Türkan Alpturan (Hüseynli) 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərir. Hal-hazırda rəsm təhsilini davam etdirən Türkan bu sahədə ilk təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyətinin Eskişehir şəhərində ESAZDER-in (Eskişehir Azərbaycanlılar Dərnəyi) nəzdində olan uşaq dərnəyində almışdır. İngilis dili təmayüllü liseyin rus dili bölməsində ikinci sinif şagirdi olan Türkan öz ana dili – Azərbaycan dilini gözəl bilir, bu dildə kiçik hekayələr yazır. Eyni zamanda yapon dilini də öyrənir. Boş vaxtlarında gimnastika ilə məşğul olur. Musiqiyə böyük marağı olan Türkan pianoda ifa etməyi də öyrənir. Balaca rəssamın ad gününü təbrik edir, uğurlar diləyir, həyatının rəssam palitrasındakı rənglər kimi rəngarəng olmasını arzulayırıq.
Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi
Dədələr “İgid ölər, adı qalar” deyiblər. Nədənsə Qarabağ üzərində Ermənistan-Azərbaycan savaşı başlanandan sonra elin dilində igidi şəhid əvəzlədi. Millət döyüşlərdə şücaət göstərib-göstərmədiyinə fərq qoymadan müharibədə həlak olmuş bütün oğullarına eyni qaydada yas saxladı. Bəlkə, bu da bir hikmətdəndir. Ruhaniyyətdə heç nə hikmətsiz deyildir. Onsuz da insan dərrakəsi şəhidlərini mərtəbəsinə görə uğurlamaqda tam ədalət sahibi deyildir.
Yaradan öz hümmətinə doğru yol göstərmək üçün zaman-zaman peyğəmbərlər göndərib. Peyğəmbərlər də özlərindən sonra savaba alqış şairləri göstərib. “Yaradan onlara da yaratmaq istedadı bəxş edib”, deyib. Əlbəttə, o şairləri ki, vətəndən, millətdən salnamə yazsın. O şairləri ki, torpaq uğrunda, din uğrunda, dil uğrunda canından keçmiş igidlərin adını əbədiləşdirsin. İgidin adı bədii əsərlərdə (dastanlarda, romanlarda, poemalarda) əbədiləşməzsə, sonrakı nəsillər onları necə tanıyar?
Ən azı buna görə şair Asya Əhmədovanı alqışlamaq, onun “Sən Vətənsən” poemasını təqdirəlayiq hesab etmək olar. Poema Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunub. Düzdür, Qəhrəman Surxay Noçuyev haqqında onlarla məqalə, oçerk, xatirə yazısı yazılıb. Yazıçı Azad Qaradərəli “Noçuyev taktikası” adlı hekayə yazıb. Yazıçı Ayaz İmranoğlu “Komutan” romanında Surxayın əbədi və ədəbi obrazını yaradıb. Lakin bunlarla yanaşı poemanın da xüsusi yeri, xüsusi çəkisi var. Romandan, hekayədən hər hansı bir bölməni nəql etmək olar. Poemadan isə hansısa parçanı əzbərdən söyləməklə həm qəhrəmanı yad etmiş olursan, həm də onu yad edənlərin ovqatını kökləyə bilərsən.
Asya Əhmədovanın “Sən Vətənsən” poeması cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Hətta söz-qələm adamları yazılı mediada öz münasibətlərini də bildirdilər. Düzdür, şair poemanı dərhal çapa göndərməyib. Əhatəsində olan elm, ədəbiyyat mənsublarına oxudub, çap üçün yetərli olub-olmadığını öyrənmək üçün onların münasibətini soruşub. Həmin adamlardan bəziləri poema haqqında öz fikirlərini resenziya-rəy formasında yazaraq bildiriblər. Onlardan tarix elmləri doktoru Eynulla Mədətlinin, şair Ramiz Qusarçaylının, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın qələm məhsullarını Asya Əhmədova poemanı kitab şəklində çap etdirəndə kitaba daxil edib.
Surxay Noçuyev əslən Zəngilan rayonunun Məmmədbəyli kəndindəndir. Rayonu uşaq yaşlarında erməni işğalı nəticəsində tərk edib. Asya Əhmədova da o kənddə doğulub boya-başa çatıb. Əlbəttə, Surxayın həyatını, döyüş yolunu, göstərdiyi şücaət və igidliklərini ilk olaraq onu tanıyanlar, yaxud, daha çox məlumat toplamaq imkanı olanlar qələmə alsalar, daha mükəmməl obraz yaranar, daha dolğun bir əsər üzə çıxar. Peyğəmbərin Yaradan tərəfdən ondan sonra şairlərə xüsusi lütf verildiyinin də hikməti, zənnimcə, elə bundadır.
Adətən, əsərlərdə proloq verilir, bu hissə, sanki məbədin giriş qapısıdır. Asya Əhmədova “Azərbaycan” deyə sözünə başlayır. Məhz, belə də olmalıdı. Qəhrəmanlıq salnaməsi elə-belə də başlamalıdı. Bu adın müqəddəsliyini damarlarımızda hiss etməsək, əzəmətini duymasaq, nə onun uğrunda canımızdan keçə, nə də mükəmməl əsərlər yarada bilərik.
“Hər daşında bir igidin tarixçəsi, Bayrağında şəhidlərin vüqarı var”, “Oğulların səngərlərdə qurd ürəkli, Qartal kimi dayandılar dağ başında” kimi beytlərlə Asya Əhmədova Vətənin əzəmətini vurğulayır, hər zaman igidlərin səngərdə müdafiədə durduqlarını qeyd edir, eyni zamanda dağ başında qartal kimi qorxmazcasına dayandıqlarını diqqətə çatdırır. Surxay da bu igidlərdən biridir. “Körpə idi, uşaq idi Surxayın da, Ürəyinə Vətən dərdi saplananda” deyə qəhrəman bu Vətəni uşaqlıqdan ürəyinə saplanan dərd olaraq gəzdirib, şəhadətə yüksələnə qədər yaşadıb və özü də bu boyda dərdlə bərabər Vətənləşib. Vətənləşmək isə yalnız əməllə sübut olunur. Dünyada ən müqəddəs hesab etdiyin şirin canı Vətən yolunda əsirgəmirsənsə, deməli, vətənləşirsən.
Bu məqamın poemada necə əks olunduğunu filologiya elmləri doktoru Mərziyyə Nəcəfova da “Vətənpərvərliyin poetik dərki” yazısında qeyd edib. “Asya Əhmədova Surxayın simasında Azərbaycanın bütövlüyü uğrunda canından keçib, Vətən olan oğulların şücaətini bütün tamlığı ilə ifadə edə, o oğulların döyüş boyu qəhrəmanlıqlarını misralara gətirə bilib. “Vətənçün canından, qanından keçib, Olur Vətən boyda Vətən oğullar!””
Asya Əhmədova bu, ilk irihəcmli poetik əsəri ilə Surxay Noçuyevin timsalında, sanki, min illər boyu başına müsibətlər gətirilmiş böyük bir millətin növbəti qərinəsinə nəzər salmışdır, bir salnamə yaratmışdır. Bu salnamədə bölmə-bölmə sinədağlayandan qələbə qüruru yaşadanadək bütün hadisələr öz axarı ilə nəzmə çəkilmişdir. Qarabağ üzərində qurulmuş savaş böyüyür. Qonşu rayonlar bir-birinin ardıca erməni qoşunları tərəfindən işğal olunur. Yurd-yuvasından didərgin salınmış millət vətən boyu pərən-pərən düşür. Doğma eli tərk etmək istəməyən bir el – Zəngilan mahalı öz igidləri sayəsində dirəniş göstərir, vuruşur və üçtərəfli mühasirəyə düşür, mərkəzlə bütün əlaqələr kəsilir. “Bir el addımlayır Araza sarı” bölməsində Asya Əhmədova qeyd edir:
Gələrmi hardansa kömək bir daha?
Salamat çıxarmı güman sabaha?
Ümidin bağlayıb göydə Allaha,
Bir el addımlayır Araza sarı.
Bilmirəm, müəllif o dövrü yaşayıbmı? Hər halda yaşamasaydı, bu cür təsirli təsvir edə bilməzdi. Üstündən bu qədər müddət keçsə belə zəngilanlılar o dövrü xatırlayanda üzüntüsüz, göz yaşı axıtmadan ötüşə bilmirlər. Bu, faktdır. Hərbçilər döyüşə-döyüşə geri çəkilirdilər. Meğri, Qafan, işğal olunmuş qonşu Qubadlı və Cəbrayıl rayonları tərəfdən ən azı 4-5 dəfə üstünlüyə malik erməni ordusu Zəngilan alayını Araz çayına – İranla sərhəddə tərəf sıxışdırıb geri çəkilməyə məcbur edirdi. Əhaliyə doğma yurd yerlərini tərk edib Araza üz tutmaqdan başqa çıxış yolu qalmamışdı.
Əlbəttə, müharibə əsəri tamam başqadır. Asya Əhmədovanın “Sən Vətənsən” poemasına da bütövlükdə müharibə əsəri kimi baxmaq düzgün deyil. Yuxarıda qeyd olunduğu kimi bu poema bir dövrün, bir qərinənin salnaməsidir. Müharibənin vurduğu yaralar isə poemada çox təsirli şəkildə ifadə olunub.
Köçkün həyatı, çadırların çətin şəraiti, mərhələlərlə yataqxanalara köçürülmə və bu çadır-yataqxanalarda Vətən adlı böyük bir dərdlə böyüyən, torpaqları erməni işğalından azad etmək fikrini bir an belə ağlından çıxartmayan uşaqların, yeniyetmələrin, oğulların ən qüvvətlisi Surxayın simasında cəmləşib. Ancaq arada “Atəşkəs” var, ölkə bu rejimdə yaşamağa, işğala hələ ki, dözməyə məcburdur.
Qəlbində nisgil yaşada-yaşada Surxay böyüyür. Dərsə gedir, yeni tanış olduğu, dostlaşdığı həmyaşıdları ilə müxtəlif oyunlar oynaya-oynaya püxtələşir. Heç vaxt yaddaşından çıxartmadığı, istəsə belə çıxarda bilmədiyi yol ilə – Vətəninin azad etmək üçün əməyini, canını belə əsirgəməyəcəyi yol ilə irəliləyir. Bu yol onu əbədiyyata aparır.
Müəllif Surxayı birdən-birə qəhrəman kimi təqdim etmir, ancaq misra-misra buna zəmin yaradır. Surxayın doğulub boya-başa çatdığı yurd yerlərini, təkcə barı, bəhəri, bərəkəti ilə seçilməyən, həm də bu yerin qidası ilə böyüyüb qüvvətli ərən olanlardan söz açır. Zəngilanı son damla qanınadək qoruyan bəzi igidlərdən, onların döyüş yolundan bəhs edir. Artıq dastana çevrilmiş yeddi polisi, son anadək səngərdən çıxmayan, çox qüvvətli düşmənə müqavimət göstərən yeddi polis döyüşçüsünü xatırladır. Surxay bunları məktəbdə müəllimlərdən, evdə doğmalarından eşidə-eşidə irəliləyir, lakin hələlik bir iş görə bilmir. Çünki “Atəşkəs” rejimidir, bir iş görmək üçün isə şərait yetişməlidir.
Bu ərəfədə Tovuz hadisələri baş verir. Asya Əhmədova bu hadisəni nəzərdən qaçırmır. 44 günlük Vətən Müharibəsinin, bəlkə də, başlama səbəbini elə bu hadisədə axtarır. Sözsüz ki, “Atəşkəs”ə məhəl qoymayan ermənilər tez-tez təxribat törədirdilər. Generalla bərabər on dörd rütbəli hərbçinin ölümü ilə nəticələnən Tovuz hadisələri bu təxribatların ən böyüyü idi. Asya xanım yazır:
General ölmüşdü, şəhid ruhuydu,
Ayağa qaldırıb xalqı, milləti.
Sıyrılıb yayından çıxan oxuydu,
Kimsə görməmişdi belə qeyrəti.
Bəli, o gün millət birləşmişdi, bütövləşmişdi, hamı küçələrə çıxmışdı, qisas tələb edirdi. Amma ölkə qanunlarla idarə olunur. Ali Baş Komandan səbrlə, təmkinlə gözləyirdi. O, bilirdi ki, ermənilər dinc durmayacaq, yenə təxribatlar törədəcək və torpaqlarımızı azad etmək üçün zəmin yaradacaq. Lakin son dəfə Beynəlxalq Təşkilatların bu təxribata da necə reaksiya verəcəyini gözləyirdi. Eyni zamanda son hazırlıq işləri görülürdü. Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölmələri tərəfindən könüllü şəkildə torpaqlarımızın erməni işğalından azad olunmasına qoşulanların siyahıyaalınması keçirilirdi. Əlbəttə, bir neçə gün ərzində bu siyahı on min nəfərin üzərindən o tərəfə keçmişdi. Ordu və digər qoşun növlərində döyüş təlimləri keçirilirdi.
Nəhayət, Beynəlxalq Təşkilatların susqunluğu və ermənilərin növbəti təxribatı Ali Baş Komandanı iradə nümayiş etdirməyə səslədi.
Sonda bir məsələni qeyd etməmək mümkünsüzdür. Poemada insan obrazları ilə yanaşı bir fəsil obrazı da var. Bu fəsil Payızdır. “Epiloq”da Asya Əhmədova yazır:
Bu dünyaya göz açsam da səndə, payız,
Dəyərini bilməmişəm,
Gələn yazı gözləmişəm,
Mən səni heç sevməmişəm.
Torpaqların son işğalı payızda oldu. İşğal tarixli fəsli necə sevmək olar? Amma güc, enerji təkcə sevgidən yaranmır, həm də qəm-kədərdən, nifrətdən yaranır. Azərbaycan bu işğalla barışmadı, yaşadı, böyüdü, kədərindən enerji aldı, güc aldı.
