Ҳар замонда бор экан тулки билан бўрилар, Сизни ҳурмат қиларди бой камбағал, чўрилар. Сиз виқорли мағрур аёл ва шунчалар мулойим, Сўзларингиз қилич каби ўткирдир Моҳларойим.
Увайсийнинг изларидан қалам тутган аёлсиз, Тахт деб сизга туҳмат қилди қай виждонсиз ҳаёсиз. Душманларнинг қозисидир фақат ёлғиз Худойим, Сизга тирик девор бўлган халқингиз Моҳларойим.
15.12.2025-ci il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Bəxtiyar Qarabağlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Minarə İsgəndər müxtəlif mövzularda qələmə aldıqları şeirlərini oxudu. Gənc yazıçılardan Nicat Hunalp, Elçin Məhərrəm, Şamil Həsən öz yeni əsərlərini oxudular. Şair Elşən Əzim həm öz şeirlərini səsləndirdi, həm də gənclər tərəfindən oxunan əsərlərə öz münasibətini bildirib təqdir etdi. Daha sonra Elşən Əzim bölmə sədri İsmayıl İmanzadənin 80 illik yubileyi münasibətilə bağlı AYB sərdi Anar Rzayevin və Milli Məclisin deputatı, İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Fazil Mustafanın təbrik məktublarını bütün yazıçılara oxudu.
Yekdilliklə qərara alındı ki, ustad yazıçının qələminə hörmət əlaməti olaraq, onun yubiley mərasimi keçirilsin. Bununla bağlı bölmə sədrinin razılığı alındıqdan sonra tədbirin təşkilatçıları müəyyənləşdirildi.
Müəllif: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
Yubileylərlə bağlı yazı yazmaq dəbdədir. Bəzən 50, 60, 70 yaşı tamam olacaq bir adam siyahı tutaraq yoldaşlara özü haqqında kitab çap etdirəcəyini söyləyərək dost-tanışdan xahiş edir ki, onlar da öz ürək sözlərini yazsınlar. Hətta iş o yerə çatır ki, yaxşı tanımadığın, yaxud gözündə heç də ideal olmayan bir insan barəsində də məcburən nə isə yazmalı olursan! Fəqət ha yazdın a! Deyilən söz ürəkdən gəlməlidir. Söz sədəqə deyil ki, çıxarıb verəsən. O, insan deyilən sözə layiq olmalıdır.
Həzrəti Məhəmməd peyğəmbərin belə bir hədisi var: “Ən yaxşı sədəqə ürəkdən deyilən sözdür”.
Eşidəndə ki, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun anadan olmasının 65 illiyi tamam olur, yadıma peyğəmbərimizin həmin qiymətli kəlamı düşdü. İntiqam müəllim haqqında ürəkdən söz deməyə dəyər!
İntiqam Cəbrayılovla tanışlığım ötən əsrin səksən doqquzuncu ilinə təsadüf edir. O zamanlar bizim institut Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanırdı. Aspiranturaya qəbul imtahanları başa çatmışdı. Hündür boylu bir gənc mənə yaxınlaşaraq özünü təqdim etdi. Neftçalalı olduğunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix-hüquq-ictimaiyyat ixtisası üzrə ali təhsil aldığını, Neftçala rayonunun Xolqaraqaşlı kənd orta məktəbində tarix müəllimi işlədiyini və aspiranturanın əyani şöbəsinə qəbul olduğunu bildirdikdən sonra utana-utana məndən xəbər aldı: “Akif müəllim, mənim elmi rəhbərim olarsınızmı?”
Onun gözlərinə baxdım, duruşuna, danışığına diqqət yetirdim və razı qaldım. Məlum oldu ki, İntiqam müəllim universiteti də fərqlənmə diplomu ilə bitirib. Aspiranturaya qəbul imtahanlarında da yaxşı qiymətlər alıb, bir şəxsiyyət kimi də müsbət fikir yaradır. Odur ki, tərəddüd etmədən əlini sıxıb:
-Niyə olmuram ki?! – dedim. -Elmi rəhbər olaram.
Onda İntiqam müəllimin 29 yaşı vardı. Çox sevindi. Razılığını bildirdi. Onun dissertasiya mövzusunu “Tarixi abidələr şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi” müəyyənləşdirdik və o, elmi fəaliyyətə başladı. 1994-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldı.
Zənnimdə yanılmamışdım. İntiqam Cəbrayılov yaxşı tarix müəllimi və eyni zamanda səriştəli tədqiqatçı idi. İnstitutda çalışa-çalışa ali təhsil müəssisələrində ümumi tarixdən, Azərbaycan tarixindən mühazirələr oxuyur, seminar məşğələləri keçirirdi. O zamanlar mən institutda şöbə müdiri işləməklə yanaşı Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor idim. Mənim zəmanətimlə rektor, professor Ağarəhim Rəhimov İntiqam Cəbrayılovu müəllim kimi işə götürdü. Hazırda o, Təhsil İnstitutunda çalışmaqla yanaşı həmin universitetdə tarix kafedrasının müdiridir.
2001-2008-ci illərdə İntiqam müəllim mənim müdir olduğum Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmağa başladı. Eyni zamanda elmlər doktoru proqramı üzrə şöbənin doktorantı oldu. 2007-ci ildə “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri” mövzusunda (təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası) ixtisası üzrə) dissertasiya işini müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi aldı.
Həmin vaxt mən institutun elmi katibi və həm də institutda fəaliyyət göstərən dissertasiya şurasının da elmi katibi idim.
İllərə nə var ki?! Quş qanadlıdır. Sezilmədən ötüb keçir, xoş xatirələr qoyub gedir. İllər bax beləcə günləri, həftələri, ayları qovub apardı. Gənclik illərimizi də əlimizdən aldı. Bu il mən 75, İntiqam müəllim də 65 yaşına çatdı.
Mən təxminən 40 nəfərə qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirmişəm. Mənim elmi məsləhətçiliyim və elmi rəhbərliyimlə onlar müdafiə edib ad-san qazanıblar. Bu qırx nəfərin içərisində pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov öz dəsti-xətti, çalışqanlığı, elmi-pedaqoji fəaliyyəti ilə seçilir. Özü də bir neçə fəlsəfə doktoru və bir nəfər elmlər doktoru yetişdirmişdir.
İntiqam Cəbrayılov Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Şöbənin əməkdaşlarının elmi-tədqiqat yaradıcılığı yalnız institut üçün deyil, eyni zamanda, bütün təhsil sahəsindən ötrü dəyərlidir.
İntiqam Cəbyarılovun araşdırmaları aktuallığı ilə seçilir. Diqqət yetirək: milli mənlik şüurunun formalaşdırılması, tarixin tədrisində islam dəyərlərindən istifadə, Azərbaycanın yeni və ən yeni dövr tarixinin tədqiqi və tədrisi məsələləri, ali məktəblərdə Azərbaycan tarixi təliminin müasir problemləri, tarixin tədrisində diyarşünaslıq materiallarından istifadə, Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması, tarix ixtisası üzrə müəllim kadrların hazırlığı məsələləri, Azərbaycan tarixinin tədrisində izah və mühakimə metodlarının rolu, Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltməyin şərtləri, Heydər Əliyev irsində Azərbaycan tarixinin tədqiqi və tədrisi məsələləri, tarix dərsliyinin müasir məzmun problemləri, Azərbaycanın dövlətçilik tarixinin tədrisi problemləri, seminar dərslərinin təşkili, tarixi təfəkkürün metodoloji xüsusiyyətləri, tarix fənninin təlim strategiyaları, Azərbaycan tarixşünaslığı və vətən tarixinin tədrisi məsələləri, şəxsiyyətyönlü təhsil və şəxsiyyətin formalaşdırılması, əlavə təhsilin təşkilinin müasir problemləri, təhsilimizin inkişafında Heydər Əliyev mərhələsi və s.
İntiqam Cəbrayılov öz fəaliyyətini elmi-tədqiqatlar aparmaqla, doktorant və dissertantlara elmi rəhbərlik etməklə, rəsmi opponent olmaqla və eyni zamanda ali məktəblərdə tarix fənnindən mühazirə oxumaqla məhdudlaşdırmır. Fəal ictimai iş aparır, müxtəlif elmi qurumların, təşkilatların işində yaxından iştirak edir.
O, respublikada pedaqoji və psixoloji tədqiqatları əlaqələndirən Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri vəzifəsini daşımış (2014-2019-cu illərdə); bir müddət ARTPİ-nin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi, sonrakı illərdə dissertasiya şurasının nəzdindəki elmi seminarın elmi katibi, eyni zamanda Təhsil Nazirliyinin elmi-metodik şurasının pedaqogika və psixologiya bölməsinin elmi katibi, 2000-ci ildə “Azərbaycan məktəbi” jurnalının məsul katibi; bütün bunlarla yanaşı, BDU-nun və ADPU-nun nəzdində müxtəlif vaxtlarda yaradılmış birdəfəlik dissertasiya şuralarının üzvü olmuşdur.
İntiqam müəllim həm də ümumtəhsil məktəbləri üçün tarix və həyat bilgisi fənn kurikulumlarının hazırlanmasında komissiya üzvü kimi də iştirak etmiş, Azərbaycan tarixi və ümumi tarix fənləri standartlarını hazırlayarkən milli məsləhətçi və işçi qrupunun sədri olmuşdur.
Hazırda o, ümumi təhsilin milli standartlarını hazırlayan işçi qrupunun üzvüdür. Tarix fənni üzrə respublika fənn olimpiadasında komissiya üzvü, “İlin müəllimi” müsabiqəsində ekspert olmuşdur.
Bundan başqa, şagirdlər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində münsiflər heyətinin üzvü; respublika təhsil işçilərinin sentyabr konfranslarında Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak edir. Bir neçə il tələbələrin respublika konfransında tarix bölməsi üzrə ekspert komissiyasının; üzvü) olmuşdur.
İ.H. Cəbrayılov respublikanın Əməkdar müəllimidir. “Qabaqcıl təhsil işçisi” döş nişanı təltif olunmuşdur. Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir.
İntiqam müəllimin zəngin elmi yaradıcılığı vardır. 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-a yaxın konfrans materialının və topluda məqalənin müəllifidir.
“Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”, “Azərbaycan tarixinin tədrisi metodikası”, “Şəxsiyyətyönlü təhsil və vətəndaş cəmiyyəti”, “Müasir təhsil: axtarışlar və perspektivlər”, “Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri” (həmmüəlliflərlə), “Müasir təhsilə innovativ yanaşmalar” (həmmüəlliflərlə), “Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər” (həmmüəlliflərlə), “ Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” monoqrafiyalarını; “Azərbaycan tarixi: Ali məktəblər üçün mühazirə mətnləri”, “Azərbaycan tarixi: Abituriyentlər üçün dərs vəsaiti” (T.M. Məmmədovla), “Əqli mülkiyyət mədəniyyətinin nəzəri və pedaqoji əsasları: magistrantlar üçün (K.V. Mikayılova ilə) dərs vəsaitlərini nümunə göstərmək mümkündür.
Beləcə pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamlarını diqqət mərkəzinə gətirdik.
Bildirirəm ki, elm sahəsində yetirməm olan İntiqam müəllimlə fəxr edirəm. O, mənim ümidlərimi doğrultmuş, pedaqoji elmin zirvəsinə qalxmağa müvəffəq olmuşdur. İntiqam müəllim təcrübəli ali məktəb müəllimi, istedadlı metodist və pedaqoq, səriştəli tədqiqatçıdır!
Bir Allah şahiddir ki, yuxarıda bütün dediklərim ürəkdən gələn sözlərdir, həqiqətdir!
Mən pedaqogika elmləri doktoru, professor olduğum kimi İntiqam müəllim də pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllimdir.
Mən öz yetirməmlə fəxr edirəm!
Mən yetirməm professor, Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademik İntiqam Hilal oğlu Cəbrayılovun 65 illik yubileyini salamlayır və üzümü ona tutaraq deyirəm: 65 yaşın mübarək, İntiqam müəllim!!!
Akif Abbasov,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Etibar Həsənzadə ‘Zəfərlərə Doğru’ kitabını Paşa Qəlbinura hədiyyə etdi
E.Həsəzadə Zəfərlərə Doğru kitabını oftalmoloq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı, Tibb Elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinura hədiyyə etdi. Paşa müəllimin Etibar Həsənzadəyə xoş sözləri: ‘Mən Etibar Həsənzadənin Yeni bir ədəbi uğurunu – ‘Zəfərlərə Doğru’ kitabını böyük məmnuniyyətlə oxudum. Onun əvvəlki kitablarına da mən rəy vermişdim, birinə ön söz yazmışdım. Bu illər ərzində onun yaradıcılıq anlamında boy artımını izlədikcə çox xoş hisslər keçirdim. Onun mərhum dayısı, şərq müdriki, çox böyük din alimi Əli Əkbər Həsənzadənin ruhu şad olsun. O, böyük bir istedadlı nəslin, istedadlı şəcərəsindən biridir. Etibar bəyə uğurlar arzulayıram. Arzu edirəm ki,onun yaradıcılıq imkanları daha da genişlənsin. O, özü zəhməti sevən, zəhmətə qatlasmagi sevən qeyrətli bir oğuldur. Bu qeyrət yolunda, yaradıcılıq yolunda ona bir daha uğurlar arzu edirəm.
Çoxumuz səmimiyyətin ehtiva etdiyi dəyərləri dərindən dərk etmədən, mənasına varmadan yeri gəldi, gəlmədi, “mən səmimiyəm”, deyirik. Görəsən, bu ali duyğunu olduğumuz, göründüyümüz yerlərdə insanlarla ünsiyyətimizdə, münasibətimizdə, əməlimizdə göstərə bilirikmi?
Bir anlayış, fikir kimi, maraqlıdır: səmimiyyət nədir, o özünü necə nişan verir…
Səmimiyyətin malik olduğu xüsusiyyətlər də mənəvi gözəlliklə bağlıdır. O, ilk növbədə özünü insanın qəlbinə, varlığına saçılan işıq timsalında göstərir. Səmimiyyət mənəviyyatın kompasıdır, onun istiqamətini tutub yol gedən insanın uğuruna xeyir çıxar, həyatı yaxşılıqlarla, gözəlliklə süslənər…
Səmimiyyət əxlaqdır. Davranışda, ünsiyyətdə bunu duymaq çətin deyil. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq cəmiyyətdə rəğbətlə, sevgiylə qarşılanır, onun daşıyıcısı tutduğu mövqeyindən, yaşından-başından asılı olmayaraq istinad, nümunə yeri olur: filankəs çox əxlaqlı adamdır…
Səmimiyyət mehribanlıqdır, ülfətdir. Bunlar olan yerdə rahatlıq var. Belədə yaşamaq, həyatı duymaq adama zövq verir.
Səmimiyyət mədəniyyətdir. O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Onları bir-birilə ehtiramlı, sayqılı rəftara sövq edir.
Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur.
Səmimi insan düzlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir, adamlarla münasibətində, davranışında, əməlində səhvini etiraf etməkdən mənəvi dinclik tapır.
Yaşam boyu səmimiyyətin o qədər çalarları yaranır ki! Mənə görə bütün yaxşılıqların anası səmimiyyətdir, qəlbin aynası səmimiyyət…
15.12.2025. Düz 10 il əvvəl bugünkü gün axşam saatlarında atamın ölüm xəbərini almışdım. İllər necə də sürətlə keçir. Atamla bağlı xoş və bədbin xatirələrim çoxdur. Düzü onun müəyyən səhvlərinə görə ailəmizə çox zərər dəymişdi. Sonuncu dəfə ona “ata” xitabını nə vaxt etmişdim yadımda deyil. Amma düşünürəm ki, indi sağ olsaydı çox maraqlı münasibətimiz olardı. Çünki 17 yaşım olandan artıq bir evdə yaşamırdıq. 26 yaşım olanda isə o həyatda yox idi. Bu 9 il ərzində arada görüşürdük. Amma bu görüşlərin demək olar ki, hamısı formal xarakter daşıdığından aramızda soyuqluq var idi. Mən gözümü açandan onu hərbi formada, çiyinlərində ay və ulduzlarla görmüşəm. Birinci Qarabağ müharibəsi illərində isə heç bir rabitə vasitələri olmadığından bir neçə aydan bir cəbhədən 1-2 saatlıq evə gələndə sağ olduğuna əmin olurdum. Həmin illərdə Gəncədə yaşayırdıq və demək olar ki, hər gün cəbhədən gələn bağlı tabutları görürdüm. Uşaqlıq illərimdə atama çox bağlı olmuşam, onu çox sevmişəm. Amma yeniyetməlik illərində bu hiss 180 dərəcə dəyişmiş oldu. Hətta zahiri görünüşüm ona bənzədiyini üçün güzgüdə özümə çox baxa bilmirdim. Çalışırdım ona oxşamayım. Atam əvvəldən ailəsinə qarşı biganə olsaydı bəlkə də, bu küskünlüyüm olmazdı. Ondan vaxtilə sevgi görüb, sonra bu sevgidən məhrum qalmağımız kinimi artırmışdı. Dünyasını dəyişdiyi gündən etibarən isə ona qarşı zərrə qədər də olsa küskünlüyüm yoxdur. Sadəcə cavabsız qalan suallarım məni hər dəfə narahat edir. Bir də onunla ata-oğul kimi yox, dost kimi vaxt keçirə bilməməyin yanğısı sol tərəfimi incidir. Məncə, çox yaxşı dost ola bilərdir. Həddindən artıq intellektli və savadlı insan iid. Öz işinin ustası idi. Birinci Qarabağ müharibəsi ilə bağlı sadəcə bir neçə xatirəsini danışmışdı. Onlar hələ də xatirimdə danışdığı kimi qalıb. Arada anam atamla bağlı xatirələrini danışır. Düşünürəm ki, bu qədər rəngarəng və gözəl günlər keçirən, bir-birini sevən iki insan necə ola bilər ki, hər şeyi xoşbəxt sonluqla bitirə bilməyiblər. Düzünü desəm atam üçün darıxıram. Onunla olan uşaqlıq dövrümüz üçün darıxırsan. Məncə, insan onu xatırlayan sonuncu yaxını dünyasını dəyişən zaman unudulur və ölür.
“Vurma əl türbətimə, türbəti-Adəm də mənəm. Nə o dünya, nə bu dünya, iki aləm də mənəm”,– deyən Biriyanın hər iki dünyası qəfəsdir. Belə şeirlər Azərbaycan ədəbiyyatında tarixən nadir hallarda yazılıb. Yəqin həm də tarixən elə bir şairimiz də olmayıb ki, Biriya kimi Təbrizdə nazir, Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir olsun. Həyatının son günləri də elə yazdığı bu şeirdəki əhvala müvafiq – Təbrizin küçələrində səfil günündə keçsin, ömrü kimsəsizlər evində sona çatsın. Yəni həm o dünyada olsun, həm də bu dünyada olsun. Həm mövcud olsun, həm də mövcud olmasın.
Biriyanın yetmiş illik ömründə insanca yaşadığı illərin sayı çox azdır. Həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət və məyusluq içindədir. Biriya sanki bütün ömrü boyu qürub edib… Şah hökuməti bir tərəfdən, Stalin hökuməti digər tərəfdən Biriyanın qürubunu tezləşdirib. Onunla ikili oyun oynayıblar. Pişəvəri Bakıya qayıdandan sonra Cənubi Azərbaycanın ən çətin, kimsəsiz vaxtlarında onu Pişəvərinin yerinə Demokratik Firqəyə sədr seçiblər.
Heç Parisin lənətlənmiş şairləri də Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb.
Biriyanın bu şeirində XX yüzil Təbriz neosufizmi XIX yüzil Paris dekadansı ilə iç-içə girib. Belə müstəsna şeirlər predmetləşdirilmədikcə ədəbiyyatşünaslıqda milli cərəyanlar barədə aydın təsəvvür əldə etmək mümkün olmayacaq. Əfsus ki, Biriyanın bu şeiri heç zaman Azərbaycan ədəbiyyatşünaslığının diqqətini ciddi şəkildə cəlb etmədi və indi də etmir.
1944-cü ildə onun Bakıda çıxan ilk kitabına yazdığı Ön sözdə Məmməd Səid Ordubadi nəinki Cənubi Azərbaycanda, hətta bütün İranda – istər Azərbaycan və istərsə də fars dilində yazan şairlər içərisində onun kimi güclü qələmi olan şair tapmaq çətindir – deyirdi. O zaman Biriya Təbrizdə Həmkarlar Təşkilatının sədriydi, o aralar, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri də olacaq, Avropa ölkələrinin diplomatlarını və Amerikanın konsulunu qəbul edəcəkdi. Maarif Naziri kimi, Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkilində yaxından iştirak edəcək, Universitetdə mühazirələr də oxuyacaqdı.
Beş il sonra – 1950-ci ildə isə yenə də Bakıda Qulam Məmmədlinin tərtib etdiyi “Cənubi Azərbaycan şairləri” adlı başqa bir kitab çıxır. Kitabda 5 il əvvəl əmsalsız güclü qələmini vəsf etdikləri Biriya yoxdur. Çünki artıq 1947-ci ilin martında Təbrizdən oğurlanaraq Bakıya gətirilmiş Biriya, dekabrın 28-də burada həbs olunmuş və Karaqanda həbs düşərgəsinə göndərilmişdi. Günahı nəydi? 33 yaşlı Məhəmməd Biriya siyasətdən bezmişdi. Dünyadan doymuşdu. Evinə, xanımına, tək oğluna qovuşmaq istəyirdi. İmkan vermədilər. “Mən dedim, gedirəm vətənimə. Onlar dedi, qoymarıq. Mən dedim, İran konsulu məni aparar. Onlar dedi, konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Səni tutub deyərik, bu casusdur. Dedikləri kimi də etdilər…” (M.Biriyanın Malenkova yazdığı məktubdan).
İyirmi il həbsxanalar küncündə qaldı.
Doğrudan da, neçin məhzun olmasın, neçin ürəkdən nalə etməsin? Bir halda ki, taleyi – alın yazısı ona “Hər addımda müəyyəndir, qazılmış bir məzarım var”, yaxud:
Cismimdəki atəş qoy ümidim kimi sönsün…
Dön sən də, vücudum, qara daş parçasına dön –
Qoy məsləkim, amalım, əqidəm külə dönsün!
– deyə yazdırırdı…
Məhəmməd Biriyanın bir kitablıq şeirləri arasında, elə onun öz dövrünün poeziya müstəvisində də, məncə, “Vəsiyyət”dən üstün şeir yoxdur. Baxmayaraq ki, zamanında onu milli və vətənsevər şair adlandırıblar. Amma Biriyanın ən yaxşı şeiri olan “Vəsiyyət”də nə millətdən, nə də vətənsevərlikdən söhbət gedir. Şeir başdan-başa melanxolik mətndir. Biriyanın bu şeirini Təbrizdə Vadiyi Rəhmət məzarlığında epitafiya olaraq ümidsiz, laübalı, məhzun, kimsəsiz şairin sinə daşına yazıblar.
Bu gün görkəmli türkoloq alim, ədəbiyyat və sənət dünyamızın parlaq siması, elmi, ədəbi yaradıcılığı ilə bütün zamanların çağdaşı olan filologiya elmləri doktoru, professor Minaxanım Nuriyeva Təkəlinin doğum günüdür…
Heç bilmirəm, bu kiçik təbrik Sözümdə Onun ömür salnaməsindən hansı səhifəni önə çıxarım. Və ya buna ehtiyac varmı? Türk yurdlarımızın tarixinin araşdırılmasında Minaxanım Təkəlinin adı ünlü elm fədailəri ilə bir sırada dayanmırmı…
Minaxanım Təkəli deyəndə, yaddaşımızdan tədqiqat axtarışlarının bəhrəsi olan “Türk əsilli ruslar”, “Türk sözləri rus dilində”, “Türk kitabı: Unudulan tarix, dəyişdirilən adlar”, “Qafqaz İslam ordusunun xronologiyası” (Mehmet Ruhtunla birgə), “Türk imzası”, “İstilalar, müharibələr: Türk şəhərlərinin taleyi”, “Qərbdən Şərqə ulu türk yurd adlarının dəyişdirilməsi tarixindən”, “Dil-sənət, poetika məsələləri”, “Yaddaş kitabı: Azad və tənha adamlar”… kimi əsərləri boylanır. Elm xadiminin milli ədəbi sərvətimiz statusunda olan kitablarının hər səhifəsində türk dünyası bütün aləmə şəfəq saçır…
Professor Minaxanım Təkəli bu gün də ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri, nəhayət, qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalarını səylə davam etdirir…
Minaxanım Təkəlinin özəl günündə portretinə əzəmət verən elmi ştrixlərlə naxış salmaq bizim ehtiramımız, Onun da halal haqqıdır…
Dünyaya gəlişiniz mübarək, məxmər təbiətli bacım! Qarşıdakı illərdə uğur, fərəh dolu həyat, nağıla bənzər bir ömür nəsibiniz olsun…
“World Turkic Language Family Day” (Dünya Türk Dili Ailəsi Günü)
Məlum olduğu kimi, UNESCO 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etmişdir. “Gün”ün adı Azərbaycan dilində rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” adlanır. İngilis dilində – “ World Turkic Language Family Day”.
Rus dilində “Всемирный день тюркских языковых семей”. Amma “Всемирный день тюркских языков” kimi də yazılır (Dünya Türk Dilləri Günü).
Doğrusunu bilək, düzgün yazaq!
Qeyd: Buradakı “Turkic” sözü heç “Turkish” də deyil.
150 AZƏRBAYCANLININ QƏTLƏ YETİRİLMƏSİNDƏN 80 İL ÖTÜR
GÜNƏŞ NƏ ZAMAN DOĞACAQ
1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə sığınan, daha sonra düşmənə təslim edilərkən sərhəddə şəhid edilən 150 türkün əziz xatirəsinə həsr olunur
Bu sözlər Türkiyə istehsalı olan “Günəş nə zaman doğacaq” adlı filmin sonluğudur. Bəli, o sosialist ölkə SSRİ idi. 1945-ci ildə Türkiyəyə sığınan o 150 nəfərsə azərbaycanlıydı. Bu hadisədən 80 il ötür.
Dövlətlər arası münasibətə, kapitalist və sol blok arasında yarana biləcək daha böyük ixtilafların qarşısını almaq üçün azərbaycanlı mühacirlər SSRİ-yə təslim edildi. Halbuki, onların başına nə gələcəyini bilirdilər. Amma dövlət marağı, dərin siyasət o insanların həyatından daha önəmli oldu. Burada Stalin diktaturasının Türkiyəyə böyük basqısını da nəzərə almaq lazımdır.
Bu film Türkiyə siyasi səhnəsində böyük dəyişikliklərə, terrorun daha da artmasına, sonda isə ölkədə hərbi çevrilişə rəvac verən bir amilə çevrildi.
Zaman-zaman bu olay Türkiyədə sol və sağ bloklar arasında bir-birini qınamaq və ya təbliğat maşınına çevrildi. Təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan bu olaya parlamentdə xüsusi toxundu:
“1945-ci ildə 145 azəri ziyalı Stalin zülmündən qaçır və Türkiyəyə sığınır. Azərilər öz qardaşlarının yurduna gəlib, qardaşları ilə qucaqlaşır. Stalin bu mühacirləri geri istəyir. Hökumət sərhəd polisinə teleqraf yollayır və həmin azərilərin geri təhvil verilməsi əmrini verir. Sərhəd polisinin komandiri gözlərinə inanmır. Azərilər türk əsgərlərinin ayaqlarına düşür. “Nə olar bizi siz öldürün, amma onlara təslim etməyin” deyirlər. Azəriləri təslim edirlər. Sərhəddə türk əsgərlərinin gözləri önündə azərilər öldürülürlər. Komandirin də hadisədən sonra intihar etdiyi deyilir. Amma biz Azərbaycana da, Suriyaya da, Qəzzaya da köksümüzü irəli verərək gedə bilərik”.
Həmin azərbaycanlılara həsr edilən film 1977-ci ildə çəkilib. Daha çox şovinist və millətçi ruhda olan kino Türkiyə solçuları arasında böyük narazılıqla qarşılandı və toqquşmalara rəvac verdi.
Hər nə qədər azərbaycanlılara həsr olunsa da, film SSRİ tərkibində olan digər türk xalqlarından – Krım türklərinin həyatından, mücadiləsindən bəhs edir. Filmin Türkiyə siyasətində yer almasına əsas səbəbsə Maraş qətliamıdır. Zatən film kinoteatrda izlənilərkən terror aktı törədilmişdi.
Film sosialist bir ölkədə təzyiqlərə dözməyərək iki türkün həyatını verir. Bunlardan biri Alp Giray Türkiyəyə qaçmaq üçün illərlə öz kimliyini gizlətmiş və dövlət vəzifəsində yüksək mövqeyə sahib olmuşdu. Yavuzla birgə Türkiyəyə qaçmaqlarına baxmayaraq sovet kəşfiyyatı onların izini buraxmır.
Film azan səsiylə başlayır. Görüntüdə isə dini qadağalar və qapısı kilidlənmiş, hasarlanmış məscid. Yavuz kilidi qırır, minbərə çıxır və azan oxuyur. Əslində isə Yavuz azan oxumur, bu simvolik olaraq möcüzə kimi qeybdən oxunan kimi verilmişdir. Gizli azadlıq mücadiləsi aparan Alp Giray Nuriyev KQB-də polkovnik rütbəsinə kimi yüksəlmişdi. Buna baxmayaraq o, əsl kimliyini gizlətməyi bacarmışdı.
Azana görə həbs olunan Yavuz böyük işgəncələr görür, dəli damğası ilə KQB-nin otaqlarında əzab çəkir. Lakin Anqolaya xidmət üçün göndərilən KQB polkovniki Apl Girayın sayəsində qaçaraq Türkiyəyə sığınırlar. Onların Türkiyə sərhədlərinə çatması “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısı ilə süsləndirilib.
Onlar azad olan Türkiyənin xəyallarındakı kimi cənnət olduqlarını görmürlər. Bir növ yanıldıqlarının fərqinə varırlar. Əxlaqi keyfiyyətlər məhv olmuş, qardaş-qardaşı vəzifə, pul üçün öldürür, cinayətlər törədir. Qəzetlər SSRİ kimi ölkələri vəd edilmiş cənnət kimi təqdim edir. Bununla belə erotik mətbuatlar, aclıq, içki, işsizlik, haqsızlıq bir-birini qarışıq formada əvəz edirdi. Türkiyə kəşfiyyatı tərəfindən agent olub-olmadıqlarını yoxlanılarkən, bir tərəfdən də SSRİ onların geri verilməsini tələb edir. SSRİ-də anasını qorumaq üçün iki sovet əsgərini öldürən Yavuzun geri verilməsi qərara alınır. Bir-birindən ayrılmaq istəməyən Nuriyev və Yavuz bu kərə türk polisindən qaçmağa məcbur olur.
Bu qaçaqaçda onlar qəssab Mehmet və qızı Cəmilə ilə qarşılaşırlar. Solçu və SSRİ tərəfdarı olan Cəmilə Yavuzun sayəsində SSRİ-nin heç də cənnət olmadığını, türklərin əsir və yurdlarının müstəmləkə olduğunu anlayır. Zaman keçdikcə Cəmilə Yavuzun sayəsində millətçiyə çevrilir və dünyanın hər yerində yaşayan türklərin azadlığını hayqıran birinə çevrilir. Alp Giray Türkiyədəki KQB agentləri tərəfindən öldürülür. Yavuz isə tutularaq sərhəddə sovet əsgərinə təslim edilir. O isə, elə körpü üzərində rus əsgərləri tərəfindən güllələnir.
“Yeşilçam” 1970-lərin ikinci yarısında erotik filmləri çəkməyə daha çox meylli olduğundan tam əksinə, bu cür filmin ortaya çıxması ayrı bir detal nümunəsidir. Filmin ingilis alt yazısı ilə ayrıca verilməsi də onun daha çox xarici bazar üçün hesablandığını deməyə əsas verir.
Bu filmdə Türkiyənin məşhur, film tarixində imzasını həkk etdirmiş aktyorlar rol oynayıb. Aydemir Akbaş, Oya Aydoğan və Cüneyt Arkının adlarını çəkmək bunlara bariz sübutdur.
Filmdə Allahsızlığı yaymaq bürosu başqanıyla uşaqların görüşməsi, onların beyninin yuyulması da xüsusi qeyd edilənlər arasındadır. Kommunist rəhbərliyin dəbdəbəli həyatı, zövqlü içkilər, əyləncəli həyatına nisbətən işçi sinfinin aclıq çəkdiyi film boyu göstərilir.
Bu film 1978-ci ilin dekabrında Türkiyə tarixinin ən böyük qətliamlarından biri olan Maraş qətliamının əsas səbəbi kimi göstərilməkdədir. Film göstərildiyi kinoteatrlarda və ya onun ətrafında tez-tez terror aktları baş verirdi. Maraşdakı ilk izlənim zamanı filmin ortasında bomba partladılır.
Filmin göstərildiyi yerlər MHP-nin mitinq və ya təbliğatına çevrilirdi. “Günəş nə zaman doğacaq” filminin ortaya çıxmasından sonra sağ və sol blok arasında dərinləşmə daha da artdı və bir millət fanatikcə bir-birini düşmən görməyə başladı. Terror aktını isə qızılbaş ələvilərin törətdiyi xəbəri tezliklə ölkədə yayılır. Daha sonra bunu digər sol düşüncəli insanların etdiyi də bildirilir. Eyni zamanda Sovet kəşfiyyatının barmağı olduğunu hər kəs bildirməyə başlayır. Amma daha maraqlısı isə 2006-cı ildə Bülənt Ecevitin arxivindən çıxan sənədlərə əsasən, bu qətliamları əslində Milli Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən törədilməsiydi.
Bir il davam edən Maraş toqquşmaları zamanı 111 nəfər ölür, 1000-dən artıq insan yaralanır. Bu hadisədən sonra 13 vilayətdə fövqəladə vəziyyət elan edilir, 835 nəfər ittiham olunaraq məhkəmə önünə çıxardılır.
İki il sonrasa ölkədə hərbi çevriliş baş verdi…
Bu hadisələr zamanı bombadan istifadə etdiyi sübut olunan Ökkeş Şendillerin məhkəmədə edamı istənilir. Qəribədir ki, o, möcüzəvi formada azad edilir və 1991-ci ildə millət vəkili kimi Türkiyə parlamentinə daxil olur.
Filmin rejissoru Mehmet Kılıç, ssenari müəllifi isə Tufan Günerdi.
“Günəş nə zaman doğacaq” sualını verən filmdən 14 il sonra Azərbaycana günəş doğdu. Krımdasa günəş hər zaman buludların arxasında gizləndi.