə düşüb. Orta məktəbdə oxuduğu illərdə söz aləmində ilk addımlarını atıb. Ağdabanlı şair Qurbanı, Dədə Şəmşiri, Qəmkeş Allahverdini, Ənvər Rzanı, Məmməd Aslanı, Adil Cəmili… oba-oba, oymaq-oymaq tanıdan sənət sevgisi onun da könlünü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğu illərdə yazdığı şeirlərlə həm müəllimlərin, həm də tələbə dostlarının diqqətini cəlb edib. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında Şorbulaq kənd orta məktəbin direktoru vəzifəsində çalışıb. İlk gənclik illərindən etibarən Kəlbəcərdə çap olunan qəzetin nəzdindəki ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olub…
1993-cü ilin aprel ayında tarixi düşmənlərimiz Kəlbəcəri işğal edəndə, məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşıb və burada yenicə fəaliyyətə başlayan –saylı Kəlbəcər rayon köçkün orta məktəbinə uzun illər boyu rəhbərlik edib. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində “Azərbaycan”, “Ulduz”, Mingəçevir leysanı”, “Bənövşə” jurnallarında, “Azərbaycan müəllimi”, “Mədəniyyət”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”… qəzetlərində və AYB-nin Mingəçevir bölməsinin xəttiylə nəşr ediən ədəbi almanaxlarda işıq üzü görən şeirləri oxucular tərəfindən maraqla qarşılanıb.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv olan şairin indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgülüyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. Ulu ata yurdu Kəlbəcərin düşmən tapdağı altında qaldığı illərdə şeirlərinin bir qismi düşmənə yönəlik nifrət hissiylə yoğrulsa da, əzəli torpaqlarımızın gec-tez azad ediləcəyinə ümidini heç vaxt itirməyib. Elə onun yubiley məclisində də bu əlamətlər ayrı-ayrı şəxslərin dilində dönə-dönə vurğulandı.
Qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələri və həmyerlilərinin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, yubiliyarın yaradıcılıq yollarını bir daha göz önündə canlandırdı. Bölmə tərəfindən səmərəli ədəbi fəaliyyəti və 80 illik yubileyi münasibətiylə təltif edidiyi diplomu ona təqdim etdi. Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Ziyalı” jurnalının əməkdaşı Ənvər Durucalı, Mingəçevir Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Mehman Rəsulov, gənc şairə Ayşən Rəsul, şairin qələm dostlarından Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov, Ağabala Salahlı və başqaları çıxışlarında yubiliyarın yurd sevgisini, şəhid ucalığını, II Qarabağ Müharibəsinin xalqımıza bəxş etdiyi Zəfər sevincini, ülvi məhəbbət duyğuların və ana təbiətin gözəlliklərini əks etdirən ədəbi yaradıcılığına istinad edərək, ayrı-ayrı məqamlarda onun şeirlərindən nümunələr də söylədilər. Kəlbəcərli Aşıq Hikmət Həsənov yubiliyar şairin bir neçə şeirini saz havaları üstə ifası da hamını məmnun etdi. Məhyəddin müəllimin yaxın qohumu,-Mingəçevirin tanınmış ziyalılarından olan Vəli Quliyev şairə yönəlik diqqət və ehtiramı yüksək qiymətləndirərək, ürək sözlərini səmimi kəlmələrlə lfadə etdi.
Yubiliyar şair Məhyəddin Məhərrəmoğlu isə yaradıcılığına yüksək dəyər verən məclis iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə yeni şeirini oxudu.
Əzəli-əbədi yurd yerlərimiz düşmən tapdağından azad ediləndə:
Ağacdan çox düşüb vədəsiz yarpaq,
Şərəfdi Vətənin şəhidi olmaq.
İgidin al qanı tökülən torpaq,
Al-əlvan çiçəklər bitirəcəkdir.
-deyibən ürəkdən sevinən şair, Kəlbəcərdə yolunu gözləyən ata ocağına qayıdıb, ömrünün qalan hissəsini və ədəbi yaradıcılığını bu ulu məkanda davam etdirmək arzusunu çıxışının sonunda bir daha vurğuladı. Ayrı-ayrı məqamlarda çəkilən xatirə şəkilləri ilə və könülləri vəcdə gətirən ilıq kəlmələrlə sonuclanan yubiley məclisi ən şirin xatirələrdən biri kimi yaddaşlara həkk olundu.
