Zaur Ustacın “Can ay ana…” şeirində şəhidlik kultu və ana obrazı

Zaur Ustacın “Can ay ana…” şeirində şəhidlik kultu və ana obrazı

Azərbaycanın müasir ədəbi düşüncəsində milli duyğuların, şəhidlik məfkurəsinin və ana-vətən sevgisinin poetik şəkildə ifadəsi xüsusi yer tutur. Bu dəyərlərin bədii təcəssümünü öz yaradıcılığında qabarıq şəkildə əks etdirən sənətkarlardan biri də Zaur Ustacdır. Onun “Can ay ana…” adlı şeiri təkcə bir şəhid anasına ünvanlanmış poetik müraciət deyil, həm də bütövlükdə Azərbaycan xalqının yaddaşına həkk olunmuş şəhidlik kultunun və ana obrazının vəhdətini ifadə edən bir mənəvi dastandır.

Şeir, general Polad Həşimovun müqəddəs şəhidliyinə və onun anasının baxışlarında cəmlənmiş kədər və qürura ithaf olunub. “Can ay ana…” misrası hər bənddə təkrar olunur, bir tərəfdən anamızın adını çağıran xalqın səsi kimi, digər tərəfdən isə şairin şəhidin anası qarşısında baş əyməsi kimi səslənir. Bu təkrir motivi şeirə həm ritmik bütövlük, həm də emosionallıq gətirir — oxucu sanki hər dəfə “Can ay ana” sözlərini eşidəndə içindən gələn bir ahla, bir dua ilə birləşir.

Zaur Ustac bu şeir vasitəsilə şəhid anasının baxışlarını poetik simvola çevirir. Baxış — burada həm xatirələrin güzgüsü, həm qürurun aynası, həm də səssiz fəryadın ifadəsidir. “Bu baxışda Poladının ilk dişi, ilk addımı, gülüşü var” misralarında anasının baxışında oğulun bütün ömrü cəmlənib. Uşaq gülüşündən döyüş meydanına qədər uzanan bir həyat baxışların dərinliyində yaşayır.

Şair hər bənddə “Bu baxışda nələr var…” və “Bu baxışda nələr yox…” sualını qoyur. Bu bədii qarşıdurma həyatla ölümün, varlıqla yoxluğun, sevinc və kədərin sərhədini müəyyənləşdirir.
Bir bənddə ana baxışında Poladın ilk addımı, ilk beşi, şux duruşu var, növbəti bənddə isə “Polad adlı oğul yox…” misrası ilə ölümün acı gerçəyi vurğulanır. Bu antitezalar vasitəsilə müəllif anasının baxışında həm həyatın bütöv panoramasını, həm də ölümün susqunluğunu göstərir.

Burada baxış həm fiziki, həm də metafizik anlam daşıyır. Zaman və məkan anlayışlarının “itdiyi”, “mizanların pozulduğu” bu baxış, əslində, dünyəvi ölçülərin fövqünə qalxan bir mənəvi halı təsvir edir. Ananın gözlərində artıq nə “yelkən” var, nə də “sükan” — yəni istiqamətini itirmiş bir dünya… Amma eyni zamanda bu baxışda qürur, ərənlik, cəsurluq, onur da var. Bu, Azərbaycan anasının təkcə kədərdə deyil, həm də qürurda böyük olduğunun poetik ifadəsidir.

Zaur Ustacın poetik dünyasında şəhidlik, Vətən qarşısında uca bir məqam kimi, həm milli kimliyimizin, həm də mənəvi dirənişimizin simvoludur. “Can ay ana…” şeirində Polad Həşimovun obrazı sadəcə bir şəxsiyyət kimi deyil, bir epoxanın siması, millətin qeyrət və mərdlik aynası kimi təqdim olunur. Şair onun adını çəkərkən əslində Vətən oğullarının ümumiləşmiş qəhrəman surətini yaradır.

“Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…” –
bu misralar qəhrəmanlıq salnaməsi kimi səslənir. Burada həm də müəllifin dərin inamı duyulur: şəhidlər ölmür, onlar analarının baxışlarında, xalqın yaddaşında yaşayırlar.

Şeirin son bəndində şair Ananı tək bir qadın kimi yox, bir simvol kimi təqdim edir.
“Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…” –
misraları ilə Azərbaycan qadınının qəhrəmanlıq və dözüm siması canlanır. Müəllif bu obrazı Nüşabə və Tomris kimi qədim türk qəhrəman analarla birləşdirərək, şəhid anasının qəlbindəki ağrını millətin tarixi yaddaşına bağlayır.
Beləcə, “Can ay ana” şeiri fərdi bir dərdin ümumxalq simvoluna çevrilməsi baxımından həm bədii, həm də ideoloji cəhətdən dərin əsərdir.

Zaur Ustacın “Can ay ana…” şeiri sadə sözlərlə böyük bir həqiqəti ifadə edir: Vətən uğrunda can verən övladların anaları – millətin mənəvi sütunlarıdır. Şair, Polad Həşimovun anası timsalında bütün şəhid analarına ehtiramını bildirir.

Bu şeir həm şəhidin ölməzliyini, həm də ananın müqəddəsliyini bədii dillə ölümsüzləşdirən bir ədəbi abidədir. Onun poetik gücü, emosional səmimiyyəti və milli ruhu oxucunu dərin düşüncələrə qərq edir.

Beləcə, “Can ay ana…” — Azərbaycan analarına yazılmış ağı, Vətənə yazılmış and, Polada həsr olunmuş əbədi dualar toplusudur.

Müəllif: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC – CAN AY ANA (Video)

ZAUR USTAC – CAN AY ANA (Mətn)

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

Şəhərin bü günkü görkəmi, əhvalı

****

Siz heç gülüşlərinizin arxasında gizlətdinizmi göz yaşlarınızı,
Hıçqırıqlarınızı təbəssümünüzdə boğdunuzmu heç?
Dəli kimi hönkürdünüzmü qəh-qəhələrinizin ardınca,
Bağrınıza basdınızmı xəyallarınızı gecə boyunca?
Ağrılarınızı küçələrə, nisgilinizi dənizə tökdünüzmü,
Gedənlərin xiffətini dalğa-dalğa, sahil-sahil çəkdinizmi?
Şəkil-şəkil dolandınızmı gecənin başına,
Bir telefon zəngiylə ovutdunuzmu həsrətinizi,
ulduz-ulduz xatirələrərin başı üstə sabahladızmı?
Divar-divar dinşədizmi sükutu,
Səssizliyi qapı-qapı puzdunuzmu?
Diksindinizmi hər külək uğultusuna, yağış səsinə,
Bir də..
Bir də bulud-bulud yığışdınızmı payızın kölgəsinə,
Xəzəl-xəzəl susdunuzmu?

****

Harda qaldı ətəyi yer süpürən, başı çalmalı analar,
Cibləri noğullu, şirnili, qucağı ərikli, almalı analar?
Yığışıb ocaq başında yuxa yayardılar,
İnək sağar, yun əyirər, nehrə çalxayardılar.
Bişirdikləri yeməkdən özlərinə pay düşməzdi,
ətrindən doyardılar.
Saçlarımız əllərində,
Adımız dillərində sığallanardı,
Nağıllanardıq.
Gecələr xalça toxuyar, corab yamayar, paltar tikərdilər,
Zərif çiyinlərində dünyanın yükünü çəkərdilər.
Utanardılar, böyüklərin yanında qucağa uşaq götürməzdilər,
İnanclıydılar, Tanrıya, imama, övliyaya şəkk gətirməzdilər.
Özlərinin hesab-kitabı vardı,
Ruziləri bu qışdan o qışacan çatardı.
Yer belləyər, əkin əkərdilər,
Hər işdə pərgardılar, zərgərdilər.
Gec yatıb tez oyanardılar,
Hər kəsin nazıyla oynayardılar.
Şükürlü, dualıydılar,
Ayağı sayalıydılar.
Harda qaldı əli xınalı, başı örpəkli analar,
Süfrəsi bərəkətli, üzü çörəkli analar.

****


“Min notda ağlatdı duyğular məni,
Ovundum bir misra baxışın altda”
Günəşdən gizləndim, sazağa qaçdım,
Qaldım bir didərgin yağışın altda,
Dumana aldandım, çənə aldandım.

Aldandım cığıra, yola, ləpirə,
Azdırdı ümidlər, gümanlar məni.
Hasarlar, divarlar, sədlər, çəpərlər,
Dənizlər, sahillər, limanlar məni,
Şeytana aldandım, cinə aldandım.

Savaşda, qovğada, dərddə böyüdüm,
Halaldan dolandım, haramdan keçdim.
Bircə həqiqətin eşqinə min yol
İncildən,Tövratdan, Qurandan keçdim,
Məzhəbə aldandım, dinə aldandım.

Kənd-kənd aldatdılar, şəhərbəşəhər,
Küsdürdü yalançı sevgilər məni.
Törələr, qanunlar, haqlar, hesablar,
Sabahlar, kaşkilər, bəlkələr məni,
Buğdaya aldandım, dənə aldandım.

Düşdüm addım-addım vaxtın dalınca,
Həftəyə aldandım, günə aldandım.
Neyləyim, bu gün də səni tapmadım,
İlahi, bu gün də sənə aldandım.

****
Şəhərin bü günkü görkəmi, əhvalı..

Qoca şəhər,
Payız,
Xəzəllər külək-külək uçuşur havada,
Budaqlar əl sallayır uçan xəzəllərə,
Üstündən, başından utanır yarıçılpaq ağaclar.
Qeybət dodaqlardan asılıb siqaret tüstüsündə boğulan küçələr.
Dalğa-dalğa sahilə yüyürür dəniz,
Ordan qayalara, ordan göy üzünə dırmaşır.
Zamanın dalınca sürünür yorğun adamlar,
Fikirli adamlar, dalğın adamlar.
Bir gənc əlləriylə keçir yolu,
Divar-divar köçürür şəhəri yaddaşına.
Bir qızın saçlarında rüzgar oynayır,
Yanaqlarında sevişir qum dənələri,
Bəxtəvər payızın başına.
Xəzan rəngindədi yenə hər yan, hər şey–
Arzular, ümidlər, görüşlər, vidalar,
Nöqtələr, suallar, nidalar!

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib

Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Oslo Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib. Tədbirdə həm həmyerlilərimiz, həm də çeçen, türk diaspor nümayəndələri, eləcə də türk, rus, ukraynalı və norveçli qonaqlar iştirak ediblər.
Konsertin açılışında Azərbaycan Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə həmçinin Şanlı Zəfərimizə həsr edilmiş qısametrajlı video nümayiş etdirilib.

Daha sonra “Azərbaycan Evi”nin rəhbəri Ramil Əliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışıb və bu tarixin xalqımız və Vətənimiz üçün xüsusi önəm daşıdığını qeyd edib. O bildirib ki, bu gün xalqımız üçün tarixi bir gündür və əldə edilən zəfər milli birliyimizin, gücümüzün və həmrəyliyimizin əsas göstəricisidir.

Ramil Əliyev həmçinin bu cür tarixi günlərə həsr olunmuş milli ruhlu tədbirlərin müxtəlif xarici ölkələrdə keçirilməsinin vacibliyindən danışıb. O vurğulayıb ki, belə tədbirlər xaricdə doğulub böyüyən gənclərimizdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.

Zəfərimizin 5 illiyinə həsr olunmuş konsert proqramında əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), operanın solisti Orxan Cəlilov, “7-ci TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev və rəqqasə Cəmilə Listkova çıxış ediblər.

