Bədii söz sənəti yollarında inamlı addımlarını atan, amma, “ müəyyən bir auditoriyaya sahib şair kimi tanınan” Fazilova (Rəhimova) Nuranə Rafail qızı Azərbaycnın barlı-bəhərli diyarı Göyçay bölgəsində dünyaya göz açmışdır, orta təhsil almış, Odlar Yurdu Universitetinin “Müalicə işi” fakültəsini bitirərək həkimlik peşəsinə yiyələnmiş. 2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır…
Ədəbi fəaliyyətə erkən, orta məktəb illərindən başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmiş, rəğbətlə qarşılanmışdır.. Şeirləri ilk olaraq Nuranə Rafailqızı imzası ilə “Milliyyət” qəzeti, “Herba-flora”, “Yazarlar” jurnallarında işıq üzü görmüşdür. Lap son çıxışı “Kredo” qəzetində olmuşddur. Onun Nuranə Fazilova (Rəhimova) imzası ilə də şeirləri dərc edilibdir. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuş, həmçinin “Həyat bizi səsləıyir” antologiyasında şeirləri yer almışdır. Nuranə Rafail qızı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı (15.04.2021.) olmuş, eyni zamanda, KİV tərəfindən “Fəxri şair” diplomuna layiq görülmüşdür. Bu faktlardan da, göründüyü kimi, Nuranə poetik yaradıcılıqla ardıcıl məşğul olmuş, müəyyən müvəffəqiyyət əldə edə bilmiş, onun yaradıcılığı haqqında mətbuatda müsbət rəylər də dərc edilmişdir.
İndi onun “Həkimlər depresiya deyir…” adlı ilk şeirlər kitabı nəşr üçün hazırlanır və bu ilk kitaba xeyir-dua vermək üçün istedadına və xeyirxahlığına inandığım şair-publisist, naşir Zaur Ustac mənə müraciət etdi, Nuranənin yaradıcılığı ilə ətraflı tanışlıqdan sonra, onun poetik “dünyası” barəsində fikir və düşüncələrimi bildirmək qərarına gəldim…
Nüranə Rafailqızı əslində, ədəbiyyatla heç bir əlaqəsi, həmçinin filoloji təhsili olmayan, ədəbi əhatədən kənar, amma ədəbi-bədii düşüncəyə, poetik istedada malik yazarlar qurupuna daxildir. İstedadlı qələm sahiblərindən biri olan, şair-publisist Zaur Ustacın onun haqqındakı bu fikri ilə tam razılaşırıq: “…çox istedadlı qələm adamı… Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb…” Yuxarıda gətirdiyiiz faktlar da bunu təstiq edir.
Nuranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürsən. Görürsən ki, müəllifin də, müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur… İç dünyası ilı dış dünyası müvazidir, aldadıcı deyildir, sünilikdən xeyli uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa gəldiyi bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var və bunlar onun şeirlərinin spesifikası təkin qəbul edilə bilər…
Bu kitab şairənin ilk kitabıdır və müxtəlif mətbuat orqanlarında, toplularda, almanaxlarda dərc eddilən, oxucuları ilə üzbəüz qaldığı şeirlərinin bir qismidir… Bu şeirlərdə şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, həkimlik peşəsinə yiyələnmiş incə, zərif təbiətli və həssas müşahidə qabiliyyəti olan bir şair qadının həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi və s. doğru-dürüst, həzin bir lirizm ilə əksini tapıbdır və yaxşısı budur ki, bütün bunlar onun özününküdür. Özüdür, gəlmə, yapma, yamaq, yapalaq deyildir, səmimidir, poetik etiraflardır… ” Bircə sən yoxsan dünyamda” şeirində olduğu kimi:
Hər şeyim var..
Başımı salmağa evim-ocağım,
Qısılıb yatmağa küncüm-bucağım.
Halal zəhmət ilə rahat çörəyim,
Bir kitab yazacaq odlu ürəyim.
Bircə sən yoxsan dünyamda,
Yalnız arzumdasan, yalnız xülyamda…
Hər şeyim var…
Qızılım, mirvarim, incim-sədəfim,
Əqidəm, imanım, yönüm, hədəfim.
Başımın üstündə duran Allahım,
Xoşbəxt gələcəyə gedən sabahım.
