Etiket arxivi: ANAR HAQQINDA YAZIRLAR

Sevda Əlibəyli: Nə xoş ki sizinlə müasirəm…

Nə xoş ki sizinlə müasirəm

Sevimli Anar müəllim!

Doğum gününüzü və yubiley yaşınızı təbrik edirəm. 80 illiyinizə həsr etdiyim yazını Şuşaya qovuşmaq arzusuyla bitirmişdim. Nə xoş ki, o arzumuza yetişdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə cəngavər ordumuzun dünyanı heyrətdə qoyan fədakarlığı sayəsində Şuşada, bütövlükdə Qarabağda qan ağlayan torpaqlarımızın həsrətinə son qoyuldu. Şuşamız yenə çal-çağırlıdır, yenə qonaq-qaralıdır. Xarı bülbül festivalı, Vaqif Poeziya günləri yenə Şuşada baş tutur.

Son 30 ildə ilk dəfə olaraq qalib ölkənin vətəndaşı, yazarı kimi yubileyinizi qeyd edirsiniz. Sizə-sevimli xalq yazıçımıza uzun ömür, sağlam canla yaradıcılıq uğurları arzulayıram.

80 illiyinizdə Sizə ünvanladığım təbriki yenidən oxucuların ixtiyarına verirəm.

Çox hörmətli Anar müəllim!

Elə bilirəm ki, Sizinlə müasir olmasaydım, ədəbi dünyamda bir boşluq olacaqdı. Mənim üçün yaşadığım dövrün ən qiymətli milli sərvətlərindən birisiniz. Özü də yüzillər keçəndən sonra daha qiymətli olaraq istifadə olunacaq milli sərvət…

Biz zahirən o qədər də yaxın deyilik. Qəlbimə yaxın olan ən əziz ziyalılardan olsanız da, tədbirləri nəzərə almasaq, Sizi tanıdığım uzun illər ərzində qapınızı heç 5-10 dəfə döyməmişəm. Qıymamışam. O mənada ki, Sizin üçün ən qiymətli nəsnələrdən olan vaxtınızı almaq istəməmişəm. Yazıçılar Birliyinin üzvü təkcə mən deyiləm axı… Hər gələn qayğısı, problemi ilə Sizi nə qədər yükləyir? Lazım oldu-olmadı ilhamlı anlarınızı əlinizdən alanların sayı bir deyil, beş deyil… Yaxşı yadımdadır. Nədən ötrüsə qəbulunuza gəlmişdim. Söhbət əsnasında Yazıçılar Birliyinin üzvü olmadığımı biləndə təəccübləndiniz. – Ədəbi jurnalın baş redaktoru çoxdan Birliyin üzvü olmalıydı, yazılarınızı da oxuyuram, – dediniz. – Anar müəllim də Birliyin üzvü, mən də… utana-utana söylədim. Güldünüz.

Həmin il qəbul müvəqqəti dayandırılmışdı. Amma məni Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə növbəsiz qəbul etdiniz. Buna görə hər zaman Sizə minnətdaram. Həmin gün Sizin təşəbbüskarlığınız olmasaydı, yəqin ki, bu günə kimi Birliyin üzvü deyildim.

Hörmətli Anar müəllim!

Nə yaradıcılığınıza qiymət vermək səlahiyyətindəyəm, nə də oxuduqlarımı təhlil etmək fikrində… Dəfələrlə haqqınızda nəsə yazmaq istəmişən. Cürətim çatmayıb. Bu yazını yazmağa isə məni yubiley yaşınız sövq etdi. Öncədən deyim ki, kitabla, bədii ədəbiyyatla təmasda olduğum zamandan oxuduğum nasirlər sırasında birincilərdənsiniz. Neçə onillərdir ki, fikir dünyamı zənginləşdirənlər arasında Sizin öz yeriniz var. İstər nəsr, istər dramaturji, istər publisistik əsərlərinizin hər birini neçə dəfə oxuduğumu xatırlaya bilmirəm. Amma hər dəfə ilk dəfə oxuyurammış kimi başlayıram. Bu yazını yazanda nə Sizin kitablarınızı vərəqlədim, nə də haqqınızda yazılanları. Açığı, təsir altına düşməkdən qorxdum. Öz tanıdığım Anarı yazmaq istədim. Amma bu ərəfədə hörmətli qələm sahibi Arif Əmrahoğlunun Sizin haqqınızda yazdığı “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” kitabı əlimə düşdü. Qələminə qüvvət, mənim ürəyimdən keçənləri istədiyimdən də yüksək səviyyədə yazıb çap etdirib. İstər-istəməz yazdıqlarının təsiri altına düşdüm. Bu mənada Arif Əmrahoğlundan dönə-dönə üzr istəyirəm. Fikirlərimizin üst-üstə düşməsi hər ikimizin Sizə hörmət və məhəbbətdən irəli gəlir. “İstedadlı bədii əsər yazmaq sevincdir, amma sağlığında əsərinin, əməlinin bənzərsizliyi ilə tarixə çevrildiyinə müasirlərinin etirafına şahid olmaq xoşbəxtlikdir.”
Nə qədər haqlı fikir!

Hələ yazıb-oxumağı bacarmadığım zamanlarda Sizin hekayələrinizin ləzzətini radio dalğalarından duyurdum. Yazıb-oxumağı öyrəndim. İbtidai sinfi də bitirdim. Səməd Vurğundan, Şəhriyardan, Rəsul Rzadan, Mikayıl Müşfiqdən, Nigar Rəfibəylidən, Mirvarid Dilbazidən, Bəxtiyar Vahabzadədən, Nəriman Həsənzadədən, Məmməd Arazdan … bir az aralandım. Nəsrə keçdim. Bu sırada İlyas Əfəndiyev, Elçin və Siz öndə idiniz. Ədəbiyyatda mühüm bir mərhələni təşkil edən altmışıncı illərdən bu yana mənim üçün canlı bir epoxasınız. Radioda telefonla bağlı bir hekayənizin radio tamaşasını tez-tez verərdilər. O qədər təsirlənmişdim, sonralar mən də bir hekayə yazdım (Siz Allah, “hekayə yazdım” ifadələrinə görə məni bağışlayın). Hətta Sizdən bir epiqraf da gətirdim: “Dünən sənin telefonun öldü.”

