Etiket arxivi: Əli bəy Azəri

Payızın ilk günü yeni “XƏZAN”la

Payızın ilk günü yeni “XƏZAN”la

“Xəzan” ədəbi-bədii jurnalın növbəti nömrəsi çapdan çıxıb. Payızın ilk günü “Xəzan”ın oxucuları ilə görüşə gəlməsi bir təsadüfdürmü, yoxsa mistik məntiqə söykənir, demək çətindir. Hər zaman olduğu kimi 104 səhifəlik jurnal poeziya və nəsr nümunələri, publisistik yazılarla zəngindir.
YAZI DÜZÜMÜ aşağıdakı kimidir. Buyurun, tanış olun, sevə-sevə oxuyun.

Redaktor guşəsi
-“Milli dəyərlərin divanı”
-“Tovuz quşu taxtı” (yazını Zeynəb Cəmaləddin təqdim edir)

Publisistika
-Tariyel ABBASLI – “Doğma vətənə sevgilərlə” (Dürdanə Qaraşovanın yaradıcılığı barədə)
-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Həmişə çətinliklərlə rastlaşmaq istədim” (“Ömrümdən izlər” silsiləsindən)
-Ofeliya NƏZƏROVA – “Nəğməkar ruhun zəfər işığı –70 yaş” (Xalq artisi Zümrüd Məmmədovanın yetmişinci baharı)
-Bayram MƏMMƏDOV – ““Labirint”in bədii çağırışını hamı eşidir” (Yazıçı, millət vəkili İmamverdi İsmayılovun əsərlərinə ziyalı mövqeyi)
-Zərnişan TURAN – “Lətifə xanım Məmmədova – 65” (“Lətifə xanım” şeiri Zeynəb Cəmaləddinindir)
-Günay RZAYEVA – “Son nəfəsinədək döyüşən qəhrəman – Novruz Aslanov”
-Yunis QARAXANLI – ““Dadaizm” cərəyanı və onun ədəbiyyatımıza təsiri”, “Sözün sehrli dünyası”, “İnsanın daxili kompası”
-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Yüksək bal toplayan müəllim”
-Adil MƏMMƏD – “Ətraf Sərraf – 70” (“Hələ neçə zirvə onu gözləyir” şeiri ilə də təbrik edir)
-Adil MƏMMƏD – “Şeir kimi oxunan nəsr nümunələrində polifoniya” (Pərviz Yəhyalı yaradıcılığında mərhəmət çağırışı)
-Şərafəddin İLKİN – “Həyatın yaddaşından süzülən hekayələr” (Şair Damət Salmanoğlunun nəsr yaradıcılığı)
-Maqsud MÖVLANOV – “Lahıcın Zəvəro məscidi: keçmişdən bu günə”
-Yunis QARAXANLI – “Qələmlə silahın vəhdəti”, “Pərvanə İmanova – qələmin vəfası və peşəkarın sözü”, “Vüsalə Yunusova – rənglərin harmoniyasını yaradan sənətkar və qayğıkeş pedaqoq”, “Qəlblərin və zehnlərin memarı Ramidə Oqtayqızı”, “Sevda Kərimli yaradıcılığının özünəməxsusluğu və şeirlərinin dili”
-Pünhan ŞÜKÜR – “Xəlil Mirzənin payızı bahara dönən poeziyası”

Poeziya
-Dürdanə QARAŞOVA – “Dünya Qarabağı görmək istəyir”, “Bənövşə”, “Şəhidlərim”, “Cəbrayılım, Xudafərin, Arazım”, “Yenə dumanlıdı bu qoca dağlar”, “Aşıq Ələsgər”, “Ana yurdum – Azərbaycanım”, “Qürur mənbəyim Azərbaycan”, “Şəhid bulağı”, “Şərəfim, vüqarım, ey ana vətən”, “Fəxr edir səninlə vətənim, Polad”, “Azərbaycan bayrağı” (şeirlər)
-Bayram MÜRÜDOĞLU – “Qalmayıb”, “Dumanlı zirvədir başı ömrümün”, “Yaman tələsirik”, “Bizsiz qalan dağlar hey”, “Yaman darıxmışam”, “Dünya – həmən dünya”, “Təzadlı dünyam”, “Gözlərini gözlərimə cəm elə”, “Ömrün hesabatı”, “Həsrətin dumanı çöküb gözümə”, “Məni unutmağa nə var ki”, “Mən dərdimi sənə açam hər gecə”, “Mənalı misradır mənim həyatım”, “İndi çək həyatı olduğu kimi”, “Gözəl yurdum mənim” (şeirlər)
-Qüdsiyyə QÜDSİ – “Hər gün”, “Səadətin”, “Vicdan və tamah” (təmsil), “Qəzəllər” (şeirlər)
-Zeynəb CƏMALƏDDİN – “Gələr”, “Aldanış”, “Nə üçün?”, “Məhəbbət”, “Bir ocaq quracaqsan”, “Deyiləm”, “Baxacaqsansa əgər”, “Ayılma” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər”, “Rübailər” (şeirlər)
-Ətraf SƏRRAF – “Sözün işığına gəldiyim dünya”, “Ağ işığa tərəf” (şeirlər)
-Məhəmməd YƏHYALI – “Qardaş” (şeir)
-Nuranə RAFAİLQIZI – “Günəş, sabahın xeyir!” (şeir)
-Səkinə NİZAMİQIZI – “Həsrət”, “Sevgilim əsgərdir” (şeirlər)
-Ziyad GÖYÇAYLI – “Mənim ömür yolum”, “Həyat fəlsəfəsi” (şeirlər)
-Ramiz İSMAYIL – “Olmaz”, “Mənim”, “Dağlar”, “Sevdim”, “İmiş”, “Sevmişəm”, “Tök ətəyindən”, “Şairin”, “Çıxıb”, “Görmüşəm”, “Ağlamaram”, “Yaşamışam”, “Bəxtim”, “Taleyimə baş əymişəm”, “Yetişməz”, “Deyil ki” (şeirlər)
-Polad İBRAHİMOĞLU – “Daha”, “Qalmışam”, “Deyiləm”, “Mən ki demədim”, “Deyənlər”, “Keçdi”, “Yaradıb”, “Vuruldum”, “Eylədim” (şeirlər)
-Zakir İSMAYIL – “Şah İsmayıl Xətaidən yazanlar”, “Məni ad günümdə təbrik etməyin”, “Vicdan tərəzisi”, “Ay, Xəzər”, “Mənim şeirlərim”, “Mən şair deyiləm, şeir yazanam” (şeirlər)
-Ayla ADİLQIZI – “Bir ömrün salnaməsi”, “Salatın”, “Bizim kəndimiz” (şeirlər)

Tərcümə
-Graham RİÇARD SMİT – “Cənab Prezident”, “Əsrin dörddə birinin qeydləri”, “Xocalı dastanı”, “Yaxın gələcəyin rəsmi”, “Nənə skuterdə”, “Məktəb bağı”, “Yardımlını görürəm” (Tərcümələr Zeynəb Cəmaləddinindir) (şeirlər)
-Patimat ŞTANÇAYEVA (RUSİYA) – “Əziz Bakı”, “Sənin yanında”, “Danış”, “Dağlar qızı”, “Cavab verə bilərsən?”, “Küllərindən ucalacaq Dağıstan”, “Bilmirdim” (Tərcümələr Zeynəb Cəmaləddinindir) (şeirlər)
-Reyhanə DÖVRANOVA (ÖZBƏKİSTAN) – “Gecikmiş şeir”, “Hal”, “Vətən” (Tərcümələr Rəhmət Babacanındır) (şeirlər)

Nəsr
-Damət SALMANOĞLU – “Dənizə baxan qız” (hekayə)
-Zarema ƏLİYEVA – “İlmələrin üsyanı” (hekayə)
-Xəlil MİRZƏ – “Pomidor tələsi” (hekayə)
-Nizami KOLANILI – “O yaşamağı baxardı” (hekayə)
-Əli BƏY AZƏRİ – “Messi” (hekayə)

Hörmətlə: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sözü səngərdən başlayan yazıçı

Sözü səngərdən başlayan yazıçı

(Əli bəy Azərinin yaradıcılığı haqqında)
Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların həyat yolu rəşadətli bir tarixin, yaradıcılığı isə xalqın keçdiyi ağrılı-acılı, həm də şərəfli yolların bədii aynasıdır. Belə şəxsiyyətlərdən biri də ömrünün altımışıncı zirvəsinə qədər ucalan, həm hərb meydanında bir zabit kimi fədakarlıq göstərən, həm də qələmi ilə ədəbi cəbhədə xidmət edən ehtiyatda olan mayor, tanınmış yazıçı Əli Bəy Azəridir. Yazıçının keçdiyi şərəfli ömür yolu həm gənc nəsil üçün bir vətənpərvərlik nümunəsi, həm də müasir ədəbiyyatımız üçün zəngin bir xəzinədir.
Əli Bəy Azəri 15 İyul 1966-cı ildə Azərbaycanın cənnət məkanlarından biri olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən təbiətin gözəlliyini, el-obanın saf mənəviyyatını ruhuna çəkən gənc Əlinin ədəbiyyata, söz sənətinə marağı ötən əsrin 70-ci illərinin sonlarında baş qaldırır. O, hələ erkən yaşlarından mətbuatda kiçik həcmli məqalələri ilə görünməyə başlayır və bu, onun gələcək böyük yaradıcılıq yolunun ilk qaranquşları olur. Lakin onun həyat xətti təkcə bədii sözlə məhdudlaşmırdı, Vətənə xidmət eşqi onu hərbi sahəyə yönəldir. Ali hərbi təhsil almaq üçün Rusiyaya yollanan Əli Bəy, orada təhsilini uğurla başa vurur və bir müddət peşəkar hərbi kadr kimi həmin ölkədə fəaliyyət göstərir.90-cı illərin əvvəllərində mənfur qonşularımızın torpaqlarımıza təcavüzü və Birinci Qarabağ müharibəsinin başlaması Əli Bəy Azərinin taleyində həlledici dönüş nöqtəsi olur. Rusiyadakı rahat hərbi karyerasını geridə qoyaraq, Vətənin çətin günündə onun harayına səs verir və dərhal Azərbaycana qayıdır. Kadr zabit kimi ön cəbhəyə atılan Əli Bəy, ölkənin ərazi bütövlüyü uğrunda gedən ən ağır döyüşlərdə iştirak edir. Müharibənin amansız qanunları və hərbi xidmətin ağır şəraiti onun bədii yaradıcılığına müvəqqəti olaraq fasilə verməsinə səbəb olsa da, cəbhədə yaşadığı, şahidi olduğu hadisələr gələcək böyük əsərlərinin xammalına çevrilirdi. O, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək bu gün Azərbaycan Ordusunun ehtiyatda olan şərəfli bir mayorudur.
Hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra Əli Bəy Azəri daxilindəki söz fəvvarəsini yenidən canlandırır və ədəbiyyata möhtəşəm bir qayıdış edir. Onun qələmi bu dəfə hərb meydanında qazandığı təcrübəni, millətin dərdini və qəhrəmanlığını kağıza köçürməyə başlayır. Yazıçının yaradıcılıq diapazonu olduqca geniş və məhsuldardır. Bu günə qədər 15-dən çox kitabı işıq üzü görmüş sənətkar, oxucular tərəfindən rəğbətlə qarşılanan 4 irihəcmli romanın müəllifidir. Eyni zamanda müxtəlif elektron portallarda və ədəbi sərgilərdə 100-dən çox hekayəsi və 7 povesti dərc edilmişdir. Onun yaradıcılığı artıq milli hüdudları aşaraq beynəlxalq aləmdə də tanınır. Əsərləri rus və özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin nüfuzlu ədəbi jurnallarında işıq üzü görüb, həmçinin bir kitabı qonşu İran İslam Respublikasında nəşr edilmişdir.
Əli Bəy Azərinin əsərlərinin əksəriyyəti hərbi mövzulardan bəhs edən sənədli-bədii nümunələrdir. O, sadəcə təxəyyülünə sığınmır, həm də özünün yaşadığı real döyüş xatirələrini ədəbiyyata gətirir. Müəllifin “Qəmlibel müsibəti”, “Arazgersdən keçən köç”, “Erməni Borisov” povestləri, eləcə də “Hərbi Zəngilan” və “İki Zəngilanlı zabit” romanları Qarabağ müharibəsinin real bədii təsviridir, doğma yurdun müdafiəsinin və zabit şərəfinin salnaməsidir. Yazıçı fərdi yaradıcılıqla yanaşı, həm də böyük bir təşkilatçı və redaktordur. O, 2016-cı ildən etibarən nəşr olunan “Xəzan” ədəbi-bədii jurnalının baş redaktoru kimi də ədəbiyyatımızın inkişafına mühüm töhfələr verir. “Xəzan” jurnalı qısa müddətdə təkcə paytaxtda deyil, xüsusilə Azərbaycanın bölgələrində ədəbi mühitin canlanmasına, gənc istedadların üzə çıxarılmasına xidmət edən gözəl bir nümunəyə çevrilmişdir.
60 yaş ömrün müdriklik zirvəsidir. Bu zirvədən geriyə baxanda görünən mənzərə fəxr ediləsidir: Vətən qarşısında zabit borcunu layiqincə yerinə yetirmiş bir hərbçi və millətin mənəviyyatına xidmət edən fədakar bir qələm adamı! Əziz qələm dostumuz Əli Bəy Azərini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uca Tanrıdan möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Qələminiz iti, sözünüz kəsərli olsun!

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

Əli bəy Azərinin yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

22 iyul – 365 gündən biri

22 iyul – 365 gündən biri
22 iyul – Azərbaycan Milli Mətbuatın yarandığı gün
Milli Mətbuatın yaradıcısı Həsən bəy Zərdabinin anıldığı gün… Onunla bərabər Əli bəy Hüseynzadənin, Mirzə Cəlilin, Sabirin və digər maarifçi ziyalıların xatırlandığı gün…
Nə xoş o adamların halına ki, milli mətbuatın inkişafında iz qoya bilib.
Ötən illərin birində mənə elə gəldi ki, mətbuat donub. Həsən bəy Zərdabinin tək varisi mənəm. Mənim də qələmim donub, heç nə yazmıram, yaza bilmirəm. Sən demə belə deyilmiş. Müasirlərimizdən gözəl qələm sahibləri Bayram Məmmədov, Şahməmməd Dağlaroğlu, Qafar Cəfərli, Damət Salmanoğlu, Mahir Cavadlı, Yunis Qaraxanlı, yaradıcılığıma dönə-dönə müraciət etmiş Vaqif Osmanov və onlarla digər həmkarlarım mənim də nələrsə yazdığımı qeyd etdilər. Deməli, mətbuatda günümüzü boş keçirtməmişik.
Onların arasında Teyfur Çələbinin qeydləri xüsusilə diqqətimi çəkdi. Mən elə bilirdim Həsən bəy Zərdabinin yolunu davam etdirirəm. Teyfur Çələbi məni həm də Əli bəy Hüseynzadə ilə müqayisə etdi. Çox sevindim. Bu, mətbuatdakı zəhmətimə verilən ən böyük dəyərdir.
Həsən bəy Zərdabi hamını maarifləndirməyə çalışırdı. Bərkə düşəndə kapital sahibləri hesab etdiyi Qarabağ bəylərinə üz tutdu. Təəssüf ki, bir qəzeti yaşatmaq üçün nə sadə rəiyyətdən, nə də bəylərdən dəstək görmədi. Əli bəy Hüseynzadə isə ziyalılarla işlədi, bəsirət gözü açıq olan ziyalılarla, milləti parlaq gələcəyə apara bilən ziyalılarla… Onlar isə çox azdır, bəlkə də barmaqla sayılası qədər…
Gününüz mübarək, dostlar!

Təqdim etdi: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BAYRAM MƏMMƏDOV YAZIR

HƏLƏ NƏLƏR DEYƏCƏKSƏN

(Əli bəy Azərinin 60 yaşına)

Söz qüdrətdi, bədii söz düşüncələrin qüdrətə yönəldilməsidi. Bu və ya digər mətləbin ifadəsi olan əsərlərin təxəyyül işığı sabahlar üçündü. Oxuyursan, özünü yaxşı əsərin əhatəsində hiss edirsən. Mahiyyəti zaman anlamında dünənlərlə bağlı olanların da, sabahlarda olacaqların da. Jurnalistikada da belədi. Əsasən, publisistikada.

Son vaxtlar yazılan belə məqalələrin başlıca yönümü vətənpərvərlikdir. Mədəniyyətdən yazılanların da, iqtisadiyyatdan, müharibədən, döyüşlərdən yazılanların da. Bu gərəkli prosesdə Əli bəy Azərinin sözü də sezilir, duyulur, görünür. Zamanında özü döyüşçü olmuşdu, tərxis edilmişdi. Sözü xalq naminə, dövlət naminə, dövlətçilik naminə tərxis edilməyib, yenə sıradadı. Bu qənaətimi onun “Nə deyim?..” kitabı da təsdiqləyir. Bu kitab bir ömürə söz işığıdı. Təfəkkürün işığıdı, onun haqqında yazılanların işığıdı, bir də vətənpərvərliyin işığıdı…

Mən də Zəngilanlıyam, Əli də, mən də zabit kimi xidmət etmişəm, Əli də, mən də Zəngilanda xidmət etmişəm, Əli də, mən də jurnalistika ilə məşğul oluram, Əli də, mənim də məqalələrim Vətəndən barınır, Əlinin də. Bu baxımdan özü könlümə yaxın olan bir yazıçı-jurnalistin kitabını da ruhumun doğması bildim…

“Nə deyim?”in başlıca mahiyyəti söz əsgərləri haqqında sözdü; özü də sözün əsgəridi və kitabda Əli bəy Azəri haqqında da işıqlı fikirlər könüləyatımlıdı…

“Son qor, son qığılcım qalana qədər…” məqaləsi Azərbaycanın tarixinə, deməli Azərbaycana heysiyyətin sözlə ifadəsidir. Sözə söykək kimi xatırlananlar dünyanın etiraf etdiyi gerçəkliklərdir. Əli bəy Azərinin qənaəti (“…İraqın, Suriyanın, İranın, Türkiyənin, Əfqanıstanın, Özbəkistanın və Rusiyanın ərazilərinə qatılan məmləkətlər bir vaxtlar Azərbaycanın əraziləri olub. Azərbaycan olub. Zaman-zaman qonşu dövlətlərin gücü ilə paralanan Azərbaycan ərazisində son olaraq XX əsrin əvvəllərində Ermənistan dövləti yaradılıb. Elə həmin vaxtdan da dünya əlində dəyənəyə çevirdiyi Er mənistan vasitəsilə Azərbaycanı döyəcləyir…”) bir əsrdən də çox çəkən milli qarşıdurmaların, milli münasibətlər müstəvisində döyüşlərin, müharibələrin siyasi-hərbi anatomiyasının annotasiyası kimi oxunur. Ermənistanın Azərbaycandan ərazi iddiası, iddanın nəticəsi olan ədalətsiz müharibə, döyüşlər, Ermənistanın hücumları, təxribatları. … haqqında Əli bəy Azərinin yazdıqları Azərbaycan mət buatının əsgərləşmiş sözü kimi tarixləşib.

90-cı illərdə başlayan, Ermənistanın siyasi, hərbi havadarlarının köməyi ilə apardığı müharibə Birinci Qarabağ müharibəsi adlandırıldı. Həmin vaxtlarda Azərbaycan Ordusu yaradıla-yaradıla for- malaşırdı, formalaşa-formalaşa yaradılırdı. Və formalaşa-formalaşa döyüşürdü. Yaradılan ərazi özünümüdafiə taborları düşmənin hücumlarının qarşısını ala bilsə də bu, yetərli deyildi. Düşmənlə əhali də döyüşürdü, milislər də. Belə bir şəraitdə Zəngilan taboru rayonun Ermənistanla sərhədini müdafiə edirdi. Əli bəy Azəri bu prosesin də təsvirini sözlə verib. Bu təsvir həm də Azərbycanda elan edilmədən başlamış müharibənin tarixi məqamlarının ifadəsidir: “Ərazi özünümüafiə taborunun mart 1992-ci ildə Müdafiə nazirinin birbaşa tabeçiliyindən ayrılaraq Füzuli rayonunda fəaliyyət göstərən briqada qərargahına, avqust 1993-cü ildə isə Qubadlı rayonunda fəaliyyət göstərən briqada qərargahına tabe edilməsi döyüşçülər arasında çaşqınlıq yaratmağa başladı. Qeyd etmək lazımdır ki, hər iki briqada istər idarəçilik, istərsə də nizam-intizam baxımından Zəngilan rayonunda olan döyüş səviyyəsindən, nizam-intizamdan və idrəçilikdən qat-qat aşağı səviyyədə idi. Həmin dövrdə hər iki rayonda beş motoatıcı taborun fəaliyyətdə olmasına baxmayaraq briqada qərargahı tez-tez Zəngilan rayonuna müraciət edir, komək göndərilməsini tələb edirdilər. Bu da döyüş hazırlığına mənfi təsir göstərirdi…”

Bu qeydlər Azərbaycanda ordu quruculuğu ilə bağlı xidmətdə olmuş zabit qeydləri kimi də dəyərləndirilə bilər. Bu zabit qeydlərini həm də təkcə tarixi faktlar kimi deyil, publisistik söz kimi təqdim edir. Hansı daha dəyərlidir? Biri ordu quruculuğunun tarixinə xidmətdə olan zabit münasibətidir, digəri vətəndaş-jurnalist münasibəti. Bu baxımdan SÖZ həmin faktın fövqündə dayanır. Niyə? – Əli bəy Azəri bu “niyə”nin cavabını oxucunun öz düşüncələrinə təslim edir. Və haqlıdır. “Nə deyim?..” deyir ki, oxucu desin…

“Ahın dağlara, dağlara…” məqaləsi Zəngilanın işğalının 25 illiyinə yazılıb. 25 il Əli bəy Azərinin qəlbinin göynəyi olan məqalədi. Sevgidi bu məqalə, sevgi fonunda təəssüf çalarları da var, inam işığı da. O inam da, o işıq da Zəngilanın qədim tarixinə heysiyyətdi, həm də sabahlarının yolunun səmtini nişan verir. Bu təəssüfün Şəhri-Şərifanın timsalında verilməsi isə qəbuledilən (və bəyənilən!) rəmzdi: “Şəhri-Şərifanın sorağı birinci minilliklərdən gəlir. Babək zamanında bir müddət ölkənin mərkəzi şəhərinə çevrilib. Səkkizguşəli sərdabə abidə kompleksinin qalıqları vardır. Deyilənə görə, yeraltı yolu Həkəri çayının altından keçməklə qarşı tərəfdə yerləşən Məmmədbəyli kəndindəki Türbəyə çıxırdı. Tədqiqat aparılmayıb…”. Təəssüf budur. Əli bəy Azərinin təəssüfü Zəngilanı (Azərbaycanı) sevənlərin təəssüfüdür…

Əli bəy Azərinin Vətən anlayışı bütün vətənsevərlərin düşüncələriylə səsləşir. Vətən üçün sərhəd məfhumunu ruh müəyyənləşdirir. Ruhun müəyyənləşdirdiyi sərhəd tarixin gizlinclərində də var, o sərhədləri tanımağa da, milli-mənəvi dəyərləri ayırmağa, ayrı salmağa o sərhədlərin gücü çatmır. Bu baxımdan tarixin neçə yüz illərinin o üzündə qalanlarda da bu gün ruhunda yaşayan işığın izlərini görmək böyük vətənsevərlikdir. “Nə deyim?..” kitabında bu tezisin də izləri duyulur, görünür.

Dərbəndi müqəddəs şəhər adlandıran (bəlkə də bu dərkə görə Dərbəndə sevgisi də müqəddəsləşən!) Əli bəy Azərinin “Dəmirqapı Dərbəndim” məqaləsi janr baxımından yol-səyahət qeydləri olsa da etnoqrafik çalarları ilə də diqqəti çəkir: “Dərbənd Azərbaycanın paytaxtı Bakı şəhərinin 250 kilometrliyində yerləşir. Üzü şimala sağdan Xəzər dənizi, soldan isə Böyük Qafqaz sıra dağlarından Çalqan dağ silsiləsi ilə əhatə olunur. Çox güman ki, Dərbənd etimologiyaya görə Dar və Bərə, yaxud Dar və Bənd sözlərinin birləşməsindən əmələ gəlib, dilin diffuziyası sayəsində Dərbənd kimi formalaşıb. İstər şimaldan cənuba, istərsə də cənubdan şimala yürüş etmək üçün hökmən bu dar bənddən keçmək məcburiyyətində qalıblar”.

Əli bəy Azərinin tarixi hadisələr müstəvisində yazılan “Dəmirqapı Dərbəndim” məqaləsində qürur, ehtiram, ruh zərrələri də müşahidə olunur. Bu zərrələr də sevgidi, bu sevgidə sezilməsi çətin olmayan bir sorğu da var. Kimdən? – oxucu müəyyənləşdirməlidi; “Narın qala adlansa da bura bir qala deyil, bütöv bir qalalar sistemidir” qənaətində də bu sorğunun çalarları duyulur…

Əli bəy Azərinin “Nə yaman dəyişib azman yerişim” məqaləsi Zəngilanlı şair Məhərrəm Mahinin şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsidir və bu, vətəndaşlıq borcu kimi duyğusallıqla yazılıb. Oçerk-müsahibə də (janrı müəllif belə müəyyənləşdirib) bir təsəlliyə söykənir: azman yeriş yavaşıya bilər, dolaşmaz, azman yerişli kişinin sözü (bədii sözü) dəyişməz. Yenə əvvəlki salğarındadı, əvvəlki urvatındadı. Bu, ustadlıqdı! Yeriş yiyəsinin də ustalığıdı, yeriş yiyəsini bu səmimiyyətlə təqdim etmək də…

Hər kitabın özünün yerinə yetirdiyi söz məsuliyyəti, söz missiyası var. Hər oxucu bu məsuliyyəti, bu missiyanı öz dünyaduyumuna, öz dərkinə görə müəyyənləşdirir. Bu və ya digər kitab haqqında oxucu (sərraf oxucu!) fikirləri istər əsərin (kitabın) ideya istiqamətlərinin, istərsə də əsərin (kitabın) bədii məziyyətlərinin (dəyərinin) işığının yolgöstərəninə dönür (buna rəy də deyirlər) . Əli bəy Azəri də Azərbaycanda çağdaş ədəbi prosesi məsuliyyətlə (ehtiramdan barınmış məsuliyyətlə) izləyir. Bu məsuliyyət (ehtiram) çağdaş ədəbiyyatımıza sevgidi. Oxuduğu, ədəbi prosesə yük olmadığına əmin olduğu kitablar haqqında rəylər də yazır. “Başsız qalan yurd yerləri sorağında” məqaləsi də, “Bu dünya yatanı oyadan deyil” məqaləsi də, “Niyə məhz kəpənək ömrü?” məqaləsi də düşündürücüdü, milli mənəvi dəyərlərə söz işığıdı. “Alovun şölələri sifətləri qarsıdır” məqaləsi gerçəkliyə gerçək münasibətin publisistik düşüncələrinin işığıdı. Nədi bu gerçəklik? – ədəbi prosesə qoşulan həvəslərin, nəfəslərin mövcudluğu, həm də əyalətdə. Nədir gerçək münasibət? – bu həvəslərə, nəfəslərə yaradıcılıq xeyir-duası vermək niyyəti. “Almanax jurnal deyil, məcmuədir, dərgidir, topludur. Müxtəlif müəlliflərin eyni mövzu və janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövri buraxılışıdır” deyən Əli bəy Azərin bu məqaləsi “Qızıl Zəngilan” almanaxının təəssübkeşliyidi, bu təəssübkeşlik SÖZə ehtiramdı, çağdaş ədəbiyyatımıza sayğıdı: “Qızıl Zəngilan” almanaxının yaranmasında məqsəd zəngilanlı yazarların yaradıcılığı ilə oxucuları geniş müstəvidə tanış etməkdir. Eyni zamanda, fürsətdən istifadə edib rayonun füsunkar təbiəti, coğrafi relyefi, toponimləri, ədəbi üsluba yaxınlığı ilə seçilən yerli camaatın dili, şəhidləri, qəhrəman döyüşçüləri, tanınmış simalrı haqqında məlumat mübadiləsi aparmaqdır”. Bu missiya “Qızıl Zəngilan”ın, ruhunu (SÖZə vurğunluğunu) “Qızıl Zəngilan”a da ad eləmək Əli bəy Azərinin ömür missiyasıdı. Bunlara dəyər vermək isə oxucuların…

Məqalə yarımbaşlıqlar formatında hazırlanıb, könüləyatımlıdır, düşündürücüdür. Mənim könlümü “Vətəndən kənarda da vətənpərvər yetişdirmək olar” telləndirdi. Həm də bu qətiyyətin inamına inandım…

Əli bəy Azərinin “Hərbi Zəngilan” kitabı nəşr edilib. Zəngilanın müharibə tarixi kimi oxunmalıdır. Özünün də xidmət etdiyi o illərdə olmuşlar haqqında danışmaq, olmuşları xatırlamaq onun üçün həm vətəndaş, həm də hərbçi məsuliyyəti, məsuliyyətə söykənən borc olub. Bunlar yazıçının (jurnalistin) sonrakı yaradıcılığında da davam etdirilib. İstər verdiyi müsahibələrdə, istər bu və ya digər əsər haqqında fikir bildirəndə, istərsə də sosial düşüncələrində…

Əli Qurban oğlu Rzaquliyev (sözün Əli bəy Azərisi) 1966-cı il iyulun 15-də Zəngilanın Vejnəli kəndində anadan olub. Orta məktəbi 1983-cü ildə bitirib, 1984-cü ildə Xarkov şəhərində Qvardiya Ali Hərbi Tank Komandirləri məktəbinə daxil olub, 1988-ci ildən 1992-ci ilə kimi Kiyev, Şimali Qafqaz, Zabaykalye Hərbi Dairəsində xidmət edib. Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığına görə öz xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilib. 1992-ci ildən 2002-ci ilə kimi Zəngilanda və digər hərbi hissələrdə xidmət edib. Haramı döyüşlərinin iştirakçısıdır. Mayor hərbi rütbəsi ilə tərxis edilib…

Zamanında respublikamızın qəzet və jurnallarında, “Krasnaya Zvezda” qəzetində məqalələri, “Oğul” pyesi 2019-cu ildə “Rusiya ədəbiyyatı” jurnalında dərc olunub. “Qərbin qərbi”, “Rəsmi Bakı” qəzetlərinin baş redaktoru olub. ”Xəzan” jurnalının baş redaktorudur…

Əli bəy Azərinin 60 yaşdan sonrakı yaradıcılığının da işıqlı olacağına əminik. Əli bəy bu gün “Nə deym?..” deyir, zaman anlamında qürurla “Nə dedim, nələr dedim!” deyəcək!..

