Sona Amal – İLAHİ

İLAHİ

Taleyim dolaylı, bəxtim qarışıq,
Nədən kəm yazılıb, yazım, İlahi?
Səhv salıb ünvanı, bəlkə, azmışıq,
Tikandır cığırım, izim, İlahi.

Gedib ömür tənim, sanma qayıda,
Arzular, diləklər qalıb yarıda,
Qış olub ömrümün yazı, yayı da,
Ta gəlmir baharım, yazım, İlahi.

Sevib-əzizlərəm, dostu-yoldaşı,
Olmaz hər yetəndən könül sirdaşı,
Dərdə ortağımdır, bacı-qardaşım,
Qismətdə yox, oğlum, qızım, İlahi.

Səngimir ömrümün dumanı, çəni,
Çoxalır gün-gündən telimin dəni,
Taleyim sınağa çox çəkdi məni,
Köklənir qəm üstə sazım, İlahi.

Daşıdım içimdə, kədər-qəmimi,
Qurtarmaz fələk də, batan gəmimi,
Qurutmaz tonqal da, gözüm nəmini,
Amala ver səbir, dözüm, İlahi.
Dərdimə-sərimə çözüm, İlahi.

24.12.2024.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ölməzlər… Unudulmazlar…

Ölməzlər… Unudulmazlar…

Bu günlərdə repressiya qurbanlarından olan HÜSEYN CAVİDin Anım günü ilə bağlı, (24.X.1882 – 05.XII.1941)
AYB-nin “Natəvan” klubunda keçirilən növbəti tədbir də, həmişəki kimi, maraqlı oldu. Belə ki, “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavidi anırıq” adlı tədbirdə H.Cavidin VƏTƏNƏ QAYIDIŞı ilə baglı tarixi anlara dönüş oldu, dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar.
Tədbirin təşkilatçısı və aparıcısı, “Video-İnterneyşnl Prodüser” Mərkəzinin təsisçisi və Baş direktoru, AJB, AYB və AAB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva idi. O, qonaqları salamladıqdan sonra,
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, A.Hacıyeva tədbirin məğzindən danışdı, qonaqları cavidsevərlərə təqdim etdi.
AYB-nin “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”nin rəhbəri Əsəd Cahangir H.Cavidin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi, ədibin əsərlərini sadalamaqla yanaşı, hər bir əsər haqqında ətraflı məlumat verdi.
Qeyd edək ki, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olmuş, bu istiqamətdə ciddi cəhdlər göstərilmiş və bu işin həyata keçirilməsi üçün xüsusi komissiya təşkil edilmişdir. Verilmiş tapşırığı yerinə yetirmək üçün əsas məsuliyyət o dövrdə məsul vəzifədə çalışan polkovnik Həmid Cəfərovun üzərinə düşmüşdür.
Uzun müddət H.Əliyevin yanında çalışan, hər kəsin çox hörmət bəslədiyi şəxsiyyət – Həsən Həsənov ötən illərin tarixi həqiqətlərini, şahidi olduğu hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Polkovnik Həmid Cəfərov, H.Cavidin nəşinin gətirilməsi ilə birbaşa əlaqəli olduğundan, həmin anın yaşantılarını iştirakçılarla bölüşdü. O, tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları tam məlumatlandırdı.
1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın, alim və incəsənət adamlarımızın, öndə olan ziyalılarımızın repressiyası başlanmışdı. Onları
“xalq düşməni”, “pantürkist” və s. adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular. Əslində repressiya hələ 30- cu illərdən əvvəl başlamışdı, lakin sonra kütləvi şəkil aldı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həyata keçirdilər. Lakin dahi şəxsiyyət Heydər Əliyev xalqımızın “qaymaqlar”ı olan bu ziyalılarımızı dəyərləndirərək onların əməli fəaliyyətlərini yülsək qiymətləndirmiş, xalqımızın layiqli övladlarının üzərinə vurulan damğanın götürülməsinə nail olmuşdur.
Ulu Öndər N.Nərimanovun, M.Müşfiqin, H.Cavidin, Ə.Cavadın və digərlərinin əməli
fəaliyyətini xalqa faktlarla çatdırmış, onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi. Həsən Həsənov xatirələrində bu məqamları bir daha yada saldı…
Qeyd etdiyimiz kimi, polkovnik Həmid Cəfərov komissiya heyəti ilə, Heydər Əliyevin 1982-ci ilin 12 oktyabrında verdiyi qərara əsasən, Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana, oradan da İrkutskinin Şevçenko kəndinə yola düşüb. O, çıxışında qeyd etdi ki, “buradakı kütləvi məzarlıqda 40 min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavid ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış, buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazmışdı. Bəlkə də, yerini dəyişdirməsəydilər məzarı tapılmazdı…”.
H.Cavid və digər agıllı, savadlı, istedadlı ziyalılarımızı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında belə yazırdı: “Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən yeni fikirli alimləri, mütəfəkkir və intellektləri aradan götürmək!”
Bəli, H.Cavid də məhz belələrindən idi!
Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyük həyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi. O, ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi, nəşin necə çıxacağını intizarla gözlədiklərini söylədi.
Nəhayət ki, ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar.
H.Cəfərov onu da qeyd etdi ki, əvvəlcədən tabutu
hazırlamağı (2m×1m) sifarış etmişdilər. Lakin tabut 1,70smx0,90sm ölçüdə hazırlanıb gətirilmişdi (təyyarəyə tabutu yerləşdirmək üçün).
Budur, məzar açıllr, ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur. Ətrafdakı fəxri qarovul ədibin şərəfinə 40 yaylım atəşı açır. Və sonda ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir. Bakı aeroportunda təntənə ilə qarşılayanlar arasıında ədibin qızı Turan xanıım da olur. O, atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir.
H.Əliyevin sərəncamına əsasən, Naxçıvanda, Bakıda ədibə heykəllər ucaldıldı. Bakıda H.Cavidin ev muzeyi açıldı və
ömrünün sonuna kimi Turan xanım muzeyin direktoru oldu.
Turan xanımla 10 ildən çox çalışan, 10 monoqrafiyanın müəllifi olan İsgəndər Atilla da öz xatirələrini danışdı.
Çıxış edənlər – yazıçı Sabir Rüstəmxanlı, DSX-nın sabiq polkovniki Sücəddin Abdullayev, Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva, AYB-nin əməkdaşları olan Xatirə Fərəcli və Südabə Sərvi, həmçinin başqaları tədbirlə baglı maraqlı məqamlardan söz açdılar. Sonda xatirə şəkilləri çəkildi.

NƏZAKƏT ƏHMƏDOVA,

AJB- nin və AYB- nın üzvü, “Yazarlar”, “Carçı” və “Xəzan” jurnallarının əməkdaşı


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi uğurla başa çatdı

Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi uğurla başa çatdı

2024-cü il dekabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi keçirildi.

Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 20 komandadan ibarət 435 idmançını bir araya gətirdi. Yarış iştirakçıları Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər.

Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev, I Vitse-prezidenti Mehman Səfərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Prezidenti Kazım Qurbanov, və Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov iştirak ediblər.

Fuad Quliyev açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasəti çərçivəsində həyata keçirilən layihələrin idmanın inkişafına və milli dəyərlərin qorunub saxlanılmasına mühüm töhfə verdiyini vurğuladı. Çıxış edən digər rəsmi şəxslər də yarışın əhəmiyyətindən bəhs edərək, gənclərin milli idman irsinə marağını artırmaq üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdilər.

Yarışın bədii hissəsi idmançılar və tamaşaçılar üçün xüsusi anlarla yadda qaldı. Azərbaycan Alpaqut Federasiyasının Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim etdilər. Bakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Xuraman Şəms və onun tələbələri rəqs nümunələri ilə tədbirə rəng qatdılar. 13 yaşlı musiqiçi Özil İsmayılovun ifası isə tədbir iştirakçılarının qəlbində xoş təəssüratlar yaratdı.

Yarışın yüksək səviyyədə təşkil olunmasında yarışın direktoru Kutsan Vasif Namazov, baş katib Kürşad Rafiq Qasımov, Dünya Alpaqut Federasiyasının İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin sədri Firuzə Cəlilova, baş hakim Tegin Elsevər Puri, Apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam-intizam komitəsinin üzvü Ramil Mehdili, mətbuat katibi Zarina Hüseynova, Parad və mükafatlandırma işləri üzrə koordinator Natiq Eminov, yarışın komendantları Tegin Kənan Quliyev və Tegin Şahlar Vəliyev və Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivinin böyük əməyi olmuşdur.

Yarışın ümumi komanda üzrə nəticələri:

Ayça sistemi üzrə:
1-ci yer – Sabunçu
2-ci yer – Suraxanı
3-cü yer – Emil Şamilov D/K

Batur sistemi üzrə:
1-ci yer – Laçın
2-ci yer – Şəmkir
3-cü yer – Zərdab

Cahmaz sistemi üzrə:
1-ci yer – Beyləqan
2-ci yer – Ağdam
3-cü yer – Tovuz

Qurşaq sistemi üzrə:
1-ci yer – Şabran
2-ci yer – Yasamal
3-cü yer – Pantera

Bu tədbir yalnız yarış deyil, həm də Alpaqut Turan Döyüş Sənətinin fəlsəfəsinin, milli dəyərlərinin və idman irsinin gənclərə aşılanması məqsədini daşıyırdı. Tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildirir, idmançılara isə gələcəkdə daha böyük uğurlar arzulayırıq!

Müəllif: Məmməd MƏRZİLİ

Alpaqutun Qarabağ üzrə mətbuat katibi

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Mənim üçün dünyanın oyunu bitməyib”

   

“Mənim üçün dünyanın oyunu bitməyib”

Əməkdar artist, Milli Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımovun müsahibəsi:

Elə bir obraz olubmu ki, onu səhnədə reallaşdırmaq sizin üçün əlçatmaz olub?
-Bütün arzulanan və oynamaq istədiyin rollar insana əlçatmaz görünür. Bəziləri reallaşır, bəziləri isə vaxt məhdudiyyətinə görə reallaşmır. Mənim də səhnə həyatımda arzuladığım, amma oynaya bilmədiyim rollar olub. Bunlardan ilk olan U. Şekspirin “Romeo və Cülyetta” əsərində Romeo obrazı olub. İllər sürətlə keçdi və yaşım da ötdüyü üçün oynaya bilmədim. Romeo obrazını çox oynamaq istəyirdim. Gələcəkdə o əsərin tamaşasına quruluş vermək nəsib olar inşallah. Eyni zamanda “Neron” və Dəli İbrahim” obrazlarını oynamağı arzu etmişəm. Bunlar arzuladığım, lakin vaxtımın yetmədiyi obrazlar olub. Artıq onlar keçmişdə qalıb, amma gələcəkdə elə obrazlar var ki, onları oynamaq istəyirəm. Bunlardan biri də U.Şekspirin “Kral Lir” əsərindən Kral Lir obrazıdır. Ömür vəfa etsə, oynayacağıma inanıram. Mənim üçün kinoda, tarixi filmdə yaddaqalan bir obraz əlçatmaz görünə bilər.

-U.Şekspirin əsərləri mən də çox sevirəm, amma ən çox sevdiyim “Romeo və Cülyetta” əsəridir. Nə gözəl dediniz. İnşallah yaxın zamanda sizin yubiley tədbirinizdə əsərdən kiçik bir parça səhnələşdirib, oynayarsınız, mən də “Cülyetta” obrazında arzumu reallaşdırmış olaram. Həqiqətən də Şekspir dünya ədəbiyyatında bir iz qoymuş dramaturqdur. Kral Lir obrazında görmək üçün səbirsizlənirəm. İnşallah nəsib olacağına inanıram.

Niyə məhz rejissor, aktyor olmaq deyil?
-Əslində mən, aktyor olmaq arzusu ilə alışıb-yanmışam. Mənim üçün rejissorluq alın yazısı olub, istəklə gəlib çatdığım yer olmayıb. Özümü hər zaman aktyor kimi görüb, qiymətləndirmişəm. Elə bir müddət oldu ki, o vaxt rejissor qıtlığı yarandı. Bu müddətdə isə özümü yoxladım. Milli Gənc Tamaşaçılar Teatrının direktoru olmuş Kamal Əzizov mənə yeni tamaşa təklifləri etdi və mən hər il yeni tamaşalar hazırladım. Bu gün artıq mənim hazırladığım tamaşaların sayı 50-ni keçib. Məndə rejissor sənəti artıq ön plana keçib. Əgər hər hansı bir rejissor məni inandıra bilsə, çox maraqlı bir rol təklif etsə, çox güman ki, aktyor kimi oynamağa razılaşaram, amma rejissorluq mənim üçün ilk və öndə gedən peşəyə çevrilib. Düşünürəm ki, rejissorluqda daha da yeniliklər edəcəyəm, buna ümid edirəm. Hələ də mənim arzusunda olduğum və əlçatmaz görünən işlər var və inanıram ki, reallaşacaq. Rejissor üçün əlçatmaz olan işlədiyin teatrda əgər hansısa rejissor sənin istədiyin tamaşanı hazırlayıbsa və o əsər repertuardadırsa, artıq sən yenidən hazırlaya bilməyəcəksən. Müəyyən bir vaxt gözləmək lazımdır ki, o əsər repertuardan çıxsın və sonra yenidən hazırlamağa müraciət edə biləsən.

-Fikirlərinizlə tam razıyam. Aktyor və rejissor silahdaşlardır. Bu teatr müqəddəs məbəd olduğu kimi, səhnəsi də bir o qədər mübarizlidir, qüvvətlidir. Siz isə həm aktyor, həm də rejissor kimi teatrın kralısız, müəllim!

Əsl sevgiyə inanırsınız?
-Bəli, əsl sevgiyə inanıram. Düşünürəm ki, sevgi yoxdursa, həyat yoxdur, dünya öz oxu ətrafında fırlana bilməz. Dünyanı hərəkətə gətirən sevgidir. Çiçəkləri açmağa, quşları oxumağa vadar edən məhz sevgidir. İnsanı gözəl işlərlə də məşğul olmağa vadar edən də sevgidir. Sevgi olmasa, həyat və insanlıq yoxdur.
Sevgi haqqında onu da deyim ki, Allahın insanlara sevgisi var. Elə ən böyük sevgi də budur. Dünyada hər şey sevgidən yaranır.

-Doğru söylədiniz, sizinlə razıyam. Çiçəklər, quşlardan söz açdığınızda əsərlərimdəki obrazları xatırladım. İstiqlal ordenli Xalq yazıçısı İsa Muğannanın fikri yada düşər: “Dünyanı eşq xilas edəcək!”

-Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı, onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir?
-Yox, adiləşməzdi. “Leyli və Məcnun” əsəri ilə yaxından tanış olanlar , onu dərk etməyə çalışanlar bilirlər ki, burada söhbət qadın və kişi sevgisindən getmir. Burada Allaha olan sevgidən danışılır. Allahın yaratdığı hər şeyi sevmək lazımdır. Əsərin mövzusu və söhbəti bundan ibarətdir. Onlar qovuşsaydılar da, Qeys, yəni Məcnun çox yüksək pillədə olacaqdı. O, özünü dərk etməyə çalışırdı. Onun davası da özü ilə idi. Düşünürəm ki, heç vaxt o sevgi bitməzdi və necə ki, bitmir. Burada “Romeo və Cülyetta” əsərindən fərqli olaraq, Leyli və Məcnunda qadın və kişi məhəbbətindən yox, ifani sevgisindən danışılır.

-Leyli və Məcnun sevgisi bəlkə də bir daha yenidən dünyaya gəlməyəcək.

-Tanrı tərəfindən tamamilə səsiniz alındığı bir vaxta ona fikrinizi necə çatdırardınız?
-Tanrıyla danışmaq üçün səsə ehtiyac yoxdur. Tanrı sevgisi insanın içində olmalıdır. Düşünürəm ki, əməli-saleh insanlar bu barədə qışqırmamalıdır, ona car çəkməməlidir, səsə çevirməməlidir. O sevgi məhz insanın içindədir. Bizi Allah yaradıb və hər birimizin ruhunda ondan bir parça var. Mən elə səsim olaraq da qəlbimdə Allahla, Tanrıyla danışıram. Yenə də belə edərdim. Düşünürəm ki, sevgi insanın içində olmalıdır. Əməlləri, fikirləri və düşüncələri düzgün olmalıdır.
-Sizinlə razıyam. Zənnimcə, Tanrı bir işıqdır, onun keşməkeşli yolunda addımlayan insanlar da onun çırağında böyüyən fidanlardır!

-Sizin üçün dünyanın oyunu bitib?
-Dünyanın oyunu heç vaxt bitmir və bitməyəcək də. Mənim üçün dünyanın oyunu yox, hətta dünyasını dəyişdikdən sonra da dünyanın oyunu bitmir. Biz bilmirik ki, öldükdən sonra da bizim haqqımızda nə danışacaqlar, biz yaddaşlardan silinəcəyik, yoxsa qalacayıq? Bizi böyük sənətkar kimi xatırlayacaqlar, yoxsa ümumiyyətlə xatırlamayıb, deyəcəklər ki, etdiyi işlərin heç bir dəyəri olmayıb. Mənim fikrimcə, dünya durduqca da oyunu davam edəcək. -Maraqlıdır, bəzən insan bu suallara cavab tapmadıqca yorulur. Bəlkə də bir gün cavab tapılacaq…

-Hansısa obrazda öz taleyinizi görmüsünüz?

-Bəli, obrazlarımın əksəriyyətində mənim taleyimə bənzər nələrsə olur, onu mütləq tapıram, bənzətmə edirəm. Ən çox bu günə kimi oynadığım obrazlarda A.P.Çexovun Qağayı” əsərində bir çox tərəflərdən Triqorini özümə bənzədirəm.. İndi oynadığım, repertuarda olan Leyli və Məcnun”da isə Qeysin (Məcnun) atasına bəzi tərəflərdən bənzərliyim var. -Çox maraqlıdır, müəllim. Ümumiyyətlə, yaradıcı insanların istər özlərinin yaratdığı, istərsə də yaradılan obrazlarda özünü tapması çox dərin və sirrlidir. -Birinci kursdakı Səma və indiki Səma. Fikirlərinizi bilmək maraqlıdır. Tam səmimi olaraq.
-Hələ bir il keçib, bu fərq ilbəil daha da artacaq, çünki illər keçdikcə dəyişirik, müdrikləşirik. Səndəki fərq isə əlbəttə, görünür. Bu fərqi geniş tamaşaçı kütləsinə demirəm, amma o fərqlər aydın məsələdir ki, var, həm də yaxşılığa doğrudur. Sən çox çalışqan qızsan, öz üzərində çox çalışırsan. Arzu edirəm ki, bundan sonra da daha çox çalışıb, sənətin sirrlərinə yiyələnməyi bacarasan. Mən hər dəfə dərsdə sizə nələrsə öyrədib, bacarmağınız üçün çalışıram. Yolun açıq olsun, xoşbəxt olasan. Harda olursansa ol, istər yazıçı kimi, istər ədəbiyyatda, istərsə də səhnədə, uğurların bol olsun! Üzün həmişə gülsün. Təşəkkür edirəm, var ol! -Sizdən haqqımda bu fikirləri eşitmək xoş oldu, ustadım! Zəhmətiniz danılmazdır. İnşallah inanıram ki, etimadızı doğrultmağı bacaracam! Var olun, çox təşəkkür edirəm!

Söhbətləşdi: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Gel!

Nereye gidiyorsun?

Ne olacağını düşünmeden bütün hayallerimi çaldın, nereye gidiyorsun?

Gidersen güneş sensiz doğar mı sanıyorsun?

Gidenlerin peşinden gelenler gidenleri bulur mu sanıyorsun?

Nereye gidiyorsun, beni yalnız bırakarak ?

İçimde seninle paylaşmadığım bu kadar çok şey varken bu telaş nedir?

Bu evde seni korkutan şey nedir, yalvarırım, gerçek olan nedir?

Bir anlık zaman dilimi gibi erittin yüreğimi , lütfen sakin ol ve gittikten sonra neler olabileceğini düşün

Artık bahar olmayacağım

Artık toprak olmayacağım

Artık çiçek açmayacağım

Artık rüzgar olmayacak

Artık yağmur olmayacak

Artık hendeğin derinliklerindeki ağaçların dallarında minik serçeler olmayacak

Sert gecelerin rüzgarı tüm gücüyle esecek

Sürgündeki kuşlar yuvalarını odamın kapısının hemen üstüne kuracaklar

Kıyıda, gecenin kenarından, her gün ışığı korkunç, acımasız bir zamana dönüşecek

Lütfen, lütfen mantıklı düşün, ellerimin bilinmeyene alışmasına izin verme

Yaralarımın cesur rüzgarla kulağıma fısıldamasına izin verme

Yüzüme şifalı bir el gibi vuran güneş, yalvarıyorum, bana tüm gerçeği açıkça söyle.

Artık lamba ışığının güneşlendiği mor kadifeye yaslanamayacak mıyım?

Denizlerin ötesindeki en soğuk ülke gibi mi olacağım?

Bak, gizli nehirlere doğru akmaya başladım bile

Geçen binlerce yılı sorgulamadan
Senin için en önemli olanı feda ederek akıyorum”

Sana ilk geldiğim günü hatırla,
Ellerimle fışkıran yağmurlarımın meyvelerini toplamıştım

Ve tıpkı sana ilk geldiğim gün gibi, ellerimle yağmurlarımın meyvelerini toplarken,
Doğumda, yaşamda, ölümde ve ölümsüzlükte sana en büyülü aşkı vereceğime söz verdiğimi hatırla

Bütün bilinmezliklere ve zorluklara rağmen, her tohumun rengini sevgiyle ekmiştim ,
Zamanı geldiğinde, ektiğim tohumlar büyüyecek ve döllenecek, yüzyıldan yüzyıla yayılacak, her zorlukla mücadele edecek, yeni aşklar doğacak ve büyüyecek.

Yalvarırım, uzak diyarları hayal etme

Yeşil yapraklar sarı yapraklar gibi solmasın

Parlak alevler gecenin ormanlarında dünyayı parlak bir şevkle aydınlatsın

Yıldızlar mızraklarını her fırlattığında

Gri bulutlar gökyüzünü sulasınlar

Hüzünlü rüzgarların dolaştırdığı çalılardan hiçbir yeşil yaprak sarkmasın

Zorlukla nefes almaya cesaret eden veya hapşırmaktan korkan herkes özgürce nefes alsın.

24/12/2024-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində tədbir keçirilib

Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində tədbir keçirilib
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Cənab Prezident, siz bizə çox böyük sərvət olan vətən torpağını qaytardınız. Laçın rayon Zabux kənd tam orta məktəbin müəllim və şagird kollektivi adından sizi təbrik edir və uzun ömür arzu edirik.

Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ONU TANRI SEÇİB – TƏBRİK!

ZAUR USTACIN YAZILARI

Doğum gününüz mübarək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev! Böyük Allah dövlətimizin bayrağını daim uca etsin! Uca Yaradan bütün işlərdə yardımçınız olsun! Amin!

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Afurca kəndinin seyidləri

Afurca kəndinin görünüşü

Bir kəndin əhvalatı

(Esse)

Seyidlər kimdir?

Seyid ərəb sözü olub, əfəndi, rəis, öndər mənasını verir.
Həzrəti Məhəmmədin (s.a.v.) kiçik nəvəsi Həzrəti Hüseyn və onun nəslindən gələnlərə seyid deyilir.
Həzrəti Məhəmmədin nəsli qızı Həzrəti Fatimə ilə çoxaldı. Həzrəti Həsən və Həzrəti Hüseyn Həzrəti Fatimə ilə Həzrəti Əlinin oğullarıdır. Həzrəti Həsənin nəslindən gələnlərə şərif deyilir. Seyid ilə şəriflərə peyğəmbərimizin uşaqları mənasına gələn “Övladi-Rəsul” deyilir.
Peyğəmbər əfəndimiz cümə gününə “günlərin seyidi”, Həzrəti Həsən və Həzrəti Hüseynə “Cənnət gənclərinin seyidləri” adını vermişdir.
İslam dövlətlərində həmin dövrlərdə peyğəmbərimizin nəslindən gələnlərə böyük hörmət göstərilirdi. Osmanlı sultanlarının şərif və seyidlərə xüsusi sevgi və hörmətləri vardı. Belə ki, Türkiyədə seyid və şəriflərin işlərinə baxan ayrı təşkilat vardı. Onların haqları qorunurdu. Onlara layiq olmayan işlərdə işləmələrinə, bu nəsildən olan qadınların başqa nəsillərlə evlənmələrinə icazə verilmirdi.
Şəriflər başlarına ağ sarğı, seyidlər isə yaşıl sarğı sarıyırdılar. Bununla onları tanımaq mümkün olurdu.
Seyid və şəriflərin rahat yaşamaları üçün hər cürə xidmət göstərilirdi. Onlar vergilərdən azad olunmuşdular. Onlara dövlət təqaüd verirdi. Onları əsgərliyə aparmırdılar. Mərasimlərdə onlar dövlət adamlarından qabaqda gedirdilər. Onların etdiyi dualar məqbul sayılırdı.
“Əhli-Beyt” Həzrəti Peyğəmbərimizin ailəsi və onun nəsilləri mənasına gəlir. Müsəlmanların nəzərində “Əhli-Beytə” aid olanlar müstəsna bir mövqeyə sahib olmuşlar. Onları sayıb-sevmək vacib bir iş kimi qəbul olunmuşdur.

Tarixi məlumatlar

Kərbəlada olan hadisələrdən sonra sağ qalmış Zeynalabidin əvvəlcə Şama gəlir. Sonra Mədinəyə gedir. Bir müddətdən sonra bəzi seyidlər Bağdada gedirlər. Bəziləri isə Şam şəhərində qalırlar.
Seyidlərin hörmətə sahib olmaları hakim dairələrin xoşuna gəlmirdi. Onlar fikirləşirdilər ki, seyidlər güclənər, hakimiyyəti ələ ala bilərlər. Onların Bağdadda qalması üçün əngəllər törədilirdi. Bu məqsədlə onların bir hissəsi Xorasana köçür, bir hissəsi isə Türkiyəyə pənah aparır.

Afurca seyidlər məskənidir

Çox gözəl mənzərəsi var kəndimizin. Uca Allah öz qadir əllərilə yaratmışdır kəndimizdəki bu mənzərələri. Kəndin girəcəyindəki məşhur “Təngə dərəsi” xüsusi gözəlliyi ilə insanı valeh edir. Kəndin yuxarısındakı Ağ qaya, Qilit yaylağı necə də möhtəşəm görünür! Qilit yaylağında olan qırx dənə bulağın suyu bir-birinə qarışıb axır, Qırmızı qayanın üstündən tökülərək şəlalə əmələ gətirmişdir. Bu şəlaləyə babalarımız “Suatan” adı vermişlər. Yetmiş beş metr hündürlükdən tökülən bu şəlalə hamını valeh edir.
“Afurca” adının mənası hündürlükdən tökülən su deməkdir. Farsca ab-su, fru – hündürdən, cəstə -tökülən deməkdir. Bu sözlər formalaşıb Afurca şəklinə düşmüşdür. Sasanilər dövründə bu kəndi belə adlandırmışlar.
Kənd payız fəslində daha gözəl görünür. Kəndin evləri yaşıllıqlara qərq olmuşdur. Dağların başına elə bil ağaclardan çələng hörülüb. Payızda isə bu yaşıllıqlar sarı, qırmızı, bənövşəyi, mavi, çəhrayı rənglərlə əvəz olunur. Kənd rəngbərəng dona bürünür.
Kəndin aşağısından axan Vəlvələ çayı yaz yağışları yağanda aşıb-daşır, qabağına çıxan hər şeyi – ağacları, iri daşları götürüb aparır. Şəlalənin suyu da Vəlvələ çayına qarışır.
“Təngə” adının mənası dar yer deməkdir. Keçmiş zamanlarda buradan keçməyə yol yox idi. Adamlar bu dağdan o tərəfə piyada, suyun içi ilə, çayın axınına qarşı keçərək gedirdilər. Gediş-gəliş olduqca çətin idi. Çox sonralar – Sovet höküməti dövründə dağ çapılaraq yol salınmışdır. Dağın olduqca gözəl görünüşü var. Sal daşlardan “hörülmüş” bu dağ elə bil ki, iki laya ayrılıb. Sağ və sol tərəflərdə çox hündür qayalar var, onlar xüsusi, əzəmətli görünüşü ilə ilk baxışda insanları qorxutsa da, sonradan buna öyrəşirlər.
Təngə dağından salınan yol Afurca kəndinin qabaq tərəfindən keçərək Qonaqkənd qəsəbəsinə və ətraf kəndlərə gedir. Bu yol ilə Şamaxı rayonuna da getmək mümkündür.
Kəndin aşağı tərəfində nisbətən düz, geniş bir yerdə iki türbə vardır. Burada bizim seyid babalarımız basdırılıb. Sonradan qəbirlər üzərində türbələr tikilmişdir.
Afurca kəndi qədim zamanlardan müqəddəs kənd sayılmışdır və bu gün də öz müqəddəsliyini qoruyub saxlayır. Əhalisi isə hörmət sahibi olmuşlar.
Yadımdadır, hələ uşaq ikən görürdüm ki, yoldan keçən adamlar maşınlarını saxlayıb üzlərini kəndə tərəf tutur, babalarımıza salam verir, dua oxuyur, sonra yollarına davam edirdilər.
İşi çətinə düşənlər, sağlamlığı zəif olanlar bura ziyarətə gəlir, babalarımızdan kömək istəyir, öz arzularına çatırlar.
Sovet dövləti qurulanda Afurcanın əhalisi sıxışdırılmış, ruhanilər sürgünə göndərilmişlər. Kəndin məscidi sökülmüş, onun daşları ilə klub tikmişlər. Həmin dövrdə camaat qorxudan namaz qıla, ibadətlə məşğul ola bilmirdilər. Evlərində olan dini kitabları vaxtı ilə babamızın namaz qıldığı yerə aparıb tökmüşdülər.
Qəbiristanlığın qapısı bağlanmışdı. Camaatı türbələrin yanına buraxmırdılar. Sonradan vəziyyət yaxşılaşdı. Adamlar azad yaşamağa başladılar.
Mən seyid babalarımız haqqında bəzi məlumatları kəndin yaşlı adamlarından öyrəndim. Onlar haqqında bu yazını yazmağı özümə borc bildim. Çünki indiki və gələcək nəsillər öz babalarını tanımalı, nəsilləri haqqında məlumat əldə etməlidirlər. Belə olduqda, insan daha da saflaşır, onda yaşamaq arzusu daha da güclənir. Belə insan rəhmli olur, başqalarına öz köməyini əsirgəmir. Gözəl fikirləri olan bir insan həm daxili, həm də xarici gözəlliyə sahib olur. Pis fikirlər, nifrət ondan uzaqlaşır. Axırda o, hər yerdə yaxşı insan kimi tanınır. Tərbiyəli, mədəniyyətli bir insana çevrilir. Belə insan cəmiyyətimiz, xalqımız üçün çox dəyərlidir.

Tarix unudulmur

12-ci əsr. Suriya. Şam şəhəri. Hal-hazırda bu şəhər Dəməşq adlanır. Dəməşq sözünün mənası ərəb dilindən “təşəbbüs” mənasını verir. Hələ qədim zamanlarda bəzi mənbələrdə bu Ərəb ölkəsini“ başı bəlalı ölkədə ” adlandırırdılar. Tez-tez səlcuqlar, səlibçilər, Misir məmlükləri, monqollar Suriyaya hücum edib, ölkəni dağıtmışdılar. Əhali aclıq içində yaşayırdı. 1187-ci ildə Səlahəddin Əyyubi ətrafına könüllüləri toplayıb onları silahlandırdı. İşğalçılar ölkədən qovuldu. Lakin ölkə xarabalığa çevrilmişdi; evlər dağıdılmış, əhali qırılmışdı. Sağ qalanlar çadırlarda, uçuq evlərdə yaşayırdı. Aclıq, dilənçilik hökm sürürdü. Belə bir yerdə yaşamaq çox çətin idi. Barada çayı Şam şəhərini iki yerə bölmüşdü. Çayın hər iki sahilində dağılmış yaşayış evləri vardı. Şəhər Qasyon dağının ətəklərində yerləşirdi. Ölkədə mədrəsələr, məscidlər dağıdılmışdı. İnsanlar işləyib çörək pulu qazanmaq üçün heç bir iş yeri tapa bilmirdi.
Şam şəhərinin yoxsullar məhəlləsində üstü qamışla örtülmüş bir evdə bir ata ilə oğlu yaşayırdı. Ev çiy kərpicdən tikilmişdi. Yağış yağanda burada yaşamaq çox çətin olurdu. Ana bir il idi ki, həyatdan getmişdi. Ata və oğul mədrəsədə dərs keçirdilər. Hər ikisi yüksək savada malik idi. Həm dini, həm də dünyəvi elmləri çox yaxşı bilirdilər. Lakin yoxsulluqdan, aclıqdan adamlar uşaqlarını dərsə göndərə bilmirdilər. Buna görə də mədrəsələr bağlanmışdı.
Çox vaxt ata və oğul evdə oturub ibadətlə məşğul olurdular. Ata Quran oxuyur, oğul qulaq asırdı. Sonra ata Seyidşah oğlu Məhəmmədə mənsub olduqları nəsil haqqında söhbət edirdi. Ata və oğul yeddinci imam Musa Əl Kazımın nəslindən idilər. Peyğəmbərimizdən sonra şəcərədə yeddinci yerdə Musa Əl Kazım dururdu. Ata və oğul özlərində İlahi tərəfindən verilmiş kəraməti hiss edirdilər. Buna görə də insanlara kömək etmək, xidmət göstərmək onların arzusu idi. Şamdan “Əhli-Beyt” ailələrinin hamısı köçmüşdü. Bircə ata və oğlu qalmışdı.
Bir gün ata və oğul bütün gecəni söhbət elədilər. Belə qərara gəldilər ki, Şamdan köçüb uzaq bir yerə getsinlər. Oğul atadan soruşdu ki, biz getdiyimiz yerdə nə işlə məşğul olacağıq? Ata dedi ki, biz orada mədrəsə açarıq. Uşaqlara, böyüklərə savad, elm öyrədərik. Artıq qərar qəti idi. Səhər tezdən yuxudan durdular. Əvvəlcə qəbiristanlığa getdilər. Ananın və bütün qohum-qardaşın qəbirlərini ziyarət etdilər. Sonra oradan qayıdıb azuqə və paltarlarını götürüb piyada yola düşdülər. Yol olduqca çətin və məşəqqətli idi. O vaxt nəqliyyat ancaq at, öküz, dəvə idi; onların sahibləri adamları bir şəhərdən digərinə aparırdılar.
Ata və oğul əvvəlcə at arabası ilə yola düşdülər. Bir neçə günə Türkiyəyə çatdılar. Türkiyədə onları böyük hörmətlə qarşıladılar. Onlara təklif etdilər ki, qalıb burada yaşasınlar. Lakin ata oğluna dedi ki, bizim gedəcəyimiz yer mənim gözlərimin qarışısındadır. Mən həmin yeri görürəm. Biz oraya çatmalıyıq.
Onları böyük hörmətlə Türkiyədən yola saldılar. Bir neçə günə onlar Azərbaycanın Naxçıvan vilayətinə çatdılar. Bir neçə gün burada qaldılar. Camaat onlara qonaqpərvərlik göstərib evlərində saxladılar, onları azuqə ilə təmin etdilər. Bir neçə gündən sonra onları atlarla yola saldılar. Günlərlə yol gəlib Azərbaycanın Quba bölgəsinə çatdılar. Burada bir neçə gün qalıb istirahət etdilər. Hər yerdə onlara hörmət edirdilər. Ata oğluna bildirdi ki, biz dağlara tərəf getməliyik.
Onlar səhər tezdən yola düşdülər. Dağlara tərəf hərəkət edib Təngə dağına çatdılar. Dağın dibində oturub istirahət etdilər. Sonra çırmalanıb çayın o biri tərəfinə keçdilər. Oradan çox məsafə gedib Afurca kəndinin qarşısında dayandılar. Ata oğluna dedi ki, gözlərimin qabağına gələn kənd bu kənddir. Biz bütün ömrümüzü bu kənddə yaşamalıyıq.
Onlar yoxuş yol ilə gedərək kəndə çatdılar. Kənddə onları çox yaxşı qarşıladılar. Kəndin ağsaqqalı Həsən kişi bu kənddə hörmət sahibi idi. Hamıya kömək edirdi. Həm şadlıq, həm də yas məclisləri onun köməyi ilə həyata keçirilirdi. O, kəndə başçılıq edirdi. Kənddə məscid tikdirmişdi. İmkansız ailələrə öz kömək əlini uzadırdı. Ata və oğul onun yanına gedib bu kənddə yaşamaq istədiklərini bildirdilər. Onlara müvəqqəti yaşamaq üçün ev verdilər. Sonra kəndin aşağısında onlar üçün yer ayırdılar. Kənd camatının köməyi ilə onlar üçün ev tikdilər.
Kənddə mədrəsə tikintisinə başlanıldı. Az vaxtda bura hazır odlu. Onların hər ikisi məktəbdə işləyirdi. Kənd uşaqlarına savad öyrədirdilər. Onlar dini elmlərlə yanaşı, dünyəvi elmləri də tədris edirdilər. Az vaxtda dil də öyrəndilər. Bu kənddə türk dili ilə yanaşı, tat dilində də danışırdılar. Ata oğluna başa saldı ki, Sasanilər dövründə bu kəndə tat dilində danışan ailələri köçürmüşlər. Onlar cəsur və mərd olduqları üçün ölkənin sərhədlərini qorumuşlar. Bu məqsədlə dağlıq yerlərdə mühafizə qalaları tikmişlər. Ölkə bu yolla qorunurdu.
Həmin vaxtda seyid Məhəmmədin artıq iyirmi yaşı vardı. Evlənmək yaşı çatmışdı. Seyidşah ata Həsən kişinin evinə elçi getdi. Onun kiçik qızını oğlu üçün aldı. Toy mağarı quruldu. Həsən kişinin qızı seyid Məhəmmədin həyat yoldaşı oldu. Bu, hamını sevindirirdi. Kənd peyğəmbər nəslindən olan bir ailə ilə qohum olmuşdu. Onlar şad və xoşbəxt yaşadılar. İllər keçdi. Seyidşah baba həyatdan getdi. Onu evlərindən bir az aralıda basdırdılar. Seyid Məhəmməd yaşa dolu. Onu bu kənddə seyid Kələ Ağa adlandırırdılar – mənası Böyük Ağa deməkdir. Onların üç oğlu var idi. Böyüyünün adı Ələddin, ortancılın adı Qələmi, kiçiyinin adı Canqardaş idi. Onlar da atalarından dərs almışdılar. Olduqca savadlı idilər. Onlar bölgənin başqa yerlərində yaşayıb mədrəsələrdə dərs deyirdilər. Ələddin Xırt kəndində, Qələmi Xınalıq kəndində, Canqardaş isə Küçeyi kəndində fəaliyyət göstərirdi. Elə indi də onların türbələri həmin kəndlərdədir.
Seyid Məhəmməd babamızın böyük kəramətləri vardı. Bu kəramətləri ilə hamını heyrətə gətirirdi. O, bu kəramətlərdən əhalinin xoşbəxt yaşamağı üçün istifadə edirdi.
Kənd ağsaqqalları danışırdılar ki, bir dəfə babamız ilə qayınatası Həsən kişi arasında narazılıq yaranır. Babamız kənddən köçmək istəyir. O, yola düşüb gedir. Bütün qoyun sürüləri, mal naxırları onun ardınca getməyə başlayır. Bunu görən Həsən kişi tez onu geri qaytarır.
Babamız namaz qılmaq üçün hər həftənin cümə günü atla Dərbənd şəhərinə gedir. Həmişə həyat yoldaşına deyir ki, mən bir günə Dərbənd şəhərinə gedib Böyük Cümə məscidində namaz qılıram. Axşam namazına evə çatıram. Həyat yoldaşı ona deyir ki, sənin bu işində mənim də köməyim var. Mən sənin paltarını təmiz yuyuram, xörəyini təmiz hazırlayıram.
Bir dəfə nənəmiz xörək bişirirmiş, qazanın altından quru mal təzəyini keçirir. Həmin gün babamız vaxtında evə gəlib çata bilmir. Təngə dağının dibində axşam namazını qılır. İndi həmin yerdə onun nişangahı vardır. İndi də qorunub saxlanılır.
Kəndin yuxarısında “Çiləxana” adlanan bir yer vardır. Camaat buranı da ziyarət edir. “Çiləxana”nın yuxarısında babamızın namaz qıldığı bir namazgah vardır. Təbiət tərəfindən daşlar baş-başa durub otaq əmələ gətirmişdir. Babamız burada namaz qılıb Allaha ibadət edirmiş.
“Çiləxana”nın aşağı tərəfində “Buzxana” adlanan bir bulaq var. Deyilənə görə, babamız çomağını yerə vurub bulaq yaratmışdır. Bununla kəndin suya olan ehtiyacını təmin etmişdir.
Kəndin aşağı başında iri bir daş vardır. Daşın ortasında bir çuxur vardır. Deyilənə görə, babamız dincini almaq üçün dirsəyini bu daşın üzərinə qoymuş, ona görə çuxur əmələ gəlmişdir.

Afurca şəlaləsi
Namazgahdan üst tərəfdə bir oyuq vardır. Yayın ən isti vaxtlarında burada buz olur. Ağır xəstələr üçün buradan buz çıxarıb aparırlar. Bununla da xəstələr sağalıb, şəfa tapırlar. Buranı da öz kəraməti ilə babamız yaratmışdır.
İllər keçdi. Babamız həyatdan getdi. Onu da atasının yanında dəfn etdilər.
Həmin vaxtlarda kəndin qəbiristanlığı kəndin yuxarısında idi. Babamız orada dəfn olunduqdan sonra kənddə rəhmətə gedənləri orada dəfn etdilər. Böyük bir qəbiristanlıq yarandı.
Ata və oğulun qəbirləri üzərində tübələr tikildi. Həmin müqəddəs yer Seyidşah, seyid Kələ Ağa qəbristanlığı adlanır. Xalq bu müqəddəs yeri sevir, bu yerə hörmətlə yanaşır. Belə müqəddəslər heç vaxt unudulmur, ürəklərdə yaşayır.
İllər keçdi. Afurca kəndində əhali çoxaldı. Ətrafdakı torpaqlara köçüb yeni kəndlər saldılar. Sonra isə ölkənin başqa bölgələrinə köçüb yurd saldılar. Seyidlərin bir çoxu Türkiyəyə köçdü.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Onun “naib”lərindən biri Afurca seyidi idi. Buna görə seyidlərə qarşı inamsızlıq əmələ gəldi. Onları bir növ təhlükə gözləyirdi. 1860-cı ildə bir neçə ailə məsləhətləşib Türkiyəyə köçdülər. Bu köç 1900-cu illərə kimi davam etdi. Bir qrup Afurca seyidi Türkiyədə Niksarın Yarbaşı kəndində, digər bir qrup Malatya bölgəsinin Hamidiyə kəndində, başqa bir qrup isə Samsunda yerləşmişdi. Lakin onlar bir yerdə yaşamaq istəyirdilər. Buna görə Afurcadan köçmüş seyid İsa Əfəndi Sultan Əbdüləzizin yanına gedir, onun tərəfindən qəbul olunur. Sultan Əbdüləziz onun seyid olmağını yoxlamaq qərarına gəlir. Seyid İsa Əfəndi sarayın bağında olarkən sultan əmr edir ki, onun üzərinə bir aslan buraxsınlar. Aslan seyid İsa Əfəndinin ayaqlarını yalayır.

Təngə dağı
Sultan ikinci bir sınaq keçirir. Pilləkənin altında Quran kitabını gizlədirlər. Seyid İsa Əfəndi pilləkənə çıxmamış durur. Deyir ki, yox, gələ bilmərəm, yolumun üzərində sizdən də böyük “padşah” var. Quran kitabını götürürlər, o, yuxarı çıxır.
Sutlan onu tanımaq üçün otuz səkkiz dənə sual hazırlatmışdı. O, sualların hamısına dürüst cavab verir. Sultan Əbdüləziz ona xüsusi bir sənəd verir. Bu sənədə görə seyidlər Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
1883-cü ildə indiki İrşadiyyə kəndinin əsası qoyuldu. Kənd əvvəlcə Afurca adlandırılmışdı. Sonra onu Seyidlər adlandırdılar. İndiki zamanda dövlət qurumları tərəfindən rəsmi olaraq İrşadiyyə adlandırılmışdır.
Seyidlər elə bir yer seçmişdilər ki, eyni ilə bizim Afurcanın mənzərələrini xatırladır.
İrşadiyyədə yaşayan seyidlər arasında alimlər, sənətkarlar, dövlət məmurları yetişmişdir.
Qonşu kəndlərdən İrşadiyyə kəndinə seyidləri ziyarət etmək üçün çox adamlar gəlirlər. Onların xeyir-dualarını dinləmək üçün bu kəndə pənah gətirirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra yollar açıldı. Birinci dəfə 1992-ci ildə onlardan iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurca kəndinə gəldilər. Çox sevinirdilər. Bu sevinc göz yaşları ilə müşayiət olunurdu. Onların ardınca Türkiyədən bir çox adamlar ziyarətə gəldilər. İndinin özündə də əlaqələr daha da genişlənir.
Həyat davam edir. Tarix unudulmur. Nəsillər yaşayır, yaradır. Öz müqəddəs əcdadlarını heç vaxt unutmurlar.

Abid Abidov (Şamiloğlu)
Müəllim, Afurca kənd sakini

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub

23 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri. Xalq yazıçısı Çinqiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrindən söhbət açıb. Qeyd edib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biridir. Onun kimi şəxsiyyətlərin xalqın mənən oyanmasında xüsusi rolunu diqqətə çatdıran Ç. Abdullayev yazıçının elmi-nəzəri və
bədii irsinin öyrənilməsinin vacib məsələ olduğunu da vurğulayıb.
Müsabiqənin münsiflər heyətinin sədri Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin əhəmiyyətindən danışıb. E.Axundova qeyd edib ki, müsabiqədə Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, Türkiyədən olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında
baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunaraq Xalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir.
E.Axundova bildirib ki, görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi
tənqidçilərdən ibarət münsiflər heyəti işlərin dəyərləndirməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya kreativliyi, bilik səviyyəsi kimi meyarları əsas götürərək qaliblərlə bağlı yekdil qərar verib.
Daha sonra qaliblərin adları açıqlanıb. “Ən yaxşı elmi-tədqiqat işi”
nominasiyası üzrə Pərvanə Məmmədlinin “Mirzə İbrahimov yaradıcılığında xalqın taleyüklü məsələləri”, Nigar Yahyazadənin “Mirzə İbrahimov yaradıcılığı tədqiqatlarda” işləri müvafiq olaraq I, II yerlərə, həvəsləndirici mükafat olaraq III yerə isə Məlihə Əzizpur Özturhanın “Mirzə İbrahimovun İran ədəbi mühitlərindəki
yeri” adlı işi layiq görülüb.
“Ən yaxşı ssenari” üzrə Eldəniz Məmmədov (Özbəkistan) “Şuşada əhvalat”, Sanjar Murodşayoxovun “Ana”, Karina Aseinovanın “Çobanın sevgisi” ssenariləri müvafiq olaraq I, II və III yerlərə, həvəsləndirici mükafatlar isə Lamiyə Məmmədovanın “Oğru”, Baxrom Musurmanovun “Qübbə” ssenarilərinə təqdim edilib.
“Ən yaxşı esse” üzrə Orxan İsayevin “Cənub küləyi” yeni yazı üslubu və ideya kreativliyinə görə Fondun “Qran Pri”sinə layiq görülüb. Bundan əlavə, Racu Gözəlov (Şıxlı) “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, Kəmalə Nəcəfova “Pıçıltı ilə qışqıran ədib”, Sara Əliyeva isə “Gələcək gün” esseləri ilə müvafiq olaraq I, II və III yerdə qərarlaşıblar.
Sonuncu, “Ən yaxşı ədəbi-bədii əsər” nominasiyasında Əsmər Əhmədovanın “Ümid” hekayəsi qalib olub.
Qaliblərinin işləri “Gələcək Gün” adlı beynəlxalq elmi- nəzəri jurnalın xüsusi buraxılışında nəşr olunub. Fotolar:

İlkin mənbə: www.azyb.az – AYB

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ehtiram İlham – BƏSİNDİ

BƏSİNDİ

Ruhundan qopur nə boyda –
Hər kəlmə sətir, bəsindi.
Ana laylasından gəlib,
Qəbrinə yetir, bəsindi.

Düzsənsə, əlin yalındı,
Bu yalınlıq amalındı.
Nə apardın, halalındı,
Haramdan ötür, bəsindi.

Gördüyünə adam demə,
Uy da meyxanəyə, dəmə.
Yolun düşsün cəhənnəmə,
Cənnətdən gətir, bəsindi.

İç, fələknən qovuşmağa,
Ehtiramnan savaşmağa,
…Bir şeirlik söz qoşmağa
Yarımca litr bəsindi.

22.12.24.

Müəllif: Ehtiram İLHAM

EHTİRAM İLHAMIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"