Bu gün böyük fikir adamı – Həsən Bəy Zərdabinin günüdür. Həsən bəy Azərbaycanın tarixində sadəcə “Əkinçi” qəzetini çıxarmaqla tarix olmadı.
Həsən bəy və onun silahdaşlarının başlatdıqları və öz dövrünə görə qəhrəmanlıq sayılacaq işlərin ən böyüyü Azərbaycanda bütün dövrlərdə milli kimliyin itməyinə səbəb olacaq faktorlarla mübarizə aparan fikir adamlarının yetişməsi idi.
Bəli, məhz Zərdabi “Əkinçi”si ilə silahdaşlarını təşkilatlandıraraq, Azərbaycanda türk milli kimliyini ümmətə qarşı qoya bildi, milli kimlik məsələsi heç vaxt assimilyasiya qorxusu altında olmadı, rusların bütün cəhdlərinə baxmayaraq, Azərbaycan türkü öz tarixinə, ənənələrinə sahib çıxmağı bacardı.
Həsən bəy həmçinin Cümhuriyyətimizin əsas nailiyyətlərindən biri olan müasirləşmək ideologiyası ilə turançılıq, türk milli kimliyi ideyasını da bir araya gətirən böyük fikir adamlarımızdan idi.
Demək ki, hər millətin millət kimi var oluşu onun tarixində gəlib keçmiş fikir adamlarının səyi və əməyi nəticəsində baş verir.
Həsən bəy Zərdabinin əziz xatirəsini böyük ehtiramla yad edirəm!
27 iyun 1918-ci ildə Türk dili rəsmi dövlət dili elan edilib.
Dövlət dilimizin elan olunmasından 106 il keçir.
Dünən Ordumuzun yaranmasının 106 illiyini qeyd etdik. Ümumiyyətlə zaman-zaman Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının ölkəmiz üçün əlamətdar olan, özəlliklə dövlət tarixi ilə bağlı məsələlərdə təməlin Cümhuriyyət dönəmindən götürməsi həm hüquq, həm siyasi-ideoloji olaraq doğrudur və vacib amildir.
Lakin bu sadəcə dövlət qurumlarının yaradılışı ilə olmamalıdır. Biz sadəcə yaradılan nazirliklərin varisi deyilik axı. Biz hər şeydən öncə “Millətlərə İstiqlal, İnsanlara Hürriyət” fikrinin varisləriyik. Biz bu fikirlərlə Azərbaycan türklərinin dövlət anlayışının necə bir fəlsəfəyə söykəndiyini tarixdə dövlət quraraq isbat etdik.
Qurduğumuz dövlətin dili isə 27 iyun 1918-ci ildə Azərbaycan Hökuməti tərəfindən dövlət dili haqqında qərar qəbul edilərək Türk dili rəsmi dövlət dili elan edilib.
Azərbaycan xalqının 70 illik sovet əsarəti dövründə öz kökündən qopmamasının, Türkçülük ideologiyasını daha da gücləndirməsinin təməlində bu cür tarixi qərarlar dayanır. Qeyd etmək yerinə düşərdi ki, 1926-cı ildə keçirilən və bütün Türk cümhuriyyətlərindən elm adamları, ziyalıların iştirak etdiyi ilk türkoloji qurultay Bakıda baş tutub.
Cümhuriyyət dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi.
Hesab edirəm ki, cümhuriyyətçi babalarımızdan bizə miras qalan ideologiyanı inkişaf etdirməli, Türk kimliyinin gücləndirilməsi üçün vacib olan dil amilinə xüsusi önəm verməli və xarici təsirlərdən qorumalıyıq. Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin Dövlət dilinə çevrilməsi üzərində qurulur.
Bu da o deməkdir ki, dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aiddir. Və bu gün siyasi olaraq bir türk ailəsi modelindən dövlətin ən üst səviyyələrində fikirlər dilə gətirilirsə demək ki, bu məsələyədə yenidən baxmaq günümüzün reallığıdır.
Bunu isə aydınlarımız müzakirəyə çıxartmalıdırlar. Aydınlarımız isə susur. Susqunluqla aydın olmaq mümkün deyil, cənablar. Aydını olmayan cəmiyyət qaranlığa məhkumdur. Tarixi və zamanı unutmayın.
P.S.Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. Bu gün həm də onu anmaq haqqıdır.
Bir neçə müddətdir gənc yazarlarımızın, aydınlarımızın yazıçı Əkrəm Əylisli ilə bağlı paylaşımlarına rast gəlirəm. Əkrəm Əylisli haqqında aparılan istintaqla bağlı şəxsiyyət vəsiqəsinin bir neçə ildir özündə olmadığını, indi isə özünə qaytarılmasını istəyir.
Mən burada Əkrəm Əylislinin şəxsinin üzərində durmaq istəmirəm. Mənim şəxsi düşüncəmə görə (bu savaşın bütün ağrı-acılarını hər formada yaşayan biri olaraq da) heç şübhəsiz ki, yazıçının etdiyi səhvlərin mənəvi cəhətdən əfvi yoxdur.
Xocalı soyqırımını yaşayan və bunu yaşadanın erməni olduğunu bilərək, torpaqları ermənilər tərəfindən işğal olunmuş bir xalqın yazıçısının erməniləri məzlum və yazıq, əzilən, öz xalqını isə qatil göstərməsi nəinki bir dəfəlik Əylisini mənəvi cəhətdən xalqın aydınları sırasından çıxardı, əslinə qalsa ədalətsiz və yalançı mövqeyinə və insan taleyinə biganəliyinə görə yazıçı adını bizim üçün məhv etdi.
Kimliyindən asılı olmayaraq, Qarabağda yaşananlara, sadəcə, milli, vicdani və mənəvi məsələ olaraq deyil, elə insani olaraq ədalət hissi ilə yanaşanda belə, məgər əzilən və haqsızlığa uğrayan biz deyildikmi? Yazçının bu məsələdə tutduğu mövqe yaşına görə məsələni mənəvi cəhətdən yüngülləşirmir. 87 yaşda olmaq heç cürə ona haqq vermir.
Qısacası, böyük yazıçı ölkəsinin sevilən yazıçısı olmaqdan özünü mərhum etdi. Ancaq düşdüyü durum məni bir Azərbaycan vətəndaşı kimi narahat edir. Hər bir vətəndaş kimi, əgər Əkrəm Əylislinin də qanun çərçivisində günahı varsa, hüquqi cəza almalıdır. Hüquq xaricində əsla bir cəza verilməməlidir.
Biz insanların mənəvi səhvləri üzərində “hüquqi cəzalarla” davrana bilmərik. Bu gün ona edilən hüquqsuzluq sabah bizim hər birimizə ediləcək, necə ki, edilir. Hüquqsuz cəmiyyətdə daş ötüb dolaşıb onu qura bilməyən vətəndaşına dəyir. Yəni Azərbaycan vətəndaşına.
Əkrəm Əylisliyə və ya başqa birinə mənəvi səhvlərinə görə “hüquqla” cəza kəsilməsi isə sabahımıza zərbədir.
Bu mənada gənc aydınlarımızın Əkrəm Əylislinin hüquqi olaraq məsələlərinin çözümü ilə bağlı çağırışlarına qoşuluram. Digər bir tərəfdən isə, biz Ermənistanla sülh müqaviləsi bağlayıb bir an öncə Qafqazda əmin-amanlığa nail olmaq istəyiriksə, artıq birmənalı şəkildə bu cür hüquq pozuntuları ortadan qaldırılmalıdır ki, bu münaqişənin bitməsini istəməyənlərin əlində belə ucuz bəhanələr olmasın.
Bəli bizim bu savaşdan qalib çıxmağımız lazım idi, çünki bu vicdanın labüd etdiyi bir savaş idi. Biz min şükürlər olsun ki, zəfər qazandıq! Fəqət artıq savaşdan sonrakı dövrdə məmləkət mədəniyyət və ədalət üzərində inşa olunmalıdır, savaş qalibiyyəti üzərində deyil.
Bu gün türkçülük ideyalarının inkişafında, millətinin maariflənməsində böyük xidmətləri olan Əhməd Ağaoğlunun anım günüdür.
Əhməd bəy Ağaoğlu “Bizim millətçilər” adlı məqaləsində yazırdı:”Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o xalqların həyatında bir zərurətdir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz, onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq… Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”.
Millətçiliyin gərəkliyi mövzusunda “Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqaləsində isə yazırdı:” Cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!” deyə bildirirdi.
Milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirən, Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.
“Azad qadınsız milli inkişaf ola bilməz” fikrini məqalələrində sübuta yetirirdi.
Azərbaycan siyasi fikrinin görkəmli nümayəndəsi, türkçülük ideyasının əsasını qoyan ideoloqlardan biri, Cümhuriyyət dövrünün fəal ictimai xadimi Əhməd Ağaoğlunun xatirəsini dərin sayğı ilə yad edirəm!
Sovet Rusiyasının törətdiyi soqırımlardan daha biri – Krım türklərinin Özbəkistana sürgün edilməsindən 74 il ötür.
1944-cü il mayın 18-də yüz minlərlə Krım türkü Stalinin tapşırığı ilə doğma torpaqlarından zorla çıxarılaraq, minlərlə kilometr uzaqda yerləşən Özbəkistana sürgün edilib.
Üç gün davam edən sürgün prosesində 400 mindən çox Krım türkü qadın, uşaq, yaşlı fərqi qoyulmadan heyvanların daşındığı qatarlara doldurularaq, uzaqlara göndərilib. Günlərlə davam edən məşəqqətli səfər zamanı 8 minədək günahsız insan yolda həlak olub. On minlərlə Krım türkü məcburən köçürüldüyü ərazinin şəraitinə dözməyərək, dünyasını dəyişib.
İşğal etdiyi bütün torpaqlarda yerli xalqları soyqırımına məruz qoyan Çar Rusiyası və onun xələfi SSRİ-nin bu siyasəti ,Türklərin doğma torpaqlarından məcburi köçürülməsi Türkiyənin Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi idi.
Stalin Krım türklərinin bütün izlərini aradan qaldırmağa çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıyaalmalarında bu etnik qrupun adının çəkilməsini qadağan etmişdi. Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım türklərinin geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi. 1980-ci illərin sonlarınadək Mərkəzi Asiyada yaşamağa davam edən Krım türklərindən 260 min nəfəri 45 il sonra əvvəlki yurd-yuvasına geri qayıda bildi.
Krım Ali Şurası 14 noyabr 1989-cu ildə Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiyanı cinayət kimi qəbul etdi.
12 dekabr 2015-ci ildə isə Ukrayna Ali Radası bu hadisələri soyqırımı kimi tanıdı, 18 may Ukraynada Krım türklərinin soyqırımı günü kimi ölkə təqviminə salındı.
Sürgün zamanı həlak olmuş Krım türklərinin əziz xatirəsini ehtiramla yad edirəm!
Gənclərimiz qonşularımızı yaxşı tanımalı,oxumalı və öyrənməlidirlər.
May ayı, doğrudan da, Azərbaycan türklərinin həyatında misilsiz bir aydır. Bəlkə də, bu aya gələcəkdə “Azadlıq aşiqləri” adı vermək olar.
Dünəndən baxıram bu ayda kimlər doğulmayıb, Əlimərdan bəy Topçubaşov, Əhməd Cavad, Fuad Poladov… Musa Yaqub demişkən, “Və başqaları” …
Ən əsası isə bu ayda CÜMHURİYYƏT doğulub..
Nə gözəl aymışsan sən, May ayı… Millətlərin taleyində elə şəxsiyyətlər var ki, onlar sadəcə fikir deyil, həm də əməl böyükləridir. Onların fəaliyyəti daim öz millətlərinin taleyində canlılıq yaradıb. Bizim millətimiz fikir və əməli bütöv şəxsiyyətlərimizlə çox zəngindir. Sadəcə insanımıza tariximizi və böyüklərimizi tanıtmalıyıq ki, doğru cəmiyyət qura bilsinlər.
Bu aspektdən yanaşaraq zaman-zaman böyük şəxsiyyətlər haqqında paylaşımlar edirəm.
Türk millətçiliyinin fikir babası, bir ölkənin HAQQ bağıran səsi, millət aşiqi Əhməd Cavadı doğum günündə anmaq isə nəfəs qədər vacibdir.
Millətə fəda olunan bir ömrün və ailənin sahibi Əhməd Cavad…
Sınmayan insanların örnək cəsarət və millət sevgisinin tablosu idi bu ömür yolu…
Həbsxanada keçirdiyi son günlərdə yanına ziyarətə gələn bir dostuna sonuncu şeirini əzbərlədir: “Ağaclara baxaraq deyəcəm, sən də əzbərlə. Bu günlər gəlib keçəcək, gözəl, hürriyyət dolu günlər gələndə sən də bu şeiri yazıb oğluma çatdırarsan. O da şeiri dərc elətdirib, millətimə hədiyyə edər” demişdi. Şeir “Susmaram” adlanırdı.
Mən bir qulam, yük altında əzilmişəm, qardaşım, Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım, Damğa vurub, zəncirləyib, tullayıblar zindana, Qarlı-qışlı cəhənnəmlər məskən olmuşdur mənə. Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam, Böhranların, hicranların, məhbəsində qalacam? Niyə susum, danışmayım, insanlıqda payım var, Mənim ana Vətənimdir talan olan bu diyar. Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq, Oğuzların, elhanların, vətənində kimdir bax! Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut, Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut! Necə susum, danışmayım, mən eləyim xəyanət? Hanı sevgi, hanı Vətən, de harda qaldı millət? Mən bir qulam, yerim qızıl, suyum gümüş, özüm ac, Atam məhkum, anam məzlum, elim hər şeyə möhtac. Mən bir türk övladıyam, dərin ağlım, zəkam var, Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar? Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam, Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
Bu gün Dünyanın Şərqi və Qərbində səpələnmiş, böyük tarixin varisi, zəngin mədəniyyətin sahibi , milli kimliyimizin üzü Türklərin və Türklüyün günüdür. İllər öncə yazdığım “Türk kimdir” məqaləmi bir daha paylaşaraq irqi deyil, sosial varlıq olaraq özünü Türk sayanlara ərməğan edirəm.
MÜMKÜNMÜ AYIRSIN BİZİ “İNCİL” İLƏ “QURAN”?
Sosiologiya elminə görə, fərdlər dünyaya gələndə heç bir sosial status daşımazlar. Yəni sosial duyğu və düşüncələrindən heç birini özləri ilə gətirməzlər dünyaya. Məsələn, dil, din, əxlaq, estetika, siyasət, hüquq, iqtisadiyyat sahəsinə aid heç bir duyğu və düşüncə fərdlərlə birlikdə doğulmaz. Hamısı sonradan, tərbiyə yolu ilə cəmiyyətdən alınır. Bunları uşaqkən hansı cəmiyyətdən götürmüşüksə, daima həmin cəmiyyətdə yaşamaq istəyirik. (Ziya Gokalp)
Bu gün yaşadığımız cəmiyyətdə həm maddi, həm də mənəvi çətinliklərlə kifayət qədər qarşılaşırıq. Hər gün eşitdiyimiz xəbərlər, sanki qəddarlıq yarışmasında birincilik uğrunda mübarizə getdiyi təəssüratı yaradır. Bir-birindən qorxunc, əsassız cinayətlər gündəlik həyatımızın bir hissəsinə çevrilib. Buna yol açan səbəblər hansılardır? Getdikcə dərinləşən mənəviyyatsızlıq, cəmiyyəti bürüyən etinasızlıq robotlaşan və manqurtlaşan insan tərəfindən artıq normal qarşılanır. Çünki bir manqurtun mənəvi dünyası yoxdur. Manqurt üçün kök də yoxdur, özgə və özününkü də yoxdur, sadəcə özü var. Mənəvi dəyərlərə önəm verməyən, öz kiçik məqsədləri üçün yaşayan bir tip. Üstəlik bu tiplər yaşadıqları həyat tərzini daha doğru sayıb başqa türlü düşünənləri bəyənmirlər.
Halbuki gedən proseslər böyük zaman kəsiyində baş verənlərin məntiqi nəticəsidir. Fikrimcə, tariximizi doğru bilsək, problemlərimizin çoxu öz-özünə çözülər. Bəzən düşünürəm ki, niyə indiki gənclik tariximizə, milli kimliyimizə ironiya ilə baxır? Gəldiyim nəticə budur ki, onlar belə yetişdirilirlər. Tariximizi bilsələr, düşünsələr, beyinlərində olan yanlış bilgiləri silsələr, doğru yol tapacaqlar.
Türkün tarixini bilmək hələ pafosla “dünyanı fəth etmişik, 16 imperatorluq yaratmışıq” və sair bu kimi fikirlər deməklə bitmir. Türkün kimliyi bildiyimiz savaşçı obrazı ilə də tamamlanmır.
Türk kimdir?
Türk, həqiqətən, savaşçı olub, nəhəng əraziləri istila edib, xalqları öz hökmranlığı altına alıb. Lakin heç vaxt maddi və mənəvi dəyəri olan heç nəyə toxunmayıb, dağıtmayıb. Bütün xalqlara, onların dini etiqadlarına hörmətlə yanaşıb. V əsrdə Xəzər xaqanlığını yaratmış türklər orta əsrlərdə tolerant bir dövlət qurublar. Rus tarixçisi M. Artamonov qeyd edir ki, Xəzər imperatorluğunda hətta qulların belə hüququ tapdanmırdı. L.Qumilyov da eyni sözləri göytürklər haqqında yazırdı, İstemi xanı məharətli və bacarıqlı bir siyasi xadim kimi təqdim edirdi, onun istila etdiyi xalqlarla gözəl davrandığını deyirdi. Matriarxatın uzun sürdüyü türk cəmiyyətində qadına münasibət bütün xalqlara örnək olacaq səviyyədə idi. Lakin türklər islamı qəbul edəndən sonra qadının cəmiyyətdəki yeri dəyişdi. Böyük ideoloq, türkçülüyün atası Əhməd bəy Ağaoğlunun da fikrincə, islamın ən qüsurlu tərəflərindən biri qadına münasibətdir. Türkün qadına münasibəti və islamın qadına münasibətindəki fərqi Ağaoğlu bu cür açıqlayırdı: “Boğucu hərəm havası içində keçən tənbəl və sırf heyvani bir həyat qadının fiziki inkişafına imkan vermədiyindən irqin fiziki çöküşünə də yol açmaqdadır”. Fiziki çöküş mütləq mənəvi çöküşə də yol açır. Bu proses dünyaya baxışımızda və əxlaqımızda ciddi çatlar əmələ gətirdi. Uzun əsrlər təhsildən, sevməkdən, hətta rahat nəfəs almaqdan (örtüksüz) mərhum edilən türk qadınının verdiyi tərbiyədə də qüsurlar olmalı idi. Acınacaqlıdır ki, XX əsrdə öz hüququnu bərpa edən türk qadınlarının əksəriyyəti (Türkiyə Cumhuriyyətinin vətəndaşları istisnadır) sovet ideologiyasına tuş gəldilər.
Qeyd etdiyimiz kimi, qədim türk cəmiyyətində qadına münasibət ən üst səviyyədə olub. Belə ki, başqa xalqlar təzə doğulan qızları diri-diri basdıranda türklər qızın doğulmağını bayram eləyirdilər.
Türk tarixi haqqında yazan bütün müəlliflər qeyd edir ki, türk cəmiyyətində qızlar sevib- seçib sonra evlənirdilər. Bu faktların hamısı Kitabi -Dədə Qorqudda da müəyyən qədər öz əksini tapıb. Hətta islama qədərki və islamın ilk gəldiyi illərdə öz yaxın qohumu, xüsusən də, ata qohumu ilə evlənmək yasaq idi və ölümlə cəzalandırılırdı.
Bunu ərəb səyahətçisi İbn Fadlan da oğuzlar haqqındakı qeydlərində yazıb. Müasir tibb də sübut edir ki, yaxın qohumların evlənməyi, xüsusən də ata xətti ilə yaxın qohumların evliliyi sağlam nəslin yetişməsi üçün təhlükədir. Bu gün “qırağa çıxmayım, özümünkünü alım” prinsipi ilə yaşayan azərbaycanlılar fiziki məhdudiyyətli uşaqların bu qədər çox doğulmağına təəccüblənirlər. Halbuki öz qədim adətlərini bilsəydilər, qədim türklər kimi sağlam olardılar.
Amma qüsur təkcə fiziki tərəfimizdə deyil. Dünyagörüşümüzdə də ciddi nöqsanlar var. Dünyaya tanrının yaratdığı yer kimi baxan türklər burda yaşayan xalqları dininə və cinsinə görə bölməyi ağıllarına belə gətirmirdilər.
Bəli, türkün üstün tərəfi savaşçı olması deyildi. Onun üstün tərəfi dövlət idarəçiliyində, cəmiyyətdə dinindən, cinsindən, hətta sosial statusundan asılı olmayaraq hər kəsin haqqını tanıması idi.
Lakin bütün bunlar çox az öyrənilir və az təbliğ edilir. Baxmayaraq ki, türklərin bir etnos kimi yaşı min illiklərə söykənir, türkçülük bir elm kimi XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başlayıb. Əsası Ziya Gökalp, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçura və başqaları tərəfindən qoyulub. Sonralar bu xətt yalnız Türkiyə dövlətində davam etdirilib. Digər Türk dövlətləri isə sovet işğalı altında olduğuna görə proses yarımçıq qalıb.
Ancaq bizim ən ciddi problemlərimizdən biri o oldu ki, iki böyük türk dövlətində millət termininə düzgün tərif verilmədi. Türkiyədə yaşayan bütün xalqlar ümumi olaraq türk, Azərbaycanda isə azərbaycanlı adlandırıldı. Faciə ondaydı ki, əsli türk olmayan xalqlar özlərinin milli kimlik məsələsində türklərdən bir addım öndə idilər. Onlar həmişə özlərini türklərdən fərqləndirir və əsl adlarını qoruyub saxlayırdılar.
Bəs əsrin əvvəlində qurulmuş iki böyük türk dövlətində yaranan milli ideoloji problemlərin kökündə nə dururdu? İlk öncə Türkiyə Cumhuriyyətindən başlayaq. Osmanlı imperiyasının yerində çiçəklənən Türkiyə Cumhuriyyətində türkçülük siyasi məfkurə kimi sərbəst idi və onun ideoloqları da geniş imkana malik idilər. Buna baxmayaraq, Türkiyədəki türkçülüyü sağlam adlandırmaq çətindi. O, tam mənası ilə Ziya Gökalp və Əli bəy Hüseynzadənin tezislərinə söykənməyən məfkurədir. Bunun da öz kökləri var. İş ondadır ki, Osmanlı imperiyasında ümmət millətdən üstün tutulurdu. Müsəlman olan hər kəs ümmət idi və bu ümmətin içində türk kimliyi əriyib gedirdi, hər kəs özünü osmanlı sayırdı. Yusuf Akçura yazırdı ki, “Osmanlının sosial həyatında millət məsələsi lazımi səviyyədə təhlil edilib aydınlaşdırılmamış, millət kəlməsinə açıq bir məna verilməmişdi.” Ona görə də cumhuriyyət qurulandan sonra əvvəllər özünə osmanlı deyən hər kəs indi də avtomatik türkəm dedi. Beləliklə də bu qarışıq toplum Türk adlandırıldı. Fərqlənənlər yalnız Türkiyə Cumhuriyyətinin xristian vətəndaşları idi. Məhz, bu səbəbdən də Türkiyədə türkçülük islam dəyərləri üzərində inkişaf etdi. Ona görə də bu günkü türk miliyyətçilərini təmsil edən MHP-nin mənzərəsi islamçı AKP-dən ciddi fərqlənmir.
Azərbaycanda isə türkçülük ideologiyasına tapınanlar bunu çox dar və məhdud çərçivədə bəyan edə bilirdilər. Amma bütün hallarda onların yolu daha sağlam və daha düzgün idi. Sovet işğalı Azərbaycanda türkçülük ideologiyasını və məfkurəsini daha amansız şəkildə məhv etdi. Bir xalqa qarşı soyqırım etmək üçün milyonları öldürməyə gərək yoxdur, onun düşünən beynini məhv etmək yetərlidir. Əhməd Cavad və Hüseyn Cavid kimi ideoloqlar repressiya qurbanı oldular. Türkçülük siyasi məfkurə kimi rəsmən kommunizm rejiminin düşməni elan edildi. Üstəgəl, 37-nin repressiyaları ölkədə olan bütün türkçü ideoloqları bir-bir dənlədi.
Böyük, savadsız kütlə iyrənc bir ideologiyanın altında “savadlandırılmağa” başlandı. Milli məfkurənin ideoloqları – Ziya Gökalp, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçuranın əsərlərindən xəbərsiz olan bu insanlar milli kimliklərini itirdilər. Müsəlman qövmü, ümmət kimi anlayışların yerinə bu dəfə də kommunist və sovet insanı anlayışı gəldi. Əsarəti və cəhaləti rədd edən sovet ideologiyası manqurtlaşmış ziyalı obrazı yaratmağa başladı. Təkcə dini yox, milli adətlərə də qadağalar qoyulurdu. Bizə göstərilən örnək artıq ərəblər və farslar yox, “böyük rus xalqı” idi.
«Biz niyə indi beləyik?» sualı bu günün yox, uzun illər məruz qaldığımız amneziyanın nəticəsidir. Milli kimlik məsələsindəki boşluq sovetlər dağılandan sonra özünü daha çox büruzə verdi. Xalq hərəkatının cəmiyyətdəki rolu azaldıqca yeni islamçılar boş qalan meydanda at oynatmağa başladılar. Və biz yenidən qayıtdıq cəhalət iyi gələn ümmət məsələsinə. Lakin cəmiyyətin problemi tək islamda və ya qeyri dinlərdə deyil. Nə zamana kimi milli məfkurə xalqın ziyalıları tərəfindən cəmiyyətə lazım olan səviyyədə çatdırılmayacaq, təbliğ edilməyəcək, bu kimi neqativ hallar davam edəcək. Gah xristian missionerləri meydanda at oynadacaq, gah sünni-şiə qarşıdurması baş alıb gedəcək, gah da havadan kommunizm qoxusu gələcək. Və bütün bu mənfi halların nəticəsi kimi biz qarşımızda öz milli kimliyinə ironiya ilə baxan, irreal “dünyəvi, bəşəri” ideyaların daşıyıcıları olan indiki gəncliyi görəcəyik. Bu prosesdən də elə ən çox itirən, məhz, həmin gənclik olacaq. Zənnimizcə, türkçülük məfkurəsi kifayət qədər güclü bir ideologiyadır və gəncliyi arxasınca apara bilər. Bir zamanlar bizə ümidlə baxan Əli bəy Hüseynzadə kimi biz də eyni ümidlə gələcəyə baxırıq.
Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan, Əcdadımızın müştərəkən mənşəyi Turan!.. Bir dindəyiz biz, həpimiz hak-pərəstan; Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”? Çingizləri titrətdi bu afaqı sərasər, Teymurları hökm etdi şahənşahlara yeksər. Fatehlərinə keçdi bütün kişvəri-qeysər! (Əli bəy Hüseynzadə)