Rəşad Məcid – Kitab seçərkən

Kitab seçərkən – 3

Kitab seçərkən hər şeydən öncə diqqət yetirdiyim əsas nüanslardan biri müəllifin kimliyidir. XI Beynəlxalq Kitab Sərgisi də bu baxımdan istisna olmadı. “Altun Kitab” nəşriyyatının stendi önündən keçərkən, qaçaraq da olsa, kitablara, müəllif adlarına nəzər yetirdim. Arif Əliyevin imzası, onun “Sənət əbədidir, ömür amanat…” kitabı, təbii ki, dərhal diqqətimi cəkdi. Elə stendin önündə təsadüfən qarşılaşdığım professor Qulu Məhərrəmlidən soruşdum ki, Arif Əliyevin kitabı çıxıb? O da təsdiqlədi və dedi ki, pandemiyadan əvvəl çıxmışdı, qısa zamanda ardıcıl baş verən mürəkkəb hadisələr fonunda diqqətdən kənarda qaldı. Nəşriyyatın əməkdaşına yaxşı fəaliyyətlərinə görə tərif-təşəkkürümü çatdırıb kitabı aldım…
Arif Əliyevin Azərbaycan müstəqil mətbuatının təşkilatlanmasında, formalaşmasında böyük xidmətləri var. O, uzun illər bir neçə mətbu orqana, jurnalist təşkilatına rəhbərlik edib. Amma eyni zamanda fürsət taparaq, vaxt və zəhmət sərf edərək sanballı bədii-sənədli əsərlər yazıb. Onun “Yalama” sənədli povesti Azərbaycanın müstəqilliyiu ğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqında dəyərli yaradıcılıq işidir. Müəllif bu əsərdə tarixi faktlarla bədiiliyi qovuşdurub, bir çox toxunulmamış məqamları ustalıqla qələmə alıb. Zamanında çox böyük müsbət reaksiya doğuran bu əsərlə bağlı mən də öz xoş fikirlərimi bildirmişdim. Kitab, həqiqətən də, tariximizin qaranlıq bir səhifəsini aydınlatmaq baxımından çox maraq doğurmuşdu.
Arif Əliyevin hər adi mövzunu qələmə almayacağını bildiyim üçün “Sənət əbədidir, ömür amanat…” kitabının da mövzusunu, məzmununu tez öyrənmək arzusundaydım. Ona görə ilk fürsətdəcə oxumağa başladım. Bu bədii-sənədli povestdə ictimai-mədəni tariximizin maraqlı bir hadisəsi işıqlandırılıb: 1938-ci ilin 28 sentyabrında “Vaqif” pyesinin ictimai baxışı keçirilir və o baxışda respublika rəhbəri Mircəfər Bağırov da iştirak edir. Tamaşanın hazırlanması prosesi, bu ərəfədə gəzən şayiələr, müəllifin tarixi faktlardan istifadə edərək bədii təxəyyülün gücüylə yaratdığı həyəcan, hətta məhəbbət hekayəsi ustalıqla qələmə alınıb. Həmin məqamda ehtimallar dolaşır ki, baş rejissor Ədil İskəndərovla müəllif Səməd Vurğunun bu pyesdən sonra taleyi necə olacaq… Respublika rəhbərininbir qərarı ilə onların taleyi həll oluna bilərdi. Məhz bu tamaşanın ictimai baxışı ətrafında Arif Əliyev bədii təxəyyül vasitəsilə əsərin qəhrəmanlarının həyatı ilə bağlı maraqlı sujetlər qurur.
Təbii ki, həmin dövrü nəzərə alsaq, respublika rəhbərinin tamaşaya olan reaksiyası çox həyəcanlı bir məqamdır. Bunu müəllif ustalıqla təsvir edir: “Nəhayət, Bağırov əvvəlcə başını, sonra yavaş-yavaş əllərini qaldırdı. Yerindən durmadan ovuclarını səssizcə bir-birinə vurmağa başladı. Onun sağ və sol tərəfindən, ardınca balkondan alqışlar yüksəldi.
Səhnədə Sidqi Ruhulla sevincindən ağlayırdı. Aktyorlar – Ələsgər Ələkbərov, Fatma Qədri, Möhsün Sənani, Sona Hacıyeva, Mustafa Mərdanov, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Əzizə Məmmədova, dublyorlar Kazım Ziya, Rza Əfqanlı uşaq kimi atılıb-düşür, müəlliflə rejissoru qucaqlayırdılar. Səməd Vurğunla Ədil İskəndərov onların qolları arasından qurtarıb pərdənin önünə çıxdılar”.
Povest Ədil İskəndərovun tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdə “Sənətkar və zaman” mövzusunda düşüncələr əsasında danışdığı xatirələrə nəzərən yazılıb. Eyni zamanda müəllif, Mehdixan Vəkilovun, İsmayıl Şıxlının, Süleyman Rüstəmin və Vidadi Babanlının da xatirələrindən istifadə edib.
Kitabda çox nadir fotoşəkillərdən istifadə olunub və müəllif bunun üçün də Teatr Muzeyinin, Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirib.
Əsər 2019-cu ildə nəşr olunsa da, yetərincə təbliğ edilməyib, diqqətdən kənarda qalıb. Amma hesab edirəm ki, Arif Əliyev çox yaxşı iş görüb, vaxtını lazımlı bir mövzuya həsr edib, maraqlı əsər yaradıb. Rövşən Almuradlını da bu xatirələrinə görə minnətdarlıq və hörmətlə yad etməliyik.
Arif Əliyev Azərbaycanın teatr tarixinin mühüm bir hadisəsini qələmə almaqla yanaşı, eyni zamanda həmin ictimai baxışdan sonra kommunist dövrünün və respublika rəhbərinin tələbinə uyğun olaraq məşhur əsərin finalının xoşbəxt sonluqla dəyişdirilməsini də qeyd edir, tamaşa ilə bağlı o vaxt “Kommunist” qəzetində çıxan resenziyalardan da sitatlar gətirir.
Arzu edirəm ki, Arif Əliyev yenə bu cür mövzulara vaxt ayıra bilsin, belə qeyri-adi əsərlərlə oxucuları, dostları daha tez-tez sevindirsin.
“Sənət əbədidir, ömür amanat…” kitabı diqqətəlayiq ictimai-mədəni hadisədir və bu əsər münasibətilə Arif Əliyevi bir daha ürəkdən təbrik edirəm!

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mövzuya əlavə:

“YAZARLAR” JURNALININ NOYABR – 2025 № 11 (59)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ NOYABR – 2025 № 11 (59)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: Yazarlar-59


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BABA PÜNHAN – 77

BABA PÜNHAN – 77
5 noyabr – el yaddaşında abidəyə dönmüş Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) mövlud günüdür. Unudulmaz şairimizi ehtiramla, rəhmətlə anır və sağlığında özünün poetik ovqatında – satirik ruhda yazdığım, yaddaşımda yarpaqlayan “Söz qamçınla neçə nadan döyürsən” şeirimi işıqlı xatirəsinə salam olaraq dilə gətirirəm:

Şallaq vurur Hacı Əbdül, ay Baba,
Səcdə eylə millətdəki bu taba!
Səmt götürüb işlərimiz xaraba…
Söz deməyə “Qulp”a doğru yüyür sən!

Müxalifət-iqtidara bölündük,
Qarada ağ, ağda qara göründük.
Axtarırıq qarşılıqlı xor, dönük…
Yavanlığa yalan vədlər yeyirsən.

Partiyalar baş sındırır baş olsun,
Fəqət bircə lider halı xoş olsun.
Nicat yolun bilən varsa, kaş olsun…
“Borc içində” güzəranı öyürsən.

Məmur var ki, hələ bilmir işini,
Gələn gündən itiləyib dişini.
Qara basır məyusluqdan kişini…
“Ölü lütdü, diri lütdü”- deyirsən.

Qəzetçilər çəkilirlər divana,
Yazdıqları yetişəndə ünvana.
Haqq gəzənə desələr də divanə,
Söz qamçınla neçə nadan döyürsən…
Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Səlim Babullaoğlunun yeni kitabı Türkiyədə “Ketebe” nəşriyyatında çap olunub

Səlim Babullaoğlunun yeni kitabı Türkiyədə “Ketebe” nəşriyyatında çap olunub

“Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” / “Maskeli Adamların Marşı. İİlyas Göçmen’in Fotoğraf Defteri” şeirlər kitabım İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü gördü.

Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut
Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır.
Bu Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.

Səlim Babullaoğlu:
“Bu hadisədən məmnunam və “Ketebe” nəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula və Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı- fotoqraf İlyas Göçməni və şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm.
Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var.
Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub.
Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı.
Dünya şeir tarixində bir fotoya və ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur.
Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isə “Viziual poeziya” axşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu.
Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı.
Amma olmadı.
Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim.
Ümid edirəm, oxucusunu tapacaq…”

İlyas Göçmənlə İstanbulda
Ömər Küçükməhmətoğlu ilə Bakıda

Mənbə: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.

SƏLİM BABULLAOĞLUNUN DİGƏR YAZILARI

“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi

“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, elm adamları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqində qeyd edib ki, Mahirə Hüseynova həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardandır. O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr vermişdir. Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olmuşdur. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri bu gün də ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirmişdir. Cəfər Cəfərov çıxışında həmçinin Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə xüsusi diqqət çəkib. Qeyd edilib ki, M.Hüseynovanın rəhbərliyi ilə ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənmiş, universitetin beynəlxalq nüfuzu artmışdır. Rektor qeyd edib ki, professorun təşəbbüsü ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu gün təkcə elmi tədqiqat deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm missiya yerinə yetirir.

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və digər çıxışçılar prof. Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun həm alim, həm pedaqoq, həm də ictimai xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Qeyd edilib ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir. Çıxış edənlər vurğulayıblar ki, prof. Mahirə Hüseynovanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmır, onun elmi və poetik yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön planda olub.

ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Cavadov yubliyarın zəngin yaradıcılıq yolu haqqında geniş elmi məruzə edib. Məruzədə vurğulanıb ki, M. Hüseynovanın rəhbərliyi ilə aparılan tədqiqatlar müasir filoloji fikrin formalaşmasına, ədəbiyyatın və dilin tədrisində yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Onun elmi məktəbi bu gün də gənc alimlər üçün örnək sayılır.

Tədbirin bədii hissəsində, əvvəlcə, “Azərbaycan Televiziyası”nın Mahirə Nağıqızı yaradıcılığına həsr olunan sənədli filmi nümayiş olunub, “Ana”, “Sənsiz”, “Qərbi Azərbaycan” kimi musiqi və ədəbi nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Respublikaının tanınmış incəsənət xadimlərindən Nurəddin Mehdixanlı, Leyla Rəhimova, Tural Əhməd, Gülzar Fərəcova, Elnur Zeynalov, Güllü Muradova, Leyla Quliyeva, Samir Cəfərov, Gülyanaq Məmmədova, Aşıq Samirə və digər incəsənət nümayəndələrinin ifasında Mahirə Nağıqızının müəllifi olduğu şeirlər və musiqi nömrələri səsləndirilib.

Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib. O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da yubiley tədbirləri keçirilib.

ADPU-nin Filologiya Fakültəsi

Təvəkkül Goruslu – Payız yağışı

PAYIZ YAĞIŞI

Dumanla yolları bağlama payız,
Səkini, doqqazı zığlama payız,
Sil gözün yaşını, ağlama payız,
Yağma üzərimə payız yağışı.

Özümə bəs edir özcə payızım,
Açdırmır butasın nəzir- niyazım,
Yağış islanmışın nəyinə lazım,
Yağma üzərimə payız yağışı.

Sisinlə göylərdən qopan kimisən,
Yurd- yuvan üstümdə tapan kimisən,
Guya ki, yerinə hopan kimisən,
Yağma üzərimə payız yağışı.

Bilirəm ömrümə yüz payız sığar,
Biçdiyin biçdirər, yığdığın yığar,
Demə ki, payızda yağış da yağar,
Yağma üzərimə payız yağışı.

Payız məhsul fəsli, evlər tikəndi,
Varını, barını önə tökəndi,
Yerdən qaldırmamış nə tez tükəndin…
Yağma üzərimə payız yağışı.

Noyabr 2025

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Nigar Rəfibəylinin şeirləri


ANARA


Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kiprikli körpəcə quzum,
Anarım, Anarım, gözəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşlısan,
Olmuş bu ayrılıq əngəl, Anarım!

Dağların sinəsi lalə, bənövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu daqlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!


DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar…
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə…
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.


HƏBİBƏYƏ

Gənclik şəklimə baxdın
– Nə gözəldin, nə incəydin, – dedin.
Fikrə daldın. Gözlərin doldu.
– Niyə ağlayırsan, – dedim.
Şükür Allaha, ölməmişəm ki…
Dinmədin. Gözlərinin inci yaşı
Damla-damla töküldü
yanağından…
Anlayırdım, sən
gözəlliyin, incəliyin,
bir də əbədi olaraq
ötüb-keçən gəncliyin
ölümünə ağlayırdın…
13 aprel, 1963


DÜŞÜNCƏLƏR

Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız rüzgar kimi.
İndi ağır düşüncələr içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan, təzə qız,
bu sözləri səninçün
yazır titrəyir əlim,
Yazır ki, sən heç zaman,
ey ağıllı gözəlim,
Olmayasan mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.


BAHAR NƏĞMƏSİ

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

AYRILIQ

Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq…

Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!


İSMAYIL ƏFƏNDIYEVIN XATIRƏSINƏ

Hərdən gülüşün düşür yadımaə
Hərdən gəmin, məlalın,
Hər şeyi sezə bilən,
Hər şeyə dözə bilən
Qəlbin, pərişan halın.
Sakit axan sular kimi
axıb getdin.
Dostlarının ürəyində ağrı buraxıb getdin.
Yenə gələcək bahar,
Yenə çiçək açacaq çəmən.
Budaqlardan sallanacaq
salxım-salxım yasəmən.
Quşlar
qatar-qatar
qürbətdən vətənə dönəcək.
Günəş yenə dənizdən doğacaq,
dağların dalında sönəcək.
Ağ göyərçin balası kimi
çırpınan kiçik qizin
sevgilisinin sinəsinə yaslanıb
isti göz yaşları
tökəcək səninçün.
Yanıb ağlayacaq
için-için.
Sonra həzin bir təbəssümlə
Qaldıracaq başını,
siləcək göz yaşını.
Yenə dünyada vüsal olacaq,
Olacaq acı hıcran.
Bircə sən dönməyəcəksən.
Dönməyəcəksən getdiyin əbədi yoldan…


QƏZƏL

Könlün yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

Axşam qızaran göylərə endikdə qaranlıq,
Könlüm evini yandıran odlarə tapılmaz.

Bir incə gülün, bir çiçəyin aşigiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

Çıxdım gecələr seyrinə ahəstə o mahin,
Gördüm ürəyimtək alışan narə tapılmaz.

Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

Min tən eyləyib eşqinə öldürdü Nigarı,
Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.


DƏNİZİN SƏSİ GƏLİR

Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir…
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib dolanmışam.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kii keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir…


DAĞLAR

Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar…
Uca başınızdan külək göndərin,
Məxmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpək göndərin,
Matəm yaylığını bağlayın, dağlar…
Mən ki, çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.


NEYLƏYİM

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Gərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?

Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin çırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

YAXŞI YOL

Yerdən gurultuyla qopub qalxan
Təyyarələrin dalınca
Baxa-baxa qaldım.
Uzaq dənizlərdə
Böyük gəmilərlə səni yola saldım.
Stansiyalardan ayrılıb gedən
Qatarların arxasınca
Kövrəlib ağladım.
Həmişə sabaha, vüsala
Ümid bağladım.
Havalar geniş,
Dəryalar dərin,
Nələr görür sənin işıqlı gözlərin…
Sən gəzməyi sevirsən,
Otu, çiçəyi sevirsən.
Şimşəkli, ildırımlı
Tufanları sevirsən;
Namuslu, mərd,
Alnıaçıq
İnsanları sevirsən;
Cənubda yaz yağışını sevirsən,
Şimalın garlı qışını sevirsən.
Küləyi, tufanları sevirsən;
Yaşıl budaqlı, ağ çiçəkli
Baharı sevirsən.
Yaxşı yol sənə,
Uğurlar olsun,
Hara gedirsən get,
Mənim dərya səbrimi qurtarma.
Hara gedirsən get,
Mənim Vətənə bağlı ürəyimi
Getdiyin uzaq yollara
Aparma, əzizim, aparma…


SƏNSİZ

Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda –
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.


MƏTBƏX ŞERLƏRİ

Qadın olmasaydım əgər,
Qazanların, qabların,
Nimçələrin, çömçələrin
aləmindən qaçardım,
Səhəri dəniz qırağında
qayaların üstündə açardım…
Ciyərlərim dolusu
nəfəs alardım dəniz havasıyla,
Baş-başa qalardım
Sahillərinin gözə görünməyən
səfasıyla.
Sinəmi açardım
səhər rüzgarına…
Həzin-həzin,
gilə-gilə
nəğmələr qoşardım
Abşeron dağlarına…
Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı.

II

Şeri gözələ yazarar,
Baharda yaz çiçəklərinə,
Payızda xəzələ yazarlar…
Hicran ağrısına,
Şirin vüsala yazarlar,
hüsn ­camala yazarlar…
Qazandan qalxan buxar,
Dızıldayan samovar,
Nədən şer olmasın?!
Nədən şer olmasın
Tərtəmiz su altında
Yuyulub
Ağapaq olan qablar?!
Biri şit sevir,
biri şor sevir,
Biri bişmiş,
biri çiy pomidor sevir…
Birinin yeməyi yağsız gərək,
Birinin xörəyi soğansız,
sarımsaqsız gərək…
Bütün günü yu, sil,
bişir, düşür,
Birinı qismətinə
yüksək masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür…
Nə zərər,
Bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adi mətbəxlər…
Ocaqda soğan qovrulanda
göz qoymasam,
yanıb kül olar…
Xörəklərin də işi müşkül olar…
Ocaq qabağında
yanıb, yanıb
kül olan,
Könül aləmində
İşləri müşkül olan
aşpaza göz qoyan hanı?
Göz qoyun, göz qoyun –
Yanmasın
xörəklərə ləzzət berən soğanı…

III

Güllü bir bağça da şer ola bilər,
Adi bir mətbəx də…
Bir çiçək,
bir ocaq,
bir hisli qazan,
qalxıb çıxa bilər
Sənətin oturduğu taxta…
Şerin mövzuları
gəlməz saya –
Yalnız şair gözlərilə
Baxılarsa bu dünyaya…

IV

Bir kiçik mətbəx pəncərəsindən
İlin dörd fəslini görürəm…
Yayın, qışın
yazın, payızın əslini görürəm.
Baharda
Pəncərəm önündəki boylu-buxunlu
Qovaq ağacı
yavaş-yavaş puçurlayır,
yarpaqlayır,
yaşıl don geyinir.
Meh əsir, budaqlar
yavaşdan-yavaşdan deyinir…
Yay olanda yırğalanır
bütün cah-cəlalıyla,
Payız küləkləri girənda qoynuna
Saralır dərin gəmi, məlalıyla.
Sonra qış gəlir,
Ağac soyunur tamam…
Elə bil çılpaq qalır
Bərli-bəzəkli bir ilham…
Ağac, bu çılpaq halıyla,
Qəmi, məlalıyla
Sinə gərir ayazlara,
şaxtalara,
Sağ-salamat çıxmaq üçün
Əzablarla qözlədiyi
bir bahara…
Ürək geniş olarsa,
xəyal dərin olarsa,
Nə arzular ölər,
nə fikir sönər…
Könüldə bir işıq,
bir atəş varsa,
Balaca bir mətbəxdən də
böyük bir dünya
görünər…
1964


DAĞLARI DUMAN ALANDA

Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma sən düşəndə,
Gül yanağım solmasınmı?

Əsən yellər, əsən yellər
Sevgilimdən mənə xəbər.
Solanda narın çiçəklər
Gözüm yaşl dolmasınmı?

Bu yerlərdən keçməz oldum,
Dost, düşməni seçməz oldum,
Eşqimə and içməz oldum,
Könlüm xarab olmasınmı?

ƏLVİDA

Əlvida, otağım, mavi dənizim,
Əlvida, qumlarda görünən izim.
Yollara tökülən xəzəl, əlvida,
Soyuq təbiətli gözəl, əlvida.
Dənizdən xoş əsən həzin rüzgarım,
Sahilə düzülən qağayılarım,
Suda qanad açan yelkən, əlvida…
Sabah ayrılıram sizdən, əlvida…
Görüşə gələndə hər yay, hər payız
Sizi yenə belə xoşhal görəydim.
Dünya sevınc ilə dolaydı yalnız.
Hicran görməyəydim, vüsal görəydim.
Baltik dənizinın qumlu sahili,
Əlvida, xoş keçdi sizdə günlərim…
Bir başqa sahilə gedirəm indi,
Gözləyir həsrətlə məni Xəzərim.
Salamlayır səni, Baltik dənizi,
Dostluq salamıyla göygözlü Xəzər.
Dəniz də dostlaşar, çay da dostlaşar,
İnsanlar dünyada dost olsa əgər.