Hötmərli Anar müəllim!

Təəssüf ki, yaradıcılığınız elə ilk gündən istedadsızların əbədi mövzusudur. İstedadlılar istedadsızlara hər zaman əlçatmaz zirvə olduğundan gücləri yalnız paxıllıq hissləri ilə ürək bulandırmağa çatır. Günahkarsınızmı, zamanına sığmayan, sözü ötkəm Rəsul Rzanın, ipək kimi yumşaq Nigar Rəfibəylinin ailəsində dünyaya göz açmısınız?! İki böyük istedadın başqa cür barı ola bilərdimi?! Doğulduğunuz ailə mühitinə uyğun olaraq yəqin ki, uşaqlığınız da, gəncliyiniz də başqalarından fərqli keçib. Ədəbi, yaradıcı mühit, hər zaman nəinki Azərbaycanın, dünya xalqlarının, keçmiş SSRİ məkanının tanınmışları ilə zəngin ünvan. Ata-ananızın əbədi ayrılığından sonra ürək ağrısı ilə qələmə aldığınız “Sizsiz”in yazılıb dərc olunma tarixi mənim tay-tuşlarımın yaxşı xatirindədir. Jurnal variantından sonra əl-əl gəzən kitab hər ailənin stolüstü kitabına çevrilmişdi. Sənədli xatirələrlə dolu “Sizsiz”də belə valideynlərin övladı – özü də oğul övladı olmaq məsuliyyətini daşıdınız. “Sizsiz”də mənim fikrimcə, Rəsul Rza və Nigar Rəfibəyli Sizin valideynləriniz olmaqdan daha çox, Rəsul Rza və Nigar Rəfibəyliyə oğulluq missiyyasını daha çox yerinə yetirmisiniz. Arif Əmrahoğlunun fikirlərinə yenə istinad edirəm: “Doğmaların itkisi insanı silkələyən fərdi bir ağrıdır, faciədir. Hərənin öz dərdi var, insanın insanlığı bir də öz dərdinə hörmət etməsilə ölçülür. Gözlənilməyən və çağrılmayan itki Anarın şəxsi dərdilə yanaşı həm də bütün Azərbaycan xalqının dərdidir. “Sizsiz” şəxsi itki haqqında elegiya deyil, valideynlərin ölümü haqqında göz yaşları deyil. “Sizsiz” həyat, insan ömrünün mənalılığı, ölümün qaçılmazlığı haqqında düşüncələrdir.

Anarın Nigar Rəfibəyli haqqında xatirələri öz həyatı haqqında xatirələrə çevrilir. Xatirələrlə tanışlıq göstərir ki, ölümlü insanlar kimi R.Rza və N.Rəfibəylinin poeziyadan başqa, ANAR adlı başqa sevimli əsərləri varmış.”

Hörmətli Anar müəllim!

Yazını yazdıqca qəlbimdə yaxın-uzaq xatirələr, xəyalımda quş kimi uçan illər… 1981-ci ilin aprelin ikisində Rəsul Rzanın vida mərasimi və dəfni… Tələbə idim. Ömrümdə ilk dəfə belə nəhəng izdiham görürdüm. Sonralar da vida və dəfn mərasimlərində iştirak etmişəm. Amma o izdihamın əzəməti hələ də yaddaşımda yaşayır.

Anar müəllim!

Sizin haqıqnızda yazdığım anlarda unudulmaz Həsənağa Turabovun 75 illiyi ilə əlaqədar televiziyada verilişlər gedirdi. Yaşıd olduğunuzu bilmirdim. Ruhu şad olmuş Həsənağa Turabovu niyə xatırladım?… 1982-ci illərin əvvəlləri idi. Milli Dram Teatrında aktyorun yaradıcılıq gecəsi keçirilirdi. O zaman belə görüşlərə təşnə idik. Dəvətnamə tapmaq müşkül məsələ idi. İndi dəvətnamələri də rahat tapırıq, biletləri də. Təəssüf ki, həmin ovqatda deyilik… Dəvətnaməni bizə unudulmaz yazıçı-publisist Mailə xanım Muradxanlı vermişdi. Yoldaşımla getdik. İki ildi ailəliydik. Hər ikimiz tələbəydik… Yaradıcılıq gecəsində çoxları söz dedi. Amma etiraf edirəm ki, heç biri yadımda qalmayıb. Amma Sizin dedikləriniz indiyə kimi xatirimdədir. Gecəni indi xalq artisti olan Firəngiz Mütəllimova aparırdı. Ağ paltarda idi. Sizin dediklərinizdən: “Həsənağa Turabovun yaradıcılıq gecəsini məhz Firəngiz xanım aparmalıydı. Özü də beləcə ağ paltarda… “Şəhərin yay günləri”nin məşqləri gedirdi. Rejissor Tofiq Kazımov Həsənağa Turabovun oyunundan necə riqqətə gəldisə, ani olaraq məşqi dayandırdı. Hamımız onun nə deyəcəyini gözləyirdik. Tofiq müəllim vəcdə gələrək: “Həsənağa, qayıt gəl teatra, bu səhnə sənə yaraşır, sən bu səhnəyə,” dedi.

Bu həmin illər idi ki, Turabov teatrdan uzaqlaşmışdı.

İlk kitabım olan daxili xidmət general-mayoru Aydın Məmmədovun ömür yolunu yazırdım. Nədənsə bir-iki gün fasilə verdiyimdən fikirlərimi toplaya bilmirdim. Ağ vərəqlər qarşımda, qələm əlimdə… Səssizliyin bu yerində unudulmaz maestro Emin Sabitoğlu haqqında televiziyada veriliş başlandı. Siz danışdınız. Dost itkisinin ağrı-acıları içinizi göynədirdi. Hər kəlməniz iliyimə işləyirdi…

Gəl qoşulaq durnalara,

Vətən sarı uçaq, uçaq…

Göy boşluqdan gəmi üzər,

Yada düşər mavi Xəzər.

Altmış yaş necə yaxın

On beş yaşım necə uzaq.

