“DƏRDİM, SEVİNCİM” (Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar.
Fikirlər uçdumu uzağı çəkər, Görüb dərdlərini sızlasam əgər Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən. Sənin çəkdiklərin tarixdə azmı. Sökülən, danılan, dağ çəkdirilən Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə, Nəğmən nəgmələrə ilk cığır açdı. Elə bir ocağa döndü ki, Gəncə Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın Çoxları üstünə oynatdı atın. O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan Pis gözə bıçaqdır qiymətli olan Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm, Çiçəklər oxşayar, tikanlar dalar. Yadından çıxıbmı “Məvailər”im… Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı, Insan ürəyində dərdin dərini. Bəlkə də dönəndə durna sırası Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır, Kimi üz çevirib astarın salır. Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda, Bəzən qovurlanıb, sızıldasam da Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən Dillərdə əzbərin birmi, ikimi. Saysız övladın var dillərdə gəzən, Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində Olana olan tək qiymət verən az. Qarşımda eşmirəm ocağı mən də Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə Sənin Nizaminin hikməti ilə Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında, Ulu əsrlərin ulu yolunda Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var. Cır meyvə gətirməz cır deyilsə tum. Doğuldun, bələyin oldu dümağ qar Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə Oğlun da, qızın da pir bildi odu. Sənin sevincinə, yaşına yiyə, Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada, Ixtiyar sahibi şah olubsa da, Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini Necə ki, görmədin Aruz kimini, Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın Var-dövlət daş-qaşdır, qızıldır məgər?! Şerin var bir bəndi fateh şahların Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq, Kəsərdən düşməyib sözün sətiri. Haq sözü daş-qaşdan üstün tutaraq Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib, Həmişə başını aşağı əyib Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz, Nahaqdan üzünə haqq dediyin söz- Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur. Bir el yolunda da çıraq yandıran. Dilindən köz alıb, dağından qürur Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada Boynu bükülüydü açan gülün də. Həsrəti qürbətdə zoğ atdısa da Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində, Ötə bilərsə də özgə simində…. Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır. Şerini özgənin dilində yazdı Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların Vaxt olub çiçəkcə anılmayıblar. Dilləri dillərdə ötüb onların, Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb, Dözmüsən dərdini sən uda-uda. “Ənəlhəqq” söyləyib Allaha dönüb, Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə Ancaq görmüşük ki, soyulan isə Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən- Talanıb, soyulub, danılsan da sən, Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb Baxma ki, çoxları daş atıb sənə . Nadir əsərlərin azmı talanıb, Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana, Qarğa verə bilməz bül-bül yerini. Məgər çıxmadımı, de öz adına Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox, Bu həyat yolundsa çox görünüb, çox, Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə, Yox, sənə can atıb yetişmədikcə…. Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb, Sən çiçək açdıqca, gətirdikcə bar. Bəzən də illərcə qonağın qalıb, Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan, Uyduq neçəsinin əməllərinə. Özümüz sıyrılıb öz qınımızdan, Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz- Elə ki, bilinib kəramətimiz, Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var, Çox məqam gözləyib, çox göz qoyublar, Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə Sərhədlər keçiblər, dağlar aşıblar. Zoru keçməyəndə keçib hiyləyə, Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını, Əvvəl qeyrətini veriblər bada. Dartıb bədənindən şah damarını, əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa , Övlad ürəyində təpər yoxdusa….. Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə, Ay Vətən, günahkar özünsən demə. Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün. Səndə sınmaz olan duruşa əhsən . Ay elim, ay obam, fikir ver özün, Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi Bircə qandıyla zirvə tənində. De, hansı torpaqda çiçək gülərdi Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda, Bir gözün həmişə ağlayıbsa da Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən, Üz tutub deyirəm, inan, ürəkdən Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün Belə bir gedişi ariflər anlar. Qaranlıq uçruma bürünsələr də, Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm, Taleh gəncliyimlə oynadı oyun. Adına zərrəcə ləkə gətirsəm, Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım…. Ömür yollarında sərtlik qazandım…. Alnımı daşlara hey döyə-döyə. Iki yad ocağa bölünməz bir ev, Ay Vətən, qəlbimdə bütövsən, bütöv, Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə, Nəğməni bir tonda çalan tarın var. Üz tutub o taya “Şəhriyar” deyə Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə Iki özgə ağac çıxa bilərmi?! Bir çay əsrlərlə biri-birinə Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni Tikanlı məftillər qoymur birini, Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın, Təki məndən olsun gələn sorağın, Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm, Demə uşaq kimi ağlar, kürəm mən. Eşit, Azərbaycan, başına dönüm Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var. Başından aşıbdır dövlətin, varın Dünyanın özünə çıraq olubdur. Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb Çoxunu dərd alıb, fikir-qəm alıb Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün. Bütövdür yerişin, bütövdür sözün Qəlbini bölsə də Araz ikiyə…
YUXUDA GÖRDÜM Kİ… Yuxuda gördüm ki, saraydayam mən, Xalı döşəməli geniş bir saray. Ayrı bir həşirdə, haraydayam mən, Qapılar açılır önümdə tay-tay. * * * Gördüm başı açıq, ayağı yalın, O başa-bu başa gəlib gedirəm. İçində itmişəm yaşılın, alın, Bir şahzadə qıza təzim edirəm. * * * Başına qoyduğu zərli tacından, Üzündə ay doğur, gün halələnir. İncilər, almazlar yağır saçından, Baxıram üstümə işıq ələnir. * * * Uçmaq istəyirəm, bir himə bəndəm, Tanrıdanmı gəlir bu boyda işıq?! Hər təzim etdikcə göyə büləndəm, Qürur yaşayıram qorxu qarışıq. * * * Baxır, gülümsəyir şahzadə gözəl, Qəlbimdən keçəni gözümdən duyur. İşarə edir ki, bir yaxına gəl, Nədir iltimasın, ərz elə, buyur… * * * Dinmək istəyirəm tutulur dilim, Mənə nələr deyir bu heyrət, nida? Qəfildən alışır çəmənim, çölüm, Mən səni görürəm demə yuxuda. * * * Sakitcə üzünə boylanıram mən, Baxışın mehriban, gözlərin duru. Yuxuda yuxudan oyanıram mən, Sən günün işığı, sən ayın nuru. * * * Ağzım yaman yerdə dirənib dağa, Yanıl yanaqların bir dağ laləsi… Məni öldürməyə, ya yaşatmağa, Bəs edər əlinin bir işarəsi. * * * Əmr elə, cəlladlar boynumu vursun, Nə əcəb görünmür, bəs onlar hanı? Çağır fərraşların çubuğa tutsun Səndən sevgi uman kövrək insanı. * * * Duyğulu bir qəlbin tamam bəsisən, Bülbül istəyim var dil-dil ötməyə. Sən mənim könlümün şahzadəsisən, Hazıram bir ömür səcdə etməyə!
AXŞAMDAN YAĞAN BU YAĞIŞ Axşamdan yağan bu yağış Gecəni sona yetirdi. Göyün yerə deyəcəyi Nə varsa, ona yetirdi. * * * O dolan qara buludlar Sübhə kimi damcıladı. Payızın göz yaşlarını Qansız külək qamçıladı. * * * Mən də yağdım ağ varağa Gilə-gilə, damcı-damcı. Kirpiyimdə salxımlandı Ürəyimdən qopan sancı. * * * Ac köçkünlər muncuq-muncuq Avropanın yaxasında. Bu sahibsiz məzlumların Kimdi duran arxasında?!… * * * Arxalı qaniçənlərin Əmri qandı, hökmü qandı… Bu dünyanın hər yerində Ölən ancaq müsəlmandı! * * * Axşamdan yağan bu yağış Ilmə-ilmə sökür məni. Yurdsuzların yurd gəzimi Bir üsyana çəkir məni. * * * Elə yanıb yaxılıram, Söz ağzımda kömürləşir. Xocalıda ruhlar gəzir Dərd ömrümdə ömürləşir. * * * Cövlan edir dalğa, tufan, Bu dəryada sal köməksiz. Külək vurur, qayıq aşır, İnsan oğlu, qal köməksiz… * * * Batır gücsüz qoca, qarı, Körpəyə bax, əl-qol atır… Bu boğulan məzlumların Ah, naləsi hara çatır?!… * * * Hara çatır haqsızlığın Batırdığı haqqın səsi?! Aman allah, bu dəhşəti Bir daha kimsə görməsin! * * * Axşamdan yağan bu yağış Ürəyimə damcılayır. Külək çöldə yağışı yox, Evdə məni qamçılayır!
