İyunun 13-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Ayna Asimqızının “İlk söz” kitabının təqdimatı keçirilib.
“Ulduz” jurnalının təqdimatı ilə keçirilən tədbiri jurnalın baş redaktor müavini, yazıçı Təranə Vahid açaraq ədəbiyyatda ilk uğurlu addımlarını atan Ayna Asimqızının özünəməxsus yaradıcılığından –fəlsəfi dünyasından, vətənpərvərlik ruhunda qələmə aldığı mənsur şeirlərindən, esselərindən söz açıb.
Tədbirdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova, BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, Türkologiya kafedrasının müəllimləri Səmayə Cəlilova, dosenti Afaq Məmmədova, yazıçı Tapdıq Türksoy, gənc yazar Səma Muğanna çıxış edərək nümunəvi tələbə, istedadlı yazar Ayna Asimqızının yaradıcılığından danışıblar.
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edərək, yolu “Ulduz”dan başlayan gənc yazara uğurlar arzulayıb. O, “İlk söz” kitabına görə Ayna Asimqızına “Ulduz” jurnalının diplomunu təqdim edib.
Sonda gənc yazarın valideyinləri və Ayna Asimqızı çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına təşəkkür ediblər.
11 iyun 2024-cü ildə respublikamızın dəyərli elm ocaqlarından olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasında gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc müxbiri Sevindik Nəsiboğlunun Vətən müharibəsi şəhidi, leytenant Nurlan Nadir oğlu Həsənova həsr etdiyi “Zəfəri nurlandıran Nurlan” və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitablarının təqdimat mərasimi keçirildi. Tədbirə önəmli elm, sənət və ədəbiyyat xadimləri, ziyalılar, eləcə də kitabsevərlər qatılmışdılar. Tədbir İrəvan Dövlət Azərbaycan Dram Teatrının gənc aktrisası Sevinc Bəxtiyarın aparıcılığı ilə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb vətənimizin ərazi bütövlüyü, müstəqilliyimiz və suverenliyimiz yolunda canından keçən bütün Şəhidlərimizin və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə bir dəqiqəlik sükutla davam etdi. Sonra isə çıxışçılara söz verildi. İlk olaraq filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli çıxış etdi. Görkəmli ədəbiyyatşünas çıxışında gənc yazarın timsalında erkən yaşlarında ədəbiyyat cəbhəsinə atılan böyük şair və yazıçıların adını çəkərək müəllifin qabaqda olan gələcəyi üçün uğurlar dilədi. Ulu Öndərimizin dühasından söz açaraq onun böyük xilaskarlığından və Azərbaycan uğrunda olan cəfakeşliyindən danışdı. Tədbirin əsas mövzularından olan şəhidlik mövzusundan da danışan ədəbiyyatşünasımız dahi şairlərin kəlamlarından sitat gətirərək şəhidlərin ölümü ilə əbədiyyət qazandıqlarını bildirdi. Sonda gənc yazara fəaliyyətində uğurlar arzuladı. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli də şəhadətin necə ülvi bir zirvə olduğundan danışaraq təqdimatı keçirilən “Zəfəri nurlandıran Nurlan” kitabından və o kitabda haqqında danışılan şəhid Nurlan Həsənovun qəhrəmanlığından söz açdı. Sevindik Nəsiboğlunun Vətən müharibəsindən qabaq, müharibə dönəmində, eləcə də müharibədən sonrakı dönəmdə olan ədəbi fəaliyyətini tamaşaçıların diqqətinə çatdırdı. Mərkəzi Elmi Kitabxana kimi mötəbər bir elm ocağında yeniyetmə və yeniyetmə olmasına baxmayaraq 7 kitab müəllifi olan bir yazarın 2 kitabının təqdimatının keçirilməsinin yazar üçün necə böyük bir uğur olmasından bəhs edərək gənc yazara bir daha uğurlar arzuladı. Tədbir iştirakçılarının və çıxışçıların arasında olduğum üçün mənə də söz verildi. Mən çıxışımda gənc yazarla ilk tanışlığımdan və ondan sonra onunla olan səmərəli fəaliyyətimdən bəhs etdim. Dinamik və sürətli fəaliyyət göstərən gənc yazara yorulmazlıq arzu etdim. “Carçı” jurnalının redaktoru Gülnarə Əmirquliyeva da çıxışında gənc yazarla tanışlığından və fəaliyyətindən söhbət açdı, onun qısa müddətdə gördüyü işləri və ədəbi fəaliyyətini yüksək dəyərləndirdi. Tədbirdə şəhid Nurlan Həsənovun valideynləri Nadir ata və Həqiqət ana da çıxış etdilər. Nadir ata oğlu ilə olan xatirələrindən qısa danışaraq oğlu haqqında kitab yazdığına görə Sevindik Nəsiboğluna və onun timsalında şəhidlərə dəyər verən, onların xatirələrini əziz tutan hər kəsə təşəkkürünü bildirdi. Həqiqət ana Nurlanın vətənpərvər bir şəkildə böyüdüyündən, Qarabağın azadlığını dünyada hər şeydən çox arzuladığından danışdı. Həmçinin, Birinci Qarabağ müharibəsi yeni-yeni başladığı zaman Xankəndi poliklinikasında ermənilərlə birlikdə məcbur qalıb işlədiyi və yaşadığı o çətin günlərdən, sonra isə qaçqınlıq həyatından söhbət açdı. Çıxışının sonunda o da müəllifə və şəhidlərin xatirəsini uca tutan hər kəsə təşəkkür etdi. Həqiqət ana onu da qeyd etdi ki, Sevindik təkcə şəhidlərimiz haqqında kitablar yazmaqla öz işini bitmiş hesab etmir, o, həmçinin həmin kitabları kitabxanalara, məktəblərə və digər dövlət qurumlarına təqdim edərək şəhidlərimizi tanıdır. Qazi Ülvi Qədir müəllifi çoxdan tanıdığını, bir çox tədbirlərdə gənclərlə görüşdüyü zaman onu gənclərə örnək göstərdiyini bildirdi. Həmçinin gənclərlə vətənpərvərlik mövzusunda söhbət etdiyini, habelə gənclərin vətənpərvərlik mövzusuna olan dəyəri və həssaslığı ilə bağlı çıxış etdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Nazim Muğanlı müəllif haqqında xoş sözlər söyləyərək onun “Ulu Öndərimiz” şeirindən bir bənd səsləndirdi. Sevindik Nəsiboğlunun vaxtilə musiqi müəllimi olmuş Sevinc xanım Musayeva bir şagird kimi Sevindiyin onda necə xoş təəssürat oyatdığını, hələ illər əvvəl onun işıqlı gələcəyini gördüyünü qeyd etdi, onunla həmişə fəxr etdiyini və edəcəyini söylədi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə xanım Eldarqızı da çıxışında gənc müəllif və onun yaradıcılığından danışaraq çıxışını müəllifin şəhid Nurlan Həsənova həsr etdiyi “Şuşanı ruhuyla fəth edən Nurlan” şeirini söyləməklə sonlandırdı. Jurnalist, “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə xanım Heybətağaqızı da müəllifə yaradıcılıq uğurları arzulayaraq müəllifin antiterror tədbirlərində şəhid olan Cavid Cavanşir oğlu Zülfüqarovun dilindən yazdığı “Qarşıla məni, ana!” adlı şeirini səsləndirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Arzu xanım Əliyeva Vətən müharibəsindəki qələbəmizin yüksək önəmini və dəyərini vurğulayaraq bu yolda canı, qanı bahasına vuruşan şəhidlərimizi andı, qazilərimizə can sağlığı dilədi. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Zim.az” saytının redaktoru İlhamə Sabirqızı və “Sağlam Ailə” İctimai Birliyinin sədri Xanım Quliyeva da tədbirdə iştirak və çıxış edənlərdən, təqdimatın mövzularını və müəllifin ədəbi fəaliyyətini qiymətləndirənlər arasında idi. Gənc xanəndə və ictimai fəal Allahverən Pərvizoğlu Sevindik Nəsiboğlu ilə birgə fəaliyyətindən, onun sözlərinə bəstələnən “Ata həsrəti” və Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ulu Öndərimiz” mahnılarından, eləcə də, gənc xanəndənin yaşayıb fəaliyyət göstərdiyi Lənkəran şəhərində və ümumilikdə ölkəmizdə gənclərə verilən yüksək dəyərdən danışdı. Allahverən Pərvizoğlunun çıxışından sonra onun ifasında səslənən və Sevindik Nəsiboğlunun sözlərinə bəstəkar Mehriban Aydınqızının bəstələdiyi “Ulu Öndərimiz” mahnısı tədbir iştirakçılarına təqdim edildi. Tədbirdə Mərkəzi Elmi Kitabxananın “Qarabağ Müharibəsi Qəhrəmanları” Fondunun rəhbəri, “Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə xanım Səfərzadə də iştirak edirdi. Röksanə xanım qardaşının timsalında bütün Vətən müharibəsi şəhidlərinin, habelə iştirakçılarının torpaqlarımız uğrunda apardığı mübarizədən, həmçinin gənc müəllifin və Mərkəzi Elmi Kitabxana rəhbərliyinin timsalında ölkəmizdə Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə verilən dəyərdən söhbət açdı. İstefada olan polis polkovniki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, uzun müddət Xocavənd Rayon Polis Şöbəsinin rəisi işləmiş Sahib Həsənov Birinci Qarabağ müharibəsində və Horadiz əməliyyatında iştirakından, şahidi olduğu hadisələrdən, müharibə xatirələrindən danışaraq şəhid ailələrinə başsağlığı və təskinlik verdi. O, “Zəfəri nurlandıran Nurlan” kitabını həm bədii, həm də publisistik nöqteyi-nəzərindən yüksək qiymətləndirdi. Vətən müharibəsində qazandığımız qələbədən və ölkəmizin məğlub ölkə damğasından xilas olub qalib ölkə səviyyəsinə yüksəlməsindən də danışdı. Son söz Sevindik Nəsiboğluya – müəllifin özünə verildi. O da təqdimatı keçirilən kitabların yazılma prosesindən, kitablarda hansı nüanslara yer verdiyindən və bu kitabların yaşadığımız günlər içərisində yüksək əhəmiyyət kəsb edəcəyinə əminliyindən danışdı.
Müəllif tədbir iştirakçılarına, çıxışçılarına və tədbirdə əməyi keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Müəllifin çıxışından sonra tədbir bağlı elan edildi və xatirə fotoşəkli çəkdirildi. Biz də öz növbəmizdə gənc yazara bir daha yaradıcılıq uğurları və yorulmazlıq arzulayırıq. Şəhidlərimizə və Ulu Öndərə Allahdan rəhmət diləyir, onların ruhları qarşısında baş əyirik. Onların xatirələri hər zaman qəlbimizdə yaşayacaqdır. 12.06.2024.
Aid olduğum nəslin bəxtinə bir çox tarixi hadisələr, təbii fəlakətlər, müxtəlif içtimai quruluşlar, hətta müharibə də düşdü. Hərdən dönüb geri, keçdiyimiz həyat yoluna baxanda nələrdən keçdiyimizi xəyalən təsəvvür edəndə … Sözüm onda deyil amma. Keçmişdən yadımda qalan bəlkə də ən parlaq və işıqlı xatirə orta məktəbi bitirdiyim gündür. Bakı məktəblərinin birində 4-cü sinifdən oxumağa başlamışdım. Ağdamın 2 nömrəli beynəlmiləl məktəbinin 3 sinfini əla bitirsəm də, Bakı məktəbində belə hesab etdilər ki, rayonda alınan təhsillə şəhərdəkinin fərqi çoxdur və məni yenidən 3-cü sinfə qəbul etmək qərarı verildi. O vaxt bu məsələlərə çox dərindən varmasam da valideynlərimin narazılığını hiss edirdim . Onu da qeyd edim ki, birinci sinifə 5 yaş 3 aylığımda qəbul olmuşdum. Ailəmin təkidindən və müəllimlərin sual- cavabından sonra qərar dəyişildi və mən 4-cü sinfə qəbul edildim. Həmin məktəbi əla qiymətlərlə bitirdim, lakin qızıl medal Arutünyan və Savçuk soyadlı şagirdlərə verilsin deyə mən rus dilindən 4 qiyməti alası oldum. Bütün bunlara baxmayaraq, riyaziyyat təmayüllü bu məktəblə, müəllimlərimlə bağlı çoxlu xoş xatirələrim var. Görünür, həyatda həqiqətən təsadüf yoxdur, çünki hətta ömrümə həmişəlik daxil olan insan da bu məktəbin və hətta oxuduğum sinfin məzunudur. İllər ötür, əvvəldə qeyd etdiyim kimi, həyatda çox şeylər baş verir, ancaq o uzaq məzun günü unudulmur. Biz indiki gənclikdən fərqli olaraq, o gün məktəbə məktəb formasında gəlmişdik. Qızlar qəhvəyi donlar və ağappaq önlüklər, oğlanlar da ağ köynək,qara şalvar geyinmişdilər o gün. Sinfimizdə cəmi iki nəfər azərbaycanlı var idi. Qalanları rus, erməni, yəhudi, ləzgi, tat və sairə millətlərə aid olanlar idi. Biz həqiqətən bir yerdə oxuyur, bir yerdə sevinir, bir yetdə kədərlənirdik. Bu adi sözlər deyil, çünki dəfələrlə bir-birimizin sevincini və kədərini birlikdə yaşamışdıq. Məktəbin həyətində o gün qeyri-adi hisslər yaşanırdı. Qızlar ağlayır, müəllimlər həmişəkindən daha mehriban idilər. Hamıni bir məsələ düşündürürdü: məktəb illəri sona çatdı, bir daha heç vaxt təkrarlanmayan bu dövr burdaca bitti… Müəllimlərin, valideynlərin xeyir-duasını alıb məktəbdən ayrıldıq… O vaxtlar belə bir adət var idi. Məzunlar mütləq dənizkənarı bulvara gedərdilər. Bulvarda gəzən, oxuyan, rəqs edən məzunlar sanki Xəzərin üzərində uçan və qısa müddətlik yerə enmiş qağayıları xatırladırdılar. Onlar da quşlar kimi qayğısız, sərbəst, xoşbəxt və gələcəyə ümidli idilər… 70 ci illərin məzunları… Nə yaxşı ki, həmin məzunlar arasında mən də olmuşam! Müasir son zəng günü əlbəttə çox fərqlidir. Olsun! Elədə olmalıdır! Təki vətənimizdə sülh və əminamanlıq olsun! Məzunlarımız arzu etdikləri peşələrə yiyələnə bilsinlər! Gələcəyə ümidlə, mətin addımlarla irəliləsinlər! Bütün məzunları təbrik edirəm və deyirəm ki, sizi çox sevirəm,əziz balalar! Yolunuz açıq olsun!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Bu yazını Xudu Məmmədov haqqında Loğman Məmmədov yazıb. Çox maraqlı yazıdır, Xudu sevərlər, Xudu müəllimi tanımaq istəyənlər bu yazını mütləq oxusunlar.
Dünyanın Xudu Məmmədov üzü
Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır. Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır. Dünyanın Xudu Məmmədov üzünə çağırışdır. Böyük insan, böyük müəllim, böyük alim idi. Böyük insan olduğundan böyük müəllim idi, böyük alim idi. Müəllimliyi də, alimliyi də insanlığının əsgəri idi, keşikçisiydi. İnsanda insanı görürdü, insanı sevirdi, insanı dəyərləndirirdi, imkanı yox. Bilirdi ki, imkan insanı təsdiq eləmir. İnsanda insanı sevdiyindən doğma idi. Hamının idi. Vətənin hər yerindən görünürdü. Təbiətə münasibətində kəpənək çiçəyə qonan kimi incə və zərif idi. Təbiəti elə sevirdi ki, yeriyəndə belə onu incidəcəyindən ehtiyat edirdi. Səhər kimi doğmuşdu vətənin üfüqlərinə. Sübut elədi ki, insan vətənləşə, vətənlə eyniləşə, vətənə bərabər tutula bilər. Vətən boyda idi. Adı gələndə məmləkətimiz dururdu göz önündə. Vətəni sevdiyindən vətənin idi. Özünü vətənə verib, vətəndə tapmışdı özünü. Alimliyi ilə müəllimliyi bir-birini tamamlayırdı. Həm öyrənirdi, həm də öyrədirdi. Ona görə öyrənirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi. Ona görə öyrədirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi. Elmə müştaq olmuşdu. Elmə gözələ vurulan kimi vurulmuşdu. Aşiqlik məqamında idi. Elmin gözəllik mahiyyətini açırdı. Elmi gözəllik səviyyəsinə qaldırırdı. Bu onun üçün böyük yol idi. Böyük yolun yolçusu idi, getdikcə gedirdi, getdikcə ucalırdı, getdikcə işığı artırdı. Çünki yaşamağın, yaratmağın bir mənası da işıq saçmaq idi Xudu müəllim üçün. Bəstə boyu vardı, şirin danışığı. Bütün həyatı sovet dönəmində keçdi. Adı sovet elminin ən böyük nümayəndələri ilə bir cərgədə yazıldı. Amma heç vaxt sovet adamı olmadı. O, bir başqa dünya idi. Adamlardan fərqli düşünürdü. Nəyə baxırdısa fərqli, bənzərsiz mənalar görürdü. Azərbaycanın vurğunu idi. Xalçalarımızı kitab kimi oxuyurdu, ilmələrin, çeşnilərin mənasından söhbət açdıqca adam heyrətlənirdi. İnsanla dünya arasında əlaqəyə, doğmalığa heyrandı. İnsanı dünyaya, dünyanı insana bağlayan, gözlə görünməyən tellərə inanırdı. Təbii idi. Bahar kimi çiçəkləyib, payız kimi qəmlənirdi. Böyük insan idi, amma böyüklüyündən xəbəri yoxudu. Böyüklüyündən xəbərsiz böyüklüyünü yaşayırdı. Çünki uşaq kimi saf idi. Hər şeyə uşaq gözü ilə baxırdı. Hər şeyə uşaq marağı ilə boylanırdı. Sevgisi də uşaq sevgisi idi. Dünyaya, insana elə bağlanmışdı ki, elə bil uşaq nağıla qulaq asırdı. İnanırdı ki, alma bağlarıynan uşaqlar qohumdurlar. Yaz axşamları çaylar oxuyur. Dağlar adamı səsləyir, çağırır. İnanırdı ki, gülləri dərmək günahdır. Çünki bu, gözəlliyi məhv etməkdir. Təbiətnən qardaş idi. Çünki təbii idi. Bahar kimi idi – gəlişi ilə hər yer çiçək açır, hər kəs sevinirdi. O qədər şirin idi ki, sağlığında nağıllaşmışdı. Həm də qeyri-adi idi. Müdrikliyinə bərabər körpəliyi vardı. Dahiliyinə bərabər sadəliyi vardı. Möhtəşəmliyinə bərabər kövrəkliyi vardı. Təpədən dırnağacan məmləkət adamı idi. Deyirdi ki, insan özünün olduğundan daha çox xalqındır. Deyirdi ki, əslində insan xalqın olanda daha çox özünün olur. Deyirdi ki, hər insanın taleyi elə xalqın taleyidir. Çünki hər bir insana yurda baxan kimi baxırdı. Hər insanda vətənin bir parçasını görürdü. Hər insanı vətənin nişanəsi kimi sevirdi. Bu onun insanı vətənləşdirmək missiyası idi. Sözü əməlinə, əməli də sözünə tən idi. Çünki bütöv adam idi. Heç vaxt xırdalanmadı. Yaz mehi kimi mülayim idi. Onunla təmasda olanda bahar kimi adamın qəlbinə dolurdu. Özünü unudur, onunla bir olurdun. Sadəliyi o qədər gözəl idi ki, adamı utandırırdı. Üzünün nurundan həyalanırdın. Kəşfləri ilə dünya elminin yeni qütbünü yaratmışdı – Xudu Məmmədov qütbünü. Dünyanın bir üzünü fəth eləmişdi. Dünyanın üzünə yeni üz çəkirdi – Xudu Məmmədov üzü. Dünyanı yeni ləyaqətlə üzləyirdi. Səmt idi, yön idi, istiqamət idi. Ardınca getməkdən qürur duyurdun. O qədər elm adamı dünyanın Xudu müəllim olan üzünə baxıb güzgülənmişdi ki… Göründüyündən böyük idi. Yanında olmaq yetərdi ki, dəyişib yeni dəyər qazanasan, başqa adam olasan. Onunla təmasda olanları yeniləməyi, təzələməyi bacarırdı. Adamların içinə bahar təravəti, həyat sevgisi gətirirdi. Xudu müəllimin yanında adamın içi yağışda ağac yarpağı kimi yuyulurdu. Safa çıxırdın. Arınırdın. Hər dəfə ondan ayrılanda, elə ayrılıq anındaca növbəti görüşün həsrətini çəkirdin. Ondan uzaqlaşdıqca daha böyük görünürdü. Bu, çox nadir insanlara xas olan xüsusiyyətdir. Adatən, adilərdən uzaqlaşdıqca kiçilir, görünməz olur. Kəşflərini, tapıntılarını qala kimi hörürdü vətən torpağına. Abidələşdirirdi. Əbədiləşdirirdi. Tapdıqlarına hamını şərik edirdi. Hamınınkı edirdi, milliləşdirirdi. Hər kəsi vətənin bir parçası edirdi. Hər kəsin də içinə vətəndən bir xışma səpirdi ki, içindən vətən çıxsın. Kəşfləri üzümüz idi, nurumuz idi, həyamız idi, adımız idi. Ruhumuzun rəsmini, harmoniyasını çəkirdi. Elmi elə hala gətirirdi, elə biçimləndirirdi ki, onun bizə məxsus olmağında şəkk yeri qalmırdı. Yadın şərikliyinə yer qoymurdu. Kristalların xassələri və qarşılıqlı əlaqələri sahəsində böyük kəşflərə imza atmışdı. Müasirləri, dünyanın ünlü elm fədailəri tərəfindən “Canlı və cansız təbiətin vəhdətini tapan böyük alim” adını almışdı. Yapon, alman, ingilis, amerikan alimlərinin böyük səs-küy salan elmi kəşflərini alt-üst eləmişdi. Aldığı nəticələr dünyanı heyrətə salmışdı. İngilis, fransız olsaydı, dünyanın ən məşhur və varlı adamlarından olardı. Elmimizin vicdanı, milliliyin zirvəsi, dostluq nümunəsi idi. Çoxşaxəli istedada malikdi. Hansı sahədən yapışsaydı, urvata mindirirdi. Muğamlarımızın rəngli sözlərlə şəklini çəkirdi. Muğamlarımızı da xalçalarımız kimi sərirdi dünyanın üzünə – ruhumuzun ətri gəlsin deyə. Memar idi, layihələrindən gözəl binalar tikilirdi. Dostlarının portretini çəkməyi sevirdi. Rəsmlərindən vətən baxırdı, vətən çağırırdı adamı. Tələbələrinə qarşı qayğıkeş idi. Hamısı da onun adı gələndə ehtiram hissi ilə ayağa qalxırdı. Tələbələrinə ruhunu verirdi. Deyirdi ki, tələbə qab deyil ki, onu elmlə doldurasan. Tələbələri ilə yaxın dost, sirdaş idi. Onlarla küləklər kimi, sular kimi qovuşub bir olurdu. Mən o bəxtəvərlərdənəm ki, dəfələrlə bu səadət payı qismətim olub. Vaxtı qızıldan qiymətli tutan Xudu müəllimin adi bir tələbəyə necə tay olduğunun, doğmalıqla yanaşdığının, vaxt ayırdığının heyrətini bu gün də yaşayıram. İçi poeziya ilə dopdolu idi. Ağrı-acılarını yazdığı şeirlərə, bayatılara hopdururdu. Ağrı-acıları, sevinci, kədərindən də vətən ətri gəlirdi: Bu qala bizim qala, Qaldıqca bizim qala, Qurmadım özüm qalam, Qurdum ki, izim qala. Əlim köməyim olsun, Elim köməyim olsun, Elimə yük olarsam, Ölüm köməyim olsun. Dərdlərimi ələsəm, Heyim çatmaz tələsəm, Mən bir yetim quzuyam, Kim eşidər mələsəm? Təbiəti şərqi kimi dinləyirdi. Sevinci də işıqlı idi, kədəri də. Vətən içində vətən idi. Bütün varlığını vətənə həsr eləmişdi – gözlərindəki son qığılcımlarına, dodaqlarındakı son təbəssümünə qədər. Ölümə də qeyri-adi gözlə baxırdı: “Ölüm yolçunu saxlayır, yolçuluq isə davam edir…” O ölümə ucaldı… Xudu müəllim kimi insanların ölümü ölümü də rövnəqləndirir, urvata mindirir. Xudu müəllimin aramızda olmamasını ölümlə bağlamaq olmur. Çünki onun yoxluğunu düşünəndə ölüm yada düşmür. Ölüm insanları eyniləşdirir. Amma Xudu müəllimi eyniləşdirə bilmədi, daha da bənzərsiz elədi. O başqa dünyanın, başqa ölçülərin, daha doğrusu, ölçüyə gəlməməyin adamı idi. Daha doğrusu, onun insanlığını, alimliyini heç bir vahidlərlə ölçmək olmurdu. Yaxşı mənada heç bir miqyasa sığmırdı. Yurdun insan simvolu idi.
İnanıram ki, özünü məmləkət adamı sayan, içində yurd sevgisi daşıyan hər kəs Xudu müəllimi yanında hiss edəcək, ruhunda yaşadacaq. Xudu müəllim dönə-dönə qayıtmalı olduğumuz dəyərdir, ünvandır, yurdun heyrət dolu üzüdür. Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır. Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır. Dünyanın Xudu Məmmədov üzünə çağırışdır. Dünya o vaxt daha gözəl olacaq ki, insanlar dünyanın Xudu müəllim olan üzünə üz tutacaqlar… Özümüzü və yurdumuzu xilas etməyin bir yolu da budur.
… 1927-ci ildə Ağdam mahalında, Mərzili kəndində dünyaya göz açmışdı. Bakıda, Moskvada, Leninqradda oxuyub öyrənmişdi. Dünyanın çox ölkəsində olmuşdu, dünyanın çox ölkəsindən dəvətlər almışdı. Amma Azərbaycanı heç yerə, heç nəyə dəyişməmişdi. Çünki Vətəni balası kimi bağrına basmışdı… Müəllif: Loğman Məmmədov
Hegelin hüquq fəlsəfəsinin əsas ideyaları şəxsiyyət, icma, şüur və həqiqətdir. Hegel hesab edirdi ki, Yunan etik həyatı və xristian mənəviyyatının Avropa mədəniyyəti vasitəsilə inkişaf etməsi, insanların özlərini şəxsiyyət və subyekt kimi görməsinə səbəb olur. Burada problem azadlıqdadır, çünki Hegelin öz təbirincə desək, “Adi insan özbaşına hərəkət etməyə icazə verildikdə özünü azad hesab edir, lakin bu özbaşınalığın özü onun azad olmadığını göstərir”. Hegelə görə, müasir cəmiyyətdə azadlıq üçün ən ciddi təhlükələrdən biri “atomizm prinsipi”dir–bu, maarifçilik dövründə liberalizmin əldə etdiyi hiper-fərdiləşdirilmiş subyektin müasir dövrdə ucaldılması kimi başa düşülür.Hegelə görə, bu şeylər insanları öz həyatlarını özlərinə məxsus etməkdə aciz edir, çünki hər kəsin seçimləri o qədər geniş, lakin o qədər oxşardır ki, mənasızlaşır.Başqa sözlə, seçimlərimiz nə qədər çox olsa, özümüzü bir o qədər boş hiss edirik. Onun üçün xeyirxahlıq insan ruhunun özünü dərk etməsidir. Hegel dünyanı dərk etməkdə ağıl və məntiqin vacibliyinə və hər şeyin təməlində bir vəhdət olduğuna inanırdı. O hesab edirdi ki, bu birliyi tarix, fəlsəfə və incəsənətin öyrənilməsi yolu ilə kəşf etmək olar. Hegelçiliyin digər mühüm cəhəti isə bütün varlığın əsasını təşkil edən son gerçəkliyə istinad edən “Mütləq Ruh” ideyası olmuşdur.Hegel hesab edirdi ki, bu ruh bəşər tarixi və mədəniyyəti vasitəsilə üzə çıxır, onun tam dərk edilməsinə nail olmaq insan inkişafının son məqsədidir.
QUMRU XOŞBƏXTLİYİ (hekayə) Yazın günəşi pənbə buludların arxasından hürkək-hürkək boylanmaqdaydı. Sanki insanlarla qaçdı-tutdu oynayırdı. İlıq nazlı-qəmzəli günəş şüaları otağın pəncərəsindən içəri girib gözlərimdəki yuxunu qovmağa çalışırdı. Ana Günəş məni yeni günü salamlamağa çağırırdı, qızılı tellərini üzümə, gözümə dağıtmışdı. Evin xanımı, yəni uşaqların anası hələ yuxulu dünyanın qoynunda uyuyurdu… Xanım deməyimə təccüblənməyin. Bilirəm, siz də xanım demirsiniz. Axı qonşular, ata-ana eşidər, ayıbdı. Mən də ömrüm boyu “xanım” səsləyib onu sevindirməmişəm. Ona ancaq bu hekayəmdə xanım deyə müraciət edəcəyəm. Guya mədəniyəm də. İndiyə kimi heç adıyla da səsləməmişəm. Axı atamın ağarmış qalın qaşları heyrətdən atılıb-düşər, mən də onun “bunun tərbiyəsinə bax” səssiz tənəsini göydə tutaram. Gündə bəlkə də əlli dəfə ona “ey” deyirəm. Məsələn, “ey, deyəsən mən acmışam”. Ağsaqqal qonşmuz Abdulcəlil kişi həmişə mənim “tərbiyə”mi qonşulara nümunə göstərib tərifləyir ki, halal olsun sənə, əsl milli oğulsan. Əslində evin xanımını “ey” çağıranda bunun millilik olduğunu anlamamışam. Nəyə gülürsünüz, guya siz bilirdiniz?.. Nə isə. Həyətimizdə bizimlə çoxdan “qonşu” olan iki qaratoyuq lirik ləhcələriylə yeni günün “sabanınız xeyir” duetini oxuyanda dünyanı tutub bağrına basmaq istəyənlər kimi qollarımı geniş açıb “yataq idmanı” etdim, ürəkdən gərnəşib yerimdən qalxdım. Ədəb-ərkanla geyinib həyətə düşdüm. Tez-tez kəsilib bizi duşun altında “gözümçıxdı”ya salan qızıldan qiymətli su ilə və əllərimin qabarıyla ərsəyə gətirdiyim 5-6 ağacla, qızılgüllərlə, qaratoyuqlarla salamlaşdım. Onlar mənim həyətdə yaşayan doğmalarım, sevimlilərimdi. Qızılgüllərin ləçəkləri, ağacların yarpaqları, tumurcuqların “bağrını yarıb” ”azadlıq” pıçıldayan çiçəkləri qədirbilənliklə məni süzürdülər. Onların “sağ ol”unu eşidirdim. Arılar gilənarın, əriyin məsum çiçəklərinin ətrafında vızıltılı səslə “Həyat, necə gözəlsən” nəğməsini zümzümə edirdilər. Bu sehirli dünyamdan məni qəfil eyvanda görünən, ovcunun arxası ilə gözlərini ovxalayıb oyanmağa çalışan xanımın səsi ayırdı: -Neyləyirsən? -Heç nə. Təbiətlə söhbət edirəm. -Kiminlə? Təzə qonşudu? Sualından, gözlərinin böyüməsindən hiss elədim ki, ya ağlıma şübhəsi yarandı, ya da məni “iş” başında yaxalayıb. Özüm də şübhələndim ki, yəqin sevgimi kiminləsə bölüşəndə ələ keçmişəm. Eksponatlarla ziyarətçiləri tanış edən muzey bələdçisi kimi əlimi həyətin ora-burasına gəzdirib sakit-sakit dilləndim: -Qızılgüllərlə, yarpaqlarla, çiçəklərlə, arılarla, qaratoyuqlarla. -Eh, sənin də işin, gücün qurtarıb deyəsən. Bəsdir də, əl çək bu sentimentallıqdan. -Yadımdan çıxmışdı. Sabahın xeyir. Heç olmasa sən “sabahın xeyir” demədin. Gərginliyin artım sürətini azaltmaq üçün hövsələmin “əyləc”i basıb müdafiəyə çəkilmək istəyirdim ki, hücumun daha güclü dalğası məni haqladı: -Nə sabahın xeyir e, dünya vecinə deyil. O böyük qaratoyuq var ha, – əliylə ağacın dibində yem axtaran sevgi “tərəfmüqabili”ndən bir az ağırçəkili qaratoyuğu göstərib söhbətinə davam etdi, – səndən qat-qat ailəcanlıdır. Külfətinə yem axtarır. Dönüb qaratoyuqlara baxdım. Uşaqların anası böyük qaratoyuq deyəndə yəqin ki, erkək quşu nəzərdə tuturdu. Düşündüm: “doğrudanmı, erkəklər həmişə böyük olur? Bəs niyə indi ailədə, cəmiyyətdə böyüklük, kiçiklik qalmayıb”? Səhərin gözü əməlli-başlı açılmamış ovqatım elə qarışdı ki, nitqim tutuldu. Amma o, (xanım deməyə dilim dönmədi) başladı, nə başladı: -Evdə duz belə yoxdu. Hələ pendiri, yağı, qəndi, əti, qatığı demirəm. Yaxşı ki, axşam nəvəyə iki çörək aldırmışam. Sən haradan biləsən ki, nəvələrin hazırlıq, bayram pullarının vaxtından üç gün keçib. Sinif rəhbərinin ad gününə hədiyyə almaq lazımdır, özü də sanballı. Hələ üç toy dəvətnaməsini demirəm. Oğlunun evə gec gəlməsi ilə heç maraqlanmısan? Xəbərin varmı harda veyillənir? Mən də bilmirəm. Allah bilir, kimin dizi cırıq şalvarlı qızına vurulub. Yerə-göyə sığışmır. Lap sənə oxşayıb. Dayılarına oxşasaydı nə vardı? Xanımın ağzının enerjisi aşıb-daşırdı, elə bil yenicə yüklənmişdi. Dayanmaq, nəfəs almaq yadına düşmürdü. Sanki yuxudan oyanar-oyanmaz, ya da elə yuxuda “monoloq”unu əzbərləyib yataq otağından çıxmışdı. Əslində xanımlar anadangəlmə fitri istedad sahibləridir. Onlar məşqə, qrimə, rejissora, suflyora ehtiyacı olmayan aktrisalardır. “Bir aktyorun teatrı”nı yaradanlar qadınları nəzərdə tutublar yəqin. Uşaqların anası “antrakt”sız – filansız “monoloq”unun ən qəliz yerinə – kulminasiya nöqtəsinə çatdığını o dəqiqə anladım. Uşaq ha deyiləm. Birinci dəfədi ki? O, ömrümüz boyu yaxamızdan əllərini çəkməyən sağalmaz yarama – kreditin ödənilməsinə “səhnə mizan”nına fikir vermədən məharətlə “keçid” etmək istəyəndə “təzyiq”lərə dözməyib tüfəngin lüləsindən çıxan, arxasına barıt doldurulmuş giliz kimi darvazadan küçəyə nə təhər atıldımsa, cəldliyimə özüm heyran qaldım, yəqin ki, o da… Qonşulara belə “salam” sözünü qıymayan polis rəisi qonşumuzun beşmərtəbəli evinin al – qırmızı damının üstündəki şappıltı səsinə başımı yuxarı qaldırdım. Dam örtüyünün üstündə iki qumru qanadlarını bir-birinə çırparaq, üzbəüz dayanıb bir – birinin gözünün içinə dik baxaraq şıltaqlıqla sevişirdilər. Dünya yansa belə onların vecinə deyildi. Hələ də yatağında xumarlanan şəhər istirahət gününün həzzini yaşayırdı. Nə olsun ki, Günəş günota yerinə doğru yoldaydı. Aşiq qumrular yatmış şəhərin mürgülü sakinlərini qanadlarının şappıltısı, eşq qığıltıları ilə oyatmağa çalışırdılar, ömrün yeni gününə səsləyirdilər. Kimiydi qumruların “sevgi himn”inə oyanan? Qəflət yuxusu gözlərini açmağa imkan verirdi ki, oyansın təkcə gözləri yox, həm də beyni yumuqlar? Belələri oksigen çatışmayan yorğan içində hardan bilsin ki, həyat gözəldir? Nəinki şəhərdəkilər, evlərinin damının üstündə eşq “roman”ı yaşayan qumruların çağırışını beşmərtəbəli imarətin qayğısız sakinləri də eşitmirdi. Qumrular ilahi “iş”indəydilər. Mən bu “iş”ə həsədlə baxıb gözümü qonşunun evinin damından çəkdim. Niyə bəxtəvərlərə mane olum ki? Sevgi ucalığından məni seyr edən qumruların nəzərlərindən halıma yandıqlarını hiss edirdim. Bəlkə də təsəlli üçün quş dilində nəsə deyirdilər? Mən Süleymam peyğəmbər deyiləm ki, quş dili bilim? Bilsəydim də onu eşidəcək əhvalda deyildim… Deyirlər, dünya gözəldir, yaşamaq da. Bəlkə də. Gözəlliyi hamının duymasına mane olan nədir bəs? İnsanların bitib-tükənməyən qayğılarmı, paslanan zövqümü, gözəlliyə laqeydliyimi, duyğuların kasadlığımı, bir-birini anlaya bilməməsimi? Şüursuz saydığımız canlılar qədər gözəlliyi duymaq bacarığı yoxdumu insanlarda? Yəqin ki, yoxdur. Olsaydı, qumruların xoşbəxtliyinə qibtə ilə baxmazdım… Aprel 2020