Bircə sən yoxsan dünyamda…
Zənnimcə, bu lirizm mayasından mayalanan həyati faktlar, cizgilər, fraqmentlər bir insan taleinin sözdə reallaşan sinematik kadrlarıdır… Ümumiyyətlə, bu şeirlər bir həkim-şairənin həssaslıqla duyduğu, gördüyü, yaşadığı həyati faktların poeziyasıdır. Bir həkim kimi isə xəstəsinə həssas, qayğıkeş, məlhəm münasibəini, peşəsindən sıyrılan koloriti belə şeirləşdirir və bu özünəməxsus həkimanə ruhunun lirik bədii ifadəsidir.
…Kimi cavan, kimi qoca,
kimi körpə qucağında
Bir havanın həsrətində,
bir nəfəsin sorağında.
Gecələri sakit-səssiz
xəstəxana otağında
sübhə kimi cırıldayan
Bax,
həmən o yataq mənəm!
Yaxşı olan budur ki, müəllifin qarşılaşdığı, gördüyü, eşitdiyi əlahiddə hadisələr, nəsnələr onun könlündə, ruhunda əks-səda verir, misralara, obrazlara, şeirə çevrilir…
Şairdə, ümumiyyətlə qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq və gələcəyə yönəlik duyum, həssaslıq olsun. Nuranə Rafail qızı yaradıcılıqdan kənar sahədə, həkimlik peşəsində çalışmasına baxmayaraq (hərçəndi, mən həkimliyə, Hippokrat andlı həkimliyə yaradıcılıq sahəsi kimi baxıram və onu da bilirəm ki, bu peşənin adı hükəma, fikir, filosof anlamlarına müvazidir) içində həkimanə bir poeziya – şair ömrü də yaşayır… Mənə elə gəlir ki, həkimliyin şairliyə yaxın, doğma cəhətləri var. Əvvala, hər ikisinin obyekti İNSANDIR! Və hər ikisi, həkim də, şair də insanın sağlamlığı ilə məşğuldurlar, birisi fizioloji sağlamlığın, ikincisi isə mənəvi sağlamlığın keşiyindədirlər… Bu cəhətdən həkim də, şair də daim axtarışdadırlar. Boş yerə deyilməyibdir: “Sağlam canda sağlam ruh olar!” Məncə həkimlik də, şairlik də cididən-ciddi ruhsal aləmdir… Nuranə həkimin poetik “mən”i onun “Mən” şeirində həssas psixoloji çalarda belə təqdim edilir:
Bir ev var ki, uzaqlarda
hasarı yox, çəpəri yox.
Nə gələni, nə gedəni,
nə qalan bir nəfəri yox.
Bu günəşdən, bu səmadan,
bu həyatdan xəbəri yox
toz basmış, kifə bürünmüş
Bax,
həmən o otaq mənəm…
Əlbəttə, bu şeiri avtoportret də adlandırmaq olar. Lirik “mən”in – müəllifin keçirdiyi əhval-ruhiyyə əks olunubdur. Təsvir olunan bu metaforik obraz – ev, əslində insan ömrünün obrazıdır, onun keçirdyi ömür yolunun astanalarıdır, müxtəlif çətinliklərdir, psixoloji iztirablardır… Və yaxud “bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba”, bu qəbildən olan həyati məqamlardır, addamaclardır… Məsələn, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində olduğu kimi:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu…
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…
Nuranə Rafail qızının bu qəbildən şeirlərində ihcə, zərif qadın həssaslığı ilə yoğrulmuş fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədəkarlıq, sədaqət, məhəbbət kimi insani əxlaqi keyfiyyətlərin öz istedadı, bacarığı gücündə vəsfi, tərənnümü daha qabarıqdır, öndədir… “Həkimlər depresiya deyir” şeiri bu cəhətdən səciyyəvidir:
Dünyanın rəngi də qaçıb,
ağ-qara şəkillər kimi,
Divardan bizə boylanan
70-ci illər kimi.
Saralıb, solub, köhnəlib
güllər də eyni rəngdədi
Bir sığala həsrət qalan
tellər də eyni rəngdədi.
Həftələr, aylar ötüşür
qoşulub dönür illərə
Eyni rəngdə, eyni tonda
ömrü veririk yellərə,
Qocalıq da astanadan
üzümüzə gülümsəyir.
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..
Şairə-həkimin “Həkimlər depresiya deyir” bu şeirlər kitabını ömrün sevgi, qayğı, sevinc, iztirab, qəm-qüssəli anlarının şeirə çevrilmiş forması da adlandırmaq olar… Bu kitabın ilkin əlyazma variantına söz-rəy yazmış Zaur Ustac demiş, onun şeirləri “könül rahatlığı, ruh sakitliyi” kimi də maraqlıdır. Doğrudan da, bu maraqlı, hissiyyatlı, duyğulu şeirlər səmimiyyətdən doğulan isti, ilıq, estetik həzz yaradan təsirli poetik mətnlərdir:
… Ağzımızın ləzzəti yox,
dadı qaçıb, tamı qaçıb,
Dünyada adam qalmayıb,
sonuncu adamı qaçıb.
Gecələr yuxum da qaçaq
yorğan-döşək gəlir cana,
Elə hey, dönüb dururam
gözüm dikilir tavana.
Gündüzləri çalmaz qapım,
nə qonşum var, nə qonağım
Öz evimdə dəfn olmuşam
daş məzarım, daş otağım.
Qurda-quşa ehtiyac yox
öz içim özümü yeyir,
Mən deyirəm kefim yoxdu,
Həkimlər depresiya deyir!..
Bu şeirlər, poetik nümunələr boynuna müyyən bir estetik təhəddüd, missiya götürən qələm sahibinin deyil, həyata duyğusal, tənhalığın, dərdin içindən boylanan həyatsevər, insanın mənəvi aləminin gizlinlərinə dalmağı bacaran bir ziyalı xanımın özünəbənzər zərif duyğularının şeirlə tərcümanıdır, ifadəsidir, bir xanımın sevgi və sayğısıdır…
Hətta onun şerlərdə yurdadönüşün, Qarabağa dönüşün sevincindən yaranan işıq, şəfəq, nur selini də aşkar görmək mümkündür və doğrusu vətənsevər insanın sevinci hüdudsuzdur… Və bu Vətənsevərlikdə hər kəsin öz şəxsi payı var və bunu hərə bir cür ortaya qoyur:
Elə ki, mən boy atdım,
yeridim addım-addım,
Anam tutub əlimdən,
bu daşı, bu torpağı,
bu otu, bu yarpağı,
yaşadığım küçəni,
qızındığım ocağı
Göstərib Vətən deyib!
Əksər şairlərdə olduğu kimi, onun da lirikasının bir qismi sevgi, məhəbbət mövzularındadır. Bu şeirlərdə əksərən ayrılıq, hicran, kədər motivi, “sən gəlməz oldun” ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları və s. əksini tapıbdır. O şair yaradıcılıqda müəyyən nəaliyyət qazana bilir ki, yaşadıqlarını və yaşaya biləcəklərini qələmə almağı bacarır. Elə bil, olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınları sakitləşdirmək üçün yazılır və bu qəbildən olan duyğu və hislərin müəyən qismini gənclikdəmi, sonramı hamı keçirib… Hər kəsin içini yandıran belə duyğuları var… Ona görə də, belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir… “Sev ki, sevən mərd olar!” (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur… “Ölümsüz sevgi” lirikası, balladası yaranır, “öyrətmə özünü, öyrətmə mənə” (Müsa Yaqub) serenadasına dönür…
Ey Fələk, bu gecə
könlümü gəl, dindir!
Bir sən ol, bir də mən,
bir də ki təkliyim,
Bitməsin sübhədək
əlindən çəkdiyim…
Durmadan özünə,
lap elə üzünə
eyləyim şikayət!
Ürəyim boşalsın nəhayət…
Vəssalam, mənə bu da yetər hələlik,
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…
Və yaxud, bu misralardakı hissin ecazı, poetik fikrin epitet səviyyəsində təqdimi yeni məhəbbət lirikasının nümunəsinə dönür, lirik xarakterin duyğuları “bir az səssizlik, bir az sənsizlik” – deyə, haray çəkir:
Yaradıcı adamların ömrü, əslində, insanlığa, bəşərə, əzan cümlə, Vətənə həsr olunmuş ömrlərdəndir. Çünki, insanların ünsiyyətini asanlaşdıran və həmişə canlı, dinamik saxlayan ədəbiyyatdır, incəsənətdir və doğrudan da bu bəşəri universal dəyərdir, dinindən, irqindən asılı olmayaraq hazıra və gələcəyə insanların birgə baxışıdır… Sənətin əsas missiyası adi insanların adi baxdıqları, hər gün gördükləri hadisələri, insanları, hətta əşyaları, ağacı, yarpağı, budağı fərqli şəkildə, daha gözəl ampulada təqdim etmək, sevdirmək, görünənin görünməz tərəflərini göstərməkdir… Hətta “Fələklə” belə, cəngi-cidala, çıxmaq, polemikaya girişmək gücüdür: “Ey Fələk, bu gecə könlümü gəl, dindir!”
Bu şeirdə “Fələk”qeyri-adi metaforik obrazdır. Əslində, bu poeziyanın (eləcə də bədii yazıların) metaforik təbiətə malik olmasındandır. Metaforik düşüncə estetik həzz yaradır, psixoloji enerji yaradır və burada – metaforik düşüncədə ağıl və xəyal gücü təbii, harmonik şəkildə birləşir… Sənətin, sənətkarın bacarığı, istedadı yeni və təsirli metaforalar yaradaraq, onlardan bacarıqla istifadə edərək yepyeni duyğular, hislər, dəruni fikirlər, gerçəkliyə bağlı xəyallar doğura bilməkdir. Şair, yazar, alimin yazdıqlarında, düşüncəsində metaforik güc, enerji olmasa, o zaman oxucuya lazımı təsir göstərə bilməz. Tanınmış dilçi, professor İsmayıl Kazımov yazır: “Metaforlar dilin dilidir. Dilin imkanlarını sərhədsiz bir duruma salır…” Belə götürəndə, Nüranə Rafailqızı bir qələm sahibi kimi metaforik düşüncədən, bədii-poetik vasitədədən xali deyildir, yerli-yerində istifadə edə bilir, lap, “Mənə bir az nağıl danış” şeirindəki kimi. Bu şeirdə müəllif folklor-nağıl motivlərindən metaforik qəliblərdə bacarıqla istifadə etmiş, günümüzün reallıqlarını canlandıra bilmişdir:
Mənə bir az nağıl danış,
ruhum bir az təzələnsin.
Səmadakı ulduzlardan
göydən yerə nur ələnsin.
Danışginən bədirlənmiş
14 gecəlik ayından,
Günəşin bizə verdiyi
bir ovuc ümüd payından.
Bir az külək, bir az çovğun,
bir az bulud, bir az yağış.
Başımı qoyum dizinə
mənə bir az nağıl danış!
…Mənə bir az nağıl daniş,
yuxum tökülür gözümdən.
Danış qoy başım qarışsın,
özüm bezmişəm özümdən.
Məcnun kimi dönə-dönə
dolanıram otaqları.
Lap əlimdən zara gəlib
evin bütün yataqları.
Göz dikdiyim tavan bezib,
bezib yorğan, bezib balış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!
…Bir gecəlik uşaq olum
saçımda-dən, üzdə-qırış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!
…Mən hələ də uşaq kimi
inanıram nağıllara…
Duyğularım, istəklərim
darma-duman, qarma-qarış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!
Burada Nuranə Rafailqızı özünü sehirli nağıl dünyasında hiss edir, daxilindəki kövrək, təmiz uşaqlıq dünyasının ülviyyətinə dalır… Onun bir şair, bir yazar kimi bu xüsusiyyəti imkan verir ki, uşaqlar üçün də təsirli, səmimi, duyğulu şeirlər yazsın. Uşaqlar üçün yazdığı şeirlərdə müəllif bir qadın şair kimi daha həssas olur və uşaq dünyasının psixolojisinin duyumlu məqamlarını aşkarlaya bilir və folklor qaynaqlarından da bəhrələnir. Yaradıcılıq fəaliyyətinki faktlardan məlum olur ki, o, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır…
Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir… Dövrdaşları arasında seçilə, fərqlənə bilər… O da, ilkin çağlarından poeziyaya sevdalanıb, şeirin sevdasına düşübdür… Şairə bu sevdası vasitəsilə oxucusuna könül dünyasını, duyğularını, düşüncələrini bəyan etməyə cəhd edir… Nuranə Rafail qızı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbinəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülvüləşdirir. İnanıram ki, o şair kimi püxtələşdikcə, daha maraqlı mövzuları əhatə edəcək, özü demiş – kitabı-qələmi din-imanı olacaq, şox-çox ağ vərəqləri söz yurduna çevirəcəkdir:
Gah deyirəm bədahətən,
gah yazıram kərən-kərən.
Bir şeirəm qafiyəsi,
hecaları pərən-pərən.
Şairlərin din-imanı,
quranı, kitabı-qələm,
ağ köksündə qara yazı
Bax,
həmən o varaq mənəm!
Mənə elə gəlir ki, bu şair xanım – Nuranə Rafail qızı öz bildiyi, bacardığı, qavraya bildyi işlərlə məşğul olur və bu cəhət onun şeirlərindən boylanır… Elə bil ki, şeir yazmaq da onun alın yazısıdır… Əgər bu cəhəti dürüst duymuşamsa, gəlin, birlikdə onun alın yazısının ilk kitabına mübarək deyək…
HƏSRƏT OÇAĞI Yandırmışam həsrətimin ocağın, Gözünə bir hicran daşı qoymuşam. Yağışı qorxudub göz yaşlarımla, Buludları pərən salıb qovmuşam. * * * Ürəyimin buz bağlayan yerindən, Bir tikə ət qoparmışam didmişəm. Qovurmuşam od üstündə eşqimi, Sənin üçün aş qarası etmişəm. * * * Məzə acan şərab da var süfrəmdə, Buz badəni düz qəlbimə bükmüşəm. Bir sərcəni öldürmüşəm səninçün, Göz yaşını şərabına tökmüşəm. * * * Ürəyində neçə tufan qopsada, Bir qəh-qəhə boğazımda qəhərdi . Mənim üçün həyat eşqin badəsi, Dünya özü qəlbim boyda şəhərdi.
VAXTINDA De hardan alım mən o dəli eşqi, Sevgi məhəbbətin kasıb vaxtında. Mənin qismətimə düşən sevdanı, Fələk edam edib, asıb vaxtında. * * * Fələk barışmadı əzəldən mənlə, Oynadı saçımda boylanan dənlə, Ömür yollarıma ələnən çənlə , Fələyin kor yeli əsib vaxtında . * * * Qismətim əzəldən məni sevmədi, Dərdimi ağrımı görə bilmədi, Həsrətdən savayı heç nə vermədi, Eşqimi bağrına basıb vaxtında. * * * Nə bəxtdən yaradım, nə də həyatdan, Keçdi ömür yolum alovdan-oddan, Görünür ilk gündən çıxarıb yaddan, Allah əlacımı kəsib vaxtında.
FƏRYAD Bu yalqız həsrətim fəryad qoparıb, Titrəmə salıbdı canıma mənim. Elə bir xəstəlik heç kimdə yoxdur, Axı hardan düşüb qanıma mənim. * * * Damarımda yalquzaqtək dolanıb, Ulayır içimdə sükutu pozur. Xatirəmi dolaq kimi dolayır, Bəzən də içimdə yolunu azır. * * * Hərdən elə nalə çəkir qəfildən, Özüm də özümdən hürküb qaçıram. Bəzən külək olub səfil gəzirəm, Bəzən yer üzündən qəfil uçuram. * * * Yenə baş qaldırıb bayquş həsrətim, Eyləyir qəlbimi hey oyum oyum. Nə qədər özüylə can aparmayıb, Aparım yanına yağ çorək qoyum.
Rəşad MƏCİD – Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru
Bu gün gözəl insan, əsl ziyalı, qələmsiz yazan ağayana qələm adamı, Qurban müəllimin təbirincə desək “gənclərin hamisi” Rəşad Məcidin doğum günüdür. Ad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Rəşad müəllim!!!
“Səmimi söhbət” yenə sizinlədir. Qonağımın xüsusi təqdimata ehtiyacı olmasa da deyim ki, bu maraqlı insan tanınmış şair, bir çox mahnıların söz dünyasını yaradan Kəmalə Abiyevadır. Kamalə Aydın qızı Abiyeva Astarada dünyaya gəlib. Bakıya köçəndə 4 yaşı olub. Birinci sinfə Bakıdakı 14 nömrəli məktəbdə başlayıb. Yasamal rayon 52 nömrəli məktəbin məzunudu.Məktəbi fərqlənmə ilə bitirib. İndiki APU-nin fizika fakultəsində təhsil alıb. Pedaqoq, publisist,şair, AYB-nin üzvüdür. Kəmalə xanım, səmimi söhbətin ənənəvi ilk sualını yəqin ki, bilirsiniz. Kəmalə Abiyeva kimdir? Özünə məsuliyyətlə, özünə və başqalarına hörmətlə yanaşan, həqiqəti qoruyan, ədaləti sevən biridi- İnsandı. Xalqını sevən vətəndaşdı. Mənə elə gəlir ki, siz təbiətcə çox sakit adamsınız. Sizi özünüzdən nə çıxara bilər? Sakit olmuşam. Sinif, tələbə yoldaşlarım həmişə belə deyib ”çox səbrli, təmkinlisən.Qonum-qonşu “sakit” deyib. İş yoldaşlarım “ tamam fərqlisiz, sizin kimi olmaq çətindi ”, məzunlarım “sizin kimi kimsə ola bilməz, idealsız” və s. deyirlər. Başqalarının münasibətini görəndə nöqsansız kimi görünürəm. Çoxu üçün ciddi adamam. Boşuna vaxt keçirməyi sevmirəm. Belələrinə heyrət edirəm. Haqsızlıq, yalan özümdən çıxara bilər. Demək siz də dünyaya yalan dünya deyirsiniz? Ümumiyyətlə yalan nədir? Girir ömrümüzə rahatca yalan,yalanla doludur böyür-başımız. Yalandı həmişə bizimlə olan, elə həqiqətdi axtardığımız,- belə demişəm. Həyat boyu özümüzü aldadırıq, aldanırıq böyük mənada. Yalan mənim üçün bağışlanmazdır. Bəzən kimisə qıra biləcək həqiqəti gizlətmək üçün yalan danışırıq. Bir də var yalançılar-ən qorxulu adamlar. Başqalarının həyatına yalanla soxulan, öz həyatını yalanlarla yaşayan…Hətta öz yalanını sənə qəbul etdirmək istəyənlər də var. Siz dünyanı nağıl bilməyi təklif etmisiniz. “Bu dünyanı nağıl bilək”. Bu şeirinizi də, ona bəstələnmiş musiqini də çox sevirəm. Dünyanı nağıl bilsək yaşamaq asan olardı, yoxsa…? Nağıllar təsadüf deyil ki. Sadəcə dünyanı nağıl bilmək hissi dəyişir.Nağıllar gerçəkliyi göstərir: gözəlliyi əsir alan təpəgözlər, divlər, mərdlərin qarşısını kəsən əjdahalar, xeyirin gözünü çıxaran namərdlər. Nağıllardakı kimi həmişə qələbə olmur sonda. Kaş “bu dünyanı nağıl bilək”. Çoxdan yazdığım “Mənə nağıl danış” şeirim var: Mənə nağıl danış, inanım sənə qorxmayım, ay ana, təpəgözlərdən. İnanım xeyirin qələbəsinə, bilim qurtaracaq dünyanı şərdən… Mənə nağıl danış, ay ana, de ki, ötən günlərimiz nağıldı elə. Sonu yaxşı olur hər bir nağılın nə qədər qorxulu olsa da belə…. Gözəlliyin, xeyirin, ədalətin qalib olduğu yerdə yaşamaq asan olar. Sizin şeirləriniz sanki insanın ruhuna sığal çəkir. Bu sizin həyat tərzinizdir, yoxsa yalnız yazılarınız bu qədər xəfifdir? Belədirsə, xoş halıma. Məncə həyat tərzimdir. Qarşılıqlı münasibətdə, ünsiyyətdə ehtiyatlı davranıram. Kimisə sındırmaq, duyğularına toxunmaq mənlik deyil. Kimsənin şəxsiyyətinə toxunacaq, qəlbini yaralayacaq hərəkət etmərəm, sevmədiyim olsa belə. Məncə siz bağışlamağı bacarırsınız Bağışlamaq asandır? Bağışlayanam. Yadlardan inciyəndə unuduram. Yaxın, doğma bildiklərimi bağışlayıram. Hətta irad tutanlar olur ki, kinin yoxdu, hər şeyi bağışlayırsan. Daha doğrusu susuram, güzəştə gedirəm. O qədər susuram ki, arada nəsə deyəndə, inciyirlər. Öyrəşməyiblər. Həmişə asan deyil. Özün inciyirsən. Sevgim daha güclüdü, bağışlayır. Şeirlərinizdə ayrılıq o qədər gözəl səslənir ki, hərdən düşümürəm, bəlkə heç vüsala ehtiyac yoxdur Siz necə düşünürsünüz? “Əgər sevə bilmirsənsə, ayrılıq daha gözəldi. Sevilmədiyindən getmək özü də bir gözəllikdir”-deyirəm. Belə deyil? Alınmadısa, alınmadı. Həmişə ah-zar etmək nəyə gərək? Orda da təmkinliyəm yəni. Hər gördüyündə”səhv etməmişəm”düşündüyün birinin vüsalına ehtiyac var. O yoxdusa-yoxdu demək ki. Nə gözəl müdrük cavab verdiniz. Məncə bu cavab bir dərsdir. Eləsə deyin, siz həyatı nə rəngdə görürsünüz? İstənilən rəngdə. Məncə həyat ağ rəngdədi. Fizikada öyrənirik ki, ağ rəng mürəkkəbdi. 7 rəngə bölünür. Göyqurşağı, spektr deyirik. Hansı cisim hansı rəngi qaytarırsa, o rəngdə görünür. Qara bütün rəngləri udur. Təki bundan uzaq olaq. İşığı udmayaq. Dostluğa,sevgiyə çox etibarlı olan Kəmalə xanım heç dostdan, yaxınlardan zərbə alıbmı? Nə deyim, haqlısız. Etibarlıyam. Həyat göstərir ki, daha çox, incidildiyi zaman belə susan, güzəştə gedən daha çox zərbə alır. Mən də almışam. Yad biri, tanış, qonşu nə zərbə vurar ki? Bu incitməz. Güvəndiyin, illərlə birlikdə olduğunun, doğma bildiyinin zərbəsi ağır olar. Çox təəssüf ki, bağışlamağım bəzən ağrı yaşadır. Vaxtında deyilməyən söz, həqiqət mənasını itirir. Zaman ötür, hər şey dəyişir və siz deyirsiniz ki, bir də o yağışdan yağmayacaq ki… Ötən günlərdən nəyi qaytarmaq istəyərdiniz? Zaman ötür, hər şey dəyişir həqiqətən. Kimi müdrikləşir, kimi cılızlaşır. O yağış bir də yağmır. Həyatımda çox şeyi dəyişərdim. Uşaqlığımı, gəncliyimi qaytarmaq istərdim təbiiki. Zaman və sağlamlıq əvəzsizdir. Kimə və nəyə sərf etdiyinə diqqət etməlisən ki, təəssüfün az olsun. “Bağışlama məni” deyirsiniz. Niyə? Axı hamı bağışla deyir. Bağışlama deməyi də bacarmalısan. Özün elədiyin yanlışa “bağışlama” deməlisən. Hələ bir özün özünü bağışla, gör bacarırsan? “Özün günahkarsan” da demişəm… Bəli. Onu da demisiniz və bu şeir mahniya çevrildikdə ürəkləri , ruhları titrədib. Məncə bu mahnını sevməyən yoxdur. Bəs özünüz necə, onu sevirsinizmi? Əlbəttə sevirəm. O mahnıdan sonra onlarla qadın zəng vurub, minlərlə qadın özünü görüb.Təəssüf ki, qadınlarımız bunu yaşayır, amma mahnı möhtəşəmdi. Cəsarətli mahnı deyirlər sözlərin yaşantıları ifadəsinə görə. Musiqini, şeiri çox sevirəm. Sizcə qadın üçün xoşbəxtlik nədir? Tək qadın üçün yox, insan üçün rahatlıq xoşbəxtlikdir. Ən çox özümüzlə danışırıq. Elədiklərimiz narahatlıq yaratmırsa, yanındakının səni anladığından əminsənsə, gördüyün işdən razısansa, kaşkilər yoxdusa və s. rahatsan, yəni xoşbəxtsən. Sizi hamı sevir. Çünki siz ürəkdən sevməyi bacarırsınız Hamınımı? İnsanlarda nəyi daha çox dəyərləndirirsiniz? Nə deyim? Özündən razılıq kimi alınır. Amma siz də belə düşünürsüz. Az ünsiyyətdə olduğum adamların belə o qədər sevgisini, sayğısını görürəm ki. Sevildiyini yaşamaq duyğusu möhtəşəmdi. İstedadlı cavan şairimiz Elçin Məmmədov status paylaşmışdı ki, yer üzündə o boyda sevgi tapasan ki, bu adamın haqq etdiyi sevgini verə biləsən. Bilirsiz, çox xoşdu. Əslində mən insanları sevirəm. Və sevgi dolu insanları dəyərləndirirəm. Təkrar alınır, amma münasibətlərdə həqiqi sevgi varsa, sən cılızlaşa bilmirsən. Adam var ki, 10, 20 il öncə deyilən sözü unutmur, həmişə xoşagəlməz nəsə tapır. Onların sevgisi olmur. Sevdiyiklərindən vaz keçmək asan deyil. Bunu yaxınlarım bilir, bəziləri bundan sui-istifadə də edir. Təəssüf edirsən… Münasibətlərdə dürüst, sabit, sevginin, sayğının dəyərini bilənlər dəyərlidir. Bacarmırsa, heç olmasın, onu itirmək istəməsən belə. Siz yaxşını, gözəlliyi görüb dəyərləndirə bilirsiniz.Niyə hamı bunu bacarmır? Paxılıq adətən kimə məxsus olur? Hamı bacarmır. Həqiqi sevgi hissi yoxdu onlarda, sadəcə onlara elə gəlir. Sevgi olsa, yaxşıya yaxşı deyə bilərlər. Bilirsiz, görürsən, yaxın adamdı, yanında sənə diqqət göstərəndə, qısqanclıq yaranır, əsəbləşir… Paxıllıq özünəgüvənsizlikdən yaranır, belələri həmişə “mən,mən” deyir, əslində boşdular. İnsan daxilən o qədər zəngin olmalıdır ki, cılız duyğular yaşamasın. Siz müəllimsiniz. Maraqlıdır ki, məhz sizin yazdığınız şeirə bəstələnmiş mahnı məktəblilərin məzun himninə çevrilib. Üç insanın Kəmalə Abiyeva, Aygün Səmədzadə və Lalə Məmmədovanın əməyinin məhsulu olan bu gözəl mahnı necə yaranıb? Şeir özündənrazı, amma həyatı alınmayan məktəb yoldaşımı görəndən sonra yarandı. Şagird olanda hamının necə xoşbəxt, qayğısız olduğunu düşündüm. Çox təsirləndim. Aygün xanım “mahnı yazıram” deyəndə, “kədərlidir” dedim. “Gör necə mahnı olacaq, artıq müsiqini eşidirəm” dedi. Aygün xanımın yaratdıqları bir-birindən gözəldi. Bu mahnı ilk səslənmədən məşhur oldu. Son illərdə ilk dəfə səslənməklə bu qədər uğur qazanan mahnı olmayıb. Xatirələrlə yaşayırsınız yoxsa arzularla? Hamı kimi – xatirələr, arzularla. Şəhid analarıyla görüşəndə hansı hissləri yaşayırsınız? Şəhidlərdən yazıram. Ailələrlə əlaqə yaratmalı oluram. Qələbəni illərlə gözləmişik. İtgilər olacağını bilirdik. Amma çox ağırdı. Analar bir yana, atalar var ki, göz yaşına, üzündəki ağırlığa dözmək olmur. Düzü təsəlli verə bilmirəm. Hamımızın təsəllisi Qələbədir- Vətənin bütövlüyüdür. Sizinlə ilk dəfə belə səmimi söhbət edirəm. Yormadım ki sizi? Sevilməyimdən söz açdınız. Hər kəs bunu deməzdi. Özünüz də sevimlisiz. Maraqlı, yaradıcı insansız. Pandemiyanın həyatımızı sıxdığı bir zamanda darıxmağa qoymursuz. Bu da sevgidir. Sevgi dolu insanlar riyakarlıqdan uzaq olur-səmimi olur. Onlardan yorulmaq olmur. Əksinə rahatlıq tapırsan. Təşəkkür edirəm, Kəmalə xanım, ən çox sevdiyiniz şeirinizi mənə və “Səmimi söhbət”in oxucularına hədiyyə edərmisiniz? Nağıllardan danışdıq. Bu duyğuyla yazdığım şeir olsun. Nələri anlatdı bizə nağıllar, bildik ki, həmişə bağlı qapı var. Bağlı qapıları açmaq istəsək, açıq qapıları bağlayaq gərək. Bir az da aldatdı bizi nağıllar, Ağ atlı oğlanlar gəlib çıxmadı. Xeyirxah pərilər görünmədi heç, Yetimin üzünə kimsə baxmadı. Anladıb aldatdı bizi nağıllar divlər, təpəgözlər öləcək deyə. Bir az da ağlatdı bizi nağıllar göylərdən üç alma düşəcək deyə. Bu gözəl insanla söhbətdən zövq aldım. Bu zövqü siz də yaşaya bildinizsə demək söhbətimiz alınıb. Bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edir və yenidən görüşmək arzusuyla ayrılıram. Təki ömür möhlət versin…
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!