Bənövşəmi, ömrü qısa? Ya laləmi – buludların tellərində gizlənərək çəmənlərdə yarı pusa? Mələk üzlü bir körpəmi – gülüşündən nur süzülə, ləçəklərə şeh düzülə, bulaqlara həyat verə, xiffətindən qəm üzülə? Sevgi dolu bir ürəkmi – döyüntüsü aram-aram dilə gəlib deyə: -Mən də, mən də varam – həsrətimdən cadar-cadar dodaqlara bir loğmanam, munis yaram? Bu nə hikmət? Bu nə qüdrət? Bənövşətək səmalarda çətir açar, gülüşləri göyü qucar, zümzüməsi ətir saçar. Yaz yağışı!… Yaradanın təbiətə naz baxışı!
Bir dərdim var, bilmirəm desəm dinləyərsənmi, Ağlasam gözlərimi silərsənmi, bənövşə? Yoxsa öz dərdlərini salıb yadına sən də, Halıma ağlarsanmı, gülərsənmi, bənövşə?
Təzə nərgizlər açır köhnə xatirələrdə, Arzuları don vurur çiçəkli tirələrdə, Sərçələr kolda-kosda, quzğunlar zirvələrdə, Mən hardayam, yerimi bilərsənmi, bənövşə?
Sən də mənim kimisən, boynuburuq, cəfakar, Həm xəstəsən, həm şəfa, həm təbibsən -şəfakar, Ömrün çiçək ömrüdür, bu dünyasa riyakar, Desəm gəl, çıxaq gedək, gələrsənmi, bənövşə?
Yox, deyəsən sən məndən daha cəsarətlisən, Bəlkə bir gün yel olam, yanından bir kəz əsəm, Mən yalqız görkəmimi dəyişməyi diləsəm, Sən də eyni diləyi dilərsənmi, bənövşə?
05.03.2025.
Müəllif: ADİLƏ NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru