ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Sübhün ala-qaranlığnda təkəm-seyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı-bir aşağı baxaraq diqqətlə ətrafı dişnəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan bir-birinə qarışmadan aydın eşidilən quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü şəfaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına xumar-xumar buğlanan isti qazan gəldi. Bütün fikrini cəmləyib bir də baxdı. Torbadakı lap elə indicə kəsilmiş, dörd dənə sapsarı toyuq ayağı idi. Son bir dəfə də ətrafı diqqətlə nəzər saldıqdan sonra ani bir hərəkətlə sarı kəhraba kimi parlayan torbanı götürüb uzun narıncı rəngli xalatının cibinə basdı. Çalğunun sol çiyninə getməsi, sağ əlinin möhkəm-möhkəm narıncı iş xalatının böyük yan cibinin üzərində qərar tutması və nurani çöhrəsinə qonan təbəssüm üçü də eyni anda elə avtomatik baş verdi ki, “Qaravula Al!” komandasını icra edən Çin qvardiya əsgərində belə səlislik görə bilməzdin. Daha heç yana baxmadan, əli bərk-bərk cibinin üstündə, çalğusunu yellədə-yellədə səki ilə evinə doğru addımlamağa başladı. Qıvraq addımlarla elə yeyin gedirdi ki, kənardan baxan heç kimi bu gün onun 75 yaşının tamam olduğuna inandırmaq olmazdı. O isə, üzündə təbəssüm, sağ əli cibinin üstündə, dilində şükür, gözünün önündə buğlanan qazan yeyin addımlarla evinə tələsirdi… Qəfil quşların səsi xırp kəsildi. Lap uzaqdan bir-iki it hürüşməsi eşidildi. Ardınca yaxınlıqdakı məsciddən azan verilməyə başladı. Yaşlı qadın dayandı. Sağa-sola boylandı. Çalğusunu bir az da qorxa-qorxa yaxınlıqdakı qoca zeytun ağacına söykədi. Gözü ağacın sinəsinə vurulmuş lövhəyə sataşanda yenidən təbəssüm nurani çöhrəsini bəzədi. Sağ əlini cibinin üzərindən çəkmədən, sol əlini qoynuna saldı. Düz təxmin etmişdi səs onun mobil telefonundan gəlirdi. Zəng edən aman-zaman bir oğlu idi. Bir az da təşvişlə telefonun “Qəbul” düyməsinə toxunub: – “Can bala” – dedi. Kobud kişi səsi küçəni başına götürdü: – “Ma, maaş katını sən götürmüsən?!” Həmin anda yaşlı qadının simasına qəribə bir rahatlıq şökdü. O təmkinlə: – “Yox qadan ürəyimə, mən neynirəm kartı. Oralara yaxış bax…” – “Yaxşı. Oldu. Elə bildim sən götürmüsən…” – həmin kobud kişi səsi yenidən küçəyə yayıldı. Yaşlı qadın telefona bir xeyli sakitcə baxıdıqdan sonra onu yenidən qoynuna qoydu. Çalğusunu götürmək istəyəndə gözü yenidən zeytun ağacının sinəsindəki lövhəyə sataşdı. Yenə ani olaraq üzünə təbəssüm qondu və tez də yerini hüzn dolu kədərə verdi. Yaşlı qadın arxasını zeytun ağacına tərəf çevirib onun bayırda qalmış ən azı 2000 yaşı olan qoca köklərinin üzərində oturdu. Sanki, yüngülcə nəfəsini dərmək istəyirdi. Sıxılır, boğulur, çökürdü… Üzündə çox qəribə kədər məcmusu toplanmışdı. Qəfil hardansa yadına qarğanın dilindən deyilmiş atalar sözü düşdü. Yenidən nurani çöhrəsi gülümsədi. Qalxıb xüsusi əda ilə şalğusunu çiyninə aldı, zeytun ağacının sinəsindəki lövhəyə bir də baxdı və evinə doğru yol aldı…
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə – Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.
O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.
Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazırdı: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.
İlk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də təkrar çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunan bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.
Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı çap edilib.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.
Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir.
Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır.
1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.
“Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qǝdər də sadiq qalacağam. Azərbaycanın dövlət müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim hayatımın mənasıdır.” HEYDƏR ƏLİYEV Ümumilli lider
SÖNMƏZ GÜNƏŞ Çaylar, göllər, dənizlər yox, Kükrəyirdi okeanlar Azərbaycan yaşayırdı Fırtınada qorxunc anlar. *** Dalğaların uğultusu Yayılmışdı çox ellərə. Okeanın açar-pultu. Verilmişdi yad əllərə. *** Qorxu, hədə harayından Millət yaman bayılmışdı. Tam günahsız bir məmləkət Cinayətkar sayılmışdı. *** Yurdumuza gələn bəla Qəlb ağrıtdı, sinə dəldi. Anaların ağısından Göy ağladı, yer kövrəldi.
KİMSƏ… kimsə öz xalqının harayına yetməliydi. Zil qaranlıq gecələrdə Ömrü mayak etməliydi, Dalğaları yara-yara Azadlığa getməyibdi. *** İmperiya buxovunu Mərd bir oğul qırıb atdı. Öz xalqının harayına Ulu Öndər Heydər çatdı. *** Galdi doğma Bakısına, Yollar, izlər sökülmüşdü. Sanki qorxunc zəlzələdən, Har şey çölə tökülmüşdü. *** Gəldi doğma Bakısına, Yaşamağa yer istədi – vermədilər! Söyləməyə söz istədi – vermədilər! *** Bir şəhəri tikən memar evsiz qaldı. Yüz cilidlər yazan yazar sözsüz qaldı. Çoxlarının nadanlığı Yaman ağır gəldi ona. Səmaları yarıb gəldi Ana yurdu Naxçıvana! *** Onun qəfil gəlişindən. Yer üzünə ələndi zər. Peyğəmbərtək qarşılandı Naxçıvanda Ulu Öndər. *** Yamancana sarsılmışdı İnsanların hallarına. Onlar tezcə dönməliydi Öz işıqlı yollarına. *** İmdad güdən dərdli gözlər Dikilmişdi gözlərinə. Öndə görüb xilaskarı Gəlmişdilər özlərinə. *** Ən böyük dərd-Naxçıvanı Etmişdilər yalqız ada Yerdən, göydən bu diyarı Bürümüşdü blokada. *** Rəhbər kimi yaşamaq da Bu diyarda çətin idi. Ulu Öndər öz işində Bütöv idi, mətin idi. *** Tanrıdan xoş dualarla. İnsanlara sülh dilədi, Qoca Şərqin səmasından Günəş kimi nur ələdi. *** Az zamanda el səsini Gur səslənən səsə qatdı. Qorxuları, yalanları Ürəklərdən silib atdı. *** Bu azadlıq savaşında Yol yox idi daha geri. Naxçıvanda məhv olurdu. İmperiya — SSRİ. *** Dədə Heydər seçimində Haqq, ədalət yolun seçdi. Blokada sipərini Siyasətlə yarıb keçdi. *** Qardaş əli yetməyirdi Qardaşına yüz il bəri. Min ümidlə saldırdı O, Araz üstə körpüləri. *** Atatürkdən miras qalan Torpaqlar dada çatdılar. Sayın Dəmirǝl, Ulu Heydər “Ümid körpüsü” açdılar. *** Yüz illərin ayrılan Bu körpüylə yovuşdular. Yalqız qalan Nəqşicahan Türk eliylə qovuşdular. *** Gündəm olan Qars sazişi, Dillərdə çox çözələndi. İncə, müdrik siyasətlə, Bu saziş də təzələndi. *** Bəd xəbərlər yayılırdı. Gözlənirdi qırğın hər an Gizli, aşkar bölünürdü Bölgələrə Azərbaycan. *** Sanki, bizə boş deyildi, Qarabağın qara bəxti. Bir qardaşın gülləsiylə. Bir qardaşın qanı axdı. *** Vətənin hər bölgəsində Yad tonqallar çatılmışdı. Hərə bir cür düşüb tora Döyüşlərə qatılmışdı. *** Bakı coşub hayqırırdı: -Bunu hamı bilməlidi, Bu ölkəni yaşatmağa. Yalnız Heydər gəlməlidi! *** Ulu Öndər gəlməlidi, Bütün səddi yıxmalıdı. Azərbaycan xoş günlərə — Qurtuluşa çıxmalıdı!
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ Hər bir insan üçün onun doğulduğu zaman, məkan, onun hansı millətə mənsub olması, onun böyüyüb-boya başa çatdığı, uşaqlığını keçirdiyi yerlər, şahid olduğu hadisələr və s. bu kimi anlayışlar nə qədər önəmlidirsə, onun dil açan kimi söylədiyi sözlərin hansı dilə mənsub olması, yəni onun ana dilinin hansı dil olması da o qədər, hətta ondan da çox önəmlidir. Çünki ana dili məkan, zaman, millət və s. anlayışlardan və məfhumlardan daha da üstün bir anlayışdır. Ona görə ki, insan doğulduğu andan vəfat etdiyi ana qədər söylədiyi bütün sözləri bu dildə söyləyir. Yürütdüyü bütün fikirləri bu dildə irəli sürür, etdiyi bütün çıxışları bu dildə edir. Nə qədər zamanın və zəmanə adamlarının diktəsi ilə məcburiyyətdən soydaşlarımız bu dili danışmağa çətinliklər çəksələr də, yenə də bu dili unutmamışlar və heç bir zaman unutmayacaqlar. Çünki insanlar ana dilində səslənən ana laylasıyla gecə şirin yuxuya dalmış, həmin dildə olan əzizləmələrlə böyümüşlər. Beləliklə, ana dili insan böyüyüb boya-başa çatanda və ondan da sonrakı dövrlərdə insan üçün ən əvəzsiz, tayı-bərabəri olmayan bir inciyə çevrilmişdir. İnsan öz ana dilini heç bir zaman unutmamalı, bu dilin incəliyini, zərifliyini, doğmalığını, şirinliyini qoruyub saxlamalı və hər zaman bu dildə danışıb bu dildə danışdığı üçün də qürur hissi duymalıdır. Eyni ilə hamımızın idealı, xilaskarımız, mühafizəkarımız, əvəzsiz və ölməz liderimiz, yeni, müasir Azərbaycanımızın qurucusu, memarı Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev kimi! Ümummilli liderimiz Heydər Əliyev təkcə doğma Azərbaycanına sədaqətlə və şərəflə xidmət etdiyi, rəhbərlik etdiyi uzun illər ərzində yox, ümumiyyətlə, uşaqlığından vəfat etdiyi günə qədər hər zaman ana dilimizə böyük hörmət və məhəbbətlə yanaşmış, onu əzizlərdən də əziz, müqəddəslərdən də müqəddəs bilmişdir. Elə buna görə də məktəbdə oxuduğu zamanlardan dilimizin müdafiəsinə və mühafizəsinə qalxmış, bunu da uğurla yerinə yetirmişdir. Hamımızın bildiyi kimi Ulu öndərimiz dünyaya göz açdığı zaman vətənimiz yadelli işğalçıların caynağında, onların tapdağı altında idi. Vətən torpağımızın göylərində qara buludlar çoxdan cövlan edirdi və etməkdəydi. Yurdumuz basılmış, talan edilmiş, sərvətlərimizə sahib çıxılmış, ölkəmizə başçılıq edən qəhrəman cümhuriyyətçilər sürgün olunmuş və ya şəhid edilmiş, yerinə isə azərbaycanlılarla əlaqəsi belə olmayan, yad bir millətə mənsub olmasından da betər olan siyasətçilər gətirilmişdi. Qanı qanımızdan, canı canımızdan olmayan bu işğalçı qaniçənlər zaman keçdikcə daha çox əhaliyə divan tuturdular. İşğalçıların başlıca məqsədi Azərbaycana öz dilini, öz adət-ənənələrini və öz həyat tərzini unutdurmaq olduğu üçün onlar çox keçmədən öz çirkin, mənfur əməllərini icra etməyə başladılar. Yurdumuzda yad səslər ucalmağa, yad dillər danışılmağa başlandı. Dövlət dilimiz də, dövlət bayramlarımız da bizə yadlaşdırıldı, unutdurulmağa çalışıldı. Xalqa türk oğlu türk olan qəhrəmanları unutdurmaq üçün onların adı verilmiş kəndlər, şəhərlər, küçələr, parklar, xiyabanlar və s. yerlər xalqımızın yurdunu talayıb xanimanını viran qoyan qəsbkarların adları ilə adlandırıldı. Şəhərlərimizin ən tanınmış yerlərində onların bayraqları və heykəlləri ucaldıldı. Azərbaycan dilinə vurulmuş ən böyük zərbə 1937-ci ildə oldu. Doğma dilimizi hər şeydən üstün tutaraq bu dildə yazılar yazan və çap etdirən, yazısına bir yad söz də daxil etməyən, daim haqq-ədalət bağıran səslərimiz, dahi yazıçılarımız, şairlərimiz, eləcə də alimlərimiz və dilçilərimiz repressiya maşınından keçirildi. Onlar təkcə dövlətçiliyimizin yox, həm də adət-ənənələrimizin, mədəniyyətimizin və dilimizin qorunması yolunda verdiyimiz şəhidlərimiz idi. Belə bir mühitdə yaşamaq damarında azərbaycanlı qanı axan, azad düşüncə, azad fikir sahibi olan gənc Heydər Əliyevi hər kəsdən çox narahat edirdi. O, tez bir zamanda dövlət dilimizin Azərbaycan dili olmasını və dilimizin o dövrdəki ölkə rəhbərliyi tərəfindən də qorunmasını arzu edirdi, özü də bu yolda əlindən gələni əsirgəməzdi və əsirgəmirdi də. Gələcəyin gerçəyi bu idi ki, uca Allah dilimizin, adət-ənənələrimizin və mədəniyyətimizin sadiq və mübariz keşikçisi kimi Azərbaycanımıza Heydər Əliyev kimi bir şəxsiyyət vermişdi. Buna görə də Heydər Əliyev hər zaman və hər yerdə ana dilimizi hər şeydən üstün tutmuşdu, tuturdu və bundan sonra da belə olacaqdı. Tale elə gətirdi ki, 1969-cu il gəldi. Mən belə hesab edirəm ki, o il Azərbaycan xalqı üçün ən gözəl illərdən, Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk edilmiş illərdən biridir. Çünki həmin ilin iyul ayının 14-də Ulu öndərimiz Heydər Əliyev Azərbaycanını özü idarə etməyə başladı. Elə o zamandan yadellilərdən, onları dəstəkləyənlərin əlindən boğaza yığılmış xalqın üzü güldü, könülü fərəhləndi və hər kəs daha səylə öz işinə başlayır, vətəninin, yurdunun sabahına ümidlə baxırdı. Xalqımız axtardığı lideri tapmışdı: bu şəxsiyyət Heydər Əliyev dühası idi! Ulu öndərimizin hakimiyyətə gəlməsi özü bir sensasion hadisə idi. Ona görə ki, Azərbaycanın yeni lideri özündən əvvəlkilər kimi yad bir şəxs deyildi, soyu və kökü ilə köklü-budaqlı Azərbaycan oğlu idi. Vətənpərvər bir ziyalı, kəskin iradəli bir rəhbər, milyonları arxasınca işıqlı sabaha aparmaq bacarığına malik bir öndər olduğu üçün xalq əmin idi ki, Heydər Əliyev sona qədər Azərbaycan üçün çalışacaq və qarşısına qoyduğu məqsədə çatmaq üçün bu müqəddəs yolda yorulmayacaqdı. Heydər Əliyev hakimiyyətə gəldiyi andan hər bir sahəyə, hər bir mövzuya vaxtını ayırdığı kimi ən çox da zamanını dilimizin qorunması yolunda sərf edirdi. Eyni zamanda xalqın öz qəhrəmanlarını daha dərindən tanıması üçün mədəniyyət sahəsində də yeniliklər edirdi. Misal üçün, gözəl əsərləri ilə dilimizi zənginləşdirən və yad ünsürlərdən qoruyan dahi yazıçılarımıza və şairlərimizə heykəllər, büstlər, məqbərələr ucaldılırdı. Vaqifin məqbərəsi, Cəfər Cabbarlı heykəli, Nəriman Nərimanov heykəli və s. buna əyani misaldır. Nəhayət, Heydər Əliyev hakimiyyətə gələndə yadelli işğalçıların heykəlləri ilə dolu olan şəhərimiz öz övladlarının abidələri ilə nurlanmağa başladı. Türk dilini ədəbi yoluna işıq tutan bir mayak seçmiş dahi ədibimiz Hüseyn Cavidin nəşinin vətəninə gətirilməsi də Heydər Əliyevin bu yolda atdığı ən mühüm addımlardan biri idi. Ulu öndərimizin mədəniyyət sahəsindəki yeniliklərindən biri də bu idi ki, görkəmli ziyalılarımızın və dahi ədiblərimizin yubiley tədbirləri məhz onun başlıca təşəbbüsü ilə keçirilirdi. Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərində atdığı bir addım var ki, bu, onun dilimiz yolunda gördüyü işlərin zirvəsi sayılacaq dərəcədədir. Sözügedən həmin addım dedikdə dövlət dilimizin Azərbaycan dili olaraq qəbul edilməsini nəzərdə tuturam. Belə ki, get-gedə işğalçı planlarını daha da genişləndirən SSRİ hökuməti vahid torpaq siyasəti yürütdüyü kimi vahid dil siyasəti də yürütməyə davam edirdi. Nəticədə Avropanın ortasından başlayıb Uzaq Şərqə qədər uzanan işğal torpaqlarında yaşayan, rusları azlıqda qoyan neçə-neçə millət, etnik qrup və etnos öz dilini unudacaq, rus dilini danışacaqdı. Bizim Azərbaycanımızın 50 ildən çox bir müddətdə dövlət dili rus dili olmuşdu. Beləliklə, indi danışığımızda hiss olunan rus sözləri dilimizə bu yolla daxil olmuş, soxulmuşdu. Bu işğalçı islahat ən çox bizə təsir etdi. Lakin ana dilimizi unutmadıq və unutdura bilmədilər. Çünki Heydər Əliyev kimi bir liderimiz var idi. O, ölkəyə rəhbərlik etdiyi dövrdə dilimizin yayılmasına və inkişaf etməsinə daha çox diqqət, vaxt ayırdı. SSRİ Konstitusiyasında artıq tanınmayan qeyri-rus dilləri ilə bağlı olan maddələr Ulu öndərimizi çox narahat etdi. O, bununla bağlı illərini, aylarını, həftələrini, gecə-gündüzlərini sərf etdi, o vaxtkı dövlət, hökümət başçıları, partiyanın ali rəhbərləri ilə müzakirələr apardı və qəti şəkildə bununla mübarizə aparacağını açıq bildirdi. Nəticədə, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası yeniləndi və həmin Konstitusiyanın 73-cü maddəsinə sırf Heydər Əliyevin təşəbbüsü və kəskin iradə göstərməsi sayəsində belə bir dəyişiklik olundu: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”. Beləliklə, yadelli işğalçılar nə olursa olsun, bizə və Ulu öndərimizə hələ imperiya dövlətinin və siyasi rəhbərlərinin çox güclü, amansız olduqları bir dövrdə belə təsir göstərə bilmədilər, Ulu öndərimizin əsaslı tələbləri qarşısında susdular. Dilimiz öz möhkəmliyini sırf Ulu öndərimizin səyi, bacarığı, mətinliyi, qəhrəmanlığı sayəsində qoruyub saxlaya bildi və əsas qanunla qanuniləşdirildi. Heydər Əliyev Azərbaycanının dayağı olduğu kimi onun dilinin də dayağı idi! Aradan uzun illər keçdi, vətənimizin başı üzərindən çox cənub, şimal, qərb küləkləri əsdi. Yenə də vətənimiz təhlükə qarşısında idi, insanlar ümidsizlik yükü ilə yüklənmişdilər. Təqvimlər 15 iyun 1993-cü il tarixini göstərirdi. Bu dəfə Azərbaycanımızın bir parçası olan, başçısı olduğu gözəl diyarımız Naxçıvanı xilas etdiyi kimi heç tərəddüd etmədən, çəkinmədən, heç bir qorxunu, ölüm təhlükəsini göz önünə almadan Azərbaycanını da xaosdan xilas etməyi özü üçün ən müqəddəs vəzifə bilən Ulu öndər Heydər Əliyev doğma vətəninin paytaxtına qayıtdı. Xalqın gözündə tək xilaskar olan Ulu öndərimiz həmin il yekdilliklə dövlətimizin prezidenti seçildi. İkinci dəfə doğma yurduna sədaqətlə xidmət edən böyük şəxsiyyət olan Heydər Əliyev müstəqilliyimizdən sonra da dilimizin sadiq keşikçisi olduğunu göstərdi, dövlət dilinin yenidən Azərbaycan dili olduğunu təsdiqlədi. O, 1995-ci ilin 12 noyabr tarixində yekdilliklə qəbul edilən, özünün memarı olduğu yeni Konstitusiyamızda da bunu bir daha təsdiqlədi. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. O, müstəqillik dövründə ən böyük addımlardan birini 2001-ci ildə atdı. 1 avqust tarixini “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan etdi. Onun bu addımından sonra hər il 1 avqust tarixi əlamətdarlıq qazandı, hər kəsin sevincli bir günü, dil bayramı oldu. Ulu öndərimiz kağız üzərində qalan əlifba dəyişikliyini reallaşdırdı. Beləliklə, 70 ilə qədər yadelli əlifbasında yazıb-oxuyan körpələr bundan sonra latın qrafikasında yazıb-oxuyacaqdılar. Ulu öndərimiz həmişə olduğu kimi bu dəfə də ana dilimizin saflaşdırılmasına və yad sözlərdən təmizlənməsinə xüsusi diqqət ayırırdı. Ulu öndərimiz ömrünün sonuna qədər Azərbaycana sadiq qaldığı kimi onun dilinə də sadiq qaldı. Vətənimizin xilaskarı onun dilini də xilas etdi! “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını söylədi və bunu əməlində də sübut etdi! Ulu öndərimiz heç bir zaman unudulmayacaq və unutdurulmayacaqdır! Məqaləmi 11 dekabr 2016-cı ildə Ulu öndərimizə həsr etdiyim və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuş “Ulu öndərimiz” adlı şeirimlə bitirmək istəyirəm. ULU ÖNDƏRİMİZ Əziz Ulu öndərim, Bu gün ruhun şad olsun. Sənə sadiq olana, Ürəkdən salam olsun. * * * Sən etdin ölkəmizi, Gözəl,qəşəng gülüstan. Səndən qorxdu,çəkindi, O mənfur ermənistan. * * * Sən gəldin,oldu bayram, Pislər bir başa getdi. Sənin gözəl yolunu, İlhamın davam etdi. * * * Azərbaycanlıları, Hər yerdə birləşdirdin. Ordunu gücləndirdin, Məkkəyə belə getdin. * * * Sən bu gün olmasan da, Əsərlərin yaşayır. Həm çiçəkləndirdiyin, Azərbaycan yaşayır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Yenə soyuq küçələrə sükut çökmüşdü.Gecə saat 2,3 olardı ki,artıq insanlar evlərinə toplanmışdılar.Bu sərt rüzgarın baxışları simama elə bil şillə vurmuşdu.Qarşımda uzun yol vardı,ancaq hansı küçədən gedəcəyimi bilmirdim.Şimşək də çaxırdı.Ah! Mən nə edəcəkdim? Kimsəsiz bir uşağın fəryadını kim duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?
Dözə bilmirdim.Qəflətən diz çöküb hönkürtü çəkdim.O qədər dərindən çəkdim ki,sanki bu dəqiqə ürəyim qopub düşəcəkdi.Hamı məni uşaq bilirdi.Elə düşünürdülər ki,mənim ürəyim yoxdu.Bu necə insafsızlıqdır?! Nolsun yaşım azdır? Mənim duyğularım ola bilməz? Sualıma cavab verin,insanlar niyə bu qədər əclafdır,kinlidir? Sualıma cavab verəcəksiniz? Yox..Ya bu sualların cavabını bilmirsiniz,ya da “Kimi kimsəsi yoxdur.Yenə boş-boş danışır” -deyib keçəcəksiniz.
Hönkür-hönkür ağlayarkən küçənin ortasında diz çöküb qalmışdım.Yaralanan əllərimlə dizlərimin ağrısını ağlamaqdan belə hiss etmirdim.Demək,insan ağrını ürəyində də hiss edərmiş.Mən indi qəlbən hiss edirəm.Bir insan çevrilib heç soruşmurdu ki, “qızım,nəsə istəyirsən?” Bu fikri almaq qalsın bir yana,üzümə baxan yox idi.
Şimşəyin çaxması yağış yağacağına işarə edirdi.Yenə həmişə olduğu kimi sərt rüzgar mənə əzab verəcək,yağışın damlaları da isladıb üşüdəcəkdi.Kaş..Kaş ki,səsimi duyan olsaydı.Tanrım,ya al yanına,ya da məni bir mərhəmətli insanla qarşılaşdır!
Qəfildən arxadan kişi səsi eşitdim.
-Qızım,niyə küçədəsən? Atan,anan yoxdur?
Arxama dönüb baxmağa qorxdum.Məndən daha da dərindən,hətta hayqırış səsi ilə dolu hönkürtü qopdu.
Yanıma yaxınlaşdığını hiss etdim.Mən qorxub divarın küncünə tərəf qaçdım.
-Məndən qorxma,qızım.Adım Maqsuddur.Bəs sənin adın nədir?Bu saatda niyə küçədəsən?
-Adım Fəridədir.Mən..Mənim kimsəm yoxdur…
“Kimsəm yoxdur” sözünü söylədikdə ürəyimdən bir parçamın qopub düşdüyünü hiss etdim.Deyirlər ki, “insan uzun müddət ağrılarıyla yalnız yaşadıqda alışır” Deyəsən,mən də alışmışdım…
-Atan,anan səni qoyub gedibmi? Yoxsa?
-Yox,getməyiblər.Qohumlardan eşitdiyimə görə mən doğulduqda anam dünyasını dəyişib.Atam da anamın itgisinə dözə bilməyib ürəyi partlayıb.Atam ilə anamı,hətta “Dəli sevdalılar” adlandırardılar.Bir-birini uzun illər seviblər.Sonra taleləri onları məndən ayırıb…
-Fəridə,qızım,çox üzüldüm.Söz tapa bilmirəm.Gəl belə edək.Sən mənimlə gələcəksən.Səni həyat yoldaşım Səkinəylə tanış edəcəyəm.Bundan sonra bizim yanımızda qalacaqsan.
-Yox,yox! Elə şey olmaz.Mən kimsəyə yük olmaq istəmirəm.
-Aaa! Bir də belə danışdığını eşitməyəcəm.Nə yük? Sən də nəvəm yaşındasan.Maqsud baban səni hamıdan qoruyacaq!
Maqsud babayla söhbət etməmişdən qabaq çox qorxmuşdum.Bu gözəl insanın simasında qəribə bir ifadə vardı.Kənardan çox zəhmli görünən Maqsud kişi,əslində,bir körpənin ürəyi kimi yumşaq,mərhəmətlidir.Demək,insanları tanımaq üçün ünsiyyətdə olmaq lazımdır.Mən hər şeydən məhrum imişəm…
-Əlini mənə ver,gedək,Fəridə qızım.
Maqsud babanın əlindən tutdum.Öz evinə aparırdı.Araya dərin sükut çökmüşdü.Deyəsən,mənim simamdakı narahatlığı duyub bu sükutu pozdu:
-Fəridə,sənin neçə yaşın var,qızım?
-Beş yaşım var,Maqsud baba.
-Sən həmişədən burda olmusan,yoxsa kiminləsə gəlmisən?
-Yox,Gülzar adında xalam vardı.Onunla gələrdim həmişə.Ancaq o…
Bir anlıq duruxdum.Qorxdum ki,xəbər tutar danışdıqlarımdan.Əlindən zorla qaçıb gəlmişdim buraya.Maqsud baba mənim susduğumu görüb başımı sığallayıb dedi:
-Qorxma,qızım.Maqsud babandan da heç nəyi gizlətmə.Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.
-Gülzar xala,əslində,mənim doğma xalam deyildi.Məni himayəsinə almışdı.Sadəcə çox incidirdi.Məni həmişə döyər,söyərdi.
Donumun qolunu qaldırıb o qadının etdiklərini göstərdim.
-Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs sən necə qaçıb gəldin?
-Biz Bakıda yaşayırıq.Bir neçə gün bundan qabaq telefonla danışdığını eşitdim.Məni “uşaq evinə” qoyub Qazaxa gələcəyini duydum.Necə gedəcəkdim?-deyə heç bir fikrim yox idi.Qərara gəldim ki,Gülzar xala yatanda telefonu alıb həmin gün qaçım.
-Bəs necə gəldin?
-Maqsud baba,qorxa-qorxa yolda tanımadığım qadından kömək istədim.O da təsadüfən Qazaxa gedirmiş.Məni avtobusa mindirdi.Sağ olsun,məni yedizdirdi,içizdirdi.Qazaxa gəldikdə yalandan dedim ki,məni qarşılayacaqlar.Buraya qoyub gedin.O da elə etdi.O vaxtdan bu soyuq,tənha küçələrdə mən də kimsəsiz bir uşaq kimi dolaşıram.
-Sənin bu kiçik ürəyində nə böyük dərd varmış,qızım…
Maqsud babanın kövrəldiyini hiss etdim.Mövzunu tez dəyişdim:
-Maqsud baba,Qazax necə bir yerdir?
-Fəridə,qızım,Qazax cənnətdir cənnət! Yurdu,havası,suyu,torpağı canım-ciyərimdir mənim! Mən uşaqlıqdan ta bu yaşıma kimi Qazaxın havasını içimə çəkib,suyunu içmişəm.Qazax bütün ellərdən doğmadır!
-Mən də gəzib görmək istəyərdim.
-Gəzəcəksən,görəcəksən! Maqsud baban hər səhər saat 6-da işə durub gedir.Bir gün boş olanda səni çoxluca gəzdirərəm! Hə,bax,gəldik çatdıq.
Darvazanı açdıqda özümü başqa bir dünyada hiss etdim.Maqsud babanın ocağı mənim doğma yurdum,evim idi.Bu ocağın hələ doğma insanları da vardı.
-Səkinə,mənəm! Aç qapını.
-Ay xoş gəlmisən,Maqsud! Bu balaca qızımız kimdir?
-Səkinə,bir dayan.Evə girim nəfəs alım,sonra danışaram.Sən de görüm,pürrəngi çayın varmı?
-Hə,əlbəttə! Gəl,gəl!
-Fəridə qızımı götür.Paltarını dəyiş,rahatlat,mən sənə hər şeyi danışacam.
Səkinə nənə məni o qədər gözəl qarşıladı ki,arada bir gözlərimdən yaş damladığını hiss etdim.Mənə yemək,isti çay verdi.O qədər gözəl qarşıladı ki,özüm belə təəccübləndim,çünki heç vaxt bu sevgini hiss etməmişdim.Məni qucaqlayıb dedi:
-Saat çox gecdir,Fəridə,qızım.Gəl aparım yatırdım səni.
-Səkinə nənə..
-Ay can! De,balam,ürəyin nə istəyir?
-Olarmı ki,əvvəlcə Maqsud babaya təşəkkü edim,sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az qaranlıqdan qorxuram.
Əslində,qaranlıqdan qorxmurdum.Kimsəsiz bir uşağın istəyi nə ola bilərdi? İsti qucaq,sevgi,qayğı..Tanrım bunu mənə çox görməsin!
-Əlbəttə,gözəl balam.Mən sənə gözüm kimi baxacam,amma əvvəlcə nə etmək lazım? Təbii ki,səni qəşəngcə çimizdirmək lazımdır! Heç narahat olma!
Səkinə nənə məni hamama salıb yaxşıca yuyundurdu.Hamamdan çıxanda qaça-qaça Maqsud babanın yanına gəldim.Boynuna atlayıb bərk-bərk sarılıb:
-Maqsud baba,hər şey üçün çox təşəkkürlər!
-Qızım,şükürlər olsun ki,Tanrım səni mənim qarşıma çıxartdı! İndi get yat.Hələ qabaqda gözəl günlərimiz olacaq.
Qaçıb Səkinə nənənin əlindən tutub otağa getdim.Yatağa uzandıqda ürəyimin qopan parçalarının bir-birinə bağlandığını hiss etdim.Deyəsən,qopub düşən parçalar geri dönürdü,ya da məni tərk etməmişdilər.Çox şey istəmirdim ki,az da olsa sevgi…
**************************
Hər gün səhər tezdən qalxar Səkinə nənəmin yanında dolaşardım,həm də oynayardıq.Bəzən olardı ki,məni də özü ilə aparıb surpriz hədiyyələrlə sevindirərdi.Hər gün xoşbəxtliklə oyanardım ki,Səkinə nənəmlə gəzintiyə çıxacağıq! Maqsud babanın çox işi olurdu deyə məni tez-tez gəzintiyə çıxara bilmirdi.Demək olar bütün günümü Səkinə nənəmlə keçirər,əylənərdim.Günlərin necə tez keçdiyini bilməzdim.Sanki zaman əllərimdən qaçıb gedirdi.Axşamları Səkinə nənə samovar çayı hazırlayardı.Maqsud babanın tez-tez qonaqları gələrdi.Bu dadlı söhbətin havasında Aşıq Kamadarın səsi gələrdi.Bəzən olardı ki,səhərə kimi Aşıq Kamandar çalar,Maqsud baba qonaqları ilə şənlənərdi.Mən uşaq olduğumdan çox vaxt görə bilmirdim,çünki tez yatırdım.Siz bilirsinizmi huzuru hiss etmək necə böyük xoşbəxtlikdir? Mən ən böyük xoşbəxtliyimi tapa bilmişdim.Artıq yalnız deyildim,çiyinlərimdə özümdən ağır yük daşımırdım.Maqsud baba və Səkinə nənənin şirin,dadlı-duzlu söhbətlərini dinləyib bəzən yuxuya dalardım eləcə.
Bu böyük xoşbəxtlik bir neçə il davam etdi.Həyatımda ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə doldurdu.Bu ocağa sığındığım gündən bəri mən ən böyük xoşbəxtliyimi yaşayırdım.Bəzən qorxurdum ki,bu xoşbəxtlik əllərimdən qaçıb gedəcək..Elə qaçıb getdi də…
Yenə bir yay axşamı idi.Səkinə nənə ilə həyatda gəzişirdik.Maqsud baba bir neçə günlük Bakıya gedəcəkdi.Artıq yola çıxmışdı.Ancaq nədənsə ürəyimdə böyük bir narahatçılıq vardı.Həmişə getməmişdən qabaq alnımdan öpüb,başıma sığal çəkib deyərdi ki, “Özünə yaxşı bax,Fəridə,qızım.Bir gün mən yanında olmaya bilərəm.Məndən sonra çox göz yaşı tökmə.Bax,Səkinəyə də,sənə də bərk-bərk tapşırıram!” Mən isə üzümü turşudar,hətta küsərdim.Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni tapmamışdan öncəki halımda idim.O dərin boşluğu hiss edirdim.Səkinə nənə süfrəni yığışdırırdı.Yanına yaxınlaşıb:
-Səkinə nənə,gəl mən də sənə kömək edim.
-Yox,balam,sən otur.Mən özüm edəcəyəm.
Deyəsən,Səkinə nənə simamdakı narahatlığı hiss etmişdi.Əlindəkiləri yerə qoyub mənə yaxınlaşdı.
-Qızım,nolub? Nəsə narahatçılığın var?
Nə qədər gizlətməyə çalışsam da,alınmadı.Göz yaşlarımı gizlədə bilmədim.
-Bir az hə.Maqsud baba çatıbmı görəsən?
-Gözəl qızım,bir neçə saatdan sonra çatacaq Bakıya.Zəng vuracaq.Sən niyə ağlayırsan?
-Bilmirəm.Səkinə nənə,olarmı sizə sarılsam?
-Can! Əlbəttə olar.Gəl!
Səkinə nənəni bərk-bərk qucaqlayanda bir az rahatladığımı hiss etdim,ancaq o boşluq keçməmişdi.Yenə yağış yağacaqdı,çünki göy üzünü qara buludlar almışdı.
-Gəl,qızım,keçək içəri.Mən də süfrəni yığışdırdım artıq.Əlini ver mənə,Fəridə,keçək içəri.
Səkinə nənənin əlindən tutub içəri keçdik.Divana keçib uzandım.Sadəcə dincəlim deyə uzanmışdım,ancaq elə də yuxu aparmışdı məni.
Bir neçə saat sonra qəflətən qışqırıq səsinə oyandım.Səkinə nənənin hayqırtısını eşitdim.Otaqdan çıxıb,qaça-qaça həyətə düşdüm.Səkinə nənə dizlərinə döyə-döyə “Maqsuuud! Maqsud,bizi niyə qoyub getdin!” -deyə hayqırırdı.Qaça-qaça yanına gəlib Səkinə nənənin boynuna atlayıb:
-Səkinə nənə,Maqsud babama nolub?
-Maqsud babanı itirdik,qızım! İtirdik!!!!
“İtirdik” kəlməsi qulaqlarımdan hələ də getməyib.Gözlərimdəki yaş bir anlıq qurudu.
-Necə yəni itirdik? Səkinə nənə?
Bu sözü dedikdən sonra huşumu itirdim.Çox yaşanan hadisəni xatırlamıram,ancaq xatırladığım tək şey var.O da Səkinə nənənin “Maqsud babanı itirdik” sözünü söyləməsi idi.Oyananda başımın üstündə Səkinə nənənin saçlarıma sığal çəkərkən hönkür-hönkür ağladığını.Yataqdan qalxıb Səkinə nənənin göz yaşlarını kiçik barmaqlarımla silməyə çalışıb dedim:
-Səkinə nənə,Maqsud babam cənnətəmi getdi?
-Hə,qızım.Tanrı evinə…
-Bəs biz? Bizi niyə tək qoyub getdi?
-Gözəl qızım,Maqsud baban bizim yanımızdan cismani olaraq ayrılıb.Onun ruhu yenə səninlədir,mənimlədir.
-Bəs mən indi kimə səhər oyanıb “Sağ-salamat,Maqsud baba” deyəcəm? Kimdən o dadlı-duzları söhbətləri dinləyəcəm?
Bu sözləri dedikdən dərindən hönkürtü çəkdim.Artıq taqətim qalmamışdım.Başımı Səkinə nənənin çiyinlərinə söykəyib daha da dərindən ağladım.Bu ağır itkinin ağrısını indi çiyinlərimdə deyil,bütün vücudumda hiss edirdim…
İllər,aylar keçdi.Artıq Maqsud babasız tam 5 il keçirdi.Mənim 15 yaşım vardı.Gənc qız olmuşdum.Artıq kimsəsiz Fəridə böyüyüb boya-başa çatmışdı.Bu 15 il ərzində çiyinlərimdə nə yük daşımışam ki? Mənim ən böyük yüküm Maqsud babanın itgisi oldu.
Məzarına gəlib yaxınlaşdım. “Məzar daşı” sözünü belə deməyə dilim gəlmir! Axı o ölməyib! Deyəsən,çox danışa bilməyəcəm.Bir az söhbətləşdikdən sonra qayıdıb evə gəldim.Evə gəldikdə Səkinə nənə evdə yox idi.Nədənsə qəlbim səslədi ki,Maqsud babanın otağına keçim.Otağa keçdikdə stolunun yanındakı siyirməni açıb şəkillərə baxaram deyə düşündüm.Şəkillərin altında saralmış köhnə bir məktub parçası gördüm.Məktubun üstündə “qızım Fəridəyə” yazılmışdı.Bu Maqsud babanın məktubu idi.Məktubu açıb oxumağa başladım:
Fəridə,qızım,sən bu məktubu yəqin ki,mən bu dünyadan köçdükdən sonra oxuyacaqsan.Məni bağışla,ancaq Tanrı artıq vaxtımın çatdığını deyir.Getməliyəm.Mən də getməmişdən öncə düşündüm ki,bu kiçik məktubu yazıb elə gedim.Bir azdan yola çıxacam.Başıma nə gələcək? Nə olacaq? Bilmirəm.İnsan ağır fikirlərlə yaşadıqda daha tez qocalar.Bunu unutma ki,özünü ağır fikirlərlə yükləmə.Bu sənə Maqsud babanın tapşırığıdır!
Səni heç vaxt kimsənin əlinə qoymayım,qoruyum,boya-başa çatdırım deyə düşünürdüm.İndi isə Səkinə nənənlə birlikdə qalacaqsan.Bəlkə də bu məktubu oxuduqda sən artıq həddi-büluğa çatmış bir qız olacaqsan.Səni nə qədər də qorusam,kədərdən,acıdan qoruya bilmərəm.Qızım,zaman elə qəddardır ki,bizim bütün sevdiklərimizi əlimizdən alıb aparır.Səndən yeganə xahişim var ki,güclü ol! Səkinə nənəni incitməcəyindən tam əminəm,ancaq xahiş edirəm ki,mənim qara xəbərim gəldikdə ağlamayın.Bu ağrını yaşamağa artıq dözə bilmərəm…
Əziz övladım,Maqsud baban səni həmişədən çox sevib.Həmişə səni göz bəbəyim kimi qoruyacağıma söz vermişdim! Əgər bir gün yanında olmasam nə edəcəksən,necə bu insanlarla başa çıxacaqsan? Deyə düşündükdə dərd məni alıb aparır,amma sonra deyirəm ki,mənim qızım əzmkardır!
Bir azdan qatar gələcək.Cəfalı Səkinəmlə,özünə yaxşı bax! Yadından çıxartma ki,Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!
Məktubda son cümləni oxuyub bitirdikdə göz yaşlarımın Maqsud babanın son yazdığı cümləni islatdığını gördüm. “Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”