Etiket arxivi: GÜL ƏTİRLİ KİTAB

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – GİRİŞ

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

İKİNCİ YAZI – BAYATILAR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.

Azərbaycan xalq poeziyasının ən qədim və ən təsirli janrlarından biri olan bayatı, zamanın sınağından keçərək bu günə qədər gəlib çıxmış mənəvi xəzinədir. Bayatı – dörd misraya sığan bir ömür, bir nisgil, bir ümid, bir dua, bəzən də bir fəryaddır. Qəndab xanımın gül ətirli bu kitabında yer alan bayatılar “Anamın bayatıları” sərlövhəsilə təqdim olunur. Bu bayatıların içərisində ən çox diqqətimi cəlb edən 13-cü səhifədə ən aşağıdakı bayatı oldu:

Araz, Araz, xan Araz,
Soltan Araz, xan Araz
Ayırmısan elləri
Eyləmisən qan Araz!

bu bayatını bir neçə variantda eşitmişəm. Xüsusilə cənublu qardaş və bacılarımızın dilində son iki misranın fərqli olduğu variantlar mövcuddur. Mən isə bu bayatını aşağıda təqdim etdiyim variantda xatırlayıram:

Araz, Araz, qan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Mənim kimi yan Araz!

bəzən isə;

Araz, Araz, xan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Alış, Araz, yan, Araz!

yeri gələndə bütün tədbirlərdə səsləndirdiyim, haqqında yazdığım bu bayatı mənim əzbərimdə qalan ilk nəzm nümunəsidir. Gözümü açandan gün ərzində ən azı 10-15 dəfə nənəmin (ana nənəm Ağgül – Ağdam rayonu, Yusifcanlı kəndi – Əfkərli) ağzından eşitdiyim bu bayatını hələ oxumağa başlamazdan çox əvvəl şifahi əzbərləmişdim. Nəzərə alsaq ki, 5 yaşımda Yaman əmim mənə əlifbanı öyrətmişdi və artıq sərbəst oxuya bilirdim, deməli bu bayatını 5 yaşımdan əvvəl əzbərləmişdim. Bütün sözlər eyni qalsa da, nənəm hərdən birinci misranın sonunda da “xan Araz” deyərdi, ancaq əksərən təqdim etdiyim kimi söyləyirdi. Bir də “Mənim kimi yan Araz!”ı və ya “Alış, Araz, yan, Araz!”ı sonda dəfələrlə təkrar edərdi. Nənəmin bu məqam üçün tutarlı səbəbləri çox idi. Ancaq onu ən çox yandıran gün ərzində dəfələrlə: “can ay bala”, “can ay balalarım”, – deyə xatırladığı müharibə (1941-45) vaxtı aclıq və xəstəlikdən tələf olmuş təxminən 5-11 yaş arası dörd qızının vaxtsız ölümü idi.

HAŞİYƏ

Mürşüd və Ağgül cütlüyün vaxtsız tələf olmuş qızları; Təra, Emla, Şayə, Səringül bacıların dağıdılmış məzarları son illərdə məlum hadisələr zamanı, xüsusilə torpaqlarımız işğaldan azad ediləndən sonra ortaya çıxan bir-birindən ayrı salınmış bacıların qəbri məsələsində (Ağdam rayonu, Yusifcanlı kəndi qəbiristanlığında ortasından səngər keçən dörd bacının məzarı) xeyli müddət yerli və dünya mediasında gündəmi zəbt etmişdi. Həmin bacıların – doğmaca xalalarımın Mürşüd babam 1941-45-ci il müharibəsində olduğu vaxt həyətin doqqazına çıxıb ataları üçün dediyi bayatını da diqqətinizə çatdırmaq istəyirəm:

Qoyun qoyun gəlsin,
Dərisin soyun gəlsin,
Ay ordakı camaat
Qaqamı* qoyun gəlsin.

Kimisi mənim kimi nənəsinin adı ilə, kimi də Qəndab xanım kimi anasının adı ilə xatırladığı bu bayatılar məhz xalq yaddaşının içindən doğan, ana laylası kimi könül oxşayan, eyni zamanda taleyin ağır yükünü daşıyan poetik nümunələrdir.

Qəndab xanımın yaradıcılığında bayatı, sadəcə folklor forması deyil, həyatın özüdür. Onun bayatılarında ana taleyi, ayrılıq ağrısı, Vətən nisgili, övlad həsrəti, zamanın amansızlığı və qadın qəlbinin səssiz fəryadı iç-içə keçir. “Anamın bayatıları” başlığı altında təqdim olunan nümunələr bunu açıq-aydın göstərir. Burada saz, aşıq, dağ, yol, gül, fal, şərbət kimi obrazlar sırf poetik bəzək deyil – bunlar xalqın minillik düşüncə sisteminin simvollarıdır.

“Əlində sazın nədi,
Tutmusan sazın nədi?”
– misralarında saz təkcə musiqi aləti deyil, sözün, taleyin, dərdin ifadə vasitəsidir. Qəndab üçün saz həm yol yoldaşı, həm sirdaş, həm də həyatın ağır yükünü daşıyan bir rəmzdir. Aşıq obrazı isə xalqın vicdanı, sözün keşiyində duran mənəvi keşikçidir.

Qəndab xanımın bayatılarında qadın baxışı xüsusi yer tutur. Bu baxış nə pafosludur, nə də süni romantikdir. Bu baxış həyatın içindən gəlir. “Baladan ayrı düşmək”, “günlərin, ayların keçməməsi”, “gül balam qala yalqız” kimi ifadələr ana qəlbinin ən dərin qatlarından qopan səssiz fəryaddır. Bu bayatılarda ağrı qışqırmır, sadəcə danışır – sakit, təmkinli, amma sarsıdıcı bir dillə.

Qarabağ, Araz, ayrılıq mövzuları Qəndab xanımın bayatı dünyasında xüsusi poetik yük daşıyır. “Araz, Araz, xan Araz, / Ayırmısan elləri” misraları təkcə coğrafi ayrılığı deyil, tarixi ədalətsizliyi, parçalanmış taleləri ifadə edir. Araz burada çay olmaqdan çıxır, milli yaddaşın qanayan yarasına çevrilir. Qəndab bu ağrını hay-küylə deyil, bayatı sakitliyi ilə təqdim edir və məhz bu sakitlik oxucunu daha dərindən sarsıdır.

Qəndab xanımın bayatıları həm də bir dövrün sosial portretidir. “Aşıq yamanca döyül, / Halım yamanca döyül” deyən şairə, zamanla barışmayan, amma ümidini də itirməyən xalqın səsini çatdırır. Burada nə ümidsizlik var, nə də saxta nikbinlik. Burada həyatın olduğu kimi qəbulu və ona sözlə dirəniş var.

Ümumi götürəndə isə, Qəndab xanımın bayatıları Azərbaycan xalq poeziyasının şah damarına bağlıdır. Bu bayatılar oxunmur, yaşanır; öyrədilmir, ötürülür; yazılmır, danışılır. Onlar ana laylası kimi qulaqda qalır, Vətən nisgili kimi ürəkdə sızlayır. Qəndab bu bayatılarla təkcə söz demir, xalq yaddaşını qoruyur, ana dilinin kövrəkliyini və gücünü eyni anda nümayiş etdirir.

Bu bayatı dünyası bir daha sübut edir ki, böyük poeziya üçün bəzən bir kitab yox, dörd misra kifayətdir.

İstər tərtibatçı qismində, istərsə də, müəllif olaraq Qəndab xanımın seçib təqdim etdiyi bayatı nümunələri milyon illik söz yaddaşımızın qorunması və təbliği baxımından ən zərif, ən duyğusal, ən ibrətamiz nümunələr kimi təqdirə layiqdir. Bayatıları “Anamın bayatıları” adı altında təqdim etməsi isə, kitab boyu janrından asılı olmayaraq bütün əsərlərində qırmızı xətt kimi keçən “Ana obrazı”nı yaşatmaq və təbliğ etmək baxımından əhəmiyyətlidir. “Ana” adı, “Ana” obrazı, anaya-anasına bağlılıq (1963 – bir fərd kimi) Qəndab xanımın bütün həyat və fəaliyyətində hiss olunur:

Aman fələy, dad fələy,
Olma səni şad fələy.
İçirdiyin şərbətdən
Bir özün də dad fələy.