Bayram Məmmədov,
İstefada olan polkovnik-leytenant, Əməkdar müəllim
Bayram Məmmədovun digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Sözün lirizmi və duyğunun poetikası Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr

Sözün lirizmi və duyğunun poetikası
Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr

Akademik Yaşar Qarayev yazırdı ki, ədəbiyyat xalqın mənəvi yaddaşı, insanın isə daxili aləminin bədii tarixidir. Bu baxımdan hər yeni kitab təkcə müəllifin yaradıcılıq hesabatı deyil, həm də müasir ədəbi prosesə qoşulan yeni bir səsdir. Ədəbiyyatın inkişafı müxtəlif poetik dünyaların, fərqli duyumların və fərdi üslubların qarşılıqlı mövcudluğu ilə təmin olunur. Burada eynilik deyil, fərdilik qiymətlidir.
Müasir Azərbaycan ədəbiyyatında öz qələmini sınayan müəlliflərdən biri də Firavan Mahirdir. Onun “Jalə sevgisi” adlı ikinci kitabı müəllifin poetik dünyasını daha yaxından tanımağa imkan yaradır. Poeziya və nəsr nümunələrinin toplandığı bu kitab müəllifin daxili aləmini, həyata və insana münasibətini, bədii düşüncə istiqamətini nümayiş etdirən bir nəşr təsiri bağışlayır.
Firavan Mahir peşə etibarilə ingilis dili müəllimidir. Müxtəlif dillərin poetik imkanlarına bələdlik onun söz seçimində, ifadə dəqiqliyində və fikrin yığcam təqdimatında hiss olunur. O, uzun təsvirlərə deyil, qısa, lakin emosional yük daşıyan poetik ifadələrə üstünlük verir. Müəllif üçün söz yalnız informasiya vasitəsi deyil, həm də hissin estetik ifadəsidir.
Kitabın əsas mövzu dairəsini sevgi təşkil edir. Ancaq bu sevgi yalnız romantik hiss kimi təqdim olunmur. Burada sevgi insanın mənəvi bütövlüyü, sədaqəti, həsrəti, həyatın faniliyi və daxili təmizliyi ilə vəhdətdə təqdim edilir. Müəllif lirik qəhrəmanın duyğularını təbii axarda təqdim etməyə çalışır və süni pafosdan uzaq durur.
“Kədərli qadın” şeirində oxuyuruq:
Kədəri gözündə gizlədən qadın,
Qəmdən ürəyini sızladan qadın.
Bir qara buludu dalınca salıb,
Çiçək yanağından öpdürən qadın.
Bu misralarda müəllif konkret bir obrazdan çıxış edərək Azərbaycan qadınının ümumiləşdirilmiş mənəvi portretini yaradır. Burada kədər zəiflik deyil, mənəvi gücün ifadəsidir. Tarixin ağır sınaqlarından keçmiş qadının dözümü, səbr və fədakarlığı poetik boyalarla təqdim olunur. Müəllif qadının daxili aləmini sentimental çalarlarla deyil, həyat həqiqətinin fonunda göstərməyə çalışır.
Firavan Mahirin poetik təfəkkürü daha çox obrazlı deyimlərdə özünü göstərir:
“Bir balaca ürək verdin, dərya boyda sevgi qoydun…”
“Bəzən bir mehinlə sığal çəkirsən, dərdimi o mehin alıb aparır…”
“Səssizliyi gəzirəm qəlbimin harayında…”
“Payız gəldi həm havaya, həm ömrümə bu gecə…”
Bu misralar müəllifin bədii düşüncəsinin əsas istiqamətini müəyyənləşdirir. O, böyük fəlsəfi mühakimələr irəli sürmür; əksinə, gündəlik duyğuların poetik mahiyyətini açmağa çalışır. Sadə sözlər onun qələmində emosional məna qazanır. Poeziyanın təsir gücü də məhz bu səmimiyyətdən doğur.
Yaşar Qarayev yazırdı ki, əsl poeziya insanın mənəvi aləmini zənginləşdirən estetik hadisədir. Firavan Mahirin şeirlərində də diqqəti cəlb edən cəhətlərdən biri oxucunun duyğularına hesablanmış təbii lirizmdir. Bu lirizm pafosdan deyil, müəllifin daxili yaşantılarından qaynaqlanır.
Kitaba daxil edilmiş hekayələr də müəllifin yaradıcılıq diapazonunun genişliyindən xəbər verir. Hadisələrin ardıcıllığı, obrazların xarakterik cizgiləri və müəllif təhkiyəsinin axıcılığı göstərir ki, Firavan Mahir yalnız poeziyada deyil, nəsrdə də özünü ifadə etmək istəyən müəllifdir. Hekayələrdə həyat müşahidəsi ilə emosional təəssüratın vəhdəti hiss olunur
“Jalə sevgisi” müəllifin yaradıcılıq yolunda mühüm mərhələ hesab edilə bilər. Kitabda böyük poetik iddialardan daha çox səmimi hiss, daxili təmkin və insan ruhuna həssas münasibət diqqəti cəlb edir. Bu isə hər bir qələm sahibi üçün mühüm başlanğıcdır. Yaradıcılıq inkişaf etdikcə poetik təfəkkür də dərinləşir, obrazlar zənginləşir, sənətkar fərdiliyi daha aydın görünür.
Firavan Mahirin bu kitabı göstərir ki, o, Azərbaycan poeziyasının milli ənənələrinə bağlı qalaraq öz poetik nəfəsini formalaşdırmağa çalışan müəlliflərdəndir. “Jalə sevgisi” oxucunu duyğuların təbii axarına dəvət edən, lirizmi və səmimiyyəti ilə seçilən bir kitab kimi dəyərləndirilə bilər.

Müəllif: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

ŞƏHADƏT İSAXANOVANIN YAZILARI

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli bəy Azərinin “İki  zəngəzurlu zabit”i

    
    YÜZ DOQQUZUNCU YAZI
    MÜHARİBƏ MÖVZUSUNA FƏRQLİ BAXIŞ
    (Əli bəy Azərinin “İki  zəngəzurlu zabit”i)
     Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu  Azərbaycan ordusunun  döyüş yolu keçmiş (əvvəllər keçmiş sovet ordusunda xidmət etmiş) zabiti, tanınmış yazıçı Əli bəy Azərinin  digər azərbaycanlı zabit, şair,  hərbi jurnalist Mahir Cavadlının redaktorluğu ilə “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindn nəfis şəkildə çap olunmuş 272 səhifədən ibarət kitabı haqqında olacaq. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.
    Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən (070-575-03-99) almaq olar.
     Əli bəy Azərinin 2025-ci ildə işıq üzü görmüş və hal-hazırda şəhərimizin kitab evlərində satışda olan “İki zəngəzurlu zabit” romanı müasir Azərbaycan nəsrində hərbi-vətənpərvərlik mövzusunu tarixi yaddaş, insan taleləri və milli kimlik məsələləri ilə birləşdirən maraqlı bədii əsərlərdən biridir. Əsərin ön sözündə qeyd olunduğu kimi, roman XX əsrin sonlarında bölgədə baş verən hadisələrin yazıçı təxəyyülü ilə sintezindən yaranmışdır və sovet ordusunda birgə xidmət etmiş iki dostun – iki zəngəzurlu zabitin sonradan qarşı-qarşıya gələn talelərindən bəhs edir. 
      Əli bəy Azəri uzun illərdir ki, hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərlə tanınır. “İki zəngəzurlu zabit” romanında da müəllif oxucunu yalnız müharibə səhnələri ilə deyil, bütöv bir dövrün ictimai-siyasi mənzərəsi ilə qarşılaşdırır. Əsərin hadisələri qədim Zəngəzur torpağının müxtəlif məkanlarında – Mincivan, Qafan, Sisyan, Meğri və digər yaşayış məntəqələrinin fonunda cərəyan edir. Bu məkanlar sadəcə coğrafi adlar deyil, həm də bir xalqın yaddaşı, kökü və taleyidir. 
      Romanın ilk səhifələrindən müəllif oxucunu Zəngəzurun təbiəti, kənd həyatı və insanları ilə tanış edir. Bu təsvirlər əsərə yalnız bədii gözəllik qazandırmır, həm də sonrakı dramatik hadisələrin emosional təsirini gücləndirir. Zəngəzur burada vətən anlayışının simvoluna çevrilir.
      Romanın əsas xətti iki zabitin – azərbaycanlı Azər və erməni İosifin taleyi üzərində qurulub. Hər ikisi Zəngəzur bölgəsinin yetirmələridir, hərbi məktəblərdə oxuyur, dostluq edir, bir-birinə arxa-dayaq olurlar. Onları yaxınlaşdıran yalnız hərbçi peşəsi deyil, həm də ortaq coğrafiya və uşaqlıq xatirələridir. 
      Lakin tarix bəzən  münasibətlərindən daha sərt olur. SSRİ-nin dağılması, milli münaqişələrin alovlanması və Qarabağ hadisələri iki dostun həyatını fərqli istiqamətlərə yönəldir. Dünən eyni süfrə arxasında oturan insanlar bu gün fərqli cəbhələrdə dayanmalı olurlar. Yazıçı məhz bu məqamı böyük ustalıqla təqdim edir: düşmənçilik xalqlar arasında yaradılsa da, onun ən ağır yükünü konkret insanlar daşıyırlar.
      Əsərdə Meğridə girov götürülən azərbaycanlılar, Mincivanda dayandırılan qatar, xalqın hiddəti və eyni zamanda təmkinə çağırış səhnələri geniş yer tutur. Qulu kişinin obrazı vasitəsilə müəllif ağsaqqallıq institutunun, xalq müdrikliyinin və vətəndaş məsuliyyətinin əhəmiyyətini göstərir. 
        Qatar hadisələri romanın ən gərgin epizodlarından biridir. Burada həm xalqın haqlı narazılığı, həm də qan tökülməsinin qarşısını almaq istəyən insanların səyləri təsvir olunur. Bu səhnələr yalnız bir hadisənin təsviri deyil, bütöv bir dövrün psixologiyasını əks etdirir. 
       Əsərin ən diqqətçəkən xüsusiyyətlərindən biri müəllifin hadisələrə birtərəfli yanaşmamasıdır. Yazıçı milliyyətindən asılı olmayaraq insan taleyini ön plana çəkir. İosif Arutyunov obrazı bunun ən parlaq nümunəsidir. O, erməni olsa da, dostluğa, insanlığa və vicdana sadiq qalmağa çalışan bir zabit kimi təqdim edilir. 
       Bu yanaşma romanı sırf müharibə əsərindən daha yüksək səviyyəyə qaldırır. Oxucu burada yalnız qarşıdurma deyil, həm də insanlıq uğrunda mübarizə görür. Müəllif göstərir ki, siyasi proseslər insanları fərqli cəbhələrdə müxtəlif səngərlərə ataraq ayırsa da, vicdan və mənəvi dəyərlər hər zaman öz sözünü deyir.
      Əli bəy Azərinin dili sadə, axıcı və canlıdır. O, xalq danışıq üslubundan, yerli ifadələrdən və məişət detallarından məharətlə istifadə edir. Bu xüsusiyyət əsəri daha təbii və inandırıcı edir. Hadisələr sürətli inkişaf edir, dialoqlar canlıdır və oxucu özünü hadisələrin içində hiss edir.
Müəllif xüsusilə kənd həyatının təsvirində, insan xarakterlərinin açılmasında və gərgin situasiyaların yaradılmasında peşəkarlıq nümayiş etdirir. Romanın dinamik süjeti oxucunu sonadək maraq içində saxlayır.
       “İki zəngəzurlu zabit” əsərinin əsas ideyalarından biri vətən sevgisidir. Müəllif oxucuya xatırladır ki, torpaq yalnız coğrafi məkan deyil, həm də milli yaddaş, ata-baba irsi və mənəvi dəyərdir. Zəngəzur obrazı roman boyunca bu düşüncənin daşıyıcısı kimi çıxış edir.
Əsərdə vətənpərvərlik pafoslu şüarlarla deyil, insanların davranışları, seçimləri və fədakarlıqları vasitəsilə təqdim olunur. Bu da romanın təsir gücünü artırır.
     “İki zəngəzurlu zabit” Azərbaycan ədəbiyyatında yaxın tariximizin mürəkkəb və ağrılı səhifələrinə işıq salan dəyərli romanlardan biridir. Əsər dostluq və düşmənçilik, vətən və taleyüklü seçimlər, insanlıq və vicdan kimi əbədi mövzuları özündə birləşdirir. Əli bəy Azəri bu romanla təkcə iki zabitin həyat hekayəsini deyil, bütöv bir nəslin yaşadığı faciələri, ümidləri və mübarizəsini bədii şəkildə əks etdirməyə nail olmuşdur.
       Roman həm tarixi hadisələrə maraq göstərən oxucular, həm də vətənpərvərlik ruhunda yazılmış bədii əsərləri sevənlər üçün qiymətli bir ədəbi nümunədir. O, Zəngəzurun yaddaşını yaşadan, insan taleləri üzərindən tarixə nəzər salan və oxucunu düşünməyə vadar edən təsirli bir əsər kimi diqqəti cəlb edir. 
   Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!
   21-23.06.2026
  (Xankəndi, Şuşa, Laçın, Bakı)

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəhadət İSAXANOVA (1949)


ŞƏHADƏT İSAXANOVA (1949)

1949-cu il 1 yanvarda Səmərqənd vilayətinin İştixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Özbəkistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ədəbi-dramatik verilişlər redaksiyasında redaktor (1971 – 1979-cu illər), “Səadət” (1979 – 1983-cü illər) jurnalında redaktor, “Gənc gvardiya” nəşriyyatında (1983 – 1994-cü illər) şöbə müdiri, baş redaktor müavini, baş direktor müavini və baş direktor vəzifələrində çalışıb.
“Gecikmiş bəxt”, “Ana”, “Sirli istək”, “Ümid”, “Leyləklər”, “Qisas”, “Qəribə ziyafət”, “Anası danışdığı nağıl”, “Qırx hörüklü gəlin” və “Заветное желание” (rus dilində) adlı əsərləri çap olunub.
Son illərdə “Bibixanım”, “Sultan Cəlaləddin, yaxud Çingizxan əlinə düşən məleykə”, “Nadirəli dövran”, “Gövhərşad bəyim” kimi tarixi romanları silsiləsindən nəşr olunub. Əsərləri rus, bolqar, qırğız, ingilis, ərəb, hind, benqal və tay dillərinə tərcümə edilib.

Təqdim etdi: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

ŞƏHADƏT İSAXANOVANIN YAZILARI

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


QURBAN BAYRAMI DİVANI

QURBAN BAYRAMI DİVANI

Müsəlman aləmi hər il “Qurban bayramı” adı ilə tanınan müqəddəs bir ayini qeyd edir. El arasında buna bəzən “İsmayıl qurbanı” da deyilir. Hicri təqviminin ritmi ilə hər il on gün əvvələ çəkilən bu bayram, adətən iki gün davam edir və min illərin yaddaşını bu günə daşıyır. Elə buna görə də həmin günlərdə dünyaya gələn oğlan uşaqlarına çox vaxt Qurban və ya İsmayıl adı verilir — sanki qədim bir hekayətin izi yeni doğulan körpələrin taleyinə hopur.
Bu bayramın kökündə insanlığın ən qədim və ən təsirli hekayətlərindən biri dayanır — İbrahimlə İsmayılın hekayəti. Rəvayətə görə, İbrahim peyğəmbər Tanrıya sədaqətinin sınağı olaraq ən əziz varlığı — oğlunu qurban verməyə hazırlaşarkən, ilahi mərhəmət yerə enir və insanın yerinə bir qoç göndərilir. Deməli, həmin günə qədər Tanrı yolunda insanlardan qurban kəsirmişlər. O gündən bəri isə dəvə, qoyun, keçi və inək qurbanlıq simvoluna çevrilir; qurban ayini isə əsrlərin içindən keçərək bu günə gəlib çatır.
Lakin zaman dəyişir, insan düşüncəsi də onunla birlikdə dəyişir. Əsrlər öncə müqəddəs sayılan bir ayin, XXI əsrin vicdanında yeni suallar doğurur. Adi günlərdə ərzaq ehtiyacı üçün müəyyən sayda heyvan kəsildiyi halda, bayram günlərində bu mənzərə dəfələrlə böyüyür. Küçələri bürüyən qan qoxusu, həyətlərdən yüksələn mələşmə səsləri bəzilərinə ibadətin nişanəsi kimi görünür, digərlərinə isə mərhəmətin susduğu bir səhnəni xatırladır.
Qurban bayramı İslam dünyasında paylaşmağın, ehtiyacı olanın əlindən tutmağın, fədakarlıq və mənəvi yaxınlığın rəmzi hesab olunur. Bayramın mahiyyəti təkcə qurban kəsməkdə deyil; insanın nəfsindən keçməsində, əlindəkini bölüşməsində və başqasının dərdini öz qəlbində hiss etməsindədir. Bunu hamı, xüsusən də varlılar edə bilirmi?
Bununla bərabər başqa bir baxış da mövcuddur. Müasir dünyanın bir çox insanı heyvan hüquqları və etik düşüncələr baxımından bu ənənəyə etiraz edir. Onlara görə, yardımlaşmanın və mərhəmətin yolu artıq yalnız qan üzərindən keçməməlidir. İnsanlıq inkişaf etdikcə, xeyirxahlığın da yeni formaları yaranmalıdır.
Məncə, heyvanlara qarşı soyqırımın dayandırılması vaxtı gəlib çatmışdır. Bundan o tərəfi yoxdur.
27-28 may 2026, Xırdalan şəhəri

Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BÖYÜK VƏTƏN MÜHARİBƏSİnə (1941-1945) Zəngilan rayon Vejnəli kəndindən gedib qayıtmayanların (həlak olanların) SİYAHISI

BÖYÜK VƏTƏN MÜHARİBƏSİnə (1941-1945) Zəngilan rayon Vejnəli kəndindən gedib qayıtmayanların (həlak olanların) SİYAHISI
1.Nəriman və Allahverdi Salman oğlu Hüseynov qardaşları
2.Ələkbər və Ələsgər Nağı oğlu Allahverdiyev qardaşları
3.İsmayıl və Abbasəli Abbas oğlu Bayramov qardaşları
4.Hüsü və Seyfulla Murad oğlu Muradov qardaşları
5.Səfiyar, Xanlar və Bayram Məmmədqulu oğlu Məmmədquliyev qardaşları
6.Qəfər və Əzizxan Məşədi Həsən oğlu Balıyev qardaşları
7.Rzaqulu Cəfərqulu oğlu Rzaquliyev
8.Həsənqulu Temirxan oğlu Mehdiyev
9.Mehdiqulu Alməmməd oğlu Mehdiyev
10.Cəmil oğlu Təhməzov
11.Fərrux və Səməd Əli oğlu Şıxəliyev
12.Bayram və İsaq Cəbrayıl oğlu Quliyev…
13.İsa İmanqulu oğlu…
14.Möhbalı…
Təəssüf ki, “Respublika Xatirə Kitabı”nda bu adamlar haqqında məlumat yoxdur. Mənim xahişimlə “Respublika Xatirə Kitab” redaksiyasından rayon rəhbərliyinə və Səfərbərlik Xidmətinin rayon şöbəsinə sorğu ünvanlandı. Cavab məktublarında məlumat olmadığı bildirildi. TƏƏSSÜF!!!
Bu adamların yaxın qohumlarından məlumat toplayıb təqdim etməklərini XAHİŞ EDİRƏM!
Onlar BÖYÜK VƏTƏN – SSRİ uğrunda canlarından keçmişlər, dünyanı, bütün xalqları heç hesab edən FAŞİZMə qarşı vuruşmuşlar. Əziz xatirələri daima qəlbimizdədir.

Mənbə və müəllif: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“SƏN DƏ ƏLƏSGƏRSƏN, MƏN DƏ ƏLƏSGƏR”

“SƏN DƏ ƏLƏSGƏRSƏN, MƏN DƏ ƏLƏSGƏR”
Ədəbi mühitdə dillərdə dolaşan bu misranın müəllifi şair Ələsgər Talıboğlunun “Könül yaza tələsir” şeirlər kitabından fraqlentlər

Şair var, böyük bir külliyyat yaradır, şair də var bappalaca bir kitab bağlayır… Yaxşı halda hər şairin bir misrası dillərdə dolaşar, o da kimə qismət ola, ya olmaya…
Ələsgər Talıboğlu Azərbaycan ədəbiyyatının XX əsrin sonu – XXI əsrin əvvəlləri dövründə imzasını tanıtmış şairlərdəndi. Yaradıcılığında Məmməd Araz məktəbi duyulur. El arasında Dədə Ələsgərə həsr etdiyi şeirindən bir misra dolaşır: “Sən də Ələsgərsən, mən də Ələsgər!” Bu misrada çox məna ifadə olunur. Ələsgəri bu gün yaşadan, gələcəkdə yaşadacaq bu misra onun yaradıcılığına açar rolunu oynayacaq. Ədəbi tənqidçilər, tədqiqatçı-araşdırmaçılar məhz bu misranı rəhbər tutaraq Ələsgər Talıboğlu yaradıcılığını incələyəcəklər. Buna adım kimi əminəm. Çünki Ələsgər Talıboğlu yaradıcılığında belə möhtəşəm, ölməz misralar onlarladır və bəlkə də daha çoxdur.
Ələsgər Talıboğlu ilboyu başının üstü açıq səma olan Naxçıvan diyarında dünyaya gəlib. Hərdən Zəngəzur dağlarından öyüb keçən pambıq kimi ağappaq buludların səmasını gözəl tabloya çevirmiş Şərur rayonunun Kərimbəyli kəndində zəhmətkeş bir ailədə doğulub, boya-başa çatmışdır. İxtisasca filoloqdur, dilimizin zənginliyini bilir və yaradıcılığında bəhrələnir. Hər şairə nəsib olmayan Məmməd Araz və İsa Muğanna mükafatları laureatıdır. Həm də bəxtəvər şairlərdəndir ki, şeirləri bir sıra xarici dillərə tərcümə olunub, sözlərinə mahnılar bəstələnib. Azərbaycan Yazıçılar Birliyinin fəal üzvlərindəndir. Bu günlərdə oxucuları ilə növbəti görüşə gəlib. Sayca 21-ci olan şeirlər kitabı “Könül yaza tələsir” adlanır. Bütün bunlara rəğmən Ələsgər Talıboğlu olduqca təvazökardır. Elə bu kitabının üz qabığına seçdiyi şeir parçasında qeyd etdiyi kimi özünü azman şairlərlə müqayisə etmir, “Bir kol dibində tər bənövşəyəm” deyərək cahana yeni qədəm basdığını, hələ sözünü demədiyi, sinəsi dolu novcavan enerjili biri olaraq təsvir edir.
Çoxşaxəli yaradıcılığa malik Ələsgər Talıboğlu poeziyanın bütün formalarında nümunələr yaratmaqla qələmini snaqdan çıxartmışdır. Yaradıcılığı müxtəlif vaxtlarda ədəbi tənqidçilərin, şair və yazıçıların, jurnalistlərin, yaradıcılığı olan digər sənət adamlarının diqqətini çəkmiş, onun poetik dünyası barədə müxtəlif səpkili məqalələr, resenziyalar, dost yazıları yaranmışdır. Sözsüz ki, növbəti kitabı da əldən-ələ keçərək oxunacaq, layiqli dəyərini alacaqdır.
Ələsgər Talıboğlu da Dədə Ələsgər kimi daima el arasında olan, elin dərd-səri ilə yaşayan, yeri gələndə giley-güzar kimi yox, bir tarix olaraq elin qovxasını mərdanə şəkildə nəzmə çəkən şairdir. “Hər qarış torpağı ləl-gövhər olan vətəndə, hamının bəhrələndiyi halda yerli, aborogen millətin zillət içində yaşadığını, oğulların səfalət ucbatından dərbədər düşdüyünü” yana-yana təsvir edir.
Mənim oğullarım yad ölkələrdə,
Bax, min bir zəhmətlə qultək işləyir.
Ən yağlı loxmanı məmləkətimdə
Yadlar mənimsəyir, özgə dişləyir.
“Könül yaza tələsir” – şair kitabına belə bir ad seçib. Könül yaza niyə tələssin? Baharın, yazın gəlişini, demək olar ki, bütün şairlər öz yaradıcılıqlarında, özü də bəziləri dönə-dönə təsvir etmişlər. Onlardan Şah İsmayıl Xətai qədər gözəl, bənzərsiz və yüksək səviyyədə baharı təsvir edən ikinci bir şair yoxdur. Baharın gəlişi təbiəti oyadır, canlandırır. Hər dəfə gözoxşayan, könülaçan, ruhu ilhamlandıran bir mənzərə ilə qarşılaşan şair ürəyi, könlü yaza niyə tələsməsin? Ələsgər Talıboğlunun hikməti bundadır.
Ələsgər Talıboğlu xalq folklorunu kifayət qədər yaxşı bilən, yeri gəldikdə yaradıcılığında məharətlə bəhrələnən şairlərdəndir. Bu yaşında özünün də folklor nümunəsi yarada biləcək cəhdləri uğurlu alınır. Sözün mahiyyətindən mahir usta kimi istifadə etməyi bacaran şair bənzətmələr vasitəsilə sözünü deyir, necə deyərlər, fikrini sətiraltı ötürür.
Bu gözəlin gün doğmadı baxtına,
Bu gözəlin dərdi dağdan ağırdı.
Bu gözəlin ürəyinə toxunma,
Bu gözəlin köksü dərddən yağırdı.
Heç şübhəsiz ki, ayıq oxucu şairin bənzətməsini dərhal anlayır. Bütün yaradıcılığı boyu el-obaya, doğma yurda, sevgili vətənə, milli mənsubiyyətə bütün varlığı ilə bağlı olan Ələsgər “bu gözəl” dedikdə ana vətəndən başqa nə düşünə bilər?
Bu gözəlin sevdaları olub puç,
Bu gözəlin eşqi daşa dəyibdi.
Bu gözəlin çarxı dönüb tərsinə,
Bu gözəlin ruhunu qar döyübdü.
Odur ki, şair könlü yaza tələsir. Yaz təkcə təbiət fəsli deyil, yaz arzularımızın çiçək açacağı bir dövrdür. Qəlbimizdə bəsləyib saxladığımız, müstəqilliyə qovuşduğumuzdan bəri gerçəkləşəcək planlarımızın gələcəyi, müharibələrin, soyuq davaların olmayacağı, əmin-amanlığın yaranacağı dövrdür. Hələ ki, şair dediyi kimidir: “Bu gözəlin eşqi daşa dəyibdi”, “Bu gözəli dayağı yox söykənə”, “Bu gözəlin yaraları qaysaqsız”, “Bu gözəlin məlhəm gərək dərdinə”.
“Orxan” Nəşriyyat və Poliqrafiya müəssisəsi tərəfindən nəfis tərtibatla 300 nüsxə ilə nəşr olunan 248 səhifəlik kitabda şairin, əsasən, son bir ildə yazdığı şeirlər toplanmışdır. Bu da Ələsgər Talıboğlunun müdrik yaş dövründə məhsuldarlığının göstəricisidir. İndi o, təkcə öz fikirlərinin ifadəsini nəzmə çəkmir, böyük bir millətin saf niyyətinin, ülvi və pak amalının rəsmini sözlə ifadə etməyə çalışır, bir rəssam kimi göz önündə canlandırmağa çalışır.
Üzüm dirənibdi yoxuşa daha,
Gah duman, gah çovğun, yağışa daha.
Mat qaldım buncalıq axışa daha,
Keçilməz qayalar, sallar görünür.
Hər bir Azərbaycan aydını kimi Ələsgər Talıboğlu vətənin üzləşdiyi problemləri aydınca görür. Otuz ildən artıq başımızın üstündə dolaşan Qarabağ problemi həll olunsa da, milli əndişələr çözülmək bilmir. Milləti yetmiş yeddi yerə parçalayırlar. Hicaba bürünmüş azyaşlıların sayı artdıqca göbəyi açıq qızlar da durmadan çoxalır. İslami dəyərləri hörmətə mindirənlərlə özünü ateist adlandırıb hər şeyə qarşı çıxanların qovxası bitmək bilmir, günü-gündən də dərinləşir. Xarici təsir altına düşmüş üzüdönüklər vətəndən, millətdən üz döndərənlərin sayını durmadan artırırlar. Ələsgər Talıboğlunun silahı sözdür və o, sözünü deyir. Sözü isə qanana deyərlər, həm də kəskin sözü deməyin fərqi yoxdur, ya pıçıltı ilə söylə, ya Koroğlu nərəsi ilə hayqır.
Gəldim məzarlığa ziyarətə mən,
Bir bilsəniz burda off… kimlər yatır.
Ömrünü dopdoli yaşayanla bir
Çiçəyi burnunda nakamlar yatır.
Dil, din və torpaq uğrunda döyüşdə, mübarizədə canını fəda etmişlər şəhidlik zirvəsinə yüksəlirlər. Ələsgər Talıboğlu gəncliyində Azərbaycanın digər dəliqanlı, comərd cavanları ilə bərabər silaha sarılıb, vətəni erməni separatçılarından, qəsbkarlarından qoruyub. Əlinə qələm aldığı gündən dilimizin saflığı uğrunda cəngə girib. Ağsaqqal yaşında elin adət-ənənələrinə, milli-mənəvi dəyərlərə, ən əsası da İslam dininin məntiqi əsaslarına söykənən yaşam tərzinə dayaq olub. Yetkin ömrü mübarizələrdə keçib. Günü gündən artan, özü də ildırım sürəti ilə artan Şərlə mübarizədə Xeyirin gücsüzlüyünü görüb bəzən bədbinliyə düçar olur, nikbinliyini zəiflədir.
Qəlbimi yurd etdim dərd köhlənimə,
Sevincin dadını dada bilmədim.
Bunca ağrıları hey çəkə-çəkə,
Verdim bir ömürü bada, bilmədim.
Amma, necə deyərlər, haqq nazilər, üzülməz. Məzarlığı ziyarət edərkən ürək ağrısı və təəssüf hissi ilə orda kimlərin, hansı dahi və fədakarların yatdığını qeyd edən şair bilməlidir ki, haqq iş həmişə davam etdiriləcəkdir. Şagirdləri isə zaman özü yetişdirəcək.
Daşıya-daşıya bu fil yükünü,
Yaşadım min ağrı, acı içində.
Göyləri boyadı ahımın rəngi,
Bir üzüm gülmədi ömür köçündə.
Başı müsibətlər çəkmiş Azərbaycanın ömrü min illər boyu ağrı, acılar içində keçib, amma heç vaxt sarsılmayıb. Bilib ki, onun mərd oğulları ən çətin, ümidlərin üzüldüyü son anda belə yetişəcək, dayağında duracaq. Nə qədər Ələsgərlərlər gəlib getsə də belə olub, belə olacaq. Təki könüllər pərvaz olsun, üzü yaza köklənsin!

21 aprel, 2026, Xırdalan şəhəri

Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I