Məzarının yeri soydaşlarına, hətta ailəsinə belə bəlli olmayan, naməlum taleyin burulğanlarında sovrulan Zərdabi yadigarı – Səfvət bəy Məlikov. Həsən bəy Zərdabinin oğlu Səfvət Məlikov haqqında Azərbaycan xalqı – alimlərimiz, ziyalılarımız, tədqiqatçılarımız uzun illər məlumatsız idi. Bir çoxları elə bu gün də məlumatsızdır… O, böyük maarifçi Həsən bəyin dörd övladının üçüncüsü idi. 1898-ci ildə doğulan Səfvət Zərdabi 1917-ci ildə Latviyada Riqa Politexnik Universitetinə daxil olub, daha sonra təhsilini Almaniyada davam etdirərək mühəndis ixtisasına yiyələnib. Onun adı Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində olsa da, naməlum səbəblərdən konfransa qatıla bilməyib. Səfvət Zərdabi 1921-ci ildə ölkəmizi tərk edib və bir daha geri qayıtmayıb. Türkiyədə yaşayan Səfvət Zərdabi mühacirət mətbuatının formalaşmasında yaxından iştirak edib, “Türk izi” və “Mücahid” dərgilərində siyasi-publisistik yazıları dərc edilib. 1952-ci ildə Ankarada yaradılmış Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucularından olub. Ankaranın memarlıq-quruculuq işlərində böyük rolu olan Səfvət Zərdabinin şəkli Türkiyə memarlıq muzeyində qorunur. 1976-cı ildə vəfat edən Səfvət Zərdabinin məzarı uzun illər, təxminən, 50 il naməlum qalmışdır. 2016-cı ildə görkəmli tədqiqatçı Akif Aşırlının zəhməti ilə məzarın yeri müəyyən edilmiş və Səfvət bəy haqqında bir çox faktlar ictimaiyyətə təqdim edilmişdir. Belə ki, onun məzarı Ankaranın Karşıyaka məzarlığında həyat yoldaşı Nəzihə xanımın məzarının yanında tapılmışdır. Bəzi dərgilərdə Səfvət Zərdabinin ömrünün sonlarına yaxın yazdığı tərcümeyi-hal, fotoları və məqalələri dərc olunub. Onun mühacirətdə yazdığı məqalələrin bir qismi Akif Aşırlının “Həsən bəy Zərdabinin varisi” kitabında yer alıb. Bütün bunlara rəğmən Səfvət Zərdabinin vəfatı və dəfni ilə bağlı təfsilatlı məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Akif Aşırlı ümidlərini itirməyərək araşdırmalarını davam etdirib. Mücahid soydaşımızın məzarını tapmaq üçün hər dəfə Türkiyəyə gedəndə məzarlıq müdirlikləri ilə maraqlanıb. Məzarı əvvəl İstanbulda axtarsa da, sonra buna Ankarada qərar verib. Onun sözlərinə görə, Ankarada Əsri məzarlığında aldığı məlumatdan sonra məzarı tapa bilib: “Ankaraya səfərlərimin birində Əsri məzarlığına – Məmməd Əmin Rəsulzadənin də məzarı olan yerə getdim. Maraqlandım, arxivi araşdırdılar, 1976-cı ildə həmin məzarlıqda Səfvət Məlik Zərdabi adlı şəxsin dəfn olunmadığını bildirdilər. Lakin mənə məlumat verdilər ki, elə Ankarada yerləşən Karşıyaka məzarlığında Nəzihə Məlik Zərdabi adlı bir nəfərin qəbri var. Elə bunu eşidər-eşitməz, ora yola düzəldim…” Beləliklə, bir neçə illik araşdırmadan sonra Səfvət Zərdabinin Ankaranın Karşıyaka məzarlığında dəfn edildiyi aşkarlandı. Onun məzar daşının üzərində “Azerbaycan eşrafından Hasan beyin ve Hanife hanımın oğulları Safvet Melik Zerdabi. Ruhuna fatiha. 1898 – 1976” sözləri yazılıb.
Milli Mətbuat gününüz qutlu olsun, dəyərli, Zaur USTAC! HƏSƏN BƏY ZƏRDABİ necə ki, “Əkinçi”nin əsasını qoydu, milləti aydınlatdı, siz də “Yazarlar”ı yaradıb, neçə-neçə istedadlı simaları tanıtdırıb, onlara uzun yol açdınız! Siz “ziyalı” titulunu həqiqətən əməlinizlə sübuta yetirənlərdənsiniz. Ürəyi vətən eşqi ilə alışıb yanan, torpaqlara qovuşmaq üçün çabalayan, qovuşduqdan sonra sevincini bölüşmək üçün hər anını bizimlə bölüşən, millətini sevən əqidədaş! Sizin tək insanlar çox olsun gərək. Baxın, onda vətən basılmaz, vətənin çörəyi də bol olar, zəkası ilə cahillərə meydan oxuyan insanları da! Var olun! Allah sizi qorusun!
