Dünyamızı çiçək görən, Gözlər nə gözəl, nə gözəl… Ruhumuza şəfa verən, Sözlər nə gözəl, nə gözəl…. * * * Gül əkənlər, gül dərəcək, Qəlb deyəni, dil deyəcək, Düz əyrini, düz görəcək, Düzlər nə gözəl, nə gözəl…. * * * Ustac olub sözə məftun, Daim gülən üzə məftun, Qəlbdə qalan izə məftun, İzlər nə gözəl, nə gözəl….
Qəlbi yara qadınlar, Bəxti qara qadınlar Ərin baxan gözündə, Təkcə,bircə mətbəxdə İşə yarar qadınlar. Kövrək olur qəlbləri, Acı olur dilləri Yığılır dərd,qəm,kədər Sevinc bilməz qəlbinə. Kimsə sormaz de niyə? Kimdən,nədən,nə səbəb? Niyə küsdün bu qədər? Həyat incitdi səni? Yoxsa ümid kəfəni? Bu dar evdə neynirsən? Gülürsən,sevinirsən? Gözlərin onu demir Bir kədər var içində Kədərlisən niyəsə Bu boş evin içində Bədbəxt olur qadınlar Sevgi görməz,sevilməz Hörmət görməz,bilinməz Varlığının dəyəri. Başqasına gülüş atan, O əclafın dəyəri Niyə ölmür gözündə? Niyə getmirsən o evdən? O ev deyil kəfəndi Bu daş deyil,bədəndi Vermə zülüm özünə Bir səhifə aç özünə Sil keçmişi, sil onu Çıx get,bədbəxt cəmiyyətin Gətir həzin sonunu Qoy bilsənlər qadınlar Qul deyil ki,qüvvədir Özün sevən qadınlar Zərgərə zər olar da, Taxtaya mismar deyil…
İyulun son günlərində aldığımız acı xəbərin sorağıyla bir qrup şəhid anaları ilə Beyləqanın Qəhrəmanlı kəndində yola düşdük…
27 yaşlı Yaqublu Fərman Telman oğlunun – bu kəndin 17 – ci şəhidinin yas məclisinə…
Qrupumuza İNK-nın Abşeron rayonu üzrə “Şəhid anaları və Milli Qəhrəman ailələri” departamentinin sədri – şəhid qərərgah rəisi, kapitan Əsəd Fərhad Oğlu Həsənovun anası Mələk Xanım “Qadınlar Şurası”nın sədri – şəhid polkovnik – leytenant Vüqar Əhməd oğlu Ağayevin anası Nənəxanım Ağayeva da daxil idilər. Yeri gəlmişkən Fizulinin azad olunmasında şəhid olan İsmayıl Qasımovun anası Mahirə Nəzərliyə bu səfərin təşkilində anaların pulsuz nəqliyyatla təmin olunmasında və şəhid analarına dəstəyini əsirgəməyən, 1-ci Qarabağ müharibəsində 1-ci qrup əlil olmuş qazi Rövşən Cəfərovun həyat yoldaşı Könül Cəfərovaya da minnətdarlığımı bildirirəm.
