Əjdər Əlizadə XXI əsr Azərbaycan ədəbi irsini öz möhtəşəm, mükəmməl qəzəlləri ilə zənginləşdirmiş Azərbaycanın ustad qəzəlxanıdır. Xalqın Şairidir, titullarsız, ordenlərsiz, medallarsız, fəxri adlarsız olsa da belə. O, Mühəmməd Füzulidən bəri Azərbaycan qəzəl sənətində parlayan nadir ulduzlardan biridir. Qəzəllərini daha da möhtəşəm və ürəkoxşayan edən mükəmməl qəzəl qanunlarının əksi ilə bərabər – beytlərdə, misralarda parlayan sevgidir, insana və dünyamıza yönəli ilahi bir sevgi. Əzizimiz Ustad Qəzəlxan Əjdər Əlizadəyə dərin hörmət və sayğılarla.
SÖZÜN GƏLİŞİ Şair Əjdər Əlizadə haqqında bir neçə söz Klassik Şərq ədəbiyyatının şeir növü sayılan qəzəl yazılı ədəbiyyatın ən çətin janrlarından biridir. Əruz vəzninin müxtəlif bəhrlərində yazılan bu janr tarixən poeziyamızda ən çox işlənən bir formadır. Klassik Azərbaycan şairləri Xəqani, Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Xətai… qəzəlin klassik nümunələrini yaradıblar. Sovet dönəmində, daha sonra isə müasir ədəbiyyatımızda da Əliağa Vahid, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə, Zeynal Cabbarzadə, Hacı Mail, Ələkbər Şahid, Həkim Qəni, Bakir və s. kimi ustad qəzəlxanlar klassik şeir ənənələrini davam etdirib, bu janrın müxtəlif bəhrlərində gözəl əsərlər ortaya qoyublar. Son illər bu sahədə, daha doğrusu, əruzun zənginliyinə görə həzəcdən sonra ikinci çətin bəhri sayılan rəməldə yazıb-yaradan istedadlı şairimiz Əjdər Əlizadənin adını çəkə bilərəm. Bu yaxınlarda Əjdər müəllim mənə nəşrə hazırladığı yeni qəzəllər toplusunu göndərmişdi və mən, düzü, bu qəzəllərin əksəriyyətini dostumun facebook səhifəsində oxumuşdum, amma bir o qədər də mahiyyətinə varmamışdım. Axı qəzəli və onun xüsusiyyətlərini nəzəri cəhətdən bilmirəm, sadəcə, məna və məzmunu ruhuma yatanda oxuyuram, dinləyirəm və dincəlirəm. Hərçənd çox cavan yaşlarımda mən də bir neçə qəzəl uydurmuşdum və mərhum xanəndəmiz Məmmədbağır mənim bir neçə qəzəlimi məclislərdə oxumuşdu. Sonralar anladım ki, bu “kola” başımı soxa bilmərəm, bunu bacara bilmək üçün İlahi Qüdrət lazımdı. Doğurdan da son otuz ildə gördüm ki, bu sahədə ilahi vergili müəlliflərimiz yetişib, onların bir çoxu ilə ünsiyyətdə oldum, bir çoxunu böyük fəxarət hissilə oxudum, dinlədim və sevdim. Bu müəlliflərdən biri də istedadlı qələm sahibi, şəxsiyyəti də yaradıcılığı qədər pak və səmimi olan Əjdər Əlizadədir. Əjdər müəllimin qəzəllərini bir daha diqqətlə oxudum, sözün düzü, zövq aldım və ruhum təzələndi. Onun yaradıcılığında rəməlin təfilələri sanki Əkrəm Cəfərin bizə miras qoyduğu modellərlə tənzimlənir, bu “ağayana və ləngərli“, həm də əlvan sətirlərin harayı gah Qarabağdan, onun kədərli taleyindən, gah Böyük Zəfərimizdən, anamız Azərbaycanın ətirli torpaqlarından gəlir, gah da gözəlliyyə, sənətə, sözə, musiqiyə, insanlığa can verən sevgidən qaynaqlanır. Onun rəməlin müxtəlif variantlarında ustalıqla ərsəyə gətirdiyi qəzəllərin hər birinin özəl xüsusiyyəti barədə danışmağı, onları təhlil etməyi mütəxəssislərin öhdəsinə buraxıram. Amma bir cəhəti əminliklə qeyd edə bilərəm ki, Əjdər müəllimin oxudğum bütün qəzəlləri sənətkarlıq baxımından da, məzmun və forma baxımından da yenidir, ürəyə yatır, təqdir edilməlidir. Dil, üslub yerində, dəqiq struktur və təfilələr üzərində qurulan bütün növlər və variantlar demək olar ki, Əkrəm Cəfərin modellərinə uyğun gəlir. Əjdərin qəzəlləri mövzu baxımından da zəngindir, onun bu günə kimi oxuduğum qəzəllərində təbiət, sevgi, əxlaq-tərbiyə, fəlsəfi və ictimai-siyasi motivlər öz bədii həllini taparaq xüsusi bir estetika da yaradır. Əsl sənətin məqsədi elə budur. Qələm dostum, müasir Azərbaycan qəzəlində fərdi dəst-xəttiylə seçilən istedadlı şairimiz Əjdər Əlizadənin növbəti kitabının da uğur qazanacağına əminəm. Və inanıram ki, Azərbaycan ədəbiyyatı tarixinə daha bir qəzəlxan ustadımız düşəcək. Bakı, 8 avqust 2025-ci il
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu” adlı kitabı Tiflisdə gürcü dilində nəşr olunmuşdur. “Universal” nəşriyyatında yayınlanan, müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə etmişdir. Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının gürcü oxuculara təqdim olunan ilk kitabıdır.
Müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir.
Vaqif Sultanlının “Ölüm yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünəməxsus dili, üslubu, fərqli yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışmışdır.
Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.
İki aydır şeir yaza bilmirəm, Təbim uzaqlaşıb, tanımır məni. Vaxtmı əngəl olub buna, bilmirəm, Sanki hər ötən gün sınayır məni.
Neçə kağız yazılmağı gözləyir, Məlul-məlul baxır yazı masası. Şeirsiz ürəyim ancaq qəm yeyir, Axı sözdür hər anımın mənası!?
Düşünürəm bəzən mən öz-özümə, Bəlkə, bir az dinclik istəyir ürək? Axı şeir dinclikdir mənə görə!? Şeirə dönməyən duyğu nə demək?
Nə mavi göy üzü cəlb edir məni, Nə çöldən, çəməndən alıram ilham. Qəsbkar duyğular qəsb edir məni, Axı mən nə vaxtdan şeirə yadam?
Axı hələ qələm tutur əllərim, Amma aram dəyib kağız-qələmlə. Niyə yazmağa yanaşmır ürəyim? Keçir günlərim fərəhsiz, ələmlə.
Qəlbimin böhranını son günlərdə, Özümə ən böyük dərd hesab etdim. Bürkülü keçən bir yay gecəsində, Bir söz həsrətiylə yuxuya getdim.
Bir anda elə bil bulaq qaynadı, Axdı ordan şeirlər sətir-sətir. Yazacağım şeirlərim dil açdı: “Eşit, gör ilham pərisi nə deyir?”
“Ey sözün quluna çevrilən insan!” İlham pərisi başladı sözünə: “Sən ki olmamısan şeirə nadan, Niyə əziyyət verirsən özünə?
Şeir şəkər deyil, gəzmir ağızda, Şeir əlçatmazdır, dürrdür, incidir. O, şairi qovurur öz nazında, Bir sətir üçün nə qədər incidir.
İttifaqdır şeirlə şair təbi, O, sınayır dəfələrlə şairi. Gərək sakit olsun şair əsəbi, Yazanda bir-iki sətir şeiri.
Şeir yazmaq asan gəlməsin sənə, Bu yolla yerisən, çək əzabını. Onda dəyərli olar şeirin də, Bir düşün, götür özün hesabını.
Şair təbi nadir qaynayan bulaq, Şeir alın təri, şeir əməkdir. Bircə sətir cızma-qara da olsa, Onu yazmaq üçün səbir gərəkdir.
Odur ki, heç nədən narahat olma, Həsrətə dözməyi öyrənməlisən. Şeir özü gələcəkdir yanına, Sən onu gözləməyi bilməlisən.
Bu sözüm hamının ünvanınadır, Heç kəs narahat olmasın heç nədən. Dünya əbədi yox, fani dünyadır, Heç nə önəmli deyil öz ömründən.
Sən ki sazsız-sözsüz almırsan nəfəs, Şeir sənə hər an nəfəs verəcək. Şair, səndə olan şeirə həvəs, Səni son anda da tərk etməyəcək”. 23.08.2025 (saat 20:00).
“Azərbaycan” jurnalının 9-cu nömrəsi qatarla gəlib. Zəngəzur və Ağdam qatarını xatırladır. İşığını yandərıb, qaranlıqdan aydınlığa çıxıb. Dumanı yara-yara gəlir. Bu qatarın vaqonlarında maraqlı sərnişinlər var. Məsələn: Birinci vaqonda 100 yaşlı Bəxtiyar Vahabzadə əyləşib. Sevinc Mürvətqızının qonağıdır. Yaqub Babayev də Bəxtiyar Vahabzadənin “Dil və İstiqlal sevgisi”ndən danışır. Vüsal Nuru “Zəhmli eynək” li adama mülayim bir esse həsr edib. Onun bədii portretini gördüyü kimi yaratmağa çalışıb. Növbəti “Ədəbi irs” adlı vaqonda 90 yaşlı Fikrət Qoca əyləşib. Güldəniz Qoca xatirə danışır. Poeziyada Əlizadə Nuri rəqəmli misralar təqdim eləyib. Barat Vüsal, Mahcamal, Nazim Hüseynli poeziya axşamı qurublar. Nəsr vaqonunda qotik ab-hava yaşanır. Vüsal Nurunun təqdim elədiyi “Ölü yuxusu” adlı romanı yolçuluğa başladı. “Ədəbi söhbətlər” i bu dəfə çox hörmətli tənqidçi Nergiz Cabbarli Nizami Cəfərovla aparıb. Ədəbi problemlərə diqqət çəkib. Təhsin Mütəllimov xatirələrini danışıb, duyğulanıb. Növbəti vaqonda 90 yaşlı Əlibala Hacızadə var. “Yeni tərcümələr” vaqonunda Azad Yaşar Stefan Sveyqlə yol gedir. “Tənqid və Ədəbiyyatşünaslıq” vaqonunda Südabə Ağabalayeva “Gəncliyin baxışı və gəncliyə baxış” pəncərəsindən baxır. Hacı Firudin Qurbansoy “Axtarışlar, tapıntılar” vaqonunda yenə nəsə aşkarlayıb… Bu qatarın sərnişini olmaq üçün jurnalı əldə etməyiniz kifayətdi.
Son illər Azərbaycan xalqının tarixdə yetişdirdiyi qəhrəmanlar barədə məqsədli şəkildə yayılan uydurmalar içində ən çox qıcıq doğuranlardan biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında deyilənlərdir. Xüsusilə də “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib” kimi əsassız, heç bir sənəd və mənbəyə söykənməyən iddialar xalqımızın yaddaşına, milli dəyərlərinə atılan çirkabdır.