BU SƏNİN DEDİYİN SEVGİDİ Seyrələn saçların ağına gəlir, Boranlı, çiskinli dağına gəlir. Ömrünün ixtiyar çağına gəlir Demə daşan selim səngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * O gülü bu sayaq üzə bilməzdin, Arxayın, təmkinli gəzə bilməzdin. O boyda sevincə dözə bilməzdin Onunçün yollarda ləngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * Bilməzdim “hə” imiş dilindəki “yox”, Onluğa hədəfmiş kipriyində ox. Mən elə sevirəm bu sevgidən çox Ömrün qocalıqla cəngidi vallah Bu sənin dediyin sevgidi vallah.
NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH Bağladın həyata min sirli bağla, Qəlbinə coş dedin, gözünə ağla. Bir belə ağrıyla, bir belə dağla Neynirdin şairi yaradıb, allah?! * * * O, dönə bilmirsə kor ağacına Ya batan gəminin dor ağacına. Quş olub uçmursa dar ağacına Neynirdin şairi yaradıb, allah?! * * * Aldanıb kimisə öyəcəkdisə, Sonra öydüyünü söyəcəkdisə. Kükrəyib “Həqq mənəm” deyəcəkdisə Neynirdin şairi yaradıb, allah?! * * * Ərzi hökmdara yetməyirdisə, Dərdi, şikayəti bitməyirdisə. Zindana könüllü getməyirdisə, Neynirdin şairi yaradıb, allah?! * * * Qılınctək kəsməyən şeirə nə deyim, Şeirdən gələcək xeyirə nə deyim? Bu bitib-tükənməz sehrə nə deyim, Neynirdin şairi yaradıb, allah?! * * * Onu zaman-zaman oda salırsan, Öldürüb sonra da yada salırsan. Səndəmi şeirlə nəfəs alırsan, Neynirdin şairi yaradıb, allah?! * * * Günəşə calanan hörükmü gəzdin, Zamana od vuran körükmü gəzdin, Yoxsa öz dərdinə şərikmi gəzdin, Neynirdin şairi yaradıb, allah?! * * * Yurdu dərd bürüdü, ələm götürdü, Ürəyi yananlar qələm götürdü. Yeri də, göyü də bu qəm götürdü Neynirdin şairi yaradıb, allah?! * * * Sirrinə müvafiq elmin yoxdumu, O elmə yönəlik filmin yoxdumu, Bizə bundan artıq zülmün yoxdumu? Neynirdin şairi yaradıb, allah?! * * * Ömrümüz-günümüz bir yuxu, röya, İllər ötüb keçdi… Yaşadıq guya?! Şeirlə düzələn deyilsə dünya, Neynirdin şairi yaradıb, allah?!
BİLMİRƏM Ürəyim dönübdür ağlar bir neyə, Hardan tapdı məni qəza, bilmirəm? Göylərlə əlaqəm yoxdumu deyə Yerin yer dərdini yaza bilmirəm?! * * * Əlimdən, dilimdən daş asılıb daş, Sözümdən tez gəlir gözümdəki yaş, Elə yazılıb ki yazım, a qardaş, Ömrüm sona yetir, poza bilmirəm. * * * Qocalıq günbəgün qəddimi əyir, Yanımdan yel ötsə dizim titrəyir. Yaş artır, önümə daş diyirləyir, Daha düz yolda da gəzə bilmirəm. * * * Tanrıya çatmırsa səsim, xitabım, Deməli bağlanıb şeir kitabım. Daha bu hicrana qalmıyıb tabım, Daha bu həsrətə dözə bilmirəm. * * * Musa, su üstündə susuz qalmışam, İçmək yasaq olub, içdən yanmışam.. Təşnə olduğumu ancaq danmışam Varmı bundan ağır cəza, bilmirəm?!
ŞEİR MÖCÜZƏDİR Haçan ağ ümidi üstələyir qəm, Mənə qəhqəh çəkib qara şər gülür. Elə ki, şeirdən uzaq düşürəm Yerdən də, göydən də əlim üzülür. * * * Sağalmaz göynəkdir könül yaramda, Şeir möcüzədir, – danışsam haqla. İlham bir körpüdür mənim aramda, Göydə mələklərlə, yerdə torpaqla. * * * Açılsın gözümdə göylərin qatı, Uçmaq eşqim varsa ölməyəcəyəm. Əzrayıl da bilsin mən bu həyatı Şeirsiz bitirə bilməyəcəyəm!
Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı şəkildə təsdiqləməkdədir.
“Azərbaycan publisistikasının öz missiyasını və funksiyasını necə yerinə yetirdiyini “Ədəbiyyat qəzeti”nin saylarında dərc olunmuş çoxsaylı – həm mövzu, həm ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələri də əks etdirir. Həmin yazılarda dövrün istimai-siyasi hadisələri təhlil olunur, ədəbi-tarixi problemlərə münasibət göstərilir. “Ədəbiyat qəzeti”ndə çıxış edən ədib və publisistlərin bu janrın gündən-günə artan tələblərinə uyğun bir səviyyədə yaradıcılıq məharəti sərgiləməsi, onların publisist yaradıcılığı təcrübəsinin öyrənilməsi vacib nəticələrdən biridir.
Ədəbi dünyamızın salnaməçisi sayılan “Ədəbiyyat qəzeti” dərc olunduğu illər ərzində milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə və gələcək nəsillərə ötürməyə çalışmışdır. Sosial-didaktik problemlər məhz elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini tapa bilmişdir.
“Ədəbiyyat qəzeti” bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli-ədəbi prosesə orijinal töhfələr verir. Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə Xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, tənqidçi-ədəbiyyatşünaslardan Azər Turan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir.
“Ədəbiyyat qəzeti” söz, mətbu azadlığını layiqincə qiymətləndirəcək həyatın bütün sahələrinə nüfuz edir, ən müxtəlif sosial-siyasi, tarixi, mədəni, mənəvi-əxlaqi və başqa problemlərlə bağlı düşüncələrin geniş-siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Məsələn, elmi-publisistika janrında yazılar silsiləsində akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan “Qələmin səsi”ndən xalqın sözünə” (16.07.2020), “Gerçək ədəbiyyatın özünütəsdiqi” (20.12.2020), “Dədə Qorqud dünyasına giriş” (09.12.2020), “Bütövlük və genişlik” (20.10.2020) və s. adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur.
“Ədəbiyyat qəzeti”ndə təkcə keçən il onlarca müəllifin publisist məqaləsi dərc edilmişdir. Onlardan Nizami Cəfərovun “Ana, getdim, salamat qal!” (S.Vurğunun “Ananın öyüdü” şeiri haqqında (25 iyul 2020), Azər Turanın “Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri” (25 iyul 2020), Esmira Fuad Şükürovanın “Behcətabad xatirəsi” – bir gecəlik intizarın yaratdığı eşq dastanı” (18 sentyabr 2020), Pərvanə Məmmədlinin “Cənubda ədəbi proses” (5 noyabr 2020) və s. adlı məqalələrini uğurlu elmi-publisist araşdırmalarının nəticəsi kimi qeyd etmək istərdik.
Vətən müharibəsi dövründə “Ədəbiyyat qəzeti”ndə bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr, pyeslər təqdim olundu. İlqar Fəhminin “Balaca kişilər” poeması (12 noyabr 2020), Elxan Zalın “Qarabağda Səlcuq şikəstəsi” (4 noyabr 2020), Qulu Ağsəsin hələ savaşdan öncə və sırf estetik planda yaratdığı “Şuşa” (23 noyabr 2020) şeirindən sonra qələbə günlərində yazdığı “Ağdam” şeirini də bu sıraya əlavə etmək olar.
Rüstəm Kamalın “Müharibə savaşımız və sözümüz” (7 noyabr 2020), Cavanşir Yusiflinin “Müharibə və ədəbiyyat davası” (4 noyabr 2020), Mətanət Vahidin “Qalib ölkənin vətəndaşı olmaq” (19 noyabr 2020), Tehran Əlişanoğlunun “Qalibiyyət və ədəbiyyatın dərsləri” (15 oktyabr 2020), Vaqif Yusiflinin “Poeziya susmur… Vətən əsgərdən başlayır” (Tənqidçinin publisistik qeydləri) (11 noyabr 2020), Elnarə Akimovanın “Yalnız Qarabağ uğrunda” (10 oktyabr 2020), “Şuşada Azan səsi” (16 sentyabr 2020), “Atıldı dağlardan zəfər topları” (16 sentyabr 2020) tənqidi yazılarının predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə baş verən proseslərin analizi təşkil etdi.
“Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan moderator.az saytına verdiyi müsahibəsində qeyd edir: “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə birgə qəzetin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın ön sözü və tərtibatçılığı ilə “Poeziyada Vətən” adlı özəl sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan ədəbiyyatına daxil oldu. “Ədəbiyyat qəzeti” qalib əsgərin, qalib Azərbaycanın obrazının yaradılmasında iştirak etdi. Bu nümunələrlə ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş Komandanın obrazı yaradıldı. Qəzetin ilk sayından başlayaraq, manşetdən tutmuş, son səhifəsinə qədər müharibənin dinamikası göz önündə sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə xəttinə çevirən türkçülük istiqaməti müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə meydana qoyuldu”.
Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” 2021-ci il 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb.
Akademik İsa Həbibbəyli xüsusi buraxılışın hazırlanmasının zərurəti və əhəmiyyətindən söz açıb: “”Ədəbiyyat qəzeti”nin Nizami Gəncəvi ilinə həsr olunmuş 9 oktyabr saylı buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm. Biz bu xüsusi buraxılış vasitəsilə nizamişünaslıqda gedən prosesləri izləyə bilirik. Bu yalnız elmi məqalələr təqdim edən xüsusi buraxılış deyil. Yalnız tərcümələr meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində bütün yönləri ilə təqdim edir. Burada, həmçinin bu gün nizamişünaslıqda görülən işlərə aid xəbərlər əksini tapıb. Bu gün də proses necə gedir, hansı tədbirlər keçirilir, bu barədə məlumat alırıq. 2021-ci ildə Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə, bu qəzet onu əks etdirə bilir” (26.10.2021).
Oxuculara təqdim edilmiş çoxsaylı publisist yaradıcılığı nümunələrinin təhlili göstərir ki, publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimai prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün “ovqatını” müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması və ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır.
Publisistik yazılara ümumi bir nəzər saldıqda görürük ki, burada əsas leytmotiv sənətlə həyatın əlaqələrinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu prosesində ədəbiyyatın rolunun artırılması, mədəni inteqrasiya proseslərində iştirakın fəallaşdırılması məsələləridir.
Ümumilikdə götürdükdə, qəzetin dərc etdiyi publisist materialların mövzu rəngarəngliyi, məzmun çaları belə deməyə əsas verir ki, müasir bədii publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında, sözün qüdrətinə, publisist təfəkkürə güvənməklə toxunulan problemin həllinə cəhd göstərir və “Ədəbiyyat qəzeti”nin publisistika materialları müasir publisistika yaradıcılığı, mövzu-problematika təkamülü, ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq axtarışları haqqında təsəvvür yaratmağa imkan verir.
“525-ci qəzet” həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı publisist düşüncələrin geniş – siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin Xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira Axundova, Sadıq Elcanlı və b. kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir.
Çap olunan qəzetlər içərisində “Kredo” da öz dəst-xətti ilə seçilir. Bu gün “Kredo” mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var. “Kredo”da nəinki Azərbaycanın ictimai fəaliyyəti, sənət adamlarının ərsəyə gətirdiyi dərin məzmunlu əsərlər, xalqımızın ictimai-siyasi-mədəni həyatında baş verən yeniliklər, dövlətçiliyimizin inkişafı yolunda aparılan məqsədyönlü işlər, elm-sənət yolunda əldə edilən yeniliklər, Azərbaycan gəncliyinin dünəni, bugünü unudulmaz sənət adamlarının, böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında yetişmiş tarixi şəxsiyyətlərin, repressiya qurbanlarının acınacaqlı, faciəli taleyi, xalq ədəbiyyatının inkişafında misilsiz rol oynayan sənətkarların, aşıqların, ozanların, dahi sənət adamlarının, ən böyük tarixi abidələrimizin, dil-dövlət, dilimizin inkişafında – Azərbaycan dilinin dövlət dili kimi inkişafında gedən müxtəlif dövrlərdəki hadisələri özündə əks etdirən yazılarla zəngindir.
Ümumiyyətlə, qəzetin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin qayəsini Qarabağ döyüşü – Qarabağ həqiqətlərinin ölkə ictimaiyyətinə və dünyaya çatdırılması prosesi təşkil edir. Professor Nizami Məmmədovun (Tağısoy) “8 Noyabr Şuşamız azadlıq, Səbuhi şəhidlik zirvəsində qərar tutdu” (10 dekabr 2020), Sevindik Nəsiboğlunun “Şuşa fatehi – Zəfərin oğlu” (07 aprel 2020), Ülvi Aydının “Qarabağ Azərbaycandır”, Əi Rza Xələflinin “Üzü Qarabağa” (23 avqust 2020), Nazim Məmmədovun “Aprel döyüşləri və onun tarixi əhəmiyyəti”, Gülnar Səmanın “Ürəyindən vurulan şəhid” (29 oktyabr 2020) və s. yazılar qəzetin səhifələrində öz əksini tapmışdır.
“Hədəf Nəşrləri”nin təsis etdiyi, ədəbiyyat və sənət dərgisi olan “Ustad” jurnalının 2020-ci il 33-cü sayı dərc olunub. “Ustad” jurnalı çoxsaylı mətbu nəşrlər sırasında yenilərdən hesab edilsə də, öz dəst-xəttini dəqiq təyin edə bilmişdir.
Jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir”, Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi”, Niyazi Mehdinin “Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya”, Maral Baharın Füzulinin şeirlərinə həsr etdiyi “Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət” yazıları oxunaqlığı, zəruri məqamlara diqqət çəkmə gücü ilə seçilir.
Azərbaycan publisistikasının öz vəzifəsini və funksiyasını necə yerinə yetirdiyini “Xəzan” jurnalının saylarında dərc olunmuş coxsaylı ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələrində əks etdirir.
“Xəzan” 23 fevral 2016-cı ildən etibarən Azərbaycan nəşriyyat evində dərc olunan ədəbi-bədii jurnaldır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. O, bir nasir və qələm adamı kimi, orijinal dəst-xəttə, özünəməxsus yaradıcılıq üslubuna malik ziyalılarımızdandır. Müharibə veteranıdır. “Xəzan” jurnalı artıq neçə illərdir ki, Azərbaycan oxucusuna Azərbaycan ədəbi-ictimai mühitinə kifayət qədər ardıçıl, professional səviyyədə yazılar təqdim edir. Son iki ildə jurnalda Şahməmməd Dağlaroğlu, Elçin Kamal, Göyərçin Kərimi, Aslan Quliyev, Fərhad Ramizoğlu, Rəhman Bayram, Zaur Ustac, Məhəmməd Əli, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Budaq Təhməz və b. kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. Bu müəlliflərin jurnalda çap olunan əsərlərində yüksək vətənpərvərlik və ziyalılıq hissləri ilk baxışdan duyulur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçisi Dilbər Rzayevanın “Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir. Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi (Fikrət Sadıq yaradıcılığına həsr olunub), Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır. (Aprel-may, say – 33, 2021).
“Ulduz” jurnalında publisist fəallığına sövq edən yeni, maraqlı formalar diqqəti cəlb edir. “Ulduz” jurnalının 2021-ci il üçün işıq üzü görən ilk sayı “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn, poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş “Xüsusi buraxılış”dır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.
“Azərbaycan” jurnalında dərc olunmuş publisistik materialların ideya-estetik xüsusiyyətləri, üslub zənginliyi, azadlıq uğrunda mübarizə əhval-ruhiyyəsi, Qarabağda və onun ətrafında baş verən hadisələri təfərrüatı ilə işıqlandırmaq meyili onu göstərir ki, bu jurnal bədii-publisist salnaməsini yaratmağa çalışır, publisistikamızın elmi, ictimai-siyasi mühakimə gücünü artırır, ədəbiyyatımızda yeni forma və üslublar yaradır, bütün bunları diqqətlə və əhatəli surətdə araşdırmaq, heç şübhəsiz ki, müasir ədəbi prosesin tədqiqi vəzifələrini genişləndirəcək və ümumən, ədəbiyyatşünaslıq elmimizin inkişafına öz töhfəsini verəcəkdir” [9.s.14].
Musa Yaqubun son illərdə qələmə aldığı şeirlər, Anarın “Azad bir quşdum” adlı ikiseriyalı bədii filmin ədəbi ssenarisi, Zahid Sarıtorpağın “Köhnə mücrüyə elegiya”, Azər Abdullanın “Çat”, Səyyad Aranın “Başdaşı” romanları, Nurəddin Ədiloğlunun “Bumeranq” povesti, Aydın Tağıyevin “İsrailin Suru hekayəsi”, Sevinc Nuruqızının hekayələri, uşaq ədəbiyyatına dair Qəşəm Nəcəfzadənin “Yeni uşaq söhbəti”, Elnarə Akimovanın “Uşaq ədəbiyyatının yeni qəhrəmanları” məqalələri, “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə yer alan Qorxmaz Quliyev, Südabə Ağabalayeva, Vaqif Yusifli və İntiqam Qasımzadənin müəllif yazıları “Azərbaycan” jurnalında çap olunan maraqlı nümunələrdəndir.
İyul-avqust nömrəsi yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunmuşdu. Elnarə Akimovanın “Sabir Əhmədli – yaralarına sığınıb yaşayan adam” adlı yazısı jurnalın ən maraqlı yazılarından oldu.
Beləliklə, yuxarıda adları çəkilmiş qəzet və jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni təyinatı əsas götürülmüş, ümumiyyətlə milli publisistik fikrin inkişaf tarixində və müstəqillik dövründə jurnal publisistikasının ideya-estetik prinsiplərini müəyyənləşdirir, yeni dövrdə onun mövzu dairəsini, ideya-bədii istiqamətləri işıqlandırılmışdır.
Yazarlar jurnalının redaksiya heyətinin üzvü və digər mühüm işlərdə daim dəyərli tövsiyələri ilə gənc yazarlara dəstək olan Təranə Məmməd “İlin yazarı” nominasiyasında beynəlxalq mükafata layiq görülüb. Təranə xanım təəssüratlarını oxucuları ilə belə bölüşüb:
“Qonşu Gürcüstanda təşkil olunmuş “İveriya” beynəlxalq ədəbiyyat və incəsənət festivalına dəvət almışdım. Müəyyən səbəblərdən həmin festivalda “onlayn” iştirak etməli oldum. Bu yaxınlarda aldığım “İveriya” mükafatı çox gözlənilməz və sevindirici oldu. Müsabiqəyə 4 kiçik hekayə göndərmişdim. Müsabiqənin təşkilatçısının dediyinə görə hekayələr münsüflər heyəti tərəfindən bəyənilib. Festival-müsabiqənin təşkilatçılarına və şəxsən Nuqzar – petre Çeaberaşviliyə təşəkkür edirəm.”
Biz də “Yazarlar” olaraq, Təranə xanımın uğurna öz uğurumuz kimi sevinir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!
Bu gün Azərbaycan Yazıçılar Birliyində Mustafa Çəmənlinin Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri çərçivəsində tərtib etdiyi “Əbədiyyət yolçusu” adlı yeni kitabın təqdimat mərasimi olub. Bu barədə tanınmış qəlaəm adamı, “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid öz sosial media hesabında paylaşm edib:
“Yazıçılar Birliyində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyiylə bağlı yazıçı-publisist Mustafa Çəmənlinin tərtib etdiyi “Əbədiyyət yolçusu” kitabının təqdimatına yığışdıq.Hörmətli alimlərin , o cümlədən professor Vilayət Quliyevin çıxışları böyük maraqla qarşılandı. Vilayət müəllim Ə.Haqverdiyevin diplomatik fəaliyyətindən geniş söhbət açdı və onun o vaxtkı Dağlı respublikasında Azərbaycan nümayəndəsi kimi çalışdığı Buynaks ( keçmiş Teymurxanşura) şəhərindəki binada xatirə lövhəsinin açılması təklifini irəli sürdü. Gələcəkdə böyük yazıçının yubileyinin Qarabağda, Şuşada keçirilməsi arzularımızı da dilə gətirdik.” Mənbə: Rəşad Məcid
Biz də Yazarlar olaraq, görkəmli ədibimizi rəhmətlə anır, çox hörmətli yazarımız Mustafa Çəmənliyə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
MUSTAFA Talelər müxtəlifdir; Kimi “Dayandur” olur, Kim isə “Sevinc”, “Vüsal”… Bəxti Yaradan verir, Adı ata, analar… Nə qədər “Bəsdi”, “Arzu”, “Sevindik”, “Kifayət” var… “Yetər”lər sevindiyi Dünyadır bizim dünya; Bilirlər ki, nə qədər Hələ “Qızyetər” də var! Övlad Allah payıdır, “Ruzisin Allah verir, Yükünü Yer götürür…” Kimi oğlan olanda, Kim isə qıza görə, Bəzən köksün ötürür… Dünya saysız, hesabsız Misallara səhnədir. Qız, oğul fərq eləməz, Biganə, biganədir… İstiqanlı, sevəcək… Adın soyuq etməyin, Övlada ad verənlər! “Fidan”, “Humay” ya “Ucal” Nə çoxdur ismi-sərif… Bu gün elə ad verin, Sabah gətirsin tərif! 02.03.2022 – Bakı.
BB (hekayə) 20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü: – Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın. – Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum. – Xeyr. Soruşdular işçilərdən orada kim var? – Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı. – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi: – Olar, sizə elə kəsədən Əli müəllim deyim? – Bəli. Olar. Buyurun. Eşidirəm sizi. – Sizi “BB”-dən İlahə xanım narahat edir. – Buyurun, İlahə xanım, – məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur, – deyə davam etdim. – Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım? – Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi? – Bəli. Zəhmət olmasa, qeyd edin. – Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı: – Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm. – Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik. – Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb: – Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət: – Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə: – Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı. – Əli Mülayim. – Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun. – Elədir. – Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin. – Lap yaxşı. Aydındır, Bəy Bala müəllim. – Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı. – Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum. – İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm? – Nə mənada? – Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün? – Əlbəttə. – Onda başlayaq. – Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum. – Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir. – Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın. – Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı? – Bəli. Bəli. Yaxşı yadımdadır. – Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara. – Üzr istəyirəm, niyə məhz belə? – Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər. – Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada? – Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun. – Bəs onlar nə iş görürdülər? – “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər. – Bəs sökməyiblər oranı? – Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin. – Üzr istəyirəm, belə niyə? – Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi. – Bu işlə yalnız Bakıda məşğulsunuz? – Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk. – Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı? – Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm. – Bəs Ballı xanımdan başqa? – Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək: – Evlisiniz, subay? – Subay. – Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız? – Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim. – Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi. – Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam. – Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək! – Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır. Son. 06.12.2021. Bakı.