Qəhrəmanlı kəndinə çatdıqdan sonra bizi dörd hərbiçi könüllü -qazilər Orxan Balakişiyev və Məhərrəm Məhərrəmov, könüllü müharibə iştirakçıları Asəf Əliyevlə Sadiq Həziyev müşayiət edirdilər…
Kənddə yolboyu 44 günlük Qarabağ müharibəsinin 17-ci şəhidinin gül-çiçəyə bürünmüş gülərüzlü plakatlarını gördükcə həm kədərlənir, həm də bu igidlərimizlə qürur duyurduq. Təkcə bu kənddən 17 şəhidin olması bizi çox təsirləndirirdi…
Kəndin küçələrində gənclərin əllərində idman çantaları ilə məşqə getmələri də nəzərimi cəlb etdi. Vətənimizin zəfərə nail olması elə belə hazırlıqlı gənclərin sayəsində olmuşdur…
Budur, Fərmanın evində daxil olduq. Başda 27 yaşlı şəhid ata ilə 27 yaşlı şəhid oğulun şəkillərindən ibarət güşə və onların xatirə əşyaları olan stol və bayrağımız…
Sura ana bizim qəfil gəlişimizdən tutuldu və ata ilə oğulun birgə şəkillərini qucaqlayıb ağladı və oğlunu oxşadı… Biz İNK -nın üzvləri ilə şəhid analarından Fizulinin, Suqovuşanın, Qubadlının, Şuşanın, Talış kəndinin, Laçın dəhlizinin və başqa rayonların azad olunmasıda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış İsmayıl Qasımovun, Sübhan Abdurrəhmanlının,Tural Rəhimlinin, Rəşid Həmidovun, Əsəd Əsədlinin, Teymur Məcidzadənin, Nurlan Atakişiyevin, Miqdad Abduləlimovun anaları Mahirə ana Mehriban ana, Süsən ana, Tənzilə ana, Səidə və Yasəmən ana, Pərvanə, Mələk və Nənəxanım ana Sura anaya mənəvi dəstək olmaq üçün onun yanına gəlib şəhid ocağını ziyarət etməyi özlərinə borc bildiklərini dedilər. Könül xanımla və Aybəniz xanım ona təskinlik verərək şəhidliyin uca zirvə olmağı haqqında söhbət etdilər.
Bütün şəhid analarının bir istəyi var; onlara mənəvi dəstək olmaqla diqqətdə saxlamaq. Analar mənəvi qayğıya ehtiyac duyduqlarını bir daha xatırlatdılar. Sura ana ilə xeyli söhbət etdikdən sonra analarla qonşuluqdakı şəhid Vüsal Nadir oğlu Hüseynovun ailəsini ziyarət etdik. Bizi görən Nadir ata hönkürtü ilə ağladı, onun səsinə Aidə xanım otaqdan çıxıb bizi Vüsalın otağına apardı… Burada Vüsalın iki maketi, paltarlatı medalları və digər əşyaları səliqə ilə düzülmüşdü. Aidə ana birdən onun boş qalan digər otağından Vüsalın son dəfə geydiyi köynəyi gətirdi… Və əlavə etdi ki, hər gecə onun iyini bu köynəkdın alıb yatıram. Onlara təskinlik verib həyətdə xatirə şəkli çəkdirirdik ki, ana oğlunun maketini gətirdi ki, qoy Vüsalım da bizimlə olsun…
Fərmanın bacısı bizi şəhid ailəsi Yaqut müəlliməgilə də gətirdi. Onunla da görüş çox hüznlü oldu… Bütün şəhid anaları eyni fikri vurğulayırdı: “… onu saxlaya bilmədik, müharibə başlayan kimi dərhal cəbhəyə getdi…” Qəhrəmanlıqla döyüşən igidlərimiz çoxdan Ali Baş Komandanımızın əmrini gözləyirdilər. Gözləyirdilər ki, vəhşi faşist vandallarını Qarabağımızdan qovsunlar… Şəhid anaları ona da təskinlik verərək dərdinə şərik olduqlarını söylədilər. Beləcə Sura ana ilə vidalaşıb rayonun “Şəhidlər Xiyabanı”na getdik… Sanki igid oğullarımız bizi gözləyirdilər. Tər gül-çiçəklərə bürünmüş bu ziyarətgahda bilmədik haradan başlayıb harada qurtaraq….
Ətrafdakı xatirə lövhəsində yüzlərlə şəhid elə bil bizə deyirdi ki, ayaq saxlayın, bizi də yad edin… Təkcə Beyləqanda nə qədər şəhid varmış! Bizə şanlı qələbə, zəfər bəxş edən igid şəhidlərimiz… Onlara dualar oxuyub İmişliyə getdik. Burada Mələk ananın qərargah rəisi, kapitan oğlu Əsəd Həsənov və dostu Elmir Şəmsioğlu Bayramov uyuyurdu. Ziyarətgaha daxil olanda Əsədin atası Fərhadın burada olduğunu gördük, görüşdük səbr dilədik. Hər iki şəhidin məzarına tər çiçəklər qoyduq və Bakıya dönərkən yol boyu analar bir-bir yenə şəhidlərimizi xatırladılar… Kədər və qürur qarışıq bir gün keçirdik. Şəhid analarının belə görüşlərə çox ehtiyacları olduğuna şahidlik etdik. Onların hər şeydən çox həmsöhbətə ehtiyacları var… Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun…
Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
Professor Yaşar Qarayev və professor Asif Rüstəmli
YAŞAR QARAYEV FENOMENİ
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Yaşar Qarayevlə ilk tanışlığım 1986-cı ilin Novruz bayramı ərəfəsinə təsadüf edir. Nizami adlı bir tanışım Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Yaşar Qarayevlə məni şəxsən görüşdürmək, tanış etmək istədiyini bildirdi. Məmnuniyyətlə razı oldum. Ertəsi gün Yaşar müəllimin kabinetində görüşdük. Salam-kəlamdan sonra mənə ilk sualı belə oldu: Yazılarından mətbuatda çap olunanı varmı? Bəli – dedim. C.Cabbarlının kitablarına salınmış üç felyetonun ədibə aid olmadığını isbatlamağa çalışdığım “Cabbarlının “məqalələri” adlı yazım 29 noyabr 1985-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Digərlərini də sadalamağa hazırlaşanda məni dayandırdı və təəccüblə yenə sual verdi: O məqaləni sən yazmısan?!
Dörd ay əvvəl çap olunmuş məqaləmin Yaşar müəllimin yaddaşında qalması məni çox sevindirdi və astaca sualını təsdiqlədim. Azacıq fikrə getdi və sonra üzünü mənə tutaraq dedi: Asif, belə yazılardan nə qədər çox yazsan Ədəbiyyat İnstitutuna gəlişin də bir o qədər qısalacaqdır.
Müdrik deyim idi. Əslində işə qəbulun kəsə yolunun yaradıcılıqdan, sanballı elmi məqalələrdən keçdiyini nişan verirdi. Doğrusu bu yol o qədər də asan və kəsə deyildi. Mən isə daha konkret vədə ümidli idim…
Bir neçə aydan sonra Yaşar müəllim institutun direktor vəzifəsini icra edən, ardınca isə direktor təyin edildi. İşə ilk qəbul müsabiqə yolu ilə oldu. Komissiya üzvləri “Baş laborant” vəzifəsini tutmaq istəyənləri sual atəşinə tuturdular. Müsabiqə bitdikdən sonra nəticəni həyəcanla gözlədiyimiz dəqiqələrdə məni ilk təbrik edən də Yaşar müəllim olmuşdur.
Beləliklə, 1988-ci il 18 yanvar tarixindən Yaşar Qarayevin əmri ilə Ədəbiyyat İnstitutunda fəaliyyətə başladım. Yaşar müəllim çox müdrik, mədəni, təmkinli, xeyirxah, təmənnasız şəxsiyyət idi. Azərbaycan ədəbiyyatını ən qədim dövrdən çağdaş günümüzədək bütün mərhələlərini mükəmməl bilirdi. Folklorumuzu çox sevirdi. Yaşar Qarayev tənqidi – poetik tənqid idi. Başqa sözlə poetik tənqidimizin banisi Yaşar Qarayev idi. Nitqi mükəmməl, rəvan və obrazlı olardı. Cümlələrində daxili qafiyə, bənzətmə bolluq təşkil edərdi. Ən sərt fikri – cazibədar, metaforik libasda təqdim etməyi bacarırdı. Yanına gələnlərin diqqətini ilk cəlb edən kəlam masasının üstündə, şəffaf lövhədə yazılmış “Vaxt sərvətdir!” deyimi idi.
14 il onun rəhbərliyi altında işlədim. Yaşar müəllimi həyatımda direktor olmaqdan daha çox böyük qardaş kimi görürdüm. O layiq olanlara heç bir vaxt sevgi və qayğı payını əsirgəmirdi. 1989-cu ildə yenicə işıq üzü görmüş “Meyar şəxsiyyətdir” kitabını avtoqrafla mənə bağışladı. Avtoqrafda yazırdı: “Daxili – mənəvi mədəniyyətinə böyük hörmət etdiyim, elmi gələcəyinə inandığım, ümid bəslədiyim əziz Asifə! Mən bütün elmi gəncliyimizi belə sadə, belə zəhmətkeş görmək istərdim, Asif!