Yeri gəlmişkən bu bayatını olduğu kimi dəfələrlə nənəmdən eşitmişəm. Qəndab xanımın seçib bu kitabına daxil etdiyi bayatilar hamısı mənə çox doğma gəldi. Böyük əksəriyyətini kiçik söz dəyişikliklərilə lap körpəlikdən çox eşitmişəm.

İnanıram ki, Qəndab xanımın təqdim etdiyi bu bayatılar və gələcəkdə tanış olacağımız digər əsərləri milli kimliyimizi xatırlatmaq baxımından çox faydalıdır.

Ümumiyyətlə oturuşmuş ailə institutumuzun, milli-mənəvi dəyərlərimizin qorunması yolunda çağırışlar və təbliği Qəndab xanımın həm alim, həm də şair kimi bütün fəaliyyətində əsas missiya kimi görünür.

Növbəti yazımızda Qəndab xanımın sirli-sehirli şeir dünyasına səyahət edəcəyik. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

*-“Qaqa” – biz tərəflərdə “Ata”ya “Qaqa” (“Qağa”) deyirdilər.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ŞEİRLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

BİRİNCİ YAZI – GİRİŞ

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair -ədəbiyyatşünas alim, hər sözündən, əməlindən bütöv Azərbaycan boylanan Qəndab (Qəndab Haqverdi – Əliyeva Qəndab Əjdər qızı) xanımın “Ətirli güllər” kitabı haqqında olacaq. Bu söhbətimiz zamanı yeganə istinad edəcəyim mənbə kitabın əlimdə olan filologiya elmləri doktoru Rəhim Əliyevin redaktorluğu və ön sözü ilə 2020-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində, 136 səhifədən ibarət xüsusi tərtibatla, nəfis şəkildə “Qanun” nəşriyyatında nəşr olunmuş variantı olacaq. Kitabda müəllifin insanı məst edərək, dünyamızın ovqatı təlx edən bütün eybəcərliklərindən ayırıb müşki-ənbər qoxulu “altından çaylar axan Ədn cənnətləri”nə, nağıllar aləminə səyahətə götürən gül ətirli bayatıları, şeirləri, və ibrətamiz hekayələri, esseləri, miniatürləri, etüdləri toplanıb. Bu yazımı gələcəkdə ayrıca kitab şəklində çap olunacaq “Gül ətirli kitab” adlı monoqrafiya üçün müqəddimə kimi nəzərdə tutduğuma görə filologiya elmləri doktoru Rəhim Əliyevin kitaba yazdığı əhatəli ön sözə, ümumilikdə kitabın tərtibatına söykənərək müəllif və kitab haqqında ümumi məlumat verməyə çalışacağam. Kitabı əlimizə alanda diqqət ilk cəlb edən üz qabığındakı rəsm və müəllifin və ya redaktorun önə çıxartdığı“Qızıl gül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” cümləsidir. Bu qatmanlı cümlənin ifadə etdiyi məna çalarları hər bir oxucunu öz dünyasına götürür. Bu cümlə məni öz uşaqlığıma, yeniyetməlik çağlarıma götürdü. Ağdam rayonunun Yusifcanlı kəndinin düz mərkəzində yerləşən həyətimizin tən ortasında olan çəkil (tut) ağacının ətrafındakı qızıl gül kolları gözümün önünə gəldi. Həmin günləri yaşadım. Ən maraqlısı odur ki, bu assosasiya dəyişmir, kitabı hər əlimiə götürəndə isə eyni yerdən başlamalı oluram; xəyalən həyətimizə gedir, 13-15 yaşlarında bir yeniyetmə oluram. Həmin qızıl gül kollarından toplayaraq, üzərində sinif yoldaşlarımın adlarını yazdığım (indi də – 24 May 2024 – qoruyub, saxladığım) quru ləçəklər gözümün önünə gəlir. Hər ləçək bir insan, insan taleyi olur…

Rəsmdə ilk baxışdan bir kitab üz qabığı ilə qarşılaşırıq. Lakin bu, sadəcə dizayn elementi deyil, dərin mənəvi-emosional yük daşıyan vizual mətndir. “Ətirli güllər” adı altında təqdim olunan bu obraz bütöv bir düşüncə dünyasını, qadın ruhunun incəliyini (1963 – cü il təvəllüdlü – 1951, 1975, 1987, ..), təbiət və insan arasında pozulmayan bağları simvolizə edir.