Müəllif: Nigar Rəfibəyi

Nigar Rəfibəylinin şeirləri

İlkin mənbə: Nigar Rəfibəyli

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb Mir Cəlal adına V hekayə müsabiqəsi qələm sahiblərindən yeni işlər gözləyir.

Daha.az xəbər verir ki, 2026-cı il fevralın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalır.
Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı,

-həcmi 1500 sözdən çox olmamalı,

-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,

-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.

-hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cü il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

I yer üçün 3000 manat,

II yer üçün 2000 manat,

III yer üçün 1000 manat nəzərdə tutulub.

Qeyd edək ki, ilk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox hekayə təqdim olunub.

Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.

Mənbə: Daha.az

Mir Cəlal adına V hekayə müsabiqəsi başladı

Sona Abbasəliqızı – İsmayılova – Atam


Atamı yuxuda gördüm bu gecə

Atam bir dağ idi gözümdə hər an,
Əlimi çiyninə qoyardım hərdən.
O, mənim ömrümün işığı idi,
İçində sızıltı duyardım hərdən.

Atamı ağlayan görmədim heç vaxt,
Bir dəfə demədi get dərdi oyat…
Qəm onu sıxdıqca, o, qəmi sıxdı,
İlahi, necə də çətindi həyat!

Başım ağrıyanda tez sığal çəkdi,
Qoymadı bir kərə ümidsiz qalım.
Ata olmayan ev soyuq bir çöldür,
Atamın iyini mən kimdən alım?

Atamı yuxuda gördüm bu gecə,
Gileyli-gileyli baxırdı mənə.
Elə bil yox imiş bu boyda adam,
Ey həyat, ey həyat, nə deyim sənə?

Yəqin məndən küsüb, yəqin inciyib,
Qəbrinin üstünə getmirəm deyə.
Neynim, vaxt tapmıram iş-güc əlindən,
Eləcə, əlimi açıram göyə.

Bir tikə çörəkçün əlləşir bu can,
Mümkünsə qızını bağışla, ata.
Sən mənim əbədi qaraçuxamsan,
Qoyma bu qəm gəlib sinəmdə yata.

Hər dua edəndə kədərlə dedim:
İlahi, sən mənim boynumu əymə!
Əzrayıl gələndə dilim tutuldu,
Deyə bilmədim ki, atama dəymə.

İndi nə atam var, nə də ki, anam,
İçimdə yüz arzum butasız qalıb.
Əcəl çox tez qıydı, köçüb getdilər,
Sona gör nə vaxtdı anasız qalıb.
Sona gör nə vaxtdı atasız qalıb…

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi təbrik edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin təbriki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri və pedaqogika üzrə Ekspert şurasının sədri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış alim və şair Mahirə Nağıqızı Hüseynovanın doğum günü qeyd olunur.

Professor Mahirə Hüseynova Azərbaycan dilçiliyi, pedaqogika və ədəbiyyat sahəsində apardığı dəyərli elmi tədqiqatları, çoxillik pedaqoji fəaliyyəti və zəngin ədəbi yaradıcılığı ilə tanınır. O, 40-dan artıq elmi əsərin – monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və proqramların, həmçinin 16 bədii kitabın müəllifidir. Onun 400-ə yaxın elmi və publisistik məqaləsi, haqqında yazılmış 300-dən çox məqalə ölkənin elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Elm və təhsilin inkişafındakı xidmətlərinə görə professor Mahirə Hüseynova “Qızıl qələm”, “İlin alimi” media mükafatları ilə, eləcə də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir. O həmçinin Dünya Söz Akademiyasının Rəyasət Heyətinin, Maxpirat adına Turan Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının Fəxri akademiki, Mamun Universitetinin, Özbəkistan Respublikası Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin və Cizzax Dövlət Pedaqoji Universitetinin, AMEA Dilçilik İnstitutunun Fəxri professorudur.

ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və professor-müəllim heyəti professor Mahirə Hüseynovanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi-bədii yaradıcılığında yeni uğurlar arzulayır!

ADPU-nin Filologiya Fakültəsi

"…yazarlar, ancaq yazarlar…"