Asya Əhmədova qəhrəmanının həyatında Payızın xüsusi yer tutduğunu vurğulayır. Payızda dünyaya gəlir, Payızda ailə qurur, xoşbəxliyinə qovuşur, Payızda uzun müddət qəlbində bəslədiyi torpaqların azad olunması uğrunda savaşa atılır, Payızda ikinci övladının dünyaya gəlməsi xəbərini alıb sevinir, Payızda vuruşa-vuruşa Qarabağın tacı Şuşa şəhərinin azad olunmasında iştirak edir və… şəhadətə qovuşur. Bəlkə də bu, bir mistikadır, mifoloji tale yazısıdır.
“Mən səni sevdim, Payız,
Mən səni sevdim, Payız!”
Bütün bunlar poemada təfsilatı ilə təsvir olunub. Məncə, çox təsirli də təsvir olunub. Təhlil olunası çox mətləblər var. Lakin bir yazıda bunların hamısına münasibət bildirmək mümkünsüzdür və bu, sırf mütəxəssislərin öhdəsindədir.
Bütün bunlara rəğmən poema mükəmməl bir əsər kimi Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş olur. Sözsüz ki, ədəbiyyatşünaslar tərəfindən dəyərləndirməlidir.
Müseyib İbrahim oğlu İlyasov 1951-ci il fevralın 11-də Oğuldərə kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycanımızın dilbər guşəsi Laçın rayonundandır. Oğuldərə kənd məktəbində orta təhsil, Gəncə Dövlət Pedaqoji İnstitutunda – ali təhsil, Azərbaycan Dövlət Pedaqoji Universitetində doktorantura təhsili almışdır. Laçın rayonunun Oğuldərə kənd məktəbində müəllim, direktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, kafedra müdiri işləmişdir. Pedaqogika elmləri doktoru, professor, əməkdar müəllimdir. Anadan olmasının 75 illiyi tamam olur.
Ötən əsrin yetmişinci illərində Bakının hündür məkanlarının birində, hazırda Şəhidlər xiyabanın qonşuluğunda, Dağüstü parka yaxın bir Çəmbərəkənd deyilən coğrafi ərazi, keçmiş yaşayış sahəsi, məhəllə vardı.
Köhnə Bakının yadigarı idi Çəmbərəkənd. İndi ondan əsər-əlamət qalmayıb. Yerində əvvəlcə “Moskva” mehmanxanası, sonradan elə həmin yerdə daha gözəl və möhtəşəm hotel kompleksi inşa edildi. Təbii ki, Çəmbərəkəndin bir hissəsində.
Çəmbərəkənddə evlər bir-birinin yanında və bir-birinin ayaq tərəfində (yuxarıdan aşağıya) sıralanırdı. Mən M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda ADU) II kursda, ingilis-Azərbaycan dilləri müəllimi ixtisası üzrə təhsil alırdım. Çəmbərəkənddə Mirzə kişinin kiçicik evlərinin birində (ev demək mümkündürsə, əslində daxmasında) qalırdım. Qonşuluqda başqa institutda oxuyan tələbələr kirayənişin idilər.
Tələbəlik illəri idi. İndiki tələbəlik illərindən çox fərqli. Ali təhsili başa vuranda bilirdin ki, doğma rayonuna, yaxud hansısa başqa rayona təyinat alacaq, işə başlayacaqsan. İşlə təminat çox da problem yaratmırdı.
Qonşuluqdakı tələbələrlə rastlaşanda hal-əhval tutur, bu zaman təbii ki, bir-birimizə sual verirdik. Mən soruşanda “Necəsən?” Novruzdan cavab alırdım: “Sağ ol, zərər yoxdur”.
Əvvəllər təəccüb edərdim. Elə bilirdim elə deməklə zarafata salır. Sonra alışdım. Sən demə, bizim “Sağ ol, yaxşıyam” cavabımıza alternativ onların, yerlərinin cavabı imiş. Amma gözəl sözdür – “zərər yoxdur”. Yəni hər şey qaydasındadır.
Bu əhvalatı niyə nümunə gətirdim?
İndi insanlar sanki 30-50 il bundan əvvəlki insanlar deyil. Həmişə olduğu kimi, aramızda yaxşıları da var, yaxşı olmayanları da. Xeyirxahları da var, bədxahları da. Bu, təbiidir. Olmalıdır. Fəqət sayı artıb yaramazların. Yalaqların, yaltaqların, tor quranların, paxılların, mərdimazarların. Belərindən zərər görürsən.
Təbii ki, deyilənlər hər şəxsə aid deyil. Həyatda, ətrafımızda həm də elə şəxslər vardır ki, onlar ömründə kiminsə xətrinə dəyməyiblər, xeyirxahlığı, yaxşılığı özlərinə bayraq ediblər. Zərər vurmaq nədir, zərəri, ziyan vurmağı özlərinə yaxın buraxmayıblar.
Belə zərərsiz insanlardan biri də Müseyib müəllimdir. Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Müseyib İbrahim oğlu İlyasov. Dostumuz.
Bu xeyirxah dostumuzun bu il fevral ayının 11-də anadan olmasının 75 illiyi tamam olur.
Müseyib İbrahim oğlu İlyasov 1951-ci il fevralın 11-də Oğuldərə kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycanımızın dilbər guşəsi Laçın rayonundandır. Burada orta məktəbi bitirib, Gəncə Dövlət Pedaqoji İnstitutunda (hazırda GDU) ali təhsil aldıqdan sonra doğulub boya-başa çatdığı Oğuldərə kənd 8 illik məktəbində müəllim, daha sonra direktor müavini vəzifəsində çalışıb. Az müddətdə Laçında nümunəvi müəllim və bacarıqlı təhsil təşkilatçısı kimi tanınmış, iş təcrübəsi rayonda yayılmışdır.
M.İ. İlyasov kənd məktəbində vur-tut 6 il (1971-1977) işlədi. Pedaqoji elmlərə dərin marağı, dissertasiya müdafiə edərək elmi dərəcə almaq arzusu onu Bakıya gətirdi.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil alan Müseyib müəllim “Kənd məktəblərarası tədris istehsalat kombinatlarında şagirdlərin peşəyönümünün pedaqoji əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi (1987, elmi rəhbəri professor Hüseyn Əhmədov).
O, hələ 1980-ci ildə, aspirantura təhsilini başa vuranda pedaqoji universitetdə Pedaqogika kafedrasının müəllimi təyin olunmuşdu. Sonralar kafedranın baş müəllim (1989) olmuş, dosent vəzifələrinə seçilmişdir (1991).
Respublika televiziyasında ayda bir dəfə efirə çıxan ”İstehsalatın əsasları. Peşə seçmə” adlı televiziya tədris proqramının aparıcısı olmuş (1984–1995-ci illər), peşəseçmənin əsasları ilə əlaqədar maraqlı, diqqətəlayiq və məzmunlu verilişlər aparmışdır.
Müseyib İlyasov 2011-ci ildə pedaqogika elmləri doktoru elmi dərəcəsi almaq üçün “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə etmişdir. Elmlər doktorudur. 2017-ci ildə professor elmi adını almışdır.
Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov pedaqogika elmi sahəsi üzrə elmi kadrların yetişməsində yaxından iştirak edir. Onun elmi rəhbərliyi ilə bir çox doktorant və dissertant dissertasiya müdafiə etmişdir. M.İ. İlyasov eyni zamanda dissertasiya müdafiələri zamanı dəfələrlə rəsmi opponentlik etmişdir. ADPU-da fəaliyyət göstərən pedaqoji elmlər üzrə Dissertasiya Şurasının üzvü olmuş, bir müddət şuranın nəzdindəki elmi seminarın sədri vəzifəsini yerinə yetirmişdir.
Hazırda Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Filologiya və pedaqogika” ixtisasları üzrə Ekspert Şurasının üzvüdür.
Pedaqoji kadrların hazırlanmasında da fəallıq göstərir. Tələbələrə mühazirə oxuyur. Bir müddət ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikasının müdiri vəzifəsində çalışmışdır (2013-2025-ci illər). Hazırda universitetin Təhsil menecmenti kafedrasının professorudur.
Müseyib müəllimin tədqiqatları pedaqogika elminin bir sıra sahələrini özündə birləşdirir. Lakin daha çox təhsilalanların peşə seçməyə hazırlanması; müəllimlik peşəsi və müəllim hazırlığı problemləri üzrə tədqiqat aparırır.
Professor xeyli diqqətəlayiq əsərlərin müəllifidir. Onların bəzilərini diqqət mərkəzinə gətirək: “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları”, “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri”, “Müasir təhsil: ənənədən innovasiyaya”, “Məktəbdə peşəyönümü işinin sistemi”, “Yuxarı sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsi”, “Peşəyönümün əsasları”, “Müəllimin pedaqoji ustalığı” “Peşə, sənət və ixtisas seçimi haqqında söhbətlər”, “Pedaqoji tədqiqatların metodları və metodologiyası”.
Müseyib müəllim qışın oğlan çağında dünyaya göz açıb. Xalq təqviminə görə, kiçik çillə hər il 31 yanvar – 1 fevral gecəsindən etibarən 20 fevraladək (20 gün) davam edir. Böyük çillədən (21 dekabr – 30 yanvar) sonra qədəmini qoyan bu dövr nisbətən kəskin soyuq və küləklərlə, sərt şaxtalarla, qarın ətrafı ağ örpəyə bürüməsi ilə səciyyələnir. Bahar fəslinə təbiətin yolu qışdan keçir. Müseyib müəllim 75 qışı, 75 baharı yola salıb. Arzumuz budur ki, daha 25 qışı və 25 baharı da arxada qoysun. Xoş əməllər, xeyirxahlıq, yaxşılıq carçısı ola-ola!
Pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Müseyib İbrahim oğlu İlyasovu 75 illik yubileyi münasibətilə təbrik edirik!!!
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, 23 fevral 2026-cı il tarixində, Azərbaycan pedaqoji antologiya salnaməsində yeni, parlaq bir mərhələnin başlanğıcını qoyan Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycanın pedaqoji fikir səmasında Nizami Gəncəvi necə bir günəşdirsə, Səməd Vurğun da həmin səmanı işıqlandıran parlaq ulduzlardan biri kimi öz sözünü demişdir. Və yaxud, Azərbaycan xalqının düşüncə tarixində Nizami Gəncəvi necə əbədi bir söz abidəsidirsə, Səməd Vurğun da həmin abidənin davam edən nəfəsi, yaşayan ruhudur.
Dünya məndən soruşdu ki,
De, məsləkin, yolun nədir?
Dedim: Vətən torpağına
Könlüm quşu pərvanədir.
Səməd Vurğunun bu suala verdiyi cavab vətənə olan sevgiyə və onun müqəddəsliyinə işarə edir. Şairin bir məsləyi, bir amalı var. O da vətənə xidmət, həm də layiqincə xidmətdir. Vurğun vətənini sevmək və ona xidmət etmək məqsədini yaradıcılığının ilk illərindən ən yüksək hədəf olaraq seçmişdir. Vətən torpağı, şairin təfəkküründə vətənə olan xidmət və çağırışın məkanıdır.
Azərbaycan məktəb və pedaqoji fikir tarixinin üfüqlərini genişləndirən Səməd Vurğun vətəninə olan möhkəm sevgi və heyranlıqla şeirini ərsəyə gətirən bir vətən şairidir. Poeziyada vətəndaşlıq keyfiyyətlərini ən yüksək sənətkar məziyyəti hesab edərək, o, sənətini millətin gələcəyinə xidmət etmə vasitəsi olaraq görmüşdür. S.Vurğun yazırdı ki, “Vətən eşqindən ilham alan bir şair ömrü boyu bəxtiyardır… hər hansı bir qələm sahibi, kim üçün yazıram? – deyə özünə sual verdiyi zaman, qarşısındakı kamala yetmiş, öz tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun vətəndaşlıq vüqarı şeir və sənət ilhamına yelkən qaxar, içindən əbədi olaraq “Yarat!”, “Yarat”! – deyə bir səs gələr”.
Şairin “Xanlar”, “Komsomol poeması”, “Fanar”, “26-lar”, “Bəsti”, “Aygün” və digər əsərləri sovet ideologiyasının siyasi və sosial quruluşlarını əks etdirir. Lakin bu gün artıq həmin ideologiyalar və qurumlar – sosializm, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı, kolxoz, sovxoz, kommunizm – tarixə qovuşmuşdur. Ancaq demək olmaz ki, şairin əsərlərindəki adət-ənənələr, mövsümi mərasimlər, kənd-şəhər həyatının xüsusiyyətləri və poetik tərbiyəvi fikirlər də öz əhəmiyyətini itirib tarixə qarışmışdır. Xeyir, bu sözlər hələ də şairin surətləri vasitəsilə bizimlə danışır və oxucunun ruhuna toxunur. Zaman keçsə də, bu fikir və təsvirlər öz aktuallığını qoruyur və bu gün də hər bir oxucuda dərin izlər buraxır.
“Komsomol poeması”nda oxucuların əzbərdən bildiyi və hər kəsin ruhuna öz izini qoyan “Dünya” adlı şeir, fikrimizin əyani sübutudur.
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur;
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
İşıqlandırdığımız bu dörd bənd sovet dövrünün ideologiyasını və xüsusilə də gənclərin həyat, ölüm və dünya haqqındakı baxışlarını poetik şəkildə əks etdirir. Sözlərin ahəngdar və təkrarlanan ritmi ilə oxucuda dərin düşüncələr yaradır, eyni zamanda həyatın keçici olduğunu və dünya ilə əlaqənin sirrini vurğulayır.