Üz qabığında yaşıl yarpaqların fonunda açan çəhrayı güllər həyatın, saflığın və təbiətin əzəli ahəngini, tamlığı, bütövlüyü xatırladır. Gül motivi burada klassik bəzək funksiyasından çıxaraq fəlsəfi məna qazanır. Gül – kökü torpaqda, üzü işıqda olan varlıqdır; insan kimi. Xüsusən də alt hissədə yer alan fikir — “Qızılgül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” — müasir dünyanın saxtalaşdırılmış dəyərlərinə qarşı bir etiraz, təbiiliyə və əsilliyə çağırış kimi oxunur. Bu cümlə təkcə güldən yox, həm də dəyişməyən insan xarakterindən (1963 – cü il təvəllüdlü – 1951, 1975, 1987, ..), saf duyğulardan, mənəvi kökdən danışır.

Rəsmdə təsvir olunan qadın obrazı (müəllifin real öz fotosu əsasında) xüsusilə diqqət çəkir. Onun başını bir qədər yana əyib düşüncəyə dalması daxili sükutu, xatirələrlə dolu bir ruh halını ifadə edir. Bu duruş nə kədərli, nə də tam sevinc içindədir – bu, düşünən, hiss edən, yaşayan insanın duruşudur. Qadın burada konkret bir şəxs deyil, ümumiləşdirilmiş insan ruhunun simvoludur. O, güllərlə eyni müstəvidə təqdim olunur: sanki təbiətin bir parçasıdır, yaxud təbiət onun daxili aləminin davamıdır.

Rəng seçimi də təsadüfi deyil. Yaşıl rəng ümidin, yenilənmənin və həyatın rəngidir. Çəhrayı isə zəriflik, sevgi, həssaslıq və yetkinlik deməkdir. Qara-ağ qadın portreti isə bu rənglərin fonunda daha da qabarır və insanın daxili aləmi ilə xarici dünyanın rəngarəngliyi arasında kontrast yaradır. Bu kontrast bizə xatırladır ki, insanın daxilində bəzən sükut, bəzən sual, bəzən də cavabsızlıq hökm sürür, amma ətraf aləm öz axarı ilə çiçəkləməyə davam edir.

Publisistik baxımdan bu rəsmi müasir dövrə ünvanlanan sakit, amma təsirli bir çağırış kimi dəyərləndirmək olar. Texnologiyanın, süni dəyişikliklərin, “geni dəyişdirilmiş” münasibətlərin artdığı bir zamanda bu üz qabığı orijinallığın, kökə bağlılığın və mənəvi saflığın müdafiəsinə qalxır. “Ətirli güllər” təkcə gül deyil, təkcə qadın deyil – bu, dəyişməyən dəyərlərin, ruhun ətrinin simvoludur.

Ümumilikdə, bu mənzərə oxucunu səssizcə düşündürür, onu zahiri gözəllikdən daxili dərinliyə doğru aparır. O, bizə xatırladır ki, hər gülə sadəcə gül kimi baxmaq olmaz, bəzən bir gül bütöv bir həyat fəlsəfəsini daşıyır. Eləcə də hər insan – xüsusən də susaraq düşünən insan – içində açılmamış bir bağ gizlədir.

Kitabı açırıq və ilk səhifədəcə belə bir bəndlə qarşılaşırıq:

Saralmış yarpaqlarda
Quru nəfəsdir şeir!
İnsanların səsində
İlahi səsdir şeir!

Hələlik hər şey mükəmməldir; üz qabığındakı cümlə və girişdəki bu bir bənd artıq kitab barədə kifayət qədər müsbət fikir formalaşdıra bilir. “Yaxşı kənd yolundan, yaxşı ev qapısından bəlli olar” deyib atalar. Bilmirəm, mətnin (bəndin) ifadə etdiyi məna ilə tam razılaşdığıma görə (mənim də 1975 təvəllüdlü olduğumu nəzərdən qaçırmayaq), ya hansısa başqa bir səbəbdən kitab maqnit kimi məni özünə çəkir. Bu bir bəndin təsirində növbəti vərəqləri çevirirəm, ancaq hələ də beynimdə analiz gedir. Min cür xəyallarla uğraşan beyin bu qısa, lakin dərin məna qatlarına malik misraları Azərbaycan poeziyasının fəlsəfi-estetik gücünü bir daha nümayiş etdirən poetik nümunə kimi qəbul edir. Şeir zahirən sadədir, lakin məzmun etibarilə insan ruhunun, sözün və ilahi nəfəsin təmas nöqtəsində dayanır. Bu misralar oxucunu təkcə ədəbi zövqə deyil, həm də düşüncəyə, daxili səssizliyə və mənəvi oyanışa dəvət edir.