Yaşar. 14 mart 1989”
Yaşar Qarayevin avtoqrafı.
Yaşar müəllimlə bağlı saysız-hesabsız xoş xatirələr yaddaşımda yaşayır. 1990-cı ildə İçəri Şəhərdə yaratdığı Folklor Elmi-Mədəni mərkəzinə (İndiki Folklor İnstitutuna) məni direktor təyin etdi. Onun təşkilatçılığı və rəhbərliyi ilə 1991-ci ilin aprel-may aylarında Ankarada beynəlxalq simpoziumda məruzə etdim. İlk kitabıma (1992) ön sözü də o yazıb. 1994-cü ilin sentyabr ayında Yaşar müəllimin təşəbbüsü ilə İraqa gedən nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim və s.
Yaşar Qarayev 27 yaşında namizədlik, 43 yaşında doktorluq müdafiə etmiş, 44 yaşında Dövlət mükafatı laureatı, 46 yaşında əməkdar elm xadimi idi. Onun rəhbərliyi ilə İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Məhərrəm Qasımlı, Aydın Dadaşov, Tahirə Məmməd, İsfəndiyar Vahabzadə, Məryəm Əlizadə, Rüstəm Kamal, İsrafil İsrafilov, İsmayıl Vəliyev, İlham Rəhimli, Rahid Ulusel, Əziz Ələkbərli, Xatirə Quliyeva və b. görkəmli alimlər yetişmişdir.
1998-ci ildə akademiklər Firudin Köçərli və Bəkir Nəbiyev əməkdar elm xadimi Yaşar Qarayevin AMEA-nın müxbir üzvlüyünə namizədliyini irəli sürürlər… lakin… baş tutmur. O, dörd il sonra, 2002-ci ildə, vəfatından bir neçə ay əvvəl AMEA-nın müxbir üzvü seçilir…
Yaşar müəllim Qarabağa sıx bağlı insan idi, Qarabağ ağrısını-acısını ürəyində daşıyırdı. O, 2000-ci ilə infaktla daxil oldu. Jurnalist təskinlik üçün infaktı “ziyalı xəstəliyi” adlandıranda Yaşar müəllim incə bir şəkildə onun sözünə düzəliş verərək bu epidemiyanın “cəmiyyətin bütün təbəqələri, zümrələri miqyasında yayıldığını” vurğulayaraq əlacı haqqında demişdir: “Cərrah əlcəyini əlinə Prezident geysin gərək. Skalpeli Ali Baş Komandan tutsun gərək, özü də baş əməliyyat, əsas cərrahiyyə … Qarabağda aparılsın gərək. Yoxsa nə qədər ki, millətçi, şovinist külçədən qopan radiasiyalı qəlpə Azərbaycanın Qarabağ adlı ürəyində – yarada yaşayır və fəsad verir, qanda və nəbzdə artimiya, damarda və sinirdə metastaz ara verməyəcək.”
2002-ci ilin yayında daha bəd xəstəlik Yaşar müəllimin yaxasından yapışdı. İnstituta rəhbərliyi Teymur Kərimliyə tapşıraraq məzunuyyətə (müalicəyə) getdi. Heç kəs inanmazdı ki, o yenidən işə qayıtmayacaq… 2002-ci il 25 avqust, səhər saat 6-da telefonuma zəng gəldi. Zəng edən Yaşar müəllimin həyat yoldaşı Esmira xanım idi. Boğuq səslə Yaşar müəllimin vəfat etdiyini bildirdi… Mərkəzi Klinikanın Reanimasiya otağında Yaşar müəllim tək idi. Uzun müddət yuxusuzluqdan əzab çəkən dahi şəxsiyyət elə bil yuxuya getmişdi… elə bil zamansızlıq uyğusuna qovuşmuşdu…
Sevməyi öyrədən kəsim , Sevən darıxar demədin . Mən yanında olmayanda , Qəlbin karıxar demədin . * * * Demədin sən məhəbbətin , Müsibət adlı üzü var . Günəş kimi yanar odu , Qəlbinə düşən közü var . * * * Ay məni məndən edən kəs, Dedin ki,sevgi nəfəsdir. Nəfəsimi alıb getdin , Can yerim quru qəfəsdir. * * * Öyrətdin özünə yaman , Sevgi də qəm var demədin. Baxışının alovunda , Bir az da nəm var demədin . * * * Ay qəlbimi köz edənim , Ətirlən, külək gətirsin . Könlümə dolsun nəfəsin , Nolar həsrəti götürsün.