“Komsomol poeması” əsərində Səməd Vurğunun dünyaya milliliyimizi daşıyan və Novruz bayramını şairanə şəkildə təsvir etdiyi “Novruz bayramında” adlı bölümü tarixə gömmək mümkünmü? Xeyir, mümkün deyil! Hətta mümkün olsa da, bu, çox böyük itki olardı. Poemada axır çərşənbədə ilin tamam olması, “ilin at üstündə təhvil olması”, hər bir qapıda tonqal yandırılması, uşaqların tonqal üzərindən “hoppanması”, bacadan salınan torbaların, Kosanın şəbeh çıxarması, balacaların təzə paltar geyinməsi, gəlinlərin və qızların bəzənib-düzənməsi, əllərinə xına yaxması və qonşu qapıların pusulması kimi gözəl və canlı məqamlar şairin şirin, axıcı dili ilə elə ustalıqla təsvir edilib ki, onları izah etməyə bizim qələmimizin gücü çatmaz. Novruz bayramının o gözəl anlarını ancaq həmin poemadan oxuyub ruhumuzu oxşaya, feyziyab edə bilərik. Qeyd etdiyimiz kimi, “Komsomol poeması”ndakı “Novruz bayramında” bölümü, bizim milliliyimizi dünyaya çatdıran və tarixə qovuşması mümkün olmayan bir şedevrdir.
Novruz bayramının gözəlliklərini daha dərindən işıqlandırmaq üçün bir neçə məqamı nümunə olaraq təqdim edək ki, Səməd Vurğunun əzəmətli təsvirlərinin nə qədər dərinə getdiyini anlamaq mümkün olsun.
Axır çərşənbədir… İl tamam olur…
Bu il, – kənd içində danışır hamı, –
At üstə gəlmişdir Novruz bayramı –
Qulunluq at üstə…
Bu bir muraddır.
Baxın, hər qapıda bir tonqal yanır,
Uşaqlar hoppanır od-alov üstdən;
Göyə şölə düşür, yer işıqlanır,
Od da yandırmayır heç kəsi qəsdən.
Kosanın başında bir keçə papaq,
Zınqırov da asıb lap kəlləsindən.
Onun çıxardığı oyunlara bax,
Nə üzdən tanınır, nə də səsindən.
Gah olur mələyir qoyun sayağı,
Gah da bir at olub kişnəyir kosa.
Yüz qapıya dəyir onun ayağı,
Yüz evdən pay alır o heç olmasa.
Bəzənib-düzənib gəlinlər, qızlar
Xına da qoyurlar öz əllərinə.
Gecələr göz qırpır göydə ulduzlar
Bizim kənd yerinin gözəllərinə.
Təzə paltar geyən körpələr şaddır,
Baxıb ləzzət alır ata-analar.
De, bu gün hamımı qəmdən azaddır?
Yox, bu əziz gündə dərdlilər də var.
Xəyalat başını bir an tərk edir,
Xeyirxah bir xəbər eşitmək üçün
Qonşu qapısını pusmağa gedir…
De, qız nə eşitsə yaxşıdır birdən?
Kimsə öz oğluna: “Toyunu görək!”
Humay bir quş kimi durdu yerindən:
Sıçrayıb göylərə qanad gərərək.
Bütün bunlar bizə onu deməyə əsas verir ki, şair, öz əziz xalqının adət-ənənələrini, sosial və mədəni məişətini, psixoloji xüsusiyyətlərini, dilinin zənginliklərini, estetik koloritini həm maddi və həm də mənəvi aləmini yüksək səviyyədə mənimsəmişdir. Bu yanaşmalar, onun etnoqrafik müşahidələrini sənətkarlıqla birləşdirərək əsərlərində təsvir etdiyi xalq həyatının təbii və təkmil bir şəkildə əks olunmasına imkan vermişdir.
Şairin hər bir şeiri, baharın təravəti kimi təravətli və canlıdır. O, təbiəti poetik dildə o qədər incə və zərif şəkildə bəzəyir ki, oxucunun gözlərində təbiətə qarşı yeni və füsunkar bir baxış yaradır. Hər bir kəlməsində təbiətin təbii gözəlliklərini, rənglərini və hərəkətlərini canlı bir şəkildə canlandıraraq oxucunun ruhunu o aləmə aparır. Şairin dilində təbiət, təkcə mövcud olmayan bir mənzərə deyil, həm də insana ilham verən, gözəlliyi və harmoniya ilə dolu bir dünyadır.
Səməd Vurğun “Təbiət ilhama çağırır məni” adlı şeiri ilə təbiətə, həyatın məna dərinliklərinə və ilhamın mənbələrinə dair düşüncələrini əks etdirən bir poetik səhnə yaratmışdır. Şeirdə təbiət və insan münasibətinin, xüsusən də ruh və bədii yaradıcılıqla əlaqəli hisslərin üzərində dayanan bir düşüncə axını var. Şeirdəki hər bir misra bir duyğu, bir mövzuya yönəlmişdir və şair bu mövzuları təbiət, ilham, məhəbbət və yaradıcılıq müstəvisində birləşdirir. Şeirin hər on iki bəndində təbiət, insan və şairin daxili aləmi arasındakı əlaqə dərindən təsvir edilir. Bu misralarda təbiətin dəyişən fəsilləri, xüsusi olaraq yazın təravəti və təbiətin oyanışı (qarın əriməsi, dağların yaşıllaşması) şairin ruhunu işıqlandırır. Bu, poetik simvolizm vasitəsilə təbiətin insana verdiyi ilhamı göstərir. Dağların “yamyaşıl geyinməsi”, bulaqların “göz kimi duruluğu”, qarın əriməsi və yağışın çəməni islatması – hər bir obraz, şairin yaratdığı əsərin ilham alacağı təbiətin ahəngini və gözəlliyini ifadə edir. Təbiət bir mühitdən daha çox, ilham verən bir mənbəyə çevrilir. Zəmilərin və tarlaların “üzü gülməsi” və sünbülün dəni, təbiətin insan ruhunu nurlandıran gücünü simvollaşdırır. Göylərdən gələn ilham və ya göy üzü ilə əlaqə, şairin mənəvi kök saldığı torpağın mövqeyini əvəzləyir. Torpaq həm maddi, həm də mənəvi mənada şairin varlıq səbəbidir. Şairin torpağa bağlılığı, onun əsərlərinin kökünü təşkil edən mədəni və mənəvi zənginliyi, ilham aldığı mühiti ifadə edir.
Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni
Təbiət ilhama çağırır məni!
Görürəm, dan yeri yenə sökülür,
Göydən yer üzünə nurlar tökülür.
Zəmilər, tarlalar üzümə gülür,
Saralır gözümdə sünbülün dəni,
Bu nemət ilhama çağırır məni!
Mən yaranmamışam göylər övladı,
Əzəl şöhrətimdir torpağın adı.
Bu eşqim çoxuna qismət olmadı…
Şairim! Aç, payla söz xəzinəni
Şeiriyyət ilhama çağırır məni!
Ürək dil açır ki, – sönməmiş odum,
Hücuma başlayır mənim söz ordum.
Könüllər mülkündə min yuva qurdum;
Unutmaz aləmdə sevən sevəni,
Məhəbbət ilhama çağırır məni!
Göründüyü kimi, şair şeiri ilə təbiət, torpaq, eşq və yaradıcılıq arasındakı əlaqəni poetik şəkildə araşdırır. Təbiətin müxtəlif dövrləri, şairin ruhunu oyandıran, ilham verən bir vasitə kimi təqdim olunur. Onun ilhamını alaraq yaratdığı sənət əsəri, həm də insanın öz daxili aləmi ilə əlaqəsini və ruhunun hərəkətə gəlməsini təmsil edir. Şairin sözləri, təbiətin və insanın ruhunun birləşdiyi, yaradıcı bir aləmi işıqlandırır. Şeirin məzmunu sonda bizə deyir ki, bu aləmdə hər bir kəlmə bir həyat, hər bir misra bir düşüncə, hər bir şeir bir nəfəs alır.
Səməd Vurğunun 1928-ci ildə qələmə aldığı “Andım” şeirində yazır ki:
Mən and içmişəm ki, bir də qələmim
Gözəllərdən ilham almayacaqdır.
Peymanını pozan xəyal həmdəmim
Dərgahıma sayə salmayacaqdır.
Şairin gözəllikdən ilham almayacağına dair içdiyi “and”, onun öz bədii aləmi ilə əlaqəli daxili bir öhdəlik kimi çıxış edir. Bu qərar, şairin müstəqilliyini qorumağa çalışarkən yaradıcı prosesinə bir növ məhdudiyyət gətirir. Lakin bu “and”ın pozulması, şairin öz içindəki mənəvi və psixoloji mübarizəni göstərir. Təbiətə, insana və xüsusilə gözəlliyə qarşı dərin bir ehtiras və vurğunluq hissi keçirən Səməd Vurğun, ilham mənbəyi olaraq gözəllikdən uzaqlaşarsa, yaradıcılığının və poetik təxəyyülünün canlılığını və gücünü itirməzmi? Əlbətdə ki itirər. Çünki gözəllik, şair üçün sadəcə bir estetik və bədii mühit deyil, həm də onun daxili aləminin təzahürü, həyatın mənəvi və fiziki gözəlliklərini özündə əks etdirən vacib bir qaynaqdır. Buna görə də, gözəllikdən ilham almaq, Vurğunun poetik inkişafı və yazdığı əsərlərin keyfiyyəti üçün mühüm bir amildir. Şairin ilham mənbələrindən biri olan gözəllikdən məhrum olması, onun yaradıcılığının əsas sütunlarından birinin zəifləməsi anlamına gətirər görüşündəyik.
Deməli, şairin sonrakı illərdə vədinə sadiq qalmaması, həm də onun yazıçı-şair-dramaturq kimi daxili ehtiyacını, yaradıcı təxəyyülünün sərhədsizliyini işıqlandırır. Şairin “xəyal həmdəmim” olaraq səciyyələndirdiyi hər bir ilham mənbəyi, onun poetik axtarışının ayrılmaz tərkib hissəsidir. Şairin “peymanını pozan xəyal həmdəmim” deməsi, bir tərəfdən onun öz qəlbinin zəifliyini, digər tərəfdən isə bədii təxəyyülünün nə qədər güclü olduğunu göstərir. Şair öz “andını” pozur, çünki ilhamın qarşısında məğlub olur – ilham bir növ şairin sadiq dostu olur və ona qarşı müqavimət göstərmək, bu bədii inkişafın önündə bir əngəl kimi durur.
Səməd Vurğunun sonrakı illərdə qələmə aldığı “Anam gəlini”, “Təbriz gözəlinə”, “Səlyan gözəli”, “Ruhumda ruhunun parçası vardır”, “Şairin sevgilisinə”, “Ala gözlər”, “Oxu, gözəl” və digər şeirləri, şairin əvvəlki vədlərinə və “andına” xilaf çıxmasından açıq şəkildə xəbər verir. Bu şeirlər, onun gözəlliyə və sevgiyə olan vurğunluğunun və təbiətin cazibəsinə qarşı içindəki müqavimətini pozduğunun, bir növ bədii təxəyyülünə məğlub olmasının simvoludur. Hər bir misrada, o, gözəlliyin, sevgilərin və ilhamın qarşısında yenə də zəif qalır, özünü bu ilham mənbələrindən qurtarmağa çalışsa da, sonda onlara yönəlir və qələmindən yeni bir sevda, yeni bir gözəllik əsəri doğur.
Səməd Vurğun, yuxarıda qeyd etdiyimiz kimi, zamanın fövqünə yüksələrək sənəti ilə əbədiyyət qazanmış sənətkarlardandır. Onun qələmindən süzülən hər bir fikir bu gün də ruha toxunur, düşündürür, yaşadır və yenidən yaradır.
Əziz oxucum! Vurğun öldü deməyək, bir əbədi sənəti var!
01 aprel 1981-ci il — Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın vəfat etdiyi gündür.. Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev) 6 (19) may 1910-cu ildə Göyçay şəhərində anadan olmuş, 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Rəsul Rza XX əsr Azərbaycan poeziyasında bədii düşüncənin yenilənməsinə güclü təsir göstərmiş sənətkarlardandır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, azad poetik təfəkkürü və insanın daxili dünyasına yönəlmiş bədii axtarışları ilə seçilir. Şairin əsərlərində zaman, vicdan, məsuliyyət, mənəvi bütövlük və həqiqət kimi mövzular aparıcı yer tutur. Bu xüsusiyyətlər onun poeziyasını bu gün də aktual və düşündürücü edir. Rəsul Rza yalnız şair kimi deyil, həm də dramaturq, tərcüməçi və ictimai xadim kimi milli mədəniyyətin inkişafına mühüm töhfələr vermişdir. Onun fəaliyyəti Azərbaycan ədəbi mühitində yeni poetik istiqamətlərin formalaşmasına təsir göstərmişdir. Görkəmli şair yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu gün böyük sənətkarın xatirəsini ehtiramla yad edirik. Ruhu şad olsun.
Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!
Aprelin biri Azərbaycan ədəbiyyatının özünəməxsusuluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olur. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehirli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehirli bir rəng qatmışdı. Bu elə bir sehirli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanış etmiş, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı isa Muğannanın sehirli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi. İsa Muğannasız keçirdiyimiz bir il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik. Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiaysını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xitdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlli edici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dimməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim. İSA MUĞANNA 3 Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə. 60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi o cümlə. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah! Muğannası haqqında xatirlərinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”. Bu yaxınlarda arxivimə göz gəzdirəndə Firuzə xanımın “Türfə” romanının çap olunması üçün AMEA-nın Müxbir üzvü Nizami Cəfərova yazdığı bir məktubu gördüm. Oxudum və heyrətə gəldim. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi Muğannanı böyük amillərdən biri də. Ustadın ilində təəssüflər olsun ki, Bakıda deyiləm. Amma bu məktubu oxuculara təqdim etməyin böyük faydası olacağına inanıram.
İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm. Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik. Uşaqlar haqqında danışmağımın səbəbi var. 1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir) Otelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir. Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.