“Saralmış yarpaqlarda / Quru nəfəsdir şeir!” – deyə başlayan şeir üz qabığında xoş rayihəsinə qapıldığımız qızıl güllərin əhatəsində qəfildən peyda olan payız obrazı üzərindən həyatın keçiciliyini, zamanın amansız axarını və insan ömrünün faniliyini simvolizə edir. Saralmış yarpaq burada təkcə təbiət detalı deyil, həm də yaşanmış duyğuların, itkilərin, yorulmuş ruhun rəmzidir. “Quru nəfəs” ifadəsi isə sözün bəzən mexaniki şəkildə, ruhsuz səsləndirilməsinə işarədir. Şair bu misralarla oxucuya xatırladır ki, söz yalnız forma ilə kifayətlənəndə, daxili yanğıdan, ruhdan qopanda öz canlılığını itirir.

Lakin Qəndab xanım poeziyanı bu səviyyədə saxlamır. Şeir ikinci misra cütlüyündə yeni bir məna mərhələsinə yüksəlir:
“İnsanların səsində / İLAHİ səsdir şeir!”
Burada şair sözün və şeirin həqiqi missiyasını ortaya qoyur. İnsan səsi — ağrı, sevinc, ümid, dua və etirazın cəmləndiyi məkan kimi təqdim olunur. Məhz bu səsdə şeir ilahiləşir, yəni adi ifadə vasitəsindən çıxaraq mənəvi bir gücə çevrilir. Şairə görə poeziya yalnız estetik zövq üçün deyil, insan ruhunu Tanrıya, həqiqətə, işığa yaxınlaşdırmaq üçündür.

Bu yanaşma Qəndab xanımın alim təfəkkürü ilə şair duyumunun vəhdətindən qaynaqlanır. Onun poeziyasında söz təsadüfi deyil, məsuliyyətlidir; emosional deyil, dərin düşüncə ilə yoğrulub. Şeir burada həm sosial, həm mənəvi, həm də fəlsəfi məna daşıyır. Şair cəmiyyətə mesaj verir: əgər söz insanın səsində, dərdində, vicdanında yoxdursa, o, yalnız “quru nəfəs” olaraq qalacaq.

Publisistik baxımdan bu bir bənd müasir dövr üçün son dərəcə актуaldır. İnformasiya bolluğu, süni pafos, şablon ifadələr dövründə Qəndab xanımın bu misraları sözün saflığını, səmimiliyini müdafiə edən bir çağırışdır. Şair sanki xəbərdarlıq edir: poeziya da, ümumiyyətlə söz də insanın ruhundan qoparsa, mənasını itirər; amma insanın səsində, taleyində, ağrısında yer alsa, ilahi bir gücə çevrilər.

Qəndab xanımın bu qısa şeiri Azərbaycan ədəbi düşüncəsində sözə münasibətin örnək təzahürü kimi dəyərləndirilə bilər. Bu misralar bizə xatırladır ki, şeir kağız üzərində deyil, insanın içində yaşayır. O, saralmış yarpaqlarda susa bilər, amma insan səsində Tanrının nəfəsi kimi əbədiləşir. Məhz buna görə də Qəndab poeziyası oxucunu oxumağa yox, düşünməyə, hiss etməyə və öz daxilinə qulaq asmağa vadar edir:

“Mən həqiqətlərimin olmadığı yerdə daha rahatam” — bu cümlə təkcə bir şair etirafı deyil, həm də müasir insanın daxili ziddiyyətlərini açan fəlsəfi düşüncənin real inikası kimi ortaya çıxır. Bu sözlər Qəndab poeziyasının başlanğıc nöqtəsi, onun daxili dünyasının açarı kimi səslənir. Çünki Qəndab xanımın şeirləri faktların, sərt gerçəkliklərin deyil, hisslərin, yaddaşın, ana nəfəsinin, şəhər boğuntusunun poeziyasıdır.

Ədəbiyyat hər zaman duyğuların məktəbi olub. Oxucu da bu məktəbdə özünə bənzər ruhlar axtarır. Qəndab xanımı oxuyanlar onun nədən danışdığını anlayırlar — çünki o, hamının içində gizlənmiş, amma hamının dilinə gətirə bilmədiyi hissləri səsləndirir. Bu poeziya oxucuya yeni bir həmdəm, yeni bir daxili yol yoldaşı təqdim edir.

Qəndab xanım heç kimə bənzəməyən şairdir. Onu yaxından tanıyanlar bilirlər ki, şeirlərinin kökündə duran mətləblər onun kövrək, həssas daxili aləmindən qaynaqlanır. Bu kövrəklik zəiflik deyil — bu, duymaq cəsarətidir. “An”, “Alışmışam”, “Sevgi yağışı”, “Gerçək xəyal” kimi şeirlər sadə sözlərlə yazılsa da, dərin məna çalarlarına malik rəngarəng nümunələrdir. Bu dərinlikdə hər bir insanın, xüsusilə yaradıcı ruhun “bir xalqın tarixi qədər zəngin” mənəvi aləmi görünür.

Qəndab xanım üçün ana obrazı poeziyanın mərkəzində dayanır. Şair duyğularını ifadə edərkən tez-tez anasının obrazına sığınır, onunla dərdləşir. Ana burada təkcə valideyn deyil — sığınacaqdır, təsəllidir, ən böyük qorxuda, ən ağır ağrıda insanın qeyri-iradi çağırdığı müqəddəs ünvandır. Qəndab xanım giley-güzarını da ona edir. Hətta bitməyən yuxusuz gecələrin sona çatması üçün belə ana nəfəsinə ümid bağlayır. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür.

Qəndab poeziyasının əsas motivlərindən biri də müasir şəhər həyatının doğurduğu mənəvi ziddiyyətlərdir. İnsan ailədə, məktəbdə əziz-xələf kimi böyüyür, lakin çoxmərtəbəli binaların beton hücrələrində böyük dünyanın nəbzini itirir. Məktəbdən həyata atılanda isə şəhərin qəddar üzü ilə qarşılaşır: kobudluq, eqoizm, tamahkarlıq — bunlar təbiətin saf çiçəyini solmağa məcbur edir. Bu çiçəklər şəhərin boz simasına alışa bilmir və Qəndab xanımın şair kimi yaratdığı lirik qəhrəmanı da məhz bu solan çiçəklərdəndir.

Qəndab xanımın şeirləri milyonluq şəhərdə tənhalıqda boğulan insanın mənəvi tarixçəsidir. Gecə ilə gündüzün bir-birinə qarışdığı, səs-küy içində səssizliyin hökm sürdüyü bir ekzistensial təkliyin poeziyasıdır bu. Bu təkliyin səbəbi təkcə tərbiyə və mühit deyil — bu, anadangəlmə bir həyat qavrayışıdır. Böyük Azərbaycan şairi Füzulinin dediyi kimi, insan dünyaya ağlayaraq gəlir və Qəndab bir şair kimi bu ağrını ömür boyu içində daşıyanlardandır.

Bütün bu iztirabların içində şairin dözümlülüyü heyrət doğurur. Daş-qaya kimi lal şəhərdə insanın bu qədər əzaba necə tab gətirdiyi sualı ortaya çıxır. Bəlkə də Qəndabın şair kimi gücü elə onun alim kimi agah olduğu həqiqətlərdən qaçıb sığındığı poeziyada, ana obrazında, xəyallarında gizlidir. O, həqiqətlərin olmadığı yerdə rahatlıq tapır — çünki o məkanda insan hələ özüdür, hələ safdır, hələ sınmayıb.

Qəndab poeziyası bizə bir həqiqəti xatırladır: bəzən insanı yaşadan gerçəkliyin özü yox, ondan qaçmaq cəsarətidir. Və poeziya məhz bu qaçışın ən dürüst, ən saf ünvanıdır. Qəndab xanım cəsarətli və səmimi şairdir. Bu xüsusiyyət onun alim kimi bir çox elmlərə vaqif olmasından qaynaqlanır. Onun yaradıcılığı daxili həyəcan motivlərinə görə və sözə məsuliyyətlə yanaşma baxımından müəyyən məqamlarda Azər Turanın, Namiq Hacıheydərlinin, Qənirə Paşayevanın, Kənan Hacının, Bəhruz Niftəliyevin dəsti-xəttilə üst-üstə düşsə də özünəməxsus ifadə tərzilə seçilir. Qəndab xanımın yaradıcılığının təbliği məqsədilə qələmə alınmış bu monoqrafiya “Giriş”, “Bayatılar”, “Şeirlər”, “Etüdlər”, “Miniatürlər”, “Esselər”, “Hekayələr” və “Yekun” olmaqla səkkiz bölümdən ibarətdir. Qeyd olunmuş bölmələr üzrə təfsilata keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:

QISA ARAYIŞ
Qəndab — Qəndab Haqverdi — şair-ədəbiyyatşünas alim (Əliyeva Qəndab Əjdər qızı) — 5 oktyabr 1963-cü ildə Azərbaycan Respublikası, Bərdə rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində tamamlayıb. Filologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi var. Namizədlik (PhD) dissertasiyası  “Mirzə İbrahimovun bədii nəsrində Cənub mövzusu”, Doktorluq dissertasiyası isə “Cənubi Azərbaycanda milli-demokratik ədəbiyyat və folklor (1945–1979)” üzrə olan Qəndab xanım əsl ədəbiyyat fədaisidi. Təxminən 40-a yaxın elmi məqalə çap etmişdir, o cümlədən beynəlxalq bazalarda indeksləşdirilən jurnallarda nəşrləri də mövcuddur (10 beynəlxalq, 3 isə digər elmi nəşrdə, mənbə AMEA-nın saytı) .
2020-ci ildə XX əsr Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının nümayəndəsi, el şairi Muradəli Qüreyşi Qaflantının əlyazmalarını aşkara çıxarmış, 200-ə yaxın şeiri köhnə əlifbadan latın əlifbasına transliterasiya edərək “Ulu Çinar” kitabını tərtib etmişdir. Bu işlə həmin şairin irsi Azərbaycan ədəbiyyatı tarixinə daxil edilmişdir .
2022-ci ildə “Fədai şair Qaflantının həyatı və sənəti” adlı monoqrafiyası çap olunmuşdu. Güney Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı: “XIX-XX əsr Güney Azərbaycan el şairləri”, “XX əsr Güney Azərbaycan milli demokratik poeziyası” adlı iki antologiya nəşr etdirmişdir. “Sədyar Vəzifə Eloğlunun ədəbi fəaliyyəti”, “Güney Azərbaycan Folklorunda milli kimlik – Şəhriyar həqiqəti” kimi elmi məqalələri Azərbaycan ədəbiyyatı tarixinə verilmiş misilsiz töhfələr kimi dəyərləndirilməlidir.
Elmi əsərlərinin seçilmiş siyahısı:
Mirzə İbrahimov nəsrində Cənub mövzusu (2016)
Kurban Said’in “Ali ve Nino” romanında fərqli toplumların baxış açısı (2019)
Çağdaş Güney Azərbaycan poeziyasında lirik psixologizm (2020)
Fədai şair Qaflantının həyatı və sənəti (2022)
Eldar Muğanlı poeziyasında sosial-siyasi motivlər (2022)
Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu, (Bakı şəhəri)  Aparıcı elmi işçi vəzifəsində çalışır.
Çoxlu sayda bədii kitabların da müəllifi olan Qəndab xanım eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Çağdaş ədəbi proseslərin fəal iştirakçılarından biri olan Qəndab xanım özü olduqca müxtəlif mövzularda yaratdığı nümunələrlə ədəbiyyatımızın fondunu zənginləşdirməklə kifayətlənməyib, digər şairlərin də xüsusilə cənublu şairlərin aşkarlanıb fondumuza daxil edilməsinə, tanınmasına böyük töhfələr verir. Təhqiqat mövzusu kimi ədəbi təhlilə cəlb etdiyim “Ətirli güllər” kitabı şairin xoş rayihəli gül bağçasından dərdiyimiz sadəcə bir qönçədir. Onun ilk şeirlər kitabı “Səni elə sevdim ki!..” adlanır.
Növbəti yazımızda Qəndab xanımın bayatılarından söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>>GÜL ƏTİRLİ KİTAB – BAYATILAR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I