Ərəb dilində olan 28 hərf iki əsas dəstəyə ayrılır. 14 qəməriyyə və qalan 14 isə şəmsiyyə hərfləidir. Şəms günəş, qəmər isə aydır. Əgər kəlmənin başlanğıcından (ا ل) Əlif ləm olarsa sonrakı hərf mütləq muşşədə (təşdidlə yazılır və bu hərf şəmssiyə hərfdir. Bu hərflərin nəzərdən keçirərək.
HARDASAN Əsir olmuşam, dərdimin əlindən Qurtara bilmirəm gülüm, hardasan?! Ürəyim səninçün zar-zar ağlayır, Mən necə öyrənim, bilim hardasan?! * * * Sənli günlərimiz şəkərdi, baldı, Düşündük: – Pis günlər arxada qaldı… Bizi kim qarğadı, kim ayrı saldı? Çatmayır əlinə əlim, hardasan?! * * * Sən idin, mən idim, bir tut ağacı – Hərdən oğrun-oğrun baxıb qıyğacı Deyərdin: – Dərdimin sənsən əlacı… Şirinli, şəkərli dilim, hardasan?! * * * Bəs nədən yad oldu o günlər bizə, Yoxsa bədnəzərlər gətirdi gözə… Nə vaxtı gəlmirik daha üz-üzə, Qırılmış qanadım, qolum, hardasan?! * * * Nədən uzaq düşdün Ülvidən elə, Dağ çəkdin könlünə belədən belə… Elə eyləmə ki, çəkərək nalə Qışqırım: – Vəfasız, zalım, hardasan?!
ZÖVÜN KƏNDİ
Yenə duman alır kəndi, Bağlayır bərəni, bəndi… Göz oxşayan bir səhnədi – Doğulduğum Zövün kəndi! * * * Hər yanı yaşıl xalıdır, Sanki cənnətin yoludur… Sizcə necə olmalıdır Doğuldum Zövün kəndi?! * * * Dağı dumana bürünür, Çayı ilantək sürünür… Baxın, nə gözəl görünür, Doğulduğum zövün kəndi! * * * Söz mülkündə sözü yordum, Baxıb min bir xəyal qurdum… Ata yurdum, ana yurdum – Doğulduğum Zövün kəndi! * * * Ülvi Aydın yazdı belə, Sözü gəzsin eldən-elə… Gözəlləşir ildən-ilə Doğulduğum Zövün kəndi!
DAĞLARA (şair Sakit İlkinə ithafən)
Sakit İlkin, gəl qonaq ol, Çıxaq dağlara-dağlara… Salam verək göy çəmənə, Baxaq dağlara-dağlara. * * * Gəzib daşlar, otlar üstə, Gül toplayaq dəstə-dəstə… Ayaqyalın şehlər üstə Qaçaq dağlara-dağlara.. * * * Şeir deyək qəşəng-qəşəng, Gəl uyduraq yalan, cəfəng… Düzəldək uçan çərpələng, Uçaq dağlara-dağlara… * * * Çıxaq dağın zirvəsinə, Səs verək kəklik səsinə… Coşsun ilham, daşsın sinə – Açaq dağlara-dağlara… * * * Duyğularda olaq ancaq, Xoş sözlərdən çataq ocaq… Ülvi Aydın, geniş açaq Qucaq dağlara-dağlara!
Şəkildəkilər Qulam Məmmədli və Asif Rüstəmli. Şəkil 30 avqust 1985-ci ildə Bakıda çəkilib.
FAKTA SƏDAQƏT RƏMZİ
(Qulam Məmmədli haqqında)
Görüşlər də insan ömrünün salnaməsidir. Bəzən həyatda elə unudilmaz, bənzərsiz görüşlər olur ki, taleyə, yaddaşa həmişəlik həkk olunur, zaman keçdikcə xatırlanır, yada salınır… 36 il əvvəl – 30 avqust 1985-ci ildə Respublikanın əməkdar mədəniyyət işçisi, əməkdar jurnalıst, teatrşünas, publisist, milli səlnaməçiliyimizin banisi Qulam Məmmədli ilə olan bir görüş kimi…
…1980-ci illərin əvvəlləri idi. Mirzə Fətəli Axundzadə adına Kitabxananın arxivinə tez-tez gəlir, XX əsrin əvvəllərinə aid qəzet və jurnalları vərəqləyir, bəzən qəliz ərəb və fars tərkibli sözləri oxumaqda çətinlik çəkəndə, ona müraciət etməyimi məsləhət bilirdilər. Bütün günü oxu zalında yorulmaq bilmədən araşdırmalar aparan, qeydlərini səbrlə, təmkinlə ümumi dəftərlərə səliqə ilə köçürən qalın eynəkli şəxs Qulam Məmmədli idi. O yaradıcılığın bəyaz zirvəsinə yüksələnə qədər dövrün məşəqqətlərindən, zamanın məhrumiyyətlərindən, həyatın kəşməkəşli, əzab-əziyyətlərlə dolu tufanlarından keçmişdir…
Qulam Məmmədli 1897-ci ilin mart ayında qədim və zəngin elm, mədəniyyət ənənələrinə malik Təbriz şəhərində qeyri-adi, qəribə şəraitdə dünyaya göz açmışdır. O, anası Məşədi Zəhranın xatirələrinə əsasən qeyd edir ki, atası Təbrizin Rasta küçəsində yaşayan Sitarə adlı bir qızla gizli evlənir. Bu xəbəri eşidən Məşədi Zəhra şəhərin Xiyaban məhəlləsindən Rasta küçəsinə qədər payi-piyada yol gedir. Gedib günüsünü tapır, dişinin dibindən çıxanı deyib qayıdır. Hamilə qadın yolun yarısında ağrı çəkir. Qulam müəllim anasının dediklərini belə xatırlayırdı: “-Elə onu bildim ki, özümü saldım dalana! – Nə yaxşı ki, qapı açıq imiş. Həyətə girdiyim yadıma gəlir. Deyəsən, yıxıldığımı da xatırlayıram. Bir vaxt gözümü açdım, gördüm yorğan-döşək içindəyəm, səni də bələyib uzadıblar yanıma” (Q.Məmmədli. “Ömür dəftərindən səhifələr”, Bakı, “Təhsil”, 2016, s.22).
Bu vüqarlı insan, şərafətli ana Məşədi Zəhra xanım ərinin xəyanətini ona bağışlamır… Cehizlərindən sabiq ərinin xeyirinə imtina edərək, körpə Qulaməlisini qucağına alıb atası evinə qayıdır. Altı aydan sonra isə qohumlarının dəvəti ilə o Təbrizdən Bakıya, buradan isə Aşqabada gedir. Məşədi Zəhra burada həmşərisi Məmməd adlı bir nəfərlə yenidən ailə qurur. Məmməd kişi kasıb olsa da, əsl ailə başçısına çevrilir, onu oğulluğa qəbul edir. Qulamın ata adı və soyadı Məmməd kişinin ismindən qaynaqlanır.
Qulam Məmməd oğlu Məmmədli Aşqabadda molla yanında dörd-beş il oxuduqdan, “Çərəkə”ni, “Quran”ı, “Gülüstan”ı, “Üsuli-cədid”i başa vurduqdan sonra bir müddət çəkməçi yanında şagird, tünükəçi, Nobelin neft zavodunda fəhlə, “Ruznameyi-Maverayi-Bəhri-Xəzər” qəzetdə, sonra isə müxtəlif mətbəələrdə mürəttib işləyir. Ailənin təsərrüfat işlərinə köməklik göstərir, fərdi qaydada savadını artırır, Sabiri, Səhhəti, Şaiqi, Mirzə Cəlili, Cavidi, Cəfər Cabbarlını mütaliə edir, “Molla Nəsrəddin”, “Məktəb”, “Babayi-Əmir”, “Tuti” jurnallarını mütəmadi oxuyur, bəzən bu mətbuat orqanlarına yazılar da göndərirdi.
***
Q.Məmmədli ilk dəfə 1923-cü il iyun ayının əvvəllərində yazıçı, publisist Yaqub Nəsirli ilə Aşqabaddan həsrətini çəkdiyi, arzularında yaşatdığı Bakıya gəlir. Burada ilk getdikləri yer – “Yeni yol” qəzetinin redaksiyası, ilk görüşdükləri şəxs, baş redaktor Cəlil Məmmədquluzadə olur. Mirzə Cəlilin xeyirxahlığı sayəsində Qulam Məmmədli 8 iyun 1923-cü ildən “Kommunist” qəzetinin mürəttibi işinə qəbul edilir. Bir müddət sonra isə “Molla Nəsrəddin” jurnalına da mürəttiblik edir. Peşəsi ilə əlaqədar o burada Həbib Cəbiyev, Sultan Məcid Əfəndiyev, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Nemət Bəsir, Əfrasiyab Bədəlbəyli və b. ilə yaxından tanış olur, dostluq edir.
***
Qulam Məmmədlinin Tarix İnstitutunda, Ədəbiyyat və İncəsənət arxivində çalışdığı dövr, ümumiyyətlə isə ömrünün son 25 ili fərdi təqaüdə qədərki müddət ilə müqayisədə elmi-tədqiqat işlərinin miqyası, sanbalı baxımından daha zəngin və əhəmiyyətli olmuşdur. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin 100 illik yubileyi münasibətilə onun 1966-cı ildə çap etdirdiyi “Molla Nəsrəddin” (564 səh.) salnaməsi ustad sənətkara qədirşünaslıq nümunəsi olmaqla yanaşı ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycan salnaməçilik məktəbinin bünövrəsini, təməl daşını təşkil edir. Minlərlə arxiv sənədlərinə, mətbuat səhifələrinə səpələnmiş faktları “iynənin ucu ilə” bir məcraya yönəltmək, bir süjet xəttində sıralamaq, səbrlə, təmkinlə bu sahədə yeni sistem yaratmaq həvəsi, eşqi, əzabı müqayisə edilməz dərəcədə müşkül, məşəqqətli və mühüm işdir. “Molla Nəsrəddin” salnaməsi 1866-cı ildən 1932-ci il yanvar ayının əvvəllərinədək Mirzə Cəlilin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında mötəbər sənədlərə, etibarlı məxəzlərə istinad edilməklə zəngin materiallar toplusu, misilsiz mənbəşünaslıq abidəsidir. Bu dəyərli ensiklopedik məxəz müəllifin sağlığında iki dəfə (1966, 1984) böyük tirajla çap olunmuş, üçüncü nəşri 2009-cu ildə əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin tərtibi, təkmilləşdirməsi, geniş, dolğun ön sözü, yüksək dəyərləndirməsi ilə nəfis şəkildə işıq üzü görmüşdür.
Qulam Məmmədli ucaltdığı salnamə sarayının bünövrəsi üzərinə yeni kərpiclər qoyur, 1967-ci ildə “Hüseyn Ərəblinski” (292 səh.) salnaməsini, bir il sonra isə “Cahangir Zeynalov” (172) kitabını araya-ərsəyə gətirərək nəşr etdirir. İncəsənətimizin, teatrımızın bu iki qüdrətli sənətkarının həyatı və yaradıcılığı barədə boşluqlar demək olar ki, Qulam Məmmədlinin titanik zəhməti sayəsində doldurulur. Onun milli teatr tariximizə ən nəhəng xidməti isə ikihissəli “Azərbaycan teatrının salnaməsi”dir. Tədqiqatın birinci hissəsi 1974-cü ildə (584 səh.), ikinci hissəsi isə 1983-cü ildə (300 səh.) işıq üzü gördü. Səksən illik (1850-1930) teatr tariximizin arxiv materialları və mətbuat səhifələri əsasında tarixi-xronoloji ardıcıllıqla izlənilməsi, yeni mənbələrin və məqamların üzə çıxarılması ədəbi ictimaiyyət üçün böyük elmi-mədəni hadisə idi. İkicildlik “Azərbaycan teatrının salnaməsi” tədqiq miqyasının genişliyi, faktların yeniliyi və zənginliyi baxımından da, çəkilən zəhmətin ağırlığını, çətinliyini, intəhasızlığını nümayiş etdirir. Uzun illər teatrşünaslar, mədəniyyətşünaslar üçün bu sahədə dərslik yoxluğunu əvəzləyən yeganə və mötəbər qaynaqdır.