P.S. Bu məktubu yayımlamaqda çox tərəddüd keçirdim. Firuzə xanımın Nizami müəllimə şəxsi məktubu idi. Bəlkə də, Firuzə xanımdan icazə istəsə idim, “yox” deyərdi. Lakin İsa Muğannanın bəşəriyyət üçün maraqlı bir insan olduğunu bildiyim üçün böyüklərimin qarşısında bu ərki edirəm. İsa Muğanna haqqında həqiqətləri lap incəliyinə qədər bütün oxucuları bilməli, bu bütöv şəxiyyətlə dərindən tanış olmalıdırlar. Şəmil Sadiq 2015.04.01
Yazıçı, publisist, əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını Milli Kitabxananın fonduna hədiyyə edib
Vətənpərvərlik mövzusunda kitabların yazarı olan müəllifin yeni kitabı Xankəndi şəhərinin formalaşması və Qarabağ problemi fonunda şəhərin tarixini əhatə edir. Kitabda XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə əlaqədar Azərbaycan xalqının milli maraqlarına zidd hadisələr haqqında ətraflı bəhs edilib. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin “erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət haqqında geniş məlumat verilir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər də əsərin əsas mövzularındandır.
Kitabda Xankəndi, həmçinin qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar təqdim edilib. 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri də kitabda geniş işıqlandırılır.
Türkan Hüseynlinin ümidlə boyanan üfüqləri (“Gün batımı” rəsmi haqqında – birinci yazı) Uşaqlıq – saf duyğuların, təmiz baxışların və sərhədsiz xəyal gücünün dövrüdür. Məhz bu dövrdə yaranan yaradıcılıq nümunələri bəzən ən peşəkar əsərlərdən belə daha təsirli, daha səmimi olur. Gənc rəssam Türkan Hüseynlinin təqdim etdiyi “Gün batımı” adlı bu rəsm əsəri də məhz belə bir səmimiyyətin, daxili dünyasının rənglərlə ifadəsinin bariz nümunəsidir. Türkan Hüseynli 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərən Türkan artıq erkən yaşlarında dünyanı özünəməxsus şəkildə görməyi və onu kağız üzərinə köçürməyi bacarıb. Hal-hazırda rəsm təhsilini davam etdirən bu balaca istedad sahibi ilk sistemli təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyyətinin Eskişehir şəhərində ESAZDER-in nəzdində fəaliyyət göstərən uşaq dərnəyində alıb. Bu, onun yaradıcılıq yolunda ilk ciddi addımlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Gənc rəssam Türkan Hüseynlinin “Gün batımı” rəsm əsərinə nəzər saldıqda ilk baxışdan diqqəti cəlb edən əsas məqam rənglərin harmoniyası və kompozisiyanın sadəliyi ilə yanaşı dərin məna yükü daşımasıdır. Əsərdə gün batımı təsvir olunub. Üfüq xəttində qızılı və narıncı çalarların hakim olduğu günəş, sanki bir günün sonunu deyil, yeni bir başlanğıcın xəbərçisini simvolizə edir. Bu, uşağın dünyagörüşündə zamanın yalnız bir axın deyil, həm də davamlı ümid mənbəyi kimi qəbul olunduğunu göstərir. Göy üzündə çəkilmiş göy qurşağı isə əsərin ən təsirli elementlərindən biridir. Rənglərin ardıcıl və ahəngdar düzülüşü həyatın rəngarəngliyini, müxtəlif duyğuların bir arada mövcudluğunu ifadə edir. Göy qurşağı həm də ümidin, arzuların və gələcəyə inamın simvoludur. Türkanın bu elementi əsərinə daxil etməsi onun daxili dünyasında pozitiv enerjinin və nikbin baxışın üstünlük təşkil etdiyini göstərir. Rəsmdə yer alan qara siluet şəklində çəkilmiş palmalar və quşlar isə kompozisiyaya dinamika və həyat qatır. Palmalar ekzotik bir mühit təsəvvürü yaradır, eyni zamanda azadlıq və sakitlik hissini oyadır. Uçan quşlar isə sərbəstliyi, azad ruhu və sonsuz üfüqlərə doğru hərəkəti simvolizə edir. Bu detallar uşağın xəyal gücünün sərhədsizliyindən xəbər verir. Dənizin mavi çalarlarla təsviri isə sakitlik, dərinlik və düşüncə dünyasının rəmzidir. Dalğaların sadə, lakin ifadəli çəkilişi göstərir ki, müəllif təbiətin ritmini hiss edir və onu öz baxış bucağı ilə təqdim etməyi bacarır. Su səthində əks olunan işıq və rəng keçidləri isə əsərə əlavə estetik dəyər qatır. Bu rəsm əsəri texniki baxımdan sadə görünsə də, məzmun etibarilə olduqca zəngindir. Burada uşağın dünyanı necə gördüyü, nələri hiss etdiyi və hansı duyğularla yaşadığı açıq şəkildə əks olunur. Ən önəmlisi isə odur ki, Türkan Hüseynli artıq bu yaşında rənglər vasitəsilə öz fikrini ifadə etməyi bacarır ki, bu da gələcəkdə onun daha böyük uğurlara imza atacağından xəbər verir. Gənc rəssamın yaradıcılığı bir daha sübut edir ki, incəsənət yaş tanımır. Əsas olan duymaq, görmək və bunu ifadə edə bilməkdir. Türkan Hüseynlinin bu əsəri isə həm onun istedadının ilkin parıltısı, həm də gələcək yaradıcılıq yolunun ümidverici başlanğıcı kimi dəyərləndirilə bilər. Şübhəsiz ki, belə istedadlı uşaqların vaxtında aşkar olunması, dəstəklənməsi və inkişaf etdirilməsi cəmiyyətin mədəni gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Türkan Hüseynli kimi gənc fidanların yetişməsi isə sabahın güclü sənətkarlarının formalaşmasının təməlini qoyur.
Zəngilandan Qazaxadək döyüş yolu keçmiş artilleriya generalı – Hacırəhim Məmmədov
Vətənimiz uğrunda çalışmış Ali zabitlərimizi tanıyaq!!! – Sovet Ordusu sıralarında bu səviyyədə olan azərbaycanlıları barmaqla saymaq olardı.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq ilk rəisi Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro (Ağbulaq) rayonunun Şıxlı kəndində anadan olmuşdur.
1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdu.
1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdi.
Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi.
Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır.
1992-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş və artilleriya hərbi hissələrinin yaradılmasında müstəsna xidmətləri olmuşdur.
1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir.
Hacırəhim Məmmədov hərbi əməliyyatların gedişində olduqca böyük işlər görmüşdü, bütün qaynar bölgələrdə olaraq şəxsən erməni hərbi birləşmələrinə qarşı artilleriya zərbələrinə nəzarət etmişdi, yüksək nizam intizamı ilə fərqlənən artilleriya hissələrinə rəhbərlik edirdi.
Hacırəhimi bütün tabeliyində olanlar əla tanıyır və onu sevirdilər. Eyni zamanda, o, zabit şərəfini uca tutaraq heç bir qruplaşmaya, klana qoşulmayan ordu komandanlarından biri idi. Çoxları onun göstəricilərinə həsəd aparırdı, ona oxşamaq istəyənlər kifayət qədər çox idi. O, Azərbaycanı güclü, qüdrətli dövlət kimi görmək istəyir və bundan ötrü əlindən gələn hər şeyi edirdi…
1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra günahsız olunduğu bilinərək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.
24 mart 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti ilə görüşdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.
1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədini delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının” və “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının” üzvü tə’yin edilmişdir.
1999-cu ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ilk rəisi vəzifəsinə təyin olunmuşdur.
11 dekabr 2003-cü ildə Bakıda xidmət vaxtı iş kabinetində ürək tutmasından vəfat etmiş və bir gün sonra II Fəxri Xiyabanda dəfn edilmişdir.
Tapdıq Əlibəyli – 65 TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ Yaradıcılığına və şəxsiyyətinə ehtiram bəslədiyim şair-publisist və ictimai xadim Tapdıq Əlibəylini uzun illərdir tanıyıram. Onunla, Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda, tədbirlərin birində tanış olmuşduq. Həmin tədbirdə yenicə çapdan çıxmış “Poetik buta” kitabını da mənə hədiyyə etmişdi. Elə həmin gündən də Tapdıq bəylə mehriban ünsiyyətimiz yarandı.Tez-tez görüşməsək də, fəal istifadəçisi olduğum “fasebook” sosial şəbəkəsində müntəzəm olaraq onun yaradıcılığını və ictimai fəaliyyətini yaxından izləyirəm. Bu günlərdə öyrəndim ki, bu ilin iyulundaTapdıq bəyin 65 yaşı tamam olacaq. 65 yaş insan həyatında əlamətdar bir tarix olduğu üçün istədim ki, mən də bir yazı-pozu adamı kimi həmkarım Tapdıq Əlibəylinin yaradıcılığına səyahət edim. Bu yazı da həmin səyahətin nəticəsi olaraq meydana gəldi və düşnürəm ki, səmimiyyətdən yaranmış bu yazı Tapdıq bəyin yubileyinə mənim kiçik bir hədiyyəm olar. Tapdıq Əlibəyli qədim türk yurdu, əsrarəngiz təbiəti olan Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açıb. Düşünürəm, Bürzünbülü oxucularına şair aşağıdakı misralarla təqdim edərək, onun haqqında dolğun təsəvvür yarada və sevdirə bilib:
Tanrı yazan bir əzəli ünvanım: Dağ havası, yurd sədası – Bürzünbül Göz açdığım, söz açdığım – rəvanım, Dağ havasi, yurd sevdası – Bürzünbül.
Sadəliyi səmimiyyət batmanı, Kədəri də, sevinci də bölüşər. Halallıqdan yoğrulubdu imanı, Bir-birinin köməyinə yetişər.
Təbii ki, Bürzünbül Tapdıq Əlibəylinin dünyaya göz açdığı kənddir, balaca Vətənidir onun. Lakin Tapdıq Əlibəylinin Vətən anlayışında bir adda əbədi məskən salıb -Yardımlı rayonu. O rayon ki, öz ziyalı, vətənpərvər, mərd, mübariz oğulları ilə Azərbaycanımıza kifayət qədər görkəmli şəxsiyyətlər, o cümlədən Sabir Rüstəmxanlı kimi görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq şairi bəxş etmişdir. Təbii ki, Sabir Rüstəmxanlı kimi görkəmli bir ədəbiyyat adamını yetirən bir bölgədə, ondan sonra ələ qələm almaq hər kəsdən bir cəsarət və hünər tələb edir. O da qeyd edilməlidir ki, Sabir Rüstəmxanlı öz yaradıcılığı və fəaliyyəti ilə bu bölgədə ədəbiyyatın və poeziyanın inkişafına güclü təkan vermışdir. Heç şübhəsiz ki, ondan sonra ədəbiyyata gələn insanların yaradıcılığına onun təsiri olmamış deyil. Bununla belə Yardımlının təbiəti, suyu, havası, onun folkloru və ədəbi mühitinin özü bir poeziyadır və Sabir bəyin də elə bu mühitdən pərvazlanması qanunauyğunluqdur. Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza verdiyi söz adamlarından biri də Tapdıq Əlibəylidir. O, Yardımlıya olan sevgisini aşağıda nümunə gətirdiyim misralarla ifadə edir:
Vətən – bir ağacsa, budaq Yardımlı, Boy verir rişəsi minilliklərə. Zirvəsi qartallı bu dağ Yardımlı Bağlayıb yurddaşı minilliklərə.
Ər kişilər yurdu – mənaca adı, Bürünüb övladı bu həqiqətə. Bu dağlar qoynuna Yaradan yardı, Bələnib Yardımlı saf təbiətə.
Ölkəmizin ictimai həyatında fəall iştirak edən, ədəbi cameədə həm publisist, həm də şair kimi yaxşı tanınan Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” şeirlər kitabı qarşımdadır və onun poeziya dünyasına səyahətdəyəm… Bu bir danılmaz həqiqətdir ki, Tanrının yaratdığı canlılar arasında İNSAN ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verib. Əgər Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı. Bu da bir həqiqətdir ki, Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Söz sözlə yanaşı işlədiləndə fikir, məna ifadə edir:
Könül verdim saza-sözə, Günəş doğdu sanki üzə. Söz sovqatı göndər bizə… Şeir – sözün ən göyçəyi.
Yaranmyır şeir əbəs, Gül qoxuyan o bir nəfəs, Göy üzündən gələn bir səs… Şeir – sözün ən göyçəyi.
Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir. Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər.
Şairlər bir ömür eşq sərxoşları, İlham pərisinin hüsnündən xumar. Könlü misra-misra söz naxışları, Başına hər vədə çəkiıməz tumar.
Şairlər əzəldən söz pərvanəsi, Atəşə tutulub, oda yaxılıb. Sözü açıbsa da zindan-qəfəsi, Şair ürəyinə güllə çaxılıb…
Fikrimcə, Tanrı insana danışmaq qabiliyyətiu verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir. Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.
Tumurcuqdur, çiçəkdir, Pöhrələnən özəkdir, Bahar kimi bəzəkdir Misralanan ulu söz.
Şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, gözlərimin qarşısında müəllifin Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Diqqət yetirək:
Cahana sığmayan Tanrı bəndəsi İlahi şövq ilə Sözə sığındı. Söz mülkünün əngin bəndi-bərəsi Bir ovuc ürəyə necə yığıldı?…
Təbi-təbiəti sözlə dəyişən Ümid işığında pərvanə olar. Bəxtinə qismətdən şairlik düşən Bircə söz üstündə “divanə” olar.
Doğurdan da onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə” divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı aşağıdakı misraları yaranmazdı:
Şairlər dünyanın söz divanəsi, “Divan”ı üstündə qurulub divan… Dərisi soyulub, ancaq haqq səsi Susmayıb, ucalıb, susmaz heç zaman!..
Arzu edirəm ki, divanınınız həmişə “Divani” üstə qurulsun, söz həmişə qəlbinizin hakimi, dilinizin bəzəyi olsun, həmişə haqq sözə tapınasınız. SÖZə olan eşqiniz heç zaman tükənməsin. 65 illik yubileyiniz mübarək olsun! Ramiz GÖYÜŞ, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü