XƏBƏR ÇATDI?.. Xəbər çatdı axır sənə?Gülürsən… Üsyan edib göz yaşımı devirdim. Sən nə deyib unutmusan,bilmirəm, Mən ki səni əziz bilib sevirdim. * * * Fikir vermə,öyrənmişəm dilini, Danışıram gah ağacla,gah quşla. Buraxmışam ta başını Kölgəmi Sən ürəklə gah qılıncla,gah daşla… * * * Başqa cürə düşünür ta adamlar, Belə sevmək,belə yazmaq günahdı. Ayrılığa amma düşmür gecələr, Ürəyimiz açılmayan sabahdı… * * * Ləngər verdi,çalxalandı bu dünya, Hərə tutdu bir ətəyin ücündan. Ah,neyləyim,bu sevdadan qopmadım, Kim qopdusa,ruhu ölür acından… Xəbər çatdı axır sənə?…
SƏNİ SEVMƏK GÜNAHMIŞ… Səni sevmək günahmış , Suç üstdə yaxalandım … Bir dəlil-sübut kimi Alındı eşqim , andım … * * * İllər uzunu çəkdi Araşdırma ,təhqiqat . Ən ağır cəza kəsdi Mənə bu zalım həyat * * * Qəmin boynumda zəncir , Mənə məhbəsdir komam . Eh,o gündən ömürlük Yaşamağa məhkumam
HARDASAN?! Adını çəkə bilmirəm, Ay ismi-pünhan, hardasan?! Axır məni öldürəcək Bu dəli hicran, hardasan?! * * * Sanma bu üsyan yatacaq, Əğyar əhdinə çatacaq… Bir gün səni də tutacaq, Vallah nahaq qan, hardasan?! * * * Gəlsin ürəyimə qadan, Niyə kəsilib səs-sədan?! Ürəyimi atıb-tutan, Fırtına, tufan, hardasan?… * * * Yarı yalan,yarı gerçək, Yarısı daş ,yarı ürək. Yarı şeytan,yarı mələk, Ay yarı insan, hardasan?! * * * Bu sevda sevdalar xası, Yox qurtuluşu, xilası… Adın dilimin duası, Ay…ismi-pünhan, hardasan?
NAHAQ Nahaq qarğımışam taleni baxtı , Tanrının bildiyin bir kimsə bilməz ! Bu ilahi sevgi , bu ilahi eşq Qovuşsaq, olmazdı belə müqəddəs * * * Bilmirəm savabdı, günahdı yoxsa, Bağrımın başında bir nisgilim var. Hamıdan küsəndə xəyalı ilə İxtilat qurduğum bir sevgilim var! * * * Yox insana belə məhəbbət olmaz Tanrının adından biriymiş adın Mən Haqqın yolundan çıxa bilmirəm Adından dönməyi min yol sınadım * * * …Nahaq qınamışam taleni, baxtı … Tanrının bildiyin bir kimsə bilməz! Bu ilahi sevgi, bu ilahi eşq Qovuşsaq ,olmazdı belə müqəddəs..
GÖRDÜN? Gördün? Ömrü boyu məni qandırıb, ömrün nağılında dörd dolandırıb, elə it hürdürüb, işıq yandırıb, Divə ürcah etdi bu yollar məni… * * * Qatdılar başımı dərs oxumaqnan, savab işlər görüb, günah yumaqnan. Demədilər, bir gün bir haqsız “Yox!”nan, zalımlar qaya tək oyallar məni… * * * Atıb ovcundakı bu xəzəlləri, mənim də gül açar görən əllərim? Görən hayandasa görünər yerim? Görən mən deyən tək duyallar məni? * * * Dartıb-daşısam da aranı dağa, bir arzum salamat çıxmır sabaha! Tanrım, niyə rahat buraxmır daha, bu yiyəsi ölmüş xəyallar məni…
HƏR DƏFƏ… Hər dəfə gəlirəm ziyarətinə, Eşqimə qoyulan ay xəyal heykəl Çatlayan bağrımın duyğulariyla Bircə yol xınalan , nolar, lal heykəl! * * * Üstündə atılıb- düşürsən elə , Eşqin göy qurşağı gen ürəyimdə . Gecəylə, gündüzlə firlanma çox da , Ürəyim səndədir , sən ürəyimdə ! * * * Dərya gözlərimin ay üzən buzu , Dəyəmməz telinə min qəm günəşi. Üşaq ürəyimin say çöpləridir Həsrətin üstümə qıcanan dişi ….
DOST OLDUM Sevdiyin şeirləri əzbərlədim, Bəyəndiyin mahnıları öyrəndim… Dəyər verdiyin insanlarla dost oldum. Aldığın nəfəs canımdı, Verdiyin nəfəs nəfəsim. Gözlərin rəssamımdı, Gülüşün həkimim. Qalxdığın dağlar qibləm oldu. Gəzdiyin çəmənlər cənnətim. Ahh indi “unut” deyirsən, Nədir niyyətin?!
“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir
* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;
* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;
* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;
* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;
* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;
* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.
Gənc yazar Sevindik Nəsiboğlu “Möhtəşəm Zəfər Nişanəsi” kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Gənc qələm dostumuzu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Sevindik Nəsiboğlu!
YALANÇI ŞƏHƏR Səndən xəbərsizik gör neçə ildı, Gözlərin yollara dikili qalıb. Qaçıb gələrdınmi, ayağın olsa. Qolların qoynunda bükülü qalıb. * * * Bəlkə ayağını özün kəsmisən, Atib gəlməyəsən bezib ağrıdan. Bizim yollarimiz kəsilməyib ki… Kəsik ayaqlardı ürək ağrıdan. * * * Ayaqlar kəsildi, cığırlar itdi, İtmiş cıgırlarla qalandı Şuşam. Ayağın olsaydı yenə gəlməzdin, Yalandı, yalandı, yalandı, Şuşam. Müəllif: Sehran Allahverdi
ŞUŞA Yolları bağlanıb düşüncə daşa, Baharı dönüncə şaxtalı qışa, Naxələf satqınlar keçincə başa, Dizləri qatlandı, yıxıldı Şuşa! * * * Namərdlər hiylədən toru hörüncə, Saldıran yağılar alıb girincə, Məzar sükutuna dalmış görüncə, Odlara qalandı , yaxıldı Şuşa! * * * Qəlbindən vuruldu, köksü didildi, Döyüldü dağ-daşı orden edildi, Qanla yoğrulmuşdu, sanki ödüldü, Erməni boynuna taxıldı Şuşa! * * * Verdik əlimizdən bizim olanı, Tuş etdik yurduma dərdi, bəlanı, Ələyib gözlərə falşı, yalanı, İllərlə lentlərdə baxıldı Şuşa! * * * Bircə gün qeyd edib işğal gününü, Sonra unuduruq səsi, ününü, Riyakar bir tarix biçir donunu, Böyüyən nəsilə nağıldı Şuşa! 08.05.2017. Müəllif: Təvəkkül Goruslu Məmmədov
QÜRBƏT KÖYNƏYİ Oxsa bu dərdin saçını, Körpə, dəcəl balan kimi. Pıçılda bir qulağına, Doğruları yalan kimi. * * * Qeyrət də çırpıb qapını, Adını süpürüb, gedib. Nə yaxşı ki, son gedişdə Üzünə tüpürüb, gedib. * * * Havalar ta istiləşir, Çıxar olmayan papağı. Birdən səni kişi bilib, Soruşarlar Qarabağı… * * * Ömrü Ağdam şərabı tək, Bala-bala çək başına. Təsəlli ver öz-özünə: “Mən neyləyim tək başına?!. * * * Eynimde qurbet koyneyi, Her gun tezelenir,veten. Sairler oz derdi ile Bele mezelenir,veten! * * * Əynimdə qurbət koynəyi, Hər gun təzələnir,vətən. Sairlər oz dərdi ilə Belə məzələnir,vətən! Müəllif: Balayar Sadiq
ŞUŞA MÖVSÜMÜ Tut bu səbrin yaxasından, Vur o daşa, vur bu daşa. Bir sətir Şuşa ətri səp, Ruhunda donan savaşa. * * * Qəlbindən bir dağ boylanır, Qeyrət gəzsin qoy o dağda. Qanını sürt gözlərinə, Güllər açsın Qarabağda. * * * Hünəri çixar köynəkdən, Qala qisas ocağını. Arzusu üşüyənlərə, Aç ümidin qucağını. * * * Güllə səsi gülə – gülə, Qoy sinəndə qapı açsın. Düşmən görsün cürətini, Ölümünü qapıb qaçsın. * * * Şükür,zəfər qoxuludur, Şəhidlərin təbəssümü. Qalıbdır gözü yollarda Könlümün ŞUŞA mövsümü ! Müəllif: Ülkər Nicatlı
BU YAZ DA GƏLƏ BİLMƏDİK… Gün-güzaran başımızı yenə qatdı, Biz sızladıq, namərd səndə at oynatdı, Bizsiz yenə yamacların şehə batdı, Bu yaz da gələ bilmədik… * * * Buzdan çıxdı, qırçınlandı bulaqların, Lalələndi, oda düşdü yanaqların, “Hardasınız”- pıçıldadı dodaqların, Bu yaz da gələ bilmədik… * * * Damarımda qaynamırsa qanım, Şuşam, Səni hələ hansı üzlə anım, Şüşam? Yolumuzdan yığ gözünü, canım Şuşam- Bu yaz da gələ bilmədik… 09 may 2012 Müəllif: Vahid Çəmənli
HÜNƏR GÖSTƏRMİSƏNMİ? (BU GÜN YARALI YERİMİZ OLAN ŞUŞANIN İŞĞALINININ İLDÖNÜMÜDÜR.) Dinlə sözlərimi: Ey vətən oğlu, Düşmən işğal edib, bağlayıb yolu. Qəlbində intiqam odlu, alovlu, Yandırıb, qisasa döndərmisənmi? * * * Bir vaxt Erməniylə can, qardaş kimi, Yeyərdin, içərdin dost, sirdaş kimi. Güllələr yağdırıb, qara daş kimi, Özünü döyüşə, kökləmisənmi? * * * Yağı, düşmən kəsibdi yollarını, Çalın, çarpaz bağlayıb qollarını. Vətənin, qeyrətli oğullarını, Düşmənlə, döyüşə səsləmisənmi? * * * Türklərə bir bəla, yaratdı Allah, Başları əzildi, olmadı islah. Durub keşiyində, əlində silah, Başına igidlər, cəmləmisənmi? * * * Səslə Koroğlumu, ya Babəkimi, Gəlsin şah Xətai, Qaçaq Nəbimi. Vətənə layiqli, bir övlad kimi, Qəlbində, məhəbbət bəsləmisənmi? * * * Partizan Mehdinin, olmuş əvəzi, Nümunə göstər sən, gəl Mübarizi. Gəray, Hüseynbala, qəhrəman Həzi, Onlar tək, bir hünər göstərmisənmi? * * * Əlif, Əlyar, Asif, İbadla, Yaqub, Şirin,Allahverdi, Yelmar, həm Raqub. Arxalı düşməni, edərək məğlub, Döyüşüb, heç ölmək istəmisənmi? * * * Qoru bu torpağı, torpaq sənindir, Doğma yer, yurd, yuva öz vətənindir. Döyüş meydanıdır, Qarabağ indi, Canını sipərə, döndərmisənmi? * * * Axdı torpağına, şəhid qanları, Gərəkdir, alınsın intiqamları. Vətənə xor baxan, kor nadanları, Malik: Şeirinlə, pisləmisənmi? Müəllif: Malik Tağızadə
“Bu gün Azərbaycan müsiqisinin beşiyi və şərqin konservatoriyası olan Şuşanın işğalı günüdü. Şuşa şəhərinin erməni faşistləri tərəfindən işğal olunduğunu unutmadıq və heç vaxt unutmarıq. Şuşaya qovuşacaq günümüz üzaqda deyil.” – Etibar Vəliyev MƏN ƏSGƏR ANDINI İÇİB GƏLMİŞƏM Çəkil yağı düşmən, Qarabağımdan. Şuşa qalasından, uca dağımdan. Çəkil qabağımdan, keç qabağımdan, Mən əsgər andını içib gəlmişəm. * * * Sülh deyib, sizlərə zaman vermişik. Sən demə zalıma aman vermişik. Apreldə cavabın yaman vermişik, Mən əsgər andını içib gəlmişəm. * * * Xocalı, Xocavənd, Xankəndi mənim, Zəngilan, Cəbrayıl başımda çənim, Ağdərə, Qubadlı yuxuma qənim, Mən əsgər andını içib gəlmişəm. * * * Ağdam, Fizulidən keçib gələrəm, Kəlbəcər, Laçına səcdə edərəm, Mən cavan Heydərəm, baba Heydərəm, Mən əsgər andını içib gəlmişəm. * * * Qələbə müjdəsi, sorağı məndə, Canım Azərbaycan, bayrağı məndə, Çəkiçi məndədi, orağı məndə, Mən əsgər andını içib gəlmişəm. * * * Xəstədi, düşmənin vardı mərəzi, Anamla etmişəm razi-niyazi, “Ya şəhid olaram, ya da ki qazi,” Mən əsgər andını içib gəlmişəm. 18.10.2016 Müəllif: Etibar Vəliyev
VƏTƏN OĞULLARI Vətən oğulları, başınız uca, Üzünüz bəxtiyar,daim ağ olsun. Vətənim yaşasın dünya durduqca, Millətim salamat,Vətən sağ olsun. * * * Vətənə arxasız, millətə dayaq, Gəlin, bu dözümdən usanaq, doyaq, Yağıya “toy” tutaq, əlacsız qoyaq, Həmləniz düşmənə, çarpaz dağ olsun. * * * Vaxtdır, pasın açın silah, yarağın. Sizdən alaq, böyük zəfər sorağın, Cənnətə döndərin yurdun torpağın, Vətən başdan-başa bağça,bağ olsun. * * * Cavanlar,ömrünüz açsın tər çiçək Özünüz yüz yaşan,bəxtiniz göyçək, Azad edin, doğma yurdlara köçək, Qürür,and yerimiz, Qarabağ olsun. Müəllif: Mayil Dostu
Bu gün Əliş Kərimlinin doğum günüdür. Anadan olduğu gündə görkəmli memarı rəhmətlə anırıq. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin. (Rəssam: Sehran Allahverdi )
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Sirvani (onu avropada və rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322 – ci ildə Şamaxıda anadan olubş Hal-hazırda Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan tanınmış Kərimlilər nəslindəndir. (Bu nəslin nümayəndələri bütün dövürlərdə əl qabiliyyəti – rəngkarlıq, ustalıq, düşüncə, istedad tələb edən sahələrdə fərqlənmişlər.) Şamaxının elmin, təbabətin mərkəzi olduğu çağlarda elə orada – doğma Şamaxıdaca günümüzün universitetlərinin verə bilmədiyi mükkəmməl dini və dünyəvi təhsil almışdır. O, məşhur memar olduğu kimi, bilikli təbib, münəccim, riyaziyyatçı və ya din alimi də ola bilərdi. Ancaq, rəsm çəkməyə xüsusi marağı olan Əliş bəy üzünü o vaxt çiçəklənməkdə olan şərqə tərəf tutaraq memarlığı seçdi. Qısa müddət ərzində Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə ad qazandı. Kırımda Bağçasarayda gördüyü işləri sorağını Rusiyaya ordan avropaya aparıb çatdırmışdı. Onun son işi dünyaca məşhur, gözəlliyin və möhkəmliyin vəhdət tapdığı, çərqlə qərbin qovuşduğu Moskva Kremlidir. (Kərəmli qalası -bürcü) 22 iyun 1371 ci ildə xəyanət – alçaqcasına sui-qəsd nəticəsində Moskva yaxınlığında öldürülmüşdür. Şamaxıda dəqiq bilinən günümüzədək qalıqları gəlib çatan işi şəhərin girişindəki köhnə körpüdür. (Bu məlumatı sonuncu dəfə 2017 -ci ilin yayında 83 yaşlı Şamaxı sakini tarixin demək olar ki, bütün çağları barədə zəngin məlumatlı Balayev Qulu baba böyük əminliklə təsdiq etmişdir.)