AMNEZİYA Gəlişin bir ağrı gətirmişdi ömrümə, Addım səslərindən artmışdı cismimim sol ağrısı, təzələnmişdi ruhumun köhnəlmiş yaddaşı. Başlamışdı gecələrlə gündüzlərin, “olar”larla “olmaz”ların qanlı savaşı. Səsin qulaqlarımda doğulan yanğı idi, Baxışın gözlərimi deşən sancı. Əziyyət çəkirdim güclü yaddaş ağrısından. Gözlərim sənsizliyə açılanda odlu baxışların düşdü gözümün yaddaşından damcı-damcı. Bir şeir pıçıldamışdın saçlarıma, bir xatirə buraxmışdın ovuclarıma. Ayrılıq küləyi itirdi saçlarımın yaddaşını, səpələndi misralar lal gecələrə. Ovuclarım qışın nəfəsində üşüyəndə korşaldı əllərimin yaddaşı, xatirən süzülüb dağıldı küçələrə. Əllərim yaddan çıxartdı nəfəsinin odunu, Qəlbim də unutdu darıxmağın dadını. Bir ruhumun yaddaşı qalmışdı məndə, Onu da soyuq fevral gecəsi aldı əllərimdən, Onun da doymadım dadından – Bir qış gecəsi şaxta şəhəri ağuşuna alanda ruhum itirdi yaddaşını, eşq qucaq-qucaq çıxdı ruhumun yadından…
SOL AĞRI Geyinmişəm əynimə Ayrılığın biçdiyi Dərdlərin ən yekəsin. Yolların bağrın yaran Səfil kimi gəzirəm Bu milyonlar ölkəsin. * * * İndi mənim ruhumu Oxşamır o mahnılar, Oxşamır o nəğmələr. İndi mənə dağ çəkir Ruhuma göndərdiyin Eşq ətirli kəlmələr. * * * O xoş günlər vardı ha, Hamısı bircə-bircə Silinib yaddaşımdan. İndi də qucaq-qucaq Kədər yağır içimdən, Qəm tökülür başımdan. * * * Bu yarımcan ürəyə Ağırlıq eyləyirsən, Birdəfəlik yığış, get. Sol tərəfim yıxılıb, Sol yanım viran qalıb, O yandadır çıxış, get. * * * Gedəndə elə get ki, Gedişini görməyim, Addımın səs salmasın. Ağlını da götür, get, Apar onu özünlə, Ağlın məndə qalmasın.
BUZ QADIN Ayağı büdrədi xəyallarımın, Rəngli yuxularım qəfil dağıldı. Günəşlə ulduzum heç barışmadı, Bütün fəsillərim soyuqda qaldı. * * * Odlu baxışını yan et gözümdən, Buz dağın əridib qaynadacaqsan. Sevgi havasına kar idi ruhum, Sən onu yerindən oynadacaqsan. * * * Şeirim asılacaq bir kor ümiddən, Yarımcan ağrılar çıxacaq üzə. Yanında min illik hörmətim vardı, Abrımı tökəcək hissim kağıza… * * * Bir ağrı hayqırır sol tərəfimdə, Ağlım hisslərimə baş əyir indi. Mənim ürəyimdə doğulan şeir Sənin nəfəsində yaşayır indi. * * * Mən buz qadınıyam şimal qütbünün, Alova ögeyəm, atəşə yadam. Belə isti-isti şeir yaşatma, Səsində əriyib itirəm, adam…
SƏKKİZ DƏQİQƏ Atasan qürurunu, keçəsən inadından, İncik olduğunu da çıxarasan yadından, Boylanıb ümidlərin gündoğan tərəfinə Ona məktub yazasan bu gecə öz adından. * * * Yazasan ki, susaraq həsrətimə alışma, Gedişimə üsyan et, unutmağa çalışma, Aş bütün əngəlləri, sərhədləri qırıb tök, Aramıza sədd çəkən ayrılıqla barışma. * * * Yazasan ki, bir addım məsafədə dayanma, Vüsal uzaq olsa da, çox yaxındır yol amma. Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıc, Ömür gözləmək üçün çox qısadır, yubanma . * * * Yazasan, tənhalığın ağrısı da səngimir, Sənsiz şeirlərim də dəyişib ahəngini, Ürəyim qəm bağlayıb adını söyləməkdən, Gözlərim yuyulmaqdan itirib öz rəngini. * * * Yazasan ki, bilmirsən, yoxluğuna əsirəm, Səndən incimirəm e, mən özümdən küsürəm. Acığımı çıxıram sən sevdiyin hər şeydən – Dodağımı yeyirəm, saçlarımı kəsirəm. * * * Yazasan ki, getməklə öz evimi yıxmışam, Sonra giley edəsən: Nə tez yaddan çıxmışam… Göz yaşın ləkə sala yazdığın sətirlərə, Kağızın sol küncünə yazasan:darıxmışam… * * * Yazasan ki, sənin də qəlbinə qəm yığılsa, Gecələrin qoynunda ruhun qəfil sıxılsa, Desən ki, “darıxıram, qurban olum, qayıt, gəl”, Allah haqqı, gələrəm, lap dünya da dağılsa… * * * Ya da dəli şeytanın dediyinə uyasan, Səhərlərin birində qapısını döyəsən. Səkkizcə dəqiqəyə sığdırıb hisslərini, Bir şeir oxuyasan, “gəl barışaq” deyəsən…
Sevil Gül Nur 1982-ci ildə Bakı şəhərində doğulub. İxtisasca müəllimdir, Bakı məktəbində müəllim işləyir. 2006-cı ildən şeirləri dövrü mətbuatda müntəzəm olaraq çap edilir. Bir şeir, üç tarixi-publisist kitabın müəllifi, onlarla kitabın redaktor və korrektorudur. Bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
SALAM Gəl, Sən Allah üzürlü say Buralar tör-töküntüdür Gözlə açım pəncərəni Hə Otaq biraz bürküdür. Bu nəhəng təkliyim səni Deyəsən yaman hürküdür. * * * Əsl qadın faciəsi Tozlu pəncərə şüşəsi Dəhlizin ortasındadır Dağılmış bir zibil qabı Cırılmış iki-üç şəkil Çərçivənin sınıqları Parçalanmış qırmızı don Və dikdaban ayaqqabı.. * * * Sükut, vahimə , kölgələr Dualar çarmığa çəkir Ümidləri , intiharı .. Qürur geyinir əzabı Yalnızlığın taleyimdə Yaratdığı iltihabı.. * * * Xatirələr guruldayır Yağış yağır damır tavan Zamanın çatlarında qan.. Biraz asta gəz nə olar Xatirələr oyanacaq Və qarşında utanmadan Ağrıları soyunacaq… * * * Ayağını qanadacaq Son arzunun çilikləri Və anamı ağladacaq.. * * * Bilirsənmi? sükut səsi Adamı lap dəli edir İntəhasız tənhalığın Darıxmağın iniltisi . * * * Bir də gecə olan kimi Bu itlərin ulaması Xatirənin tikan kimi Bədənimi dalaması … * * * Hərdən , vahiməli olur Ayrılıq da udur məni Bir söz deyim amma gülmə Düz başımın üstündəki Bu eybəcər Mona Liza Hə o da qorxudur məni .. * * * Ay yad adam , getmə dayan Bir çay qoyum , təzə dəmlə Elə adamsızlaşmışam .. İstəmirəm itirməyi. Axşamacan dərdləşirik Bir mən bir də qara pişik .. yox onun günahı deyil Talemin tərs gətirməyi ..
SALAM ƏZİZİZM Salam əzizim… burda yenə gecədir Yazıram ki , soruşum Görən halın necədir? Bircə nigaran qoyma ..bir kəlmə də olsa yaz Özünə yaxşı bax ha eşitdim ki, soyuqdur Qalın geyin əynini.. Tamam yadımdan çıxıb,ağlım çaşıb bağışla Axı sən xoşlamırdın anan kimi danışıb Qayğını çəkməyimi.. * * * Nə yeyib nə içirsən? Yoxsan getmisən bil ki ,gündə ən azı min yol gözlərimdən keçirsən.. İstəmirəm korlayım əhvalını amma ki Heç özümdə deyiləm.. Yediyim dərddir ancaq, içdiyimsə zəhərdir Sənsiz məni yaşadan bir quru xatirənsə həsrətində gecələr öldürən bu qəhərdir. * * * Ax üşüdür səsinin buz kimi soyuqluğu Titrəyirəm..tənhalıq iliyimə işləyir İsti hərarətinlə hansı heykəl baxışa Ruh üfürdün görəsən? Yenə hava küləklidir ,üşüməli küləkdir Gözəl günlər səninlə getdi xatirə olub Bilirəm ki heç zaman geri gəlməyəcəkdir Deyirəm ki ,biləsən.. * * * Payladım ən sonuncu əlvidamı hardasa Məni yalnız buraxma vidaları sevmirəm Gəl yenə əvvəlkitək köksünə sıx , qucaqla Allahhaqqı saçlarım çiynin üçün darıxır Kəsmirəm heç dəymirəm uzadıram acıqla. * * * Bu sərsəri duyğular..yox heç tanış deyildi Səndən əvvəl o adamın gözü də yaş deyildi Saçı da payız idi , o balaca qız idi Sərçətək kövrək idi ürəyi daş deyildi.. Hələ ömrün yazıydı , hələ də qış deyildi.. * * * İndi bu boz şəhərin bütün küçələrində Sənin ayaq izlərini baxışlarım yalayır Hamıya sevgi düşdü, payımasa tənhalıq “Xalqa it hürüyəndə, mənə çaqqal ulayır”
XATİRƏLƏR Keçmişin rəflərində itib-batmış xatirələr Unutmaq zəncirini qırıb Yapışır darıxmağın yaxasından.. Və vəhşi vüsalın əlləri ayrılığın ayaqlarını qapır.. Tale xətləri ovucumun qırışlarına hopur Və qopur ömrümün əqrəbləri saatdan Əskilir təqvimlər. Dəhlizin divarlarında son ümid rəqsilə Tənhalaşır kölgələr. İndi bu qurumuş cümlələr Vergüllərə dönən nöqtələrlərlə Epiloqda bitəcək Sonuncu səhifədə son sətrinlə.. Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar. Neçə ip utandı zaman asarkən Arzuları boğazından.. Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi Gözəldir təkliyim. Ehtişam, İki şam, Dörd divar , Boş otaq fəlsəfəsi və köhnə grammafonda retro.. Təbəssüm gizlənən dolu qədəh və Freda kahlo: “İçimdə qırx qadın Qırxı da özgə Qırxı da digəri”.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
Bu gün gözəl insan, əsl ziyalı, uşaqların və böyüklərin sevimlisi, çox dəyərli qələm adamı Mina Rəşid Şıxovanın doğum günüdür! Mina xanım, bu gözəl gündə ən xoş arzularımız Sizə ünvanlanıb. Doğum gününüz mübarək olsun. Uğurlarınız bol olsun inşəAllah!
Xumar-xumar baxmaq göz qaydasıdır Sevdiyim, ləblərin yaquta bənzər, Sərasər dişlərin dürdanədəndir. Sədəf dəhanından çıxan sözlərin Hər biri bir qeyri xəzanədəndir. *** Nədəndir sözümə cavab verməmək? Həm camal gizləyib, üz göstərməmək. Gecələr gözlərim xabı görməmək, Ol siyah nərgisi-məstanədəndir. *** Mən ha səni nuri-ilahi sannam, Camalının şöləsinə dolannam, Atəşinə mərdü mərdanə yannam, Bu xasiyyət mənə pərvanədəndir. *** Bir namə yazmışam can üzə-üzə, Badi-səba, apar sən o gül üzə, Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləgilən: — Sizin divanədəndir. *** Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır, Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir. *** Müştaqdır üzünə gözü Vaqifin, Yolunda payəndaz üzü Vaqifin, Sənsən fikri, zikri, sözü Vaqifin, Qeyri söz yanında əfsanədəndir.
Bu gün dəyərli dostumuz, gözəl insan, əsl ziyalı, incə ruhlu, olduqca həssas və özünəməxsus ifadə tərzi olan, inanıram ki, hamımızın sevimlisi şair Nazim Əhmədli nin doğum günüdür! Şad gününüz mübarək olsun əziz və gözəl insan! Allah Sizi qorusun!