Rizvan Əli oğlu Eyvazov 3 aprel 1933-cü ildə Ağdam rayonunda müəllim ailəsində anadan olmuşdur. Atası, Əli müəllim Azərbaycanda ilk dəfə Orden almış müəllimlərdən biridir (“Qommunist” qəzeti, 17 may 1939-cu il). O, Böyük Vətən Müharibəsi illəri də olmaqla uzun zaman Ağdam, sonra isə Beyləqan (Jdanov) rayonlarının Maarif şöbəsinin müdiri, ömrünün son 25 ilini isə Ağdamda yeganə Beynəlmilər orta məktəbi olan 2 nömrəli tam orta məktəbin direktoru işləmişdir. Qabaqcıl Maarif Xadimidir. Anası, Abıhəyat xanım ömrünün sonuna kimi müəllimə işlımiş, dəfələrlə Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmişdir. R.Eyvazov Ağdam şəhər 1 nömrəli orta məktəbi “Qızıl medal”la, 1958-ci ildə isə N.Nərimanov adına Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) müalicə-profilaktika fakultəsini “Fərqlənmə diplomu” ilə bitirmişdir. Onun çox asanlıqla institutda qalıb işləmək imkanı olsa da, ancaq doğma rayonu Ağdama qayıdaraq poliklinikada terapevt həkim kimi fəaliyyətə başlamışdır. Hətta müəyyən müddətdə həmin poliklinikanın baş həkimi olsa da O, ömrünün axırınadək elə həmin tibb müəssisəsində rayon və hətta ətraf rayonların əhalisinin sağlamlığı keşiyində ləyaqətlə duraraq, sözün həqiqi mənasında “Əli şəfalı, qəlbi nurlu” həkim kimi ad qazanmışdır. Rizvan həkim haqqında olan xatirələrə nəzər saldıqda görsənir ki, onun tələbəlik illəri də çox maraqlı və yaddaqalan keçmişdir. Yeri gəlmişkən ağdamlı məhşur cərrah Elxan həkimin (Allah cansağlığı versin) söylədiyi bir xatirəni yada salmağa dəyər: 1965-ci ildə Tibb İnstitutuna qəbul olmuşdum. Sentyabrın 1-də ilk dərsimiz İnstitutda ən ciddi və mühüm fənn olan Anatomiyadan məhşur “Dairəvi zal”da mühazirə idi. Professor bizi instituta qəbul olunmağımız münasibəti ilə təbrik etdikdən sonra, mühazirəyə başlamadan əvvəl dedi: “Bu dərsimizi institutumuzu fərqlənmə ilə bitirmiş, hərtərəfli tələbə olmuş, ağdamlı Rizvan Eyvazova həsr edirəm”. Böyük qürur hissi keçirdim, artıq bu yüksəkliyin şərhə ehtiyacı yoxdur! Rizvan həkim o vaxtlar üçün çox da asan olmayan SSRİ-nin “Səhiyyə əlaçısı” və həm də “Əla dərəcəli həkim” kimi sözün həqiqi mənasında bütün ömrünü xəstələrin müalicəsinə həsr etmişdir. Məhz onun praktik həkimlik peşəsini yüksəklərə ucaltması sayəsində onlarla gənc, o cümlədən ondan sonra gələn ailə üzvləri də bu şərəfli yolu tutmuşdurlar. Beləki, həyat yoldaşı və bir ailənin 7 övladından altısı bu peşəni ləyaqətlə davam etdirmiş və hazırda da davam etdirməkdədirlər. Həkimliyi ilə yanaşı O, “Ağdam və ağdamlı” adını daima yüksəldən, ədalətli, prinsipial, obyektiv kəskin xasiyyətili və həm də mərhəmətli olmuşdur. Əbu Turxan demiş: “İti qılınc küt qılıncdan daha mərhəmətlidir”. Haqsızlıq qarşısında heç vaxt susmayan, bir şəxsiyyət kimi indi də yaddaşlarda qalmaqdadır. Heç vəchlə Qarabağ hadisələrinə dözə bilmədi və təəssüf ki, tez 1991-ci ilin yanvar ayının 6-da rəhmətə getmiş və Ağdamın Qaraağacı qəbirstanlığında böyük izdihamla dəfn olunmuşdur. “Belə insanlar ölmürlər-onlar xatirələrdə yaşayırlar”. Allah rəhmət eləsin!
Şahnaz Şahinin əfsanəvi kəşfiyyatçı Elxan Hüseynovun əziz xatirəsinə ithaf olunmuş “Azərbaycan Əsgəri” adlı kitabı işıq üzü görüb. Kitab “Yazarlar” jurnalının 26 iyun Ordu Günü münasibəti ilə xüsusi buraxılışı formasında nəşr olunub. Şahnaz Şahin bu kitaba görə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb. Təbrik edirik, Şahnaz xanım! Allah bütün şəhidlərimizə rəhmət eləsin…
Şahnaz xanım bu gün həmdə bir həkim kimi öz peşə bayramını qeyd edir. Uğurlarınız bol olsun, Şahnaz xanım!!!
Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudat bəy Rəfibəyli oldu.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Bu gün münasibəti ilə bütün həkimlərizi təbrik edir, əynində ağ xələt, əlində qələm hər iki cəbhədə şərəflə xalqına xidmət edən həkim-şair Nuranə Rafailqızından bir neçə şeir təqdim edirik:
Nuranə Rafailqızı haqqında qısa məlumat
Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır.2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13şeir və “Kimlərə qaldı dünya” – Nizami Gəncəvi – 880 antologiyasında 15 şeiri dərc ovunmuşdur.
15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.