Əgər kimsə həqiqəti bilmək istəyirsə, ciddi mənbələrə baxmalıdır. Həcər xanım haqqında ən dolğun və dəqiq məlumatı Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi və maarifçi Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsərində tapmaq mümkündür. Bu kitabı yazan şəxs Nəbinin və Həcərin müasiri olub, onların dövrünü görüb və çoxlu şahidlərin xatirələrini qeydə alıb. Orada bircə kəlmə də Həcərin “7 dəfə ərə getməsi” haqqında söz yoxdur. Əksinə, bütün yazılanlardan görünür ki, Həcər Nəbinin ən yaxın silahdaşı, həm həyat yoldaşı, həm fədakar ana, (bu barədə sonra) həm də mübarizə dostu olub.
Bundan başqa da həm sovet dövründə, həm də müstəqillik illərində alimlər və tədqiqatçılar Həcər xanımın həyatını yazıblar. Onlardan əsaslarını qeyd edirəm: 1. Hüseyn Baykara – “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabında Qaçaq Nəbinin mübarizəsini izah edir və Həcəri onun ən yaxın silahdaşı kimi təqdim edir. 2. Rəfail Rüstəmzadə – “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” əsərində Həcərin igidliyini, qadın qəhrəmanlıq ənənələrini zirvəyə qaldırdığını xüsusi vurğulayır. 3. Füzuli Bayat – “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (2019) monoqrafiyasında Həcərin xalq yaddaşındakı yerini geniş şəkildə göstərir, onu Azərbaycan qadınlarının qəhrəmanlıq simvolu kimi dəyərləndirir. 4. P.Vostrikov – Qori müəllimlər seminariyasının məzunu, Zəngəzur məktəblərinin müdiri olmuş tədqiqatçı, Həcərin döyüşkənliyi və silah işlətməkdəki məharəti barədə yazır. 5. “Qafqaz” qəzeti (1895-ci il, 25 oktyabr) – Həcərin həbsə salınmasına baxmayaraq mübarizəsindən dönmədiyini yazır. 6. Məhəmmədhüseyn Şəhriyar – “Qaçaq Nəbi” şeirində Həcər xalqın qəhrəman qadın simvolu kimi tərənnüm olunur. 7. Mehmet Əl Turan – Qaçaq Nəbi və Həcərin nəticəsi. AZƏRTAC-ın əməkdaşına verdiyi müsahibədə qeyd edir ki, Qaçaq Nəbi və Həcər xanım yalnız döyüş meydanında deyil, ailə həyatı və nəsil davamçılığı ilə də xalqın yaddaşında yaşayırlar. Qaçaq Nəbinin iki oğlu (Əhməd və Xəlil) və bir qızı (Zeynəb) olub; Həcər xanım oğullarına özünün toxuduğu kilimləri verərək yadigar saxlamış və onları Nəbinin yolunu davam etdirməyə təşviq etmişdir. Mehmet Əl Turan Avstraliyada yaşayır və hazırda nəvəsinə Nəbinin adını verib. O, iki il öncə Azərbaycana gələrək Aşağı Molluda Həcərin məzarını ziyarət edib. Onun dediklərinə görə, Həcər xanım Mehmet Əl Turana söyləyib ki, sovet dövründə onların adı hər yerdə yasaq edilib. Mənfur qonşuların (!) səyi ilə yaranan uydurma şayiələr – məsələn, Həcərin 7 dəfə ərə getməsi də buradan qaynaqlanır.
Sərdar Cəlaloğlunun Həcər xanım barədə səsləndirdiyi bu sözlər göründüyü kimi heç bir elmi qaynağa əsaslanmır. Onun cavabı isə bu idi: “Məndən deməkdi, gedin araşdırın də…”
Buyurun, Sərdar bəy, araşdırdıq.
Bunun adı məsuliyyətsizlikdir. Tarixi şəxsiyyətlər haqqında danışanda “dedim, oldu” prinsipi ilə yox, sənədlərlə, mənbələrlə danışmaq lazımdır. Sizin dediklərinizin əksinə, xalqın yaddaşında Həcər xanım həmişə mübariz qadın, Nəbinin silahdaşı kimi qalıb. Onun qəhrəmanlığı dastanlara, şeirlərə, mahnılara düşüb. Hətta “Qaçaq Nəbi” dastanında bəzi yerlərdə Həcərin obrazı Nəbidən də uca tutulur. Çünki xalq onun qəhrəmanlığını, sədaqətini yüksək qiymətləndirib.
Bütün ciddi mənbələrdən aydın görünür ki, Həcər xanım Nəbi şəhid olduqdan (bəli, məhz şəhid. Çünki tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi 1896-cı ildə arxadan pusquya düşürülərək öldürülüb. Bəhlul Behcət, Hüseyn Baykara və digər tədqiqatçılar qeyd edir ki, Nəbinin ölümündə məqsəd xalq arasında onun nüfuzunu azaltmaq və çar hökumətinə xidmət edən erməni və rus dəstələrinin intiqamını almaq idi.) sonra yalnız bir dəfə yaxın qohumuna ərə gedib. Bunun səbəbi də çox sadə idi: xalq arasında “dul qadın” damğasından yaxa qurtarmaq və düşmənlərin böhtanlarına son qoymaq. Bu, həmin dövrün sosial-ictimai mühitindən doğan bir hal idi. Əslində, bu da Həcərin yenə də öz qeyrətini, şərəfini qorumaq üçün atdığı addım idi.
“Həcər 7 dəfə ərə gedib” deyənlər isə xalqın qəhrəman qadın simvolunu aşağılamaq, onu gözdən salmaq istəyənlərdir. Bu, sadəcə, qara piar və xalqın mənəvi dəyərlərinə hücumdur.
*Tarixi faktlar yalnız keçmişi göstərmir, eyni zamanda bu gün üçün də mesaj daşıyır: Qaçaq Nəbinin arxadan pusquya düşürülərək şəhid edilməsi, onun azadlıq mübarizəsini dayandırmaq məqsədini əks etdirirsə, indi də onun və Həcər xanımın yolunu davam etdirənlərin qarşısına daş qoymaq istəyən qüvvələr mövcuddur. Sərdar Cəlaloğlunun uydurma iddiaları da elə bu məqsədə xidmət edir: xalq qəhrəmanlarını gözdən salmaq, onların nüfuzunu zəiflətmək və tarixi yaddaşı təhrif etmək.
Son söz olaraq demək istəyirəm ki, Qaçaq Nəbi və Həcər xanımın adı Azərbaycan xalqının milli yaddaşına qəhrəmanlıq, azadlıq sevgisi, mərdlik və fədakarlıq rəmzi kimi yazılıb. Onların obrazı heç bir yalanla, heç bir uydurma ilə zədələnə bilməz.
Sərdar bəy, unutmayın ki, xalqın yaddaşında yaşayan tarixi şəxsiyyətlər barədə danışmaq məsuliyyət tələb edir. Burada “deyilənlər” yox, yalnız sənəd və fakt danışa bilər. Siz isə Həcər xanım barədə söylədiyiniz cəfəng sözlərə hələ də heç bir mənbə, arxiv, kitab, səhifə göstərə bilməmisiniz. Bəs hanı sübut? Haradadır istinad etdiyiniz qaynaqlar?
Biz xahiş etmirik, tələb edirik: əgər iddianız düzdürsə, fakt gətirin. Əks halda, “Həcər yeddi dəfə ərə gedib” kimi uydurmaların bütün məsuliyyəti yalnız və yalnız sizin üzərinizdə qalır.
Xüsusi qeyd: Əslində, mənim Sərdar Cəlaloğluna hörmətim var, onun siyasi və ictimai fəaliyyəti bəzi sahələrdə dəyərlidir, amma tarixi faktları təhrif edən, xalq qəhrəmanlarını gözdən salan yanlış fikirlərinə etiraz etmək məcburiyyətindəyəm. Bu etiraz həm tarixi həqiqətin qorunması, həm də nəsillərə düzgün irs ötürülməsi üçün vacibdir.