Sözləri Sizin, musiqisi Emin Sabitoğlunundur. Maestronun öz səsiylə, öz müşaiyətilə mahnı səsləndi. Mahnı bitdi. Siz isə xatirələrainizi davam etdirdiniz.

Hər ikisinin taleyinə 63 illik ömür qisməti yazılıbmış. Kitabın elə yerində qalmışdım ki, 15 yaşında artıq Astaraya sığmayan Aydın Məmmədov evdən xəbərsiz qatara oturub Bakıya gəlmişdi. Adi dəniz matrosluğundan daxili işlər nazirinədək yüksəldi, ləyaqətli, şərəfli bir ömür yaşadı.

Sizin televizyadakı söhbətinizdən, daha doğrusu, “On beş yaşım necə uzaq…”  misrasından sonra sanki itmiş açarı tapdım. Kitabı böyük həvəs və sürətlə yazıb başa çatdırdım.

Anar müəllim!

“Söz” jurnalında müsahibələrdən birinə verdiyiniz cavab belə idi. “Ən çox sevdiyim iş yaradıcılıqdır”. Bakıda 10-15 il əvvəl baş verən sonuncu (təki sonuncu olsun) ağır zəlzələ zamanı evdən çıxanda kimi pullarını, kimi qızıllarını götürüb qaçıb. Siz isə əlyazmalarınızı. Nə dərəcədə həqiqətdir, deyə bilmərəm, çünki gözümlə görməmişəm. Amma yüz faiz inanıram.

Sevimli Anar müəllim!

Son illər çoxlarının düçar olmuş yaddaşsızlıq problemindən mən də əziyyət çəkirəm. Amma Sizinlə olduğum tədbirlərdə və ya televiziya verilişlərində mübaliğə olmasın, bütün dedikləriniz yaddaşıma yazılıb. Yəqin ki, bu deyim tərzinizin orijinal, duzlu olmasından irəli gəlir. Çoxları Sizi qaraqabaq kimi qiymətləndirir. Amma elə bir çıxışınız olmur ki, ora incə yumorunuz qatılmasın. Ciddi adamların yumoru da ciddi olur axı… “Poeziya” verilişinin növbəti sayı poeziya nəhəngi Rəsul Rzaya həsr olunmuşdu. Qonaqlarınız xalq şairi Fikrət Qoca və akademik Rafael Hüseynov idi. Yaşdan, müdriklikdən söz düşdü. Üçünüz də qeyd etdiniz ki, Rəsul Rza hələ cavanlığından yaşından böyük, müdrik olub. Rafael müəllim Fikrət Qocanın “Qoca”sı ilə əlaqədar nəsə dedi. Siz “Fikrət işini vaxtında tutub” dediniz. Başqası bu sözləri söyləsəydi, bəlkə də dodağım qaçmazdı. Amma Sizin dediyinizə ləzzətlə güldüm.

Uzun illər köməkçiniz işləyən Tovuz Teymurovanın Tacmahal şadlıq sarayındakı toy məclisinə astaralı rəfiqəm Sakitə Ülvi ilə gəlmişdim. Bizdən bir qədər sonra Siz ömür-gün yoldaşınız Zemfira xanımla gəldiniz. Qonşu stollarda idik. Sakitə xanım sizinlə şəkil çəkdirmək istədiyini bildirdi. Durub Sizə yaxınlaşdım. Daha doğrusu, Zemfira xanıma. Həmin ərəfədə yenicə akademik seçilmişdi. Təbrik elədim və sizlərlə şəkil çəkdirmək istədiyimizi bildirdim. Zemfira xanım etiraz etmədi. Siz isə – sizə heç nə demir, davası mənimlə evdə olacaq – söylədiniz.

Zarafatınıza hamımız güldük. Belə yumor və zarafatlarınızla iştirakçısı olduğunuz tədbirlərdə çox rastlaşmışam. Xüsusilə Yazıçılar Birliyinin Natəvan klubunda. Haqqında tədbir olan yubilyarın və ya hər kimsənin ən orjinal dəst-xəttini xarakterini açmaqla tədbirdə xoş əhval-ruhiyyə yaradırsınız.

Anar müəllim!

Bəlkə də, tay-tuşlarınız olan digər qələm adamları kimi ehtiyacın, kasıbçılığın nə olduğunu bilməmisiniz (Deyim ki, təmtəraqlı, qeyri-adi geyiminizi də heç vaxt görməmişik). Amma istər ata, istər ana – Məmmədxanlılar və Rəfibəylilər tərəfindən acı repressiyalar, nigaran ömürlər, üzüntülər, faciələr Sizin nəslin taleyindən yan keçməyib. Nəslin sağalmayan ağrı-acıları bu günədək ürəyinizi göynədir.

Sadə geyim tərzi şəxsiyyət üçün o qədər də önəmli deyilmiş. Önəmlisi odur ki, hər hansı bir oxucunuz Sizinlə adi kostyumda rastlaşsa belə, Sizi sevən digər dost tanışına fəxarətlə bildirir: “Mən bu gün Anarla rastlaşdım” (Əvvəllər belə hallar tez-tez olurdu. Çünki çox zaman piyada gəzirdiniz).

Anar müəllim!

Ömrü boyu əyalətdə yaşayıb-yaradan şair-dramaturq Şəkər Aslana xüsusi diqqət göstərirdiniz. 1985-ci ilin fevral ayı idi. O zaman yerli qəzetdə işləyirdim. Siz xalq şairi Fikrət Qocayla Lənkərana Şəkər Aslanı görməyə gəlmişdiniz. Şəkər müəllim qəzetin yaradıcı kollektivini çağırıb sizinlə görüşdürdü. Yadigar olaraq şəkil də çəkdirdik.

1995-ci ilin yayında Şəkər Aslanın 60 illik yubileyinə hazırlaşərkən şair qəflətən dünyasını dəyişdi. Lakin bir neçə ay sonra indi haqq dünyasında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Dilruba xanım Camalova yubileyi keçirməyə nail oldu. Bakıdan xeyli qonaq gəlmişdi – bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov, Mədəniyyət və İnformasiya nazirini əvəz edən xalq şairi Nəriman Həsənzadə, xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və başqaları. Şəkər Aslanın yubiley gcəsində də, qəbri üstündə də kövrək xatirələr söylədiniz.

Müəllifi və aparıcısı olduğunuz “Poeziya” verilişinin bir sayını Şəkər Aslana həsr etmişdiniz. Xatirə söyləmək üçün şair İltifat Salehlə məni dəvət etmişdiniz. Xatirələrimiz çox uzandı. Düşündüm ki, dediklərimizi kəsib doğrayacaqlar.

Narahatlığımı Sizə də bildirdim. Dediniz, darıxma, 2 veriliş edərlər.

Belə də oldu.

Sevimli Anar müəllim!

XX əsrin altmışıncı illərindən XXI əsrə pərvazlanan sənət nurunuz yarım əsrdən artıqdır ki, milyonların qəlbini işıqlandırır.

“Qobustan” dərgisini – gözəl sənətlər toplusunu 1969-cu ildən yaratsanız da, mən dərgini 1979-cu ildən izləməyə başlamışam və o zamandan “Qobustan”ın orbitindəyəm. İtirdiyim illərin saylarını sonralar əldə edib istədiyim yazıları oxumuşam. Rafael Hüseynovun və digər sevdiyim qələm sahiblərinin yazılarını məhz “Qobustan”ın səhifələrində tapmışam. Fərqli dərgi olan “Qobustan”da fərqli üslubunuz nəzərə çarpırdı. Dərgi elə bir dörvdə nəşrə başlamışdı ki, mətbuatın hökmü məhkəmə hökmünə bərabər idi. Təzyiqlərə məruz qalsanız da, jurnalın orijinal yazı tərzini, mövzu orijinallğını qoruyub hifz edirdiniz.

Məlumdur ki, altmışıncılar nəsli arasında öncüllərdən biri Siz olmusunuz. Sizin nəslin yazarları sığmadığınız üfüqləri yeni yaradıcılıq tərzində tapırdı. Siz də özününzdən əvvəlkiləri bəyənmirdiniz. Fəqət bəyənmədiklərinizi nə söyür, nə də təhqir edirdiniz. Fikirlərinizin sübutu üçün yeni formalı, yeni deyim tərzi olan əsərlər qoyurdunuz meydana. Tarix boyu heç zaman gənclik keçmişi bəyənməyib. İndiki nəsil isə həddən ziyadə azad, sərbəst bir mühitdə yaşayıb yaratsalar da, xəbis hisslərindən əl çəkmir. Şöhrətinizi qısqanırlar. Onların qərəzli mövqelərinə dözsəniz də, bütün bunlar içinizdən keçir, səhhətinizə təsirsiz ötüşmür.

Anar müəllim!

Azərbaycan xalqının ana kitabı olan “Dədə Qorqud” dastanına əbədi ekran həyatı bəxş etməyiniz bütöv türk dünyasına ən böyük töhfədir.

Doğma yurd haqqında bundan gözəl nə demək olar!?

Vətəni sevmək və ya qorumaq əlinə silah alıb təkcə düşmənlə döyüşməkmi? Qarabağ göynərtisi, Qarabağ ağrısı, bütövlükdə vətən obrazı yazılarınızda, filmlərinizdə elə yüksəkdədir, sözünüzün qüdrəti, sözünüzün hökmü milyonları ardıyca apara bilər.

Yaradıcılığını yüksək qiymətləndirdiyiniz mətbuatımızın Molla Nəsrəddini – Mirzə Cəlili “Qəm pənəcərəsi”ndə necə də ağrılı məhəbbətlə əbədiləşdirmisiniz.

Səbuhi (M.F.Axundzadə) ömrünü «Sübhün səfiri»ndə əbədiləşdirdiniz.

Cavid əfəndini “Cavid ömrü”ylə yenidən xalqımıza qaytardınız.

Bütün teleflim, teletamaşalarınızın ərsəyə gəlməsində xalq artisti Ramiz Həsənoğlunun xidməti danılmazdır.

“Dantenin yubileyi” – Kəbirlinskinin saflığından doğan sadəlövhlüyünə hər baxanda ürəyim göyüm-göyüm göynəyib.

“Otel otağı”nı “Azərbaycan” jurnalından oxuyub ağlamışdım. Hətta Sizə bir məktub da yazdım. Amma göndərmədim. Sonra film… Müasir ziyalının real portreti…
Hər birimizin uşaqlığını, gəncliyini əks etdirən nostalji hisslərlə dolu “Gün keçdi”…
Ömrü boyu, hətta ölümündən sonra da böhtanlara, dedi-qodulara məruz qalan, qəlbi büllur kimi saf Təhminə…

“Ötən ilin son gecəsi” ən azı hər il elə yazıldığı tarixdə göstərilir. Hər dəfə kövrək, nostalji hisslərlə duyğulanırıq. “Evləri köndələn yar” otuz ildən artıqdır, ruhumuzu saflaşdırır. Dəfə-dəfə baxsaq da, aktuallığını, reallığını, yumor hissini itirmir. Obrazların hər kəlməsi artıq aforizmə, zərb-məsələ çevrilmişdir… Bu yaxınlarda çox tanınmış bir şəxsin qırx mərasimində iştirak edirdim. Sanki “Evləri köndələn yar” tamaşasının elçilik səhnəsinin yas mərasiminə düşmüşdüm. Çoxları “məhzı” bu məclisə düşdüklərinə görə, axtardıqlarıyla burda rastlaşdıqlarına görə necə sevinirdilər.


* * *

Bəlkə də, bu mənim səhvimdir? – Ömrümdə nə bir xarici filmə baxmışam, nə seriala…

Amma “Üzeyir ömrü”nü əzbər bilirəm. Əgər bir gündə film televiziyanın 2-3 kana­lından göstərilsə, heç birini ötürmərəm.

Yüz yaşayın, Anar müəllim!

Şuşa əvvəl-axır bizim olacaq. Amma həmin cənnətməkan olmayacaq axı… Qarabağın şah tacı Şuşa nankor erməni vandalizminə məruz qalmış bir şəhərə çevrilib. Nə yaxşı ki, o cənnətməkan diyarı vaxtında filmdə əbədiləşdirmisiniz. Deyərdim ki, bu gün əlçatmaz olan Şuşanı lentə alıb əbədiləşdirmək yüzlərlə döyüşən əsgərin qəhrəmanlığına bərabərdir.

Filmə baxıram… saralıb solmuş fotolar, qədim Şuşa, yerli şuşalılar… Üzeyir bəyin canlı görüntüləri, canlı səsi… Balaca Üzeyir Şuşadan gedir. Faytona oturur, Qori şəhərinə yola düşür. Şuşanın şöhrətini daha uzaqlara yaymaq üçün…

Sonralar yenə də Şuşaya qayıdır. Lakin qonaq kimi. Qulaqlarında Şuşa nəğmələri, göz yaddaşında Şuşa mənzələri. Ömrü boyu bütün yazıb-yaratdıqlarının qəhrəmanları bu şəhərin sakinləri oldular. Uşaqlıqdan yaddaşına əbədi yazdığı nəvalar üzərində kökləndi. İstər dramaturji, istər publisistik, ən başlıcası musiqi istedadının püxtələşməsi üçün məhz Şuşada boya-başa çatmalıydı Üzeyir bəy. Gövhər ağa məscidindən uzaqlara yayılan azan səsi, məhəccərli eyvanlardan körpələrin muğam üstə ağla­maları, İsa bulağının ətrafında ən məşhur ifaçıların oxumalarına heyranlıqla tamaşası, Xan qızı Natəvanla söhbətləri…

Sevimli Anar müəllim!

Sizə yubiley təbriki ünvanlayanda xəyalıma gəlməzdi ki, yazını Şuşa həsrətilə, Şuşa nisgililə bitirəcəyəm. Nə yaxşı ki, belə alındı. İnanıram ki, lap yaxın yubiley­lərinizin birində “Üzeyir ömrü”nə Şuşada baxacağıq. Amin!

Müəllif: Sevda ƏLİBƏYLİ,

“SÖZ” Jurnalının baş redaktoru.

SEVDA ƏLİBƏYLİNİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏRANƏ DƏMİR: YENİ YAŞINDA YAZIÇI ANAR RZAYEV HAQQINDA DÜŞÜNDÜKLƏRİM.

YENİ YAŞINDA YAZIÇI ANAR RZAYEV HAQQINDA DÜŞÜNDÜKLƏRİM.

Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam( Çünki qoşa şəklimiz yoxdu) . Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. Zamanında( elə indi də) o ki var tərifləyiblər. Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı. Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı.Yalançı tərifin əleyhinəyəm. Elə həqiqətlərə kölgə salanların da.
Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB -yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm.( Kabinetinin qapısını) . Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki…
Anar kökünə bağlı yazıçıdı. Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı . Gəncliyim onun əsərlərinin arasında keçib. Gecələr lampa işığına , ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar oxumuşam. Bir də, bir də…. Yazıçı öyrədib, qoruyub , hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap özünü öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam. Güvənə- güvənə , qoruya-qoruya, mübarizə edə -edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun “Sizsiz” əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt daddırmışdı bizə Anar. Yetimləşmişdim bircə anın içində ata-anam yanımda ola-ola. Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını bu qədər hiss etməmişdim. Heç o çağacan mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı..Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı Anar olduğu sevirdim yenə də. Zərrəcən dəyişməmişdi duyğularım. Əvvəlki çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə.
Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə üz -üzə qoymaqla gözəl həyat dərsi keçirdi bizə. Bu da bir məsuliyyətdi. Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gəlı bilmirdik. Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu.
Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yaxıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın. Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran.
Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm kimi. Nə qədər bacarıram , nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur . Özü də ömrünün 86 -sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu “Dantenin yubileyi”-nə, ” Gürcü familiyası”-na”, “Təhminə və Zaur”-una, “Sizsiz”-inə , “Keçən ilin son gecəsi”- nə görə tanımışam. Bu tanışlığın içində dopdolu sevgi və şükranlıq var.
Təbrik edirəm .Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Anarın “Söz dünyası”   – Vaqif Yusifli

Anarın “Söz dünyası”  

Anar haqqında yazmaq, əslində, son 60 ilin ədəbi prosesindən, incəsənətimizdən (xüsusilə teatr və kinodan), bir sözlə, milli mədəniyyətimizdən söz açmaq deməkdir. Bu gün 81 yaşlı Anar Azərbaycan ədəbi-mədəni fikrinin öncüllərindən biridir. Bu fikri Anardan, onun şəxsiyyəti və çoxcəhətli yaradıcılığından söz açanların hamısı yekdilliklə təsdiq və etiraf etmişlər, təkcə indi yox, 10 il, 20 il, 30-40 il bundan əvvəl də və mən də bu millətin bir tənqidçisi kimi həmin fikri təsdiq və etiraf edənlərin sırasındayam. Və indi, onun bütün yaradıcı fəaliyyətini izləyəndən sonra fikrimdə yanılmadığımı duyuram. Deyim ki, 20-30 il əvvəl də Anar bir sənətkar ömrünə yetərincə bəs edən əsərlər yazmışdı, keçmiş SSRİ məkanında və türk dünyasında onun sözü və səsi eşidilirdi. 60 yaşından sonra bir çox tanınmış yazıçılar qələmi dincə qoyur, hətta nə yazırlarsa, özlərini təkrardan irəli getmirlər. Anar tək-tük yazıçılardandır ki, “ədəbi qocalıq” məfhumu ona aid deyil. Təsəvvür edin: Anar 76 yaşında Azərbaycan nəsrində ədəbi hadisə sayılacaq “Göz muncuğu” povestini çap etdirib. Bir il öncə Nazim Hikmət haqqında “Kərəm kimi” sənədli romanı “Azərbaycan” jurnalında işıq üzü gördü. Onun kinossenariləri də ikimininci illərdə yazılıb (Axundov və Cavid haqqında), mətbuatda klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə, şəxsiyyətlərinə həsr etdiyi məqalələrin isə ardı-arası kəsilmir. Amma mən bu yazıda Anarın nə nəsrindən, nə də dramaturgiyasından söz açacağam, bu xüsusda çox yazıblar, qarşımda Anar müəllimin “Söz dünyası” durur.

Bu kitabda Anarın ta qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları toplanıb və bu yazılar təkcə Azərbaycan ədəbiyyatına aid deyil, türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığına da aiddir.

Yazıları oxuyuram və Anarın bu il fevralın 27-də Yazıçılar Birliyində keçirilən müşavirədə dediyi bir fikri xatırlayıram: “Mən, adətən, “tənqid” terminini qəbul etmirəm. Mənə “təhlil” sözü daha yaxın və doğru görünür. Baxsaq, heç ciddi tənqid də görməyəcəyik. Hansı tənqidçi öz məqaləsində hansısa yazıçını sözün həqiqi mənasında tənqid edir. Sovet dövründə tənqid daha cəsarətli idi. İndi isə tənqid yox, təhlil var”. Əlbəttə, bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Doğrudan da, son otuz ildə cəsarətli tənqidi yazılara təsadüf olunmur. Sovet dönəmində tənqid daha cəsarətli idi, hətta bu sətirlərin müəllifi də belə cəsarətli yazılardan bir neçəsini mətbuatda çap etdirmişdi. Amma sonralar tənqiddə cəsarət alovu zəiflədi, Yəni hansı əsəri isə tənqid edən yazılar qeybə çəkildi. Anarın “tənqid yoxdur, təhlil var” fikri də bu mənada özünü doğruldur. Amma bu o demək deyil ki, ədəbi tənqid bir janr kimi (Ustad Məmməd Arifin sözlərini xatırlayaq: “Tənqid də bir yaradıcılıqdır” demişdi) yoxdur, sadəcə, tənqiddə təhlil prinsipi ön plana keçib. Çoxlu komplimentar yazıları nəzərə almasaq, bizim professional tənqidçilərimizin yazıları məhz maraqlı, düşündürücü təhlillərlə diqqəti cəlb edir. Professional tənqidçilər isə barmaqla sayılacaq qədərdir – Elçin, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif və Cavanşir Yusifli qardaşları, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Elnarə Akimova, Məti Osmanoğlu, Azər Turan, Rüstəm Kamal, Əsəd Cahangir, Nərgiz Cabbarlı, Lalə Həsənova.

Mətləbdən uzaqlaşmaq istəmirəm. Anar müəllimin bütün yazıları təhlillər üzərində qurulub, amma təbii ki, o özünü qətiyyən tənqidçi adlandırmaz, “yazıçı tənqidi” ifadəsini də qəbul etməz. Bəs bu təhlillərin mexanizmi nədən ibarətdir? Məncə, Anarın “Söz dünyası”nda təhlilin başlıca arqumenti ədəbiyyat tarixçiliyi xəttilə sıx bağlıdır. Anarın “Söz dünyası”nda toplanan bütün yazıları məhz bu məqsədə xidmət edir: klassik və müasir ədəbiyyatımızı, folklor örnəklərimizi, Türk dünyasının ədəbi şəxsiyyətlərini  – onların yaradıcılığını hamının başa düşəcəyi dildə təhlil etmək. Elə yazılar var ki, onları qeydsiz-şərtsiz olaraq, ədəbiyyat tarixinin I cildinə daxil etmək olar. Məsələn, “Əski yazılarımız” və “Dədə Qorqud dünyası”nı. Dədə Qorqud dastanları ilə bağlı onlarla, yüzlərlə elmi yazılar çap olunub, onların heç birinin əməyini yerə vurmaq olmaz. Amma Anarın “Dədə Qorqud dünyası” dastanla bağlı bütün bilgiləri əhatə edir və bu yazıda Anarın bizim epos mədəniyyətimizə necə bələd oduğu üzə çıxır. Anar dastanla bağlı bütün yazılan məqalələrə, söylənilən fikirlərə də istinad edir. Ümumiyyətlə, hansı mövzuya müraciət edirsə, o mövzuya həsr olunan bütün örnəklər Anara yaxşı məlumdur. Təbii ki, bu qədər yazıları oxumaq insandan vaxt tələb edir və Anar üçün vaxt problemi yoxdur demək istərdim.

“Söz dünyası”nda üç yazı üzərində xüsusi dayanmaq istəyirəm: “Şairin hünəri”, “Şairin zəfəri”, “Şairin kədəri” . Və mənim fikrimcə, bu yazılar da eyni missiyaya xidmət edir – ədəbiyyat tariximizin üç nəhəng, dahi şəxsiyyətlərinə həsr olunan bu yazılar Anarın klassik ədəbiyyatı bu günün – müasirliyin gözüylə fəhm etmək və mənalandırmaq istəyindən doğur. Və Anarın bu üç yazısında onun Azərbaycan və ümumiyyətlə, Şərq tarixini mükəmməl bildiyi də üzə çıxır. Anar çox yaxşı bilir ki, ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı onların yaşadığı tarixi şəraitlə sıx bağlıdır. Bir-birinə yaxın əsrlərdə yaşamış bu üç şairin hər biri özünəməxsus yaradıcılıq dünyası, dünyanı dərketmə prinsipi, gerçəkliyi inikas üsulları olub. Amma deyək ki, Nəsiminin Füzuli və Xətai yaradıcılığına təsiri daha güclü olub. Füzuli Nəsiminin bir neçə qəzəlinə nəzirə yazıb:

Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,

Onu görsə səfasından, fələkdə afitab oynar.

Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,

Vücudun nuri-bərqindən, niqab oynar.

Fələk əksinə dövr eylər, məgər axirzəman oldu?

Qəfəsdə tutiyü bülbül, çəmənlərdə ğürab oynar.

Nəsimi uş bu ənvarın şüaindən münəvvərdir,

Ki, nabü nərdü, şətrənci olü yel, su, türab oynar.

Bu, Nəsiminin qəzəlidir. Gözəlin təsviri və eyni zamanda gözəllikdən zövq almaq nəşəsi bariz nəzərə çarpır. İndi isə Füzulinin eyni rədifli qəzəlinə müraciət edək:

Səbadan gül üzündə sünbülü-pirpiçü tab oynar,

Sanasan pər açıb gülşəndə bir mişkin qürab oynar.

Rüxün görgəc olur suzi-dəruni dudi-dil hasil,

Ğahar əyyamı sıçrar bərqi-rəxşəndə, səhab oynar.

İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət

Ki, məşuq ilə aşiq eyləyib nazü itab oynar.

Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,

Çıxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar.

Füzuli, rəşkdən titrər dili-pirxunu üşşaqın,

Binaguşunda yarın hər zaman kim ləli-nab oynar.

Füzuli hansı şeirin şeirinə nəzirə yazıbsa, orijinalı ötüb-keçdiyini sübut etmək olar. Əgər Füzulinin Nəsmidən xəbəri olmasaydı, onun qəzəlinə nəzirə yazardımı? Anar yazır: “Füzuli Nəsiminin adını çəkməsə də, bu böyük şairin Füzuliyə təsiri danılmazdır”.

Xətai isə bir çox qəzəllərində məhz Nəsimi ideyalarını təbliğ edib. Amma məsələ təkcə bunda deyil. Bu şairlərin hər biri təkcə Azərbaycan ədəbiyyatına deyil, Şərq ədəbiyyatına da təsir göstəriblər. Anar yazır: “Nəsiminin şöhrəti ta əskidən bəri Vətənin hüdudlarını aşmaqla bərabər, dövrünün, zamanın çərçivələrini də qırıb keçmişdir. XV əsrdə Nəsimini hörmətlə dahi özbək şairi Əlişir Nəvai yad edir. XVIII əsrdə onu ehtiramla türkmən ədəbiyyatının klassiki Məhtimqulu xatırlayır. Nəsiminin poeziyası xaçpərəst Ermənistanda geniş yayılmışdı. Dindarlar – indi də xristian dindarları – Budax Amtesini “Nəsimi şeirlərini oxuyub camaatı qızışdırdığı üçün” yandırmağı fitva vermişdir. XVII əsrdə Ermənistanın başqa bir şairi Xaçatur Diqranakersi şəhər küçələrində gur səslə Nəsimi şeirlərini oxuyurmuş. Onun da aqibəti Nəsiminin aqibəti kimi olmuşdur”. İndi görəsən, bizim torpaqlara göz dikən ermənilərin Nəsiminin bu hünərindən xəbərləri varmı?

Anar Xətaini “Nəsimidən Füzuliyə gedən yolda” mühüm bir keçid hesab edir, xalq şeir formalarına Nəsimidən və Füzulidən artıq dərəcədə aludə olduğunu, qoşmalar, holavarlar, gəraylılar, varsaqlar yaratmaqdan başqa, qəzəllərini də eyni dərəcədə sadə, anlaşıqlı dildə yazdığını, əruzu mümkün qədər azərbaycanlılaşdırdığını qeyd edir. “Çünki Xətai gözünü açandan Azərbaycan dili mühitində – öz xalqının içində böyümüşdü, ana dilinin bütün incəliklərinə bələd olanlarçün yazırdı”. Bu yazıda Xətai ilə bağlı çox mətləblər nəzərə çarpdırılır. Onun milli mənsubiyyətini şübhə altına alanlara. Səfəvi dövlətinin İran dövləti deyil, məhz Azərbaycan dövləti olduğunu sübut edən alimlərin fikirlərinə şərik olur. Amma onu da qeyd edir ki, o dövrün ictimai şüuru hələ Qızılbaşlar dövlətinin milli Azərbaycan dövləti kimi dərk edə bilməzdi. İndi bəzi alimlər, yazarlar Şah İsmayılı və onun Səfəvilər dövlətini həddindən artıq “müasirləşdirirlər”, amma “Şah İsmayıl öz dövrünün oğlu idi, feodal cəmiyyətinin övladı idi. Odur ki, Şərq feodalizminin və İslam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan bir şəxsiyyət idi. Onun siyasi fəaliyyətində siyasi məkr, dözümsüzlük və amansızlıq məqamları da var”. Amma onun bir insan və şəxsiyyət kimi ədalətli olduğunu, xüsusilə, rəiyyətlə rəftarında mülayim olduğunu, bir çox başqa hökmdarlar kimi harınlıq və fironluq etmədiyini, sənət adamlarına öz sarayında gözəl şərait yaratdığını (Şərq miniatür sənətinin ən parlaq çağlarından biri Səfəvilər dövrü idi) qeyd edən Anar yazının sonunda çox doğru bir qənaətə gəlir ki: “Şah İsmayılın sərkərdə zəfərlərinin tarixi əhəmiyyətini…danmasaq da, zənnimcə, zəfərlərinin bəlkə də, ən vacibi qılıncla deyil, qələmlə qazanılmış zəfərdir”. Elə buradaca klassik ədəbiyyat tədqiqatçılarına bir iradımı bildirmək istəyirəım: çox təəssüf ki, Şah İsmayıl Xətainin “qələmlə qazanılmış zəfərləri” haqqında Nəsimi və Füzuli ilə müqayisədə çox sanballı bir tədqiqatın olmadığını nəzərə çarpdırmaq istəyirəm.

Mən füzulişünas deyiləm, ancaq Füzulini hər gün oxuyur və onun qırmızı cildli kitabı (Əsərlərinin I cildi) həmişə yanımda olur, evdə də, işdə də, hətta yatanda da. Və Füzuliyə, onun yaradıcılığına aid yazılan bütün tədqiqatlardan xəbərim var. Anarın “Şairin kədəri” məqaləsi də o tədqiqatlardan biridir. Məhz tədqiqat əsəri. Çünki bu yazıda Füzuliyə təkcə sevgilər, onun böyük sənəti qarşısında heyrət ifadə olunmur, məhz Füzuli yaradıcılığına müasir füzulişünas mövqeyi ifadə olunur. Anar Füzuli haqqında yazılanları çox diqqətlə oxuyub, amma bütün bu yazılanların heç birini təkrar eləmir, sadəcə, öz “Füzuli versiyasını” irəli sürür. Onun şeir dilindən, obrazlar sistemindən tutmuş, üslub və forma xüsusiyyətlərinə, “düşvarı asan eyləmək” hünərinə, Nizamidən və Nəvaidən fərqli daha lirik, daha faciəvi “Leyli və Məcnun” eşq dastanı yaratdığına qədər – bir sözlə, Füzuli mövzusu bitib-tükənməzdir və Anar bu mövzuların hər birinə obyektiv münasibətini bildirir. Bu yazının çox maraqlı iki nüansını qeyd etmək istəyirəm. Anar Füzulidə təsəvvüf ideyalarının olduğunu danmır, amma “bu gün biz Məcnunluğu sufizm simvolikasının gizli, dolayı, metaforik şifrələriylə açmırıq, insan psixologiyasına, duyğular aləminə bələdliyi ilə tanıyırıq” – deyir. Füzuli sənəti o qədər dərin, hüdudsuzdur ki, sufizm də məhz o dərinliyin içindədir. Anar “Bəzən Leyli və Məcnunu Şərqin Romeo və Cülyettası adlandırırlar” fikrinin yanlış olduğunu söyləyir və bununla bağlı çox geniş izahata da ehtiyac duymur.Vaxtilə böyük tənqidçimiz Məmməd Cəfər “Füzuli yaşayır” məqaləsində yazırdı ki: “Füzulini sevin, ancaq unutmayın ki, təkcə sevmək, sevib yüngülləşmək azdır. Böyük şairi başa düşməyə çalışın. Onu təkcə bir qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof, mütəfəkkir kimi başa düşməyə, dərk etməyə çalışın”. Anar ustad tənqidçinin həmin fikrini tam mənası ilə həqiqətə çevirir, Fuzuliyə sevgisini bizə də aşılayır.

Mən Anarın “Söz dünyası”nda “Üç Leyli, üç Məcnun”, “Koroğlu-Goroğlu”, “Nəşədən ələmə”, “Əhməd Yasəviylə bağlı düşüncələr”, “Çağdaşımız Mövlana”, “Türkçülüyün banisi”, “Türkün sözü” yazılarından da çox şey öyrəndim. Amma daha çox bəyəndiyim üç yazı üzərində dayandım.

Amma Anarın söz dünyası bircə bu kitabdakı yazılarla məhdudlaşmır. Anar müasir ədəbiyyatımızın müxtəlif problemləri ilə bağlı xeyli sayda yazıların da müəllifidir. Ədəbiyyatda elə bir istedadlı şair və nasir yoxdur ki, onların yaradıcılığı Anarın fikir sücgəcindən keçməsin. Xatırlayıram onun 1984-cü ildə “Azərbaycan” jurnalında çap etdirdiyi “Nəsrin fəzası” məqaləsini – bu yazı “altmışıncılar”a həsr olunmuş ilk və sanballı bir yazı idi. Xatırlayıram onun Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən və digər şair və nasirlərin yaradıcılığı ilə bağlı portret yazılarını. Bu yazıları oxuyandan sonra fikirləşirsən ki, daha Anardan sonra nə yazmaq olar? Amma bir dəfə Anar müəllim mənə dedi ki, Vaqif Səmədoğlu haqqında yaxşı bir yazı yazmısan. Sevindim. Ona görə sevindim ki, Anarın V.Səmədoğlu haqqında yazısı mənim yazımdan xeyli əvvəl yazılmışdı.

Yazımı bitirirəm və Anarı doğum günü* münasibətilə təbrik edirəm…

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.2-3.

*redaktə edilib.

MÜƏLLİF: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Mustafazade. Vicdan susanda…

Vicdan susanda…

(səmimi qeydlər)

Görünür bu gün çoxumuzun vicdanı susub, ya da nəsə kimə görəsə susub…

Öncədən deyim ki, mən mustəqil bir azərbaycanlı olmaqla yanaşı, 33 ildir vətəndən uzaqlarda yaşayıram…

Son illər və bu günlər sosial şəbəkələrdə Yazıçı Anara qarşı tərbiyyəsiz hücumlara dözə bilməyib bir neçə söz demək istəyirəm.

Öncədən bildirim ki, nə yazıçılar, nə də jurnalistlər İttifaqının üzvü deyiləm. Hərçəndi 50 il fasilədən sonra Azərbaycan Qürbət mətbuatının davamçısı olan Xudafərin (www.xudaferin.eu) jurnalının təsisçisi və baş redaktoruyam. Anarın nə vəkili deyiləm, nə də ruporu.

Bizim gəncliyimiz vahabzadələrin, anarların yaradıcılığı ilə milli-mənəvi dəyərlərlə qidalanıb. Bizim tərbiyyəmizdə onların bizdə milli süurun formalaşmasında xidmətləri valideynlərimizin əməyindən qat-qat çoxdur.

Anar bizim gəncliyimiz və milli sürumuzun şəxsiyyət vəsiqəsidir. Mən hələ də inana bilmirəm ki, özünü azərbaycanlı sayan kimsə Anara dil uzada.

Ancaq sosial şəbəkələrdə nə görürük?… Nəyinki Anarın özü, atası, anası, ovladları müzakirə mövzusu olub. Özüdə xaincəsinə, paxıllıqsasına.

Rəhmətlik Heydər Əliyev səsi olmasada Azərbaycan mahnılarına sevgisin “Küçələrə Su Səpmişəm” mahnısı ilə izhar elədi hamı bəyəndi, Anar musiqimizə olan sevgisim “Laçın” mahnısı ilə bildirdi, sos-şəbəkələr ələ salir ki, “Anar müğənnilik eşqinə düşüb… Bu nə qədər ədalətli yanaşmadır?…

Anar sovet totalitar rejimi zamanı Azərbaycanın haqq səsi olub. Anar həmişə Azərbaycan olub və gəncliyi buna kökləyib, azərbaycançılığa.

Anara hücum çəkənlər AYIBDIR!!! Siz düşməni bizə güldürürsünüz…

Anar ən çətin anlarda bizim milli heydiyatımız olub və bizim milli heysiyatimizla oynamaq olmaz!!!!

Məndən bu qədər…

P.S. Bilirəm məni də söyəcəksiniz, söyün, ancaq Anarı yox!!!

Anar bizim heysiyatımızdır.

Çox istərdim məni səmimi və anlayışla qarşılayaydınız…

Dərin hörmət və ehtiramla: Elman MUSTAFAZADE
Amsterdam

Mənbə: Elman Mustafazade

ELMAN MUSTAFAZADENİN YAZILARI

ANARIN YAZILARI

ANAR HAQQINDA

ANAR HAQQINDA YAZIRLAR


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru