MUSA ƏLƏKBƏRLİ – ŞEİR MÖCÜZƏDİR

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

YUXUDA GÖRDÜM Kİ…
Yuxuda gördüm ki, saraydayam mən,
Xalı döşəməli geniş bir saray.
Ayrı bir həşirdə, haraydayam mən,
Qapılar açılır önümdə tay-tay.
* * *
Gördüm başı açıq, ayağı yalın,
O başa-bu başa gəlib gedirəm.
İçində itmişəm yaşılın, alın,
Bir şahzadə qıza təzim edirəm.
* * *
Başına qoyduğu zərli tacından,
Üzündə ay doğur, gün halələnir.
İncilər, almazlar yağır saçından,
Baxıram üstümə işıq ələnir.
* * *
Uçmaq istəyirəm, bir himə bəndəm,
Tanrıdanmı gəlir bu boyda işıq?!
Hər təzim etdikcə göyə büləndəm,
Qürur yaşayıram qorxu qarışıq.
* * *
Baxır, gülümsəyir şahzadə gözəl,
Qəlbimdən keçəni gözümdən duyur.
İşarə edir ki, bir yaxına gəl,
Nədir iltimasın, ərz elə, buyur…
* * *
Dinmək istəyirəm tutulur dilim,
Mənə nələr deyir bu heyrət, nida?
Qəfildən alışır çəmənim, çölüm,
Mən səni görürəm demə yuxuda.
* * *
Sakitcə üzünə boylanıram mən,
Baxışın mehriban, gözlərin duru.
Yuxuda yuxudan oyanıram mən,
Sən günün işığı, sən ayın nuru.
* * *
Ağzım yaman yerdə dirənib dağa,
Yanıl yanaqların bir dağ laləsi…
Məni öldürməyə, ya yaşatmağa,
Bəs edər əlinin bir işarəsi.
* * *
Əmr elə, cəlladlar boynumu vursun,
Nə əcəb görünmür, bəs onlar hanı?
Çağır fərraşların çubuğa tutsun
Səndən sevgi uman kövrək insanı.
* * *
Duyğulu bir qəlbin tamam bəsisən,
Bülbül istəyim var dil-dil ötməyə.
Sən mənim könlümün şahzadəsisən,
Hazıram bir ömür səcdə etməyə!

AXŞAMDAN YAĞAN BU YAĞIŞ
Axşamdan yağan bu yağış
Gecəni sona yetirdi.
Göyün yerə deyəcəyi
Nə varsa, ona yetirdi.
* * *
O dolan qara buludlar
Sübhə kimi damcıladı.
Payızın göz yaşlarını
Qansız külək qamçıladı.
* * *
Mən də yağdım ağ varağa
Gilə-gilə, damcı-damcı.
Kirpiyimdə salxımlandı
Ürəyimdən qopan sancı.
* * *
Ac köçkünlər muncuq-muncuq
Avropanın yaxasında.
Bu sahibsiz məzlumların
Kimdi duran arxasında?!…
* * *
Arxalı qaniçənlərin
Əmri qandı, hökmü qandı…
Bu dünyanın hər yerində
Ölən ancaq müsəlmandı!
* * *
Axşamdan yağan bu yağış
Ilmə-ilmə sökür məni.
Yurdsuzların yurd gəzimi
Bir üsyana çəkir məni.
* * *
Elə yanıb yaxılıram,
Söz ağzımda kömürləşir.
Xocalıda ruhlar gəzir
Dərd ömrümdə ömürləşir.
* * *
Cövlan edir dalğa, tufan,
Bu dəryada sal köməksiz.
Külək vurur, qayıq aşır,
İnsan oğlu, qal köməksiz…
* * *
Batır gücsüz qoca, qarı,
Körpəyə bax, əl-qol atır…
Bu boğulan məzlumların
Ah, naləsi hara çatır?!…
* * *
Hara çatır haqsızlığın
Batırdığı haqqın səsi?!
Aman allah, bu dəhşəti
Bir daha kimsə görməsin!
* * *
Axşamdan yağan bu yağış
Ürəyimə damcılayır.
Külək çöldə yağışı yox,
Evdə məni qamçılayır!

BU SƏNİN DEDİYİN SEVGİDİ
Seyrələn saçların ağına gəlir,
Boranlı, çiskinli dağına gəlir.
Ömrünün ixtiyar çağına gəlir
Demə daşan selim səngidi vallah,
Bu sənin dediyin sevgidi vallah.
* * *
O gülü bu sayaq üzə bilməzdin,
Arxayın, təmkinli gəzə bilməzdin.
O boyda sevincə dözə bilməzdin
Onunçün yollarda ləngidi vallah,
Bu sənin dediyin sevgidi vallah.
* * *
Bilməzdim “hə” imiş dilindəki “yox”,
Onluğa hədəfmiş kipriyində ox.
Mən elə sevirəm bu sevgidən çox
Ömrün qocalıqla cəngidi vallah
Bu sənin dediyin sevgidi vallah.

NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH
Bağladın həyata min sirli bağla,
Qəlbinə coş dedin, gözünə ağla.
Bir belə ağrıyla, bir belə dağla
Neynirdin şairi yaradıb, allah?!
* * *
O, dönə bilmirsə kor ağacına
Ya batan gəminin dor ağacına.
Quş olub uçmursa dar ağacına
Neynirdin şairi yaradıb, allah?!
* * *
Aldanıb kimisə öyəcəkdisə,
Sonra öydüyünü söyəcəkdisə.
Kükrəyib “Həqq mənəm” deyəcəkdisə
Neynirdin şairi yaradıb, allah?!
* * *
Ərzi hökmdara yetməyirdisə,
Dərdi, şikayəti bitməyirdisə.
Zindana könüllü getməyirdisə,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Qılınctək kəsməyən şeirə nə deyim,
Şeirdən gələcək xeyirə nə deyim?
Bu bitib-tükənməz sehrə nə deyim,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Onu zaman-zaman oda salırsan,
Öldürüb sonra da yada salırsan.
Səndəmi şeirlə nəfəs alırsan,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Günəşə calanan hörükmü gəzdin,
Zamana od vuran körükmü gəzdin,
Yoxsa öz dərdinə şərikmi gəzdin,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Yurdu dərd bürüdü, ələm götürdü,
Ürəyi yananlar qələm götürdü.
Yeri də, göyü də bu qəm götürdü
Neynirdin şairi yaradıb, allah?!
* * *
Sirrinə müvafiq elmin yoxdumu,
O elmə yönəlik filmin yoxdumu,
Bizə bundan artıq zülmün yoxdumu?
Neynirdin şairi yaradıb, allah?!
* * *
Ömrümüz-günümüz bir yuxu, röya,
İllər ötüb keçdi… Yaşadıq guya?!
Şeirlə düzələn deyilsə dünya,
Neynirdin şairi yaradıb, allah?!

BİLMİRƏM
Ürəyim dönübdür ağlar bir neyə,
Hardan tapdı məni qəza, bilmirəm?
Göylərlə əlaqəm yoxdumu deyə
Yerin yer dərdini yaza bilmirəm?!
* * *
Əlimdən, dilimdən daş asılıb daş,
Sözümdən tez gəlir gözümdəki yaş,
Elə yazılıb ki yazım, a qardaş,
Ömrüm sona yetir, poza bilmirəm.
* * *
Qocalıq günbəgün qəddimi əyir,
Yanımdan yel ötsə dizim titrəyir.
Yaş artır, önümə daş diyirləyir,
Daha düz yolda da gəzə bilmirəm.
* * *
Tanrıya çatmırsa səsim, xitabım,
Deməli bağlanıb şeir kitabım.
Daha bu hicrana qalmıyıb tabım,
Daha bu həsrətə dözə bilmirəm.
* * *
Musa, su üstündə susuz qalmışam,
İçmək yasaq olub, içdən yanmışam..
Təşnə olduğumu ancaq danmışam
Varmı bundan ağır cəza, bilmirəm?!

ŞEİR MÖCÜZƏDİR
Haçan ağ ümidi üstələyir qəm,
Mənə qəhqəh çəkib qara şər gülür.
Elə ki, şeirdən uzaq düşürəm
Yerdən də, göydən də əlim üzülür.
* * *
Sağalmaz göynəkdir könül yaramda,
Şeir möcüzədir, – danışsam haqla.
İlham bir körpüdür mənim aramda,
Göydə mələklərlə, yerdə torpaqla.
* * *
Açılsın gözümdə göylərin qatı,
Uçmaq eşqim varsa ölməyəcəyəm.
Əzrayıl da bilsin mən bu həyatı
Şeirsiz bitirə bilməyəcəyəm!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.