Qulam Məmmədli milli salnaməçilik sahəsində elmi-tədqiqat marafonunu daha uğurla davam etdirir, ömrünün ahıl çağında fədakarlığı ilə ən gənc tədqiqatçıları belə təəccübləndirirdi. O, bir-birinin ardınca “Cavid ömrü boyu” (1982, 298 s.), “Üzeyir Hacıbəyov” (1983, 550 s.), “Abbas Mirzə Şərifzadə” (1985, 242 s.), “Nəriman Nərimanov” (1987, 358 s.) adlı irihəcmli salnamələri nəşr etdirir. Bir elmi-tədqiqat institutunun icra etməkdə çətinlik çəkəcəyi ağır işi təkbaşına, böyük həvəslə, məsuliyyətlə yerinə yetirir. Bir insan əzablarının, tədqiqatçı sevgisinin nəticəsində yaranan qalaq-qalaq cildlərin sanbalını, siqlətini nəzərdən keçirib düşündükcə dəyərləndirmə meyarlarının imkansızlığına, məhdudluğuna heyrətlənməyə bilmirsən. Məni isə ən çox heyrətləndirən Qulam Məmmədlinin həcmcə yığcam, vəzncə dağlar qədər ağır, sanballı “İmzalar” (1977, 120 s.) kitabıdır. Mən çəkinmədən bu əsəri Azərbaycan mətnşünaslığının “Morze əlifbası” adlandırardım. Dörd minə qədər gizli, örtülü imzanın kodunu, üst qatını mötəbər dəlil-sübutlarla açmaq, Çin səddini aşmaqdan asan deyil. “İmzalar” kitabı olmadan XX yüzilliyin əvvəlləri satirik mətbuat orqanlarımızın milli ədəbiyyatşünaslıq üçün hazırladığı “sürprizlər”i təsəvvür etmək belə çətindir. Əlbəttə, mətbuat səhifələrində gedən bütün örtülü adların öz əksini “İmzalar” kitabında tapdığını düşünmək də, sadəlöhlük olardı.
Yadımdadır, 1985-ci il avqust ayının 30-u idi. Qulam müəllimin evinə zəng vurub bəzi gizli imzalar barədə köməkliyə ehtiyac olduğunu bildirdim. Güman edirdim ki, görüşmək üçün o məni Mirzə Fətəli Axundzadə adına Kitabxanaya dəvət edəcək. Belə olmadı, Qulam müəllim mənzilinin ünvanını söyləyərək evdə gözlədiyini bildirdi. Sual dolu vərəqlərlə Qulam müəllimgilə yollandım. “Molla Nəsrəddin” jurnalında rast gəldiyim “Sancan”, “Zəhər” və b. gizli imzaların əsl müəllifi haqqında Q.Məmmədlinin kitabında məlumat yox idi. Geniş və ətraflı söhbətlərimiz oldu. O mənə çox dəyərli məsləhətlər verdi. Hətta, “İmzalar” kitabını avtoqrafla mənə bağışladı: “Bu kitabı, gələcək ədəbi fəaliyyəti məni ümidvar edən gənc ədəbiyyatşünas Asifə yadigar verirəm və ona bu nəcib və çətin işdə müvəffəqiyyət arzulayıram. Qulam. 30/VIII-85. Bakı.”
“Azərbaycan” jurnalının 1987-ci il mart sayında çap olunan “Cəfər Cabbarlının ilk şeirləri” adlı məqaləmə Qulam Məmmədlinin rəy verdiyi, nəşrini məsləhət gördüyü haqqında redaksiya qeydləri də o vaxt məni çox sevindirdi.
Qulam Məmmədli milli salnaməçiliyin banisi, mətnşünaslıq, mənbəşünaslıq məktəbinin görkəmli nümayəndəsi idi. Onunla yalnız bir dəfə ünsiyyətdə olanlar vaxta qənaət, fakta sədaqət məziyyətini əxz edirdilər.