Orxan Cəlilovun ifasında səslənən xalq, türk və estrada musiqiləri, həmçinin Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifası tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. İfaçıların zəfər ruhunu əks etdirən çıxışları konsert zalında coşqu dolu ab-hava yaradıb. Milli musiqilərimizin sədaları altında iştirakçıların rəqsləri tədbirə daha da xoş ovqat bəxş edib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəal üzvlərindən biri Arvin Balanjinin pianoda ifa etdiyi musiqi də Zəfər konsertinə xüsusi bir ruh və xoş əhval-ruhiyyə qatıb.
Teleaparıcı, əməkdar artist Dilarə Əliyevanın Zəfərimizə həsr etdiyi monoloq da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Milli geyimdə səhnəyə çıxan rəqqaslarımızın çıxışı, eləcə də geyimlərimizin gözəlliyi, zərifliyi və rəngarəngliyi konsert iştirakçılarında böyük maraq doğurub.

İstedadlı rəssam Nərminə Vəliyevanın Qarabağ mövzusuna həsr etdiyi, Qarabağın ictimai və mədəniyyət xadimlərinin təsvir olunduğu “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı əsərləri konsert zalını bəzəyib. N. Vəliyevanın vətənpərvərlik ruhunda çəkdiyi rəsmlərdə xalqımızın qəhrəmanlıq tarixi rənglərin dili ilə ifadə olunub.

Tədbirin sonunda iştirakçılar milli şirniyyatlarımızdan – paxlava və şəkərburanın da dadına baxıblar.

Məlumatı hazıladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Nə ömür uzanır, nə yaş çoxalır

ÇOXALIR

Məni için-için göynədir bu dərd,
Nə dost tapmaq olur, nə də bir həmdərd.
Hayıflar olsun ki, dünyada namərd
Bir-bir azalırsa, beş-beş çoxalır.

Ət ala bilməyən durub şiş gəzir,
O deyəni demir bu gərdiş, gəzir.
Hər beş-on adamdan üçü iş gəzir,
İş yeri azalır, şeş-beş çoxalır.

Duyğusu yox olur duyanın bu gün,
Gözü doymur qarnı doyanın bu gün.
Xalqın dərisini soyanın bu gün
Evinə daşınan daş-baş çoxalır.

Nə deyim, nə deyim bu hüt-hütlərə,
Darağın dalından baxır lütlərə.
Durub baş əyirik yenə bütlərə,
Qalıb dünya özü çaş-baş, çoxalır.

Bürüyüb hər yeri nəşə qoxusu,
Dünyadan xəbərsiz yatır çoxusu.
Tutub gözlərini ölüm yuxusu,
Odlara qalanan oddaş çoxalır.

Nə vaxtın köçüdü bu köç, a Tanrım,
Bu zaman köçməzdik biz heç, a Tanrım.
Bu gedişi özün ölç-biç, a Tanrım,
Yurdu atıb gedən yurddaş çoxalır.

Yağışda günbəgün, qarda günbəgün,
Tüpürüb gedirlər yurda günbəgün.
Baxıram, baxıram, burda günbəgün
Doğma daş azalır, yad daş çoxalır.

Yurd salan, bir daxma quran azalır,
Torpağa bir şitil vuran azalır.
Hər gün mənə qahmar duran azalır,
Hər gün məni satan dadaş çoxalır.

İndi on-on doğur gündə dərdimiz,
Sığışmır şəhərə, kəndə dərdimiz.
Tanrı dərdimiz var, bəndə dərdimiz,
Bizi dərdə salan göz-qaş çoxalır.

İslamın sözünə qulaq as, qulaq,
Gözündən quruyur hər gün yüz bulaq.
Biz necə qayıdıb özümüz olaq,
Nə ömür uzanır, nə yaş çoxalır.

05 noyabr 2025
Novxanı

Müəllif: İslam Sadıq

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

Yunus Oğuz təltif olundu

Bu gün Atatürk Mərkəzində yazıçı-publisist Yunus Oğuza TÜRKSOY-un Onur nişanı təqdim olunub. Tədbirdə çıxış edən  Atatürk Mərkəzinin direktoru,  akademik  Nizami Cəfərov bildirib ki, Yunus Oğuz təkcə yazıçı deyil, həm də şair, filosof, publisist və jurnalist kimi Azərbaycan ədəbi mühitində özünəməxsus yerə malik şəxsiyyətdir:
“Yunus Oğuz ümumtürk təfəkkürünə sahib nadir yazıçılardandır. O, əsərlərində yalnız Azərbaycanı deyil, bütün türk dünyasını düşündürən mövzuları qələmə alır. Onun hər yeni kitabı məsuliyyət və vicdanla yazılmış bir əsərdir, hər cür mükafata və təqdirə layiqdir”

TÜRKSOY-un Baş katibi Sultan Raev  Yunus Oğuzun yaradıcılığının türk mədəniyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib:

“Əziz dostlar, bu gün Atatürk Mərkəzində toplaşmaqdan qürur duyuram. Atatürk türk dünyası üçün simvoldur. TÜRKSOY olaraq iqtisadiyyatdan tutmuş dil, mədəniyyət və incəsənətə qədər bütün sahələrdə türk xalqlarının birliyinə çalışırıq. UNESCO ilə birgə iclaslarda da 300 milyonluq türk dünyasının dilinin beynəlxalq səviyyədə tanıdılması üçün fəaliyyət göstəririk.”

Sultan Raev əlavə edib ki, Yunus Oğuzun “Nadir Şah” və “Əmir Teymur” kimi tarixi əsərləri türk tarixinin yaşadılması, bu birliyin gücləndirilməsində mühüm rol oynayır:

“Yunus Oğuz bizim tariximizi, dəyərlərimizi yaşadan, keçmişi gələcəklə birləşdirən altun bir yazardır.”

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli  tədbir iştirakçılarını və qonaqları salamlayaraq, xüsusilə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını yüksək dəyərləndirib:

“Hamınızı salamlayıram, Sultan bəy xoş gəlib. Bu gün münasibətilə Yunus bəyi ürəkdən təbrik edirəm. Onun TÜRKSOY-un “Onur nişanı” ilə təltif olunması böyük qürur hissidir.”

Yazıçı çıxışında həmçinin qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və bu günün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbə rəmzinə çevrildiyini vurğulayıb:

“Qarşıdan Zəfər Günü gəlir. 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayramıdır. Bu gün türk birliyinin, qardaşlığının, həmrəyliyinin təntənəsidir.”

Elçin Hüseynbəyli çıxışını Yunus Oğuzun yaradıcılığının türk mədəniyyəti və ədəbiyyatı üçün əhəmiyyətini qeyd etməklə tamamlayıb, yazıçını təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.

Yunus Oğuzun TÜRKSOY-un “Onur nişanı” ilə təltif olunması Azərbaycan ədəbiyyatının, eləcə də ümumtürk mədəniyyətinin növbəti böyük uğuru kimi qiymətləndirilib.

Publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli   tədbirdə çıxış edərək, yazıçını səmimi  təbrik edib.
Abid Tahirli  Yunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında və mətbuatında fəal mövqeyindən danışaraq onun yaradıcılığını yüksək qiymətləndirib:
“Yunus Oğuz haqqında çox danışmaq olar. Çünki o, hər gün mətbuatda görünür, daim ictimai fikir məkanındadır. Onun romanlarının adlarını sadalamaq üçün bir neçə dəqiqə kifayət etməz. Bu, onun nə qədər məhsuldar və dinamik yaradıcılığa malik olduğunun göstəricisidir.”
Filoloq qeyd edib ki, Yunus Oğuzun “Cığır” romanı ədəbi mühitdə geniş maraq doğurub və əsərin mövzu seçimi, bədii dili, təsvir və ifadə vasitələri ilə oxucular arasında xüsusi populyarlıq qazanıb:
“Biz “Cığır” romanı ilə bağlı çoxlu müzakirələr aparmışıq. Yunus Oğuz tarixi faktları necə topladığını, onları necə bədii şəkildə təqdim etdiyini ustalıqla göstərir. Bu kitab həm ədəbi, həm də mənəvi baxımdan dəyərli əsərdir.”

Abid Tahirli həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və TÜRKSOY-un Baş katibi Sultan Raevə də təşəkkürünü bildirib. O, təşkilatın türk xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafına böyük töhfələr verdiyini vurğulayıb:
“Bu 32 il ərzində TÜRKSOY-un çoxsaylı möhtəşəm tədbirləri keçirilib. Amma biz arzu edərdik ki, türk xalqlarının, o cümlədən Azərbaycan mühacirətinin ədəbi irsi, coğrafi və tarixi izləri bu istiqamətdə daha geniş şəkildə təqdim olunsun.”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin (keçmiş “Azərsu” ASC) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu (Musayev) yazıçı Yunus Oğuzun fəaliyyətini yüksək qiymətləndirib. Ceyhun Musaoğlu bildirib ki, yaxşı jurnalist ilk növbədə “pozmağı” bacaran, nəyi yazmamağı dəqiq müəyyən edən peşəkardır. Onun sözlərinə görə, yazıçı isə yaratdığı cümlələrlə oxucunu öz tərəfinə çəkməyi bacarmalıdır. “Yazıçılıq həm pul qazanmaq, kapital toplamaq, həm də ədəbiyyata xidmət etməkdir. Elə yazıçılar var ki, sırf ədəbiyyata görə yazır. Yunus bəy də onlardan biridir. Yazdığı kitablarla milyonlarla gəlir əldə etmək olar, amma o, bunu ədəbiyyata, amala xidmət üçün edir”, – deyə Musaoğlu qeyd edib.
O, Yunus Oğuzun xarakterinin və yaradıcılığa yanaşmasının onu digərlərindən fərqləndirdiyini vurğulayıb:
“Yazıçılar həm də qeyri-adi insanlardır. İnsan xarakterinə uyğun yaşayır. Mən öz vətənimə minnətdaram ki, sizi yetişdirib.”

Sonda  Sultan  Raev  mükafatı  Yunus  Oğuza  təqdim  edib. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

UNESCO-dan TÜRKÇÜLÜKLƏ BAĞLI MÜHÜM QƏRAR

UNESCO-dan TÜRKÇÜLÜKLƏ BAĞLI MÜHÜM QƏRAR
3 noyabr 2025-ci il tarixində Səmərqəndə UNESCO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr – Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.

5 noyabr tarixində Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

5 noyabr tarixində Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən bu tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutan yubiley mərasiminin məntiqi davamıdır. Professor Kərim Tahirov Azərbaycan Milli Elmlər Akademiyası ilə Milli Kitabxana arasında çox sıx elmi və mədəni əlaqələrin mövcud olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında yüksək səviyyədə təşkil olunan kitab sərgisinə görə AMEA-nın oxucuları və kollektivi adından Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylini təbrik edərək, Akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı Elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub.

Sonda qonaqlar bu tarixi və əlamətdar gün ilə əlaqədar açılan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/milli-kitabxanada-amea-nin–80-illik-yubileyi

Zaur Ustac – Qələbə dastanı

Şanlı Zəfərin beş illiyinə
QƏLƏBƏ DASTANI
(esse)
    Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır.
    Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur.
     Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb.
     Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular.
     Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi.
     Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır.
     Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir.
      Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır.
    Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir.
      Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur.
Qələbə bir son deyil.
Qələbə başlanğıcdır.
Qələbə xalqın özünə qayıdışıdır.
Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır.
Bu dastanın adı isə birdir:
QƏLƏBƏ DASTANI.
05.11.2025. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"