HƏSƏN BƏYƏ MƏKTUB Əzizimiz Həsən bəy, gəl, sən heç narahat olma! İndi jurnal çıxartmaq, qəzet çap etdirmək çox asandır. Kim istəyir bir mətbəə açır, qəzet, jurnal, kitab yazır. İndi millətimizin oxuma, yazma bilməyəni qalmayıb. Hətta , kəndlərimizdə də təhsil ocaqları tikilib, ayaq izi dəyməyən ucqar dağ obalarında elm öyrədən vicdanlı müəllimlərimiz var. Mirzə Fətəli Axundov gileylənirdi: “Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı, kim alsın? Bir haldaki, şəhərdə və kəndlərdə, obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər. Onlar qəzeti alıb neyləsinlər?”… Əzizimiz Axundov, artıq bizim də çobanlarımız rus çobanları kimi oxumaq, yazmaq bilir, hətta aralarında universitet bitirənləri də var. Həsən bəy, nigaran qalma, indi təkcə bəylərin yox, əhalimizin yarı faizindən çoxunun qəzet almağa vəsaiti var. Qəzet də var, yazan da var, oxuyabilən də, fəqət acı həqiqətdir ki, qəzet alanlar azdır. Bir –iki idarə, müəssisə , təşkilatlar abunə olmasa rəngli kağızları göz oxşayan qəzetlər elə piştaxtalarda qalar. “Maarifdən , elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyə oyatdığınız maarifçilik ideyaları elə kök salıb ki, İşığımız gur yanır. Tələbələrimiz dünyanın ən məşhur universitetlərində təhsil ala bilir. “Adam yazıb oxumağı bir tək məktəbxanada öyrənməz, məktəbxana işin ibtidası üçündür. Gərək qəzetlər, kitablar, jurnallar olsun ki, onları oxumaqla elm və savad kəsb olunsun” (Həsən bəy Zərdabi sözü) Bu sözlərlə rüşeym atılan milli mətbuatımız illər sonra “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir” deyən Ümummili liderimiz Heydər Əliyevin sözləri, əməlləri ilə özünə yeni inkişaf yolu seçdi. Mənəvi xəzinəmiz olan Azərbaycan Respublikası Milli Arxiv Fondunun tərkibini araşdırdıqda keçmişin dövrü mətbuatı ilə bu günkü və Sovet dönəmində olan mətbuatı müqayisə etmək imkanımız var. 149 illik yolun bütün çalarlarını özündə saxlayan arxivlərimiz saxlanc yerimizdir. Arxivdə mühafizə olunan “Əkinçi”, “Molla Nəsrəddin”, “Fyuzat”, “Azərbaycan, “Şərqi Rus”, “Bakı”, “Yeni Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Dəbistan” və s. qəzet və jurnallar tarixi əsərlərə çevrilib. Həsən bəy Zərdabilər, Cəlil Məmmədquluzadələr, Üzeyir Hacıbəylilər, Nəriman Nərimanovlar, Əhməd bəy Ağaoğlular və digərləri hər cür mətbuatı qəbul etməyib, millətin əməkçi insanına, milli azadlıq hərəkatına, beynəlxalq aləmdəki nüfuzuna xidmət edərək haqsızlığa, rəzalətə, yaltaqlığa çevrilən mətbuat nümunələrini tənqid ediblər. Sovet dönəmində bəzi təsirlərə məruz qalsa da, Heydər Əliyevin qayıdışından sonra hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlanıldı. Ulu Öndərin 1998-ci ilin avqustunda imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın aradan qaldırılması, 1999-cu ildə “KİV haqqında ” Azərbaycan Respublikasının qanununun, digər normativ hüquqi aktların qəbulu, milli mətbuatımızı daha da cücərtdi.
… Hörmətli Həsən bəy, Sizin zamanlarda kənar qüvvələrin məhdudlaşdırdığı mətbuatımız vardı, bu gün isə dünya mətbuatının gündəmindən düşməyən güclü sərkərdəmiz- İlham Əliyev kimi rəqibsiz liderimiz, qol gücü ilə Vətəni xilas edən Şuşa fatehlərimiz var. İndi suveren dövlətimiz, güclü ordumuz səs salıb dünyaya. Sizin qarış-qarış gəzdiyiniz ata-baba torpaqlarımızda – Şuşada 50 ölkənin media təmsilçisi liderimiizin başına toplandı. Kıbrıs barış hərəkatının 50-ci yüz illiyində Dünyaya Azərbaycandan barış şüarı yayıldı. Burada səsləndirilən çağırışlar qalib Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdimatı oldu. Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediası üçün tarixi hadisədir. Arxiv fondumuzdan Cəlil Məmmədquluzadənin Həmidə xanıma (həyat yoldaşı) yazdığı məktubu oxuyuruq: … Əzizim Həmidə, gəl , sən heç narahat olma! Ümidvaram ki, üzümüzə gələn ildə jurnalın işlərini yoluna salacağam, dünən Zeynal teleqramla Yessentukiyə 120 nüsxə göndərməyi tələb eləyib. Bilmirəm o bu qədər jurnalı orada necə satacaq. Kağızımı alan kimi mənə cavab yaz. Xudahafiz. Cəlil. 7 iyul 1914 Tiflis. (Az.Respublikası Dövlət Ədəbiyyat İncəsənət Arxivi, Fond 255) Əzizimiz Mirzə Cəlil , gəl, sən də heç narahat olma! Bu gün qəzet alanlarımız az olsa da, bu gün azad mətbuatımız var. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq. Biz arxivçilər Milli mətbuatımızın dünənini, bu gününü gələcək nəsillərə çatdırmaq üçün daha fəal çalışmalıyıq. Bu bizim müqəddəs borcumuzdur. Əzizimiz Həsən bəy, işığımız qabaqdadır. Mətbuat günümüz kutlu olsun!
Bu gün böyük fikir adamı – Həsən Bəy Zərdabinin günüdür. Həsən bəy Azərbaycanın tarixində sadəcə “Əkinçi” qəzetini çıxarmaqla tarix olmadı.
Həsən bəy və onun silahdaşlarının başlatdıqları və öz dövrünə görə qəhrəmanlıq sayılacaq işlərin ən böyüyü Azərbaycanda bütün dövrlərdə milli kimliyin itməyinə səbəb olacaq faktorlarla mübarizə aparan fikir adamlarının yetişməsi idi.
Bəli, məhz Zərdabi “Əkinçi”si ilə silahdaşlarını təşkilatlandıraraq, Azərbaycanda türk milli kimliyini ümmətə qarşı qoya bildi, milli kimlik məsələsi heç vaxt assimilyasiya qorxusu altında olmadı, rusların bütün cəhdlərinə baxmayaraq, Azərbaycan türkü öz tarixinə, ənənələrinə sahib çıxmağı bacardı.
Həsən bəy həmçinin Cümhuriyyətimizin əsas nailiyyətlərindən biri olan müasirləşmək ideologiyası ilə turançılıq, türk milli kimliyi ideyasını da bir araya gətirən böyük fikir adamlarımızdan idi.
Demək ki, hər millətin millət kimi var oluşu onun tarixində gəlib keçmiş fikir adamlarının səyi və əməyi nəticəsində baş verir.
Həsən bəy Zərdabinin əziz xatirəsini böyük ehtiramla yad edirəm!
Bu gün (28 iyun) Azərbaycanlı jurnalist, pedaqoq, maarifçi, naşir, yazıçı Həsən bəy Səlim bəy oğlu Məlikovun (Həsən bəy Zərdabinin) doğum günüdür!! Həsən bəy Zərdabi 28 iyun 1837-ci ildə Zərdab rayonunda doğulmuşdur! Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə 22 iyul 1875-ci il tarixindən 29 sentyabr 1877-ci il tarixinə qədər ayda 2 dəfə, 300-400 tirajla nəşr olunan, cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” adlı qəzeti çap edərək Azərbaycan milli mətbuatını yaratmışdır!! Həsən bəy Zərdabi 28 noyabr 1907-ci ildə Bakı şəhərində iflic xəstəliyindən vəfat etmiş, əvvəlcə Bibiheybət məscidinin yaxınlığında dəfn edilmişdir!! Ancaq 1937-ci ildə onun məzarı dağıdılmış, mərhumun sümükləri bir neçə il ailəsinin yanında saxlanılmışdır!! 1957-ci ildə Həsən bəy Zərdabinin vəfatının 50 illiyi ilə əlaqədar olaraq onun sümükləri 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir!! Allah rəhmət eləsin!! Hazırladı: Araz Məmmədli
Həsən bəy ZƏRDABİ – Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır. 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir. 1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür. Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
İsmayıl Qasprinski, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov.
“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.
Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq.
– Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün müəyyən çərçivələri, müəyyən ideologiya var idi. İstər-istəməz məsələlər bu ideologiyaya tabe etdirilirdi. Yəni, Həsən bəyin həyat və fəaliyyətinin müxtəlif məqamları obyektiv araşdırmalardan bir qədər kənarda idi. Məsələn, onu əsasən ateist adlandırırdılar. Əslində isə o ateist deyildi.
Onun fəaliyyətini yoxsul fəhlə və kəndlilər üzərində qururdular. Guya Həsən bəy bu sinfin aparıcı liderlərindən olub. Əslində, Həsən bəy Zərdabi cəmiyyətdə təbəqələşmənin əleyhinə olub. O, ziyalı və böyük bir maarifçilik hərəkatına rəhbərlik edən şəxsiyyət idi. Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın əsasını qoymayıb. O, həm milli teatrımızın yaradıcılarındandır, həm də indi qeyri-hökumət təşkilatları adlandırdığımız xeyriyyə cəmiyyətlərinin əsasını qoyub. Bununla da gələcək üçün münbit şərait yaratdı, fəaliyyət prinsipləri ortaya qoydu.
“Əkinçi” qəzetinin çap olunması üçün Həsən bəy ciddi fəaliyyət göstərib. Bütün məhrumiyyətlərə dözüb. O dövrdə hürufat yox idi. Yazı dili, qaydaları tam müəyyənləşməmişdi. Yəni, indiki sözlə desək, medianın dili yox idi. Dil formalaşmalı idi. Klassik qəzetçilikdə mövcud olan korrektura sistemi mövcud deyildi. Həsən bəy bunları yaratdı.
Heç məqalə yazıb onu ortaya çıxaran jurnalist adlandıra biləcəyimiz insanlar çox az idi. Onlar mərkəzi mətbuatda rusca məqalələr yazırdılar. Ana dilində yazan çox az idi. Ona görə də biz “Əkinçi” qəzetini Azərbaycan milli mətbuatının bünövrə daşı hesab edirik.
Onun həyatının bir qaranlıq məqamını danışmaq istəyirəm. Bu yaxınlarda İstanbulda oldum. Orada “Qapalı çarşı” deyilən məşhur bir yer var. Orada əslən Gəncədən olan, babaları 1850-ci illərdə İstanbula köçən və vaxtilə xalça ticarəti ilə məşğul olmuş Kərim bəy məni muzeyə bənzər bir otağa apardı. Orada kimlər olmayıb? Həsən bəy Zərdabi də orada olub. Həsən bəy oradan 7 pud hürufat alıb gətirib. Hürufatı Bakı quberniyası mətbəəsi aldı, ondan sonra “Əkinçi” qəzeti çıxdı. Yəni, Həsən bəyin həyatında bu cür faktlar var.
O, çox mütərəqqi bir insan idi. Onun mütərəqqi olmasının səbəbi təkcə Moskva Dövlət Universitetində oxuması deyildi. Həm də ona istiqamət verənlər var idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın və qızı Qəribsoltan xanımın xatirələrini oxumuşam. Həsən bəyin həyatında mühüm rol oynayan anasının dayısı, məşhur general Fərəc bəy Ağayev olub. O, Ağcabədidə doğulub, çar mühafizə dəstəsinin rəisi olub. Ancaq xristianlığı qəbul edib. Nikolay Ağayev kimi çar ordusunda məşhur generallardan olub.
Niyə Həsən bəy Zərdabi tarixçi Solovyovun qızı ilə evlənmədi? Fərəc bəyin həyat yoldaşı rus idi. O, ömür boyu Fərəc bəyi xristian cəmiyyətinə çəkmişdi. Həyatının sonlarında Fərəc bəy gördü ki, ailə müqəddəs bir şeydir və xristianlıqdan sonra müsəlmanlığa döndü. Onun qəbri də Tiflisdə Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatət Bağındadır. Həsən bəyi də Tiflisə gimnaziyaya aparan məhz o olmuşdu.
Fərəc bəy ona tövsiyə etmişdi ki, gələcəkdə xalq üçün fəaliyyət göstərmək istəyirsənsə evlənəndə öz dinindən, soy kökündən olan bir xanımla evlən.
İlk dəfə 1925-ci ildə Azərbaycan milli mətbuatının yaradılmasının 50 illiyi rəsmi şəkildə qeyd olunub. Həbib Cəbiyev o zaman “Kommunist” qəzetinin redaktoru olub. Mərkəzi Komitədə qərara alınır ki, “Əkinçi” qəzeti ilə bağlı yazılar yazılsın. Çox məşhur publisistlərimizdən, pedaqoqlarımızdan olan Fərhad Ağazadə Həsən bəy Zərdabinin həyatını yazır. “Əkinçi” ilə bağlı bir kitabça buraxılır.
Şərif Mirzəyev müsəlman-türk mətbuatının 1918-ci ilədək senzorlarından biri olub. O, Tiflisdə yaşayırdı. Onunla müqavilə bağlanır. Deyilir ki, biz bu 50 illiyi yazacağıq. Həmin kitabçanı bu yaxınlarda rusca çap etdilər. Onun bizim arxivlərdə iki nüsxəsi var. Həmin kitabçada milli mətbuatımız və senzor məsələləri əks olunub. Yəni, senzorlar, əslində isə ruslar və ermənilər onlara necə müqavimət göstərib. Bu baxımdan mən Həsən bəy Zərdabinin ən düzgün tərcümeyi-halı kimi Fərhad Ağazadənin yazdığını götürürəm.
– Həsən bəy Zərdabi evlənərkən qız seçimi də maraqlı olub…
– Həsən bəy “Qafqaz” qəzetindəki elanda görür ki, Tiflisdə olan “Müqəddəs Nina” qızlar məktəbinin məzunları arasında bir türk qızı var. Onu bəyənir, Tiflisə gedir. Beləliklə, Hənifə Abayeva ilə tanış olur və evlənmək təklif edir. Çünki bilirdi ki, ona bu işləri görmək üçün ən böyük dayağı xanımı ola bilər. Xanım təhsilli, dünyagörüşlü və xalqına bağlı olmaldır. Eyni dinin, eyni etnik mənsubiyyətin daşıyıcısı olmalıdır ki, bu yükün altına girə bilsin.
– Bakıda qızlar məktəbinin açılmasında da Hənifə xanımın xüsusi rolu olub.
– Bəli. Hənifə xanımın özü o qızların təhsili ilə çox ciddi şəkildə məşğul olub. Hənifə xanımın da həyatı həddən artıq maraqlıdır. Biz onun həyatını geniş tədqiq etməmişik. Onu sadəcə pedaqoq kimi və Həsən bəyin həyat yoldaşı kimi araşdırmışıq. Heç pedaqoq kimi də tam öyrənilməyib. Ancaq onun necə müəllim olduğu, xatirələrdə necə yaşadığı aydınlaşdırılmayıb. Rusca çox mükəmməl bilirdi, yazırdı. Çox təəssüf ki, onun xatirələri sovet dövründə yazıldığı üçün Həsən bəy Zərdabi obrazını bizə tam çatdıra bilmir. Milliyyətçə balkar türkü idi. Deyilənə görə, onun qohumları indi də Nalçik və Nalçik ətrafında yaşayırlar. Bunu Şəmistan Nəzirlinin söylədiyinə istinad edirəm.
Həsən bəyin qızı Qəribsoltan Məlikovanın həyatı çox maraqlıdır. Həsən bəy mükəmməl ata idi. Əsl azərbaycanlı ata, valideyn necə olarsa, o da elə idi. Onu çox demokrat kimi təqdim edirlər. Amma Həsən bəyin mühafizəkarlığı da var idi. Məsələn, o, qızı Pəri xanımı Əlimərdan bəy Topçubaşova vermək üçün müəyyən şərt qoymuşdu. Şərt də bundan ibarət idi ki, bu mənim qızımı alır, düzdür? Bunu dolandırmaq üçün bir iş yeri, gəliri olmalıdır.
Ona görə də bu cütlüyün toy mərasimi bir müddət təxirə düşmüşdü. Bunun özü müəyyən mühafizəkarlıq, eyni zamanda məsuliyyət idi. Ənənələrə həddən artıq bağlı idi. Eyni zamanda məclislərdə yaxşı araq içirdi.
Həsən bəy haqqında donos yazmışdılar ki, guya o, Dağıstan və Zaqafqaziyanın cənub-şərq hissəsini Rusiyadan ayırıb Türkiyəyə birləşdirmək istəyir. Halbuki Həsən bəy bu vaxt Zərdabda, kənddə oturmuşdu. 50 dərəcə isti, ağcaqanadlar-filan… Həsən bəy elə-belə adam deyildi. Onun sürgün həyatı da çox maraqlıdır.
– Həsən bəy Zərdabinin qəzet bağlanandan sonrakı fəaliyyəti barədə də müxtəlif fikirlər var…
– Qəzet bağlanandan sonra pedaqoq kimi fəaliyyətini davam etdirir. Onun məqalələrini oxuyanda deyirsən ki, bu kişi nə istəyib? O, planlı iş görürdü. “Rus-türk gimnaziyaları” fəaliyyət göstərirdi. Həsən bəy deyirdi ki, burada müsəlman işləməyənədək müsəlman öz uşağını bu məktəbə verməyəcək. Beləliklə, özü könüllü gimnaziyaya müəllim getdi.
Ermənilər Həsən bəyi heç istəmirdilər. O, azərbaycanlıları ermənilərlə müqayisə edirdi. Üfüqdə ermənilərin bizə düşmən ola biləcəyini deyirdi. Yazırdı ki, ermənilərdə 40 il əvvəl xeyriyyə cəmiyyəti yaranıb, bizdə niyə yoxdur? Ermənilər teatr açıb, qəzetləri var. Bizdə niyə yoxdur? Onlarda birlik var, bizdə niyə yoxdur? Yazırdı ki, mərsiyəxanalara min manatlarla vəsait köçürülür, ancaq xeyriyyə cəmiyyətinə min manat köçürən yoxdur ki, biz iki şagird oxudaq. Bax, bu məsələləri qaldırırdı. Buna görə də ermənilər həmişə onun əleyhinə olub.
– Həsən bəy Zərdabinin dəfni necə olub? Çünki bu barədə müxtəlif mübahisəli məqamlar mövcuddur. Gerçəklik nədən ibarətdir?
– Həsən bəy Bibiheybət məscidinin yaxınlığında dəfn edilib və dəfn çox möhtəşəm olub. Onun dəfnindən foto var. Mən arxivdə o dəfnin bir neçə variantını görmüşəm. Orada təkcə azərbaycanlılar deyil, ruslar, ermənilər, gürcülər və digər xalqların nümayəndələri, ziyalı kəsim iştirak edib.
Həsən bəy Bakı Şəhər Dumasının üzvü idi. Qafqazda elmin-təhsilin inkişafı üçün kifayət qədər xidmətlər göstərmişdi. Özün də təkcə öz xalqının yox, bölgənin rifahı üçün çalışan insanlardan biri olub. Bakı üçün məxsusi çalışan insanlardan biri olub. Həmin dövrdə çıxan qəzetlər Həsən bəy Zərdabinin dəfnindən çoxlu material veriblər. Mərkəzi rus mətbuatı da onun vəfatı ilə bağlı yazılar yayımlayıb. Həmin vaxt Rusiyanın müxtəlif yerlərində Həsən bəyin vəfatı münasibətilə ehsanlar verilib. Hənifə xanımın, Əlimərdan bəy Topçubaşovun ünvanına başsağlığı mesajları gəlirdi. “Dəbistan” uşaq jurnalı bir nömrəsini tamamilə Həsən bəy Zərdabiyə həsr edib.
Onun cənazəsini İçərişəhərdən Bibiheybət məscidinin yaxınlığına çiyinlərdə aparıblar. Özü də bilirsinizmi necə? Məsələn, “Nicat” Cəmiyyətinin qarşısında dayanıb, yaxud hansısa gimnaziyanın qarşısında dayanıb orada matəm mitinqləri düzənləyiblər. Sonra isə Bibiheybət məscidi yaxınlığında dəfn edilib.
Sonralar bu qəbiristanlığın yol çəkilməsi prosesində köçürülməsi məsələsi olub. Həmin dönəmdə insanlara müraciət ediblər ki, gəlin öz doğmalarınızın məzarlarını köçürün. Bu zaman Qəribsoltan xanım iki nəfər tapır, atasının məzarını qazdırır, onun sümüklərini bir yeşiyə yığır. Abbas Zamanovun, Əziz Mirəhmədovun vaxtilə söylədiyi, Tahir Aydınoğlunun yazdığı məqalədəki fikirlər bundan ibarətdir. Həmin yeşiyi götürür, tramvaya qoyur, gətirib Zabrat ətrafında şəhər qəbiristanlıqlarının birində anasının yanında dəfn edir.
Sonradan – 1965-ci ildə Azərbaycan mətbuatının yubileyinin keçirilməsi məsələsi ortaya çıxanda deyirlər ki, yaxşı biz bu yubileyi keçirəcəyik, bəs Həsən bəyin məzarı hanı?
Beləliklə, axtarışa başlayırlar. Onda Qəribsoltan xanım ömrünün son illərini yaşayırmış. O, heç kimi qəbul etmirmiş. Çünki psixoloji gərginlik keçirmişdi. Bacısı Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olan Pəri xanım Fransada, qardaşı Midhət bəy 1937-ci ildə güllələnmişdi. Bir qardaşı Səfvət də Türkiyədə… İtmiş-parçalanmış bir ailə… Sovet Azərbaycanında Həsən bəyin yeganə övladı qalıb. Gəlirlər Qəribsoltan xanımın evinə.
Azərbaycan SSR-in mədəniyyət naziri, məşhur bəstəkar Rauf Hacıyevin anası Nanə Hacıyeva özü zərdablı olub. Mən Səfvət Zərdabi barədə araşdırma aparanda Rauf Hacıyevin Nanə adı qoyulan qızı ilə danışmışam. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir. Bunlar bir yerdə qalıblar. Hətta Şəmkirdə, Gəncədə bunların pedaqoji fəaliyyəti olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal qəbiristanlığında dəfn edilib.
Beləliklə, Həsən bəyin qəbrinin axtarışına çıxan şəxslər Qəribsoltan xanımın evinə gəlirlər. Qəribsoltan xanım onların heç birini qəbul etmir. Deyir ki, mənim atamın sümükləri sizin nəyinizə lazımdır? Atamın ailəsini pərən-pərən saldınız, övladlarını əsir-yesir etdiniz. Qardaşımın birini güllədiniz, biri bilmirəm hardadır. Bacım qürbətdə dünyasını dəyişib. İndi də atamın sümüklərini aparıb məhv etmək istəyirsiniz?
Gələnlər öz aralarında məşvərət edirlər ki, Qəribsoltan xanımı kim dilə tuta bilər?! Məşhur bioloq Mirəli Axundovun Məlikovlara qohumluğu olub. Deyiblər ki, Qəribsoltan xanım onu eşidər. Beləliklə, onu vasitəçi salırlar. Qəribsoltan xanım danışır ki, mən atamın sümüklərini yeşiyə yığıb gətirib anamın yanında dəfn etmişəm. Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrini yığırlar, gedib Hənifə xanımın məzarının ətrafını qazırlar və o yeşiyi oradan çıxarırlar.
İndi məsələ bundan ibarətdir ki, Hənifə xanımın məzarı oradadırmı? Bax, bu məsələ var. Mənim bildiyim qədər, ehtimal edirəm ki, elə Hənifə xanımın məzarını da Həsən bəyin Fəxri Xiyabandakı məzarına köçürüblər. Çünki ortada Hənifə xanımın məzarı yoxdur. Olsaydı, ortaya çıxardı.
Bu ailənin nümayəndələrindən biri də Səfvət Zərdabidir. Mən onunla bağlı ayrıca kitab yazdım. Müxtəlif mənbələrdə yazırdılar, vikipediyada da var idi ki, Səfvət Zərdabi 1938-ci ildə dünyasını dəyişib. Mən Türkiyədə hər dəfə gedəndə köhnə kitab satılan yerlərə gedirəm, sahaflara baş çəkirəm. Çünki Azərbaycanla bağlı orada nadir, qiymətli kitablar, sənədlər, şəkillər olur. Bu sahaflardan mənim əlimə Azərbaycan Mühəndislər Dərnəyinin nizamnaməsi keçdi. Nizamnaməni alıb oxudum, gördüm onun qurucuları 11 nəfərdir, bu 11 nəfərin içərisində Səfvət Məlik-Zərdabi adlı bir nəfərin ad-soyadı var. Ankarada filan ünvanda yaşayıb, mühəndis olub. Buna qədər isə Nəsiman Yaqublu mühacirət mətbuatının formalaşmasında Səfvət Zərdabinin də iştirak etdiyini yazmışdı. Ancaq onun ölüm tarixi, doğum tarixi, hansı dərgilərdə işlədiyi qeyd olunmamışdı.
Məlik-Zərdabi oxuyanda dedim ki, bu elə Həsən bəyin oğludur. Çünki bilirdim ki, iki oğlu olub. Onun həyatını araşdırdım. 1967-ci ildə çıxan ”Türkiyə mühəndislər xəbərləri”nin bir sayını tapdım. Ondan sonra digər sayını tapdım, bunun şəklini gördüm, tərcümeyi-halına rast gəldim.
– Bu kim olub?
– Bu, Həsən bəyin sonuncu övladı olub. O, 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.
1917-ci ildə bolşeviklər gəldi, çar Rusiyası ərazisində milli münasibətlər kəskinləşdi. Səfvət də təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Bakıda bir gənc olaraq, Həsən bəyin övladı olaraq cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy bunun yeznəsi idi axı. Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür.
Bilirsiniz ki, nümayəndə heyətinə Parisə getmək üçün 3-4 ay viza verilmir. Səfvəti Parisə buraxmırlar və o qalıb bizim səfarətxanada çalışır. Hənifə xanımın oğluna, oğlunun anasının məktubu var. Səfvət anasına yazır ki, mən AXC hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbənin sırasında olmaq istədim, amma imkan vermədilər. Əslində Həsən bəy Zərdabinin oğluna kim imkan verməyə bilərdi? Sadəcə, Səfvət Zərdabi Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibində olduğu üçün, orada səfarətxanada çalışdığına görə tələbə ola bilməzdi.
Hənifə xanım 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə bir məktub yazır. Bildirir ki, mənim oğlum Səfvət Zərdabi burda deyil, Konstantinopoldadır. Onun ali təhsil almasına yardım edin.
Beləliklə, Səfvət Zərdabi Bakıya gəlir və 1923-cü ilədək burada qalır. Onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci Türkiyəyə gəlir və daha Azərbaycana qayıtmır. Deyirlər ki, Bakıda artıq bolşeviklər hakimiyyətdədir və milli adamları həbs edirlər, təqiblərə məruz qoyurlar. Həm də Əlimərdan bəy Topçubaşov da onun yeznəsidir. Hələ Həsən bəy Zərdabiyə də münasibət tam bəlli deyil. Səfvət bəy bunları nəzərə alaraq qayıtmır və orada Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olur. Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edir. Biz sonradan axtarıb tapdıq ki, Türkiyə Memarlar Muzeyində onun fotosu var.
Səfvət bəy həm də bizim mühacirət mətbuatının yazarlarından biri olub. Bu adam atasının yolunun davam etdirib, publisist olub. Mən onun 10 məqaləsini tapdım. Hətta “Mücahid” dərgisində bir müddət redaktor kimi çalışıb. Türkiyədə Nəsihə adlı bir xanımla ailə qurub. Sonradan onun 1976-ci ildə dünyasını öyrəndik. Biz Səfvət bəyin məzarının harada olduğunu bilə bilmirik.
1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənı görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Deyib, yox, daha dönmək istəmirəm.
Bundan əlavə, 1990-cı illərədək Bakıda Tofiq bəyin qızı, Həsən bəy Zərdabinin nəvəsi yaşayıb. Onun adı Fatma Məlikova-Zərdabi olub. Mən arxivdən Fatma xanımın doğma bibisi, Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı Pəri xanıma yazdığı məktubunu tapdım.
Bizim görkəmli yazıçımız Əzizə Cəfərzadə Türkiyəyə çox gedib-gəlib. Fatma xanım yazır ki, Əzizə xanım mənə sizin məktubunuzu verib. Mən bilmək istəyirəm ki, siz Həsən bəy Zərdabinin nəyisiniz? Siz kimin qızısınız? Mənim bildiyimə görə Əlimərdan bəy Topçubaşovla bibim Pəri xanımın övladları Sevər, Ənvər olub. Mən burda Həsən bəy Zərdabinin sağ qalan yeganə nəvəsiyəm.
Məktubda yazır ki, məni əmim Səfvət bəyin taleyi məni maraqlandırır. 1970-ci ilədək biz onunla əlaqə qurmuşuq, məktublaşmışıq. Ancaq son illərdə nə onun özündən, nə də həyat yoldaşından xəbər yoxdur. Əgər bilirsinizsə, xahiş edirəm mənə əmimlə əlaqə qurmağa yardımçı olun. Yəni, belə bir məktub var. Mən həmin məktubun əslini çap etmişəm. Demək, əlaqələr var imiş.
İndi məsələ ondadır ki, biz gərək bəstəkar Rauf Hacıyevin şəxsi arxivinə girək, çünki dediyim kimi Rauf Hacıyev Qəribsoltan xanımın oğulluğu idi. Onların çox ciddi yazışmaları olub. Mən bir neçə dəfə getdim ki, bəstəkarların arxivlərinin harada olduğunu tapım. Bir nəticə əldə edə bilmədim.
Məsələ ondadır ki, Səfvət bəy çox fərqli fikrin, fərqli millətçi ideologiyanın sahibi olub. Liberal dünyagörüşünə sahib olmayıb. Buna görə də tədqiqatlardan çox kənarda qalıb.
Səxavət Həmid: Akif bəy, “Əkinçi” qəzetinin yaradıldığı dövrdə ictimai-siyasi vəziyyət necə idi?
– “Əkinçi” qəzetinin yaradıldığı dövr milli burjuaziyanın yeni formalaşma dönəmi idi. Bakıda artıq ABŞ-ın, Avropa dövlətlərinin neft şirkətləri artıq oturuşmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev yeni-yeni gəlirdilər. Milli burjuaziyanın formalaşması üçün də milli təsisatlar lazım idi. Mətbuat da milli təsisatın bir elementi idi.
Biz Həsən bəy Zərdabini bir obraz kimi götürürük. Ancaq həmin dönəmdə qəzet açılması, teatrın yaradılması və sair təsisatlar üçün ictimai sifariş mövcud idi. Çünki milli burjuaziya həm teatra, həm də qəzetlərə sərmayə qoyurdu. “Həyat” qəzeti kimin idi? Bu qəzeti maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Yaxud Həsən bəy Zərdabinin Zədabdan sürgündən qurtulub Bakıya gəlməsini təşkil edən milli burjuaziyamızın nümayəndələri idi. Onlar da burada öz milli maraqlarını təmin etmək üçün milli təsisatları quracaq insanlara şərait yaradırdılar.
Məsələn, Hacı Zeynalabdin Tağıyevin evinin üst mərtəbəsində Həsən bəy Zərdabi yaşayırdı. Bu mülk Hacı Zeynalabdin Tağıyevin idi. Gör ona nə qədər dəyər verirdi ki, evinin üst qatını ona vermişdi. Fakt bundan ibarətdir.
Digər fakt bundan ibarətdir ki, 1905-ci ildə erməni-müsəlman qırğınlarında mərkəzi mətbuat və ermənilərin əlində olan mətbuat orqanları həmin bu qırğınlarda azərbaycanlıları günahlandırmağa başlayır. Halbuki qırğını başlayan da, onu aparan da ermənilər olub. Belə olan təqdirdə Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni və həmin dönəmdə çalışan mütərəqqi fikir sahiblərini bir araya gətirir. Deyir ki, siz də qəzet açın. Deyirlər necə açaq? Gərək Peterburqdan icazə verilsin. Artıq onun maliyyəsi hesabına və çarın xanımına olan iltifatına görə ona icazə verildi. Vorontsov-Daşkov Qafqaz canişini olandan sonra “Həyat” qəzetinin nəşrinə icazə verildi. Ancaq qəzetin 5-6 nömrəsi qeyri-leqal çıxmışdı. Şifahi şəkildə razılıq alınmışdı. Yəni, bu razılığı Həsən bəy Zərdabi almırdı ki…
Təbii ki, bu razılığı həmin dönəmdə milli burjuaziyanın nümayəndələri alırdı. Onlar azərbaycanlılara qarşı aparılan təbliğata qon qoyulmasını istəyirdilər. Çünki ermənilərin əsas məqsədlərindən biri Bakıya bütünlüklə sahib olmaqdan ibarət idi. Onlar başa düşürdülər ki, Bakının neft ehtiyatlarının hamısına sahib olmaq üçün azərbaycanlıları buradan çıxarmaq lazımdır.
Əhməd bəy Ağaoğlu bununla əlaqədar olaraq Peterburqa getmişdi. Bakı kəndlərinin köçürülməsi məsələsi var idi. Çünki Bakı kəndləri köçürüləndə neft ermənilərə və digər xalqlara qalırdı. Bizim milli burjuaziyamız buna razı olardımı? Təbii ki, idrak sahibləri, millət fədailəri bütün imkanlarını buna sərf edirdilər.
– Qəzetdə siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?
– “Əkinçi” elə siyasi səbəblər üzündən bağlandı. Həmin vaxt rus-türk müharibəsi başlamışdı. Camaat müharibəyə dair xəbərlərin dərcini istəyirdi. Müharibə xəbərlərinin dərcinə də imkan vermirdilər. Hətta dövlət teleqrafı ilə gələn savaş xəbərlərin “Əkinçi”də dərcinə imkan vermirdilər. Çünki burada artıq milli ruh yüksəlirdi. Artıq ruhanilər məscidlərdə gizli şəkildə yığışırdı, üzdə Rusiyaya xeyir-dua verirdilərsə, alt yapıda, gizli şəkildə Osmanlının bu müharibədə udmasını istəyirdilər. Ona görə də imkan vermirdilər ki, savaş xəbərləri orada getsin. Savaş xəbərləri verməyəndə isə qəzetin oxucusu azaldı.
Həsən bəy özü yazır ki, bizim 400 nəfər oxucumuz var idi və həmin 400 nəfərin çoxu üçün maraq kəsb edən informasiyalar olmadığı üçün biz oxucusuz qaldıq.
Zümrüd Kərimova: “Əkinçi” qəzetində işləyənlərin şəxsiyyəti ilə bağlı maraqlı detallar varmı?
– Biz qəzetimizin redaksiyasında mətbuat muzeyi yaratmışıq. Orda mətbuatımızın bütün dövrlərini əks etdirən fotolar, orijinal sənədlər, qəzetlər var. Orada bir foto var – “Əkinçi”lər.
Təbii ki, “Əkinçi”lərin kimliyi ilə bağlı yazılıb. Məsələn, Əsgər ağa Gorani, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov. Nəcəf bəy həmin vaxt Moskvada idi, Moskvadan yazırdı. Yəni, belə bir “Əkinçi”lər nəsli yetişdi.
“Əkinçi”nin ən böyük önəmi nədir? Bu gün biz mətbuatda nəyi müzakirə edirik? Mətbuatda müxtəlif fikirliliyin olmamasını, düzdür? İndi baxın ki, “Əkinçi” təzəcə yaranıb, tərtibaçısı yox, korrektoru yox, yazanı yox. Amma o nə edirdi? Bir tərəfdən şaxsey-vaxsey oxumağın, şəbih tamaşalarının xeyrinə olan, digər tərəfdən isə növbəti sayda onu tənqid edən yazılar verirdi. Bu, müxtəlif fikirlilik deyilmi? Biz Qərb mətbuatı deyirik və onun arxasınca düşürük. Qərb mətbuat tipi bu deyil? Bizim üçün onun əsasını Həsən bəy Zərdabi qoyub. Bu örnəyi yaradıb.
Bundan əlavə biz hazırda bəzən istinadlar olmadığını deyirik. “Əkinçi”nin bütün nömrələri tam transliterasiya edilərək 2 dəfə çap olunub. Baxın, orada bütün qəzetlərə istinad verilib. Türkiyə qəzetinə, Rusiya qəzetlərinə istinadlar var. Məlumat haradan alınıbsa, ora istinadlar var. Bu, istinadlar jurnalistikanın bir peşə kimi mədəniyyəti deyilmi? Yəni, “Əkinçi”lərlə bağlı bu cür məqamlar var.
Onu da deyim ki, biz “Əkinçi” qəzetini tədqiq etdiyimizi düşünürük. Ancaq o qədər də tədqiq etməmişik. Biz Həsən bəy Zərdabini yoxsul bir adam kimi təqdim edirik. O necə yoxsul oldu ki, Göyçay əraziləri onun babası Rəhim bəyin, atası Səlim bəyin mülkü idi.
Torpaq sahələri var idi. Yəni, onun əsli-nəsli kifayət qədər tanınan, imkanlı insanlar olub. Həsən bəyin yoxsullaşmış, imkansız bəy ailəsi olmasına dair səslənən fikirlər yalandır.
Onun atasının oğlunu Tiflisdə oxutmağa imkanı var idi. Moskvada təhsil xərcləri də az deyildi. Arxivdə sənədlər var. Biz yenidən Həsən bəy Zərdabiyə qiymət verəndə ona yoxsul insan kimi qiymət verməməliyik. Bu, sovet ideologiyasının gətirdiyi şeylər idi.
Bir daha deyirəm, Həsən bəy yoxsul insan deyildi. Sadəcə, pulunu-parasını millət yolunda fəda edən bir şəxsiyyət idi. Onun bir quru taxtın üstündə dünyasını dəyişdiyini, ac gəlib-ac getdiyini deyirlər. Həsən bəyin dəfnində çoxlu sözlər deyilib. O sözlərin ən təsirlisini Əhməd bəy Ağaoğlu deyib. Deyib ki, ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut ki, bizə nə məmləkət qoydunuz.
Onu da deyim ki, Həsən bəy ömrünün sonlarında “Kaspi” qəzetinin redaksiyasına gedirdi. Skeleroz xəstəliyinə tutulmuşdu. Yaddaşında problemlər yaranmışdı. Onu son dönəmlərdə Bakı Şəhər Dumasına seçməmişdilər. Ancaq o elə bilirdi ki, dumanın üzvüdür. Ailə üzvləri də ona deyə bilmirdilər ki, o artıq dumanın üzvü deyil. Ancaq o geyinib-keçinir, deyirdi ki, mən dumaya gedirəm. Amma “Kaspi”nin redaksiyasına gedib orada yazılarla, redaktə işi ilə məşğul olurdu.
Həsən bəy Zərdabi böyük şəxsiyyətdir. Azərbaycanın böyük bir erası onunla başlayıb. Birmənalı olaraq demək mümkündür ki, Azərbaycanda cəmiyyətin, ictimai fikrin formalaşması, dövlət quruluşunda, idarəetmə sistemində ən mütərəqqi cəhətlər, bizim bir millət olaraq millətlərin cərgəsinə qatılmağımız, inkişafımız bilavasitə Azərbaycanda jurnalistika ilə bağlı olub. Azərbaycanda dövlət olmayanda yenə dövlət funksiyasını jurnalistlərimiz – Həsən bəy Zərdabilər icra edib. Teatrı, xeyriyyə cəmiyyətini onlar yaradıb. Ermənilərə qarşı onlar döyüşüb. Torpağı yenə də onlar öz qələmi ilə qoruyublar. Bu işlərin də başında Həsən bəy dayanır. Teleqraf. com Müəllif: Səxavət Həmid